Super User

Super User

Çərşənbə axşamı, 18 Fevral 2025 19:00

Allah ondan heç nəyi əsirgəməyib...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir.

 

Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır...

Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır...

 

Qəribə hekayədir, deyilmi? Bunu, bu günlərdə 94 yaşını qeyd edəcək, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…

 

1931-ci ildə anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. Erkən gəncliyindən həyata təkbaşına atılıb. Həsən bəy Zərdabi adına indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Sonra SSRİ ordu sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Bu kursu başa vuraraq Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də orada təhsil alıb. Uç il Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub. "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

 

Ötən müddətdə müxtəlif vəzifələrdə çalışıb. Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsinədək yüksələ bilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın xalq şairidir. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək 30-dan yuxarı kitabı işıq üzü görüb…

 

Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan..."

 

Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yoxdur. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməyib- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür. Uzun ömür isə Allahın bəndəsinə olan xüsusi mərhəmətidir. Elə bil, səni can borcunu geri qaytarmağa heç kim tələsdirmir…

 

Bəli, xalq şairi Nəriman Həsənzadə ömrünün ixtiyar çağlarını- qocalığını yaşayır. Elə yaşayır ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bilir. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan...

 

Bu gün xalq şairinin növbəti ad günüdür, hələlik bir əsrdən altı il balacadır. Ona can sağlığı, ağrı-acısız günlər arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

Cahangir Namazov, Özbəkistan. “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Namiq Dəlidağlı müasir Azərbaycan poeziyasında öz dəsti-xətti olan, əsərləri ilə ədəbi dəyər yaradan şair kimi tanınır. Bu gün mən deyərdim ki, onun yaradıcılığı, yalnız Azərbaycanda deyil, Türk dünyasında da təbliğ olunmaqdadır. N.Dəlidağlı

bir qələm sahibi kimi dərin düşüncələrini, fəlsəfi təfəkkürünü və emosional

zənginliyini poeziyasına yansıdaraq, ədəbiyyata mühüm bir töhfə verməkdədir.

 

Onun yaradıcılığı xalqın duyğularını, həyatını, mədəniyyətini və

tarixini dərinliklə əks etdirərək hər dövrdə oxucuların marağını cəlb etməyə

qadirdir.

Poeziyasında ən çox işlənən mövzular arasında insanın daxili mübarizəsi,

əbədi mövzu olan məhəbbət, azadlıq və vətənə olan sevgi yer alır. O, sözün gücündən istifadə edərək, oxucusunun düşüncələrinə dərin təsir edə və bədii ifadələrdəki incəliklə emosional bir mühit yarada bilir.

Onun şeirlərində işıq və qaranlıq arasında keçən mübarizə, əbədi insanlıq məsələlərinə toxunma şairin sənətindəki fəlsəfi zənginliyi göstərir. Bir çox şeirlərində oxucusunu yalnız gözəlliklərlə deyil, həm də dərin sosioloji və fəlsəfi

düşüncələrlə qarşılayır. Namiq bəyin şeirlərində insanın daxili dünyası, həyatın

acıları və mövcudluğun mənasızlığına dair dərin düşüncələr özünü göstərir. Onun

şeirlərində həm emosional yük, həm də fəlsəfi dərinlik duyulur. Şairin aşağıdakı

şeirində müasir insanın mənəvi sarsıntıları və həyatdan aldığı acılar bədii dillə çox

gözəl əks olunub. Ağrılıdı:

 

Bir yer göstər, çıxım gedim,

Yaşaya bilmirəm Tanrım.

Ən əziz dərdimi belə,

oxşaya bilmirəm, Tanrım.

 

Şair "Tanrım" şeirində insanın qəlbini sıxan həyat yükü ilə tablaşmasını və bu yüküdaşımağı təsvir edir. Şeir, Tanrıya olan müraciətlə başlayır vəşairin onun qarşısında gücsüzlüyünü deyil, həyatın ona verdiyi çətinlikləriqəbul etməsini göstərir. Şeirdə həmçinin insanın daxili mübarizəsi, özünə etirazıtəfsilatıyla təqdim edilir. Tanrının qarşısında insanın çarəsizliyini, mövcud həyatınağırlığını hiss etdirməklə, şair oxucunu düşünməyə və öz həyatınıqiymətləndirməyə sövq edir.

 

Bu dərd çəkdikcə azalmır,

çəkdikcə gördüm böyüyür.

Çölümdə mən kiçilirəm,

içimdə dərdim böyüyür.

 

"Bu dərd" şeirində şair insanın ağrılarını, düşdüyü psixolojisarsıntını və bu sarsıntının qarşısında necə əlacsız olduğunu vurğulayır. Dərd, şairin həyatında getdikcə böyüyən və onun daxili dünyasını tərpədən bir qüvvə kimi göstərilir.

 

Dön geriyə bax, demədim,

bu qismətə baxt, demədim.

Nə istədi yox, demədim,

nəyim var, verdim, böyüyür.

 

Həyatının gətirdiyi çətinlikləri qəbul etməkdən başqa bir əlacı qalmayan şair, bu

dərdlərin içində bir ümid işığı axtarır, amma mənim fikrimcə yenə də bədbinlik və kədərdən qaça bilmir. Bu şeirdə, insanın öz taleyi ilə mübarizəsi və bəzən taleyə boyun əymək məcburiyyəti incə bir şəkildə ifadə edilir.

 

...Ölümə təslim olmaq

istəməyənlərin

qələbəsidi intihar;

öz qanına susayanların

son nidasıdı intihar;

bütün etirazların

haqq səsidi intihar;

dipdiri duyğuların

qəfil nəfəsinin

kəsilməsidi intihar.

 

"İntihar düşüncələri" şeirində şairin ölüm və intihar mövzusuna mürəkkəb, eyni zamanda fərqli yanaşmasını görürük. Şairin intihara dair düşüncələri, onun həyatın

ağırlıqları və dərdləri ilə necə barışdığını göstərir. Şeirdə "intihar" bir növ "qələbə"

kimi təqdim edilir. Bu qələbə həyatla mübarizənin sonu, yəni ölüm deyil, əksinə, bir "ayrılıq" təsvirində canlanan obrazlaşdırılır.

