Super User

Super User

Mədəniyyət Nazirliyi Bəstəkarlar İttifaqı ilə birgə Vətən müharibəsində şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Nazirliyə istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd milli-mədəni dəyərləri, cəmiyyətin və dövlətin ideoloji maraqlarını, mövcud dövrün mədəni tələblərini və beynəlxalq təcrübəni ehtiva edən əsərlərin ərsəyə gətirilməsi və ölkədə bəstəkarlıq yaradıcılığına rəvac verilməsidir.

 

Müsabiqə layihələrin qəbulu və qiymətləndirilməsi olaraq 2 mərhələdən ibarətdir. Тəqdim olunmuş əsərlər 2025-ci il oktyabrın 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul ediləcək.

 

Müraciətə müəllifin tərcümeyi-halı və şəxsiyyətini təsdiq edən sənədin surəti, təqdim olunan əsər haqqında annotasiya və əsərin notları, həmçinin əsərin səs yazısı (elektron və ya canlı ifa) sənədləri əlavə olunmalıdır.

 

Əsərlər Bəstəkarlar İttifaqının müəyyən etdiyi Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.

 

Müsabiqənin əsas şərtlərindən biri də ondan ibarətdir ki, heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir. Belə ki, orkestr üçün təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7-8 dəqiqəlik vaxt həcmində olmalıdır. Xor ilə orkestr üçün isə təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) dördsəsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10-15 dəqiqəlik vaxt həcmində olmalıdır.

 

Müsabiqədə yaş məhdudiyyəti olmadan yalnız ali bəstəkarlıq təhsili olan müəlliflər iştirak edə bilərlər.

 

İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə), müəllifin adı göstərilmədən deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına şəxsən, yaxud poçt göndərişi ilə təqdim еtməlidirlər.

 

Müəllif haqqında şəxsi məlumatlar (şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətləri, ünvan, telefon) üzərində yalnız eyni deviz qeyd olunmuş kiçik zərfdə əlavə edilməlidir.

 

Müsabiqənin qalibləri üçün I yer 7 min manat, II yer 5 min manat, III yer isə 3 min manat mükafatları nəzərdə tutulur. Mükafatlandırma zamanı əsərin elan olunmuş mövzuya sadiqliyi, məzmuna yanaşmada səmimilik, yeni baxış nümayiş olunması və ideyanın ifadəsində peşəkarlıq səviyyəsi əsas meyarlar kimi nəzərə alınacaq.

 

Müsabiqənin maliyyələşdirilməsi “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.

 

Əlavə məlumat üçün (+99412) 598 08 86 nömrəsi ilə əlaqəyə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Rəsm qalereyası: Kenne Qrequar, “İtaliya maskalar teatrı” silsiləsindən

 

Holland rəssamı Kenne Qrequar (Jan Josken Qrequar) çağdaş rəngkarlığın ən görkəmli nümayəndələrindən biridir. Onun ən böyük təlabat duyulan əsəri del-arte stilində yaratdığı “İtaliya maskalar teatrı” silsiləsidir ki, sizə bu silsilədən rəsmlər təqdim edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Çərşənbə, 12 Fevral 2025 11:16

Günün fotosu: Dağ keçilərinin tryuku

Günün fotosu: Dağ keçilərinin tryuku

 

Rubrikanı Nihad Alimoğlu təqdim edir.

 

Bu heyvan ən sərt yoxuşları belə qalxır. Adlarına dağ keçisi deyilir. Bizdə xüsusən Quba və Qaxda çoxdular.

Bu unikal fotoda isə onlar yüksəklikdə - dağın ən hündür nöqtəsində qərarlaşmış tənha ağaca dırmaşıblar. 

Həqiqətən də inanılmaz bir görüntüdür. 

 

Foto by “Us and the world”

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə görkəmli yazıçı Vidadi Babanlının şeirləri təqdim edilir. 

 

 

Şəkillərimə baxıram

 

Düzüb qabağıma şəkillərimi

Durmuşam bayaqdan tamaşasına.

Salıb xatirimə puç illərimi

Batmışam bir ötgün ömür yasına.

 

Hər şəkil söz açır mənə dünəndən,

Oxunur gözündən sevinc də, qəm də.

Qocalığın yönü bəri dönəndən

Düyür-düyür olub dərdlər sinəmdə.

 

Bax, bu sütül oğlan ilk gəncliyimdi,

Qıvrım, gur telləri daranıb yana.

Cəmiyyət içində hələ heç kimdi,

Heyrandı özünün təzə bığına.

 

Tələbəliyimdi o biri şəkil,

Yetkinlik duyulur təhər-tövrümdə.

Nəsə pıçıldayır mənə elə bil,

Çırpınır bir eşqin gizli cövründə.

 

Digərində görkəm başqadı tamam,

Sorğu-suallıdı baxışları da.

Daşlara çaxılıb şirin arzu-kam,

Sıxlaşıb alnının qırışları da.

 

Bu biri xeylicə yaşlıdı ondan,

Ömrün tanrı payı yarıdı azı.

Bilinir, çıxıbdır çətin oyundan,

Seyrək saçlarının görünür dazı.

 

Küncdəki kişilik həddidi artıq,

Gicgahlar ağappaq, qaşlar düyünlü,

Üzündə təbəssüm yoxdu bir qırıq,

Qüssəyə bürünüb bu qaragünlü.

 

Təklənib alt yanda sonuncu əksim,

O mənim möhtərəm ahıllığımdı.

Kiçilib gözlərim, batqındı köksüm,

Fikirlər başımda dağım-dağımdı.

 

Ah, niyə bilmirik qədrini ömrün?

İllər qovhaqovla çıxır aradan.

Əvəzsiz itkiymiş ötüb-keçən gün,

Əfsus, dərk edirik bunu sonradan.

 

Sadəlovh yaşadım mən bu həyatı,

Saxta həqiqətlər oldu inancım.

İçimdə ürəyim çəkdi bayatı,

Baş tapa bilmədim, nədir qazancım?

 

Yox, asi deyiləm, Allahım, sənə,

Təşəkkür edirəm, qəlbən təşəkkür.

Yaxşı ki, çürüklük vermədin mənə,

Şükür kərəminə, min dəfə şükür!

 

Qulağım cingildəyir

 

Kim isə sözümü danışır, əlbət,

Qulağım bayaqdan hey cingildəyir.

Gözümdən uzaqda, özümdən xəlvət

Görəsən, barəmdə o, nələr deyir?

 

Tərifə, təqdirə azdı gümanım,

Yəqin babalımdı yuyub-sərdiyi.

Çoxuna dərd olub yaxşı ad-sanım,

İlhamdı Tanrının mənə verdiyi.

 

Nə karlı vəzifəm, kəhkəşanım var,

Nə varım-dövlətim başımdan aşır.

"Haqpərəst" adlanan bir nişanım var,

Dillərdə söylənir, ellər dolaşır.

