Super User

Super User

Çərşənbə axşamı, 25 Fevral 2025 13:15

Almaniya Azərbaycanlıları Alyansı yeni tərkibdə toplanıb

Almaniya Azərbaycanlıları Alyansının növbəti toplantısı Almaniyanın paytaxtı Berlində şəhərində keçirilib və toplantında Alyansın İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlimata görə, Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən olan, Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmli İdarə Heyətinin yeni sədri seçilib.

Daha sonra Alyansın İdarə Heyəti yeni tərkibin ilk toplantısını təşkil edib. Toplantıda  Alyansın keçdiyi yol, həyata keçirilən layihələr müzakirə edilib, təşkilatın fəaliyyəti yüksək qiymətləndirilib, perspektivlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Alyansın İdarə Heyətinin yeni və köhnə tərkibinə daxil olan soydaşlarımız Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyi qayğıya və sistemli dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatın fəaliyyətini daim diqqət mərkəzində saxladığı ifadə edilib.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin yeni sədri Altay Rüstəmli 2009-cu ildən Almaniyada yaşayır və bu ölkədəki Azərbaycan diasporunun fəal üzvlərindəndir. Soydaşımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir, Qarabağın bərpası prosesinə töhfə verir.

Qeyd edək ki, Almaniya Almaniya Azərbaycanlıları Alyansı 2018-ci ilin sentyabr ayında Berlin şəhərində yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təsis edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

“Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondu, Bakı Dövlət Universiteti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərlə “Reza Deqatinin Gözündə Xocalı Soyqırımı” adlı görüş keçirilib.

Görüşün əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor müavini Yusif Vəliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək bu cür tədbirlərin gənclərin milli tariximizi daha dərindən anlaması və Azərbaycan həqiqətlərini beynəlxalq arenada düzgün şəkildə təbliğ etməsi baxımından çox önəmli olduğunu vurğulayıblar, dünyaca məşhur fotoqraf Reza Deqatinin Xocalı Soyqırımına dair fotoşəkillərinin və şahidliyinin hadisənin faciəvi reallıqlarını gənclərə vizual olaraq çatdırmaqda mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin davamında Reza Deqati Xocalı Soyqırımından dərhal sonra çəkdiyi nadir fotoları təqdim edərək şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını söyləyib. Fotoqraf vurğulayıb ki, Xocalı Faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparmaq vacibdir.  

Reza Deqatinin təqdim etdiyi foto və faktlara gənclər böyük maraq göstərib və yekunda öz suallarını məşhur fotoqrafa ünvanlayıblar.

Qeyd edək ki, keçirilən görüş Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədi daşıyıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Ankarada  mühacirətdə olan Məhəmməd Quruçaydır.

 

 

Məmməd Quruçay

Ankara

 

KƏNDİVANDAN DÖNÜŞ

 

İngilis arxeoloq, Professor David Roulun araşdırmalarına görə Adəm həzrətləri və Həvva xanım, cənnətdən qovulduqdan sonra Kəndivana yerləşdilər.

Cənnətdə tək başına yaşayan Adəm ağa, yalqızlıq dərdindən dığlamaq üzərə idi. Hər dəfə mutluluq içində yaşayan evli mələkləri gördüyündə, içindəki tetesteron hormonu o qədər aşıb daşırdi ki iki qulağından eşiyə fışqırırdı. Sonunda Adəm ağanın təhəmmül balonu patladı. Qabırğa qəfəsindəki sümüklərdən birini çıxartdı. Çıxartdığı qabırğa sümüyündən, özünə dağlar maralı bir qadın düzəldib adını Həvva xanım qoydu.

Cənnətdə molla olmadığına görə də evlilik əqdi oxunması üçün gedib cəhənnəmdən bir molla gətirdilər.