 

...Əcəlin intihar

edənlərə ölüm borcu qalır.

İnthar ölüm deyil,

intihar ölmək deyil,

sadəcə ayrılıqdı:

ancaq geri dönülməz.

 

Həm də deyərdim ki, bu şeir insanın içindəki intihar istəklərinin bir növ həyatla barışın və ayrılığın ən son mərhələsi olduğuna çağırışdı. Bu, ölümə qarşı mübarizənin yalnız bir fəndidir və obrazın yaşamaq üçün özünü tapmağa çalışdığı çabadan doğur.

 

Payız adam,

bu fəsil sənin çiyinlərindən

nimdaş plaş kimi asılı qalıb.

Qış kürkünü görmədim.

Dörd ildi gözlərimdə

bir fəsildə qalmısan:

bomboz rəngdə.

Payız adam!

Bu fəsil əynində

köhnəldi sənin.

Ürəyinə qabqardığın

heydən düşmüş arzularınla

can üstə olan xatirələrinə

yol gedirsən.

Hələlik...

 

"Payız adam" şeirində payız fəslinin insan həyatına yansıması bir obraz kimi

göstərilir. Payız, həmçinin insanın içindəki köhnəlmiş arzuların və keçmişin zaman

şəklidir. Şair, "payız adam" obrazından istifadə edərək, həyatın və zamanın

hərəkətliliyini, insanın özünü necə keçmişin yükü altında hiss etməsini təsvir edir.

Şairin sükut içində keçirdiyi zamanla əlaqələndirilən payız, həmçinin insanın

keçmişə olan bağlılığını və bu bağlılığın onu necə xatirələrə köklədiyini ehtiva

edir.

 

Mənə şəkil göndərdin...

o şəklin içində hər şeyin

öz şəkli var:

Baxışın öz şəkli var,

ürəyin öz şəkli var.

... Mənə şəkil göndərdin,

nə rəngli şəkildi...

Bomboz ağrılarıma

duz basar, "məlhəm" olar...

Göyərər ağrılarım,

qaysaqlamaz, nəm olar.

Bundan belə hər dəfə

o şəklə baxanda

xumarlanar gözlərim,

baxışlarım dəm olar...

Mənə şəkil göndərdin....

 

"Şəkilli şeir" şeirində şair, bir şəkil vasitəsilə insanın hiss və duyğularını, həsrətin-hicranın ağrısını və ötənləri necə canlandırdığının şahidi oluruq. Şəkil, şair üçün yalnız bir xatirə və ya vizual təsvir deyil, eyni zamanda ürəyinin ağrılarını və keçmişin izlərini üzə çıxaran bir vasitədir. Şeirdə, şəkilin vasitəsilə insanın içindəki hər şeyin təmsil olunduğu bildirilir; ağrılar, keçmişin göynərtisi və həsrət – bütün bunlar bir şəkil vasitəsilə ifadə edilir. Bu şeir, bədii detalların gücünü və onların insanın daxili aləmi ilə necə əlaqələndirildiyini göstərir.

Bir sözlə, bu şeir, şairin keçmişə olan nostalji münasibətini təsvir edir:

 

Hərdən yolun düşürdü,

bu “xaraba qalmış”a-

Nə vaxtandı bir güman,

ümidinə qalmışam.

 

Mən xaraba deyəndə,

bu şəhəri deyirəm.

Sənsiz havası, suyu,

bu zəhəri deyirəm

 

Şeirdə sevdiyinin gedişi ilə aşiqinə "xaraba" təsiri bağışlayan şəhər və bu şəhərdə

tənhalığına sığınmış insanın daxilindəki kövrək hisslər sözlə ustaca şəkilləndirilib.

Şair, keçmişə olan bağlılığı, zamanın necə əldən getdiyini və bu gedişin gətirdiyi

kədəri vurgulayır. Ayrılığın acısı və zamanın keçməsi ilə bağlı təəssüf hissi şeirdə

ön plana çıxır.

 

"Sizə elçi gəldi, bizə ayrılıq"

Bu şeir, sevgi və ayrılığın gərgin emosional vəziyyətini təqdim edir. Şair, "elçi"

obrazı vasitəsilə ayrılığı bir növ hökm kimi qəbul edir və bu ayrılıqla mübarizəni

təsvir edir. Ayrılıq, burada həm fiziki, həm də emosional bir ağrı kimi

təmsilolunur. Şeir, ayrılıq mövzusunu hüzünlə, lakin bir qədər də təbii bir yanaşma

ilə təqdim edir.

 

Qapınız döyüldü bir axşamçağı,

sizə elçi gəldi, bizə ayrılıq.

Yenə niyyətini dəyişməmişdi,

köhnə libasında təzə ayrılıq.

 

Namiq bəyin şeirlərindəki əsas mövzu insanın daxili aləmi, həyatda qarşılaşdığı

çətinliklər və bu çətinliklərə yenilməmək xüsusiyyətini aşılamaqdır. Şairin bədii

üslubu, qəlbin dərinliklərini və ruhun ağrıyan vəziyyətini çox təsirli şəkildə təqdim

edir. Onun şeirlərindəki metaforalar, duyğuların dərinliyini və insanın

mövcudluğuna dair fəlsəfi düşüncələri əks etdirir. Hər bir şeir, oxucunu öz daxili

dünyası ilə qarşı-qarşıya qoyur və onlara həyatın təbii və bəzən acı olan tərəflərini

göstərir.

Dəlidağlı, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini və mübarizə

ruhunu öz əsərlərində təcəssüm etdirir. Onun poeziyasındakı vətən sevgisi təkcə bir

coğrafi məkanı əks etdirməklə bitmir. Eyni zamanda qədim bir xalqın ruhunu,

mədəniyyətini, əxlaqını vəözünə inamını bədii dillə yksək səviyyədə vəsf edir.

Onun şeirlərində vətənə olan sevgi yalnız fiziki sərhədlərlə bağlı deyil, həm də

millətinin tarixi və gələcəyinə olan bağlılıqla əlaqələndirilir. N. Dəlidağlı, xalqının

milli kimliyini təbliğ edərək, onu gələcək nəsillərə sözlə, ədəbiyyatla çatdırmağa

çalışır.

