Super User

Super User

 

Cari ilin 2 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, tarzən Fikrət Verdiyevin 75 illik yubileyi tamam olur. Bu münasibətlə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev sənətkarla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, yubilyarı yubileyi münasibətilə təbrik edən E.Əliyev, ifaçının yaradıcılığının daima diqqət mərkəzində olduğunu vurğulayıb, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. 

Fikrət Verdiyev də öz növbəsində ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. 

Qeyd edək ki, Fikrət Verdiyevin 75 illik yubileyi münasibətilə 24 sentyabr tarixində Heydər Əliyev Sarayında tanınmış sənətçilərin iştirakı ilə yubiley konserti keçiriləcəkdir.

 

Qazaxıstan  Prezidenti Kasım -Jomart Tokayevin Sərəncamı ilə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik, “Egemen Qazaqstan” qəzetinin İdarə heyətinin sədri  Darxan Kıdıralı Qazaxstan Respublikasının  İnformasiya və İctimai İnkişaf naziri təyin edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akadümiyasından məlumat veriblər. 

 

Qazaxstan Respublikasının  İnformasiya və İctimai İnkişaf naziri Askar Umarov isə Prezident yanında “Mərkəzi Kommunikasiya Xidməti” respublika dövlət idarəsinin direktoru təyin edilib.

Qeyd edək ki, türk dünyasının birliyi naminə əvəzsiz işlər görən Darxan Kıdıralı həm də Azərbaycanın böyük dostlarından biridir.

 

Sentyabrın  1-də Astara rayonunda tarixi romanlar  yazarı, yazıçı və publisist Yunus Oğuzun şəhid ailələri və  qazilərlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş,  44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixini özündə əks etdirən romanın -"Cığır"in da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli  Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin  bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara, şəhid  ailələri və  qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda  şəhid və qazi ailələrinə “Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb, repertuarı təqdim edirik:

 

16 sentyabr - “Və qadın gəlirdi...”,

17 sentyabr – “Evlilik”,

18 sentyabr – “Maskarad”,

23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)”,

24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”,

25 sentyabr – “Sürprizlər günü”,

30 sentyabr - “Qürur və qərəz”.

 

Uşaqlar üçün:

17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”,

18 sentyabr – “Düyməcik”,

24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”,

25 sentyabr – “Nağılı tap–5”.

 

Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.

Günün fotosu: BMT Çini uyğurların hüquqlarını pozmaqda ittiham edib

 

BMT-nin insan hüquqları üzrə ali komissariatı Çini uyğurlara qarşı təcavüzkar siyasətinə görə pisləyib. Hesabat BMT komissarı Mişel Beçeletin Cinə səfərinin təəssüratları əsasında hazırlanıb.

 

Foto: Euronews

Cümə, 02 Sentyabr 2022 12:30

Hər seriya üçün aktrisaya 150 min lirə!

 

Ölkəmizdə çox populyar olan Türkiyə teleseriallarında inanılmaz büdcələr mövcuddur. Beş il fasilədən sonra "Gecenin ucunda" serialında yer alan aktrisa Tuba Ünsalın alacağı qonorar bəlli olub.

 

“Ədəbiyyat və incəsənət” unikal.org-a istinadən xəbər verir ki, aktrisa hər bölüm üçün 150 min lirə (təxminən 14 min manat) məvacib qazanacaq.

Qeyd edək ki, serialın baş rollarını Neslihan Atagül, Kadir Doğulu və Zuhal Olcay paylaşacaq. Bir görün indi onların qonorarı nə qədərdir.

“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizləri Sevər Şəhabinin şeirləri ilə tanış edir. Rubrikanı təbrizli şair, portalımızınGüney Azərbaycan nümayəndəsi Əli Çağla təqdim edir.

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

 

ALZAYMER

 

Yerlə göyün arasında,

Yıxılıb yatmağım gəlir.