Əqdlərinin oxunması ardından axşam çağı, Həlmə sazandanın musiqi dəstəsini çağırıdılar, çaldırıb oynadılar, toylarını tutdular. Mırıx Kübra, qarman, Güşvara xanım tar çalırdı, Həlmə sazanda xanım da oxuyurdu:

“Şaftalılar calandı,

Məlan mənim balamdı”

Sübhə qədər çal-çatlasın oldu, cənnətin dörd bir yanı şənlik havası ilə büründü.

Evlənmələrindən hələ bir sənə keçməmişdi, Həvva xanım uşaq istədi.

Bu sözü eşidincə, Adəm ağa əlini gö..ünün üzərinə basıb ah çəkdi.

Cənnətdə qadınlar doğmazdılar, kişilər hamilə olub doqquz ay sonra uşaqlarını sıçardılar. Sıçılan körpələr, pox içindən yeni həyata göz açmalarına rəğmən, böyüyüb cənnəti gül kimi saxlardılar.

Adəm ağa, uşaq sıçma sancılarından necə qurtula biləcəyini şeytandan soruşdu. Şeytan dedi: “işi mənə burax. Səni bu dərddən qurtara bilərəm, amma bir şərtlə,

Uşaqlarına yarı-yarı ortağam.” Adəm ağa qəbul elədi.

Şeytan gecə gündüz, Həvvanın iki qulağına almanın nə qədər faydalı olduğunu fısıldadı, ta ki bir gün Həvva xanım iki ayağını başmağının bir tayı içinə soxub Adəm ağadan alma istədi.

Yasaq ağacdan alma oğurladıqdan sonra Adəm ağa, arvadı Həvva ilə birlikdə cənnətdən qovuldular. Əsil suçu Həvva işlədiyi üçün də ikinci cəza olaraq ömür boyu, uşaq doğma müsibətinə məhkum oldu.

Adəmlə Həvva, Kəndivana yerləşdikdən sonra həyatları nə qədər zor olsa yenə də Adəm ağa öz durumundan məmnunuydu, nə də olsa artıq uşaq sıçıb gö..ü cırılmayacaqdı. Amma...

Amma uşaq sahibi olduqlarından sonra durum dəyişildi. Adəm ağa, bir-birləriylə yola getməyən uşaqların dərdindən, Həvva xanım da doğum sancılarının yanı sıra doğulan sarsaq uşaqların qüssəsindən cana gəlmişdilər.

Ata anaları işləyirdi, gö..ü-boş oğulları, Qabil ilə Habil yeyib içib bir-birləriylə boğuşurdular, nəvə, nəticələri də, Kəndivanı burax, dünyanı poxa çevirmişdilər.

Adəm ağa şeytanla anlaşması üçün pox yediyinə peşman olmuşdu, “sizi əkib doğanın, cədd-abadının qəbrinə sıçım” deyib özünü biraz rahatladırdı, amma yazıq Həvva xanım qüssəsini içınə tökməkdən savayı heç bir iş əlindən gəlmirdi. Benava hər dəqiqə düşünürdü “axı bu nə işdi? Sıçılan uşaqlar cənnəti gül kimi saxlayırlar, amma doğulan bu qor-qodux dünyanın içinə sıçırlar.”

Gecə yarısı Həvva xanım “mən pox yeyib qələt elədim alma istədim” deyib zülüm-zülüm ağlayırdı. Adəm ağa onun gözyaşılarını silib başını bağrına basırdı, “tamam ağlama, mən uşaq sıçma cırılmasına razıyam, olsun təkar cənnətə dönək.”

Qırx gecə, gündüz ibadət eləyib dua oxudular, amma cənnətin qapısı açılmadı. Adəm ağa yenə həmişəki adəti kimi övladlarına, ibadətə və namaza yaman soxuşdurdu, cibindən telefonunu çıxardıb qaçaqçı Firuz’a zəng açdı.

