Super User

Super User

Çərşənbə, 19 Fevral 2025 12:28

Nəsibənin sənət dünyası

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Keramist-rəssam Nəsibə Şükürova böyük zövq və təxəyyüllə, mürəkkəb və qeyri-adi texnika ilə yaddaqalan, rəngarəng sənət əsərləri yaradır. Deyir ki, qədim abidələrimizdə olan kaş bəzəklərinə böyük heyranlıqla baxırdım və öz-özümə sual verirdim ki, bunlar nədi,  nədən yaranıb.  Gil və su ilk baxışdan hər kəsə adi gələ bilər. Amma bilməliyik ki, gil su ilə qarışanda və sənətkar əli dəyəndə əsl sənət əsərinə cevrilir.

 

Onun bu işə sevgisi öz peşəsinin mükəmməl bilicisi etməyə imkan verib.

Əslən İsmayıllıdan olan və bir zaman dulusçuluq materiallarına baxanda heyrətlənən Nəsibə Şükürova gilə can verir, keramika ustasıdı.

Vurğulayır ki, yaradıcılığımda daha cox şamot matreallarından istifad edirəm.  Çünki gilin adi halda cox plastik bir materialdan ondan əsasən demək olar ki, suvenir xarakterli işlər etmək olur. Yəni xırda xarakterli işlər etmək olur.  Keramikanin beşiyi sayılan dulusçuluq tənəzzül edib. Bunun yerini isə müasir tendensiyaya uyğun bədii keramika tutur və inkişaf edir. Bədii kermaka nümunələri isə oda davamlı və elastik gili olan şamotdan hazırlanır. Sonra isə xüsusi sobalarda yüksək temperaturda bişirilir. Mən daha cox alov texniksından istifadə edirəm.

Onun yaradıcılığında əsasən sönmüş vulkan torpağının bişmiş gilindən hazırlanan şamotdan “Qobustan”, “İkinci həyat”, “Xurcun”, “Xalça vaza”, “Bədii vaza” və digər əsərləri mühüm yer tutur. Rəssam-keramistin bir çox yaradıcılıq nümunələrinin əsas mövzu mənbəyi isə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Vətən müharibəsində qazandığımız tarixi Qələbə və digər tarixi hadisələrdən qaynaqlanır. 

Emal texnikasıyla hazırlanmış işində rəngli emallardan istifadə olunub. Digərləri isə tam başqa bir texnologiyadı. Fayansdan ibarət materialdan da yararlanır.  Buta ailəsi kompazisiyası üç butadan ibarətdi. Bu bədii kompazisiyanin üzərində  qrafik  şəkildə mis-oksidlə işlənmiş ornamentlər vardır. 

Sənətkarın vətənpərvərlik  mövzusunda dörd kompozisiyası mövcuddur. Onlar Rəssamlar İttifaqında Şuşa  ili  çərçivəsində  təskil edilən sərgidə nümayiş olunub. Kompozisya Azərbaycan adlanır və tarixi milli-mənəvi  dəyəri köklərində əks etdirən ay ulduzlu bayraq formasındadı. İkincisi əbədi məşəl, üçüncüsü isə xarı bülbül kompozisiyalarıdı. Hər ikisi şəhidlərimizin xatirəsinə həsr olunub. Dördüncü kompozisiya panodu. Bu, əslndə tam şəkildə qəhrəmanlğı təcəssüm edən qılınc formasındadı. 

Bir vaxtlar gördüklərinə təəccüblənən  Nəsibə xanım hazırda keramika sənətinin peşəkarlarındandı. Azərbaycan Dövlət Rəssamlıq Akademyasının keramika fakültəsinin məzunu olan sənətkar indi özü tələbələr yetisdirir.  

Nəsibə xanım hazırda Sumqayıt şəhər Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində dərs deyir.  Bədii keramika ilə yanaşı, rəngkarlıq qrafika, dekorativ tətbiqi sənətlə də məşğul olur. Bu sahəyə verdiyi töhfələrə görə ona Fəxri mədəniyyət işçisi adı verilib.

O, deyir ki, mərhum rəssam, Azərbaycanda yeganə monumental keramist Zahid Hüseynovun sinfini bitirməyim yaradıcılığımda mühüm rol oynayıb. Ölkəmizi bir çox mötəbər sərgilərdə təbliğ etməkdən böyük qürur duyuram. Bütün həyat və  yaradıcılığım boyu valideynlərimin əvəzsiz  təkanı və dayağına görə onlara hədsiz borcluyam.

Tamaşaçısını sevindirməyə, onun diqqətini cəlb etməyə, sadəcə olaraq, gözəlliyi paylaşmağa çalışan Nəsibə xanıma daha böyük yaradıcılıq zirvəsi nəsib olmasını arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim etməkdəyik.

 

 

***

 

Gah  küləkdən, gah  yağışdan adlayıb,

Gah   enişdən, gah   yoxuşdan adlayıb,

Ürəyini  hərə bir cür odlayıb,

Ümidini  hərə bir cür qırıb  hey,

İçimdəki qərib hey!

 

Göz  dikiblər  taleyinə, baxtına,

Od vurublar "Ömür" adlı taxtına,

Həsrət  düşüb gözəl-göyçək vaxtına,

Vüsalını şaxta-sazaq vurub hey,

İçimdəki qərib  hey!

 

Doymayıblar qeybətindən, qalından,

Qova-qova döndəriblər yolundan,

Yıxılanda tutmayıblar qolundan,

Addımbaşı bir xəyanət görüb hey,

İçimdəki qərib hey!

 

Keçiriblər min tənədən, qınaqdan,

Min qarğışdan, min nifrətdən, min ahdan,

Yorulanda hayıf çıxıb varaqdan,

Heça-heça nəfəsini dərib hey,

İçimdəki qərib hey! 

 

 

***

 

Ürəyim  od  içindədi,

Baxışımı  çən aparır.

Misralarım yaz eşqində,

Saçlarımı dən aparır.

 

Ayaqlarım yol yorğunu,

Qollarım  göydən  asılıb.

İçimdə  təklik  ulayır,

Qulağım  küydən  asılıb.

 

Bilmirəm sağam, ölüyəm,

Sükutam, səsəm, bilmirəm.

Dönmüşəm dəli  küləyə,

Hayanda əsəm, bilmirəm.

 

Gözlərim  yağışa  düşüb,

Kirpiyim  nəmdə üşüyür.

Kədərim  zilə  qalxıbdı, 

Sevincim  bəmdə  üşüyür.

 

 

***

 

Bütün şəhər sən qoxuyurdu  bü gün, 

Küləklərin  ağzında  uçurdu adın.

Günəş  səni  pıçıldayırdı qulaqlarıma

Küçə-küçə, addım-addım.

Ləpirində sevişirdi  qum  dənələri.

saçların  barmaqlarımda ovunurdu,

Adın  dodaqlarımda.