Nə göylərə ulaşmağım,

Nə yerə batmağım gəlir.

 

Bu dünyanın binasını,

O dünyanın anasını,

Hurisini, sonasını,

 

Müftəyə satmağım gəlir.

 

Buraxıb etdiklərimi,

Qaytarıb yediklərimi,

Unudub dediklərimi,

Alzaymer(1) tutmağım gəlir.

 

(Alzaymer – Altsheymer müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir

 

 

RƏNGLİ CÜCƏLƏR

 

Yumurtanın ağ divarın,

Ana eşqiylə dəldiniz.

Sizlər də ananız kimi,

Yetim dünyaya gəldiniz.

 

Ananızı qınamayın,

Sanmayın sizi atdılar.

Onları da atanız tək,

Buğda ilə aldatdılar.

 

 

Atanızın ayaqların,

Qarmaqlara bağladılar.

Yerə baxan başlarını,

Biçaq ilə dağladılar.

 

Onun səhər avazıyla,

Narın-narın süzmədiniz.

Mahmızının kölgəsində,

Məğrur-məğrur gəzmədiniz.

 

Saxta ana qucağında,

Uyumadan, oyandınız.

Boyaqçının qarşısında,

Öksüz-öksüz dayandınız.

 

Əlvan-əlvan boyalarla,

Kimliyizi dəyişdilər.

Boyaqçılıq sənətilə,

Səadətə yetişdilər.

 

 

MƏNƏ XƏBƏR GƏTİR

 

Məndən öncə ölsən əgər,

Ölülərə salam yetir.

Qırx günəcən gəl yuxuma,

Ordan mənə xəbər gətir.

 

Soraqlaş gör oralarda -

Neçə saat çalışırlar?

O dünyanın insanları,

Hansı dildə danışırlar?

 

Asılaraq gələnlərin -

Boğazları yaradırmı?

İşkəncədən ölənlərin -

Dəriləri qaradırmı?

 

Afrikanın zənciləri -

Kimlərə "Bəli" deyirlər?

Onların ağ ərbabları,

Nə içirlər, nə yeyirlər?

 

O dünyanın terminalı,

Necə yerbəyer olunur?

Cənnətin ağ biletləri,

Neçəyə al-ver olunur?

 

Sanki mənim bu istəyim,

İstəmədən üzdü səni.

Səndən öncə ölsəm əgər,

Qırx günəcən gözlə məni.

 

  

 

CƏHƏNNƏM - CƏHƏNNƏM

 

Pambıqları təpməmişdən,

Qulağıma yalan qoyun.

Altıma əqrəb döşəyin,

Üstümə də ilan qoyun.

 

Yalanlara alışmışam,

Zəhər ilə qarışmışam,

Taleyimlə barışmışam,

Baş altıma saman qoyun.

 

Burada minlər endilər,

Nədənsə çox sevindilər!

Bəlkə orda da mindilər!

Kürəyimə palan qoyun.

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

 

 

 

Türkiyənin sayılıb seçilən görkəmli ədəbiyyat xadimi, Türkiyə Yazarlar Birliyinin Şərəf Başkanı ve Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət Başkanı, uluslararası ədəbi əlaqələrin yorulmaz və fədakar nümayəndəsi, yazıçı, tədqiqatçı və naşir olan Dr. Mehmet Doğanın Türkiyə Kültür ve Turizm Bakanlığının, Türkiyə Yazarlar Birliyinin rəhbərliyi və iştirakı ilə İstanbul şəhərində keçirilən (9-11 iyun 2022-ci il) Türkçənin 14-cü  Uluslararası Şeir Şöləninin açılış mərasimindəki çıxışını şair Ramiz Qusarçaylınln təqdimatında diqqətinizə çatdırırıq.

 

 

Türkcənin Beynəlxalq Şeir Bayramı İstanbulda və ya “Şeir işi”

 

Nə qədər gec və ya bir xeyli erkən!