Gecə yarısı saat 12:00-də Slamas sərhəddini yeni keçmişdilər. Firuz qaçaqçı öndən hərəkət edirdi. Ürəkləri ümidlə dolu, iki ər, arvad əl-ələ verib Firuzun peşindən gedirdilər. O ikisi, hüdud jandarmlarına tutuqlanma qorxusu içində gizlicə cənnətə geri dönürdülər.

Dolun ayın işığı altında Adəm ağa, Həvva xanımın gül cəmalına baxdı.

Onun saçlarını tumarlayıb dedi:

“Cənnətdə istədiyin qədər sənə uşaq sıçaram, amma nə olar mənim ceyranım? Bir daha məndən alma istəmə. Məni cəhənnəmə göndər amma bu dünyaya təkrar gəlməyimə səbəb olma.”

 

 

 “Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Çərşənbə axşamı, 25 Fevral 2025 10:09

Bu gün Baharın ilk çərşənbəsidir - SU ÇƏRŞƏNBƏSİ

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Baharın ilk müjdəçisi olan Su çərşənbəsi bu il məhz bu soyuq 25 fevral gününə düşür. Neçə gündür ki, ölkəmiz əsl qış yaşayır. Amma elə bu gündən artıq bahar təravəti duyulmaqdadır. Bəli, bu gün su şərşənbəsi – 4 şərşənbədən birincisidir. Su şərşənbəsi saflıq, bərəkət və yeniliyin rəmzidir

 

Qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıblar, təbiətin canlanmasını bu cür qeyd ediblər. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, mərasimlərlə qarşılanıb. Bu gün Su çərşənbəsini qeyd etdikdən sonra Od çərşənbəsini martın 4-də, Yel çərşənbəsini martın 11-də, İlaxır, yaxud da Torpaq çərşənbəsini isə martın 18-də qeyd edəcəyik.

ƏZƏL ÇƏRŞƏNBƏ: Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və su həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.

 

İNANCLAR:Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.

Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Lənkəranda isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.

Xüsusilə şimal bölgələrində – Qax və Zaqatalada su ilə bağlı maraqlı inanclar var. Burada insanlar Novruz öncəsi kəndin ən təmiz bulağının suyundan gətirir, həmin sudan içir və yuyunaraq il boyu sağlam qalacaqlarına inanırlar. Bəzi bölgələrdə, məsələn, Şamaxıda su üzərindən atlanmaq adəti var – bu, insanın pis enerjidən, bəd nəzərdən təmizlənməsi deməkdir.

Kür və Araz çaylarının sahilində yerləşən kəndlərdə çayın axarına niyyət söyləmək ənənəsi var. İnsanlar arzularını suya danışaraq, onun suda axıb getməsini seyr edirlər. Deyirlər ki, niyyət çaya söyləniləndə daha tez qəbul olunur, çünki su daim hərəkətdədir.

Şəkidə isə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlib,“Ağırlığım-uğurluğum suya,Azarım-bezarım suya”, – deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. İnsanlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içərək, “Su haqqı, pis əməl sahibi olmayacağam”, – deyirlər.

 

SÜFRƏ: Su çərşənbəsi süfrəsində şirniyyatlar, qoz-fındıq və quru meyvələr xüsusi yer tutur. Bu nemətlər bolluq, bərəkət və gözəl günlərin rəmzi sayılır. İnsanlar inanırlar ki, bu gün süfrəyə qoyulan hər nemət gələcək ilin firavan və xoş keçməsinə töhfə verir. Su çərşənbəsi süfrəsində su dolu qab, təzə göyərtilər və südlü yeməklər də qoyulur. Su saf və təmiz həyatın başlanğıcı, göyərtilər isə təbiətin yenilənməsini simvolizə edir.

 

ZAMAN: Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. 

Su çərşənbəniz mübarək!

