Qış fəslində müəyyən xəstəliklərdən qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil, düzgün qidalanmaq da vacibdir. Bəs görəsən soyuq havalarda immun sistemimizi möhkəmləndirmək üçün qida rasionumuza hansı meyvələri daxil etməliyik?
Heyva xüsusən də qışda xəstələndikdə ilk köməyə gələn meyvədir. Ağciyər vərəminə, ağız yaralarına yaxşı təsir edir və insana gümrahlıq verir. Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq üçün qaynadılıb suyu içilə bilər. Bronxit, xronik öskürək və vərəm xəstəliklərinin müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin fəaliyyətinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini nizamlayır. Heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına yaxşı təsir edir, çünki sakitləşdirici xüsusiyyətə malikdir.
Qış meyvələrindən C vitamini deposu olan kivi infeksiyalarla mübarizə aparmaq və dəri qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immun sistemini gücləndirir, antioksidant təsiri ilə xərçəng xəstəliyinə qarşı faydalıdır. Xüsusən də qadınlarda döş xərçəngi riskini azaldır.
Nar imunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium, fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində bədənin müdafiə sistemini gücləndirir. Aparılan araşdırmalarda nar suyunun dəri xərçənginə və kişilərdə prostat xərçənginə qarşı qoruyucu təsirə malik olması sübut edilib.
Bir çox vitaminlər ilə zəngin olan banan, eyni zamanda, dəmir, kalium, natrium, yodla da zəngindir. Sümük möhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətlidir. Lakin unutmayaq ki, sinir sisteminin sakitləşməsində də faydalı olan bananı həddən çox yesək qəbizlik problemilə qarşılaşa bilərik. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçün tiroid vəzinin normal fəaliyyətinə də yardım etməkdədir.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)