Super User

Super User

 

 

 

Atanı çiynində oğul daşıyar,

Çiynində daşımaz adam balasın,

Deyirlər ki, həyat davam eyləyir,

Heç nə davam etmir, atam balası!!!

 

Bəs necə oxşasın, necə ağlasın,

Bu qərib atalar qərib oğlunu,

Ata var qürbətdə çörək qazanıb,

İldə bircə dəfə görüb oğlunu.

 

Turqutun gülüşü, Elçinin səsi,

Əkbərin baxışı ağlımdan getmir,

Biz bitdik, tükəndik, öldük, ilahi,

Nə dava qurtarmır, nə şəhid bitmir!

 

Bu gün məzarlarda rahatlıq tapan,

Gecələr gözünü yummayanlardır,

Vətənə dağ boyda oğul verənlər,

Vətəndən bir qəpik ummayanlardır.

 

Ürəkdə saxlayın, göz üstdə tutun,

Əzrayıl dadanıb oğul yığmağa,

Bir gecədə ölüm fərmanı  gəlir,

Gəlinlər qorxurllar oğlan doğmağa.

 

Sentyabrın 18-də - Milli Musiqi Günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Sonra dahi bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.

Mərasimdə çıxış edən nazir A.Kərimov bildirib ki, sentyabrın 18-i Azərbaycan xalqı üçün mühüm tarixlərdən biridir. Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, elə bir şəxsiyyətdir ki, ondan sonra Azərbaycan musiqisində yeni bir cərəyan yaranıb. Qarabağda, mədəniyyət beşiyimiz Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyətimiz bir çox məsələlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. O, tanınmış musiqiçi olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi idi. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, Azərbaycan və Azərbaycan musiqisi üçün bir simvoldur.

Nazir, həmçinin qeyd edib: “Üzeyir Hacıbəyliyə hörmət əlaməti olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir ki, xalqımız bu günü qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Bu qayğı göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirilir. Biz bu il də festivalı keçirməyi planlaşdırmışdıq. Ancaq cəbhədə baş verən məlum hadisələrlə bağlı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq biz bu festivalı təxirə saldıq”.

Sonda nazir Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sentyabrın 19-dan 21-dək Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konqresdə fəxri qonaq qismində iştirak edəcək. 

Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir. 

Konqres çərçivəsində Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulur. 

Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcək.

Ötən gün İranda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 34-cü ildönümü qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Təbrizdə dahi şairin məqbərəsi önündə mərasim keçirilib. Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin rəsmi şəxsləri, şairlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Şəhriyarın yaradıcılığı, həyat və fəaliyyətindən geniş söz açıblar.

Məhəmmədhüseyn Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılamış, milli həmrəylik ideyası təbliğ etmiş, milli ruhun oyanışında böyük xidmətlər göstərmişdir. O, klassik şeirin bütün formalarına müraciət edib, ölməz sənət inciləri yaradıb.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin Tibb fakültəsinə daxil olub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr edilib. 

M.Şəhriyar ötən əsrin 20-ci illərindən etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifə böyük şöhrət gətirib.

M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq.

Məhəmmədhüseyn Şəhriyarın xatirəsi xalqın ürəyində əbədi yaşayır və sevilir. Böyük ustad 1988-ci il sentyabrın 18-də 82 yaşında Təbrizdə vəfat edib. Onun vəfat etdiyi gün İranda “Fars dili və Şəhriyarın anım günü” kimi qeyd olunur.

“Ədəbiyyat və incəsənət” Kulis.az-a istinadən mərhum müğənni Elçin Cəlilov haqqında maraqlı faktları təqdim edir.

 

Əslən Qax rayonundan olan Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirir, mehrini anasına salır.

*

Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.

*

Yaşının erkən çağında anasının istəyi ilə xalası qızı Mənfurə xanımla ailə qurur. Bu evlilikdən onun bir qızı, bir oğlu doğulur. Oğlu kiçik yaşlarında dünyasını dəyişir. Elçinin evliliyinin ömrü uzun çəkmir, bir müddət sonra onlar ayrılırlar. Elçin əvvəlcə Tahirə adlı xanımla ailə qurur, lakin, bu nikah da uğursuz olduğundan onun üçüncü evliliyi müğənni Lalə Dadaşova ilə baş tutur.

