Super User

Super User

12 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında gənc kitabxanaçılar üçün yazıçı, psixoloq, filosof-şərqşünas Rövşən Abdullaoğlunun “Qorxular”, “Hər bir insan hökmdardır” adlı kitablarının və yazıçı, publisist, şair Vaqif Bəhmənlinin “Hamı” adlı şeirlər toplusunun icmalı keçirilib. İcmal zamanı müəlliflərin yaradıcılığı haqqında, sonra isə kitabların məzmunu barədə məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşı tərəfindən “Qorxular” kitabının icmalı zamanı qeyd olunub ki, insanlar kəskin qorxduğu zaman vəziyyət nəzarətdən çıxır və bu ssenarilərdən biri fəaliyyətə keçir: qaçmaq, təslimiyyət, donub qalmaq, mübarizə aparmaq.

İnsanlar bu davranışların hər birini özündə cəm edib. İnsan qorxu hissi keçirəndə qalib gəlmək üçün ən ali və düzgün çıxış yolunu tapmalıdır.

 “Hər bir insan hökmdardır” kitabının icmalı zamanı isə qeyd olunub ki, uğur irsən keçmir, öncə məqsəd və hədəfin olmalıdır. Hədəf nə qədər aydın, ali və dəqiq olarsa cazibə qüvvəsi bir o qədər güclü olar.

Sonda Vaqif Bəhmənlinin “Hamı” şeirlər toplusu kitabından “Xeyir” və “Vaxt” adlı şeirlər səsləndirilib.

Kitab icmalının keçirilməsində məqsəd kitabın əsas ideyalarını, qəhrəmanlarını, mövzusunu və müəllifin məqsədini izah etməklə, insanlar arasında müzakirələr və düşüncələr yaratmaqdır. Həmçinin kitab icmalları kitabxana sahəsində kitabın dərindən öyrənilməsi məqsədini daşıyır. Kitabxanaçılar kitabları birgə təhlil etməklə, müəyyən mövzular üzərində müzakirə aparmaqla öyrənilən bilikləri daha yaxşı mənimsəyir və oxuculara təqdim edə bilirlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Cümə axşamı, 13 Fevral 2025 12:44

Şəhidlər barədə şeirlər – Kamil Şirinov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamil Şirinova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

KAMİL ALTAY OĞLU ŞİRİNOV

(09.08.1999-12.10.2020.)

 

 Kürdəmir rayonunun Ərəbqubalı kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

K A M I L

 

Kamil  birinci sinifdə oxuyarkən.                                     

Müəllim:

-Kamil, sən,  böyüyəndə, söylə, kim olacaqsan?

Bəlkə, dülgər, mühəndis, ya həkim olacaqsan?

Kamil:

Müəllim, böyüyəndə, mən  əsgər olacağam,

Düşməni Qarabağdan biryolluq qovacağam!

 

Uşaqlar səs saldılar, hamısı gülə-gülə

İstədilər, fürsətdir-  lağ etsinlər Kamilə.

Müəllim əsəbləşib, bir az qaldırdı səsin,

Dedi: - Kamilə əhsən, sizsə, gülməyi kəsin.

 

Kamil lap uşaqlıqdan çox sevirdi bayrağı,

Uşaqkən anlamışdı  kimdir dost, kimdir yağı.

Böyüdü,  yaşa doldu, mətinləşdi, bərkidi,

Oldu Ərəbqubalının  qoçaq, cəsur igidi.

 

Vaxt ötdü, əsgər oldu, Vətən borcunu verdi,

Qarabağ azad olsun, yoxdur başqa bir dərdi.

Əsgərlikdə hamının dilinin əzbəriydi,

Yaxşı xidmət edirdi, manqa rəhbəriydi.

Qurtarıb xidmətini, qayıtdı kəndlərinə,

Lənətlər yağdırırdı ermənin şərinə.

Səfərbərlik başladı, vaxt gəldi, çatdı məqam,

İgid, qorxmaz oğullar alacaqlar intiqam.

