Super User

Super User

Cümə, 20 Sentyabr 2024 17:18

Fazil Mustafa Nizami Cəfərovu təbrik edib

 

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ATATÜRK Mərkəzinin müdiri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Akademik Nizami Cəfərovu qarşıdan gələn 65 illik yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik  məktubunda yubilyar alimin çoxşaxəli elmi, ictimai fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:

 

“Hörmətli Nizami müəllim,

Sizi – tanınmış ictimai və elm xadimini qarşıdan gələn 65 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm!

Siz, onlarla kitabın müəllifi, həmmüəllifi, tərtibçisi, elmi redaktoru, rəyçisi, eləcə də, yüzlərlə məqalənin müəllifi, habelə orta və ali məktəblər üçün dərsliklərin yazarı, onlarla alimin elmi rəhbəri olaraq, məhsuldar elmi yaradıcılıq yolu keçmisiniz. Vaxtilə təhsil aldığınız doğma Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətiniz, kafedra müdiri və dekan olaraq uzunmüddətli, səmərəli xidmətləriniz unudulmazdır.

2001-ci ildən Azərbaycanda ATATÜRK Mərkəzinin müdirisiniz. Mərkəz artıq Türk dünyasının Bakıdakı əsas ziyarət ünvanlarından birinə çevrilib. 

II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 2005-ci il dekabrın 2-dən 2015-ci il noyabrın 24-dək Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, VI çağırışda isə Mədəniyyət Komitəsinin üzvü olmusunuz. Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Efiopiya, Livan, Küveyt parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olaraq səmərəli fəaliyyətiniz təqdirəlayiqdir.

Siz, bir dilçi, ədəbiyyatşünas olaraq, ölkəmizlə yanaşı, haqlı olaraq, bir çox qardaş ölkə və topluluqda mötəbər imza sahibi kimi tanınırsınız.

Toplumda öz xeyirxahlığı, səmimiyyəti ilə seçilən aydınlarımızdansınız.

Elmi, ictimai xidmətlərinizi yüksək qiymətləndirən dövlətimiz Sizi Əməkdar elm xadimi fəxri adı, “Şöhrət” ordeni və bir sıra medallarla təltif edib. 

Sizi 65 illik yubileyiniz, ictimai, elmi yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə direktor vəzifəsinə təyin edilib.

 

Neymət Rüstəmli “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsinə rəhbərlik edir. 

O, bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində almış, magistratura səviyyəsini isə "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə bitirmişdir. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Cümə, 20 Sentyabr 2024 15:33

ÖMRƏ BƏRABƏR GÜN... - 20 sentyabr, 2023

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Bundan tam bir il öncə idi. İşdəydim. İş-gücün elə vaxtıydı, elə vaxtıydı, necə deyərlər, baş qaşımağa macal yox idi. Bir də “xəbər lenti”ndə antiterror tədbirlərinin başlanması ilə bağlı rəsmi xəbər keçdi. Bu barədə müxtəlif ehtimallar yayılır, qeyri-rəsmi informasiyalar dolaşırdı amma rəsmi xəbər başqa, ehtimallar başqa! Gözüm bu xəbəri alar-almaz Qənirə xanımın kabinetinə cumdum. – Bəli, bu cümləni qurarkən “keçdim”, “getdim”, “qapını döydüm” və s. sözlərinə doğrudan ehtiyac duymadım – çün, çoxdan gözlədiyimiz xəbəri bölüşmək istəyi digər nəzakət və yeriş qaydalarını tam arxa plana keçirmişdi. Qənirə xanımı müjdələdim, dərhal o biri iş yoldaşlarımız da başımıza yığışdı, sevincimizi bölüşdük. Doğrudur, rəsmi xəbər 2-3 dəqiqə öncə yayınlanmışdı, bununla belə, biz, antiterror tədbirlərinin arzuolunan sonuca varacağına, Zəfərimizə yeni – bənzərsiz rəng qatılacağına, brilyant qaş qoyulacağına qətiyyən şübhə etmirdik! Başlayıbsa, deməli, müsbət sonluq mütləqiydi! – Haqlı olaraq, belə inanırdıq.

Çün, bizim işimiz haqq işiydi.

Çün, bizim Ali Baş Komandanımız İlham Əliyevdir!

Çün bizim xalq dövlətcanlı, cavanlarımız vətəncanlıdır!

Üç onillik sürən ağır  işğala 44 gün kimi qısa müddətdə son verən şanlı ordunun yığcam antiterror tədbirlərində qələbə qazanmaması mümkünmüydü? Əsla! Söhbət Azərbaycan Ordusundan gedirdi! Əcdadın hərb gələnəyini öyrənən, onu vicdanla davam və inkişaf etdirən, unikal təcrübəyə malik Silahlı Qüvvələrimizin ən yeni çağırışlara cavab vermə gücündə olduğunu bilirdik.

Sonra zəng zəngə calandı, Qənirə xanımı televiziyaya müsahibəyə çağırdılar. Antiterror tədbirləri bölgəsindən ard-arda xoş xəbərlər gəlməyə başladı və işçi günümüz öncə planlaşdırılan axarından çıxdı... – Elə gün hələm-hələm yaşanmır axı! Məğlubiyyətləri ard-arda düzülən, belbükən ağır illərin ardından qələbəyə elə susamış, elə öyrəşmişdik, heç bir beynəlxalq konyunkturanı, yersiz hədəni, məzmunsuz iddianı qəbullana bilməzdik. Ümummilli işimiz yarımçıq qalmışdı, suverenliyimiz tam bərpa olunmamışdı. – Xankəndi, Xocalı, Ağdərə, Əsgəran... yönündən bizim o səmtlərdə - işğaldan qurtulmuş torpaqlarımızdakı əsgərlərimizin mövqelərinə müəyyən həmlələr olurdu. Min bir alçaqlığa əl atan işğalçı tör-töküntüləri əvəzçıxma şakərindən bir turlu qurtulmuş deyildi. Az qala iki gündən bir, kənd təsərrüfatı adı altında “fortifikasiya” hoqqası verən haylar özlərini sülhməramsızların əhatəsində qorxusuz hiss edirdi. Tam da antiterror tədbirlərindən saatlar öncə iki yeni terror aktı törətmişdilər, mülki şəxslərimiz, asayiş keşikçilərimiz həlak olmuşdu.