Elçin ilk dəfə səhnəyə sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edir. Daha sonra isə Bakı Musiqi Akademiyasına daxil olur, Arif Babayevdən dərs almağa başlayır. Və efirlərə muğam ifaçısı kimi çıxır. O, muğam dəsgahları ilə yanaşı, xalq, estrada mahnıları, romansları gözəl ifa edir.

*

Sonralar Arif Babayev müsahibələrinin birində belə deyir: "Mən ona həmişə sənətkar deyirdim. Doğurdan da əsl xarakterli, sənətkar adam idi. Hər adama elə səs qismət olmur. Sonralar toylara getdi, yaxşı pul qazandı. Hər dəfə deyirdim ki, Elçin, bu pulların qədrini bil ha, bunlar adama bir dəfə verilir. Mənə qarşı həmişə çox hörmətli davranırdı. Başına gələnləri eşidəndə, onu çağırdım yanıma. Dedim, Elçin, sən xanəndəsən, mədəniyyət işçisisən, belə olmaz."

Günlərin birində Elçin Rəşid Behbudovla görüşür, böyük sənətkar onun ifasını, səsini çox bəyənir. Qısa zaman ərzində Elçin Rəşid Behbudovun sevimli ifaçılarından birinə çevrilir, Mahnı Teatrının aparıcı solisti kimi müğənnilik karyerasına başlayır. Böyük səhnəyə "Sevgilim sən maral kimi" mahnısı ilə qədəm qoyur. Lakin, musiqi karyerasının ilk günlərindən ona qarşı bəzi həmkarları tərəfindən paxıllıq başlayır. Bir çox vacib konsertlərdə onun iştirakına mane olurlar. Bu cür hadisələr isə on çox pis təsir edir.

*

Xanəndəliyə başladığı ilkin dövrlərdə Elçin nə siqaret çəkir, nə içki içir. Çox utancaq və əxlaqlı insan kimi hörmət qazanır. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi ona pis təsir edir, toylardan qazandığı pulları qardaşının müalicəsi üçün xərcləyir. Lakin sonrakı illər təəssüf ki, Elçinin də pis vərdişlərə aludəçiliyi onun sənətinə təsir edir. Qısa zaman ərzində Elçin narkotik vasitələrinin istifadəçisinə çevrilir, gün-gündən arıqlayır, səsini itirir.

Bir müddət müalicə görən Elçin özü də bu asılılıqdan xilas olmağa çalışır. Evdə həm də piano ifaçısı olan Lalə Dadaşova ilə məşqlər edir. Dörd oktavalıq səsini itirən müğənni həyat yoldaşı Lalədən xahiş edir ki, məşqlərdə ona səsini açmaq üçün kömək etsin. Bir gün isə yalvarırcasına ona deyir, Lalə, mənim səsimi açarsan?

*

Mahnı Teatrındakı konsert məşqlərinə geciksə də müəllimi Kamil Vəzirov deyir ki, sonradan gəlib ondan xahiş edir, hətta ağlayıb, yalvarır ki, ona səhnəyə çıxa bilməsi, oxuması, səs imkanlarını geri qaytara bilməsi üçün kömək etsinlər.

 

 

Bir müddət sonra Elçinin qardaşı avtomobil qəzasına düşür. Elçin anası və qızı ilə qardaşının yanına gedir. Onlar xəstəxanadan geri qayıdanda Elçinin idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılır. Bu qəzadan Elçin və qızı sağ çıxsalar da, anası elə hadisə yerində dünyasını dəyişir. Anasının vəfatındadn sonra isə Elçin yaşamaq istəmir, özünü onun ölümündə günahkar bilir. Tez-tez mən - anamı öldürdüm, mən də öləcəm, yaşamaq istəmirəm sözlərini deyir.

*

Bir dəfə isə Mingəçevirdə toyda olanda içkili olur, toyda dava düşür, Elçin əli ilə vurub restoranın şüşələrini sındırır. Elçini polisə aparırlar. Xəbər Arif Babayevə çatanda Arif müəllim polis idarəsinə zəng vurub deyir ki, o, mənim sevimli tələbəmdir, onu buraxın.