Şəhərə düşmüşdü şəklin,

Səni  gözlərimə köçürürdüm

nöqtə-nöqtə, nida-nida...

Baxışlarım  kölgənə ,

Əllərim  ovuclarına qaçırdı.

Bu gün  unutmuşdu  bizi  bütün şəhər--

Adamlar, evlər,

Dükanlar, kafelər, 

Xəzəllər, ağaclar, 

Maşınlar, tıxaclar, 

Yollar, küçələr,

Hasarlar, sərçələr...

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Ayna Asimqızının esseləri təqdim edilir.

 

 

                                                  VƏTƏNİM SƏNSƏN

 

 

Yenə burdayam. Pəncərənin qabağında. Elə hey gözləyirəm. Günlər keçir birər-birər, mən yenə də burdayam. Günəş doğur, məni seyr edir, sonra o da gedir. Ay hər gecə məni izləməkdədir. Dan ulduzu hər gecə məni dinləməkdədir: “Sən danış mənə, dinləyirəm səni hər gecə”. Sonra o da gedir. Mənə vəfasızlıq edir. Bütün dərdlərimi şeir təki əzbərləyən o gözəl pəri – o da mı məni tərk edir? Yox, o, vəfasız deyil. Ən azından o, gecələri məni yad edir. Sonra sabah olur, göy üzü aydınlanır. Gözəl səba məni xatırlayır. Hər gün saçlarımı darayır. Saçlarımın qoxusunu ona aparır. Dərdlərimin aşinasıdır. “Sən danış mənə, elçi olum sənin eşqinə. Səsindəki o məlahəti, o sədaqəti aparım sevdiyinə”. Ah-naləm yetişir ərşə. Buludlar göz yaşı tökür mənim dərdimə. Amma buludlar ağlamasın, istəyirəm. Ağlamayın, nazlı buludlar. Axı onun ayaqları yağmur suyu ilə yoğrulmuş torpaqdadır. İndi üşüyür əlləri, soyuqdadır. O məni unutsa da, qıya bilmirəm ona. Sevirəm onu hələ də qəlbimin ən dərinində. O sevmirdi məni. Bəlkə də, sevirdi, mən bilmirəm hələ də, amma bilirəm ki, bu torpağı məndən çox sevirdi. Məni deyil, bu torpağı seçdi. Məni qoyub getdi. O, indi səngərdədir.  Məni tərk etdi. O, indi cəbhədədir. Mən ona vətənimsən deyirdim, o mənə bu vətənmin çiçəyi. Mən ona can deyirdim, o bu torpağa yar. Bəlkə də, qayıtmayacaq. Sevgilim dediyi torpağın bir parçası olacaq. Sevdiyinə qovuşacaq. Mən də sevdiyini bu torpağa bağışlayan milyonlardan biri. Madam, o bu torpağı məndən çox sevir, məni yox, onu seçir, mən də sevəcəyəm. Axı sevdiyimi bu torpağın qoynuna verəcəyəm. Sevdiyimi bir verdim, bir daha verməyəcəyəm!

 

 

İNSANIN QİYMƏTİ

 

Bir balaca nöqtə kimiyik, əslində. Həm böyük bir romanın, böyük bir kitabın çatdığı son mənzil, həm də bəsit bir nöqtə, təklikdə heç nə. Görürsənmi, təklikdə heç nəsən, qədrin yoxdur, əslində, amma bir cümlə yetər böyük bir hökmü verəcək gücə qadir ola bilməyinə. İnsan deyib keçmə. Beş hərfli bu sözün hər bir hərfindəbir sirr gizlidir, əslində. Həm acizsən, həm də böyük gücə sahibsən. Həm ölçüləri tənzim edirsən həm də ölçü sənsən. Düşünürsən, lakin anlamırsan. Ən böyük fərqindir düşüncələrin. Varlığının təsdiqidir sənin düşüncələrin. Cismin heçdir, o olmasa da, sən varsan. O olmasa, sən, əslində azadsan. Ah, o cismin səni məhkum edir kiçik sərhədlərə. Aşmağa qoymur o sərhədləri. Zindandır sənə o bədən. Düşünürsən, lakin anlamırsan. Sən həm varsan,həm də yoxsan. Sən, əslində, ziddiyyətsən. Bunu heç vaxt görmürsən. Hər şeyi özü ilə bağlayan insan, sən, bilirsən, nəsən?! Dünyanın mərkəzinə qoyursan özünü. Həyat adlanan bu səhnədə baş qəhrəmansan düşüncələrində. Hadisələr baş verir sənin dövrəndə. Əslində, düşünsən, bu həyat səhnəsində köməkçi rol yoxdur. Hamı baş qəhrəmandır öz hekayəsində. Səni mər-kəzə qoyan insandır yenə də. Bir şam canlandır nəzərində. Ərafında dövr etməsə pərvanə, bir qiyməti olarmı yenə də? Bir düşün yenə də, olmasa, dünyada heç kəs, olsan sadəcə sən, bu qocaman dünyada olarmı bir dəyərin daha?.. Unutma əsla!Bir nöqtə kimisən, bir daha xatırla. Cümlə yoxsa, yoxdur bir dəyərin, heçsən, əslində. Bir söz kifayət edər sənə böyük qüdrət verməyə. Kiçik bir dünyasan sən də. Qoynunda bir həyat gizlədirsən, amma günəşin ətrafında bir pərvanə misalı dövr edirsən.Dəyərlisən sənə dəyər verənlərə dəyər verdiyin qədər.

 

 

FÜZULİ VƏ HÜQO

 

Hüqo: Ey böyük sələfim, söylə, nədir həyatın mənası? Nədir bu vurhavur, nədir bu qaçaqaç? Hər kəs tələsir, baxmadan arxasına, məqsəd nədir hamı bilir guya, amma əldə etdiklərimiz əllərə qonan quş tüküdür sanki, bir mehlə onlar da bizim kimi yox olub gedəcəkdir. Ey ustad, maraqlıdr mənə, dənizin köpükləri kimi yox olub gedəcəksə hər şey əlimizdən, bəlkə də, biz də nə üçündür bu təlaş və bu savaş?