İndiyə qədər şairin yaradıcılığı diqqətdən kənarda qalmayıb, müəyyən şəkildə

dəyərləndirilib və bu dəyərləndirmə mövcud zamanda da davam edir. O bir çox

mükafatlarla təltif edilib, həm yerli, həm də ölkə xaricində uğurlar qazanmaqdadır. Onun şeirləri müxtəlif xarici ölkələrdə  tərcümə olunub və yayılıb.

Bu gün N.Dəlidağlı öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına, əsl

sözə xidmət etməklə onun nüfuzunu daha da artırmağa və onu digər ölkələrdə

tanıtmağa çalışır. Şairin ilk zamanlardan etibarən təqdim etdiyi poetik yeniliklər,

onun ədəbi üslubunun zənginliyini və dərinliyini göstərir. N.Dəlidağlı həm klassik

Azərbaycan poeziyasının təməl prinsiplərini qoruyub saxlamaqla, ona yeniliklər

gətirir, həm müasir dünya ədəbiyyatını özünəməxsus şəkildə qavrayıb. Onun

şeirlərindəki dil incəliyi, poetik zənginlik və simvolizm, hər zaman təhlilçilər və

ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilməkdədir. Namiq Dəlidağlının

ədəbiyyat sahəsindəki  uğurlarından biri də, onun əsərlərinin yalnız poeziya sevərlər tərəfindən deyil, həm də akademik dairələrdə yüksək dəyərləndirilməsidir. Şair Azərbaycan poeziyasının inkişafında öhdəsinə düşən missiyanı layiqincə yerinə yetirir. Onun gələcək ədəbi nəsillər üçün gərəkli irs formalaşdırmaq cəhdi və əməyi nəzərdən qaçmır.

Şairin uğurları hələ də davam etməkdədir. İnanırıq ki, onun yaradıcılığı gələcək

nəsillərə ilham verəcək və ədəbi irsi Azərbaycan ədəbiyyatının mühüm bir hissəsi

olaraq uzun illər boyu oxuculara xidmət edəcəkdir. Dəlidağlı, təkcə şair olaraq

deyil, həm də bir fikir, fəlsəfi düşüncə sahibi, jurnalist kimi ədəbiyyata, sözə xidmət etməkdədir.

N.Dəlidağlının uğurları, yalnız şəxsi yaradıcılığı ilə məhdudlaşmır. O həm də milli

ədəbiyyatın və mədəniyyətin inkişafına olan əvəzsiz qatqısı ilə yüksək dəyərə

layiqdir. Şairin əsərləri, hər zaman yeni dövrün tələblərinə cavab verərək və xalqın

ruhunu əks etdirərək, Azərbaycan ədəbiyyatının parlaq gələcəyinə ümid yaradır.

Namiq Dəlidağlı, həm şəxsiyyəti, həm də əsərləri ilə Azərbaycan ədəbiyyatında öz

mühüm yeri olan müəllifdir.

Poeziyasının dərin fəlsəfi və emosional qatları, eyni zamanda vətənə olan sevgisi

və insanın daxili dünyası ilə bağlı təhlilləri şairi müasir ədəbiyyatın tanınan  simalarından biri etmişdir. Onun yaradıcılığını və ədəbi mirasını

qiymətləndirmək, gələcək nəsillərə ötürmək, Azərbaycan ədəbiyyatını daha da

zənginləşdirərək dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək müasir

ədəbiyyatın ən mühüm məqsədlərindən biri olmalıdır. Namiq Dəlidağlının davamlı

uğurları ilə bağlı ümidlərimiz sonsuzdur və əsərlərinin gələcəkdə

ədəbiyyatsevərlərə bələdçi olacağından əminik.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Mehriban, ünsiyyətcil xanımdır, yalqızlığı xoşlamır. Ətrafında kifayət qədər insan olanda, özünü xoşbəxt hiss edir. Sərbəstliyi sevir, həyatda çox müstəqildir. Necə deyərlər, azadlıq aşiqidir, ictimai rəyə elə də önəm vermir. Sonadək özü olmağa çalışır. Başqalarına oxşamağa can atmır, ona görə də çoxlarından fərqlənir. Bu heç də onun biganə və ürəksiz olduğunu göstərmir. Əslində o, çox xeyirxah və diqqətcildir. İstədiyi yerdə görünür, istəmədiyi yerdən isə imtina etməyi bacarır…

 

Deyir ki,- “Mən televiziyaya və jurnalistikaya “əlvida” deməmişəm, “hələlik” demişəm. Axı mənim ikinci ixtisasım da var – Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. İkinci ixtisasıma uyğun dövlət işində çalışmağa başladığım üçün AzTV-ni tərk etdim. Jurnalistika çox sevdiyim bir işdir və həmişə də ondan zövq almışam. Hər zaman efirə işimi, tamaşaçını sevərək çıxmışam, məşhurluğu, reytinqi yox. Bir az yorğunluq, özünəgəlmə dövrü var idi və efirdən uzaqlaşmalı oldum. Bu qərar ümumiyyətlə, həyat axarıma müsbət təsir göstərdi. Çünki AzTV-dəki iş rejimim çox çətin idi. Sabahın yox, axşamın yox, bütün günü orada olurdum. Özümü yalnız televiziyaya həsr etmişdim. Proqramımın biri səhər tezdən, digəri axşam idi. Ortada qalan zaman kəsimində isə ya çəkilişlər olurdu, ya layihələrimin ssenarisini yazırdım. Səhər 6-da evdən çıxırdım, axşam 12-də qayıdırdım. Nə özümə bir xanım kimi zaman ayıra bilirdim, nə də şəxsi həyatıma. Amma dövlət işində stabil iş saatım var idi. Səhər 9-dan axşam 6-ya kimi. Özümə də zaman ayırırdım, dincəlirdim. Bu addımım şəxsi həyatıma da düşərli oldu və ailə həyatı qurdum. Gözəl bir ailəm oldu, övladlarım dünyaya gəldi…”

 

Haqqında söhbət açdığım Esmira Çərkəzqızı 1971-ci ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. 21 yaşından başlayaraq on beş il AzTV-də çalışıb. 2007-ci ildən dövlət qulluğuna keçib və ailə quranadək həmin sahədə işləyib. 2010-cu ildən Türkiyədə yaşayır, həyat yoldaşı Osmanlı türküdür, üçəm övladları var…