Bizim Həkəri körpüsü üzərində Laçın Sərhəd Keçid məntəqəsi qurmağımız adıyaman gedişatın qarşısını önəmli dərəcədə almış olsa da, haylar illər uzunu yığdıqları silah-sursatla təxribatlar törətməkdə davam edirdi. Minalar isə... ayrı söhbətdir – addımbaşı mina, mina, mina – bədbəxt uşaqları elə bil, illərlə mina doğub-törəmişdi; bu da azmış kimi, bəlli “10 noyabr Bəyanatı”ndan sonrakı tarixlərə aid, “Made in Armenia” bekara “marka”lı minalar sülhməramsızların “məsuliyyət zonası” həndəvərində üst-üstə qalaqlanmaqdaydı... Bizim buna dözəcək halımız yoxuydu... Qalib ölkə, qalib xalq, qalib ordu şərtmi qəbul edəcəkdi məgər?..

Uzun sözün qısası,

20 Sentyabr 2023-cü iliydi. İşdəydik. Asiya Parlament Assambleyasının Bakı toplantısı, Gürcüstan parlamenti Mədəniyyət Komitəsi ilə Anlaşma Sənədinin imzalanması, Qazaxıstandan mötəbər heyətin Azərbaycana səfəri çərçivəsində tədbirlər, vətəndaş qəbulu günündən irəli gələn çoxsaylı məktublar, gündəmin digər təxirəsalınmaz məsələləri və s.  – yetərincə vacib işlərimiz vardı. Antiterror tədbirləri gündəmi elə tutdu, ağlımızı, sevdamızı elə qapsadı, gözümüz ekrana, qulağımız telefona kilidləndi. Ruhumuz isə əlbəttə, qələbəyə köklənmişdi!

Gün axşam oldu,

23 saat 43 dəqiqə sürmüş antiterror tədbirlərinin başa çatdığı rəsmən duyuruldu. Əslində, rəsmi sonluq üçün heç o qədər də çəkməzdi, lakin terrorçular sağ əlləri ilə ağ bayraq tuta-tuta, Allah qoymasa, ağızlarının sol tərəfi ilə hansısa “şərt”ləri də “diqtə etmək” istəyirdi. Hər iki qulaqlarını gen açıb son və qəti şəkildə dinlədilər ki, tək bir yol var:

terrorçuların bütün səngərlərdə, “kazarma”larda ağ bayraq qaldıraraq, təslim olması,

Ermənistan Respublikası silahlı qüvvələri mənsublarının Azərbaycan Respublikasının suveren ərazilərindən tam rədd olması,

Xankəndidəki qondarma rejimin özünü buraxması!

Yəni, keçmiş işğalçı Azərbaycana qarşı (el sözü ilə desək) bir daha çaşmamaq öhdəliyi götürməliydi!

 

Əlbəttə, biz deyən oldu!

Beləliklə, ən azı 200 illik bir qaramat sürəc Dəmir Yumruqla qapadıldı!

Tarix içrə tarix yazıldı!

Altun hərfli, unudulmaz tarix!

Hər xalq, hər dövlət belə tarix yaza bilmir!

Belə tarixə tanıqlıq etmək hər nəslə nəsib olmur!

Hər əsgərə nəsib olmur belə parlaq qələbəyə imza atmaq!

 

Qənirə xanımın Tanrıdan bir diləyi varmış – biz bunu onun vəfatından sonra eşitdik. – Türk Ədəbiyyatı Vəqfinin başqanı, dillər əzbəri olan “Bil, oğlum” şeirinin müəllifi Serhat Kabaklıya deyibmiş. Vəfalı Serhat xoca Qənirə xanım torpağa tapşırılarkən buradaydı və o sözləri də həmin gün söylədi: “Xocalı alınsın, ondan sonra Tanrı da mənim canımı alsın”! – Türk dünyasının sevilən qızı Qənirə Paşayeva (07.03.1975 - 28.09.2023) belə deyibmiş... İndi onun bizlərdən əbədi ayrılığının birinci ildönümü ərəfəsindəyik; Tanrı onun diləyini eşidib, geri çevrimədi... Hər kəs bir gün bu dünyadan köçəcək, əlbəttə; əziz bacımızın bu dünyaya əlvida demədən öncə, Xocalı, Xankəndi, Qarabağ... diləklərinin çin olduğunu görməsi indi ən böyük təsəllimizdir... Ruhu şad olsun!

 

“Sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”. – Xalqımızı qürurlandıran, köksümüzü qabardan bu sözlər Azərbaycan Prezidentinə aiddir.

 

20 Sentyabr! – ötən ilədək yalnız Neftçilər Günü idi! Qutlu olsun!

20 Sentyabr – bu il, bu ayın 18-indən etibarən rəsmən Xankəndi, Xocalı və Ağdərə şəhərləri günüdür!

20 Sentyabr – bu il, bu ayın 19-undan etibarən rəsmən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür!

20 Sentyabr xoşbəxt gündür! Bir günə bu qədər gözəllik qazandıran iradəyə, qüdrətə şükürlər olsun!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

 

Bəli,

“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. – Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında belə vurğulanır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Müzəffər Ali Baş Komandan 19 sentyabr 2024-cü ildə bu günün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. Bu suverenlik öz-özünə bərpa edilmədi. Qəhrəmanlarımızın və şəhidlərimizin qanı bahasına əldə edilən ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətinə çevrildi.

Əzəli torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Ermənistana davamlı sülh üçün çağırışlar edilsə də, hər dəfə danışıqlardan boyun qaçırır, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Üçtərəfli Bəyanata əsasən 3 il əvvəl Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edilməli idilər. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarına baxmayaraq, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, qüvvələrinin sayını artırır, yeni silahlar alıb təxribat törədir, sonra da Prezident İlham Əliyevin təbirincə desək: “Təlxək” prezidentlərini seçir, qondarma parlamentlərinin adından Azərbaycan əleyhinə bəyanatlar verirdilər. 

