“Mən sənin yanına qışda gəlirdim…” Featured

Bu gün görkəmli bəstəkar Elza İbrahimovanın 85 illiyidir

 

Hər bəstəkara müyəssər olmaz bu qədər populyar mahnı ərsəyə gətirsin. İllərdən bəri dəbdən düşməyən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər mahnıları musiqimizin qızıl fondunu təşkil edir. Mərhum müğənnilər Rəşid Behbudov, Şövkət Ələkbərova, İlhamə Quliyevadan tutmuş bu gün də zövqləri oxşayan Flora Kərimova, Teymur Əmraha kimi bir çox məşhur müğənnilər öz repertuarlarını bu mahnılarla qurublar. Söhbət görkəmli  bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovadan gedir. Yaşasaydı, bu qarlı qış günündə  anadan olmasının 85-ci ildönümü təntənə ilə qeyd edilərdi. Amma əfsus. 

 

Gəlin böyük bəstəkarımızı hörmətlə anaq və ömür yoluna bir nəzər salaq. Elzanın musiqiyə həvəsi lap erkən yaşlarından hiss olunmağa başlayıb. Onda olan həvəs və bəlkə də istedadı hiss edən valideynləri onu  Bakıdakı 8 nömrəli musiqi məktəbinə qoyublar. Sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb və Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq şöbəsini bitirib. Konservatoriyada isə bəxt üzünə gülüb, dahi 

Qara Qarayevin sinfində bəstəkarlıq dərsi alıb. Onun sinfinə daxil olmaq üçün hazırladığı kompozisiyanı dinləyən Qara Qarayev deyib: “Bu qız yaxşı bəstəkar olacaq”.

İlk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə yazdığı "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. O vaxt tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları sırasına daxil olur. 

O, bir müddət “Dan ulduzu” vokal-instrumental ansamblında işləyib. 

Elza İbrahimovanın yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Onun qələmindən çıxan bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın Milli Qəhrəmanlar Təbriz Xəlilbəyliyə və Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri da parlaq istedad və böyük zəhmətin məhsuludur. 

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

Elza xanım 74 il yaşayıb, amma yaratdıqları 740, 7400 ilə belə sığar. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.