
Super User
TANIYAQ, TANITDIRAQ - Bu gün şair Əbdülbaqi Fövzinin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əbdülbaqi Fövzi (Yusifzadə) 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur.
1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə Qəza İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə, həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924).
Sonra təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir. Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928).
Eyni zamanda, görkəmli yazıçı Süleyman Sani Axundovun müdirlik etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim işləmişdir.
O dönəmlərdə ara-sıra şeirlər yazır və şeirləri bəyənilirdi.
1926-cı ildə Əbdülbaqi Fövzi "Gənc qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Proletar Yazıçıları Birliyi 1928-ci ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmişdir.
Əvvəcə 1 Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində, sonra Dövlət Redaksiya-Nəşriyyat institutunda təhsil almış, orada kursu bitirmiş (1928-1933) yazar Bakıya döndükdə dərhal işlə təmin edilmişdir, Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir.
Ədəbi fəaliyyətə 1920-1922-ci illərdən başlayanda şeirlə yanaşı publisistikada, ədəbi tənqiddə də qələmini sınamışdır. "Gəncə seminariyasında" adlı ilk tənqidi məqaləsi "Dilxor" təxəllüsü ilə "Əxbar" qəzetinin 1920-ci il payız nömrələrində çap olunmuşdur. 1922-ci ildə "Yeni Gəncə" qəzetində "Eynək" şerini "Salik" təxəllüsü ilə dərc etdirmişdir.
İstər "Yeni fikir" qəzeti, "Qızıl şəfəq" və "Dan ulduzu" jurnallarında (Tiflis dövri mətbuatı), istərsə də "Komsomol", "Pioner", "Maarif işçisi", "İnqilab və mədəniyyət" jurnallarında, "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində şer və hekayələrini Şahid, xüsusən Şirvani təxəllüsləri ilə çap etdirmişdir.
Ədəbi yaradıcılığında türkçülük, millətçilik çalarlrı olmadığından repressiyua illərinin ona bir qorxusu olmamışdır.
Əbdülbaqi Yusifzadə xidmətlərinə görə üç medalla təltif olunmuşdur.
1956-cı il yanvarın 7-də Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin. Amin.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Şəhidlər barədə şeirlər – Kamal Mirzəliyev
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamal Mirzəliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
KAMAL ƏJDƏR OĞLU MİRZƏLİYEV
(30.08.1996.-17.10.2020.)
Şamaxı rayonunun Çarhan kəndində doğulmuş, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Sahil qəsəbəsinə köçərək orada yaşamış, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
K A M A L
İnsanı insan edir əqidəsi, amalı,
Sizlərlə tanış edim igidimiz Kamalı.
Əslən Şamaxıdandır, böyüdü Qaradağda,
Şəhidliyə qovuşdu Talışda-Qarabağda.
İki gözəl bacıya mehriban qardaş idi,
Ananın sevimlisi, ataya sirdaş idi.
Atası halallıqla böyütmüşdü Kamalı,
Oğul da oğul idi, nur saçırdı camalı.
Təmkinlə, ləyaqətlə dolaşardı, gəzərdi,
Şirin gülüşü ilə evlərini bəzərdi.
Necə kədərli idi – işğalı Qarabağın,
Dözmək olarmı qalsın yağılarda torpağın?
Əsgərliyə gedəndə xoşbəxt, bəxtəvər idi,
Doğma Vətənə layiq oğul di, ər idi.
Əsgərlik xidmətində qazandı o, hörməti,
Aprel döyüşləri də oldu onun qisməti.
Vətən borcunu verib, qayıtdı o, Sahilə,
Dostlarına deyirdi, “Döyüş öndədir hələ”.
Hər şeyin öz vaxtı var, yetişdi zaman, məqam,
Könüllü əsgər oldu, alınacaq intiqam.
Başladı o, xidmətə kəşfiyyat bölümündə,
Elə hünər göstərdi, qorxmadı ölümündən.