 

Materialı hazırlayarkən Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlinin qeydlərindən istifadə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Neçə gündür ki, sizə uğur qazandıran kitablardan danışıram. Sırada növbətisidir,  «biznesdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasında qərarlaşan Stiven Kovinin “Yüksək effektli insanların yeddi vərdişi” kitabından fayda götürəcəyinizə əminəm.

 

Stiven Kovi. “Yüksək effektli insanların yeddi vərdişi”

16 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.

Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kovi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.

Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?

 - Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.

 - Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.

 - Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.

 - İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.

 - Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.

 - Öz gücünü özünə investisiya qoymağa sərf elə.

 - Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.

 - İnsanlar dünyanı olduğu kimi görürlər.

 - Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə  qarşı o cür hərəkət etmələrini arzulayasınız.

Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.

Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».

Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:

 - Siz nə iş görürsünüz?

 - Beş saatdır ki, bu ağacı mişarlayıram.

 - Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?

 - Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.

Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

 

Çərşənbə axşamı, 25 Fevral 2025 18:04

Son dəfə görüşdüyümüz yerə gələrsənmi? - ESSE

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"

 

 

Görəsən, o, orada olacaqmı? Bəlkə də, məni görmək ona özünü heç də yaxşı hiss etdirməyəcəkdi. Elə də uğurlu dəqiqələrimiz keçməmişdi, çünki.

Yenə də onu yenidən görə bilsəm, "son"-un nöqtəsini qoya bilərdim. Maraqlıdır, son dediyim dəqiqələri yaşamaq üçün bu cür can atırdım, yoxsa, sondan doğan yeni başlanğıc idi ümidim?

 

Bu suallara cavab tapmağın yolu ruhuma ruhunu çəkən yerə getmək idi ki, gedirdim. Onun bundan əvvəl oturduğu skamyada əyləşdim. Hə, o tam olaraq da burada oturmuşdu. Oturdum və sanki öncədən planlaşdırılmış, saatı təyin olunmuş görüşə tez gəlib gözləyənlər kimi gözləməyə başladım.

Gözlədim, gözlədim.

Etdiyim mənasız hərəkət idi. Təbii ki gəlmədi. Bu tamamilə qeyri-iradi hərəkət idi. Tamamən məntiq deyil də, hisslərlə qərar verilib atılan addım idi. Olsun, ən azından getsə idim necə olardı, düşünməkdənsə, getdim və olmadı düşüncəsi daha rahatvericidir. Hər nəysə.

Hava soyuq idi, mənim isə xəstələnmək kimi bir seçənəyim yox idi. Çünki heç kimim yoxdur və mənə məndən başqa heç kim dəstək çıxa bilməz. Öz qayğıma özüm baxmaqdan başqa çarəm yox idi. Xəstələnmək məni qorxutmurdu. Lakin digər insanların yaşam olub-olmadığını unutduğu bir yerlərdə unudularaq ölmək biraz cansıxıcı gəlirdi. Ona görə də addımlarımı cəldləşdirib evə tərəf yol aldım. Hər zamankı kimi xüsusi planlanmamış, sadəcə adət edib öyrəşdiyim üçün eyniləşmiş hərəkətlərimi təkrarlayırdım.

Həmişəki acı və dilimi yandıracaq dərəcədə qəhvəmi hazırladım, rəfimdən hər-hansısa kitabıma əl atıb, çöldəki soyuqdan sadəcə cismimi xəstəlikdən qoruyacaq istiliyi verən sobamın qarşısına keçdim. Düzənli biri deyildim, dağınıq da deyildim. Sadəcə olaraq, o an doğru olan, yaxud hansısa yaşam qayda-qanununa əsasən deyil də, daha çox mənə, o an nəyi istədiyimə uyğunlaşdırırdım bütün atacağım addımları, hərəkətlərimi, davranışlarımı.