O, bütün iyerarxiya formalarının əleyhinədir və tamamilə əmindir ki, bütün insanlar binədən bərabərdirlər və eyni bir diqqətə layiqdirlər. Onun öz prinsipləri var. Onların uğrunda və ədalətsizliyə qarşı vuruşmağa hər zaman hazırdır. Niyyəti, amalı təmizdir, sərt məntiqə əsaslanır və özünün düzgün, haqlı olmasına şübhə etmir. Əlbəttə, bu o demək deyil ki, o, çox ciddi və tələbkardr. Heç kimi dəyişməyə cəhd etmir, hər kəsi olduğu kimi qəbul etməyi bacarır…

 

“AzTV-də 4 sədr dəyişmişəm. Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xudiyev və Arif Alışanov. Arif Alışanovla bir il işlədim. Belə bir fikrim var: mənə ehtiyac olmayan yerdə qalmaram. AzTV-də kifayət qədər maraqlı işim vardı. Bu sferada olan insan götür-qoy edir, düşünür. İşdən çıxan ərəfədə artıq özüm üçün perspektiv görə bilmədim. Həm də yorulmuşdum. Ağıllı başla düşünə bilmirdim. O demək deyil ki, Arif Alışanov mənə şərait yaratmadı. Xeyr, belə hal baş vermədi. AzTV-dən öz ərizəmlə ayrılanda “Səhər” proqramının baş redaktor müavini idim, işim də sevdiyim iş idi. Amma inanın səmimiyyətimə, çox yorulmuşdum, yeknəsək iş, qeyri-semimi atmosfer, hər şey mənə təsir edirdi. İndiki dildə desək, tükənmişlik sindromına tutulmuşdum.”- söyləyir…

 

Keçmişdən daha çox gələcək haqqında düşünür. Elə buna görə də onun mühitində olmaq xoş və maraqlıdır. Həyata müasir baxışı, hadisələrə nikbin yanaşması onun şəxsiyyətindəki fərdiyyəti, müstəqilliyi açıb göstərir…

Deyir ki,- “Televiziya mənim içimdədir, Teleməkana təkrar dönmək istərdim, amma çox istərdim ki, bu, TRT-də gerçəkləşsin. Yerində saymağı sevmirəm, öyrənmək ehtirası güçlüdür məndə. Türkiyədə türkcəmi təkmilləşdirmək üçün dil kurslarına getdim, bu sektoru diqqətlə izlədim, öyrənməyə çalışdım. Amma həyat bizə hansı sürprizləri vəd edir, deyə bilmərəm. İnşallah gözəl sürprizlərlə qarşılaşarıq…”

Xalqına, vətəninə çox bağlı xanımdır. On iki ildir ki, Türkiyədə yaşayır, amma Azərbaycana sevgisi tükənmir ki, tükənmir. Fürsət düşən kimi vətənə gəlir. Məhz bu sevginin qarşılığıdır ki, Esmira Çərkəzqızı imzası Azərbaycanda sevilib, sevilir və seviləcək də. Axı insanın imzası unudulandan sonra, özü də yaddaşlardan silinir…

Yeri gəlmişkən, Esmira adının mənası- yaşıl rəngli Zümrüd daşı deməkdir. Bu daş heç vaxt öz qiymətini itirmir...

Dünən - fevralın 17-si növbəti ad günüydü. Gec də olsa onu bu münasibətlə təbrik edir, cansağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Türklərin tarixi və mədəniyyəti zəngin və maraqlı faktlarla doludur. Budur, türklər haqqında bəzi maraqlı məlumatlar:

 

 1.Türk adının mənası

 “Türk” sözü qədim türk dilində “güclü” və ya “qüvvətli” mənasını verir. Bu ad ilk dəfə Göytürk Yazılarında qeyd olunmuşdur.

 

 2.Dünyanın ilk atlı ordusu

 Türklər dünyanın ilk atlı ordusunu qurmuşlar. Xüsusilə Hunlar və Göytürklər atlı döyüş taktikaları ilə məhşur olmuş və bu üsul sonralar başqa xalqlar tərəfindən də mənimsənilmişdir.

 

 3.Qədim Türk yazısı

 Orxon-Yenisey Yazıları dünyada ilk türk yazılı abidələri hesab olunur. Bu yazılar 8-ci əsrə aid olub, Göytürk Kağanlığının hakimiyyəti dövründə yazılmışdır.

 

4.Dövlət idarəçiliyi və demokratik elementlər

 Qədim türk dövlətlərində xaqan xalq məclisi olan “Kurultay” ilə məsləhətləşərək qərarlar verirdi. Bu, dövrünün demokratik idarəetmə formalarından biri kimi qəbul edilir.

 

 5.Qədim Türk təqvimi

 Türklər özlərinə məxsus 12 illik dövrü olan təqvimdən istifadə etmişlər. Hər il bir heyvan adı ilə adlandırılmışdır (məsələn, İt ili, Əjdaha ili).

 

 6.Qadınların yüksək statusu

 Qədim türklərdə qadınlar yüksək statusa malik idi. “Xatun” adlanan hökmdar xanımları dövlət işlərində söz sahibi olurdular və bəzən elçiləri qəbul etmək səlahiyyətinə də malik idilər.

 

 7.Qəhrəmanlıq dastanları

 Türklərin zəngin ədəbiyyatı qəhrəmanlıq dastanları ilə doludur. “Oğuz Kağan Dastanı”, “Alp Ər Tonqa” və “Dədə Qorqud Kitabı” qədim türk mədəniyyətinin ən qiymətli nümunələrindəndir.

 

 8.Şamanizm və inanc sistemi

 İslamdan əvvəl türklər Şamanizmə inanırdılar. Onlar Göy Tanrıya (Tengri) ibadət edir və təbiət qüvvələrinə hörmət edirdilər. Şamanlar (kamlar) isə dini ayinləri idarə edirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

11-ci qayda:

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

 

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

5-ci qayda:

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

6-cı qayda

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

7-ci qayda:

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

8-ci qayda:

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

9-cu qayda:

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

10-cu qayda:

Qətiyyətli olun!