Füzuli: Sənlə mən arasında yüz illər var. Sənlə mən arasında mədəniyyətlər, kültürlər var. Sənlə mən arasında illər qədər yollar var. Sənlə mən dindaş deyilik, sənlə mən həmvətən də deyilik. Sənlə mən qarşı-qarşıya duran güzgülər kimiyik. Göz-gözə gəlsək, gözlərin aynasında görəcəksən sonsuzluğu, bu sonsuz çarpışma və çırpınışların səbəb və səbəbkarını. Həyatın mənası həyatın mənasını axtarmaqdan ibarətdir. Çılpaq gözlə baxsan, zahirən “biz”, – deyə bir şey ola bilməz. Çünki mən hacıyamsa, sən rahib, mən gündüz, sənsə gecə, birimiz günəş, birimiz ulduz. Amma düşünən dərindən, sadəcə baxan deyil görən, əslində, bu dünyada sən və mən olmadığını anlayar. Çünki bu dünya yaranandan “biz” var hər zaman. Fərq nədir axı bizdə?! Heç nə. Fərqliliklər zahirdədir. Biz eyniyik, əslində. Həyat eynidi hər kəs üçün, əslində. Hamı bir həyatın şöləsinə baxır, sadəcə, fərqli pəncərələrdən. Hər kəs bir-birini tənqid edir, baxdığı şeyə görə yox, baxmaq üçün durduğu yerə görə. Fərq yoxdur, ikilik yoxdur. Sən də, mən də eyni qayə üçün vuruşmuşuq, sadəcə yollarmız fərqlidir. Son mənzilimiz eynidir. Bax sən öz zamanına, sonra da özündən əvvəl və sonraya. Bu dünyaya gəlmiş, gələn və gələcək insanların həyatında fərq varmı ki?! Bu maddi dünyada əldə etdiklərimiz,  edəcəklərimiz hamısı eynidir. Hər kəs doğulur, böyüyür, özünü axtarmağa, mənliyini kəşf edib tapmağa öncə zehninin qaranlıq otaqlarından başlayır. Sonra qəlbində çarə tapır. Eşqin meyini dadır, kimininki dilində qalır, kiminiki dildən qəlbə yol tapır. Sonra yaşlanır, yox olub getməkdən, itib-batmaqdan qorxu tapır. İzini, tozunu bu dünyada qoymaq üçün şah əsər yaradır. Hər bir insan, bəlkə də, artıq bizim üçün adi görünən bir yola addım atır. Bir insan böyüdüb yetişdirmək çoxlarının bu dünyada nişan qoymaq üçün yeganə yoludur. Milyonlara bu, adidir, lakin insan yetişdirmək alilikdir. Ən çətin iş bu işdir. Sonra qocalır, yolun sonuna çatır. Hər dövrdə, hər yerdə, hər zamanda, hər ildə dövran və kainatın gərdişi belədir. Ona görə də həyatın mənası bu dünyada deyildir. Çünki bu dünya çarx misalı dövr edir. Nə irəli, nə geri, olduğu yerdə hərlənir.

Hüqo: Ey arifi-ustad olan müəllim, həyatın mənasını tapan varmı bəs? Varsa, yolu hansıdır, hardadır? Hardan başlayır yolu? Son mənzil eynidir, bəs onun yolunun başı haradır?

Füzuli: Son mənzilə çatan yollar çoxdur. Saysız olan yolların yolçusu da çoxdur. Həyatın mənası həm bu dünyadadır, həm də deyildir. Bu sirri bu dünyada da,o dünyada da, sən hardasansa, orda taparasan. Çünki həyatın mənası, bəlkə də, sənsən, bəlkə, deyilsən. Amma sübuta eytiyacı olmayan yeganə fakt budur, həyatın mənasını içində gizlədirsən.

Hüqo: Ey mənim müəllimim, həyatın mənası insanda gizlidirsə, bəs onda nədən milyonlarla insan ömür boyu onu tapmaq uğrunda çırpınıb durur, bir ömrü bu yolda qoyub bu sirrə vaqif olmur?

Füzuli: Bu dünyada itib-batan çoxdur, bu dünyada axtarılan, tapılmayan da çoxdur. Unutma, bir şeyi gizlətməyin ən gözəl yolu onu gözlər önündə qoymaqdır. Həyat hər zaman mürəkkəb gəlir insana. Mürəkkəb düşünürük hər zaman. Bizə görə illər, əsrlər boyu axtarılan gözlər önündə ola bilməz. Əslində, ən böyük məsələ və imtahan da budur. Həyat çox sadə və­ düzdür. Həyat, dolaşıqlıqdan, döngələrdən, qarşıqlıqdan və qeylü-qaldan uzaqdır. Həyat dümdüz bir ip kimidir, əslində. Düyünlərdən azaddır. Biz düz ipin düyünlərini açmağa çalışıb, düyünü özümüz yaradırıq. Uzaqlarda axtardığımız, əslində, yanımızdadır. Baxmaq deyil, görmək lazımdır. Hamı qaçır, hamı təlaşdadır, məsələ isə dayanmaqdadır. Axtarışı buraxsaq, nəfəs alsaq, dayansaq, o olmayan düyünlər açılacaq. Həyatın mənası özü səni qarşılayacaq.

Hüqo: Dünyada ən böyük qüsur və eyib, dünyada ən böyük gözəllik və möcüzə insandır yenə də. Dünyanı gözəlləşdirən, həyatın dümdüz ipinə düzülən incidir insan. Eyni zamanda həyatın ipini dolaşdıran. İnci dəyərlidir gözəldir, safdır, təmizdir, sadəlikdir, incəlikdir, hətta gözəllikdir. Amma heyif ki, quru bir daş parçası, cansız bir cismdir. İnsan bəsit bir nöqtədir. Böyük hekayələrin, romanların, cild-cild əsərlərin çatdığı son mənzil, son nöqtədir. Böyük dühaların böyük şah əsərlərinə, tarixin qızıl səhifələrinə öz möhürünü vurub, son nöqtəni qoyan qüdrətdir, amma təklikdə cılız və heçdir. Bəmbəyaz kağız üzərində gözəlliyə vurulmuş sadəcə bir ləkədir. Kvazimodo insanın maddiləşmiş mənasıdır.  Həm çirkindir, həm də çirkinliklər içərisindəki gözəllikdir. İnsan bir möcüzədir. Milyonlar birdən gəlir, amma bir-birindən fərqlənir. Mən deyərdim ki, insan bir əsradır, bir sirdir.

Füzuli: İnsan bir sirr deyil, sirr pərdəsi arxasındakı ləldir. İnsan bir möcüzədir. On görə yox ki, ikilikdədir. Çünki içində kəhkəşanı gizlədir. Hər bir insanın öz yeri var kəhkəşanlar içində. Ən gözəl olan zorla qazanılan. Uğrunda mübarizə aparılan. Ən dəyərli və qiymətli ləl-cəvahirat zəhmətlə, qətiyyətlə çalışıb əldə olunandır. Zəhmətsiz qazanılan nemət, çox ağılsız üçün əhəmiyyətsizdir. İtiriləndə dəyəri bilənəndir. Vəd olunan zəhmətlə qazanılan, ömrünü ortaya qoyub, ömür boyu axtardığın ömrünün mənasıdır. Çünki sənin hər anın, həyatındır. Həyatın qarşılığında aldığın, həyatının əvəzi, onun eşi, tayı-bərabəridir. Buna görə də gözəldir. İnsan buna görə bir xəzinədir. Çünki içində böyük bir sirri gizlədir. Ən dəyərli olanı çirkin baxışlardan əsirgəyir. İnsan çirkinliklər içərisindəki gözəllik deyil, insan gövhəri gizlədən mücrüdür, əslində. Böyük bir mağara və mədəndir. Almazı köksündə bəsləyir. Bu sirri illər boyu axtarır, sonda cavabı özündə tapır. Buna görə o cavab onun üçün qiymətlidir. Çünki zəhmətlə əldə edir. Buna görə də onun qədrini bilir. Hər şeyin səbəbi budur.