İlk bayramımızın üzərindən 30 il keçdi. Səbrimizin tarıma çəkildiyi illəri geridə buraxdıq…

Osmanlının ön sözündə, Bursada başlamış, oradan köklərimizə doğru yerimiş, Konyaya varmışdıq,-bu torpaqlardakı şeirimizin qaynağına, yəni Mövlanəyə və Yunusa.

İstanbul alınmaz bir şeir qalası idi bizim üçün. Güclü mühasirədən sonra fəth edilə bilən hündür bir qala…Buraya gəlmədən 12 ölkə dolaşdıq, toparlanmaq, güç toplamaq üçün!

“İstanbulun daşı-torpağı altun” deyirlər. Bunu bilmirik, fəqət İstanbulun daşının, torpağının, havasının, suyunun şeir olduğundan şübhə yox.

Şairi bol, şeiri hesabsız bir şəhərdir İstanbul. İstanbul üçün yazılan şeirlər cildlərlədir; İstanbulda yazılanlar ondan qat-qat çoxdur.

“Türkcənin şah əsəri olan şeirlərin çoxu bu şəhərdə yazılmışdır” desək əsla yanlış bir şey söyləmiş olmarıq.

İstanbul Türkcənin səltənət sürdüyü bir şəhərdir!

Gəncliyini İstanbulda geçirdikdən sonra uzun sürə bu şəhərdən uzaq qalan Yusuf Nəbi: 

 

Nəbi əcəbmi sözlərimiz olsa binemek 

İstanbulun lisanını unutduq kənarda. 

(Nəbi, sözlərimizin duzsuz olması şaşırtıcı deyil, çünki İstanbulun dilini kənarda unutduq.)

İstanbulun dili şeirli bir dil idi, sağlam bir şeir dili idi.

Yer üzündə ən çox “şeir kimi” deyilən yer, İstanbul olmalıdır. Həqiqətən elədir.

“Şeir kimi”, amma şeir deyil! Şeirə aid edilən yüksək dəyər belə bənzətmələrə, ümumiləşdirmələrə yol açır; şeir bir baxıma gözəlliyin sinonimi olur. Özü də şeir kimi bir yerdə, İstanbulda şeirdən danışırıq, şeirdən bəhs edirik. Gözəllik hər zaman ağlımızı aşır, hissimizi hərəkətə gətirir. 

İstanbuldaki bu şeir bərəkətini nəyə bağlamalıyıq?

Məndən soruşsanız, “İstanbulu bir şair fəth etdi, ondan” deyərdim.

Dəliqanlılığını şairliyi müşayət edən bir komandan, bahar aylarında, əsgərləri ilə Konstantinopolis divarlarını mühasirəyə aldı. Şeir kimi bir mövsümdür; gəlinciklər, lalələr, güllər açmışdı, tam da lalə mövsümü sona yaxınlaşarkən Bizans bu mühasirəyə tab gətirə bilmədi. Divarlar yarıldı, müqavimət qırıldı, bütün bahar çiçəkləri divarlardan içəri doluştu. Və divarların üzərində bayrağımız lalə şəklində göründü. İstanbulun fatihi şair Avni, bu xoş hadisəni tarixə həkk etdi: 

 

“Fəthi İstanbula fürsət bulmadılar evvelün

Fethidüb Sultan Məhəmməd dedi tarih: Ahirun.”

(Əvvəl gələnlər İstanbulu fəth edə bilmədilər, sonra gələn sultan Mehmet fəth etdi, bu da Son!- dedi.)

Elə bu “ahirun” hicri 857-yə uyğun gəlir.

20-ci yüzilimizin böyük şairi, şeir təfəkkürü olan ustad Yəhya Kamal şeir yazmaqdan deyil, söyləməkdən söz açır. Şeir söyləmək, tərənnüm etmək, yaratmaq, oxumaq...Şairin gördüyü iş budur.