2023-cü il sentyabrn 19-da  Qarabağda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, o cümlədən gücstrukturlarımızın hərbi qulluqçuları şəhid oldu və yaralandı. Həmin gün Qarabağda qanunsuz yerləşdirilmiş separatçıların növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Və müşahidələr nəticəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı vəziyyətinəgətirməsi təsbit edildi. Bununla da üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi və bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmasına əmr verildi. Bu əmrin icrası 23 saat 43 dəqiqə çəkdi. Separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin vəsülhməramlıların müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən Xunta rejimi silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olundu. Azərbaycan tərəfi ilə görüşdən imtina edən icmanın nümayəndələri bir günlük qasırğadan sonra Yevlax şəhərində görüşə məcbur edildi. 

Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələsindən sonra sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.Azərbaycan dövləti öz suverenliyini Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi ilə tam təmin etdi.Qələbənin möhtəşəm simvolu isə 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində təntənəli Zəfər hərbi paradın keçirilməsi oldu.

Prezident Xankəndidə xalqa müraciətində deyirdi: “Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında”. 

Vətən müharibəsindən ötən illər ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını ləngidir, qəbul etdiyi öhdəliklərin icrasını gecikdirir, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə sülh müqaviləsinin reallaşmamasına çalışır. Sülhün və sabitliyin yeganə yolu erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Aprelin 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması və humanitar məqsədlə Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz məkrli niyyətlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırımı”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla bu prosesibeynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.

İndi ölkəmizə qarşı qərəzli mövqedə dayanıb bizi qınayanlar anlamalıdırlar ki, 10 noyabr 2023-cü il tarixdə imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının səbəbkarı Ermənistandır.  Həm antiterror tədbirləri çərçivəsində, həm də sonrakı dövrdə Azərbaycan Ordusu mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektləri hədəfə almadı. Mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün humanitar dəhliz və qəbul məntəqələri də yaradıldı.

Bir zamanlar bizi təhdid edərək, “Əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik”, – deyən, yaramazlar “dəmir yumruğ”u təkrar daddıqdan sonra Yevlax şəhərinə gələrək imdad dilədilər. Düşmənin bir zamanlar qurduğu “Arsax” adlı qondarma dövlət və müstəqillik xəyalları Zəfər savaşı zamanı özləri ilə dəyərli hesab edib apardıqları sanitar qovşağına atıldı. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 100-cü ildönümündə düşmən üzərində qazanılan şanlı qələbə xalqımızın Ermənistan üçün sabahkı milli bayramları olan Müstəqillik Gününə hədiyyə oldu. Yüz ildən bəri bizə “miras” qalan bu ağrılı-acılı problembirdəfəlik kökündən həll edildi. Təbii ki, bunun əsl səbəbkarı bizə azadlığı zərrə-zərrə, qram-qram bəxş edən igid oğullar və öz andından bir anda olsun dönməyən Müzəffər Ali Baş Komandandır.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə ötən ilin sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasında keçirilən mətbuat konfransında bu sözlərlə ürəklərdə bir daha kök saldı: “...Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, – Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, – beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

Bu gün Ümummilli Lider Heydər Əliyevin “ Azərbaycan dünyaya günəş kimi doğacaqdır”ifadəsi tam reallaşıb. Bu şanlı Zəfər Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin ana xəttidir. Bu Zəfər Azərbaycan Ordusunun yenilməzlik dastanıdır. Bu Zəfəri bizə qazandırdıqlarına görə biz də əsgərindən zabitinə qədər bütöv Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyuruq. Onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayanbütün azərbaycanlılar öz əsgər və zabiti ilə qürur duyur. Onların bizə yaşatdığı bu qələbə əbədi bizimləqalaraq tariximizdə əbədi yaşayacaq. Gələcək nəsillər isə bizə bu qələbəni yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu şüarını bayraq edəcəklər: “Nəyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”. 

Azərbaycan əsgərinin öz ulu babası Pənahəli xanın qurub tikdiyi Xankəndiyə doğru atdığı addımların səsini Nyu-Yorkda eşitdirən Rəcəb Tayyib Ərdoğan sözlərini Vaşinqtonda BMT-nin Baş Assambleyasında bu cümlə ilə tamamladı: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.

Cəmi 23 saat 43 dəqiqəyə dövlət suverenliyi bərpa olundu. Bəlkə də, tarixdə belə bir qələbəyə kimsə nail olmayıb. İndi Qarabağ üçün canını fəda etmiş bütün qəhrəmanların ruhu şaddır. Bu qələbəni xalqımıza yaşatdılar. Elə xalqımıza da qələbə yaraşır, Zəfər yaraşır. Müzəffər Ali Baş Komandanın ötən il oktyabr 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən dediyi sözlər, bəlkə, yüzilliklər boyu el-el, oba-oba gəzərək azərbaycanlı qanı daşıyan hər kəsin dillər əzbəri olacaq. “…Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimidir, Qarabağ Azərbaycandır!

Dövlət Suverenliyi Günümüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Cümə, 20 Sentyabr 2024 10:27

BİR SUAL, BİR CAVAB Aysel Nəsirzadə ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

-Kimə gileylənim, kimə dərd yanım,

Bilməm kimi düşmən, kimi dost sanım.

Ay məni hamıdan tez anlayanım,

Nə tez unutdun məni?   (Aysel Nəsirzadə)

 

Aysel xanım, qarşı tərəf unudursa, deməli, biz heç onun üçün var olmamışıq. Varlığı ilə varlığımızı var edənlər bizi yox biləndə yoxluğumuza matəm tutmalıyıq, yoxsa, beynin sözünü dinləyib qəlbə anlatmaq lazımdır ki: " Anla, öz dəyərini bil, özünü çırpma sinədəki qəfəsinə, ritmlərini qaydaya sal."