Hüqo: “İnsan bu qədər gözəldir, dəyərlidir, zinətdir”, – deyirsən. “İnsan ikilikdə deyil”, – deyirsən. Bəs onda bu ikilik nədəndir. Səbəbkarı kimidir? İnsan bu qədər gözəldirsə, nəyə görə bətnində çirkinlik yetişdirir? Öz cinsini qətl edir. Aşiq olur, sevir, sevilir, lakin saf və məsum olan sevgini, insanı öz atəşi ilə saflaşdıran eşqi ləkələyir. Ona verilən neməti hədər edir, yıxır, dağıdır, qurmaq əvəzinə qurulanı məhv edir. Bütün bunları edən insan bu qədər təmiz və bəyaz ola bilərmi? Demirəm, insan sadəcə ləkədir. Deyirəm, insan ləkəli ağ kağız kimidir.

Füzuli: Bütün bu çirkinliklər, bu qüsur və eyiblər axtarışdan irəli gəlir. İnsan yaradılışının mənasını, öz mayasını axtarır. Çoxları səhv yerdə axtarışa başlayır, sonra qaranlıqlar arasında qara bir kölgəyə çevrilir. Qaranlığın sonsuz boşluğunda yox olmağa başlayan insan özünə bir işıq axtarır, lakin qaranlıqda işıq tapılmayacaqdır. Buna görə də tapa bilmədiyi cavabların yerini özü doldurmağa başlayır. Fəqət hər boşluq öz əksikliyini axtarır. Bağlanmır onun içində bir yara kimi qan sızdıran o boşluqdur. Ona görə nə etsə də, çarə deyil, çatlaqlardan qara bir duman sızır insan ömrünə. O, çatlaqları doldurmaq üçün insan vəhşiyə çevrilir, çünki doldurmur onun içindəki o boşluğu heç nə. Hər şeyə tamah salır, nəfs salır, çünki o boşluğu dolduracaq gerçəkliyi istəyir. Vəhşilik, iyrənclik və qaranlıq insandan deyil, onun içindəki açıq yaralardan gəlir. Unutma heç vaxt, insan nə qədər çirkaba batsa da, eşqi, sevgini ləkələyə bilməz əsla. Eşq o qədər safdır ki, ləkə tutmaz. Aşiqin eşqi incidirsə sevgilini, eşqin odunda yanmır, öz odu ilə yaxırsa sevdiyim dediyini, bu, eşq deyil. Eşq dildə yaranan deyil, qəlbdən dilə yol tapandır. Bu dünya bataqlıqdır, hər kəs bataqlıqdadır, sadəcə, bəzləri ulduzlara baxır. Ulduzlara baxan aşiqlərdir. Onlar ulduzlara çatmayacağını bilsə belə, yenə sevirlər. Çünki onlara eşq uğrunda bu həyatı qurban edirlər. Onlar eşqdən heç nə gözləmirlər. Onlar, sadəcə, eşq odunda yanmaq istəyirlər. Hər zaman, vüsal imkansız olsa belə, ona qovuşacağı günə çatmağa ümid edirlər.

Hüqo: Ey hikmət sahibi böyük ustad, sən dedin, bu dünyanın təməlində sadəcə biz var, sən və mən ola bilməz. Bəs onda bu ayrılıq, bu bölgü, bu kəsrət nədəndir? Qadını, kişisi, dindarı, dinsizi, alimi, cahili, kəndlisi, şəhərlisi, varlısı, kasıbı – hamısı insan deyilmi?.. Bu saydıqlarım hələ mində biri. Min illərdir bu dünyada hər qrup, hər təbəqə özünü qoyur zirvəyə, hər kəs bir-birinə baxır yuxarıdan. Kişilər qadınları, vaxt vardı, heç insan adlandırmırdı. Varlılar kasıbları tapdayaraq, əməyindən yararlanıb, əlindən haqqını alaraq qalxdığı zirvədən insanlara yuxardan aşağı baxmırmı?! Biz var bu dünyada, razıyam, amma sizlərlə bərabər var bizlər. Bəs bu, çoxluq aləminin qüsuru deyilmi?!

Füzuli: Kəsrət, əslində, təklikdən gəlir. Hər kəs və hər şey tamın bir parçası, bir hissəsidir. Sən olmasan, mənim, mən olmasam, sənin varlığın bir heç nədir. Gündüz və gecə bir günü, günlər həftələri, həftələr illəri, illər qərinələri yaratmırmı?! Hər birimiz, əslində, ən dəyərsiz hesab etdiklərimiz belə həyat zəncirində bir həlqədir. Birinin əksikliyi kainatın məhvidir. Əslində, hər şey təklikdə heç nədir. Düşün bir az, dünyanı dizə gətirən güc və qüdrət gözəllik qarşısında müti kölə deyilmi?! Gücdə zəriflik və zərafət yoxdur, gözəllikdə heybət. Onlar birlikdə tam və gerçək həqiqət. Hər birimiz bir günəşin bir zərrəsiyik.

Hüqo: O zaman, ey böyük üstad, nə edək ki, bölgü, bu kəsrət sona yetsin. Küllün zərrələri vahiddə birləşsin. Bitsin artıq bu sancı, bu ayrılıq, bu vüsal. Nə edək, ey böyük üstad?!

Füzuli: Əbədi xoşbəxtlik bir olmağı bacarmaqdadır ancaq. Bir olmaq üçün, birlik olmaq üçün, əbədi xoşbəxtliyə qovuşmaq üçün özündən keçəsən gərək. Əbədi xoşbəxtlik damla olmaqdan keçib, ümmanla bir bütün olmaqdır. Qığılcım olmaqdan keçib, nurunu oda bağışlamaqdır. Pərvanə cismi oda bəxş edəndə yalnız anlayacaq eşqin dəyərini.

 

 

ANA

                                 

                                        “Ey kahraman türk kadını, sen yerde sü-

                                         rüklenmeye deyil, omuzlar üzerinde gök-

                                        lere yükselmeye layıksın. Dünyada her şey

                                        kadının eseridir”.