Köhnə Türkcədə hələ də bəzi ləhcələrdə ır, cır, yır şeirin qarşılığı olaraq  görülür. Irlamak, cırlamak, yırlamak...(Şarkı söyləmək.) 

“Yır” Divanü Lügati't-Türkdə "şeir oxumaq" deməkdir.

Asim ictimai məkanda şeir söyləyən adama deyilir,-ifadəsi var. Yəhya Kamalın zamanı, 20-ci yüz il, şeirin söyləndiyi deyil, yazıldığı dövrdür halbuki. Buna rəğmən oxunan, səsləndirilən və dinlənən sözün şeir olduğunu vurgulamaq arzu olunur. Şeirin ahəngi, musiqisi diqqətdən qaçırılmamış olur beləcə.

Şeirin sıradan bir söz olmadığı çox təkrarlanan bir görüşdür. Köhnə şairlərimizə ipucu kimi deyildiyini burada xatırlamamız gərəkir. Bunlar cazibəli halda şeir söylərdilər ve əksəriyyət bunu sazla da tərənnüm edərdilər. Ötələrdən gələn bir səsdir onların səsi...Əslində Anadoluda geniş yayılan “aşıq” sözü də  eynı zəmindən bəslənən bir kəlmədir. Aşıq Haqq aşığıdır, o “Haqdan gələn şərbəti içmiş” sənətkardır. Və onun sözü bu olur:  

 

Süzüldük, bulaq olduq, birləşib bir çay olduq, 

Axıb dənizə dolduq, daşdıq əlhəmdulillah.

 

Bütün köklü ədəbiyatlarda şair başlangıcda kahin, münəccim, sehrbaz və ya şamandır. Şeir də sehrdir, əsla sıradan bir söz deyildir.

Şeir zühur edər, doğular...Bir eşqə, hətta ilahi bir qaynağa yol açar. Fuzuli şairin ilahi bir yardıma nail olmadan qüsursuz şeir söyləyəməyəcəyini bəyan edir. Yenə də şeir ilahi mesajı yayan peyğəmbərlərə deyil, şairlərə məxsus bir sənətdir.

Şeir kəlməsinin kökünə düşsək, mənsubiyyətinə varsaq, buraya qədər söylədiklərimizin təsdiqinə məcbur edilə bilərik. Şeir “bilmək”, daha doğrusu “intuisiya etmək” demək; bu halda şair də “bilgili”, “duyumlu” demək olur. Şeirin bu mənada şüurla bağlantısını asanlıqla qura bilərik.

Bir az öncə böyük lirik şairimiz Fuzulinin görüşlərini paylaşdıq. Fuzuli bunu söyləməklə bərabər, elmsiz şeirin təməlsiz divara bənzəyəcəyini bildirir, bu üzdən dəyəri yoxdur deyir. Şairin gerçək şeirlə ulaşması üçün ağıl ve nağıl elmləriylə zəngin olması şərtdir. Bilgiylə, elmlə yüklənən şair yenə də ilahi ilhama möhtaçdır. Fuzuli də çox böyük şairlər kimi quru elmlə könlü xoş deyildir əslində:

 

İlim kesbiyle paye-i rifat

Arzu-i muhal imiş ancak.

Aşk imiş her ne var alemde

İlim bir kıyl ü kaal imiş ancak.

(Elm əldə edərək yüksək dərəcəyə ulaşmak imkansız bir arzu imiş, aləmdə nə varsa eşq imiş, elm bir dedi-qodu imiş ancaq!)

Biz şair deyilik, təriflərlə məşguluq. Fəqət müşkül bir mövqedəyik, tərifi çox zor bir şeyi açıqlamağa çalışırıq. 