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

 

 

Çərşənbə axşamı, 18 Fevral 2025 15:40

Ruhun iki üzü – ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət” 

 

 

 

Xoşbəxt hiss etdiyində ən gözəl mahnılar sənin üçün çalar, ən gözəl kəlimələr sənə ünvanlanar, ən gözəl anlar səninlə yaşanar və ən gözəl duyğular qəlbini bəzəyər. O an, sənə hər şeyi elə gözəl şəkildə təsvir edir ki, özündə məğlubedilməz bir güc hiss edirsən, sanki bütün çətinliklərin öhdəsindən təkbaşına gələ biləcəyini düşünərsən.

 

Çünki sən xoşbəxtsən. Xoşbəxtlik insana anlam verə bilmədiyim bir özgüvən bəxş edir. Problemin nədən ibarət olduğunu bilmədən belə, bir yol tapılacağına ümid bağlayırsan.

Bir də bunun əksi olan bədbəxt insan...

O, ən gözəl mahnıları eşitsə belə, ruhu sükuta qərq olar. Ən gözəl kəlimələr belə ona təsir etməz. Onu xoşbəxt etmək üçün nə qədər çalışsan da, heç nəyi dəyişə bilməzsən. Çünki onun içində dərin bir boşluq var və bu boşluğu doldurmaq mümkünsüz görünür. Bədbəxt insan üçün gələcək qeyri-müəyyən, indi isə qaranlıq bir yol kimidir. Bu yolun sonu bəlkə də heç vaxt aydınlanmır, əksinə, sonsuz qaranlığa qərq olaraq uçuruma aparır.

Hər dəfə qarşılaşdığı çətinliklərə qarşı apardığı mübarizədən məğlub tərəf kimi çıxmaq onu gücsüz edir. Ümidini itirəndə özünü uğursuz, bədbəxt biri kimi görməyə və bunu qəbullanmağa başlayır. Nə savaşacaq gücü, nə qalib olacağına ümidi, nə də həyatına yenidən bir günəşin doğacağına inamı qalır.

 

Ancaq bir şeyi unutmamaq lazımdır ki, bu bədbəxtlikdən çıxış yolu var. Bəzən kiçik bir parıltı, bir gülüş, bir ümid qığılcımı insanın həyatını xilas edə bilər...

 

 “Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.

 

Məhəmmədrza Ləvayi

Çikaqo

 

 

ATLANTİKDƏ URMU GÖLÜNÜ AXTARIRAM

 

Uçurtdular, uçdurdular, qaçırtdılar Urmu gölünü

Azərbaycanın boğazını qurutdular

Kərbəlaya ağlayanlar, Kərbəlaya çevirdilər torpağımızı.

 

Bir də belə sansınlar, yansıtsınlar bizi

Ağladıqları Əliəsğər boğazım

Sızladıqları Hüseyin, başımız

Çağırın bağırdıqları Əbilfəzl, qollarımız.

 

Həm o səbəbdən əmmamələri Yezid

Əbaları Şümür

Həm o səbəbdən minbərləri Hərmələ.

 

Sonu bəlli idi

Zindanda o tutuqlanan şairin üzünə işədiklərində

Flaminqolar dimdiklərinə alıb Urmu gölünü uçdular

Sonu bəlli idi

Təbriz Müsəllasında sazları yandırdıqları gün

Urmu gölü qəlb krizi keçirdi.

 

Dostlarım "Urmu gölünə şeir yaz" - deyir

Yazdığım şeir quruyur, duz fırtınası olur.

Soyqırım edir dinləyənləri, dinləməyənləri

Yazdığım şeir Urmunu, Ərdəbili, Təbrizi görmür tarixə

Yazdığım şeir Azərbaycanı məhv edib dağıdır.

 

Düşmən torpağımızı bizə qarşı düşmən etməyi bacardı

Bunu cəhalətimin hansı divarına yazım unudulmasın deyə?

 

Cəhalət, amma unutdurar hər şeyi.

Urmu gölünü də...

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

Çərşənbə axşamı, 18 Fevral 2025 14:28

Türk dilinə yaxın və uzaq yapon dili - ARAŞDIRMA

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi F.Mustafa demişkən, “görəsən, dünyada elə bir dil varmı ki, orada türkizmlər olmasın?” Bir həvəskar kimi hansı dillə maraqlanıramsa, orada az və ya çox sayda türkizmlərin varlığını görürəm.

 

Dünya dillərində türkizmlər halay çəkib, “rəqs edirlər”. Amma onların bu dillərdə nə vaxtdan mövcud olması barədə konkret tarix göstərmək çətindir. Bizcə, bu proses elə türk dilinin (biz bu ad altında başda Osmanlı və Azərbaycan türkcəsi olmaqla bütün 41 türk dilinin hamısını nəzərdə tuturuq) formalaşma prosesi başlayan vaxtdan – çox qədimdən başlamışdır.

Türkizimlər hələ bir yana qalsın. Yer üzərindəki müxtəlif dillərin türk dilləri ilə oxşar və ortaq cəhətlərinin olması da tamam ayrı bir aləmdir. Bunlar

 mənim çox xoşuma gəlir və türk dilinin qüdrəti, gücü və gözəlliyiilə qürur duyuram. 

Türkizmlərin işləndiyi və türk dili ilə oxşar cəhətləri olan belə dillərdən biri də yapon dilidir. Yapon dili Yaponiyanın rəsmi dövlət dilidir. Bu dildə 140 milyona yaxın insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır.

 Türk-yapon mədəniyyətləri arasında çoxlu oxşarlıqlar olsa da, dil münasibətləri daha fərqli dərinliyə malikdir. Tədqiqatçılar tarixi inkişaf baxımdan türk və yapon dilləri arasında bir sıra oxşar və ortaq cəhətlərin olduğunu qeyd edirlər. 

Birincisi, hər iki dilin formalaşmasına və təşəkkülünə digər dillərin də təsiri danılmazıdr. Türk dilinin inkişafında şumer, çin, monqol, ərəb, fars, rus və digər dillərin, yapon dilinin formalaşmasında isə sanskrit, aynu, avstroneziya, koreya, çin və s. dillərin təsiri az olmamışdır. Bunların izləri hələ də görünməkdədir.