                                                                       M. K.  Atatürk

 

 

Yollar uzundu önümdə. Bilmirəm, bəlkə, çatmayacaqdım ümidlərimin bağlandığı yerə. Amma iki sətir sözə güvəndim, inandım, çünki inanmağa möhtacdım. Çarəm yoxdu başqa. Mən kimi minlərcə qadın iki sətir sözə güvənib gedirdik bilinməyən bir əlamətin arxasınca. Bəlkə, sonumuz qiyamət olacaqdı. Bilirdik, bu çıxdığımız yolda hər şey gələ bilər başımıza. Çünki vətənin hər qarışında bir təhlükə vardı. Hər gün bir yer alışıb-yanırdı. Hər gün bir igidin ölüm xəbəri bu vətənin hər dağında,  daşında yanxılanırdı. Hər kəs qorxu içində, – “Görəsən, bu gün kimdir ölən, kimdir bu gün gedər-gəlməz olan?”, – deyə gözləri ilə yol çəkirdi soyuq səngərlərə. Minlərcə gözəlin yol gözləyən gözlərində, baxışlarında min bir məna vardı. Dünyanın dərdini onların gözləri anladırdı. O qızın gözlərində nələr vardı, bir bilsən. Onun dolmuş gözlərində yanan, onu yandırıb-yaxan atəşi görsən, ürəyindəki susmayan səsi dinləsən, onun susqunluğundakı fəryad-fəqanı eşitsən, insanı sağır edən hayqırışlarını eşitsən, anlardın qaranlıq gecədən aydınlıq sabahın doğulacağını,  amma bizi bizdən başqası eşitmədi. Bəlkə də, onların sonu, dəhəşəti, fəlakəti bu oldu.

         Əzrail olub şəmşiri əlində bir millətin ölüm hökmünü verən düşmən duymazdı ki bizi. Gözlərimizə baxmazdı, baxa bilməzdi. Qorxudan dizləri titrəyərdi. Əlləri əsərdi. Bir növ sağır ilandı, nəfəsimizi kəsməyi gözləyirdi. O gün qərar verdik, artıq yetər, bu dağlarda, bu ovalarda ölümlər yanxılanmasın. Bir ümidlə çıxdıq bu yola.

         Qar yağırdı, hər tərəf bəmbəyazdı. Qucağımda-qundaqda mərmi daşıyırdım. Mərmini köksümə övladım kimi sıxmışdım. Çünki mənin aydınlıq sabaha olan ümidimdi o mərmi. Əllərim donurdu soyuqdan. Çünki tək  quru olan yun şalımı mərmiyə sarımışdım. Şaxtadan əllərim dondu, baxdım ki, əllərim çat-çat oldu.  Artıq hiss etmirdim əllərimi. Kürəyimdə körpəm irəliləyirdim ümidim bağlandığı yerə. Qundaqdakı körpəm ağlamırdı daha. O da anlayırdı məni sanki, artıq çarə yoxdu. Çünki dayansam, ikimiz də donacaqdıq orda. O soyuqda, şaxtada addım-addım yaxınlaşırdım xəyalların çiçək açdığı aydınlıq sabahlara. Bu amansız soyuqda piyada çıxdım bu yola. Çünki mən bir anayam. Övladıma layiq olduğu gələcəyi qurmalıyam. Azadlığı, hürriyyəti övladıma miras qoymalıyam. Güvənib iki sətir sözə bir dastan yazdıq o illərdə.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

 

 

 

 

Ağalar İdrisoğlu, Milli Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Kamal Əzizovun dediklərindən: “Teatrı sevən  insan, bütün çətinliklərə baxmayaraq, teatrda qalıb işləməlidir. Çünki teatr, onun taleyinə yazılıb”.

 

Kamal Həbib oğlu Əzizov. Bu ad və soy ad Azərbaycan teatr tarixinə əbədi yazılan  insanlarımızdan  biridir. Əlbəttə, aktyor, rejissor kimi yox, adicə rekvizit işçisi kimi işə başlayıb, teatr direktoru vəzifəsinə yüksələn bir insan kimi. Özü də on doqquz il bir teatrın rəhbəri olmaq və ömrünün əlli ilindən çoxunu bir teatrda işləmək, çox az insana nəsib olur. Onlardan biri də məhz Kamal Əzizov olub. Ona görə də gəlin bu insanın qısa həyat yolunu vərəqləyək ki, oxucular üçün də maraqlı olsun.

Kamal Həbib oğlu Əzizov Bakının teatral mühitində 1938-ci ildə doğulub, böyümüşdü. Lap uşaq yaşlarından teatra olan həvəsi, sevgisi onu gənc yaşlarından teatra gətirmişdi. Həmin vaxtlar Azərbaycan Dövlət Milli  Gənc Tamaşaçılar Teatrı bütün uşaqlar, yeniyetmələr, gənclər kimi Kamalın da sevimli teatrı idi. O vaxtlar Kamal orta məktəbin son siniflərində oxuyurdu. Teatr rəhbərliyinə yaxınlaşıb, orada işləmək istədiyini bildirdi.

-Niyə məhz teatrda,- deyə teatr rəhbərliyi soruşdu.

-Mən uzun illərdir ki, sizin tamaşalarınıza baxıram. Burada işləyən aktyorların vurğunuyam.

-Məgər sən də aktyor olmaq istəyirsən, - deyə teatrın rəhbərliyi uca boylu, çox yaraşıqlı və gözləri çox aydın fikirlər ifadə edən bu yeniyetmə oğlana maraqla baxdı.

-Bəli.  Məktəbdə dərslərimi bitirəndən sonra əgər imkan versəniz gəlib teatrda pulsuz nə iş desəniz görərəm. Təki bu teatrın aktyorları ilə təmasda olum.

-Evdəkilər razıdırmı?

-Mənim atam Bakı şəhər Sovetində işləyir.

-Adı nədir?

-Həbib Əzizov.

-Sən Həbib müəllimin oğlusan,- deyə teatrın rəhbəri maraqla ona baxdı. O, mənim dostumdur. Əgər sən Həbib müəllimin ailəsində böyüyübsənsə, deməli, çox tərbiyəlisən. Deməli, həm də işgüzarsan. Çünki atan çox zəhmətkeş kişidir. O, bizim teatra çox köməklik eləyir. Biz də bunun qarşılığında, səni teatra rekvizit sexinə işə götürəcəyik. Həm də teatrda hazırlanan tamaşalarda kütləvi səhnələrdə çıxış edərsən. Orta məktəbi bitirəndən sonra da Teatr İnstitutuna daxil olarsan və paralel olaraq, teatrda da işləyərsən.

-Çox sağ olun. Mən çalışacam ki, sizin ümidlərinizi doğruldum.

Beləliklə, elə həmin günün səhəri artıq onuncu sinifin şagirdi Kamal, səhər dərsə gedir və sonra teatra gəlib, orada işləyirdi. Əlbəttə, atası istəyirdi ki, Kamal onun kimi məmur olsun. Gələcəkdə partiya sistemində çalışsın. Ona görə də universitetin tarix fakültəsini və ya idarəetmə uzrə ali məktəbi bitirməsini istəyirdi. Məhz buna görə də oğlunun teatrda işləməsini əngəlləmədi və fikirləşdi ki, oğlu Kamalın bu arzusu ötərgidir. Qoy orta məktəbi bitirənə qədər orada işləsin və orta məktəbi bitirəndən sonra  Həbib kişinin öz istədiyi ali məktəblərdən birnə qəbul etdirər. Doğrudan da həmin vaxtı Həbib müəllim Bakı şəhər  Partiya Komitəsində ən aparıcı vəzifələrdən birində işləyirdi və respublikada da böyük hörməti vardı. Oğlu da orta məktəbdə yaxşı oxuyurdu. Deməli, Azərbaycan Dövlət Universitetinin , ya da İdarəetmə İnstitutunun rektorları onun istəyinin əksinə getməzdilər.