 

CAVAB

-Mənə elə gəlir, heç bir insan unudulmağa məhkum edildiyini hiss edib unudulmamaq üçün əlindən gələni etməyə cəhd etməməlidir. Biz varıq! Kimsə bizi varlığıyla var edə bilməz, sadəcə, varlığımıza yoldaşlıq edə bilər sevgisiylə. Sevgi bitəndən sonra artıq o insanın varlığı, yoxluğu sənə maraqlı gəlmir, nə də sən ona maraqlı gəlirsən.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ədvalarla can əti bükməsinin 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR (nüsxə):

§ Can əti – 214 qr

§ Kərə yağı – 30 qr

§ Mərzə – 3 qr

§ Zəncəfil – 3 qr

§ Cirə – 1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Can əti lazımsız pərdələrdən təmizlənir. Duz, istiot vurulur, hər iki tərəfi qızardılır. Soyuduqdan sonra ərinmiş yağa darçın, üyüdülmüş cirə, zəncəfil, mərzə vurulur, məhlul hazırlanır və qızardılmış ətin üzərinə yaxılır. Sobaya (yaxud kürəyə, təndirə) qoyulur, lazım olduqda çevrilir. Qızarma zamanı ayrılmış şirə üzərinə gəzdirilir. Folqaya bükülsə, daha yaxşı olar. 200°C-də 20-25 dəqiqəyə hazır olur. Sobadan çıxarılır, 5 dəqiqə dincə qoyulur. Sonra doğranır, pay şəklində və ya bütöv halda qoyulur və süfrəyə verilir. Yanında tərəvəz, düyü, paxlalı bitkilər, göyərtilər, sobada bişirilmiş meyvələr qoyulur. Bunlar olmasa da süfrəyə verilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə Yusif Nəğməkardır. Bu dəfə şair “Zeytun ağacında yetişən şeir” söyləyir.

Xoş mütaliələr.

 

 

ZEYTUN AĞACINDA YETİŞƏN ŞEİR                         

 

Mənim iş yerimdən yuxarıdakı

Zeytun ağacından dərdim bu şeiri.

Meyvəsi alışan buxarıdakı

Tüstü qanadına sərdim bu şeiri.

 

Uçar duyğularım dalınca baxdım,

Gözümü qırpmağa macal olmadı.

Zeytun ürəyimi yandırıb-yaxdım,

Tərkdil təəccübüm donuq qalmadı...

 

Sardı sentyabr meyvələrini;

Zoğlar sığallandı külək daraqla.

Sozalan istidə Xəzri sərini

Atlaz yarpaqları bir-bir varaqlar...

 

Armudu meyvələr-girdə zeytunlar

Titrəşən budaqda, yerdə zeytunlar -- 

Yeni səhfələrdə yeni fikir bar

Alıcı, oxucu yönünü tapar.

 

Yay, payız havalı, nəm libaslı dad,

Hər düyümü - bir bənd, misra-misra ad.

Soyuğa dözümlü, odadavamlı,

Alışan şeirtək ocağı vamlı.

 

Barmaq-barmaq yarpaqların üzü boz,

Qafiyələr saplağının düzü toz.

Təbiət də təb kimidir, gəlməsə,

Qırıq fikir köklərindən izi poz.

 

Mən heyran qalmışam can qadağına -- 

Qəlb odum ağaca bağışlanıbdır.

Qonub könlüm quşu şah budağına,

Orda günəşlənib, yağışlanıbdır...

 

Şaxlı budaqların meyvələritək

Ahəngim, ruhəngim yetişə bilsin.

Təm-təmə, cəm-cəmə bir tumda gərək

Dağınıq xəyalım bitişə bilsin.

 

Görkünə uzanan yolu ağ açın,

Bərəkət güzarın sorğunu olum.

Anası Abşeron olan ağacın

Bəhərdən barınan vurğunu olum.

 

Gündüz Günəş-Günəş bitişən şeirin

Hüsnü gecələrin Qəməri olsun.

Keşkə qəlb ağacda yetişən şeirin

Bir gilə zeytunca səməri olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Cümə, 20 Sentyabr 2024 16:13

Hər son bir başlanğıcdır - HEKAYƏ

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

"Gecə saat üç, günlərdən ən yorğun gün idi. Bu gün də hər gün olduğu kimi işləyib, hər birimiz bir yerdə oturub, səhərin açılmağını gözləyirdik. Biraz sonra əməliyyat bloku həkimlərlə dolmağa başladı, biz çaşqınlıqla nə olduğunu aydınlaşdırmağa çalışarkən bir tərəfdən də ətrafa yayılan qan damcılarına gedirdi fikrimiz. Çarəsizsə xəstəni qaldırıb kömək etməyə çalışırdıq və olduqca çox sarsıdıcı bir hiss idi. Bir tərəfdən uşağını bir daha görə bilməyəcək ehtimalı olan ana, bir tərəfdən də həyata hələ gözlərini açmamış  bir uşaq vardı qarşımızda. Seçim etmək çox çətin idi, amma çətin də olsa bir qərar verilməli idi. Artıq qərar dəqiqləşdi. Bir neçə dəqiqə sonra hər tərəfi uşağın ilk qışqırıq səsləri bürüməyə başladı, axır ki, onu xilas edə bilmişdik, o yaşayacaqdı, artıq onu böyüdən bir anası olmasa belə.."

 

İl 2005 ci il, 15 sentiyabr,  ilk dərs günü.. 

Bu gün o balacanın həyata atacağı ilk addımlardan birinin təməli qoyulmuşdu. Atası qızını məktəbə aparır, anasının yoxluğunu qızına yansıtmamağa çalışır, onunla dünyanın sanki tək insanı kimi davranırdı, artıq nə qədər bacarırdısa.

Balaca qız beləcə günlərini ötürərək həyatı başa düşəcək yaşa gəlmişdi, amma başa düşmək istəmədiyi bir gerçək vardı. İnanırdı ki, bir gün nə vaxtsa anası ilə görüşəcək və onunla yenidən həyatını yaşayacaqdı, bəlkə də haqlı idi, kim bilir.

Axı hər kəs inanmaq istədiyi yalanı gerçək bilir....

 

+ çox pis və sarsıdıcı hadisədir, ən az sizin qədər məyus oldum madam.

- bəli elədir, bəzən bu cür xatirələr heç vaxt yaddan çıxmaya bilir.

+ indi necə, yenə bu sənət üzrə işləyirsiz?

- xeyr, bəzən insan elə bir qəribə hadisə yaşayır ki, sevdiyin ən özəl istəkdən belə imtina edə bilirsən. Ruhumu sarsan heç nəyə dözüm göstərə bilməzdim. Amma pis olmuram. Məncə, bu həyatda heç nə son deyil. Hər son bir başlanğıcdır deyə düşünürəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Bir şeirin hekayəti" adlı rubrikamızın qonağı:

... Deyirdim, nə geyər bu gün üçün o,

Qırmızımı geyər, qaramı, ağmı?

Qapqara geymişdi günü ağ olmuş,

Kəməri, çantası qıpqırmızıydı. - söyləyən Əkbər bəy Qoşalıdır.