Deyilənə görə, Elçinin narkomaniyaya mübtəla olmasına səbəb bəzi həmkarları olub. Elçinin məşhurluğu, səsinin gözəlliyi və onun günü-gündən şöhrət qazanması bir çoxlarını qıcıqlandırır və inkişafdan saxlamaq üçün qəsdən onu bu yola doğru çəkirlər. Sonralar bu barədə özü həyat yoldaşı Lalə Dadaşovaya da etiraf edib, deyir ki, məni bu yola qəsdən saldılar, hətta yaşadığım evə narkotik vasitələr gətirirdilər ki, mən ondan istifadə edim.

*

Ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin yenidən narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir. Ancaq bir müddət sonra o, Laləyə zəng vurub deyir ki, məni bağışla, mənə kömək et. Bu dəfə də mən bacarmasam, anamın qəbri üstünə gedib, özümü öldürəcəm. Və onlar barışırlar.

Ömrünün son günlərində Elçin səhnəyə çıxmağa, oxumağa can atır. Həyat yoldaşı Lalə onu Sumqayıtdakı konsertlərin birinə aparır. Rejissor Elçini görüb təəccüblənir. Müğənni Rəqsanə isə dözməyib deyir, bu nə günə düşüb? Fonoqramma ilə olan konsert bitəndən sonra rejissor Laləyə yaxınlaşıb deyir: Elçin tanınmaz hala düşüb, efirə yaramır. Mən onun ifasını yazdım, amma montaj zamanı kəsəcəm, onu belə vəziyyətdə efirə verə bilmərəm.

*

2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunur. Deyilənə görə, ona narkotik vasitəsi gətirənlərdən biri də qardaşı Yusif olub. Elçinin ölümündən az müddət sonra isə Yusif də dünyasını dəyişir.

*

Elçin Cəlilov 27 yaşında ürək tutmasından dünyasını dəyişən gənc yazar Kamran Sunun ögey əmisi olub. Bu barədə Kamranın "Kaktus" adlı romanının bir hissəsində qeyd olunur.

Bazar ertəsi, 19 Sentyabr 2022 09:33

Eşşək otaran - Həmədan eşşəyinə ithaf olunur

YUNUS OĞUZ yazır

 

 

Felyeton

Deyirəm "eşşək" ismindən "ş" hərfinin birini götürsək, söz "eş" və "ək" felinə çevriləcək. Torpağı eş, sonra isə ək. Yəni, bu bir tarlaya arpa, buğda, qarabaşaq əkmək deyil ha! Buralarda əvvəl şumlayırsan, sonra torpağa səpirsən, əkirsən. Görün nə gözəl dilimiz var. Zənginlik içində itib-batır. Pulumuz olmasa da, dilimiz var-dövlətimizdir. Ona görə də sənətkarlar sözü sözdən, tükü tükdən seçir, yumurtadan yun qırxırlar. "Eş" və "ək" bir növ heyvani anlamdadır, instinkt onlarda, şəhvət də insanlardadır. Özünüz başa düşdünüz də.., daha dərinə getmirəm. Bütün canlılarda bu var, amma nədənsə biz bunu "eş" ...ş... "ək" ə şamil etmişik. "Eş və ək", nəslini artır, çoxalt, yəni eşşək. Ondan başqa bir şey haqqında fikirləşmə: Ye, iç, çoxal, "eş" və "ək"...

Girişi nəyə görə bu qədər uzatdım? Mən yazım, siz də oxuyun.

Deməli, varlı-kallı bir dostum var, özü də məmurdur. Məmur işindən savayı nə işlə deyirsən məşğul olur. Arada deyirəm ki, get biznesinlə məşğul ol, qoy bir yer boşalsın. Sənin yerinə can atanlar qoy dövlət imtahanı verib o BOŞ yeri tutsunlar. Gülə-gülə deyir ki, ay-hay! O BOŞ yerə heç kim imtahan verib keçə bilməz. Müqəddəs yerlər Boş qalmır. Belə yerlər mənimkimilər üçündür. Birdə ki, mənim biznesim elə məmur olmağımdadır...

Xülasə, bir gün əl telefonuma zəng gəldi. Nömrəyə baxdım, biznesmen məmur dostum idi.

