Yola saldığımız 2022-ci ildə digər mədəniyyət ocaqları kimi, muzeylər, qalereyalar da pandemiya məhdudiyyətlərinin aradan qalxması ilə normal fəaliyyətlərini bərpa edə biliblər. Lakin quru sərhədlər hələ də bağlı olduğundan bu müəssisələri ziyarət edənlərin arasında xarici qonaqların sayı bir qədər azlıq təşkil edir. Ümumiyyətlə, 2021-ci illə müqayisədə 2022-ci ildə muzeyləri ziyarət edənlərin sayında artım müşahidə edilir. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir neçə muzeydən alınan statistik məlumat da təsdiqləyir.
Ötən il Azərbaycan Milli Xalça Muzeyinin 70 min 608 ziyarətçisi olub. Bunlardan 38 min 313-ü yerli, 32 min 295-i isə xarici qonaqlardır. Qeyd edək ki, 2021-ci ildə bu göstərici ümumilikdə 14 min 398 nəfər olub.
Azərbaycan Milli İncəsənət Muzeyində də ziyarətçi sayı artıb. Keçən il kompleksi ümumilikdə 25min 109 nəfər (2021-ci ildə 13 min 938 nəfər) ziyarət edib. Onlardan 1322-si xarici, qalanı isə yerli vətəndaşlardır.
İl ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və filiallarına 8731 ziyarətçi gəlib. Muzeyin əsas binasını ziyarət edən 5528 nəfərdən 428-i xarici, qalanı isə yerli vətəndaşlar olub. Muzeyin filialları – Niyazinin Mənzil-Muzeyi, Qara Qarayevin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi və Xalq çalğı alətləri daimi sərgisinə 3203 ziyarətçi baş çəkib. Onlardan 95-i xarici qonaq olub.
Azərbaycan İstiqlal Muzeyinə ötən il ümumilikdə 6590 ziyarətçi gəlib. Bunlardan 6095-i yerli vətəndaş, 495-i isə xarici qonaqdır.
Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, 2022-ci ildə muzeyi 12 min 800 nəfər ziyarət edib. Bunlardan 8275-i yerli vətəndaş, 4525-i əcnəbidir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edənlərin ümumi sayı 6933 nəfər olub. Bunlardan 4777-si yerli, 2156-sı isə əcnəbi qonaqdır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə gələn ziyarətçilərin ümumi sayı ötən il 1683 nəfər olub. Onlardan cəmi 23 nəfər əcnəbi ziyarətçidir.
Üzeyir Hacıbəylinin ev-muzeyindən verilən məlumata görə, ötən il dahi bəstəkarın ocağını ümumilikdə 716 nəfər ziyarət edib və onlardan da 17-si xarici qonaq olub.
Hüseyn Cavidin ev-muzeyindən bildirdilər ki, yola saldığımız ildə muzeyin ümumilikdə 1326 nəfər ziyarətçisi olub.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)