 

Ah, iblis əməli, kaş olmayaydın,

Salırsan cənginə məni də hərdən.

Eşitsəydi qulaq hər şeyi aydın,

Gümanlı qalmazdıq cingiltilərdən.

 

Ulu adaş

 

Molla Vəli Vidadiyə

 

Ustad Molla Vəli, ey ulu adaş,

Önündə diz çöküb, baş əyirəm mən.

Qəbrinin üstündə qartıyıb boz daş,

Fəqət, şeirlərin düşmür dillərdən.

 

Ağladın, sızladın bir əsr tamam,

Gözünün yaşından göl də yarandı.

Bu fani dünyadan almadın bir kam,

Qürbət fərağında ciyərin yandı.

 

Pərən-pərən düşdü durna qatarın,

Rast gəldi yollarda "şahin-şunqara".

Duydun puçluğunu cah-cəlalların,

Nə şöhrətə uydun, nə haram vara.

 

Ələm dəryasında "qərq oldu gəmin",

Uğursuz qismətə küsküncə güldün.

Qoluna girmədin gedib heç kimin,

"Qərib öldün, bikəs öldün, yad öldün".

 

Sənə bu ovqatı irad tutdular,

Sözə kəc baxdılar, qalmadı dadı.

İnsafı, mürvəti lap unutdular,

Ruhun qiyam etdi, gorun çatladı.

 

Qovuldu şeirdən kövrək duyğular,

Guya toy-bayrammış büsbütün həyat.

Bitib-tükənibmiş qəmlər, qayğılar,

Düşüncə nə bəsit, ağıl nə boyat!

 

Tanrı yazan yazı, dedin, pozulmaz,

Əsla yanılmadın, ey ulu adaş.

Sənə oxşamışam həyatda bir az,

Əbədiyyətdə də oxşayaydım kaş.

 

Amalım istiqlal

 

Sən bir ülvi diləyisən yer üzündə ellərin,

Arzususan, istəyisən ləhcələrin, dillərin,

Boylanıbsan arxasından həsrət dolu illərin,

Sən, ey idealım istiqlal!

Böyük amalım istiqlal!

 

Məşəl tutdu haqq yoluna haqsızlıqdan bezarlar,

Qorxutmadı o mərdləri dar zindanlar, məzarlar,

Fərağına can çürütdü neçə-neçə yazarlar,

Ahım-məlalım istiqlal!

Candan bahalım istiqlal!

 

Qəsbkarlar var-yoxumu zaman-zaman soydular,

Tapdadılar vətənimi, yaman günə qoydular,

Mən ac qaldım, sərvətimdən özgələri doydular,

Çətin vüsalım istiqlal!

Şirin xəyalım istiqlal!

 

Ataları qoruyun

 

Oğullar, oğullar! İnsaf eləyin,

Ata ürəyini sızıldatmayın.

Tutun ətəyindən ülvi diləyin,

Sevinci, şadlığı yasa qatmayın.

 

Qoruyun atanı hər an tütyətək,

Bəxtdən küsənməsin ixtiyar çağı.

Ötməsin üstündən bir acı külək,

Çıxmasın gözünə qəlbinin dağı.

 

Hifz edin, oğullar, siz ataları,

Donmasın iliyi qəm qışlarında.

Sıxmasın könlünü övlad qubarı,

Gülsün bütün dünya baxışlarında.

 

Həyat yollarında mayakdı onlar,

Sizə şan-şöhrətdi, əgər bilsəniz.

Gen günə, dar günə dayaqdı onlar,

Qoruyun, qoruyun ataları siz!!!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Cəmi 10 səhifə olmasına baxmayaraq, heç kimin ömrü boyu oxuyub bitirməyəcəyi bir kitab olduğunu bilirdinizmi?

 Dünyanın ən uzun kitabı olan Cent mille milyards de poèmes (Yüz min milyard şeir) adlı  bu kitabı 1960-cı ildə fransız yazıçısı Raymond Queneau yaratdı. Və bütün bunlar cəmi on səhifədə!

Həmin kitab hər birində bir sonet olan on səhifədən ibarətdir. Sətirlər eyni qafiyə sxemini izləyir və zolaqlar üzərində çap olunur ki, bu da oxuculara müxtəlif sonetlərdən sətirləri birləşdirməyə imkan verir.

Bu struktur cəmi 1014 mümkün kombinasiya və ya yüz trilyon unikal şeir yaradır. Praktikada heç kim kitabı bütünlüklə oxuya bilməyəcək, çünki bütün mümkün birləşmələri kəşf etmək milyonlarla il çəkəcək - yemək, yatmaq və ya başqa bir şey oxumaq üçün fasilələri saymadan. 

Yaradılan hər bir kombinasiya mükəmməl misralar, ritmlər və qafiyələrə malik ardıcıl sonetlə nəticələnir. Üstəlik, çox güman ki, təsadüfi seçilmiş hər bir şeir əvvəllər oxunmayıb.

Queneau qeyd etmişdi ki, bir soneti oxumaq üçün 45 saniyə və növbətini hazırlamaq üçün 15 saniyə verilsə, bütün mümkün birləşmələri oxumaq üçün təxminən 200 milyon il lazım olacaq...

Maraqlıdır, deyimi!?

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

 

                                                             

 

 

Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Tural Cəfərlinin şeirlərini diqqətinizə çatdırır. Bu gün sizlərə “Tanış gəlir bu küçə, tanış gəlir bu döngə”, “Alma həsrəti” və “Qarşıma çıxmadı, arxamca gələn...” adlı 3 şeir təqdim ediləcək.

Buralarda yağış olmur,

Buralarda hey küləkdi.

Burda həsrət bir qoşundu,

Ümidlərsə təkbətəkdi.

Elə ilk misralar diqqəti çəkir, oxumağa səbirsizlənirsən. Xoş mütaliələr.

 

 

Tanış gəlir bu küçə, tanış gəlir bu döngə

 

Buralarda yağış olmur,

Buralarda hey küləkdi.

Burda həsrət bir qoşundu,

Ümidlərsə təkbətəkdi.

 

Dilim kilid düşüb çoxdan,

Danışmağa sözüm yoxdu.

Nə Allaha əl açmağa,

Nə baxmağa üzüm yoxdu.

 

Burda kədər çıxır səhər,

Günəş kimi işıq saçır.

Hər küçədə, hər döngədə,

Ayrılıqlar çiçək açır.

 

Köhnə şəkil kimi asılmışam mən,

Toz basıb üstümü, başımı tamam.

Öz evim özümə qəribə gəlir,

Özüm öz evimdə özgəyəm, yadam.

 

Nə desəm də boşunadı,

Tanrı məndən küsüb daha.

Bəndəsinə ümidini,

İnamını üzüb daha.

 

 

Alma həsrəti

 

Uşaq bağçasının pəncərəsindən

Bir uşaq baxırdı əli üzündə.

Elə bil yolları əzbərləyirdi,

Elə bil yollardan ümid dərirdi...