Bəzı şairlər gördükləri işi tərif etmək ehtiyacını hiss etmişlər. Bunlardan biri, sağlığında şairliyi öndə görünən, fəqət vəfatından sonra ədəbiyyat nəzəriyyəsi ilə, romancılığı ilə daha çox tanınan Əhməd Həmdi Tanpınardır. Onun tərifi belədir: “Bu bəlkə ani bir cəhdlə özünü tapan ruhun, insandakı əzəli həqiqətlə təmasından doğan bir söz konusudur; bəlkə gözəllik dediyimiz idealla bir an başbaşa qalmanın verdiyi məst halıdır. Bu mənada deyilə bilər ki, şeir və sənət fərdin ən mütləq və hürr sürətlə özünü idrak etdiyi zirvədir.”

Tanpınardan söz açıb onun üstadından, Yəhya Kamaldan bəhs etməmək olmaz.

İstanbuldayıq, şeir kimi bir yer olduğunu hər kəsin qəbul etdiyi bir yerdə...Şeir kimi yer, bizdə estetik hissləri qızışdırır, bədii həyəcanlar oyadır. Belə yerlərdə bir an şair olacağımız gəlir, şeir söyləmə hissi, ürpərtisi ağuşuna alır bizi. Hə, demək yaxşı şeir sırf belə hisslərdən, həyəcanlardan doğan bir şeydir, eləmi? Bu suala tamamən “xeyr” deyə bilmərik, fəqət şeirin qaynağı sadəcə belə hisslər, həyəcanlar olmamalıdır.

Yəhya Kamal deyib: “Şair doğulmuş olanlar belə nəzm etmək qabiliyyətini yavaş-yavaş əldə edirlər. Şairin şair olaraq doğulduğuna dair əski bir inanc vardır ki, bu doğrudur; bununla belə, heç bir ədəbi tərbiyəyə möhtac olmazlığın yetişə biləcəyini iddia edənlərin sözləri isə əfsanədir.” “Hər sənətdə olduğu kimi şeir sənətinə də doğuluş zamanı arxayın olmaq olmaz. Ya bir eşq və ya bir ideal bir şairin inkişaf etməsinə, hissini ifadə etmək üçün dilində bir qüdrət aramasına səbəb ola bilər.” 

Hər tarif (spesifikasiya) başımızı qarışdırır, deyilmi? Bu qaçınılmaz, çünki gördüyümüz iş qolay bir iş deyil, ciddi  bir işdir, “şeir işi”dir. 

Hər sənət sənətkarına təsir etdiyi kimi şeir də bizə təsir edir. Hissiyatı oyandırır, düşüncə doğurur, həzz verir. Dil zövqü ən yüksək şəkildə şeirdən alınır. Bəs bu zövq şeirin təsiri anlamıyla, açıqlığı iləmi olur? Buna ən kəskin etirazı 20-ci yüzilimizin ən böyük şairlərindən Əhməd Haşim etmişdir: “Şeir demə dərin qatların aydınlığına açılan  şeir kitabının sələfidir.” Bu ön söz, “Bir günün sonunda arzu” şeirinə edilən etirazlar üzərinə yazılmışdır. Şair bu axşam vaxtı şeirini “Göllərdə bu dəm bir qamış olsam” misrası ilə bitirir ki, ən çox da bu misra dartışılır. Şair bizə bir axşam təsviri yapır, fəqət bu alışılmış bir təsvir deyildir. Güllərdən, sübh vaxtı günəşdən, qamışdan, qızılı qüllələrdən, aləmlərimizdən səfər eyləyən quşlardan, suya əks edən gümüş kəmərdən, sehrli bir yay-kaman olan səmadan söz edər və axşam kəlməsini bir sehr formalaşdıracaq şəkildə təkrarlar:

 

Axşam, yenə axşam, 

yenə axşam, 

yenə axşam, 

yenə axşam...

 

Və Haşim belə söylər: “Şairin dili nəsr kimi anlaşılmaq üçün deyil, fəqət duyulmaq üzrə vücud tapmış musiqi ilə söz arasında sözdən ziyadə musiqiyə yaxın bir lisandır, dildir.” “Məna araşdırmaq üçün şeiri deşib sökmək, yəni, tərənnümü yay gecələrini həzinliyə bələyən məsum quşu əti üçün öldürməkdən fərqli olması gərək. Bir ət zərrəsi susdurulmuş o sehrli səsi doldurmağa kifayət edərmi?”