Kiməsə özümü olduğumdan fərqli göstərmə cəhdində deyildim, məni bəyənsin, yaxud olmadığım xarakterim haqqında hansısa fikri müsbət yöndə irəli sürsün deyə özünü olduğumdan fərqli qəlibə uyğunlaşdırmağa çalışmırdım, həmçinin ətrafın da məni buna məcbur etməsinin qarşısını alırdım.

Həyatımda təkcə yolunda gedən evimdəki təmizlik və əşyaların yerində olması idi. Niyəsə buna çox diqqət edirdim. Sanki beynimdəki dağınıqlıqları evimi səliqəyə salaraq yoluna qoya bilirdim. Bu bir az uğurlu alınmasa da, mən az da olsa, təskinlik tapırdım. Dağınıq evini öz əllərinlə səliqəyə salmaq asan idi, lakin dağınıq olan hisslərin, ruhun olanda, deyəsən araya başqa əllər girməli idi və mənim sahib olduğum sadəcə iki əlim var idi. Bununla da sadəcə evimi təmizləyə bilirdim, təəssüfmü deyim, yoxsa yaxşı ki, bilmirəm.

Heç nəyi bildiyimi də bilmirəm. Bəzən bilirəm, bəzən isə yox. Bəzən də bildiyimi zənn etdiyimin ömrü bilmədiyimi bildiyim günə qədər olur. Əslində, bu qədər şey bilmək və heç nə bilməmək arasındakı körpünün ortasında qalmaq əzabverici idi. Nə geriyə dönüb baxa bilirsən, nə də irəli gedə. Eləcə orada qalırsan.

Həyat bizi bir müddət yaşadıqdan sonra bu körpünün ortasına atır və keçib yaşaya bilərsən deyir. Sıxıntı olan isə hər addımınla körpünün həm önündən, həm də arxasından bir taxtanın əskilməsidir. Nəticədə isə keçmişdən qaçarkən əslində keçmiş üzərinə qurulan gələcəyin əskikliyində durursan və davam etdiyini düşünsən də, həmin yerdə dönüb qalırsan. Atdığın hər addım gələcəyin təməlindən əskiltdiyin bir parçaya çevirilir. Bir nöqtədə dayanırsan və o nöqtə sənin həyatda özünü tapdığını zənn etdiyin yer olur. Əslində olan isə davam edəcək, üzərinə bir addım daha ata biləcəyin körpüdə heç bir taxtanın-ümidin qalmaması olur.

Bir çox insan seçdiyi, yaxud seçmək istədiyi həyatı yox, seçilən və məcbur olunan həyatın pəncəsindən qurtula bilmir və ömür boyu özünü tapmaq üçün çıxdığı yolda azdığını anlamadığı hər anına boşluq hissi adını verir. Maraqlıdır, insan ömrü boyunca getdiyi o yolda özünü tapmaq üçün çalışır, yoxsa özündən qaçır? Bax, bu sualın cavabını heç mən də bilmirəm.

 

***

Ən yaxşısı, bu "normal" günün ardından qəhvəmi içib, bir neçə səhifə oxuyub yatmaq idi. Hava digər günlərə baxmış daha qəzəbli görünürdü. İnsan ruhunu alıb səma harmoniyasına qarışdıracaq gücdə külək əsirdi. Küləkli havaları əsəbdən saçları dağılmış qadına bənzədirdim. Hələ yağış da yağırsa, qəzəb və göz yaşlarının birləşməsi ilə yaranan sərt qadın tablosu canlandı gözümdə. Sadə qələm və dolabımda əzilən bir bəyaz kağız parçası aldım. Küləyin dağıtdığı saçlarını və həyatın üzündə birləşdirdiyi məyusluqları baxışlarla vərəqdə əks etdirməyə çalışdım. Rəsmi bitirdikdən sonra anladım ki, bu "ona" bənzəyirdi. Hə, hə, ona. Qəribə idi, çünki rəsmə başlayanda bu əllər onun portretini canlandırmağa çalışmırdı. Sanki fərqli emosiyada onu təsvir etmişdim. Onun üçün çıxmadığım yolun sonunda belə onunla qarşılaşırdı hisslərim. Bəlkə də, mənə elə gəlirdi. Fərqində belə olmadan onsuzluqdan ona qaçırdım.

