
Super User
TANIDAQ! - Vətən qəhrəmanı Əli Kazımovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tanıyaq! Daha bir Vətən qəhrəmanı - Hərbi Dəniz Qüvvələrinin mənsubu Əli Kazımov.
Bu gün onun doğum günüdür.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı Əli Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Nürgüt kəndində anadan olub.
1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızı bayraqlı Xəzər Ali Hərbi–Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis–şturman" ixtisasına yiyələnib.
İndi isə sizə onun hərb sahəsində əldə etdiyi nailiyyətlərindən söz açım.
1978–1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı olmuşdur.
1989–1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakültəsində ali hərbi təhsil alan zabit Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat–səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat–Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat–Səfərbərlik İdarəsinin rəisi–Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir.
Daha sonra başqa vəzifələrdə Vətənə xidmət göstərmiş, 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdı. 2 il sonra isə genaral - mayor Əli Kazımov ömrünün 60-cı ilində dünya ilə vidalaşmışdır.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)
Lənkəranda “Ölüm sevinməsin qoy” deyildi
Könül, “Ədəbiyyat və incəsənət”
15 fevral 2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Azərbaycanın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 115 illiyi münasibətilə "Ölüm sevinməsin qoy.." adlı tədbir keçirildi.
Tədbir barədə daha dolğun məlumat almaq üçün AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərliyə müraciət etdik.
Qafar Cəfərli bildirdi ki, tədbiri giriş sözü ilə o özü açıb. O, görkəmli sərkərdənin yubiley tədbirinə yığışan bütün iştirakçıları salamlayıb, İkinci Dünya müharibəsində sovet xalqının faşizm üzərində qələbə qazanmasında azərbaycanlıların göstərdiyi şücaətdən danışıb. Bu şanlı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-mayor yüksək hərbi rütbəyə və Sovetlər dövrünün ən yüksək mükafatı olan Sovet İttifaqı Qəhrəmanı adına iki dəfə layiq görülən Həzi Aslanovun xidmətlərindən söz açıb. Qafar Cəfərli hərbi sərkərdə olaraq Həzi Aslanovun ədəbiyyatımızda ən çox tərənnüm olunan ədəbi qəhrəman kimi xalqımız tərəfindən çox sevildiyini xüsusilə vurğulayıb. Bu səbəbdən AYB Lənkəran Bölməsi olaraq bu tədbirin keçirilməsini həm də mənəvi borc olaraq qəbul etdiyini, görkəmli sərkərdənin əziz xatirəsinin anılmasının insanlarımızın, xüsusən gənclərimizin hərbi vətənpərvərlik ruhunun formalaşmasında önəmli rol oynadığını bildirub.
Sonra Q.Cəfərli sözü tədbir iştirakçılarına verib. Həzi Aslanovun Ev Muzeyinin direktoru Həcər Nəsirova generalın həyat yolundan, muzeyin fəaliyyətindən, qəhrəmanla bağlı görülən işlərdən danışıb. Lənkəran Dövlət Tarix Diyarşünaslıq Muzeyinin direktoru, LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova məruzəsi ilə qəhrəmanın keçdiyi həyat və döyüş yoluna işıq salıb. AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məşhur sərkərdə haqqında rus və Azərbaycan ədəbiyyatında yazılmış bədii, tarixi və publisistik əsərlər, filmlər barədə məlumat verib. Azərbaycan ədəbiyyatında H. Aslanov obrazını yaradan yazıçı və şairlərlə yanaşı yerli yazarlardan Məmmədhüseyn Əliyevin, Mirhaşım Talışlının, Şəkər Aslanın, Mütəllim Abdulovun, Qüdrət Cəfərovun, Səyavuş Süleymanlının, Xudaverdi Cavadın və başqalarının əsərlərindən söz açıb.