-Mirzə, salam! - Əleykdən sonra keçdi mətləbə. - Mirzə, məmurlara yaman sataşırsan, ha! Arada ad çəkmədən mənə də söz şilləsi çəkirsən. And olsun oxuduğum kitaba (bilmədim hansı kitabı deyir, çünki o, puldan başqa heç nə oxumur. Bəlkə də sayıb kitab halına gətirdiyi qat-qat paraları nəzərdə tutur) mənə ləzzət eləyir, amma ona görə zəng etməmişəm.

- Buyur, eşidirəm! - Səsim bir az quru çıxsa da, dostum sözün tonuna fikir vermədən dilləndi:

- Mirzə, körpüdən keçən tanış ortağım var.

Termin mənə qəribə gəldi - "körpüdən keçən"

Soruşdum:

- Nə işlə məşğul olur o körpüdən keçən tanış ortağın?

- Eşşək başıdır.

Düşündüm ki, yəqin bu mənimlə məzələnir. Keçdim zarafata:

- Yəqin sizləri də qatıb qabağına otarır, - dedim.

- Ə, canınçün zarafat etmirəm, eşşək başıdır, yəni eşşək ferması var. Özü də böyük ferma. Mən də arada-sırada ondan eşşək südü alıram. Bir oğlu var, instituta (belə də dedi) girmək istəyir. Dedim mənim bir Mirzə dostum var, qoy onunla söhbət etsin, görək başında nə var, nə yox?

Day məzələnmək damarım tutmuşdu deyə atmacamı atdım:

- Öz başını eşşək sürüsünə bağlamısan, məni də yanına həmtay aparırsan?

- Yox, canınçün, düz sözümdür, qoy yanına gəlsin, bir az söhbət elə, sonra fikrini deyərsən.

Əlimə yaxşı girəvə düşmüşdü, fürsəti qaçırsaydım, Mirzə olmazdım ki, "Gəlsin" dedim.

İki saatdan sonra yanıma cılız, günəşin altında yanan, amma gözlərindən cin yağan, kömür kimi bir qarabala gənc gəldi.

Bilmirəm bu millətə nə olub (getdikcə cırlaşır. Mənim boyum bir səksəndir, amma mən atalarımızın yanında cırtdan sayılırdım. Köhnə kişilər hər mənada nəhəng idilər. İndi mən bunların yanında nəhəng görünürəm. Hamısı elə bil standart doğulur- bir əllidən bir altmış beşə qədər. Bunların geni nədən dəyişir, qoy baş doxtorumuz və ərzaq təhlükəsizliyinə cavabdeh olan kişi açıqlasın.

Əlqərəz, bu gəncə yer göstərib soruşdum:

Oxuduğun bir şey varmı, yaxud dil bilirsənmi? İndi dil bilmək çox vacibdir. Bunsuz karyera qurmaq mümkün deyil. (Elə danışıram ki, elə bil fəlsəfə elmləri namizədi ilə söhbət eləyirəm)

Bu vələdizna irişə-irişə, özü də parıldayan gözlərini məndən çəkmədən nə desə yaxşıdır?

Müəllim, düz on dörd ildir eşşək otarıram. İndi iyirmi dörd yaşım var. Heç əsgərlikdə də olmamışam. Atam o zaman nazirliyə dörd-beş eşşək verdi, adımı hərbiyyə yazdılar, özümsə eşşək otarırdım. Hərbidə eşşəklər çox qiymətlidir Bilirsən də? Qaldı dilə, eşşək dilindən başqa heç bir dil bilmirəm.

Bahoo, işə düşmədik! Düşündüm bunun dalınca deyəcək ki, atam instituta da beş-on eşşək verib diplom alar. İnsafən demədi.

Yaxşı, bir halda ki, eşşəklərin dilini bilirsən, o zaman sənə elə onlardan bir neçə sual verəcəm, görüm qabiliyyətin nəyə çatır.

Gədə qulaqlarını şəkləyib sualı gözlədi.

De görüm, iki eşşəyin arpasını bölə bilərsənmi?

Bundan asan nə var ki, müəllim? - Pəncəyinin cibindən on kiloluq əl tərəzisi çıxartdı. - Bununla elə bölürəm ki, bir artıq arpa o birisinə keçmir. Atam da, mən də razı, o iki eşşək bizdən daha çox razı.