 

Gedəni gözləmək ağırdı yaman,

Kimsə gözləyəni yadına salmır.

Nə küçə danışır, nə ağac dinir,

Heç kim günahını boynuna almır...

 

Sən də unutmağa vərdiş elədin,

Atdın xatirələr küncünə məni.

Axır təslim oldum unutmağına,

Saldın məhbus kimi bürcünə məni.

 

Nəyimə gərəkdi, bu iz, bu cığır,

Həsrət xırmanında belə sovuldum.

Bir alma nədir ki, onun üstündə,

Cənnətdən dünyaya elə qovuldum...

 

 

Qarşıma çıxmadı, arxamca gələn...

 

Küləyi soruşdum ara küçədən,

Eşidən olsa da, görən olmadı...

Bir köhnə ev vardı, hasarı uçmuş,

O evin hasarın hörən olmadı...

 

Bir ağac var idi, barlı-bəhərli,

Yığdılar, ağacı öyən olmadı.

Qocalar evinə qapı qoydular,

Qapı da qocaldı, döyən olmadı.

 

Bilmədim, itirdim harda ümidi,

Sonra o ümidi tapan olmadı.

Daş yığdım, uşaqkən göyə atmağa,

Daş küsdü, atmağa sapan olmadı.

 

Yeridim, yıxıldım, dizim ağrıdı,

Ağrıyan dizimə baxan olmadı.

Dedilər sel gəlir, mirvari dolu,

Hamı selə düşdü, axan olmadı.

 

Təpəni qaldırdı çoxu yuxarı,

Təpə yüksəlsə də, o dağ olmadı.

Kəsildi atalar əkən ağaclar,

Ağaclar bitsə də, o bağ olmadı.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

 

 

Çərşənbə, 12 Fevral 2025 16:36

AZƏRBAYCAN KİNOSU - “Yuxu”

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Rejissor Fikrət Əliyevin  2001-ci ildə çəkdiyi  “Yuxu”  filmi haqqında danışmaq istərdim. Bu həyatda insanın başına hər şeyin bəla olacağını bilirdim, ancaq gördüyü yuxu ucbatından  yolunun həbsə qədər gedib çıxa biləcəyini düşünməzdim.

 

Qəhrəmanımız Əliabbasın məşhur polis rəisi, naçalnik Fərəcovun qızı Bahardan xoşunun gəldiyi demək olar ki, hər kəsin məlumu idi. Ancaq az sonra danışacaqlarımdan sonra Əliabbasın əlindəki o xoşlantının da necə burnundan gətirlidiyini görəcəksiniz. Deməli, səhərin gözü açılmamış kəndə hay düşür ki, Fərəcovun qızı Bahar ortada yoxdu. Anası bütün evi ələk-vələk etsə də qızını tapa bilmir. Fağır Əliabbas da yuxusunda Baharı qaçırtdığını görür və ayılıb tər-su içində bunu nənəsi Məsmə anaya danışır. Bunu da eşidən kənd əhli aləmə car çəkir ki, bəs Əliabbas Baharı qaçırdıb. Əliabbası tutub gətirirlər bölməyə və başlayırlar sorğu-suala ki, qız hanı, hara qaçırtmısan. Yetim Əliabbas da bilmirəm sözündən başqa heç nə demir. Ortalıq ayağa qalxandan sonra məlum olur ki, Bahar anasının yuxu dərmanını içib bağda yatıbmış. Hə, bax burda yada o məşhur məsəl düşür “adın çıxınca canın çıxsın”. Film komediya, məhəbbət janrında çəkilsə belə, mesajları ciddidir: önünü, arxasını bilmədən bir söz-söhbəti yaymağın sonu həmişə acı nəticələrə gətirib çıxara bilir.

 

“Ədəbiyyat və İncəsənət”

(12.02.2025)

 

Rubrikanı Könül aparır. 

 “Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Kələm dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR:

§ Qoyun əti – 117 qr

§ Quyruq – 20 qr

§ Kələm – 176 qr

§ Kərə yağı – 20 qr

§ Soğan – 12 qr

§ Yumru düyü – 20 qr

§ Quru paxla – 25 qr

§ Keşniş – 8 qr

§ Şüyüd – 8 qr

§ Quru nanə – 3 qr

§ Quru reyhan – 3 qr

§ Quru mərzə (və ya təzə) – 3 qr

§ Abqora – 10 qr

§ Pomidor (və ya tomat pastası)

– 30 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 30 qr, nanə – 8 qr, reyhan – 8 qr, meyvə turşusu (məti) – 25 qr

 

HAZIRLANMASI:

Qoyun ətinə soğan, duz, istiot vurulub, ət maşınından keçirilir, qiymə hazır- lanır. Sonra qabığı təmizlənmiş paxla, müxəşşər, düyü, yuyulub-təmizlənmiş, doğranmış göyərti, sarıkök, mərzə əlavə edilib qarışdırılır. Kələmin özəyi çıxarılır, yarpaqları ayrılsın və yumşalsın deyə qaynar duzlu suda pörtlədilir, su- yunun süzülməsi üçün aşsüzənə yığılır. Yarpağın zoğları kəsilir, hər kələm yar- pağının içərisinə 50-60 qr qiymə qoyu- laraq bükülür. Qazanın dibinə kələmin qalan yarpaqlarından qoyulur, üzərinə dolmalar düzülür. Aralarına pomidorlar dilimlənib qoyulur. Tomat abqora və su ilə qarışdırılır, dolmanın üzərinə əlavə olunur. Bişməyə qoyulur, qaynara düşəndən sonra vam oda keçirilir. Qapağı örtü- lür. Bişənə yaxın kərə yağı əlavə olunur. 1-1,5 saat müddətində dolma hazır olur. Xörəyin suyu tam qurumamalıdır. Yanın- da qatıq, nanə, reyhan, meyvə turşusu (məti) verilir.

Tərifə Kəngərlinskaya (İrəvan şəhəri) eyni nüsxədə içliyə quru paxla əvəzinə şabalıd qatmış, göyərti qismində isə yalnız reyhan və mərzə əlavə etmişdi. Xörək əlavəsi kimi işkəncəbi ilə süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Şəfa Vəlinin “Ulduz”da “Genc yürekler” məqaləsini təqdim edirik.

 

 

“Yazının işığında geleceye yürüyoruz...”  “Genç Yürekler” dərgisinin şüarı olan bu cümlə ilə yazının sevdalı yollarına addım qoymaq xoşbəxtlikdir.   Nə qədər Rey Bredberi “Dadli Stounun ölümü” hekayəsində beynimizə yeritməyə çalışsa da ki “yaşamaq yazmaqdan əfzəldir”, ruhumuz bunu qəbul etmir. Yazmaq taleyimiz, yazmaq həyatımızın özüdür.  “Genç Yürekler” dərgisinin adı da elə-belə seçilməyib.  Dərginin heyəti “bir gəncin ürəyinə toxunmaqla başlar hər şey” gerçəkliyi ilə  Türk dünyasında özlərinə ulduz yolu salmaq qərarında idilər 2019-cu ildə.  5 il keçdi, yolları  Türk dünyasının Qafqazda vuran ürəyi olan Bakıda “Ulduz” ilə kəsişdi.