Bir yaralı döstunu çıxararkən meydandan,
Ucaldı şəhidliyə, keçərək şirin candan.
Əbədiyaşar oldu, yolu düşdü cənnətə,
Ondakı ürəyə bax, bax , ondakı qeyrətə.
Şəhidlər qürurumuz, şəhidlər and yerimiz,
Şəhid məzarlarısa ocağımız, pirimiz.
Qarabağ azad olub, borcluyuq şəhidlərə,
Çox nəğmə yazılacaq Kamaltək igidlərə.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Azərbaycan mətbəxi Filippində beynəlxalq festivalda təmsil olunub
Filippin Respublikasında fəaliyyət göstərən Manila Beynəlxalq Məktəbində mədəniyyət festivalı keçirilib. Beynəlxalq festivalda 30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli təamları nümayiş olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Filippindəki Azərbaycan diasporu festivala 23 nəfərlik heyətlə qatılıb. Milli mətbəximizin yarpaq dolması, kələm dolması, ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər yeməkləri qonaqlara təqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətlə qarşılanıb.
Ölkəmizə məxsus stenddə Azərbaycan xalçası və milli ornamentli suvenirlər də sərgilənib, ziyarətçilərə Vətənimiz haqqında ətraflı məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Yaponiyada Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsert-mühazirə keçirilib
Yaponiyanın ən böyük musiqi mərkəzlərindən biri olan “Yamaha Music Yokohama Minatomirai”-da “Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi ilə tanışlıq” mövzusunda konsert-mühazirə keçirilib. Bu, mərkəzin tarixində Azərbaycan bəstəkarının yaradıcılığına həsr olunmuş ilk musiqi tədbiri olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, layihənin təşəbbüskarı Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovadır. O, konsert-mühazirədə Azərbaycan klassik musiqi tarixindən və Qara Qarayev yaradıcılığından danışıb, dahi bəstəkarın fortepiano üçün əsərlərini ifa edib.
“Yamaha Music Yokohama Minatomirai”nin təşkilatçılığı ilə baş tutan konsert-mühazirə bir gün ərzində iki dəfə olub və anşlaqla keçib.
Qeyd edək ki, Yaponiyanın “Zen-On” nəşriyyat evində Qara Qarayevin fortepiano üçün əsərlərindən ibarət not kitabı buraxılıb. Kitabda yapon və ingilis dilində verilən metodik tövsiyələr Gülnarə Səfərova tərəfindən işlənilib. Bəstəkarın “Simli kvartet, "Yeddi gözəl" baletindən süita və "Don Kixot" simfonik qravürlərinin partituraları Yaponiyanın bütün musiqi mağazalarında və onlayn platformalarda satılır.
Hazırda Yaponiyada Qara Qarayevin bəstəkarlıq irsi ilə tanışlıq və musiqisinin təbliği işləri davam etdirilir. 2026-cı ildən başlayaraq Tokionun gənc pianoçular müsabiqəsinin proqramına XX əsrin görkəmli bəstəkarları sırasında Qara Qarayevin də əsərlərinin daxil edilməsinə qərar verilib.
