Milçək qovan memarın “Sarı gəlini” Featured

Yunus Oğuzun Felyetonu

 

 

 

Bekarçılıqdan milçək qovurdu. Əsnəməsin deyə milçəköldürəni əlindən buraxmırdı. Gözləri həşərat axtarırdı. Belə baxanda işi-gücü vardı. Bekarçılıqdan maaş da alırdı. Sinəsinə "əməkdar" adı da yapışdırmışdı. Bir az ittifaqdan, bir az əməkdarlıqdan, bir qədər icarəyə verdiyi emalatxanadan, qeyri-hökumət təşkilatının həyata keçirdiyi ekspert layihəsindən, saat hesabı dediyi institutdan pulu-parası gəlirdi. Cavanlığında ikiotaqlı mənzili vardı. Şəhərli qızla evlənib onun evinə köçmüşdü. Özününkünü icarəyə vermişdi, ordan da bir miqdar pul gəlirdi. Hələ adını bir siyasi partiyaya da yazdırmışdı.  Ordan da nəsə qoparırdı. Qayınatasının, qayınanasının "toçka"larını fırladır, imkan düşən kimi pul "qattalayır", heç kim də cınqırını çıxara bilmirdi.  Ancaq yenə bekarçılıqdan milçək qovurdu. İşini düzüb-qoşmuşdu, bekarçılığa daha çox vaxtı qalırdı.

Sənəti üzrə heç kim ona iş vermək istəmirdi. Memar idi, özü də kreativ memar. Kreativ, yəni yaradıcı. Bizdə isə yaradıcı adamı sevmirlər, nöşün ki, birincisi, belələri ipə-sapa yatmır, öz bildiyini dədəsinə də vermir, hətta fikirlərində də sərbəstdir. İkincisi, bizdə mentalitet, yəni yaddaşdan gələn adət-ənənə çox güclüdür.

 

Yaradıcı məsələləri heç yaxına buraxmaq istəmirik. Dəyişmək, yenilənmək bizə yaddır. O dee.., elə yenilənmişik ki, Şəkidə-xəstəxanada bir dəstə arvad Nəsimini də yeniləmək istədi. Hamısını işdən qovdular. Di get, bu da sənə yenilənmək,  bu da sənə kreativ.  Hələ bilmirəm bu "kreativ" sözünü bizə nəyə dürtüşdürüblər.  Gül kimi tərcüməsi var - yaradıcı, yenilənmə...

Növbəti milçəyi öldürmək istəyəndə ona zəng gəldi. İcra hakimiyyətində işləyən məmur- memar dostu idi.  Telefonun titrəməsindən  milçək uçub getdi. Heyifsləndi. Bir milçəyin sayı azalmadı.

Dəstəyin o başından səs gəldi:

* Müəllim, zaman dəyişib, - salamsız-kalamsız söhbətə başladı, - işimiz çoxdur, lap çoxdur. Özümüzü hökumətin gözünə soxmalıyıq. İşimizi hər kəsə göstərməliyik. İndi hamı bizdən kreativ olmağımızı istəyir. O dəqiqə yadıma sən düşdün. Kreativ olduğun üçün səndən qaçırdıq. Indi sənin qazanmaq vaxtın gəlib. Özü də elə şeylər fikirləş ki, Azərbaycanda yox, dünyada analoqu olmasın, həm də yuxarıların xoşuna gəlsin,- Milçək qovanı danışmağa qoymadı. - Sabah saat on ikidə gözləyirəm, özü də əliboş gəlmə. Sağ ol.

Telefonun o biri başında səs əvəzinə, düd...düd... gəldi. Söhbət bitmişdi.

 Memarın sevincdən və yaradıcı eşqdən qarnı guruldadı. Düşünməyə, düşündüklərini kağıza köçürməyə başladı...

Səhəri gün saat on ikidə, əlində qovluq dostu məmur-  memarın qarşısında şax-şax oturmuşdu.

Dostu yenə salamsız-kəlamsız mətləbə  keçdi:

* Nooldu, müəllim, bir şey fikirləşə  bildinmi? Umudumuz sənədir. Sənin haqqında başçıya danışmışam, xeyli tərifləmişəm. Demişəm nicatımız sənsən. Danış görək.

Milçək qovanın tərifdən hulqumu qalxıb qalstukunun üstünə keçdi. Boğazını arıtlayıb hulqumunu yerinə qaytararaq dedi:

* Kreativ ünvanı düz tapmısız, müəllim. Bilirsən ki, bizim qeyri-maddi sərvətlərimiz yavaş-yavaş YUNESKO-da mədəni irsimiz kimi qeydiyyatdan keçir. Ermənilərə gözdağı vururuq, analarını ağladırıq. - Məmur başını razılıqla yellədi. - Bizim hər şeyimizi öz adlarına çıxarmaq istəyirlər, köpəkuşaqları. Onlarda vicdan-zad qalmayıb. İndi bizim əsas mübarizəmiz onlarladır.  Biz hər işimizdə onları qabaqlamalıyıq. Bunun üçün də qeyri-maddi dəyərlərimizi maddi dəyərlərə çevirməliyik.

Məmur memar heç nə başa düşmədiyindən soruşdu:

* Bunu necə edəcəksən?

* Çox asan, -  qovluğu açıb içindəki eskizləri məmura göstərə-göstərə cavab verdi, - bax. Şəhərimizə gələn turistlərin sayı çoxalıb. Ağ şəhərdə "Sarı gəlin" kompleksi tikirik. Turistləri bu kompleksə apararıq.  Onlar bura daxil olan kimi "Sarı gəlin" havası çalınmağa başlayır. O zaman bütün dünya biləcək ki, "Sarı gəlin" bizimdir, ermənilər bizdən oğurlayıblar. Yavaş-yavaş bunu bütün dünyaya sübut edəcəyik. Həm "Sarı gəlin" maddiləşəcək, həm də biz qazanc götürəcəyik, həm də yuxarıların kreativ ideyalar xoşuna gələcək. Əllərini sənin kürəyindən çəkməyəcəklər.

* Elə bu? - Məmur milçəkqovan məmura baxdı.

* Əlbəttə yox? - Memar şəstlə cavab verdi.- Gör nə qədər qeyri- maddi dəyərlərimiz var. Şəhərdə də gör nə qədər rayonumuz fəaliyyət göstərir. Çatdırsaq qonşu şəhərlərə də keçə bilərik, - O barmağını bir- bir qatlamağa başladı. - Bunun "sazı" var, "dolması", "lavaşı",  canım sənə desin, "balabanı", nə bilim e... "Çırpınırdı Qara dənizi", "Covkan"ı, "Novruz bayram"ı var. Hansını deyim?

Məmur baxdı ki, dostu kreativ danışır. Onu təriflədi:

* Afərin sənə! Sənin bu kreativliyin ermənilərin anasını ağladacaq...

Bir neçə gündən sonra "Sarı gəlin" kompleksi təsdiqləndi. İndi qalıb o biri kreativ təkliflər. Onlar da yaxınlarda həyata keçər.

Amma, onlardan heç biri demədi ki, ermənilərin analarını harda ağlatmaq lazımdır ki,  dilləri dilçəklərindən çıxmasın.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.