Türkologiya sahəsində zəngin akademik təcrübəsi olan, ABŞ-ın Berneli Universitetinin keçmiş qonaq professoru, bir sıra kitabların müəllifi, dünyanın nüfuzlu universitetlərində, o cümlədən Stenford və Kaliforniya universitetlərində mühazirələr oxumuş, məruzə və çıxışlar etmiş tanınmış türkoloq A.Sanduçinin “Qədim alimlər türk xalqları haqqında” kitabı ABŞ-da “World Scholarly Press” tərəfindən iki cilddə nəşr olunub.
“Türkologiya” jurnalının məsul katibi Aysel Qəriblinin mediaya açıqlamasına görə, monoqrafiya “Ön söz”, səkkiz fəsil və biblioqrafiyadan ibarətdir. “Ön söz”də “türk” etnonimi, eləcə də ən qədim dövrlərdən başlayaraq türklərin daşımış olduğu müxtəlif adlar barədə yığcam məlumat verilir. Əsərdə latın əsaslı müasir türk əlifbası beynəlxalq ingilis əlifbası ilə müqayisədə təqdim edilir. Bu da əsərdə sıx-sıx verilmiş türk sözlərinin oxucuya, xüsusilə müxtəlifdilli mütəxəssislərə mümkün qədər düzgün fonetik tərkibdə çatdırılması məqsədi daşıyır.
Çoxsaylı, çoxdilli və son dərəcə zəngin mənbələrə əsaslanmış tədqiqatçı mükəmməl elmi-metodoloji quruluşu ilə seçilən monoqrafiyasında türklər (və türkologiya) üçün artıq müəyyənləşmiş, mübahisə doğurmayan məsələlərdən bəhs etməklə yanaşı, olduqca mübahisəli, polemik problemlərə geniş yer verir.
Birinci fəsildə türklərin Bibliyaya görə tarixşünaslığı araşdırılır. İkinci fəsildə bu qədim etnosun tanrıları, ana yurdları və ilkin tayfa diferensiasiyası barədə təsəvvür yaradılır, üçüncü fəsil isə türk tayfalarının qədim əlaqələrinə, etnik inteqrasiya məsələlərinə həsr olunub.
Aysel Qəribli A.Sanduçinin zəngin linqvistik, arxeoloji, etnoqrafik və s. materialların yer aldığı “Qədim alimlər türk xalqları haqqında” əsərini türk xalqları tarixi ilə maraqlanan hər kəs üçün dəyərli töhfə hesab edir.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)