Qəribə idi, çünki çatmaq istədikcə, sanki ondan uzaqlaşırdım. Lakin hisslərim onu ilk gördüyü yerdə iki əllə elə qucaqlamışdı ki, cismən onu görməsəm belə, yanımda yox, canımda imiş kimi hiss edirdim. Çünki mən onu yanıma yox, canıma almışdım. İnsan hisslərinə sevgi qarışanda məntiqi söhbətdən çəkilirdi və atdığın addım səni sevdiyindən başqa hər yola çıxarırdı. Bəzən insan bir şeyi onu bərbad edəcək qədər çox sevir və istəyir. Çox istəmək həmişə bəs etmir, bəzən elə məhv etmək üçün çox istəyir insan. İnsan gərək nəyəsə mənasını itirəcək qədər məna yükləməsin. Sənin üçün önəm kəsb edən bir şey mənim heç marağımda olmaya bilər. Səbəbi sənin onu istəmək üçün mənasızca məna yükləməyindən başqa bir şey olmaz. Bunu istər əşyalar üçün, istər insanlar üçün düşünün. Mənasını itirən hər şey unudulmağa məhkumdur.

Acı qəhvəmdən içərək, bir tərəfdən də üz cizgilərini tamamlayırdım. Axırıncı dəfə nə vaxt belə zövq aldığımı unutmuşdum. Dilimdə qəhvənin acı tamı, qələmimdə, ruhumda iztirab ləkələri qoyacaq tonda olan o qadını təsvir edirdim. Təsvirə başlayarkən, niyyətim sadəcə qadın təsviri idi, qadınımın yox.

Həyatımda bu günə qədər portret janrında nəsə çəkdiyimi xatırlamıram. Çünki insanları, onların cizgilərini səbrlə, təmkinlə çəkəcək qədər önəmsədiyimi düşünmürdüm. Portreti tam çəkib bitirdikdən sonra bundan öncə çəkdiklərimlə arasındakı fərqin sadəcə gözlərinin baxdığı istiqamətin fərqli olması idi. Qəribə idi, çünki öz qələmimdən çıxan gözlərlə təmas qurmağa belə çəkinirdim.

Bunun üz-üzə olan tərəfini düşünməkdə çətinlik çəkirəm, açığı.

"Mən onunla, sözlərdə barışa bilmədim, sadəcə şəklindəki gözlərlə sağollaşdım."

Bəlkə də, "son dəfə", insan oğlunun sonunu qoya bilmədikləri üçün yaratdığı növbəti ümid yolu idi.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Çərşənbə axşamı, 25 Fevral 2025 17:05

PORTAL AKADEMİYASI – Seçimi necə etməli?

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

·        Seçimi necə etməli

 

Adətən sizin üçün ən yaxşı biznes sizin ən çox təcrübəniz olan, yaxından bələd olduğunuz və maraqlı olduğunuz biznes növüdür. Ola bilsin ki, sizin üçün daha maraqlı olanı odur ki, sadə xobbi kifayət dərəcə gəlirli və uğurlu biznesə çevrilir.

Seçilmiş biznes sahəsində təhsilinizi və təcrübənizi bu növ məhsul və xidmət növünə yerli bazarda olan tələbat və rəqabətlə müqayisə edərək şansınızı müəyyən edə bilərsiniz. Ən əsası, nəyi hər şeydən yaxşı bacardığınızı və nəyi hər şeydən çox arzuladığınızı müəyyən etməkdir.