Sənəti özüylə açıqlayan görüşlər şübhəsiz öz gerçəkliyi üzərinden təhlil edilir. Fəqət qayəsi özü olan bir sənət haraya qədər insanı qucaqlar? Tamamən faydasız sənətdən söz etmək nə qədər doğrudur? Şübhəsiz sənət da faydasız deyildir, sənət qayədən, məqsəddən yoxsul ola bilməz. Sənətin gözəlin, insan ruhu, hissiyyatı və ağlı üzərindəki təsirini əzəmətli qayə və məqsədlər üçün hərəkətə keçirmək tamamən vaz keçilə, imtina edilə biləcək bir şey deyildir. Təbliğ, daha xəfif təlqin, tamamən səadət xaricində buraxıla bilərmi? Bu arada şeirin təlqini, təbliği aşacaq şəkildə, propaganda (təbliğat) məqsədli olaraq istifadə edildiyini unutmayaq.

Beləliklə, bildiyimiz, dəyər verdiyimiz xeyli şair var ki, sənətlə ideal arasında güclü bir bağ qurublar. Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil, Nazım Hikmət...Bu isimlər, bu adlar Haşimlə, Tanpınarla eyni dövrdə yaşamış ve hər biri düşüncələrini, ideallarını şeir diliylə ifadə etmək yolunu tutublar. Bunun dönəmlə, bəzi zərurətlərlə əlaqəsini qurma məsələsində Mehmət Akif bizə yardımcı ola bilər. Şeirini imanı, idealı, vətəni, milləti üçün bilmiş olan Akif, böyük şeir qüdrətini bu uğurda həyata keçirmişdir. O, günlük hadisələrdən tarixə yazılacaq mühim və baha başa gələcək hadisələrə qədər bir çox mövzunu nəzm şəklində ifadə etmək yolunu seçmiştir. İçini, ruhunu narahat edən vəziyyətlərdən xilas olmaq, saf poeziya kimi saf insanlıq onun şüarı olmuşdur. Fəqət bir zaman gəlmişdir ki, şairin həyatın içindən çıxış etməsi anlamını itirmişdir. Halbuki “Gecə”, “Hicran”, “Səcdə” kimi şeirləri belə bir dövrün məhsuludur. Bu durum, bu vəziyyət Akifin yaxınında olanlar tərəfindən də fərq edilmiş və vadini dəyişdirdiyi, tərzinin kənarına çıxdığı ifadə edilmişdir. Akif buna qarşılıq əsil vadinin bu olduğunu, millətinin, vətəninin içində olduğu durumdan ötrü təlqinci, təbliğci şeirler yazdığını ifadə etmişdir. Hətta onun “gül dövründə yaşasaydım, bülbül olardum” dediyi söylənilir.*

Şeirimizin yenidən təşkili sonrası daha çox vətən, millət, insan və.s. kimi   anlayışlar üzərindən danışması şeirin özünün qeyb olmasına yol açmışdır. Şeirin əsil yatağına dönməsi haqqında Əhməd Haşim kimi şairlərimizin ortaya qoyduqları münasibət çox önəmlidir. Şeiri içimizə, mənimizə döndərmək, təmiz şeirin qaynaqlarını xatırlamaq da bu istiqamətdə bir vəzifə halına gəlmişdir.

 

“Söndürün lampaları uzaklara gideyim

Nurdan bir şehir gibi ruhumu seyredeyim!”

 

Haşimlə ən əks nöqtədə bulunan, “sözüm odun kimi olsun, doğru olsun təki” deyən Mehmet Akif an gələr, ruhunun vəhyini duymaqdan söz edər. “Çanaqqala şəhidlərinə” şeirinin yüz ildir əksilməyən təsirini bu duyuma bağlamaq yanlış olmaz.