Qulu Ağsəsin rəhbərliyi ilə “Ulduz” kollektivi daim ədəbiyyata sadiqdir.  Hər ay yeni sayının çıxmasını nənəmin turşulu supu, anamın qurudlu xəngəli kimi dişlərimin ucu sızlaya-sızlaya gözlədiyim tək jurnaldır “Ulduz”. Müqayisə edə biləcəyim daha həsrətli heç nə tapammaram; nənəm 5 ildir ki, bu dünyada yoxdur,  anam 10 ildir ki, qurud qoymur.  Hər ayın başında yenilənən həsrətimi hər ayın sonu “Ulduz”la ovuduram. Və bu sətirləri yazarkən belə, gözlərim dolur...

Hə, təsəllidir mənə “Ulduz”. Və bu ilin sentyabrında “Ulduz”dan “Genç Yürekler” keçdi. Həsrətimin  rənginə ay-ulduzlu  al bayrağın məğrurluğunu qatdı “Ulduz”un sentyabr sayı.  Balaca Şəkinin böyük ürəkli insanları qapılarına üçrəngli bayraqla yanaşı, al bayraq da asıblar, gələnlər görür. Və mən Şəkinin gözəl payızında “Ulduz” oxuyuram.

         Muhterem Şahin “Senin törene kurban” deyə yazıb Bestami Yazgana ithafən... O Bestami Yazgan ki, “Ah benim korlu yüreğim” şeirində deyir: “Hasret başa taç yazılmış, Dert, alnına borç yazılmış...”  Bəlkə də,  sayın Muhterem Şahin “Tozlanmış raflardan bir şiir buldum” deyəndə elə bu şeiri nəzərdə tutub, kim bilir?!  Düşdüyü o heyrətin  içində  Tanrının ona əta etdiyi  şair ruhunu adam arasına çıxarmağı bacarıb. Təsəllisi bu olub: “Hayret edip şaşmak yasak!”  “Burası Bozok yaylası” şeirində deyir ha, sayın Şahin, “her ilçesi bir gül koklaması”, “Genç Yürekler”e ürəyini açmış “Ulduz” da gül qoxusu saçır.  Ürək qoyulan hər yazıdan gül ətri gələr!

         “Genç Yürekler” dərgisinin yola qoyulduğu gündən bu yana  qət etdiyi məsafə, kamına yetdiyi səmt ağacları, nəfəs dərdiyi yolayrıcları haqqındadır Mehmet Hakkı Yanmazın şeiri. “Yazının işığında atılan addımlar gələcəyə çatacaq” inamı var şeirin içində:

 

İlmin, eğitimin, bilgin ve kültürünle,

Kalemin ve kelamın tesirli hikmetiyle,

Aydınlık günler kapında, sabret, az ötende,

“Genç Yürekler” gelecek, gelecek seninle.

 

         Arslan Kayanın (Âhar) “Şairin şiiri”ndə  pəncərə-dünyaya baxıb keçən şairlərin xatırlanması vəfadır-şairə, şeirə, insanın özünə.  “Sürgündeyken Halikarnas gibi Sessiz gemilerde türküler söylemek” arzumudur, yaşanmışlıqmıdır, xatirəmidir?  Bəlkə, heç biri deyil, Tanrının şairə sirr pıçıldamasıdır?  Halikarnas balıqçısının-Cevat Şakirin Azra Erhata göndərdiyi son məktubdakı o cümlələri xatırlayıram: “Yahu, mən bu dünyaya bir daha gəlməyəcəyəm. Dağların, suların necə axdığını görsünlər ki, gözlərim açıq qalmasın…” Şeirlərdəki sirləri də bilsəydi insanlar, şair olaraq gözümüz açıq qalmazdı dünyadan yükümüzü çəkəndə… Müşfiq demiş, “arzuya bax...”

         “Turana esiyor Baküden rüzgar, Yeşil, kızıl, bir de gök, ay-yıldız var!”  Cemil Sütbaşın “Kızıl elma” şeirini  oxuyandan sonra dilimin əzbəri olan misralardır. Heca-heca qürurlanmışam!  Qürurumun müşayiətçisi Fazlı Sakarın “İki hece” şeirindən seçdiyim misradır: “Sokakları bırakan yolun hayalindeyim”. O yolun ki,  Türk dünyasının bu başından başlayır, o başınacan gedir.

         Erdem Ayıkın “Değişmeyen tek şey” adlı yazısını Baumanın 44 məktubunun davamı kimi oxudum.  Həyatımızın hər anında fərqində olmadan özümüzə nəsə qazandırdığımızı deyən  müəllif insanın nəyisə dəyişmək cəhdinin bəzən boşuna olduğunu vurğulamaqdan çəkinmir.  Onun fikrincə, insan  dəyişimə özündən başlamalıdır. Güllərin qurumasını istəməyən insan  hər gün o gülləri sulamağı vərdişə çevrilməlidir. Bacararmı? Erdem Ayıkın yazısının sonunda açıq qalan sual budur.

         Şərqi Anadolunun qış mənzərəsində insanın xoşbəxtlik arayışından bəhs edir  müəllifi Esma Erdoğan Ayçiçek olan “Doğudan bir kış öyküsü”.  İnsana ən soyuq qış günündə belə, isinməyi öyrədən yazıdır. 

         Ayşe Nur Sivri “İstikbalimizin İstiklali” yazısını Mehmet Akif Ersoyun “İstiklal marşı”na həsr edib. Qəşəng bir cümlə keçir yazıda: “Biz Türk milletiyiz, aç yatarız, yeri gelir, susuz kalırız; ancak Vatan olmadan yaşayamayız”.  Vətənə olan sevginin sadə sözlərlə bu qədər dərin anladılması Ayşe Nur xanımın qələminin peşəkarlığının göstəricisidir.

         Dostluq-mənə görə, sevgidən daha mücərrəd qavramdır. İnsanı sevgidən çox, məhz dostluq xəyal qırıqlığına uğradır.  Bumin N.Dündarın “Dost hançeri” şeiri  elə bu xəyal qırıqlıqlarının poetik əksidir.  “O`ndan gelir, O`na gider” deyən Bestami Yazgan isə  “həyat-məmat arasında qaçaraq keçən ömrün” faniliyini anladaraq sanki dost xəncəriylə uğradığımız xəyal qırıqlıqlarını bağışlamağımızı diktə edir.  Mənsə sayın Bestami Yazgana üz tuturam: “Yalan dünyanın köçəri quşları kimi yaşadığımız zaman kəsiyində sol tərəfimizə dost əliylə son sürət saplanan bıçağı bağışlamayan bizmi günahkarıq, yoxsa o bıçağı saplayan?”