Azərbaycan dövlətinin diaspor və mədəniyyət siyasətinə, “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cari ilin ikinci yarısında Yaponiyada Qara Qarayev yaradıcılığı ilə bağlı böyük bir layihə və tədbirin həyata keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində parlayır
İtaliyanın “Opera 2001” təşkilatı İspaniya və Fransanın müxtəlif şəhərlərində Cüzeppe Verdinin “İl Trovatore” (“Trubadur”) operasını səhnələşdirir. Martın 2-dək nümayiş olunacaq operada soydaşımız Çinarə Şirin mezzo-soprano səsli qaraçı Azuçena rolunda çıxış edir. Soydaşımızın çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, İtaliyada yaşayan opera sənətçisi Çinarə Şirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra layihələrin iştirakçısıdır. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Almaniyada yaşayan pianoçu Səbinə Məmmədovanın təşkilatçılığı ötən il martın 3-də Milanda baş tutan “Musiqi sərhəd tanımır” adlı konsert proqramı da belə layihələrdəndir.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlərə start verilib
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Beyləqan rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ölkə Prezidentinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncamının icrasına uyğun olaraq, “Dövlətçilik tarixində yeni mərhələ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Beyləqan rayon təşkilatının sədr müavini, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini Yeganə Məmmədova və digər natiqlər çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyət kəsb etməsindən, ölkəmizin Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləməsindən, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımızın milli kimliyini və mübarizə ruhunu qoruyub saxlamasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmasından ətraflı bəhs olunub və bildirilib ki, rayonumuzun, il çərçivəsində hazırlanıb keçirilən tədbirlərlə “Konstitusiya və Suverenlik İli”nə öz layiqli töhfəsini verəcək, həyata keçiriləcək müxtəlifyönümlü tədbirlər həm xalqımızın birliyinin möhkəmlənməsində, həm də şahidi və iştirakçısı olduğumuz böyük tarixi proseslərin təbliğində böyük rol oynayacaqdır.
Sonda mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında suverenliyi əsl mənasında özündə tərənnüm edən Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Gənclər Kitabxanasında professor Əziz Mirəhmədovun 105 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bu gün ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun 105 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professorun yubileyi münasibətilə "Əziz Mirəhmədov 105" adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Virtual kitab sərgisində Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı tarixinin, xüsusən də onun yeni dövrünün tədqiq edilməsi sahəsində olan böyük xidmətləri, M.F.Axundov, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi böyük sənətkarlar, «Molla Nəsrəddin» jurnalı haqqında qiymətli monoqrafiyaların müəllifi olması haqqında məlumatlar təqdim edilir. Biblioqrafik icmalda ədəbiyyatşünasın zəngin elmi, ədəbi fəaliyyəti haqqında məlumatlarla yanaşı Prezident İlham Əliyevin Əziz Mirəhmədovun 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı sərəncam, professora həsr edilən Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi”, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Klassik filoloq alim”, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın “Əziz Mirəhmədovun kitabşünaslıq görüşlərinə bir nəzər” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmal və virtual sərgidə Əziz Mirəhmədovun müəllifi olduğu “Əhməd bəy Ağaoğlu”, “Azərbaycan jurnalistləri və naşirləri”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Azərbaycan Molla Nəsrəddini”, “Ədəbiyyatşünaslıq terminləri lüğəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və onun haqqında qələmə alınan məqalələrin siyahısı təqdim edilir.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü , professor Əziz Mirəhmədovun 105 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/eziz-mirehmedov-105 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Təyyarə qəzasında həlak olmuş 5 qazaxıstanlının ailəsinə mənzil hədiyyə etmiş azərbaycanlı - AMİL YUSİFOV
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycandan kənarda yaşayıb-işləyən, amma öz fəaliyyəti, xeyirxah əməlləri ilə xalqımızın adını ucaldan, şərəfləndirən həmyerlilərimizin xoş sorağını eşidəndə qəlbimiz fərəhlənir, qürur hissi keçiririk. Qazaxıstanda bizneslə məşğul olan azərbaycanlı sahibkar Amil Turab oğlu Yusifov haqqında növbəti dəfə qardaş ölkədən gələn xəbər də bizə eyni hissi yaşatdı...
Ötən il dekabrın 24-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin anmaq üçün bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı Səfirliyi və Mangistau Vilayət Hakimliyi tərəfindən Aktau şəhərində ehsan mərasimi təşkil olunub.
Mərasimdə vilayətin rəhbər şəxsləri, azərbaycanlı diplomatlar, ictimaiyyət nümyəndələri, təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailə üzvləri iştirak ediblər. Türksoylu iki xalq arasında birliyin və qardaşlıq əlaqələrinin möhkəmliyinin baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı bir daha özünü bariz şəkildə göstərdiyini mərasində çıxış edənlər xüsusi vurğulayıblar.