Sözün burasında gerçək şeirin sirrinə təsir etmənin heç də qolay olmadığını söyləmək əzmindəyik: Şeir sözü qanadlandırır, hissi dərinləşdirir, düşüncəni zənginləşdirir. Şairlərin insan olma keyfiyətimizi yüksəldən hikmətlər halında zehinlərimizə yerləşən sözləri ümidlərimizi bəslər. Fəqət şeir artıq həyatımızda əvvəlki qədər yer tutmur. Son illərdə içinə yuvarlandığımız sıxlığın, bəsitliyin, bayağılığın, əvvəllki təbirlə çökməsinin səbəblərindən biri də budur. Artıq şeirdən danışmırıq, şeiri müzakirə etmirik, şeiri oxumuruq, şeirin dünyasının kənarında qaldığımız üçün üfüqümüz daralır, hissimiz korşalır, insanlığımız əksilir.

Burada şeirin də ərazisini daraltdığını xatırlamamız gərəkir. Şeir vəzni, qafiyəni, ahəngi, musiqini bir kənara buraxdı. Bunlar gərəklimiydi? Anlam tək kişinin şifrəsinə çevrilməliydimi? Şeir bu qədər kişiləşməli, fərdiləşməliydimi? Bu suallara cavab vermək fikrində deyiləm, sadəcə müşahidələrimi paylaşıram...Şairlər artıq əvvəlki kimi topluma mal ola, sahib ola bilmirlər; qüsur onlardamı, xalqdamı? 

Xalqın zövqünün də şeirden uzaqlaştığı görünməkdədir. Heç bir dövrdə, xalqın paylaştığı müsiqi, ədəbiyyat, şeir, sənət zamanımızdakı qədər bəsitləşmədi, görünür xalqın zövqü poeziyadan uzaqlaşıb. Heç bir zaman xalqın paylaşdığı musiqi, ədəbiyyat, şeir və incəsənət bizim dövrümüzdəki qədər sadə, dayaz və çılız olmamışdı. Elə bir dövrdə yaşayırıq ki, seçkinlər-seçilmişlər də kütlə kültürünə, kütlə mədəniyyətinə qapıldı, yüksək sənəti idrakdan, incə zövqləri təftişdən seçib ayırmaqdan uzaqlaşdı. Cövhərin qədrini bilən sərraf qalmadı. “Kütlə kültürü” dediyimiz dəniz isə en böyük okeanlardan belə böyükdür, fəqət dərinliyi bir neçə santimetrdən ibarətdir! 

İstanbulda, şeirin paytaxtında bu məsələlərin təhlilinə və izah olunmasına yardımçı olan təfəkkürə ehtiyacımız var.

 

Nə yanar kimsə mənə atəşi dildən özgə,

Nə açar kimsə qapım badi səbadan qeyri.

 

Şair üçün yanan könül ateşidir, başqa bir şey deyil, qapısını açan sabah rüzgarıdır, qeyrisi deyil!

Şeir dünyamızın mərkəzindəyik, şərqimiz, qərbimiz, cənubumuz, şimalımız burada. Bu geniş coğrafiyaların şairlərinin şeir tərənnümlərini dinləyəcəyik üç gün boyunca. Bu şölən vəfatının 60-cı ilində Əhməd Hamdi Tanpınara ithaf edildi.

Bu şöləndə adına ödül verilən böyük şairlərimizdən biri Baxtiyar Vahabzadədir.

Onun şeirdən ötə ilgiləri bəsləyən bir tərzi var idi. Və o Qarabağ məsələsini dərd edənlərdən idi. Yazılarında, şeirlərində bu mövzu çok işlənmişdir və o, Qarabağ həsrəti ilə getdi, fəqət nə mutlu bizlərə ki, Qarabağdakı işğalın bitdiyini gördük, hamımız şad olduq. Bu şölənimiz eyni zamanda Qarabağa ve Azərbaycana bir salamdır.

