Kitablara marağın azalmasının hansı obyektiv və subyektiv səbəbləri var? “Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğusunu Habil Yaşar təqdim edir.
Kitaba marağın itməsi ən başlıca məncə təbliğatın yetərsizliyi ilə əlaqəlidir. Kitablar yetərincə təbliğ olunmur. Uşaqlara kitabları oxumaq məcbur edilir. Halbuki sevgi ilə yaxınlaşmalıdırlar. Onlara kitabın bir əşyadan daha dəyərli olduğunu başa salmalıdır valideynlər. Bir də belə bir deyim var ki, uşaq evin güzgüsüdür. Nə görsə onu da götürəcək. Ana, ata əlindən telefonu bir dəqiqə yerə qoymur, amma uşaqdan kitab oxumağı tələb edir. Uşaq da elə düşünür ki, ana, ata nə edirsə düz edir. Məcburiyyət nifrət yaradır. Bu məktəb dərsliklərinin ağırlığı da bəzən uşaqlara mənfi təsir edir. Hədsiz çox dərs yükünün altından çıxan gənclər oxumağa yönəlmək yerinə kitaba nifrət edir. Görmək belə istəmirlər kitab adı çəkiləndə.
Ancaq müşahidələrimdən gördüyüm qədərilə çox gənclər “vaxtım yoxdur”un arxasına sığınır. Lakin deyəndə ki, YouTube-da kinoya baxanda da həmin vaxtı sərf edirsən, deməyə söz tapmırlar. Məncə, məktəblərdə dərs yükü azaldılmalıdır. Uşaqlarla gənc müəlliflərin məktəblərdə vaxtaşırı görüşləri keçirilməlidir. Kitabların çapı və satış qiyməti enməlidir. Həm müəllif əziyyətsiz kitab çap etsin, həm də valideynlər rahatlıqla kitab ala bilsin deyə.
Nigar Mələk Səttarzadə, yazıçı
Birincisi, sosial şəbəkənin tə'siri şox böyükdür. İkincisi, ailədə və məktəbdə kitaba olan marağın olmamasıdır. Üçüncü isə insanların düsdüyü çevrə və mühitin sağlam olmaması, xüsusilə yeniyetmə və gənclərin kitabdan uzaqlaşmasına səbəb olan amillərdir. Kitab oxumaq gözəl şeydir hər kəs oxuya bilsə. Kitab oxumağın dilin təkmilləşməsində böyük rolu var. Kitab oxuyan insanların söz ehtiyatı çox olur. Təssüf ki, get gedə insanlar sözü qısaldaraq işlədirlər, necə ki, bəzi vərdişlərlə ömürlərini qısaltdıqları kimi.
Lətifə Abbasova, şairə
Kitablar insan ruhunu oxşayan və daxili dünyamızı zənginləşdirən bir bilik mənbəyidir. Hətta bizi keçmişə və gələcəyə aparan mənəvi qidadır. Kitab oxumaq söz ehtiyatımızı artırır, beyin funksiyamızı tənzimləyir. "Kitaba marağın azalmasına səbəb?" dilemmasına isə gəldikdə, deyə bilərəm ki, əsrin tələbini nəzərə alsaq, yaşadığımız dövrdə İnformasiya texnologiyaları həyatımızın bir parçası olduğu üçün virtual oxu bacarığı yeni nəsil üçün bir vərdiş halını almışdır.
Onlayn kitablar dövrümüzdə çox işlək format almışdır. Bu səbəbdən də istehsal olunan çap kitablarına tələbat azalmışdır. Kitablar şəxsən mənim həyatımın bir parçası, ruhumun qidasıdır. Düşünürəm ki, kitablar mənim kimi başqaları üçün də böyük bir xəzinədir.
Lalə Həsəncan, qiraətçi
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)