 

Xoş gördük, dəyərli şairimiz! Bir bənd söylədiyim “Həsrətin hekayəti" adlı şeirinizdən idi. Rubrikamızın şərtlərinə görə şeirlərinizdən birinin yaranma tarixinə nəzər salmalıyıq.

İstəyirik ki, oxucular öz şairlərinin "sirli dünyasına" az da olsa səyahət edə bilsinlər.

Dəyərli Əkbər bəy, bizə " Bir şeirin hekayəti"- ni söyləyin.

 

-“Gözlərim yol çəkir” şeirinin hekayətini söyləyirəm. 

 

GÖZLƏRİM YOL ÇƏKİR

 

Bəlkə də, bir gələn var,

Gözlərim yol çəkir, yol;

Ölü dillər kimiyəm,

Sözlərim yol çəkir, yol...

 

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu - qələm, bu - kağızdı,

Özləri qol çəkir, qol...

 

Uzaq yolum təngiyir,

Uzun qolum ləngiyir;

Sağ gözümdü səyriyir,

Ürəyim sol çəkir, sol...

 

Bir şeir necə yaranır? İlginc sualdır. Şeir yaranırmı, yaradılırmı, yaradırmı? – Bəlkə də, bu sualların hamısına müsbət cavab vermə haqqımız vardır. Çün, şeirdir, bu, şeir!..

 

Mən bu şeiri COVİD19 pandemiyasına görə qəti və sərt qapanış dönəmində - 2020-ci ilin yayında yazmışam. O günlərin havası, ortamı bir başqaydı. Açığı, ikidən-birdən yaşamamışdıq, bizimçün qəribə təcrübəydi və bu qəribəlik hər kəsdə bir cür təzahür edirdi. Mən həmin qapanış dönəmində günlərlə şəxsi kitabxanama və özümə çəkilmiş olurdum. Bununla belə, kitab-dəftər, şəkil, rəsm, ekran seyri... deyərkən, aradabir kiminləsə zəngləşmək, dərdləşmək keçməzdimi könüldən?.. Bir də baxırdın gözlərin yol çəkir, yol çəkir... Və nə gələn var-nə gedən... Üstəlik, o günlərdə hələ torpaqlarımız işğal altındaydı, mənim böyük oğlum da hərbi xidmətdəydi, özümüz işə çıxmırdıq və s. 

Ayaq getmir, ancaq ürək gedir axı... Kimsə gəlmir ancaq duyğu, düşüncə, fikir gəlir axı... Bax, o ovqatın, o günlərin şeiridir bu...

O günlərdə sanki keçmişdən qalaqlanıb qalmış işlərdə bir səliqə-sahman yaratmaq, heç olmazsa, yazı-pozuma, arxivimə, kitab-dəftərimə nizam gətirmək istəyirdim. Kitab-dəftər deyirsənsə, duyğu, düşüncə, fikir deyirsənsə, söz, dil, yazı... qayğısı da şahə qalxır... Və təbiətdə, insanda, mədəniyyətdə, mənəviyyatda mövcud olanlarla çatışmazlıqlar arasında, bir sözlə, özünlə kainat arasında bir bağ qurmaq istəyirsən... Dışarı çıxmaq qadağandır, COVİD19 adlı bir qeyri-müəyyən bəla dünyada tüğyan edir, bu yandan da öz dünyan çalxalanır, sakin olmur ki olmur... Rəhmətlik Vaqif Səmədoğlu demiş,

“Millət, dövlət zirvəsindən

İnsana enmək vaxtıdır” düşünürsən gah, gah da elə milləti, dövləti düşünürsən...

Bəlkə də bir gələn var – gəlmir yaxud bizə gəlmir... O gələ-gələ gəlməyən də bir yerdə yol gözləyir yəqin... Gözlər ha orda, ha burda – illa yol çəkir, yol çəkir... Amma nə olsun? – Nə gələn var, nə gedən... Eynən ölü dillər kimi olur adam... – Sanki bu dəfə sözlər yol çəkir, sözlər özü...

 

Bəs Yer üzü beləykən Ulu göy üzü nə “düşünür” görəsən?... İnsanoğlu üzü göy üzünə sarı nə düşünürsə duaya, alxışa çevirir... Dua qalxandır – qoruyur, alxış qılıncdır – kəsir...

Yenidən öz dünyanla dünya arasında bağa baxırsan, təzada baxırsan, uyğunluq görürsən, uyğunsuzluq görürsən... Bir də görürsən ki, qələm kağıza endi, şeir yarandı...

 

O zamanlarçün Şuşaya gedə bilməmək vardı, bu yetməzmiş kimi, bir də heç öz doğulduğum Qoşaya gedə bilməmək vardı... Bəzən heç evdən küçəyə çıxa bilmirdik... Uzaq olsun!  

Uzaq yolumuz təngiyirdir o vaxtlar... Rəhmətlik Hamlet Kazımoğlu demiş, “Qollarım gücümdən ağrıyır mənim” durumunda - qərib iqlim qurşağındaydıq... Sağ gözümüz səyriyirdi, sol yanımız ağrıyırdı...

 

İntizar və inam, həsrət və dözüm, çölüm və özüm... – Belə düşüncələrə dalmalarım, bir cür qərib hallarım vardı o günlər... Məgər bir neçə günə Tovuz döyüşləri olacaqmış, ondan bir neçə həftə sonra Vətən müharibəsi olacaqmış... Ruhumuza nələrsə damırmış məgər... nələrsə agah olurmuş...

Bax, bu şeir o “ruha damanlar”dan yaranıb...

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Sultanlının hekayəsi təqdim edilir. 

 

 

Əvvəlcə vahiməli bir səs duydu. Yönü, səmti bəlli olmayan bu səs bütün özgə səsləri yeyə-yeyə böyüyür, göy üzünə dağılaraq əks-səda verirdi. Səsin hayandan gəldiyini bilmək üçün başını qaldıranda qəfildən təpəsinə çırpılan daşın zərbindən sanki beynində ildırım çaxdı və huşunu itirərək daş kimi üzüqoylu düşdü.