 

Kamil  də döyüşlərə atıldı şücaətlə,

Vuruşdu Füzulidə qorxmadan, rəşadətlə.

Qəhrəmanlıq –şanlı ad! –hər kəsə qismət olmaz,

Qorxaq, aciz insana heç yerdə hörmət olmaz.

 

Vətən sevdası ilə canından keçdi, Kamil,

Vətənçün  şəhidolub, cənnətə köçdü Kamil.

Ən əziz insan kimi ürəklərdə yaşayır,

Bu gündən gələcəyə xoş müjdələr daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçirilib.

 

MEMİM-dən AzərTAC-a bildirilib ki, Uşaq Filarmoniyasında keçirilən görüşdə Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov, Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva və Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova çıxış ediblər. Bildirilib ki, layihə uşaq və gənclərin sənətə sağlam köklərlə bağlanması, həmçinin inkişafı baxımından vacibdir.

 

Rüfət Xəlilzadə isə xoreoqrafiya və milli rəqs ifaçılığı sənətinin tarixi, inkişafı, müasir zamanda milli ənənələrin qorunması və dəyərlərin yaşadılması, tədris üsulları, rəqs geyimlərimiz, həmçinin gənclərin milli rəqslərə marağının artırılması mövzularından söhbət açıb.

 

Görüşdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin gənc istedadlarının və Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında rəqs kompozisiyaları təqdim olunub.

 

Ustad dərsi formatında keçirilən tədbirdə iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

 

Layihə mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Periküşküldə, Murovdağda xidmət etmişdir.

 

Bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilmiş və bir neçə döyüşdə iştirak etmişdir. 1995-ci il martın 15-də Qazax–Ağstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır.

 

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə o, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Allah rəhmət eləsin. Amin!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Fevralın 11-də Dohada yerləşən Katara Ud Mərkəzində 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib. Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan universitetlərinin tərəfdaşlığı ilə keçirilmiş Konqresdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli Konservatoriyasının bir qrup musiqi xadimləri də iştirak ediblər.

 

AzərTAC ölkəmizin Qətər Dövlətindəki səfirliyinə istinadla xəbər verir ki, tədbirin bədii hissəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə sənətçilərimiz fortepiano, həmçinin fleytada "Ay Laçın", "Sarı gəlin" və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.

 

Azərbaycanın Qətər Dövlətindəki səfiri Adış Məmmədov beynəlxalq konqresin əhəmiyyətindən danışıb. O, bu kimi tədbirlərin türk dünyasının birliyinin, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin formalaşmasında müstəsna rolunu qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) nəzdində onlayn fəaliyyət göstərən Qarabağ Məktəbinin şagirdləri Londonda xeyriyyə məqsədilə keçirilən “Face of Ealing Community Concert” (“İlinqin Üzü İcma Konserti”) adlı tədbirə qatılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Londonun Ealing (İlinq) bölgəsinin meri və bələdiyyə başçısı Yvonne Johnsonun (İvan Conson) təşəbbüsü ilə baş tutan konsertdə İngiltərədə yaşayan müxtəlif xalqların nümayəndələri iştirak edib.

Qarabağ Məktəbinin şagirdləri xeyriyyə konsertində milli geyimdə və dövlət  bayrağımızla səhnəyə çıxıblar. Onlar səhnədə məktəbin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Fərziyevanın müəllifi olduğu “Dostluq himni”ni ifa ediblər. Məktəbin musiqi müəllimləri Rasim və Səadət Fərziyevlərin müşayiəti ilə şagirdlərin çıxışı təşkilatçıların və qonaqların böyük marağına səbəb olub.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova tədbirdən əldə olunan bütün gəlirlərin xeyriyyə təşkilatlarına bağışlandığını bildirib. Qarabağ Məktəbinin şagirdlərinin İngiltərədə ilk dəfədir xeyriyyə konsertində iştirak etdiyini söyləyib. 

Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) tərəfindən 2021-ci ilin sentyabrında təsis edilmiş Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəbin məqsədi Azərbaycan dilinin öyrədilməsini təmin etmək, eyni zamanda, uşaqlarımıza milli irsimiz, mədəniyyətimiz, musiqimiz və tariximiz haqqında dərin biliklər verməkdir. Bununla yanaşı, Qarabağ Məktəbi öz tələbələrinə Azərbaycan kimliyini qorumağa yönəlmiş bir mühit təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

 

 

12 fevral 2025-ci il tarixində Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi  diqqətə çatdırılıb.

Qonaq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin o, “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yüksək peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Somali Prezidenti Azərbaycan təcrübəsi əsasında ölkəsində dövlət xidmətləri mexanizminin yenilənməsinə və bununla bağlı verilən dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.  

Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

Bu gün Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

 

“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:

 

“Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.

 

Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.

 

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:

 

“Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz.

Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən fevralın 24-də Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün “Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar?” mövzusunda intensiv praktiki seminar keçiriləcək.

 

Assosiasiyadan AzərTAC-a bildirilib ki, artıq 6-cı dəfə təşkil olunacaq seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara “özünə kənardan baxmaq” imkanı yaratmaq, sərgilərə hazırlıq zamanı ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır. Seminar yalnız praktiki xarakter daşıyır.

 

İkihissəli təlimdə iştirakçılar üçün təşkil olunacaq “Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar?” mövzusunda seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkilatı, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə ediləcək. İkinci hissədə isə sərgi komandası ilə bağlı işçilərin funksiyaları, xarici görünüş və davranış qaydaları, ziyarətçilərlə effektiv işin taktika və texnikaları, məhsul təqdimatının doğru üsulları, əlaqələrin işlənməsi, həmçinin postsərgi dövründə iştirakın qiymətləndirilməsi təqdim olunacaq.

 

Stend qurucuları üçün keçiriləcək “Sərgi stendlərini necə yaratmaq və satmaq olar?” mövzusunda seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumat veriləcək. Təlimdə, eyni zamanda, stendin kommunikativ funksiyası, ziyarətçilərin diqqətinin cəlb edilməsi, ekspodizayn tendensiyaları barədə danışılacaq.

 

İntensiv praktiki seminar 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlim keçmiş “EkspoEffekt” sərgi konsaltinq agentliyinin baş direktoru Nikolay Karasev tərəfindən keçiriləcək. Agentlik 2006-cı ildən bəri 25 mindən çox iştirakçıya xidmət göstərib. Seminar yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.

 

Hazırkı seminar sərgilərə qatılan və qatılmağı planlaşdıran, eləcə də stendlərin dizaynı və qurulması ilə məşğul olan şirkətlərin rəhbərlərinə, dizaynerlərə, layihə menecerlərinə, direktor və satış menecerlərinə tövsiyə olunur. İştirak etmək istəyən şəxslər təşkilatçılarla əlaqə saxlaya bilərlər.

 

Tədbirdə iştirak etmək istəyənlər əlaqədar şəxsdən ətraflı məlumat əldə edə bilərlər: Əlaqə nömrəsi +994 77 277 71 51.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Fevralın 11-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin və B.Vahabzadə Ev-Muzeyinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, MİHİ Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında B.Vahabzadənin 100 illik yubileyi münasibətilə konsert keçirilib.

 

Konsert proqramında Şəki şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala RMİ, Şəki-Zaqatala RTİ, KOB Şəki rayon şöbəsi,  MİHİ Şəki rayon Komitəsinin və digər dövlət  orqanlarının nümayəndələri, mədəniyyət, təhsil işçiləri, içtimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə B.Vahabzadə Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək dahi Azərbaycan şairi, ədəbiyyatşünas B.Vahabzadə ilə bağlı xatirələrini bölüşüb, dahi şairin yaradıcılığı haqqında geniş məlumat verib.

3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin şeirlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib, dillər əzbəri olan şeirləri tamaşaçılara təqdim edilib.

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. 1934-cü ildə onun ailəsi Bakıya köçür.  Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alır.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc"  pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

Dahi şair B.Vahabzadə 2009-cu ildə Bakı şəhərində vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.