İlk şölənimizdə, 1992-ci ildə Bursada Türk dünyasının şairlərinin ilk dəfə bir araya gəldiyi günlərdə Qarabağ acısı ürəklərimizdə idi. Özbəkistanın böyük şairi Rauf Parfi kürsüdən bu şeiri oxudu:

 

Azərbaycan, sən yalnız imissən!

Azərbaycan, sən yalnız deyilsən!

Anlatmağa, anlayan başlar hanı?

Ağlatmağa, ağlayan yaşlar hanı?

Sən yalnız deyilsən, ey Azərbaycan,

Ürpərtməyə hayqıran daşlar hanı?

 

Sən yalnız deyilsən, ey Azərbaycan.

Bu vəsilə ilə mərhum Rauf Parfi ve ilk şölənimizdən bu günə sonsuzluq aləminə köçən şairlərimizə rəhmətlər diləyirik.

Əziz şairlərimiz, bu dünyada yalnız deyilik. Şərqdən qərbə, şimaldan cənuba dildə, fikirdə, işdə birliyə susayan və can atan milyonlarıq! Və İstanbuldayıq!

Şeirli günlər dilyii ilə...

 

*Viranələrin yasçısı bayquşlara döndüm,

Gördüm də xəzanında bu cənnət kimi yurdu.

Gül dövrünü bilsəydim onun bülbül olardım

Ya Rəbb, məni əvvəl gətirəydin nə olurdu?…

1935-ci ilin avqust ayında xəstəliyi ilə bağlı Antakya ziyarətində yazılmışdır.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sənliyə gələnlər əvvəl foyedə yaradılan "İstiqlalının 31-ci ildönümü mübarək əziz Özbəkistan" adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. 

Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, Özbəkistanın mədəniyyət xadimləri, ziyalılar, ali məktəblərin müəllimləri iştirak ediblər.

Tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın müstəqillik əldə etdiyi illərdəki uğurlarından danışıb. S.Abbasov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə aparılan köklü islahatlardan söhbət açıb. 

Direktor iyunun 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri haqqında da danışıb, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə səmərəli danışıqlar aparıldığını, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində xeyli sənədlər imzalandığını diqqətə çatdırıb: “Bununla da Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub”. 

S.Abbasov deyib: “Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü Yeni Özbəkistan konsepsiyası uğurla həyata keçirilir. Yeni Özbəkistan isə yeni iqtisadi münasibətlər, bu məsələlərə yeni baxış deməkdir”.

Diplomat 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib, bildirib ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan işğaldan azad olunan Füzuli şəhərində böyük bir orta məktəbin tikintisini öz üzərinə götürüb və təhsil ocağının tikinti layihəsi artıq Azərbaycan Hökumətinə təqdim edilib. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və Özbəkistan Milli Universitetinin professoru Niqina Şermuxammedova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndirilməsi, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət haqqında məlumat veriblər.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan gələn gənc müğənni Mehdi Həsənov, həmçinin Rəna Əzizova, Yusif Əliyev, Timur Rəhmanov və Davron Kadırov Azərbaycan və Özbək mahnılarını ifa ediblər.

 

Bu maraqlı layihədə Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən gənc rəssamların Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olundu.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, rəsaamlar Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar karvansarasını ziyarət etmiş və Füzuli şəhərinin baş planı ilə tanış olmuşlar. Cəbrayıl rayonunda isə rəssamlar Dostluq bulağını və “Xan çinarı”nı ziyarət etmişlər. 

İştirakçılar işğaldan azad edilmiş ərazilərin təbiətindən və tarixi məkanlarının ziyarətindən almış təsəvvüratlarını öz əsərlərində əks etdirlmişlər.

Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

Mütəxəssislərin yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümüdür və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.

Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.