Osloda Gülnarə Xəlilovanın “Cizgi”nin Şimal hekayələri" adlı ekspozisiyasının açılışı olub

 

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələri) adlı ekspozisiyasının açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Oslodakı “Azərbaycan Evi” və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub. 

Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər. 

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.

Gülnarə Xəlilova: “Mən öz əsərlərimi Norveçdə, görkəmli arxeoloq, səyyah və yazıçı Tur Heyerdalın vətənində təqdim edirəm, hansı ki, uzun illər aparılan araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər əslən Azərbaycandan gəliblər-qədim zamanlarda məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin məşhur Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən "Xarıbülbül və Qarabağ" defilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim və bu da qonaqların böyük marağına səbəb olub. Onlar təkcə yaradılan kompozisiyaların dəqiqliyinə deyil, həm də ilk dəfə olaraq onların milli ornamentlərinin ipək üzərində təqdim olunmasına xoş təəccübləndilər. Ümumiyyətlə, Norveç ornamentləri ənənəvi olaraq toxunma və tikiş üslubu ilə əks olunur". 

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.