Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yenidən təqdim olunacaq. Hüseynqulu Sarabski (Məcnun) və Ə. Fərəcov (Leyli) ilk dəfə bu misilsiz tamaşada rol aldıqdan sonra Zeynəb Xanlarova və Arif Babayev, Nəzakət Məmmədova və Baba Mirzəyev, Elnarə Abdullayeva və Mirələm Mirələmov, Arzu Əliyeva və Mənsum İbrahimov ürəkləri riqqətə gətirən ifa ilə bu tamaşanı milyonların sevimlisinə çeviriblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə tamaşaçılar baş rollarda yenidən Arzu Əliyeva ilə Mənsum İbrahimovu görəcəklər.
Beləliklə, rollarda: Leyli - Arzu Əliyeva (Azərbaycan Respublikasının Əməkdar Artisti) Məcnun - Mənsum İbrahimov (Xalq artisti) Nofəl - Cahangir Qurbanov (Əməkdar artist) İbn Salam -Təyyar Bayramov (Əməkdar artist) Leylinin anası - Aytən Məhərrəmova Leylinin atası - Rza Xosrovzadə Məcnunun atası - Mütəllim Dəmirov Məcnunun anası - Afaq Ağayeva Zeyd - Nəzər Bəylərov Şeyx - Vüqar Əliyev Şeyx - Rafiq Abbasov
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur. 3 saat 10 dəqiqə çəkəcək tamaşanın qısa məzmununu nəzərinizə çatdırırıq:
Birinci pərdə
Birinci şəkil.
Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.
Məktəb yoldaşları onları bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşındırmağa çalışır, söz verirlər ki, Leylini ona alsınlar.
İkinci şəkil.
Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.
Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.
Başqa bır qəbilə başçısı -İbn-Salam Leyliyə elçiliyə gəlir və “hə” cavabı alır. Leyli fəryad qoparıb, taleyindən şikayətlənir.
İkinci pərdə
Üçüncü şəkil.
Leylini İbn-Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ətrafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəmmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab Məcnunu adamlardan uzaqlaşmağa, baş götürüb səhralara qaçmağa məcbur edir.
Dördüncü şəkil.
Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl adlı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna almağı vəd edir. Savaş baş tutur. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, daha gecdir, Leyli İbn- Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.
Üçüncü pərdə
Beşinci şəkil.
Hicran derdi Leylini üzüb ölüm yatağına salıb. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məcnuna olan eşqi onun qəlbində sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, Məcnunun xəyalı yanıqlı sözlərlə Leylinin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər görən Leyli öz canını təslim edir.
Altıncı şəkil.
Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvanr ki, onu yarın məzarına aparsın.
Leylinin qəbri üstündə o acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qovuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)