2022-ci il bizim üçün nələrlə yadda qaldı

 Vüsal Məmmədovyazır

 

Yola saldığımız 2022-ci ili Azərbaycan xarici diplomatiyası üçün dinamik, fəal və mühüm, hətta tarixi nəticələrin əldə edildiyi il adlandıra bilərik.  Prezident İlham Əliyevin səfərlərinin, keçirdiyi görüşlərin və çıxışların xronikasına nəzər yetirsək, rəsmi Bakının xarici diplomatiyasında xüsusilə 3 istiqamətin önə çıxdığını görürük:

 

 

Postmünaqişə reallıqlarının möhkəmlənməsi və sülh gündəliyi;

Enerji məsələsi, xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu;

Nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi

 

Azərbaycan Prezidentinin xarici səfərlərivə qəbul etdiyi qonaqların təmsil etdiyi ölkələrin adları, eləcə də digər təmaslar ölkəmizin xüsusilə 3 qitə ilə fəal əməkdaşlığını nümayiş etdirib:

Avropa;

Asiya;

Afrika ilə.

 

SÜLHƏ DOĞRU SƏYLƏR

 

Bakının postmünaqişə reallıqları və sülh gündəliyi ilə bağlı mövqeyi dəyişməzdir: beynəlxalq hüquqa söykənən 5 baza prinsipi əsasında məsələ həllini tapmalıdır.

Prezident İlham Əliyev: "Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması. Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir".

İl ərzində üç dəfə - aprel, may və avqust aylarında Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşlər baş tutdu. Hər üç halda rəsmi Bakı postmünaqişə reallıqlarının möhkəmlənməsi və sülh gündəlyinin gerçəkləşməsi üçün səy göstərdi.

Prezident İlham Əliyev: "Əgər bütün bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya bilərik".

Oktyabrın 6-da Çexiya paytaxtının evsahibliyi etdiyi 44 ölkənin dövlət və hökumət başçılarının, o cümlədən Azərbaycan liderinin iştirak  etdiyi "Avropa siyasi birliyi" Zirvə Toplantısı "qoca qitə"də yeni dialoq və əməkdaşlıq platforması kimi qəbul edilir.

Praqada eyni zamanda dördtərəfli görüş baş tutdu. Azərbaycan, Ermənistan, Avropa İttifaqı liderlərinə bu dəfə Fransa Prezidenti də qoşuldu. Praqada Brüsel sülh gündəliyinin davamı olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü tandıqlarnı ifadə etdilər.

Ancaq çox çəkmədi ki, Paris öz ampluasına uyğun olaraq neytral qala bilmədi və bacısının ədalətsiz mövqeyini açıq mətnlə müdafiə etdi. Bu isə Avropa İttifaqının il ərzindəki uğurlu vasitəçiliyini faktiki olaraq zədələmiş oldu. Nəticədə, Brüsseldə dekabrın 7-si üçün nəzərdə tutulmuş görüş baş tutmadı.

Prezident İlham Əliyev: "Onlar bir-birinə "bacı" deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, "qardaş" da deyə bilərdilər, amma nədənsə bunlar "bacı" deyirlər".

 

"QOCA QİTƏ" ÜÇÜN HAVA VƏ SU KİMİ ENERJİ

 

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Azərbaycanın Avropa enerji bazarındakı payının artması və əməkdaşlıqda başlanğıcı idi. 

Prezident İlham Əliyevin son 3 ayda Bolqarıstan, Albaniya, Serbiya və Rumıniya səfərləri həm Avropanın alternativ enerji axtarışında fəallığını, həm də Azərbaycanın yeni bazarlara çıxmaqda maraqlı olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev: "Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək".

Oktyabrın əvvəllərdə Sofiyada Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Avropa daxilində TAP-dan alınan qazın şaxələndirilməsi ilə bağlı mühüm hadisə idi.

 

BUXARESTDƏ YENİ TARİXİ MƏRHƏLƏ

 

Rumıniyada isə yeni tarixi mərhələ başlanırdı. Azərbaycan Artıq daha bir enerji resursunu - eleketrik enerjisini  Avropa bazarlarına çıxarmağa hazırlaşır. Qara dəniz sualtı elektrik xətti ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji" dəhlizi  nin yaradılması artıq sadəcə arzu və plan deyil, artıq ölkələr işə başlayır.

Prezident İlham Əliyev: "Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq".

 

NƏQLİYYAT DƏHLİZİ

 

Prezident İlham Əliyevin istər son aylarda Orta Asiya, istərsə də Avropa ölkələrinə səfərlərində nəqliyyat sahəsində əməkdaşlıq diqqət mərkəzində olub. Orta Dəhlizin əhəmiyyəti indi yalnız region üçün yox, Çindən Avropaya uzanan marşrut üzərində yerləşən bütün iştirakçılar üçün aktualdır.

Bakıda bu məsələyə xüsusi diqqət ayrılması Azərbaycanın yeni dəhlizdə həlledici ölkə olması ilə əlaqədardır.

 

TDT ÜÇÜN YENİ ERA

 

Ötən ilin Türk Dövlətləri Təşkilatı üçün və Azərbaycanın təşkilatdakı fəallığı baxımından dinamik il adlandırmaq olar. Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstana bir neçə dəfə gerçəkləşən səfərləri 200 milyona qədər insanın yaşadığı türk coğrafiyasınn siyasi və iqtisadi inteqrasiyası üçün TDT-nın fəallığını artırmaq baxımından əhəmiyyətli idi.

***

Nəhayət, ötən il Şanxay Əməkdaşlıq təşkilatına (16 sentyabr 2022) və Ərəb Dövlətləri Liqasına (1 noyabr 2022) dəvət alması Azərbaycanın və onun liderinin nə qədər böyük coğrafiyada həlledici rola, nüfuza və təsir imkanlarına sahib olduğunu nümayiş etdirirdi.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.