Teatrda işə başladığı ilk gündən bu məbədin sehirkar mühiti Kamalı öz qoynuna aldı. Əvvəllər yalnız səhnədə gördüyü və vurğunu olduğu Azərbaycanın karifey sənətkarları ilə artıq yaxından təmasda olmağa başladı. Onlarla birlikdə kütləvi səhnələrdə də oynadı...

Səhnənin aurası onu möhkəm tutdu. Teatrda işləməyilə bağlı orta məktəb yoldaşalına da şəstlə danışmağa başladı. Hətta onların da ona həsəd etdiyini aydınca görürdü.

Orta məktəbi bitirəndən sonra artıq atası onunla üz-üzə əyləşdi. Atası Həbib kişi oğlu ilə bağlı arzularını ona bildirdi.

-Ata. Əgər icazə versəniz mən teatr sahəsində öz təhsilimi davam etdirərdim.

-Mən istəyirəm ki, oğlumu partiya sahəsində  rəhbər vəzifələrdə görüm. Sən, həm yaxşı natiqlik qabiliyyətinə maliksən. Yaxşı səbrin, yaxşı da qaltanlı səsin var. Deməli, rəhbər vəzifədə yaxşı işləyə bilərsən. İnsanları öz ardınca apara bilərsən.

-Axı, mən teatr sahəsində işləmək istəyirəm. Siz  özünüz də həmişə deyirsiz ki, hər bir insan sevdiyi işdə işləməlidir. Öz arzusunun ardınca getməlidi. Əgər siz dediyiniz ali məktəblərdə mənim təhsil almağa həvəsim yoxdursa, deməli, orada oxusam da həmin sahələrdə işləməyə həvəsim olmayacaq. Həmişə beynimdə teatr olacaq.

Kamalın bu sözündən sonra atası Həbib kişi oğluna baxıb, dedi:

-Amma bu şərtlə ki, sən ali məktəbi bitirənsən sonra teatrda daha rekvizit sexində yox, orada rəhbər vəzifədə işləməlisən.

-Oldu ata.

Beləliklə, Kamal Əzizov Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif və kütləvi tamaşalar rejissorluğu fakültəsinə qəbul olundu. Amma teatrdakı işini yarımçıq qoymadı. Əlbəttə, teatrdakı korifey aktyorların yüksək peşəkar oyunlarını gördükcə aktyor olmağa həvəsi azalırdı. Çünki fikirləşirdi ki, baxmayaraq uca boyu, qaltanlı səsi, aydın fikir ifadə edən gözləri var, amma özünə inamı azdır. Teatr sahəsində rəhbər vəzifələrdə işləməklə, bu sahədə teatra daha çox xeyir verə bilər.

Teatr rəhbərliyi də Kamalın yaxşı təşkilatçı olduğunu görüb, az bir vaxtda onu teatrın truppa müdiri vəzifəsinə təyin elədi. Teatrda bu vəzifə çox böyük cavabdehlik, səbr, yüksək erudisiya və respublikada tanınmış aktyorlarla  tez dil tapmaq bacarığı  tələb eləyirdi. Teatr rəhbərliyi bu cavan oğlanı belə cavabdehli vəzifəyə təyin etməkdə yanılmamışdı. Kamal Əzizov az bir vaxtda özünü bu vəzifədə doğrultdu. Təkcə aktyorların, aktrisaların yox, bütün teatr kollektivinin böyük sevgisini qazandı.

Həmin vaxtı teatrda ən cavabdeh işlərdən biri olan bədii quruluş hissəsi çox problemli idi. Bu vəzifədə işləyən rəhbərlər  heç biri öz işini doğrultmurdu. Ona görə də onlar tez-tez dəyişdirilirdi. Teatrın rəhbərliyi belə qərara gəldi ki, bu vəzifəni yalnız Kamal Əzizov daha yaxşı bacarar. Teatr rəhbərliyi bu fikrində isralı oldu və onu bədii quruluş hissə müdiri vəzifəsinə təyin elədi. Bu vəzifə teatrda truppa müdirliyi vəzifəsindən daha çətin idi. Çünki teatrın çox böyük texniki heyyəti aktyorlar kimi ali təhsilli deyildilər və çoxu yalnız orta təhsilli insanlar idilər deyən onlara rəhbərlik etmək vəzifəsi daha çətin idi. Çünki bu sahədə işləyən insanların çoxu ayrı-ayrı xarakterli insanlar olur. Onlardan elələri olur ki, teatra sevgisi çox olur və elələləri də olur ki, teatra təsadüfi düşən adamlar olurlar. Təki əmək haqqı alsınlar. Bax, bu təsadüfi adamları da yola vermək və onları yaxşı işçi etmək üçün Kamal Əzizovdan daha böyük səbr və bacarıq tələb olunurdu. Az bir vaxtda Kamal müəllim bu vəzifədə də özünü tam doğrultdu. Hətta Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi, başda rəhmətlik, çox böyük ziyalı, nazir Zakir Bağırov olmaqla onun belə yaxşı işçi, quruluş hissə üzrə yaxşı rəhbər olduğunu görüb, bütün dövlət səviyyəli tədbirlərin də quruluş işlərini ona tapşırırdı. Kamal Əzizov da bütün bu işləri yüksək səviyyədə yerinə yetirirdi. Bu uğurlu işlərinə görə ölkə başçısı, dahi rəhbər  Heydər Əliyevin əmrilə ona 1978-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adı verildi.

Beləliklə, Kamal Əzizov düz otuz il Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında truppa müdiri və bədii quruluş hissə müdiri vəzifələrində yüksək səviyyədə işlədi. Sonra teatrın direktor müavini vəzifəsinə irəli çəkildi.

1987-ci ildə Azərbaycan Teatr Cəmiyyəti, Azərbaycan Teatr Xadimlər İttifaqı oldu. Bu təşkilatın sədri SSRİ Xalq artisti Lütfiyar İmanov seçildi. Orada olan beş katiblərdən biri də Kamal Əzizov seçildi. O, artıq işlədiyi Milli Gənc Tamaşaçılar Teatrı üçün yox, həm də respublika teatrlarına  bədii quruluş hissəsi sahəsində köməklik etməyə başladı. Belə ki, bölgə teatrlarında işləyən quruluş hissə müdirləri onun yanına gəlib, məsləhətlər alırdılar.