Mərasimdə Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli və əşyalı beş mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların ailələrinə təqdim edib. Bundan əlavə, iş adamı tərəfindən Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Amil Yusifovun xeyriyyəçilik təşəbbüsünü yüksək qiymətləndirib və xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından ona təşəkkürnamə təqdim edib.
Amil Yusifovun xeyirxahlığı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb və sosial mediada böyük rezonans doğurub. Məsələn, Qazaxıstanın tanınmış media resurslarından olan “BES.media” özünün internet səhifəsində və sosial şəbəkə hesablarında azərbaycanlı biznesmenin təyyarə qəzasında həlak olanların ailələrinə mənzil hədiyyə etməsini Aktauda keçirilən tədbir haqqında xəbərin başlığına çıxarıb. “BES.media”nın Instagram səhifəsində yerləşdirilmiş bu xəbərə 62 istifadəçi rəy yazıb və ilk növbədə, Amil Yusifovun xeyirxahlığını alqışlayaraq, digər iş adamlarını da ondan nümunə götürməyə, xeyirxah olmağa çağırıblar. Belə mesajlar digər sosial şəbəkələrdə də yüzlərlədir...
Xatırladaq ki, Amil Yusifov qazax xalqının qəhrəman oğlu,1992-ci ildə iyirmi yaşında Qarabağa gələrək burada erməni işğalçılara qarşı döyüşən, Ağdərədə şəhid olduqdan sonra Bakıda Şəhidlər Xiyabanında dəfn edilən Yerbol Barımbetovun xatirəsinə öz ehtiramını bildirmiş, onun haqqında qazaxıstanlı jurnalist Nasiha Humarqızının yazdığı və 3 dildə -Azərbaycan, qazax, rus dillərində çapdan buraxılan kitabın bütün maliiyyə xərclərini qarşılamışdı. Şəhidin ailəsinə Amil Yusifovun və Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənovun adından mənzil də hədiyyə olunmuşdu.
O zaman – 2023-cü ildə Qazaxıstanın “Ər Namusu” İctimai Birliklər Şurası Amil Yusifovu “Böyük Döyüş Qəhrəmanı” ordeni ilə təltif etmişdi, türk dünyasının ağsaqqllarından biri - Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenov ona təşəkkür məktubu ünvanlamışdı.
Xalqımızın ən gözəl milli xüsusiyyətlərini yaşadan və ölkə xaricində təbliğ edən, Qazaxıstanla qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə öz sanballı töhfələrini verən Amil Yusifovun bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyinə əminliyimizi bildirərək, ona iş və şəxsi həyatında uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Mövzu və palitra rəngarəngliyi - İMİŞLİDƏN REPORTAJ
Könül, “Ədəbiyyat və incəsənət”
Hər bir rəssamın palitrasında öz sevimli rəngləri olur. Yetər ki, onlardan qədərində istifadə etməyi bacarsın. Amma rəsaamlıq tək təbiət mənzərələri, natürmort və portretlərdən ibarət deyil axı, burada ictimai-siyasi həyatın inikası da tarixən vacib yer tutub. Bu dəfə isə rəng tonu bir qədər sadə, bəsit, daha çox konservativ olur.
Bir neçə gündür ki, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə İmişli şəhərində Diferensial Təhsil Tədris Mərkəzində ''Konstitusiya və Suverenlik İli '' çərçivəsində ''Zəfərimiz rəssam Gülnarənin rənglər dünyasında'' adlı sərgi keçirilir.
Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin 24 dekabr 2024- cür il tarixi sərəncamı ilə 2025- ci il "Konstitusiya və Suverenlik ili" elan olunub. Elə bu sayaq təşəbbüslərin məramı da cari ili adına uyğun tədbirlərlə bol etməkdir.
Fevralın 9-da sərginin açılışı olub, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, AYB- nin üzvü Güllü Eldar Tomarlı qonaqları salamlayıb və ardınca vətənimizin bütövlüyü, suverinliyi, azadlığı uğrunda şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirib.