İkincisi, həm türk, həm də yapon dilləri qədim zamanlardan Çin dili ilə sıx əlaqədə olub. Bu dillərdəki eyni mənalı və səs bənzəməsi ortaq olan, ümumi sözlər kimi göstərilən leksik vahidlərin əksəriyyəti indi də çin dili vasitəsilə izah olunur.

Üçüncüsü, yapon dil də türk dilləri kimi iltisaqi (aqqlütinativ) dildir. (Lakin zaman keçdikcə bu xüsusiyyətini müəyyən qədər itirmişdir.) Türk və yapon dilləri arasında səs, söz və cümlə quruluşu baxımından oxşarlıqların olması isə danılmazdır və s.

Bəzi tədqiqatçılar bu oxşarlıqların səbəbini belə izah edirlər ki, tarixin müəyyən bir dövründə ulu Altay dili (proto-türk) mövcud olmuşdur. Türklər, yaponlar, koreyalılar, yakutlar, monqollar, eskimoslar və yerli amerikalıların (hinduların) dillərinin kökü həmin ulu Altay dilinə bağlı olub. Min illər əvvəl onlar Altay bölgəsindən dünyaya yayılmış qohum xalqlardır. (Yaponların adalara təxminən eramızdan əvvəl 300-cü illərdə getdikləri söylənilir.) Ona görə də dillərində və mədəniyyətlərində oxşarlıqların olması normaldır.   

Altay dilləri üzrə ekspert Roy Endryu Miller Koreya və Yapon dillərinin Altay dillərinə aid  olması fikrini müdafiə edirdi. Bu məsələyə geniş şəkildə toxunan Miller deyirdi: “Yapon dili ilə qədim türkcə arasında səs, söz və cümlə quruluşu baxımından oxşarlıqlar o qədər açıqdır ki, başqa dəlillər olmadığı halda belə, bu oxşarlıqlar yapon və türk dillərinin ortaq bir kök dildən qaynaqlandığını sübut etmək üçün kifayətdir”.

Yaponşünaslardan A.R.Zifeldt-Simumyaqi isə  yazır: “Mən hər dəfə əlimə yapon dili lüğəti götürəndə o qədər Ural-Altay kökünə rast gəlirəm ki, yapon milləti və onun dilinin əmələ gəlməsində aynu və malay-Polineziya, sonra isə Çin ünsürləri ilə yanaşı iştirak edən ünsürlərdən birinin Ural-Altay təbiəti barəsində şübhələrə yer qalmır. Müqayisəyə qədim yapon sözlərini cəlb edəndə bu oxşarlıq daha qabarıq olur”.

Ona görə də əvvəllər Altay dil ailəsinə türk, monqol, tunqus-mancur dilləri daxil edilirdisə, sonralar Y.D.Polivanov və Q.İ.Ramstedt Altay dil ailəsinin hüdudlarını genişləndirərək yapon və Koreya dillərini də bu ailəyə daxil etmişlər. Yapon dilinin Ural-Altay dilləri ilə qohum olması fikri  alimlər V.Şott, De Rosni, O.Altay və J.Hoffman tərəfindən də irəli sürülmüşdür. 

Mütəxəssislər yapon dilində xeyli türkizmlərin (məsələn: iyi-İi, çok-şhokku, ne-nani, yak-yakedo, tepe-teppen, kara-kuro, su-sui, yabajin-yabançı, yama-yamaç və s.) olduğunu müəyyən etmişlər.   Məşhur türkoloq Osman Nedim Tuna altay dilləri nəzəriyyəsi haqqındakı məqaləsində belə türkizmlərin yaponcadakı səs fərqlərini ada faktoru ilə izah edir. T.Quliyev isə “Altay dillərinin qohumluğu məsələsi” əsərində türk dilləri ilə yapon dili arasında müvafiq leksik paralelliyin digər dillərlə nisbətdə az olmasını yapon dilinin Altay dil ailəsindən - kök dildən çox-çox erkən ayrılması ilə əlaqələndirir. Ümumiyyətlə, əgər türk-yapon dillərində həm məna, həm də səs baxımından oxşar ümumi sözlər varsa, bu, hər iki dilin ortaq kök dildən törəndiyi ehtimalını meydana çıxarır. Lakin bunun əksini iddia edənlər də var. Klouson, Şerbak, Ligeti, Kotviç kimi dilçi alimlər türk və yapon dillərindəki eyni mənalı oxşar sözlərin ortaq miras deyil, bir-birləri ilə yüz illərlə sürən siyasi, iqtisadi və mədəni əlaqələrin təsirinin nəticəsi hesab edirlər. Bəs digər oxşarlıqlar? Onlar da siyasi, iqtisadi və mədəni əlaqələrin hesabına olub? Axı bu dillər arasında başqa bir sıra oxşarlıqlar da vardır.

Məsələn, hər iki dildə  sait-samit harmoniyasının olması, törəmə və fleksiya şəkilçilərinin kök sözləri dəyişməməsi,  hər iki dildə kişi və qadın arasındakı fərqi (cins kateqoriyasını)  göstərən heç bir ön sözün olmaması, hər iki dildə sözdən sonra prefiks əvəzinə əlavə olunan şəkilçilərin varlığı, hər iki dildə fellərin lüğəvi mənalarından asılı olaraq iş, hal, hərəkət, vəziyyət, proses, hadisə və s. bildirən leksik-semantik məna qruplarına ayrılması və adətən cümlənin sonunda işlənməsi, subyektin cümlənin əvvəlində, təyin olunan sözün təyindən sonra gəlməsi və s. və ia. yapon dili ilə türk dillərinin  əhəmiyyətli ortaq dil xüsusiyyətlərindən sayıla bilər.   