Ahsen Yıldız Şahin və Selahaddin Kaşgarlı öz yazılarında uyğurların məruz qaldığı zülmə diqqət çəkirlər.  Yazıları oxuduqca Türkün tarixində hələ dilə gəlməyən, hələ üstü açılmayan nə qədər zülm olduğunu düşündüm.  Babalarım, valideynlərim  1988-ci ilin o qarlı qışında canlarını götürüb Ermənistan-Azərbaycan sərhədini bəri keçəndə də zülmün əlindən qaçmışdılar. Zülm zülmdür-zaman onun rəngini də, yaşatdığı ağrıları da dəyişmir. Bişirdiyi yeməyi qazanında qoyub zalımın qəddarlığından qaçan anamın qaçqınlıq günlərində yazdığı qırıq-qırıq xatirələrin bir gün kitab kimi nəşr olunmasını diləməkdən başqa əlimdən nəsə gəlmir.  Və zülm haqqında yazılan yazılara giziltili bir şükür duyğusu ilə yanaşıram. Nə də olsa, “söz uçar, yazı qalar...”  Murat Aybirdi “Türkistanlı çocuklara tunç kafiye” adlı şeirində təsəlli verməkdən ötəyə keçməsə də,  inanıram ki, “Bitecek bu kara kış, mevsim dönecek yaza”.  Və Türkün izi nə silinəcək, nə də unudulacaq! Zaman-zaman o izlər axtarılacaq, tapılacaq, üzə çıxarılacaq: Ali Onur Karanın “Batı Trakyada Türk varlığı” adlı yazısı kimi.

Edib Aykut Çiçekli “Ebediyeti kutlu kılmak” adlı yazısında müasir insanın insandan qopmasını dilə gətirir.  İmran Azaklı Tekelinin “Ağlamaklı bir Mona Lisa” yazısı Edib Aykut Çiçeklinin fikirlərinin təsdiqi kimi qələmə alınıb sanki. İnsan insana gərəkdirsə, insan insansız yaşaya bilmirsə, seçdiyimiz/itələndiyimiz tənhalıq bizə əlac ola bilərmi? Təbii ki, yox! Amma ürəyimizi qıranlar, qəlbimizə dəyənlər bizi həmin əlacsızlıqla baş-başa qoymaqda mahirdirlər! Dünənimizə baxanda-tarixə boylananda müasir insanın, həqiqətən də, tənha olduğunu anlayır, üzülürük... Məsafələr daha uzunkən, zaman daha yavaş irəliləyərkən, həyat daha bəsit yaşanırkən insan insandan bu qədər qopmamışdı heç.  Muhammet Bekir Karacakaya “Türkistandan Anadoluya Türk kültüründe ferfene toplantısı” adlı yazısında  ictimai münasibətlərin dünənindən bəhs edir... O dünəndə ortaq asılan qazanlar,  eyni sevinən uşaqlar var.

Payız bizim ürəyimizdən keçir, yoxsa biz payızın ürəyindən?  Yaradıcı insan olaraq bizmi qazanclı çıxırıq payızdan, yoxsa payızmı neçə-neçə şeir, hekayə, esse qazanır ürəyimizdən keçdiyi anlıq yolçuluqlarda?  Melike Yazganın “Sonbaharım” şeirini oxuyarkən bunları düşündüm... Cavabsız qalan bütün suallara ehtiramla, növbəti yazını oxumağa tələsdim. “Sevgi güzel şey” dedi Lokman Tümtürk.  Yazıda sevgidən daha çox sevənin nəyə çevrilməsindən bəhs edilir.   Sevgi gözəlləşməkdir!

Yolun məramı kirlənməyibsə, yolçuluq qudsaldır.  Havva Ay “Yolcu selamı” şeirində yazır: “Bu satırlarda tanıştık siz yolcularla,Yolunuz hangi güzergâhta?”  Əhməd İsayevin Bəndər romanında Göygöldən üzü bəri Gəncəyə gələn yolun təsviri var.  Bu iki misrada o yolu niyə xatırladım, bilmirəm. Hikmətini yolu yaradan-Yaradan bilir...  Unutmaq istədiyim, daha doğrusu, yerli-yersiz xatırlamaq istəmədiyim o qədər oxucu xatirəsi var ki ruhumda. Unutmağın çətin olduğunu söyləyə bilməyənlər elə asanca “Unut!” deyə məsləhət verə bilirlər ki!  Amma Ebru Yılmaz bütün səmimiyyətiylə “Zor olacak” deyir:

 

Tam unuttum derken,

Ya da unuttum diyerek kendimi kandırırken,

Kimseye bizden bahsetmeyerek

Yaşatıyorum derinlerde seni...

 

         Cem Arslan “Genç Yürekler” dərgisinin Sorumlu Yazı İşleri Müdürüdür.  “Ulduz”un sentyabr sayında onun olduqca məsuliyyətli bir işin altına çiyin verdiyinin şahidi oldum. Cem Arslan yazar, redaktor, akademik Dr.Ömer Küçükmehmetoğlu ilə müsahibə edib.  Söhbətin “Köroğlu” dərgisi ilə bağlı hissəsində   2016-cı ilin qışında Gülnar Səma ilə birgə Mikayıl Müşfiq haqqında yazı yazmağımız, “Köroğlu” dərgisinə göndərməyimiz  yadıma düşdü…  Dərgi nəşr olunanda da yazmağın verdiyi sevinc qədər sevinmişdik.

         Büşra Ekinci “Güven edebiyatı” adlı yazısında günümüzün dərdlərindən birini dilə gətirib:  insanın insana inamı qalmayıb. Hə, o gerçəklə razıyam ki, insan  həmişə insandan əyrilik, vəfasızlıq gözləyib. Amma kürəyini söykədiyi, ürəyini verdiyi birindən qeyri-dürüst hərəkət görəndə özünə zehnən qurduğu dünya yıxılır axı… O anlarda ədəbiyyat köməyə çatırmı, xilaskara çevrilirmi? Büşra Ekinci  həmkarlarına  üz tutur, yazdıqlarımızla insanın insana güvənməsini aşılamağa çağırır bizi.

Necdet Özkaya “Edebiyat başka türlü anlatmaktır” kitabından kiçik bir yazı ilə “Ulduz” oxucularının görüşünə gəlib.  Danışılan nağılların, rəvayətlərin qədim insanları öz sehrinə salmağından yazan müəllif bu prosesi ədəbiyyatın yolçuluğunun bir hissəsi sayır.  Yazıda həmçinin ədəbiyyatın təkcə var olanı deyil, bəzən olacaqları da anlatdığı həqiqətini oxuyuruq.