Artıq 1988-ci ildə SSRİ çalxalanmağa başlamışdı. İttifaq ölklərində böyük mitinqlər keçirilir və üzdə olan siyasətçilər, dövlət xadimləri SSRİ-ini çökdürmək, dağıtmaq  istəyirdilər. Bunun qarşısını almaq istəyən SSRİ rəhbərləri məcbur olub, adamların təkliflərini qəbul eləyirdilər. Bu təkliflərdən də biri bu idi ki, rəhbərlər seçki ilə seçilsin. Beləliklə, kollektivlər ən yaxşı işçilərini rəhbər vəzifələrinə irəli çəkirdilər. Bu iş teatrlarda da uğurla həyata keçirilirdi. Belə ki, həmin vaxtı mən də artıq 1986-cı ildən kollektivin istəyi və təkidilə Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru vəzifələrinə seçilmişdim. 1988-ci ildə  Kamal Əzizov da səs çoxluğu ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru seçildi.

Həmin illər doğrudan da çox çətin illər idi. Artıq xaos dövrü başlamışdı. Rəhbərlərin cavabdehliyi, təşkilatçılığı daha çox artmışdı.  Çox adam rəhbər vəzifədə işləmək istəmirdi. Bu işdə yalnız özünə, savadına, bacarığına və təşkilatçılığına güvənən, inanan adamlar işləyirdi. Kamal Əzizov da özünə güvənirdi, inanırdı. Həmin vaxtı Milli Gənc Tamaşaçılar Teatrında iki truppa vardı. Azərbaycan və rus truppaları. Bu da əslində iki teatr demək idi. Deməli, Kamal Əzizovun işi daha çox idi. O, az bir vaxtda teatr kollektivində böyük dönüş yaratdı. Teatrda olan xaosu az bir vaxtda aradan götürdü. Teatr yenidən özünün əvvəlki şöhrətini geri qaytarmağa başladı. Bu iş azmış kimi, Qarabağ müharibəsi başladığına və Qərbi Azərbaycandakı soydaşlarımızın erməni gavurları tərəfindən qovulması ilə,  oradakı həmvətənlərimiz də Bakıya və başqa bölgələrimizə  pənah gətirməyə başladılar. Həmin vaxtı İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi də Azərbaycana pənah gətirdi. Kamal Əzizov qucağını bu kollektivə açdı. Kamal müəllim bu teatrı rəhbərlik etdiyi Milli Gənc Tamaşaçılar Teatrında yerləşdirdi. Burada onlarçün hər cürə şərait yaratdı. Həmin vaxtı məmləkətimizdə özəl teatrlar da yaranmağa başladı. Sevimli aktyorumuz, Xalq artisti İlham Namik Kamal “İlham” Miniətür Teatrını yaratdı. Amma teatrın məskunlaşması üçün yerləri yox idi. Həmin vaxtı İlham Namik Kamal, Kamal Əzizova müraciət etdi. Kamal müəllim yeniliyi sevdiyinə görə bu kollektivi də öz teatrında yerləşdirdi. Bu azmış kimi artıq Şuşa da işğal olunduğuna görə Şüşa Dövlət Musiqili-Dram Teatrı da Bakıya gəldi. Kamal müəllim öz qucağını bu teatra da açdı. Onları da teatrda yerləşdirdi. Həmin vaxtı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dərs deyən  Bəxtiyar Xanızadə respublikamızda ilk dəfə olaraq, Pantamim Teatrı açmaq istəyirdi. Bəxtiyar müəllimin tələbəsi Nicat Kazımov onu Kamal müəllimin yanına gətirdi. Kamal Əzizov və Bəxtiyar Xanızadə demək olar ki, bir saat söhbət etdilər. Bəxtiyar  Xanızadənin orijinal fikirləri Kamal Əzizovu çox maraqlandırdığına görə ona təklif etdi ki, “gəl bizim teatrda Pantamim Teatr-Studiyası yaradaq və sən də ona rəhbərlik elə”.

Bu fikir, Bəxtiyar Xanızadənin ürəyincə oldu və beləliklə, bu teatrın nəzdində Pantamim Teatr-Studiyası yaratdı.

Artıq Kamal Əzizovun rəhbər kimi işləri həddindən artıq çoxaldı. Öz teatrının iki truppası  ( Azərbaycan, rus  truppası), İrəvan Dövlət Dram Teatrı, “İlham” Miniətür Teatrı, Şuşa Dövlət Musiqili-Dram Teatrı və Pantamim Teatr Studiyası. Altı teatr bir binada işləməyə başladı. Məhz Kamal Əzizovun rəhbərliyi, mehribanlığı, obyektivliyi sayəsində hamısı birlikdə doğma kollektiv oldular və bütün işlərində bir-birinə köməklik etdilər. Hətta bu teatrların aktyorları bir-birinin tamaşalarında da rollar oynadılar.

Beləliklə, Kamal Əzizov 2006-cı ilə kimi çox böyük uğurla bu vəzifədə işlədi. Düz on səkkiz il. On səkkiz il bir teatrda bu vəzifədə işləyən yeganə teatr direktoru olub Kamal Əzizov. O, işlədiyi dövrdə bütün respublika teatr mədəniyyətinə, incəsənətinə  sübut elədi ki, həqiqətən də teatr direktorluğu üçün doğulmuşdu. Əsl teatr direktoru olmaq və hamı tərəfindən sevilmək isə həqiqətən də çox çətin işdir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında bu gün də Kamal Həbib oğlu Əzizovun yeri görünür. Onu tanıyan insanlar xoş xatirələrlə ya edirlər. Mən onlardan bir neçəsisinin fikirləri ilə də sizi tanış etmək istəyirəm əziz oxucular. Çünki onların dediyi və heç yerdə yazılmayan fikirləri də sizinçün maraqlı olacaq.

Əməkdar artist, aktor-rejissor, Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımovun dediklərindən:

-Nicat bəy siz verdiyiniz müsahibələrdə  tez-tez deyirsiniz ki, mənim Milli Gənc Tamaşaçılar Teatrında belə bir uğurlar qazanmağımın ilk səbəkarlarından biri teatrın keçmiş direktoru rəhmətlik Kamal Əzizov olub. Necə olub ki, Kamal müəllim sizin həyatınızda bu rolu oynayıb?

-Ağalar müəllim, mən birinci sizə təşəkkür eləyirəm ki, Kamal müəllimi yad eləyib və onun həyatını yazılı formada tarixə köçürürsünüz. Ulular deyir ki, “yazılan qalır”.  Deməli, Kamal müəllimin də həyatının heç olmasa qısa anları məhz sizin yazınızla tarixdə qalacaq. Buna görə çox sağ olun.