Tədbirdə çıxış edən yazıçı Səyavuş Süleymanlı H.Aslanova həsr etdiyi "Tale yolu" romanı, "Qətl" pyesi və "Xəbis niyyətlər" hekayəsi haqqında danışıb. Şair-publisist Xudaverdi Cavad "Generalla söhbət" poemasının yer aldığı eyni adlı kitab barədə iştirakçılara məlumat verib, poemadan parçalar oxuyub. Yazıçı-publisist Şəfahət Şəfi "Müharibənin taleyini dəyişən sərkərdə" adlı pyes yazdığını qeyd edib.
Tədqiqatçı-tarixçi İldırım Şükürzadə öz çıxışında Həzi Aslanovun adının əbədiləşdirilməsi tarixindən, Lənkəranda ona qoyulmuş abidələrin, onun adını daşıyan müəssisə və təşkilatların tarixindən söz açlb.
Yazarlardan Hafiz Mirzə, Bəxtiyar Hüseynov, Əlizadə Əsədov və Kamil Duyğun Lənkəranın mədəniyyət və idman sahəsində Həzi Aslanova həsr etdikləri mədəni-kütləvi tədbirlərdən, adına təyin olunan mükafatlardan, idman turnirlərindən danışıb, bu tədbir və yarışların bir ənənə halını aldığını söyləyiblər
Şairlərdən Salman Məmmədoğlu, Nəriman Azəri və Əfsanə Soltan qəhrəmana həsr etdikləri şeirlərini oxuyublar
Tədbirdə iştirak edən gənc qiraətçilərdən Lənkəran şəhər 4 saylı tam orta məktəbin şagirdi Zəhra Əliyeva və 5 saylı tam orta məktəbin şagirdi Nazxanım Rzayeva H. Aslanova həsr olunan şeirlər ifa ediblər.
Tədbirin sonunda Qafar Cəfərli çıxış edərək ruhu yad edilən görkəmli sərkərdənin yubiley tədbirin iştirakçılarına təşəkkür edərək böyük şairimiz S.Vurğunun obrazlı ifadəsi ilə deyilsə, “Ölüm sevinməsin ki, qəhrəmanı əlimizdən aldı”, onun adının daima yaşayayacağına, əziz xatirəsi həmişə xalqımız tərəfindən əziz tutulacağına, dünya və ölkə hərb tarixində əbədiyaşar bir sərkərdə olaraq ən uca yerdə qalacağına əmin olduğunu bildirib.
Tədbir xatirə şəkilləri çəkilməklə başa çatıb.
Beləcə, daim fəal olan AYB Lənkəran bölməsinin növbəti tədbiri də major notlarla başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)
Sevgimiz kitab olsun
Zübeydə Məmmədova, Sumqayıt MKS Uşaq bölməsinin böyük multimedia mütəxəssisi. “Ədəbiyyat və incəsənət” üçün
Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbdə “Sevgimiz kitab olsun” adlı tədbir keçirildi. Tədbirin təşkilində Sumqayıt MKS Uşaq bölməsi də yaxından iştirak etdi.
Moderator, yazıçı –dramaturq Hafiz Ataxanlı kitab bağışlama gününün yaranma ideyasından, kitabın şəxsiyyətin formalaşmasında rolundan danışdı, məktəb kollektivinin hər zaman kreativ layihələri gerçəkləşdirməsini vurğuladı və qonaqları təqdim etdi.
Yazıçı-publisist, ssenarist, əməkdar jurnalist Eyruz Məmmədov uşaq vaxtlarından bu günə kimi kitabxanalarla davam edən dostluğunu xatırlatdı, intellektli, zəkalı Azərbaycan gəncliyi üçün kitabların töhfəsindən söz açdı və son illər yazdığı kitabları məktəbin kitabxanasına hədiyyə etdi.
AYB Sumqayıt bölməsiin sədri, şair-publisist Gülnarə Cəmaləddin çıxışını məktəblilərlə bədii mütaliə, poeziya mövzusunda polemikada qurdu.