         Hərdən ağlımıza gəlir hamımızın: “Telefon, internet yox ikən insanlar necə xəbərləşirdilər? Məsələn, kəndin o başında olub-bitəndən necə xəbərləri olurdu? Axı insan informasiyasız yaşaya bilməz”. Hələ atalar sözümüz də var  insanın doymaz marağı haqqında: “Qulaq gündə bir söz eşitməsə, kar olar!” Bəs keçmişdə qulaq o yeni sözü necə eşidirdi? Hamza Öztürkçünün “Kirazlı köyün berberi” hekayəsində məhz bu suallara cavab tapacaqsınız.

         Bir şairin başqa bir şairin şeirində düşüncə döngələrinin xəritəsini tapdığını görmək həmişə xoşbəxt edir məni. Bu, qələmin həmrəyliyidir! Bu, yaradıcılığın səmimiyyətidir! “Cemal Safi için gönlümden…” yazan Mehmet Ali Kalkana  bu mənada mütəşəkkirəm. Elə səmimiyyətlə yazıb ki “Cemal Ağabey”!  Yazıda Cemal Safinin “İmkansız” şeirinin yurdunu da tanıyırıq. Sədnik Paşa deyirdi: “Şeirin özündən yurdu şirindir!”

         “Mutsuzluk: hakkı çok yenen bir kavram” yazan  sayın Hatice Zeynep necə gözəl yanaşıb müasir insanın bədbəxtliyinə.  Xoşbəxtliyin nisbi olduğunu anlamamaq cahillikdir-müəllifin “Mutluluk anarşisti” adlı yazısını oxuyandan sonra gəldiyim qənaət budur.  Ardınca  Ayşe Şeyma Arslanın “Türk” şeirindəki xoşbəxtliyini gördüm. “Dağları əridən”, “Cahanı saran” bir qövmün mirasçısı olmağın xoşbəxtliyini yaşayır bu günün türk şairi!           Belinay Demir isə  hekayəsində türkün  tarixində öz izini qoymuş bir qəhrəmandan-Kara Mehmet Çavuşdan yazıb. Türk Milli Mücadiləsinin adsız qəhrəmanlarına ithaf edilmiş hekayə hər şeyini geridə qoyub Vətənin hayına yüyürən igidlərin fədakarlığının ədəbiyyatda  bir daha boy göstərməsidir.

Esra Söylemezin “Atarlı Aziz” hekayəsinin qəhrəmanı da adsız qəhrəmanlardandır. Amma bu dəfə biz qəhrəmanı düşmən gülləsinin qarşısında deyil, insan eqosu ilə müharibədə görürük.  “Doğma”, “yad” anlayışının mənasızlaşdığı, təkcə insan olmağın bir dəyərə sahib olduğu  anlar yaşanır hamımızın həyatında. Bizim missiyamızın biri, bəlkə də, birincisi o anı əlimizdən qaçırmamaqdır.  Yoxsa ruhumuzda  elə peşmanlıqlar tayalanar ki, içində kədərlər yuva qurar… Murat Karakoyunlunun “Halet-i Ruhiye”sində həmin peşmanlıqları oxuyuruq içimizdəki günəş qürub etmədən. Ümidimiz diri qalır: hər qürub bir dan üzünün müqəddiməsidir!

Mehmet Kütükçüoğlunun “Çivi Mustafa” hekayəsinin qəhrəmanının gözü uzağa dikilib. O qədər uzağa ki,  özünü də unudub. Yaşamağın ən asanının özünü unutmaq olduğunu düşünür bəzən kimsə… Yanıldığını anlaması gecikmir… Cümləmin sonuna nə “şükür” kəlməsini qoya billəm, nə “heyif”; insan olmaqdan danışıram, konkret sərhədlər cızıram, amma özüm də bilirəm ki, insan olmağın çərçivələri elastikdir…  Bəşəriyyətin daş sütunlarından biridir: “İnsan əvvəlkidir elə!” 

“Başlanğıç”: Gerçeklik üzerine… Erdem Yapan həyatın, düşüncənin ədəbiyyatda deyil, kinodakı əksindən danışır, incəsənətin bu sahəsi ilə ədəbiyyatın sərhədlərində gəzişir.  Erdem Yapan o sərhəddə oxucudan gizlətdiyi daha nələri tapmışdı, bilmirəm, amma gizlədilən hansısa düşüncə olduğunu fərq etmək çətin deyil.

“Hamının ən gözəl əsəri anası haqqındadır…” Bizim dəyərli Elxan Yurdoğlunun sözüdür.  “Xətir üçün…”dən sonra aldığım rəylər məni bir yazıçı kimi sevindirdi, bir övlad kimi ağlatdı. Mən hələ anamı anladacaq gözəl əsər yazmamışam, məncə…  Uğur Zaferin “Sol yanımda gül saklı” şeiri də onun anasına yazdığı ən gözəl şeir deyil, məncə… Ümumiyyətlə, ananı anladacaq o ən gözəl söz dilə gəlməyib, bəlkə də… Fəlsəfəni bir tərəfə qoyuram, etiraf edirəm ki, bu şeiri ağlayaraq oxudum.

Türkistan aydını Kasım Tınıstanoğlunu Sabırbek Börübayın yazısında tanıyırıq.  Bir daha anladım: “Öz xalqının dərdi ilə dərdlənən aydınların işığı zamanın bağrını yarmağa qadirdir!”   Dərddən qorxmaq bəşərin ən asan  etdiyi seçimdir, düzdür, amma dərd yükünü kürəyinə alan, onu mənzil başına çatdıranlardır düz dünyanın düz vaxtını xatırlayanlar, bu haqda danışanlar, yazanlar… Məncə, Tuba Özkanlı elə buna görə ürəklə, çəkinmədən “Endişe sermayedir” deyir. 

Amma şairin gözünə “Şimdiki zamanın penceresinden” hər şey fərqli görünür:  insan yaşadığı anların cəmindən ibarət olanı yığır, üstünə adını yazır: “Yaşadıqlarım…” İnsan nə yaşasa, onunla vardır.  Nurşah Talay ən sadə sözlərlə insanın həmişə olduğu yeri, heç vaxt olmadığı yeri anladıb:

 

Ne ilerdeyim, ne geride,

Tam ortada andayım.

Ne geçmişteyim, ne gelecekte,

Anı yaşarım –

Hayatım orda benim.


         Yağmur Filiz Şahin “Özüm atasözüm” yazısında qeyd edir: “
Atasözleri, toplumların en değerli kültürel parçalarıdır”.  Mənim böyüdüyüm atalar sözləri və göyçəli məsəlləri isə mənimçün təcrübələrin deyil, düşüncələrin nəticələridir. Çünki təcrübə sübut edir ki, atalar sözləri reallığın fövqünə qalxa bilir, yaxud tam tərsinə, reallığın  hökmranlığı altında əzilir.  Semiha Arasboranın şeirində biz həmin o hökmran reallığın bircə küncünü görürük. “Ben köylü kızıyım, Anadoluyum” adlı şeirdə ən sevdiyim misralar bunlar oldu: “Bir tebessüm ile kalmaz kederim, Ben köylü kızıyım, Anadolu’yum”. Hə, insan bəzən budur-kədəri olduğu kimi-müvəqqəti yaşayan.  Hatice Zingi isə “İnsan kimdir?” adlı yazısında insan olmağı tamam başqa cığırların kəsişmə nöqtələrində anladır.  Onun fikrincə, Tanrının sözləri sayılan bütün qudsal kəlamlar  “Yaradanın insana öz gerçəyini xatırlatmaq cəhdidir”. Lakin müəllif bu cəhdin uğurlu olub-olmadığı barədə bizə ipucu vermir. Düz də edir! Həqiqət individualdır!