Bu dillərin bənzərliyini dəstəkləyən ən mühüm amillərdən biri də cümlə və söz strukturlarındakı oxşarlıqlardır. Məsələn, türkcə “Evə gedəcəyəm.” cümləsi yapon dilində “İe-e iki-masu” şəklindədir. Başqa bir misal, türkcə “Evdə gözləyəcəyəm.” cümləsi yapon dilində “Ie-de matchi-masu” kimidir. Yəni yapon dilində hazırlanmış bir cümlə sözbəsöz türk dilinə tərcümə edildikdə eyni strukturda eyni mənanı ifadə edir. Qrammatik quruluş əksər cümlələr üçün, demək olar ki, eynidir. Ona görə də türklərin yapon dilini və ya yaponların türk dilini öyrənmək sürəti və müddəti (xüsusilə danışmaq və danışılanı anlamaq) əksər xalqları qabaqlayır. Əhməd Zəfər Öztürk yazır ki, “25 il əvvəl mən Boğaziçi Universitetində işləyirdim. Yapon tələbə qızla tanış oldum. Türkcə çox gözəl danışırdı. Bir gün ondan türkcə öyrənməyin çətin olub-olmadığını soruşdum. O bildirdi ki, türk və yapon dilləri dil və qrammatika baxımından çox oxşar olduğu üçün heç də çətin deyil”. Yuiki Umemoto “Türk və yapon dillərində sintaksis” adlı doktorluq dissertasiyasına yazdığı ön sözdə göstərir ki, “xarici dil olaraq türk dilini öyrənməyə başlayanda çox təəccübləndim. Sintaksis baxımından türk dili ilə yapon dili arasında oxşarlıqlar var...Bu isə onların əlaqəli olduğunu göstərir”. Y.Umemoto türk və yapon dilləri arasında tarixi baxımdan ortaq nöqtələrin  çox olduğu qənaətindədir.  

              Mütəxəssislərin fikrincə, nə qədər oxşarlıqlar olsa da, bunlar, hələlik, genetik qohumluğu təsdiq etmək üçün kifayət deyildir. Ona görə akademik A.Qurbanov yazırdı ki, son dövrlər bəzi Koreya alimləri və yaponşünaslar Koreya və yapon dillərinin Altay dilləri ailəsinə məxsus olduğu fikrini irəli sürsələr də, korey və yapon dilinin bu dillərlə qohumluğu tam sübut olunmamışdır. Filologiya elmləri doktoru Q.Cəlilbəyli də qeyd edir ki, yapon dilinin hansı dil qrupuna malik olması hələ qəti şəkildə müəyyənləşdirilməmişdir

              Altayçı Şiro Xattorinin fikrincə, iki dil arasındakı qohumluğu sübut etmək üçün sinonim sözlər arasında səs fərqlərini kompensasiya edən qaydalar da olmalıdır. Oxşarlıq ilk öncə o dillərdəki təməl sözlərdə (xüsusən say, əvəzlik və qohumluq bildirən sözlərdə) axtarılmalıdır. Hattori bu prinsipi öz təcrübə sahəsində tətbiq edib və altay dilləri ilə yapon dili arasında 10-dan çox struktur oxşarlıqları müəyyən etmişdir. Lakin dünya türkoloqları bunları qənaətləndirici saymamışlar.

Altaist Şichiroo Murayamaya görə, yapon dilinin fonetika və leksikologiya baxımından mənşəyi avstroneziya dilləri olub. O, yapon dilini Altay dillərinin də qarışmış xüsusiyyətlərinə malik “mixed language” – “qarışıq dil” adlandırır. Rus yaponşünaslığın ilk nümayəndələrindən olan Y.D.Polivanov da öz axtarışlarının nəticəsi olaraq yapon dilini Cənubi Okeaniya ünsürləri ilə kontinental ünsürlərin əks olunduğu hibrid dil hesab etmişdir. Hansı variant olsa da, gördüyünüz kimi, yapon dili yenə də türk dillərindən uzaq düşmür.

 

 P.S. Maraqlıdır, görəsən,  yapon və türk dilləri həqiqətən eyni dil qrupunda olduqları üçün oxşardırlar, yoxsa oxşar olduqları üçün (zəndyana) eyni dil qrupuna aid edilirlər? Adamın yadına lap “ toyuq əvvəl olub, yoxsa yumurta?” məsəli düşür. 

 Yəqin ki, bu sualların cavabı gələcəkdə aparılacaq ətraflı tədqiqatlardan sonra məlum olacaq. Gəlin, bunu zamanın və mütəxəssislərin ixtiyarına buraxaq. Onsuz da başqa əlacımız yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə yazıçı, publisist, millət vəkili  Musa Urudun yazısı təqdim edilir. 

 

O mübarək günədək özünü 

Qərbi azərbaycanlı elan etmiş Taleh Şahsuvarlıya və bu şərəfli missiyanın 

bütün daşıyıcılarına ithaf edirəm

 

Allah sənə insaf versin, Taleh! Bu gecə gözümü də yummamışam. "Tale adamı" məqaləni oxuyandan sonra səhəri dirigözlü açmışam. O dağlar, dərələr, çəmənlər, örüşlər, əkin-biçin yerləri, bağlarımız, bostanlarımız bir-bir gözümün qabağından gəlib keçdi. Dağıdılmış, talan edilmiş yurdlarımız, yağmalanmış ev- eşiyimiz, altı üstünə çevrilmiş məzarlarımız, məscidlərimiz, ocaqlarımız, pirlərimiz, uşaqlıq illərimizin, yaddaşımızın çiliklənmiş xatirələri dil açdı, əl uzatdı, məni səslədi. Çöldə külək vıyıldayır, elə bilirəm Üçtəpənin yelidir, elə bilirəm Bazarçayın şırıltısıdır.

İnsanı söz yaradıb, deyirlər. Amma, məncə, insanı irəliyə aparan, milyon illərin o başından bu günümüzə gətirib çıxardan SƏS olubdur. O səsin dalınca gedən insan özünü tapıb, özünü təkmilləşdirib, özünü inkişaf etdirərək böyüyüb. İnsanlar səs-səsə verərək birləşib, tayfa olub, el-oba olub, millət olub.

Mən bu gecə o səsi eşitdim. Bu Ümidin səsi idi, bu Torpağın, Suyun, Vətənin səsi idi. Bu səs Ruhun, Yaddaşın, Talenin səsi idi.

Gəl - deyirdi, bu səs!

Yaxşı ki, yaddaşlar hələ yerindədir, yaxşı ki, o yolları, cığırları tanıyan nəsil hələ sağdır.