Handan-hana özünə gələndə daşa basıldığını zənn edərək əllərini yerə dayayıb birtəhər ayağa durmaq istədi, ancaq qalxmağa macal tapmamış eynən bayaqkı kimi zərblə təpəsinə çırpılan daşın sinirləri boyu axan dözülməz ağrısi ilə birgə dəhşətli təlaş duydu. 

Göydən daş yağırdı.

Hardansa acı fəryad səsləri eşidilirdi; kimsə dəhşət içərisində qışqırır, haray çəkir, başqa birisi doğmasını itiribmiş kimi için-için hönkürür, daşqalaq edilən ümidsiz bir səs isə Tanrıya yalvarır, imdad diləyirdi.

Kürəyinə döyən daşların altında güc-bəla sürünüb çardağın altına girdi, buranı yağış tutmadığından bir qədər təhlükəsizdi, həm də daldalandığı yerdən göy üzünü seyr etmək mümkün idi. Əlini yavaşca başına, boyun-boğazına, üz-gözünə çəkdi - qanı daşlara dağılınca əməlli-başlı yaralandığını duydu.

Daş yağışı altında birdən-birə daşlanmış, dışlanmış həyatın miras qoyduğu, zülmətə calanmış yaddaşı işıqlandı. Açdığı qapılar üzünə çırpılarkən dalınca atılan, ağrısı hələ də kürəyini sızladan qara daşları xatırladı. İllərin arxasında  boynuna yükləmiş ömrün sarayından qopan daşların bayquş ulayan xarabalığı uzanıb gedirdi. Nə zamansa özünün də daşa dönəcəyinin xofu içərisində ömrünü-gününü hər yetənə daş atan, nəfsi daşı çatladan, daş qəlbli insanların çevrəsində çürütmüşdü. Ürəyinə daş bağlayaraq içinə yığılmış, artıq tamahın daş yardığını bildiyindən daşdan yumşaq nə tapmışdısa, qane olub taleyi ilə barışmışdı. 

Maviliyini itirərək bomboz daş rənginə boyanmış göyüzünə düşən bulanıq ləkənin kölgəsi altında vaxtın dayandığını, illərlə ömrünü yeyən, heç cür vaz keçə bilmədiyi arzularının yox olduğunu anlayınca içinin burxulduğunu duydu.

- Bu zülm yerdə qalmaz. Tanrı göydən daş yağdıracaq...

Ta uşaqlıqdan dünyada zülmün ərşə dirəndiyi, Tanrının göydən daş yağdıracağı ilə bağlı qarğış və nifrinlər eşitsə də, bu sözlərə bir elə məhəl qoymamışdı, indi isə insanlar doğrudan-doğruya yaradanın qəzəbinə tuş gəlmişdi. Yağış gücləndikcə göydən tökülən daş parçaları da böyüyür, ətrafa qəribə bir qoxu yayılırdı, alışmadığı bu kəsif qoxuya heç cür dözüb-dayana bilmirdi; sanki dünyanın havası azalırmış kimi boğulur, nəfəsi daralırdı.

Get-gedə şiddətlənən daş yağışı ilə birgə bütün səsləri örtüb basdıran göy gurultusundan qulaq tutulurdu. Əvvəllər də göy gurultusu eşidəndə özündən asılı olmayaraq gizli təlaş keçirərdi. Ancaq indi daş yağışının gətirdiyi gurultu hər zamankına bənzəmirdi, səma elə guruldayırdı ki, sanki göy qübbəsi sökülüb yerə töküləcəkdi. Göy gurultusunun arasından qulaqlarına qurd ulartısına, it zingiltisinə, quş çığırışına bənzər səslər dəyirdi. Ağlı, şüuru kəsəndən bu yana dünyada belə bir səs duymadığından quruyub qalmışdı. 

Sığındığı çardağın üstü başdan-başa göydən yağan daşlarla örtülmüşdü. Böyür-başında da irili-xırdalı daş yığını qalaqlanmışdı. "Belə getsə, çardaq daşların ağırlığına dözməyəcək. Gərək yağış güclənməmiş özünə daha münasib yer tapaydı. İndi neyləyəcək, nə yolla xilas olacaq?" - içini rahatsızlıq bürüdü.

Artıq xilas yolunun olmadığını, hər şeyin bitdiyini, düşünür, son zamanlar baş verənləri zehnində çək-çevir edərək, nədən göydən daş yağdığının sirrini, səbəbini anlamağa çalışırdı. "Bəlkə elə qiyamət günüdü?" - ixtiyarsız olaraq zehinindən keçən bu fikri qovmaq istədi.

Çardağın altından gözlərinin önündəcə xarabalığa dönməkdə olan həyəti, bağ-bağçanı ürək ağrısı ilə seyr edirdi - bütün yaşıllıq daş-kəsəyin altında qalmış, çayır-çəmən daş yığınına çevrilmişdi. Yağış gurlaşdıqca daş parçaları havada bir-birinə çırpılaraq dağılır, toz zərrələri ətrafı örtüb bürüdüyündən göz-gözü görmürdü. Böyük bir daş yaxınlıqda yerə düşərək dəhşətli gurultu qopardı. Toz dumanı bir qədər səngiyincə daşın düşdüyü yerdə dərin çuxur açıldığını gördü.

Göydən iri daşlar yağdıqca xırda çınqılları kənara sıçradırdı. Bəzən çınqıllar onun daldalandığı çardağın altına da sıçrayıb düşür, belədə qorunmaq üçün əlləri ilə üz-gözünü qapayırdı. Yağış tezliklə kəsməsə, sığındığı çardağın altında, ətrafını örtüb dolduracaq daş yığınının əhatəsində qalacaq, dünya ilə tamam əlaqəsi kəsiləcəkdi.

Hərdən başını qaldırıb qorxa-qorxa göydən yağan daşların ağırlığından dirəkləri əyilmiş, tavanı şişərək qarın vermiş çardağı süzürdü. Açıq-aşkar hiss olunurdu ki, çardağın tavanı daş-kəsəyin ağırlığına tab gətirməyəcək və yağış bu minvalla davam edərsə üstünə çökəcək. Çardaq çökərsə, burdan sağ qurtulması mümkün olmayacaq, qurtulsa belə sığınacaq üçün dalda yer bula bilməyəcəkdi. Hər ehtimala qarşı, çardaq üstünə çökməmiş başının çarəsini qılmalıydı.