Kenan Karanın “Gülcihan” şeirində ayrılıq var. Lirik qəhrəman ayrılığın səbəbini axtararkən ilkinlikdən sıyrılıb çıxa bilmir: günahkar seviləndir... Ya əgər o da sevirsə?  Milyon illərdir ki, ayrılığın günahkarı odur, sənsən, mənəm. Və elə o vaxtdan bəri də hamımız günahsızıq...  Özümüzə yaratdığımız kədəri də, özümüzə tapdığımız kiçik sevincləri də seyr edən bircə tamaşaçımız olur həmişə-dövran.   Ona görədir ki, hamımızın pəncərəsində “qandan bir hırka var”.

Ömer Kayanın “Sarışın kurda ağıt” şeiri haqqında fikir bildirməyə cürət etmədim.  Ruhum bu şeir qarşısında sayğı duruşunda:

 

Sarı yağız bir deli kurdu andırırdı gözleri.

Ömrü bir destan, yüreği bir kor, sözü ateşti

Şimdi mıh gibi aklımda tutuyorum ettiği sözleri

Ağıtlara sığmazdı ya... bir tabuta sığdı gitti.

 

Ayakta tutan bizi kavgası, derdi ve ülküsü

Kabına dar gelen adam kırklara karıştı gitti

Şimdi dudağımda yarım kalan bir Bozdoğan türküsü

Aydın'ım kurt nefesli ordularla yarıştı gitti.

 

Semiha Dede “Yeşim taşı efsanesi” (bir kitap eleştirisi) adlı yazısında  dünya ədəbiyyatındakı ümumi problemdən-uşaq ədəbiyyatının yetəri səviyyədə olmadığından  danışır.   Uşağına oxumağa milli ədəbiyyat nümunəsi tapmayan valideyn məcbur qalır, xarici müəlliflərin kitablarını alır. Nəticə etibarilə, uşaq öz milli-mənəvi dəyərlərindən, mənsub olduğu xalqın  təfəkküründən qopur, uzaqlaşır. Yerli yazarların da eləsi var ki, xarici ünsürləri əsərinə qatmaqla, müasir üslubda yazıb-yaratdığını düşünür. Və belə bir vaxtda Semiha Dede Ömer Ünalın “Yeşim taşı efsanesi” kitabına rast gəlib. “Türk tarixi dastanlarındakı real qəhrəmanların bolluğu”ndan istifadə etməyi  həmkarlarına tövsiyə edən müəllif ümidlidir ki, Ömer Ünal kimi yazarların sayəsində “uşaqlar doğma torpaqlarla bağlarını itirməyəcəklər”.

Yusuf Alper Oyar “Malihuyla dönemeçleri” adlı şeirində qəribə bir hikmətə söykənir: “İnsan insanın ihanetidir”. “Dönemeç sonsuzluğuna tutukluydu hayat...” deyən şairin ümidsizliyin qoynunda çiçək açdırmağını umur oxucu.  Təəssüf ki,  tapmır… Yolu bu dəfə də Aslı Elif Demirin “Girdap”ına düşür oxucunun.  Ümid olmasa da, tərəddüd var burada-ümidsizlik uçurumunun başında durub  ayağımızı yerdən qaldırmadan öncə bu tərəddüd bəs edir bəzən geriyə dönməyə: “Vefa(sızlık), Parçalar durursun içimi!” Tərəddüdlər həmişə həqiqətə doğru gedən yolun səmt ağacıdır!

“Müəllim çörək yemir”…İndiki uşaqları bilmirəm, amma biz birinci sinfə gedəndə belə bilirdik. Geriyə dönüb baxanda ömrümüzdən keçən müəllimlərin hansının əsl, hansının qəlp olduğunu yaxşıca seçə bilirik. Çox istəyərdim ki, mənim xatirəmdə qəlp izlər qoyanlar da nə vaxtsa Sümeyra Karaca kimi  özlərini sorğulayaydılar: “Ben öğretmen olamadım…” Cümlənin sonuna sual qoymaq şansı da tanıyardım o qəlp müəllimlərə.

Tuncay Çalışkanın “Günebakanların arasından” adlı yazısı isə səmimiyyətin əslidir. Ukraynada yaşayan türklərə baş çəkən Tuncay Çalışkan yazır: “Kırım’da su aynı, su tadı başka, gece aynı, serinliği başka, güneş aynı, sıcağı başka, kavun aynı, lezzeti başka, evler aynı, pencereleri başka, yollar aynı, yürüyeni başka, çocuklar aynı, giyimleri başka, ezan aynı, avazı başka; iyilik aynı, muhabbet aynı- hepsi aynı, bakışlar da, gözdeki yaş da, akıl taşıyan baş da, duvardaki damgalı taş da-her şey Türkiye ile aynı”.

“Neşter” şeirində Ülkücan Sütbaşın  lirik qəhrəmanı üsyankardır.  Yaşama, dövrə, ətrafdakı insanlara-hər şeyə üsyan edən qəhrəman özünə təsılli yeri axtarmır.   Bunu şairin ədəbi manevri kimi dəyərləndirdim. Təsəlli yerini oxucu özü öz həyatında tapsın, şeiri hansı ahəngdə istəsə, o cür də oxusun… Mustafa Türk isə “Adamın biri” şeirində ən böyük təsəllinin Yaradan olduğunu söyləyir.

Vedat Oyuklunun “Kaybedilen yitik” və  Muhammed Burak Tunayın “Yorgun emekçiler” şeirləri həyat otağımın divarındakı tabloların bədii təsviridir. Məncə, çox adam bu iki şeirdə özünü tapacaq. “Hamı” demədim, bu tabloları görməyənlər də var. Və bu görməməzlik həmin tabloların reallığını yox etmir.

…Beləcə, gəlib çatdım  bir payız “Ulduz”unun sonuna.   Yarpaqların sarının saysız çalarına bürünməyini gözləyirdim, leysan qoymadı. Dumanında azdığım bir payız günündə “Ulduz”un üz qapağına baxa-baxa oxuduğum yazılardan  neçəsinin məni ağlatdığını saymağa çalışıram. Sonra da düşünürəm: ağlamağa vaxt yoxdur, məni “Azalyanın kitabı” və “Afayət muzeyi” gözləyir.  Bu şeirin haradan, niyə gəldiyini isə özüm də bilmədim…

 

Bu payız sarı gəlmədi...