Sumqayıt MKS Uşaq bölməsinin müdiri, 25 nömrəli məktəbin məzunu Yeganə Hüseynova bildirdi ki, o, adı məktəbə verilmiş Anar Şükürovla bir sinifdə oxuyub və Anarın da mütaliə sevgisindən söhbət açdı.
Sonra məktəbin direktoru Ayna Fleydanlı və tədbirin təşkilatçısıTəranə Hüseynova belə tədbirlərin keçirilməsinin şagirdlərin yaddaşında gözəl iz buraxdığını bildirdi. Tədbirin sonunda məktəb şagirdləri bir – birinə kitab hədiyyə etdilər və mütaliə etdikdən sonra bu kitabları öz aralarında dəyişəcəklərinə söz verdilər.
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)
Rəssam Məryəm Ələkbərli fevralın 14-də, cəmi 33 yaşında vəfat etdi
“Ədəbiyyat və incəsənət” portalı Trend-in mədıniyyət müxbiri Vüqar İmanovun yazısını təqdim edir
Günəşli uşaqlar adlandırılanlardan biri idi. (Tibbdə onlara albinoslar deyirlər- red.) Bədənindəki əlavə xromosom ona dünyaya aşiq gözlərlə baxmaq və sevgi və gözəlliyin hamımızı xilas edəcəyinə əmin olmaq imkanı vermişdi.
Həm də ətrafdakı hər şeyi başqalarının gördüyü kimi görə bilməyən əsl sənətkarın lütfü var idi onda.
Cəmi 33 il yaşadı. Qısa ömrü ərzində 43 sərgi keçirdi. Bakıda ilk nümayişlərdən sonra onun rəsmləri Rusiya və Fransa, Türkiyə və Amerika, İtaliya və Yaponiya, Belçika və BƏƏ-də sərgiləndi.
"Kiçik şahzadə" yə həsr olunmuş bir sıra əsərləri gözəl musiqili bur cizgi filmində əks olundu. Bir çox fərqli insan onun rəsmlərinə heyran qaldı, onları əldə etdi və yaratdığı hər şeyin inanılmaz enerjisindən danışdı.
Məşhur fransız aktrisa Juliet Binosch onun haqqında yazırdı: "Onun həyat susuzluğu alovlanır və bir hərəkətlə çəkdiyi üçün bizə ötürülür. Burada heç vaxt doymaq yoxdur, yalnız gözəllikdən əvvəl böyük bir sürpriz var."
Məşhur rus sənətşünası Olga Sviblova isə onun haqqında yazımışdı: “Məryəm sənətdə yaşayır və sənətdə yaşayır, özünü onun vasitəsi ilə kəşf edir və dünya ilə ünsiyyət qurmağın əsas yoluna çevirir. Bəlkə də buna görə onun bədii mesajı çox güclü və heyrətamizdir."
Böyük fırça ustası Tahir Salahov əmin idi ki, Məryəm heç kimə bənzəmədən unikal rəssam ola bilər. Qobustana həsr olunmuş bir sıra əsərlərinə heyran qalmışdı dahi rəssam.
Bizi tərk etdi. Onun əsərləri qaldı və biz onun rəsmlərindən güc alırıq.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)
DİQQƏT: Ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Bərbad görkəmi, sıfır infrastrukturu və sıfır xidməti ilə duqqət çəkən ölkə otelləri var ki, üzərikərində 5 olmasa da, ən azından 4 ulduz gəzdirirlər.
Bu, həqiqətən də rüsvayçılıqdır. Ölkəmizə gələn turistlərdə ikrah doğuran bir mənzərədir.
Bəs bu özbaşınalıq nədən qaynaqlanır? Deyirlər ki, vaxtı ilə ağına-bozuna baxmadan bu ulduzlar təmənna münasibəti ilə paylanıbdır.
Yaxşı ki, barı indi cavabdeh qurumlar hərəkətə keçiblər.
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı otel və hostinqlərin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib. (Təqdim edilən fotoda məhz elə bu razılaşma görüşü kadra alınıb- red.)
İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.
Bildiyiniz kimi, məhz bura paytaxtdan sonra ölkənin ən qonaq-qaralı yeridir.
Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub.
“Reklam haqqında” qanunda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
Bizim işbazlar isə bunu utanmadan edirlər.
Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb. Bu, özündə bərbad məkanın təmtəraqlı küçə reklamlarının - boldinqlərin yığışdırılmasını ehtiva edir.
Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün bundan sonra “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.
Bu isə öz yerində olmayanların süqutu deməkdir.
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)
Günün fotosu: İnsanlığa böyük təhlükə - Çernobıl AES-ə rus dronu zərbəsi
Cümə günü gecə Rusiya zərbə dronu Çernobıl Atom Elektrik Stansiyasının lahitinə (sarkofaqına) ziyan vurub, bu barədə Ukrayna Prezidenti Vladimir Zelensky bildirib və məlumatı biz Euronews-a istinadən yayırıq.
MAQATE-nin telekanala verdiyi məlumata görə, AES-in vurulması nəticəsində yanğın baş verib. MAQATE rəhbəri Rafael Qross bəyanat verərək Rusiyaya yerini göstərməyin vacibliyini vurğulamışdır.
Qəribəsi odur ki, ortada fakt ola-ola Rysiya AES-ə dron zərbəsi vurduğunu təkzib etmişdir.
Ukrayna Fövqəladə Hallar Nazirliyi, Çernobıl ətrafındakı radiasiya fonunun normal olduğunu bildirir. Bununla belə, çox ciddi həyəcan təbili çalmaq lazımdır. İkinci zərbə bəşəriyyət üçün ölüm təhlükəsi saça bilər.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)
Akademik Arif Paşayev: Elm, Təfəkkür və Zəkanın Zəfəri
Aygül Bağırova, “Ədəbiyyat və incəsənət” üçün
Hər bir insanın həyat yolu müəyyən bir iz buraxır, lakin bəzi insanlar var ki, onların keçdiyi yol təkcə şəxsi uğurlarla məhdudlaşmır, onların düşüncələri, apardıqları elmi araşdırmalar, təhsil və cəmiyyətə verdikləri töhfələr zaman keçdikcə daha da dəyər qazanır və yalnız bir fərdin deyil, bütöv bir xalqın elmi və mədəni inkişafının əsas dayaqlarından birinə çevrilir, bu inkişaf isə öz növbəsində gələcək nəsillər üçün mühüm irs olaraq qalır.
Belə insanlar tarixdə yalnız adları ilə deyil, gördükləri işlərlə, formalaşdırdıqları elmi məktəblərlə, yetişdirdikləri tələbələrlə, qazandıqları beynəlxalq nüfuzla, bütövlükdə elmə və bəşəriyyətə bəxş etdikləri yeniliklərlə qalırlar. Akademik Arif Paşayev məhz belə simalardandır – onun ömrü, fəaliyyəti və qoyduğu irs yalnız bir insanın nailiyyətlər toplusu deyil, həm də Azərbaycan elminin, təhsilinin və cəmiyyətinin inkişaf tarixinin parlaq səhifələrindən biridir, çünki o, bütün həyatını elmə, biliyə, düşüncənin inkişafına və elmi biliklərin real həyatla uzlaşdırılmasına həsr etmiş, bu yolda yorulmadan çalışmış, apardığı elmi araşdırmalarla, təhsil sistemində həyata keçirdiyi islahatlarla, rəhbərliyi dövründə milli təhsil strategiyasına verdiyi töhfələrlə elm və təhsilin əsl dəyərini bir daha sübut etmişdir.
