Elman Eldaroğlu yazır
Bakını özü üçün cazibə nöqtəsi hesab edir. Yerlipərəstlikdən uzaq olsa da, onun üçün Vətən ata-baba yurdu Buzovnadan başlayır. Xatirələrində olan Bakı tamam başqadır.
“Əvvəllər yaşlı insanlar söhbət edəndə deyirdilər ki, bizim vaxtımızda Bakı elə olub, belə olub... Həmişə bunu eşidəndə gülürdüm ki, bu yalnız yaşla, həyata baxışın dəyişməsiylə bağlıdır. Amma bizim dövr, sözün əsl mənasında Bakını tam dəyişdi, keçmişlə bağlı bir çox körpülər qırıldı. Şəhərimizin bir çox əraziləri gündən-günə gözəlləşir, abadlaşır, bunları görməmək və ya görüb deməmək olmaz. Amma insanların davranışı, mədəni səviyyəsi daha yaxşını arzulamağa vadar edir. Şəhər mədəniyyətini kənd qanunlarına tabe eləmək olmaz. Şəhərdə şəhərli kimi davranmaq lazımdır. Bütün bunlar düzələnə qədər mahnılarımı içimdə qoruduğum Bakıya yazacağam yəqin.”- söyləyir.
Avtomobildə gedə-gedə radioya qulaq asmaqdan həzz alır. Bəyəndiyi ifanı tapana kimi dalğaları tez-tez dəyişir. O qədər ifasını bəyənmədiyi, qulaq asmağa səbri çatmadığı müğənnilər olur ki, vaxtının 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edir. Nəhayət klassik musiqi, caz, muğam, retro-estrada fərq etməz, əhvalına uyğun musiqi seçib dinləyir. Onun üçün Akif İslamzadə, Brilliant Dadaşova, Zeynəb Xanlarova, Nisə Qasımova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sezen Aksu, Ajda Pekan, Ququş, Alla Puqaçova, Xulyo İqlesias, Dems Russos, Stinqin ifaları, ABBA qrupu və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi nünələri daha önəmlidir…
Haqqında söhbət açdığım bəstəkar Aygün Səmədzadə 1967-ci ildə tanınmış iqtisadçı alim, millət vəkili, akademik Ziyad Səmədzadənin ailəsində dünyaya gəlib. 1985-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirib. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə qabaqcıl tələbə kimi "Üzeyir Hacıbəyov təqaüdü" alıb. 1990-cı ildə konservatoriyanı da fərqlənmə diplomu ilə bitirən Aygün xanım elə o vaxtdan da bitirdiyi elm ocağının musiqi tarixi kafedrasında müəllimlik edir.
Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradacılığına həsr olunan elmi monoqrafiyanın və bir sıra elmi məqalənin müəllifidir. 2003-cü ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur…
Deyir ki,- “Mən tələbələrimə də deyirəm, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib, onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda "üz üzdən utanar” psixologiyası daha dərindir. Heç kəs "dost”, "qardaş”, "yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki, gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu dəqiqə heç kimi tənqid eləmərəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər. Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm, deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir- iki dəfə olub ki, hansısa müğənniyə "sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da "xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi toxunulmazdır, onları hər kim gəldi oxuya bilməz”- demişəm. Görürəm ki, buna görə məndən inciyiblər...”
Kiməsə ilk baxışda qapalı, özündən razı adam, eqoist kimi görünə bilər, amma çox təvazökar, daxilən zəngin insandır. Əsl xanımlara xas olan əda, davranış, mədəniyyət ona da xasdır, kübarlığı ilə seçilir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə Flora Kərimovanın ifa etdiyi, Xanım İsmayılqızının sözlərinə bəstələdiyi "Ruhumuz qovuşacaq" mahnısı ilə gəlib. 2000-ci ildə keçirilən "Yaxşıların yaxşısı" müsabiqəsində onun sevimli şairimiz Kamalə Abıyevanın sözlərinə bəstələdiyi "Məktəb illəri" mahnısı müəllifinə "ilin bəstəkarı" nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə onun üçün daha uğurlu olub. Belə ki, bu ilin fevralında keçirilən "Nəğmələrin nəğməsi" müsabiqəsində onun Zəkirə Allahverdiyevanın sözlərinə bəstələdiyi "Tut ağacı" mahnısı "Qran-Pri"yə, yenə də Kəmalə xanım Abiyevanın sözlərinə bəstələdiyi "Bu dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı isə ikinci yerə layiq görülüb...