 

·        Biznes-plan nədir

 

Biznes-plan sizin biznesinizi, onun istiqamətini, sizin bütün məqsədlərinizi və sizin şirkət üzrə prtnyorlarınıza təklif etdiklərinizi dəqiq müəyyən etməyə imkan verir. Onun baza komponentinə cari və gələcək balanslar, gəlir və ziyanlar haqqında hesabatlar və nağd pul vəsaiti axını daxildir. O, resursların dəqiq müəyən edilib paylaşdırılmasında, risklərin yaranma imkanlarının nəzarətdə saxlanılmasında və düzgün qərarların qəbulunda sizə yardımçı olacaq.

Biznes-plan sizin kompaniya, onun təşkilinin prinsipləri, borc götürülən vəsaitin necə qaytarılacağını əsaslandıran hesablamalar haqqında müəyyən və xüsusi məlumatlar daşıdığından, yaxşı tərtib edilmiş biznes-plan kredit və investisiyaların alınması üçün təqdim olunan sənəd paketinin həlledici komponentidir. Paralel olaraq o, sizin personala, təchizatçılara və digər partnyorlarınıza məqsədlərinizin mahiyyətini və kompaniyanızın əməli strategiyasını izah edə bilər.

 

Sabah növbəti bənd – Uğur şərtləri barədə danışacağam.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Çərşənbə axşamı, 25 Fevral 2025 16:40

Həyat heç zaman nə tam ağdır, nə də tam qara... –ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Niyə həmişə bir yol axtarışındayıq?

Həqiqətən hər zaman bir yol varmı?

Yoxsa yol da, yolçu da bizik?

Mən bu sualların içində yox olmaq üzrəyəm. Tükəndiyimi hiss edirəm.

 

Tükənmişlik insana nə qazandırır? Yeni bir varoluş, yoxsa varlıq içində var olub da yox olmağı?

Niyə mən bir yol axtarışındayam? Bəs dayanmaq? Bir yerdə dayanıb gözləsəm nə olar? Bir quru ağac kimi məhv olmağımı gözləsəm? O zaman nə vaxt gəlib yetişəcək? Gözləmək də məni yormazmı? Mən nə gözləməyi, nə də yol tapmağı bacarıram. Hər yol axtarışında bir az daha yox oluram, hər dayandığımda bir az daha məhv oluram. Və ən əzablısı da budur: yenə ölmürəm.

Məni yaşadan ruhum məni tərk etmək istəmir. Bədənim ona ağırlıq etsə belə, o, məni daşımaqdan usanmır. Məndən nə istədiyini anlaya bilmirəm. İçimdəki boşluq bu dünyaya sığmır. O boşluğu heç nə doldurmur.

Həyat piyada keçidindəki ağ-qara xətlər kimidir. Bir addımını ağın üstünə qoyarkən, o biri addımın qaranı göstərir. Həyat heç zaman nə tam ağdır, nə də tam qara. Həyat bir az da göyqurşağı kimidir. Nə vaxt hansı rəngi sənə göstərəcəyini bilə bilməzsən. O, özü sənə hər rəngdən pay ayırır.

Bəlkə də həyat işıqfor rənglərindən ibarət olsaydı, hansı yolu seçəcəyimizi daha yaxşı bilərdik.  Amma, bəlkə də elə bilməmək yaxşıdır, çünki hər seçim, bir itki deməkdir. Hər yolun sonunda bir boşluq var. Sonsuz bir yol yoxdur. Həyat bir addım daha atmaqdan ibarət olsa da, bəlkə də heç bir zaman varlığı anlamayacağıq.

Beləliklə, bu yol heç bitməz, amma biz onun içində itib gedəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

Çərşənbə axşamı, 25 Fevral 2025 15:34

Çinin bizə soxuşdurduqları - SATİRA

“Ədəbiyyat və incəsənət” portalının Gülüş Klubunda bu gün sizlərə şair Ayaz Arabaçının satirik bir şeiri təqdim edilir.