15 fevral yalnız bir insanın doğum günü deyil, həm də elmin, təhsilin və intellektual inkişafın qeyd olunduğu, biliyə və elmə həsr olunmuş bir ömrün dəyərləndirildiyi, bir xalqın elm və mədəniyyət tarixində silinməz iz qoymuş şəxsiyyətin gördüyü işlərin yüksək qiymətləndirildiyi bir gündür, çünki bu gün Azərbaycan elmi, milli təhsil sistemi, beynəlxalq elm cameəsi və bütövlükdə elmə dəyər verən hər kəs üçün xüsusi əhəmiyyət daşıyan, Azərbaycanın adını dünyaya tanıdan, onun elmi potensialını yüksəklərə qaldıran, elmə və biliyə sarsılmaz inamı ilə gəncləri elm yoluna istiqamətləndirən böyük bir alim və pedaqoqun doğum günüdür.
Elmi Düşüncənin Zirvəsində
Elm tarixin və mədəniyyətin dayağıdır, biliklər inkişafın açarıdır, intellektual yüksəliş isə yalnız elmə və biliyə dəyər verən cəmiyyətlərdə mümkündür və məhz bu anlayışlardan yola çıxan akademik Arif Paşayev elmin inkişafı, fundamental biliklərin tətbiqi, texnologiya və sənaye sahəsində elmi tədqiqatların daha geniş miqyasda tətbiq edilməsi, gənc nəsillərin yalnız nəzəri biliklər deyil, eyni zamanda praktik elmi biliklər əldə etməsi üçün uzun illər ərzində misilsiz fəaliyyət göstərmişdir, çünki o, yaxşı bilirdi ki, elm yalnız laboratoriyalarda, kitabxanalarda və akademik institutlarda mövcud olmamalıdır, elm cəmiyyətin həyatına nüfuz etməli, onun texnoloji inkişafına, sənaye sahələrinin çiçəklənməsinə, ümumilikdə cəmiyyətin rifahına xidmət etməlidir.
1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu bitirən və elmi fəaliyyətinə böyük inam və həvəs ilə başlayan Arif Paşayev, biliklərin yalnız nəzəri aspektlərini deyil, onların real dünyadakı tətbiq imkanlarını öyrənmək və inkişaf etdirmək istiqamətində mühüm addımlar atmış, bu sahədə apardığı tədqiqatlarla, qazandığı uğurlarla, elmi sahədəki yenilikləri praktikaya tətbiq etməsi ilə elmə yeni baxış bucağı gətirmişdir.
Təhsildə Yeni Epoxa: Milli Aviasiya Akademiyası
Elm cəmiyyətin gələcəyini formalaşdıran ən vacib dayaqlardan biridir və təhsil sistemi, onun idarə edilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması, tələbələrin elmi biliklərlə yanaşı, innovativ düşüncə və analitik təfəkkürə yiyələnməsi üçün həyata keçirilən islahatlar, istənilən ölkənin inkişafında mühüm rol oynayan amillərdən biridir, məhz bu prinsipləri rəhbər tutan Arif Paşayev 1996-cı ildən etibarən Milli Aviasiya Akademiyasına rəhbərlik edərək bu təhsil müəssisəsini yeni inkişaf mərhələsinə çıxarmış, akademiyanın strukturunu yenidən qurmuş, beynəlxalq əməkdaşlıqları genişləndirmiş, yeni elmi tədqiqat laboratoriyalarının yaradılmasına rəhbərlik etmiş və bir sözlə, akademiyanı dünyanın qabaqcıl aviasiya təhsil mərkəzlərindən birinə çevirmişdir.
Professor Aida İmanquliyeva: Şərqşünaslığın Zəngin İrsi və Elmə Sadiq Ömür
Azərbaycan elminin parlaq simalarından biri olan Aida Nəsir qızı İmanquliyeva, yalnız ölkəmizdə deyil, beynəlxalq elmi dairələrdə də dərin iz qoymuş görkəmli şərqşünas, alim, tədqiqatçı və pedaqoq idi və onun elmi fəaliyyəti təkcə ərəb ədəbiyyatının tədqiqi ilə məhdudlaşmırdı, o, bütövlükdə Şərq və Qərb mədəniyyətlərinin elmi müstəvidə araşdırılmasına yeni bir yanaşma gətirərək, Azərbaycan elmini dünyada layiqincə təmsil etmişdir.