Konservatoriyanı 1990-cı ildə bitirsə də, yaradıcılığa 1996-cı ildə başlayıb. Bunu da onunla əlaqələndirir ki, tələsməyib, özünü püxtələşmiş bəstəkar kimi təqdim etməyi planlaşdırıb...
“Mən peşəkar musiqi təhsili alıb, mahnılarımı tam hazır şəkildə dinləyicilərə təqdim etmək istəmişəm. Yəni aradakı 6 ili boş yerə sərf etməmişəm. Biliyimi artırmaqla, tədqiqat işləri aparmaqla məşğul olmuşam. Və nəhayət, ürəyimin istəyini üzə çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu müddət elə də gec deyil. Hamı deyir ki, 20-30 ildir, sənətdədir, amma onlar bunu nə ilə sübut eləyə bilərlər? Başqaları müxtəlif işlərlə məşğul olanda, mən ali musiqi təhsili almışam, aldığım biliyi də ilk və ən çox sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Düzdür, buna qədər bir sıra kiçik pyeslər yazmışam. İlk mahnımı isə Bülbül adına Musiqi məktəbinin 10-cu sinfində oxuyanda Cəfər Cabbarlının "Dan ulduzu" şerinə bəstələmişəm. Ancaq müəyyən vokal imkanları nəzərə almadığıma görə mahnını indiyə qədər heç bir müğənniyə göstərməmişəm. Yəni bu mahnı düzəlişlər ediləndən sonra oxuna bilər.”- söyləyir...
Musiqi yaranan zamandan yeddi notdan ibarət olub. Hələ indiyədək heç kim bu notların sayını artırmaq iqtidarında olmayıb. İndiyədək bəlkə də milyonlarla musiqi bəstələnib, çoxları da artıq unudulub. Amma əsl musiqi unudulmazdır, əbədidir...
Deyir ki,- “Mənim üçün notların göy qurşağında olduğu kimi hər birinin öz rəngi var. Məsələn, Do quruyan qızılgül ləçəyinin rəngindədir, Re və Sol yaşıl, Mi və Sol qəhvəyi, Fa göy, Lya sarı rəngdədir. Əgər insanın ruhu rəngarəngdirsə, demək, o, canlıdır, hərəkətlidir və yaradacaq. İlhama gəldikdə isə bu xüsusiyyət ruhun xüsusi halıdır və duyğularla, müsbət və hətta mənfi emosiyaların təzahürü ilə bağlıdır. İnsana ilham gələndə, öz potensialını tam reallaşdırmağa, fikir və səylərini konkret işlərə, əsərə çevirməyə hazırdır. İnsan bu halda-zehni və emosional vəhdətin yüksəliş məqamında dağları devirə bilər. Əksəriyyət üçün ilham qaynağı fərdi xarakter daşıyır. Amma daha dəqiq desəm, əslində bizə motivasiya verə biləcək hadisələr özləri bizi seçir və bizdən asılı heç nə yoxdur. Bu əsəri yazmaq mənim qismətimdədirsə, onun ilhamı da elə mənə gələcək. Məsələn, məşhur “Tut ağacı” kompozisiyam küskün və əsəbi bir əhvaldan sonra ərsəyə gəlib. Ümumiyyətlə, bütün əsərlər ağır və fərəhli anların, yaşadıgım hisslərin, dinlədiyim həyat hekayələrinin və sevgi tarixçilərinin, oxudugum kitabların, ən əsası isə məni əhatə edən bütün gerçəkliyin nəticəsidir. Elə məqamlar olur ki, müəyyən hadisələrin təsiri altında musiqi yazıram, gözlərimdən yaş axır və bu əsəri dinləyən insanların da göz yaşı axıtdığını görəndə heyrətlənmirəm. Bilirəm ki, içimdəki sevinci də, göz yaşını da dinləyicilərə ötürməyi bacardım, buna cəhd göstərməsəm də.”
Bəli, haqqında danışdığım əməkdar incəsənət xadimi, xalq artisti, alim, bəstəkar Aygün Səmədzadə gözəl bəstələri- musiqiləri ilə insanları düşündürməyi, kövrəltməyi, ağladıb güldürməyi bacarır. Bu, onun taleyinə yazılan ilahi qüdrət, Allahın hədiyyəsidir...
Yanvarın 11-i Aygün xanımın növbəti ad günü oldu. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Arzularınız çin olsun, Aygün xanım!
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)