Çardağın altında üç-dörd ay öncə evin həyətinə döşəmək üçün alıb gətirdiyi yastı sal daşlar yığılmışdı. Tələsik daşları üst-üstə düzərək qoşa divar hördü və adam yerləşəcək böyüklükdə məzara bənzər sığınacaq hazırladı. Sonra sal daşların nisbətən qalınlarını seçib hördüyü alçaq divarın üstünü örtərək tavan düzəltdi və açıq saxladığı baş tərəfdən sürünüb sığınacağa girdi.

Zənnində yanılmamışdı, çox keçmədən çardaq üstünə yağan daşların ağırlığına dözməyərək gurultu ilə uçub dağıldı. Toz dumanı yatandan sonra ürəyi üstünə gəldi - yeri darısqal olsa da, təhlükəsizdi...

Çoxları kimi çörəyi daşdan çıxan, hər addımda çarəsizliklə üz-üzə qalaraq başına haranın daşını tökəcəyini bilməyən insan ömrü yaşamışdı. Hayana üz tutmuşdusa, ya yolu daşlı-kəsəkli olmuş, ya qabağına daş dığırladıldığından özünə gün ağlaya bilməmişdi. Daş atıb başını tutan insan tünlüyündə daşların ağırlığını çiyinlərində, vaxtsız əyilən qamətində hiss etmişdi. Bir ara hər şeyə tüpürərək baş götürüb özgə bir diyara pənah aparmaq istəmiş, ancaq dünyanın qanla çəkilmiş sərhədləri keçilməz daş divarlara çevrilərək önünü kəsmişdi. İndi isə bu dar macalda, iki daş arasında təkcə özünün deyil, dağılan dünyanın, üzünə daş yamanmış insanlığın taleyinə acıyırdı.

Artıq fəryad, yalvarış, imdad diləyən səslər tamam kəsilmişdi. "Güman ki, dünya daş yağışının altında qalıb məhv oldu" - ağlından keçən bu fikirdən büsbütün sarsıldı. Əgər sağ-salamat daş qalağının altından xilas olarsa, neyləyəcək, hayana üz tutacaq, necə yaşayacaqdı?

 

*

Gecəni səhərə qədər hərdən güclənən, hərdənsə öləziyən yağışın altında, gələcəyindən əli üzülmüş halda, bundan belə taleyin onu hayana sürükləyəcəyi düşüncəsilə beynini yordu. Hər tərəf zülmət qaranlıq, daş kimi soyuq olduğundan özünü məzardaymış kimi hiss edirdi. Elə bil qurtulmaq üçün daldalanacaq deyil, məzar tikmiş və sinə daşını qoymağı aramsız tökən yağışın öhdəsinə buraxmışdı. Sığındığı yer darısqal olsa da, əl-qolunu tərpədə, o yan bu yana çevrilə bilirdi, ancaq yuxusu ərşə çəkilmişdi, yalnız səhərə yaxın daş kimi yuxuya gedərək bir hovur gözlərinin acısını aldı.

...Yuxuda yağışın hördüyü divarlarla dövrələnmiş sarayın qarşısındakı elçi daşının üstündə oturmuşdu. Divarların çevrəsində özünü məhbəsdəymiş kimi hiss edir, xəyalında uzaq üfüqləri canlandırmaq istəsə də, yaddaşı daş altında qalıb əzildiyindən bulanır, heç nəyi xatırlaya bilmirdi. Divarlar daş addımlarla ağır-ağır üstünə yeriyirdi. Sarayın çevrəsindəki viran qoyulmuş yurdların xarabalığında qara geyimli kimlərsə daşları torbalarla daşıtdırırdı. Üzündə dərin qırışlar açılmış bir qoca dodaqlarının altında kiminsə qarasınca "adın daşlara yazılsın" qarğışını pıçıldaya-pıçıldaya özünün də batdığı hansısa günaha, ya uyduğu yalana görə başını daşa döyürdü.

*

Oyanıb gözlərini açanda əvvəl-əvvəl harda olduğunu kəsdirə bilmədi, handan-hana özünə gələndə dünən baş verənləri xatırlayaraq yuxunun unutdurduğu rahatsızlığı qayıtdı. Hava toranlıq olsa da, daşların arasından yağışın səngidiyi hiss olunurdu. Gördüyü yuxu onu əməlli-başlı sarsıtdığından, özünü dəyirman daşı altında əzilərək anadan əmdiyi süd burnundan gələn insan yerində sanırdı. Ömrün mənasızlığına əsir olduğunu, başı daşdan-daşa dəydikcə hər şeyə boyun əydiyini, bu dünyada qara daşların göyərəcəyi ümidilə tora salındığını anlayırdı. Əyilən yüklərin qəribliyə atdığı daş kimi idi, yerbəyerdən vücuduna sarmaşan daş baxışların soyuq caynağında sıxılırdı. Əslində başlar qədər daşlar olan dünyada ömrünü yelə verdiyinin fərqində idi, bəlkə də vaxtında hər şeyi götür-qoy edərək daşı ətəyindən tökə bilsəydi, başı daşlı olmaz, bunca kor sınaqlarla üzləşməzdi.

Daşın ağırından yapışdığı, özünü daşı sıxsa suyunu çıxaracaq qədər güclü sandığı zamanlar arxada qalmışdı. Fələyin çərxi tərsinə dövran etdikcə sözü daşdan keçənlərin çevrəsi daralır, əli-qolu bağlandığından atdığı oxlar daşa dəyirdi. Yalanın qanad çıxardığı, həqiqətin bir daş altda bir daş üstdə qoyulduğu dünyada hər şey dalana dirəndiyindən çıxış yolu tapa bilmirdi, ancaq daş qayaya rast gəlibmiş kimi inadına yenilmək istəmirdi.

Bir ömür ruhunu qamaşdıran, xəyallarının üfüqlərində sayrışan hansısa mübhəm, sirli pəncərədən daş gələcəyini gözləmiş, həyatına rəng qatılacağına, taleyinin dəyişəcəyinə yalın ümidlər bəsləmişdi, ancaq gözləyə-gözləyə gözlərinin kökü saralmış, daşdansa səs-soraq çıxmamışdı.  