Daha sonra Güllü Eldar Tomarlı gənc rəssam Gülnarə Məmmədovanı yaradıcılığının 10 illik yubileyi münasibəti ilə təbrik edib, vətənpərvər rəssamın vətənpərvərlik mövzusunda rəsmləri haqqında geniş məlumat verib.
Nəzərə çatdırıb ki, 2023- cü ildə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Azərbaycan kəlağayısı günündə milli üslubda rəsm əsərlərinin sərgisi təqdim olunub. 2024- cü ildə isə Bakı şəhərində, Gəncliyə Yardım Fondunda ''Bir ürəkdə iki can, Türkiyə- Azərbaycan'' adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi keçirilib.
Tədbirdə İmişli Rayon Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədli, İmişli Rayon İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, qazi, jurnalist Səbuhi Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Səyalı Dadaşova, ağsaqqal ziyalı Hüseyn Minbaşoğlu, Əlibayram Əliyev, şəhid Ziyad Muradovun anası Tahirə Mehdiyeva, şəhid Saleh Əliyevin anası Solmaz Əliyeva, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova və gənc rəssamın oğlu Nurlan Musayev, qızı Kübra Musayeva çıxış ediblər, gənc rəssama uğurlar diləyiblər.
Sonda gənc rəssam Gülnarə Məmmədova bu sərginin düzənlənməsində zəhməti olan hər kəsə, tədbir iştirakçılarına təşəkkürünü bildirib və yaradıcılığının son uğuru kimi Ulu Öndər Heydər Əliyevin kətan üzərində yağlı boya portretini təqdim edib.
Sonda xatirə şəkili çəkildi.
Fevralın 10-da - sərgisinin 2-ci günündə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mirvarid Dilbazi Poeziya Məclisinin əməkdaşları və rayon ictimaiyyəti sərginjn işində iştirak ediblər.
Bu gün - sərginin 3- cü günü də böyük izdiham nəzərə çarpıb. Millət vəkili Razi Nurullayev, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Gənclər və İdman İdarəsinin rəhbəri Ceyhun Əbdülov, eləcə də İmişli peşə məktəbinin müəllimləri sərgidə iştirak ediblər.
Sərgi fevralın 14-nə qədər, hər gün saat 12:00-dan 18:00-a qədər olmaqla davam edəcək.
Maraqlananlar üçün əlaqə nömrəsi (051 622 51 13) təqdim edir və sərginin ünvanını bildiririk: İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, bina 3.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)
Dmanisidə həftəsonu məktəbi açılıb
“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” – bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında səsləndirib.
Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir. Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə rayonun Qarabulaq kəndində həftəsonu məktəbi fəaliyyətə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlara Azərbaycan və gürcü dillərinin tədrisi üçün bütün lazımi şərait yaradılıb.
“Məktəbə ixtisaslı müəllimlər cəlb olunub, uşaqlar Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq və həvəs göstərirlər. Burada yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan "bazar günü" məktəblərinin başlıca məqsədi yetişməkdə olan yeni nəsli tariximiz, mədəniyyətimiz barədə məlumatlandırmaqdır. Hazırda uşaq və yeniyetmələr üçün rayonun Hamamlı və Qarabulaq kəndlərində Azərbaycan dili kursları təşkil olunub”,- deyə Mərkəzin rəhbəri Kamran Xıdırov bildirib.
Azərbaycan dili müəllimi İntiqam İsmayılov ana dilində danışmağın Azərbaycançılıq ideyasının yaşadılması üçün vacib olduğunu, Azərbaycan məktəblərində istifadə edilən"Əlifba" və "Ana sözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqqında məlumat verildiyini vurğulayıb.
"Bazar günü" məktəbinin gürcü dili müəllimi Maya Xmaladze öz növbəsində çıxışında son illər ərzində Gürcüstanın ali məktəblərinə vahid test üsulu ilə qəbul olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolunu qeyd edib: “İki xalq arasındakı dostluq münasibətləri, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında bu kurslar müstəsna rol oynayacaq”.
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)