 

 

Bayquşlar məclis quran xarabaya dönmüşük,

Zaman taleyimizə Mədain soxuşdurub..

Heç harda adam kimi rahatlıq tapammırıq,

Elə bil içimizə kimsə cin soxuşdurub.

 

Geşt elədim eninə mən bu qoca meydanın,

Nə ruhu var, nə canı güli-rüxi-şeydanın,

Dünyanın o başından barmağı baş şeytanın,

Aramıza ədavət, qərəz, kin soxuşdurub..

 

Bir tərəfdə solçular, bir tərəfdə sağçılar,

Kim dinir haqdan deyir, kimdi bu gün haqçılar,

Tanrı əgər birdisə bəs bu fırıldaqçılar,

Onda niyə ortaya əlli din soxuşdurub.

 

Çoxdu yalandan yanan, kimsədə od tapmıram,

Hər şeyə var istəyim heç kimə "xod" tapmıram,

Mən həyatın ritminə girməyə kod tapmıram,

Kimsə başımdan pozub başqa pin soxuşdurub.

 

Üstümüzü… soyuqdu, yaza kimi yat, örtək,

Çabalayıb qalmışam "istuk"olmuş matortək,

Kitayiski adamlar artır inqubatortək,

Bəlkə elə bunları bizə Çin soxuşdurub.

 

Çox düşübdü aşağı şair, məhsuldarlığın..

Dərsini təkrarlayır dövrümüz quldarlığın,

Ad çəkməyə qorxursan, bu qədər murdarlığın, 

Hamısını ölkəyə "Made in.."soxuşdurub..

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Murad Vəlixanov,  “Ədəbiyat və İncəsənət” 

 

2010-cu ildə məhşur rejissor,  aktyor və eyni zamanda  döyüş ustası  Silvestr Stallonenin ekran əsəri olan “Qabağıalınmazlar” filmi işıq üzü gördü. “Qabağıalınmazlar” qrupu xüsusi təlim keçmiş və son dərəcə qabiliyyətli  məhvetmə qrupudur. 

 

Qrupun bu səfərki işi  Cənubi Amerika ilə Meksika  körfəzi arasında yerləşən “Vilena”   adasında  qərarlaşan bir ölkədə öz əhalisinə zülm edən mərhəmətsiz bir diktatoru devirməkdir. Maraqlısı budur ki, həmən diktator adanın adını qızının şərəfinə “Vilena” qoymuşdur. Vəzifələrinə başlar- başlamaz  “Qabağıalınmazlar”  qrupu işlərin tərs getdiyini anlayır və özlərini cinayət şəbəkəsinin içərisində tapırlar. Hər cür kirli oyundan çıxmaqda mahir bir qrup olan qəhrəmanlarımız bu işin də öhdəsindən gələcəklərindən əmindirlər. Amansız diktator planının saat kimi işlədiyini zənn etdiyi bir anda “Qabağıalınmazlar” qrupu bir həmlə ilə diktatorun kirli əməllərini ortaya çıxarır. Ortalığın qarışdığını görən diktator çarəni ölkəni tərk etməkdə görür və çıxış bileti olaraq qızını əsir götürür. Bəli, adaya qızının adını verən bu mərhəmətsiz məxluq indi də sağ qalmaq üçün qızından silah kimi istifadə edir. Lakin “Qabağıalınmazlar” bu kirli planı da darmadağın edərək qızı xilas edirlər və diktator öldürülür.  

Göründüyü kimi həyat və var-dövlət sevdası insanı hər an çirkinləşdirə bilir.  Film  döyüş və triller janrı üzərində çəkilmişdir. Lakin filmi diqqətli izlədikdə əsas  məqsədin pulun insanı necə əsir ala biləcəyini göstərməkdir. Ona görə də  çalışıb bu həyatda pul, var-dövlət düşkünü olmamaq həyatın yazılmamış qanunlarından biri kimi qəbul olunur. 

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.