Ürəyimdə "bərəkallah" deyib ikinci sualı verdim:

Yaxşı, "get anqır tayını tap" nə deməkdir?

Gədənin qara üzünə işıq gəldi:

Anqırmaq daha çox erkək eşşəklərdə olur. Dişi eşşəklə cütləşmək istəyəndə... müəllim, göstərim? Mən elə anqıra bilirəm. - Az qaldı əlini qulağının dibinə atsın.

Adə, bizi biabır eləmə! Saxla görək! Bura çöllük deyil. Onu güclə sakitləşdirdim.

Allah, bu cılız qarabalanın içində nələr varmış? Eşşək haqqında nələr bilirmiş... Daha çox danışmağa qoymadım, soruşdum:

A bala, səndəki bu keyfiyyətlər var, daha oxumağı neynirsən, elə atanın eşşək işini davam etdir də.

Sıxılaraq cavab verdi:

Müəllim, eşşəklərin bir gözəl işi də var. Girdiyi palçığa ikinci dəfə öldür, girməzlər. İndi mən oxumaqla o qoduqluqdan çıxmaq istəyirəm.

İstədim deyəm ki, a bala, Quran oxumaqla donuzu samanlıqdan çıxartmaq olmaz. Gərəkdir ki, onu kötəkləyib çıxarasan, elə eşşəyi çırpdığın kimi. Daha heç nə demədim. Bu eşşəyi birtəhər yola saldım.

Səhərisi gün dostum mənə telefon açdı:

-Nətəhərdi, bir işə yarayar?

Deyəsən mən də eşşək dilini əxz etməyə başlamışdım:

Get anqır, tayını tap, eşşək otaran!

Telefonda onun yalnız qəhqəhəsini eşitdim...

İndi Həmədandan bir eşşək düşüb ortalığa, ağzını hara gəldi tutub eşşək kimi yox, at kimi kişnəyir. Palçığa girib ağnıyır. Ağa Xədimi, girdiyin palçığa bir də girmə. O palçıq getdikcə bataqlığa çevrilir. Sonra oradan çıxa bilməzsən,ha!

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

 

“Ədəbiyyat və incəsənət” AzərTAc-a istonadən xəbər verir ki, konfrans iştirakçılarına buranın açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazandığı bildirilib. Diqqətə çatdırılıb ki, ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri nümayiş olunur.

Qeyd edilib ki, sahəsi 3096 hektar olan Qobustan Milli Tarix-Bədii Qoruq İdarəsi 1966-cı ildə yaradılıb. Qobustan qayaüstü rəsmləri dünyada belə abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 7 minə yaxın qayaüstü təsvir, 40-a yaxın kurqan, 20 mağara və yaşayış yeri aşkar edilib və öyrənilib.

Qonaqlara məşhur qavaldaş barədə məlumat verilib. Bildirilib ki, “qavaldaş” adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu – qavaldaşın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri təşkil etmək üçün olduqca əhəmiyyətli idi.

Konfrans iştirakçılarına, həmçinin üzərində latın qrafikası ilə qədim Roma yazısı olan kitabə nümayiş edilib. Bildirilib ki, 1948-ci ildə aşkar olunmuş kitabə eramızın 84-96-cı illərində imperator Domisianın hakimiyyəti dövründə Roma legionunun senturiyasının Qobustan ərazisində olduğunu göstərir. Altı sətirlik kitabədə "Imperator Domisian Sezar Avqust Germanik. Lutsius Yulius Maksimus. XII İldırımsürətli Legion" sözləri qeyd edilib.

Sonda konfrans iştirakçıları qoruğun ərazisində yaradılmış muzeydə olublar. Burada onlara müxtəlif dövrlərə aid daşlar, saxsı qablar, insan sümükləri və digər eksponatlar barədə məlumat verilib.

"Ədəbiyyat qəzeti"nin məsul katibi, teatrşünas, Əməkdar mədəniyyət işçisi  Atababa İsmayıloğlu (Hacıbabayev) dünyasını dəyişib. Bu barədə mərhimun işlədiyi qəzet məlumat yayıb.