Geyindiyi boz nimtənə

Naxış həsrətinə yenik...

Arzu yolum heç bitmədi,

Sözləri qoydum nimçəmə,

Dolanıram gədik-gədik...

 

İtdi yarpaq arasında

Dünənimin ayaq izi,

Sabahıma nə aparım?!

Hörümçəyin sarısında

Axtarıram bu payızı,

Özümü kimdən qoparım?!

 

Şeirlərim mesaj olur,

Mesajlarım dərd yanğısı...

Görən soruşar: "Dəlisən?"

Ağlamağım yasaq olur...

Güzgüdə də sükunətdir,

Tapılmır üzümə deyən:

... Ağla, qoy gözün ağrısın,

Ağlamağın şeiriyyətdir,

Sən axı Şəfa Vəlisən!

 

 "Ədəbiyyat və incəsənət"

(12.02.2025)

 

 

                                                                           

Tələbə yaradıçılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial-İqtisad Kollecinin 2-ci kurs tələbəsi Nuray Fərzəliyevanın –“Unudulmuş arzu” hekayəsini təqdim edirik.

 

“Bəzi arzular ölür, bəziləri isə sadəcə unudulur. Amma bir gün, səni tapmaq üçün geri qayıdırlar…”

Kənan bu həyatı özü seçməmişdi. Əslində, heç vaxt öz seçimini etməmişdi. Atası hüquq fakültəsinə daxil olmasını istəmişdi, o da daxil olmuşdu. Anası sabit işinin olmasını istəmişdi, o da ofisə bağlanmışdı. Hər kəs ondan nələrisə gözləmişdi, o isə özündən heç nə gözləmirdi. Həyatı - başqalarının onun üçün çəkdiyi bir yolda addımlamaqdan ibarət idi. Və o, bu yolda sanki bir kölgəyə çevrilmişdi. Hər səhər eyni marşrut, eyni insanlarla göz kontaktından qaçan solğun üzlər, eyni boz divarlar arasında keçən saatlar… Axşam isə eyni yorğun bədən, eyni susqun televiziya ekranı, eyni boşluq. Bəs içindəki o keçmiş xəyal? Bir vaxtlar gecələr boyu yazıb-pozduğu hekayələr? Uşaq yaşlarında əlindən buraxmadığı dəftərlər, öz hekayələri ilə dolu o dünyalar? Sanki başqasının keçmişi idi. Ancaq bəzən, çox nadir hallarda, içində qəribə bir səs pıçıldayırdı:

“Sən bu həyat üçün doğulmadın.”

Amma Kənan hər dəfə bu səsi boğurdu. Çünki artıq çox gec idi… Elə deyilmi?

O gün təsadüf onu keçmişinin qapısına gətirdi. Uşaqlıq evində anası köhnə əşyaları ayırırdı. Kənan otaqları gəzdi və bir sandığa toxundu. Toz basmış köhnə dəftər sandığın içindəydi. Saralmış səhifələr, solğun cümlələr… və birdən, gözünə bir yazı sataşdı: “Böyüyəndə bu dəftərə qayıdacaqsan. Əgər yazmağı unutmusansa, xahiş edirəm, yenidən başla”O, bunu illər əvvəl öz-özünə yazmışdı. Və indi bu sözlər, sanki illərin tozu altında basdırılmış ruhunu silkələyirdi. Dəftəri vərəqlədikcə, keçmişi gözlərinin önündə canlandı. Balaca Kənan… Gözlərində həyəcan, ürəyində min bir hekayə… Bəs indi? İndi o, sadəcə bir ofis işçisi idi. Sənədlərə imza atan, həftə sonlarını seriallarla öldürən, hər səhər yuxulu halda işə gedən biri. İçində bir şey qırıldı. Axşam yata bilmədi. Dəfələrlə eyni sual beynində dövr edirdi: “Mən nə vaxt xəyallarımı dəfn etdim?” Gözlərini tavana dikdi. Xatırladı… İlk dəfə yazılarını dostlarına oxutmuşdu, onlar gülmüşdü. Müəllimi “buna vaxtını sərf etmə” demişdi. Valideynləri isə “yazıçılıq sənə pul qazandırmaz” deyib onu hüquqa yönləndirmişdi. Və o, inandı. İnandı ki, bu xəyal yaşamaq üçün yetərli deyil.

Amma indi…

İndi bilirdi ki, daha betəri var: Xəyalınla yaşamamaq. Nə isə dəyişməli idi. Sabah oyananda ilk dəfə başqa bir marşrut seçdi. İşə yox, kitabxanaya getdi. Öz-özünə söz verdi: “Hər gün az da olsa yazacağam. Baxım görüm, içimdəki Kənan hələ sağdırmı?” İlk cümlə çətin gəldi. İllərdir unutduğu sözlər, beynində sanki paslanmış bir qapının arxasında qalmışdı. Amma sonra sanki içində kilidlənmiş olan bir dünya açıldı. Səhifələr bir-birini əvəz edirdi.

Gecələr daha da uzanırdı. Bir gün yazdıqlarını bir dostuna göndərdi. Cavab gözlədiyindən fərqli oldu: Bu, mükəmməldir. Niyə bu vaxta qədər yazmamısan? Kənan gözlərini yumdu. Həqiqətən, niyə? İllərdir qorxurdu. Başqalarının nə deyəcəyindən, uğursuz olmaqdan, özünü gülünc vəziyyətə salmaqdan. Amma indi fərqi yox idi. Çünki o, nəhayət ki, içindəki həqiqi səsi tapmışdı. Kənan bir gün işini atdı. Bu, onun üçün ən çətin addımlardan biri oldu. Anası əsəbiləşdi, dostları onu “dəli” adlandırdı.Necə yəni işdən çıxırsan? Yazmaqla nə qazanacaqsan? Amma o, artıq qorxmurdu. Çünki o, nəhayət ki, özü üçün yaşayırdı.

İllər keçdi. O, bir kitab yazdı. Sonra başqa bir kitab… İnsanlar onun sözlərində özlərini tapmağa başladılar. Bir gün gənc bir oxucudan məktub aldı: “Sizin kitabınızı oxuyandan sonra həyatım dəyişdi. Mən də yazmağa başladım. Artıq bilirəm ki, xəyal qurmaqdan qorxmaq lazım deyil.” O, məktubu oxuyandagözləri doldu. İllər əvvəl, balaca Kənan da belə düşünürdü. Amma sonra böyüdü, inamını itirdi. İndi isə yenidən tapmışdı.

Məktubu dəftərinin arasına qoydu. Və bir cümlə yazdı:

“Xəyallarını basdırma. Bir gün səni oyatmaq üçün geri qayıdacaqlar.”

Xəyalın varsa, onu öldürmə. Dünya onsuz da kifayət qədər solğun və ruhsuzdur. Əgər içində səni çağıran bir səs varsa, ona qulaq as. Çünki arzularını dəfn etsən, bir gün sən də özünü itirəcəksən.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.