Həyat yoldaşı Arif Paşayev ilə birlikdə qurduğu ailə, elmin və mədəniyyətin inkişafına verilən töhfələrin bir simvolu idi və onların övladları – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Nərgiz xanım Paşayeva da valideynlərinin qoyduğu elmi irsi davam etdirərək Azərbaycan elminin və mədəniyyətinin inkişafına öz töhfələrini verməkdədirlər.
Bu gün biz yalnız bir insanın doğum gününü qeyd etmirik, biz elmin, biliyin, zəkanın, müdrikliyin və elmə göstərilən fədakarlığın təntənəsini yaşayırıq, çünki akademik Arif Paşayevin ömrü yalnız şəxsi nailiyyətlərlə yox, elmə və biliyə həsr olunmuş fəaliyyətlə doludur və bu fəaliyyətin bəhrəsi, onun gördüyü işlərin nəticələri bu gün Azərbaycanda və onun hüdudlarından kənarda, beynəlxalq elmi dairələrdə öz əksini tapmaqdadır.
Elm və təhsil, cəmiyyətin yüksəlişinin təməl daşıdır, onun gələcəyə aparan yoludur və akademik Arif Paşayev bu yolun daim işıqlı olması üçün bütün ömrü boyu yorulmadan çalışmış, öz elmi biliklərini, pedaqoji təcrübəsini, idarəçilik bacarığını, elmə və biliyə olan sevgisini cəmiyyətin inkişafına yönəltmişdir.
Azərbaycan elminin və təhsilinin bugünkü və gələcək nəsilləri adından akademik Arif Paşayevə uzun ömür, möhkəm cansağlığı, yeni elmi uğurlar və daim işıqlı yollar arzulayırıq. Doğum gününüz mübarək, elm və bilik fədaisi!
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)
Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib
Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarından sonra qanun, qarmon və kamança ixtisaslarının da tədris proqramını yeniləyib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar, qanun, qarmon, kamança və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının inkişafına və peşəkar musiqi təhsili ilə təmin edilməsinə yönəlib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(15.02.2025)
“Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə Xəzər Universitetində tədbir keçirilib
14 fevral 2025 - ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə "14 fevral Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə
"Kitablar ən yaxın dostumuzdur " adlı tədbir keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, tədbirdə Hamlet İsaxanlının, Turan İbrahimovun Əzizə Cəfərzadə haqqında və özünün yazdığı , Vaqif Osmanlının, Ali Kafkazyalının kitabları və Mirvarid Dilbazi Poeziya Məclisinin dəstəyi ilə işıq üzü görən 100 kitab 100 tələbəyə hədiyyə olundu.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı, Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru, dosent, folklorşünas Aynur Qəzənfərqızı, Xalq Yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, şəhid anası Sevil Hüseynova, araşdırmaçı, yazıçı Vaqif Osmanlı çıxış etdilər.
Sonda Güllü Eldar Tomarlı " Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə İmişli Rayon Diferensial Tədris Mərkəzinin rəhbəri Elşən Şəmmədova 100 kitab göndərdiyini qeyd edib. Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə İmişlidə fevralın 9 -dan başlayan Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfərimiz Rəssam Gülnarənin rənglər dünyasında" adlı fərdi sərgisinin sonuncu günü olaraq tədbir iştirakçılarına hədiyyə olunacaq.
Tədbirdə Ramin Qarayevin ifasında saz havaları dinlənildi. Kitaba həsr olunmuş möhtəşəm tədbir gözəl bir kitab bayramı kimi ürəklərə və yaddaşlara yazıldı.
Sonda xatirə şəkilləri çəkildi.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində
"ASAN xidmət" modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25 oldu.
Belə ki, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiya Respublikasında tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.
İmzalanma mərasimindən sonra tərəflər arasında baş tutmuş görüş zamanı Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımların atılacağını diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)