 

Atababa İsmayıloğlu 1947-ci ildə Xırdalanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor (eyni zamanda "Bakı teatrlarında" məcmuəsinin redaktoru) vəzifələrində (1971-1977-ci illər) çalışıb. 1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sovet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ilin yanvar ayından "Ədəbiyyat qəzeti" ("Ədəbiyyat və incəsənət") əməkdaşı olub. 2009-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində də çalışıb.

Atababa İsmayıloğlu "Rza Əfqanlı", "İki cəbhənin əsgərləri", "Səhnə andı", "Unudulmaz səhnə ustaları", "Molla Qeybullanın sərgüzəştləri", "İnkirlə Minkirin hüzurunda", "Mizan-tərəzi" və s. kitabların müəllifidir. Mətbuatda teatr və digər incəsənət sahələrinə dair 2000-dən cox məqaləsi dərc olunub. X cildlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən biri, Mirzağa Əliyevin "Xatirələrim" kitabının tərtibçisi, Mişkinaz Cavidin "Xatirələrim", Adilə İsmayılovanın "Məxluqə Sadıqova", ikicildlik "Akademik Milli Dram Teatrının foto-səlnaməsi" kitablarının ixtisas redaktoru, digər onlarla kitabvə bukletin redaktoru; bir sıra tədris proqamlarının müəllifidir.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Atababa Hacıbabayev Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Şənbə, 17 Sentyabr 2022 14:34

Sabah Beynəlxalq Elektron Kitab Günüdür

Beynəlxalq Elektron kitab günü (International Read an eBook Day) hər il 18 sentyabr tarixində, elektron kitabların, audiokitabların, musiqinin və videonun rəqəmsal paylanması ilə məşğul olan OverDrive adlı Amerika şirkətinin təşəbbüsü ilə qeyd olunur.

 

OverDrive şirkəti 1986-cı ildə təsis edilib və ilkin olaraq analoq medianın rəqəmsal formata (disketlərə və kompakt disklərə) çevrilməsində ixtisaslaşıb. İnternet rəqəmsal medianın yayılması yolunda liderə çevrildikdən sonra şirkət online xidmətlərin köçürülməsini və rəqəmsal kontentin qorunmasınını təmin edib.

OverDrive 2014-cü ildə elektron qurğulardan Kitab oxunmasını populyarlaşdırmaq üçün beynəlxalq elektron kitab gününü yaradıb.

Elektron kitablar bizə öz sevimli əsərlərimizdən ayrılmamağa və onları istənilən yerdə oxumağa imkan verir: öz qonaq otağımızdakı divanda, işdə fasilə yarananda, hətta təyyarədə - yer üzündən 10 min metr yüksəklikdə. Onlar çamadanda yeri qənaət etməyə kömək edirlər, onları itirmək və ya zədələmək mümkün deyil və onları oxumağa başlamaq üçün yalnız düyməni basmaq kifayətdir.

Düzdür, ölkəmizdəki indiki matəm günlərində hər hansı bayramdan danışmaq yersizdir, bununla belə, “Ədəbiyyat və incəsənət” portalı kitabsevərlərə heç vaxt kitablardan ayrı düşməməyi arzulayır.

 

 

 

Şnobel mükafatı “əvvəlcə gülməyə, sonra isə düşünməyə vadar edən nailiyyətlərə görə” təqdim olunur. Düzdür, bəzən Nobelin ən yaxşılara, Şnobelinsə ən pislərə verildiyi də təşviq olunur. Halbuki, bu, heç də belə deyil.

“Ədəbiyyat və incəsənət” portalı Shnobel-in rəsmi saytına istinadən 2022-ci il qaliblərinin bəziləri barədə sizlərə açıqlama verir.

 

Sosiologiya üzrə:

İtaliyalı alimlər Alessandro Pluçino və Andrea Rapisarda bu il Alessio E. Biondo ilə birgə "İstedad uğura qarşı: uğurlarda və uğursuzluqlarda təsadüfün rolu" adlı tədqiqata görə ikinci dəfə Şnobel mükafatını almışlar. Onlar əksərən uğurların ən istedadlılara deyil, ən şanslı olanları nəyə görə çatdığını riyazi şəkildə sübut etməyə müvəffəq olublar. On iki il əvvəl Plucino və Rapisard birinci dəfə Şnobeli alanda da ortaya çox maraqlı bir tədqiqat qoymuşdular: İdarə və müəssisə rəhbərləri vəzifə pilləsinə əməkdaşları gördükləri xidmətə görə deyil, təsadüfi seçimlə, tutalım, püşkatma ilə seçərlərsə, bu daha effektiv olar.

