Müəlliminə dedi ki, sizə nifrət edirəm... Featured

 “Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Məlik Dadaşovdur.

 

MƏLİK DADAŞOV

(1924-1996)

 

***

İncəsənət Universitetində dərs dediyim vaxtlar idi. Dərslər təzə başlamışdı. Birinci kursları götürmüşdüm. Bir gün dekanlıqdan xəbər elədilər ki, bəs tələbələrdən biri mənim kursumda oxumaqdan imtina edir. Dekanlığa getdim, tanıdığım tələbə idi, bir gün əvvəl tanış olmuşdum, bacarıqlı, istedadlı bir qız.

– Qızım, niyə mənim kursumda oxumaq istəmirsən?

– Sizə nifrət edirəm, – birbaşa üzümə dedi.

Sarsıldım.

– Niyə axı, mən sənə neyləmişəm? – heyrətlə xəbər aldım.

Qız cavab vermədi. Başını aşağı salıb ağladı. Saçlarını sığallayıb könlünü almaq istəyəndə əlimi geri itələdi:

– Toxunmayın mənə! – çığırdı.

Hamı heyrət içində idi. Dalağım sancdı. Başa düşdüm ki, bu fikirlərin arxasında nə isə bir acı gerçək dayanır. Qız başını qaldırıb gözlərimin içinə baxdı:

– Hər dəfə sizi görəndə atamın çəkdiyi əzabları xatırlayıram,  – deyib, – məni qucaqladı.

Sonradan öyrəndim ki, qızın atası da erməni əsirliyində olub, əsirlikdən azad olub evə gələndən bir müddət sonra dünyasını dəyişib.

O qız mənim ən yaxşı tələbələrimdən biri oldu.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

(12.01.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.