Biz sağ ikən ora qayıtmalıyıq, o yolları, cığırları, aşırımları, gədikləri, döngələri babalarının adını daşıyan oğlanlarımıza tanıtmalıyıq. O dağıdılmış baba yurdlarını adlarını daşıyan nəvələr yenidən bərpa edəcəklər, dirçəldəcəklər, cənnətə döndərəcəklər.

Qayıtmağın şərtini və yolunu isə Ulu Öndər illər öncə müəyyən etmiş və bizə öyrətmişdir. Hələ ötən əsrin doxsanıncı illərində Ulu Öndər Heydər Əliyev böyük müdrikliklə və uzaqgörənliklə demişdir:

"Tarix böyükdür. Bir əsrdə olan hadisələr sonrakı əsrlərdə dəyişilə bilər. Biz, sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq, - bunu tarix göstərəcəkdir. Biz məhz bu tarixi torpaqların bizə mənsub olmasını daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir."

Biz məhz bu öyüddən dərs alaraq, bu tarixi missiyanı yerinə yetirmək üçün yola çıxdıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin liderliyi ilə nəsillərə nümunə olacaq şərəfli yol keçdik, döyüşdük, şəhidlər verdik, himnimizdə deyilən kimi,"hərə bir qəhrəman oldu", nəhayət, 44 günlük Zəfər savaşından sonra arzularımızın ŞUŞA zirvəsinə qovuşduq. Dayandıq, toxdadıq, bir az nəfəs dərdik, daha sonra Ağdama, Laçına, Kəlbəcərə getdik. Ali Baş Komandan İlham Əliyevin qüdrətli əlləriylə qaldırılan, Xankəndinin baş meydanında şəstlə ucalan və qürurla dalğalanan ay-ulduzlu üçrəngli bayrağımız isə, "Qarabağ Azərbaycandır!" - nidasının əyani təcəssümü oldu!

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!

Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi genişləndi, qəddimiz dikəldi, milli varlığımız ucaldı, qürurumuz böyüdü.

Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.

Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.

Qələbənin, uğurun formulu çox sadədir: Müzəffər Komandan - müzəffər Ordu - müzəffər Xalq.

Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur - xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!

...Qarabağ yaylası Zəngəzur dağlarının davamıdır. Yolumuz o dağlara tərəfdir.

 

Yolum Zəngəzuradı,

Kəbəm, qibləm oradı.

Hər qayası bir ayə,

Hər dağı bir surədi.

 

Hər birimizin babamızın məzarı üstündə ürəyimizdən keçən sözlərimiz var, bu sözlər məhz elə Ali Baş Komandanın ürəyindən keçirdiyi və addım-addım reallaşdırdığı sözlərdir!

Bir Liderin ürəyindən keçən sözlər, onun xalqının hər bir sıra nəfərinin də ürəyindən keçirsə, bu artıq Haqqın Sözüdür və Haqqın Özüdür!

Ali Baş Komandanın baba məzarı üstündə ürəyindən keçən sözləri, inanıram ki, lap yaxın vaxtlarda Dünya eşidəcəkdir!

O gün hamımız ürəkdən deyəcəyik: Gözün aydın olsun, Vətən torpağı, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

Və sonda, əziz dostum Taleh Şahsuvarlı, çox doğru və haqlı olaraq yazırsan ki, sən özünü Qərbi azərbaycanlı elan etmisən!

Bəli, hamımız bu gün Qərbi azərbaycanlı olmalıyıq, sabahkı daha parlaq günlərimiz naminə bir yerdə olmalıyıq!

Qardaş qardaşı ilə, əl-əli ilə, el eli ilə güclüdür!

 

İrəvanda görüşənədək!

 

Uruda gedən yol Laçından keçir,

Zəng vurdum, açmadın telfonu, Taleh.

Nisgilim iynənin ucundan keçir,

Göyərən ümidin ünvanı birdi,

Uruda gedən yol Laçından keçir.

Daşlar həmin daşdı, dağlar həmin dağ,

Göyərəni otdu, daşı göyərməz.

Anası ağlamaz sərvaxt igidin,

Ağlar göz kor olar, yaşı göyərməz.

Getdi, qayıtmasın ağlar günləri,

Daha ağlamağın zamanı deyil.

Cəsarət qılıncı mərd əlindədir,

Mərd oğul deyəni zəmanə deyir!

Kim deyir dağ-dağa qovuşa bilməz?!

Hünər körpü salar dərənin üstdən.

Bir igid nərəsi şimşəktək çaxar,

Dağlar al geyinər qaranın üstdən.

Bir vaxt Qaragöl də qara xəyaldı,

İndi İşıqlının su aynasıdır.

Qara keşişlərin qara niqabın

O yurdlar biryolluq soyunasıdır.

Qaçqın çörəyinin dadı bilinməz,

Kündəsi küt gedər, ya da şit düşər.

Adını tarixə yazar, silinməz,

İgidin baxtına şəhidlik düşər!

Su murdar götürməz, torpaq da pakdır,

Vətən qəriblərin duzdax yeridir.

Gülü güllə ilə açılacaqdır,

Zəngəzur tətikdə barmaq yeridir.

Haqqın yüz adı var, özü ki, birdi,

Qoymaz ayrı düşsün dağı qarından.

Şair karandaşı haqq elçisidi,

Qəhrəman göyərdər hər yonqarından.

Qonaqlıq borcu var Musa Urudun,

Qərbi Zəngəzura yolumuz da var.

Bizim həyətdəki qocaman tutun

Altına sərməyə xalımız da var!

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Kitab rəfimizə yeni bir kitab gəlir. Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.

 

Məlumat üçün bildirim ki, Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. Əslən Ağdamın Yusifcanlı kəndindəndir. Elə ilk təhsilini də doğma Yusifcanlı kəndində alıb. Sonra təhsilini ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda  davam etdirib. Birinci Qarabağ Müharibəsi iştirakçısıdır, hazırda ehtiyatda olan zabitdir.

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.

“Zaur Ustac-50” seriyasından nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisist Vaqif İsaqoğludur.

Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdən təhlilindən ibarət olan kitab böyük bir auditoriya - filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar  və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

 Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatçısı Rahilə Qaralovadır.

Şair-publisist Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Qurban Bayramov, Vaqif Yusifli, Ayətxan Ziyad, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.

Və əlbəttə ki, maraqlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.