 

Texniki təhlükəsizlik üzrə:

Bəli,Nobeldən fərqli olaraq Şnobel mükafatının belə bir nominasiyası da var, bu nominasiyada mükafat İsveç tədqiqatçılarına verilib. Onlar avtomobil qəzaları testləri üçün sığının manikenini hazırlayıblar. Sual edərsiniz ki, niyə bəs bu zavallı heyvanın? İş ondadır ki, bu Skandinaviya ölkəsində sığınların  böyük populyasiyası qeydə alınmaqdadır və onlarla avtomobillərin toqquşması ciddi problemlər yaradır

 

Fizika üzrə:

Elmin ən vacib sahələrindən olan fizika üzrə laureatlar da fauna nümayəndələrini öyrənənlər olmuşdur. Çin, Böyük Britaniya, Türkiyə və ABŞ-dan olan iki qrup alim "ördəklərin sıra ilə, dəqiq sinxronluqla necə üzdüklərini" anlamağa çalışmışlar.

 

Tətbiqi Kardiologiya üzrə::

Bu sahə üzrə mükafat bir neçə ölkənin alimlərinin birgə tədqiqatları qazanmışdır. Mövzu bilirsiniz nə olmuşdur? İlk dəfə görüşən və bir-birinə ilk baxışdan aşiq olan cütlüklərin ürək döyüntüləri hansı səbəbdən sinxronlaşır.

 

Biologiya üzrə:

Bu nominasiyada Şnobel Braziliya və Kolumbiyadan olan alimlərə qismət olub, hansılar ki, quyruqlarının itkisinin və bunun nəticəsində baş verən qəbizliyin əqrəblərin hərəkət fəaliyyətinə təsir edib-etmədiyini öyrəniblər.

 

Ən nəhayət, ədəbiyyat üzrə:

Bu il mükafatı hansısa bir yazıçıya deyil, bir qrup ədəbiyyatşünasa təqdim ediblər. Bu ədəbiyyatşünaslar hüquqi sənədlərin dilini çətinləşdirən nəsnələri tədqiq ediblər, həmin nəsnələr də “qeyri-ixtisaslaşdırılmış konsepsiyalar və pis məktublardır”.

 Bəs sual oluna bilər ki, Nobel mükatafçıları 1 milyon dollar qazanırsa Şnobel mükafatçıları nə qazanırlar? 10 trilyon dollar! Şoka düşməyin. Söhbət Zimbabve dollarından gedir. Bütün qaliblərə "Özlərində olan bütün biliklərin saxlanması üçün zibil konteynerləri" və dünyanın ən dəyərsiz pul vahidi olan və dövriyyədən çıxardılmış 10 trilyon Zimbabve dollarını simvollaşdıran kağız silindrlər təqdim edilir.

Qeyd edək ki, Şnobel mükafatı və ya Ig Nobel mükafatı 1991-ci ildən Air elmi-yumoristik jurnalının redaksiyası (Annals of Improbable Research, "İnanılmaz tədqiqat salnamələri") tərəfindən təqdim edilir.

 Yeri gəlmişkən, Şnobel başbilənlərinə bir ideya da biz verək. Bakı – Şamaxı yolunun Şamaxının vur-tut 10-15 evdən ibarət ucqar kəndlərindən birindən keçən hissəsinə qoyulmuş və milyonlara başa gəlmiş yolüstü piyada keçidinin ideya müəllifi də bu mükafata layiqdir. Deyilənə görə, son üç ildə bu keçiddən cəmi bir nəfər keçib. O da piyada yox, sürücü olub. Avtomobilini saxlayaraq keçidə qalxıb ki, orada selfi çəkdirsin.

 

Şəkildə: Şnobel mükafatı təsisçisi Mark Abrams 10 trilyon Zimbabve dolları və "məlumatların saxlanması üçün zibil konteyneri" ilə.

 

Fotonun müəllif hüquqları: Michael Dyer / AP

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.