Səhər üzü, gecənin qaranlığı əriyib bozluğa qarışanda artıq yağış kəsmişdi, əlləri ilə daşları sağa-sola itələyərək çətinliklə özünə yol açdı və birtəhər sığındığı yerdən sürünüb çıxdı. Gözləri önündə açılan mənzərə onu dəhşətə gətirdi - kənd daş yağışının altında yox olub itmişdi. Təkcə kəndin tikililəri deyil, örüş yerinin kənarı ilə axıb gedən çay, qədim tağlı körpü, çayın vadisilə uzanan seyrək qayın meşələri, bir qədər aşağıda isə il uzunu suyu çəkilməyən qamışlı bataqlıq yağışdan sonra daşlığa çevrilmişdi. Min illər boyunca tikilən, qurulan hər şey yerlə bir olmuş, daş üstdə daş qalmamışdı.

Başını qaldırıb ürkək nəzərlərlə göyüzünü süzdü. Hava işıqlı olsa da, günəş gözə dəymirdi, səma bomboz örtüyə bürünmüş, daş yağışı dünyanın bütün rənglərini, qoxularını, səslərini yuyub aparmışdı. "İndi neyləyəcək, başına haranın daşını tökəcəkdi?" - daş yağışının yaratdığı vahiməli mənzərəni seyr edə-edə düşündü.

Hayana üz tutacağını kəsdirə bilmədiyindən qarasına bir səmt tutub getməyə başladı. Heç olmasa, göy üzündə günəş olsaydı, bəlkə onun doğuşu-batışıyla dünyanın səmtini müəyyənləşdirə bilərdi. Ancaq yer üzü daş yağışı altında qalmışdısa, səmtin nə fərqi olacaqdı ki... Ən dəhşətlisi bu idi ki, eynən yuxuda gördüyü kimi, üfüqlərin önünü daş divarlar kəsmişdi.

Hər tərəf irili-xırdalı daş-kəsəklə örtüldüyündən yerimək çətin idi, addımını atarkən ani bir ehtiyatsızlıqdan ayağının burxulacağından, yıxılıb zədələnəcəyindən qorxurdu. Bununla belə, dayanıb gözləyə bilməzdi, necə olursa olsun yürümək, daş yağışının tutmadığı, həyatın sönmədiyi bir səmtə varmaq istəyirdi.

Yağış başlayanda təpəsinə çırpılan daşların ağrı-acısı, bütün gecəni qorxu içərisində çardağın altındakı məzar kimi sığınacaqda keçirməsi, beynində kükrəyən düşüncələrin ağırlığı, tarıma çəkilmiş əsəbləri onu əməlli-başlı yorub əldən salmışdı. Yorğunluqla yanaşı, içini bürüyən qorxu və ümidsizlikdən bütün vücudunun sustaldığını hiss edirdi; başı hərlənir, gözləri qaralır, müvazinətini güclə saxlayırdı.

Zaman hiss olunmadan axıb keçirdi; yol uzanır, məkan dəyişir, ancaq boz daş yatağına dönüşmüş yer üzünün yeknəsək görünüşü dəyişmirdi. Yorulub əldən düşsə də, dayanıb dincəlmək istəmir, bir an öncə dünyanın əzəli mənzərəsinə qovuşacağı ümidilə bilinməzliyə doğru addımlayırdı.

Hərdən isə daş yığını altından özü kimi sağ çıxa biləcək insanlarla qarşılaşacağına çarəsizcə ümid bəsləyir, tez-tez ayaq saxlayaraq çevik baxışlarla sağa-sola boylanır, əlini qaşına kölgələyərək uzaqları süzür, ancaq daş yağışının buraxdığı bu sonsuz düzəngahda bir kimsə gözlərinə dəymədiyindən yenidən yoluna davam edirdi.

Get-gedə artan xof və həyəcan içərisində daş yatağının üstü ilə addımlaya-addımlaya olub bitənləri bir daha zehnindən keçirirdi. Qorxulu bir yuxu gördüyünü düşünərək təskinlik tapmaq istəsə də, fəhmlə bunun acı gerçək olduğunu anladığından tezcə də özünü aldatmaq üçün xəyalından keçirdiyi təsəllilər uçulub dağılır, yenidən ümidsizliyə yuvarlanırdı.

...Nə qədər yol getdiyini bilmirdi, ancaq mənzərə dəyişməmişdi; ucsuz-bucaqsız daş yatağından savayı gözlərinə heç nə toxunmurdu. Dünya yaranandan bəri həyat adına var olan canlı-cansız hər şey dağılaraq daş yığınının altına gömülmüşdü. Dünyanın rəngi-ruhu solmuş, yaşıllığı, gözəlliyi, təravəti büsbütün yox olmuş, yerini nəhəng bulanıqlığa tərk etmişdi.

Ona elə gəlirdi ki, Tanrı öz yaratdıqlarını bir həmlədə məhv etmək üçün göydən daş yağdırmışdı və indi üstüylə yeridiyi bu daşlar dünyaya gəlmiş-getmiş insanlara qoyulan başdaşlarıdı... Bunun gerçək olduğunu xəyalında canlandırır, indi məzarlığın üstüylə addımladığını düşünərək qarışıq hisslər keçirirdi.

"Bəs nədən Tanrı öz yaratdıqlarını belə amansızlıqla cəzalandırmış, rəhmsizcəsinə yer üzündən silmişdi? Axı, dünya yaranandan bu yana belə fəlakətlə üz-üzə qalmamışdı... Yoxsa, bütün bunlar insanlığı yeyib bitirən ədalətsizliyə son qoymaq, tökülən qan izlərini kəsmək, yer üzünə nizam vermək, ya bəlkə dünyanı yenidən yaratmaq üçündü?" - heçliyə ünvanlanan bu sualların cavabsızlığı ona rahatlıq vermirdi...

Məcrasından çıxmış vaxt ağır-ağır sürünürdü.

Daş səssizliyindən qulaq tutulurdu... 

 

*

Aradan nə qədər zaman keçdiyini xatırlamırdı. Başını qaldıranda özünü qayalıqda daş mağaranın önündə, vücudunu tük basmış çılpaq, yarımvəhşi insanların qarşısında gördü. Ağzını açıb nə isə soruşmaq istədi, ancaq onu qorxu və heyrətlə süzən insanların əl-qol hərəkətlərindən dilsiz olduqlarını anladı.

Daş dövrünə düşmüşdü.

              Aprel-may 2024,

              Dubay-Bursa-Bakı

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.