Allah Kamal müəllimə qəni-qəni rəhmət eləsin. O, mənimçün  ən əziz  və doğma insan idi. İlk öncə vurğulayım ki, məni teatra Kamal müəllim işə götürüb. O vaxtı, yəni 1991-ci ildə mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsinin birinci kursunda oxuyurdum. Və Kamal müəllim məni dəvət elətdirdi bu teatra. Mənimlə birlikdə bir neçə gənci də dəvət elətdirdi. Bunlardan- Əməkdar artist olan Elşən Rüstəmov, indi Xalq artisti olan Pərviz Məmmədrzayev,  Leyla Əfəndiyeva, Samirə Qulamova  və Eyvaz İbrahimov. Beləliklə, biz eyni vaxtda teatra işləməyə gəldik. Və o dövrdə teatrda işləyən bəzi yaşlı, təcrübəli adamlar fikirləşirdi ki, Kamal müəllim onları sevmir.  Yalnız cavanlara üstünlük verir. Amma Kamal müəllimdə belə bir xüsusiyyət vardı. Əsl həqiqəti adamın üzünə deməyi bacarırdı. Yəni  heç kimdən çəkinmədən ağa- ağ, qaraya-qara deyirdi. Bununla da o, rəhbər kimi balansı qoruyub saxlaya bilirdi. Yəni heç kim özündən müşdəbeh olub teatrda ağalıq eləyə bilmirdi. Çünki o, bu teatrda böyük məktəb keçmişdi və Azərbaycanın ən məşhur karifeyləri olan aktyorlarla, aktrisalarla, rejissorlara bir yerdə işləyib və onlardan lazım olan dərsi almışdı. Belə ki, özü aktyor, teatrşünas  olmasa da, hər bir tamaşanı yüksək səviyyədə təhlil eləməyi, rejissorun bu tamaşanı necə hazırlamasını, aktyorların bu tamaşada necə oynadığını və bütövlükdə bütün yaradıcı-tezniki heyyətin işini peşəkar səviyyədə təhlil eləməyi bacarırdı. Çünki özü ali təhsilli mədəniyyət işçisi və kütləvi tamaşalar rejissoru  idi.

- Söhbət peşəkarlıqdan düşdüsə, bu gün təkcə Azərbaycanda yox, artıq bir sıra ölklərdə də tanınan Dövlət Pantamim Teatrının da yaranmasının səbəkarı deyirlər ki, məhz Kamal Əzizov olub. Elədirmi?

- Bəli, elədir. Bunu ola bilər ki, kimlərsə bilmir, amma mən bilirəm və deyirəm. İstəyirəm ki, tarixdə də yazılı formada qalsın. Çünki mən bir neçə il idi ki, teatrda işləyirdim və əmək haqqı alırdım. Amma tamaşalarda oynamırdım.  Yalnız iki tamaşanın məşqlərinə gəlib-gedirdim. Bir gün məni Kamal müəllim öz kabinetinə çağırtdırdı və  rəhmətlik, teatrımızın quruluşçu rejissoru  Vaqif Əsədov da orada idi. O, məndən soruşdu:

-Ay bala, məgər sən bu teatrda işləmirsən?

-İşləyirəm.

-Bəs niyə tamaşalarda oynamırsan?

- Hansı tamaşalarda?

-... filankəslər sənə rol vermək istəyir, amma sən imtina eləyirsən.

-Mən o filankəsləri rejissor saymıram,- deyə Nicat bəy gülümsündü, bir an susdu və sonra söhbətinə davam elədi. Əslində həmin vaxtı mən, bir az “yekəbaşlıq” elədim. Çünki hələ uşaq idim və ali məktəbdə oxuyurdum. Bilirsiniz ki, ali məktəbə qəbul olunan aktyorların, rejissorların demək olar ki, hamısı elə fikirləşir ki, onlardan böyük sənətkar yoxdur. Bütün alçaq dağları məhz onlar yaradıb. Amma teatra gəlib işləyəndə görürlər ki, belə deyil. Mənim də beynimdə hələ ki, tələbəlik havası vardı. Onu da vurğulayım ki, Kamal müəllim çox ağır xasiyyətli bir insan idi. Belə sözləri ona demək olmazdı. Yəqin ki, həmin gün əhvalı yaxı idi ki, məni kabinetindən qovmadı. (Hər ikimiz güldük. Və Nicab bəy sözünə davam elədi.) O, mənim sözümdən sonra gülümsündü və dedi:

-Bəs səninçün rejissor kimdi?

-Mənimçün rejissor Bəxtiyar Xanızadədir.

-O, kimdi?

-Universitetdə bizim müəllimimizdi.

Həmin vaxtı Kamal müəllim mənə baxdı, bir qədər susdu və dedi:

-Gətir onu mənim yanıma.

-Baş üstə. Sabah deyərəm və gəlib sizinlə görüşər. Beləliklə, mən elə həmin gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gedib, Bəxtiyar müəllimə yaxınlaşıb, Kamal müəllimlə olan söhbəti ona dedim. Səhəri gün Bəxtiyar müəllim teatra, Kamal müəllimin yanına  gəldi. Vaqif Əsədov və mən də orada idik. Onlar çox söhbət etdilər. Bəxtiyar müəllimin Azərbaycan teatrı üçün yeni, orijinal  fikirləri Kamal müəllimi çox maraqlandırdı və sonda o, dedi:

-Lap yaxşı. Mən sizə şans verirəm. Və beşinci mərtədə olan məşq otağını da sizə verirəm. Görüm nə edəcəksiz.

Biz, Bəxtiyar müəllimin tələbələri  orada məşqlərə başladıq.Təxminən bir ay yarımdan sonra Beynəlxalq Pantamim festivalı oldu Azərbaycanda. Elə bu Milli Gənc Tamaşaçılar Teatrının binasında.  Həmin vaxtı Mədəniyyət nazir Polad Bülbüloğlu da tədbirdə iştirak edirdi. Bizim çıxışımız çox yaxşı qarşılandı və mükafata layiq yer tutduq. Elə həmin vaxtı da Mədəniyyət naziri Polad Bülübüloğlu əmr verdi. “Dəli yığıncağı” adlı Pantamim Teatr-Studiya yarandı bu Milli Gənc Tamaşaçılar Teatrının nəzdində. Və bu kollektivin də rəhbəri Bəxtiyar Xanızadı oldu. Bizim Teatr-Studiyaya da şatatlar verildi. O vaxta qədər mən Milli Gənc Tamaşaçılar Teatrında yardımçı heyyətdə idim və bundan sonra Pantamim Teatr-Studiyada yüksək kateqoriyaya keçdim. Əlbəttə, burada Kamal müəllimin çox böyük köməkliyi və zəhməti  oldu. Bunu  danmaq olmaz. Çünki həmin yüksək kateqoriyanı məhz o, bizə verdirmişdi.

Kamal müəllimlə biz dəfələrlə qastrol səfərlərində olmuşuq. Çünki teatr qastrollara gedəndə, Kamal müəllim özü də gedirdi. Sonra elə oldu ki, mən Pantamim Teatr-Studiyanadan çıxdım və yenidən  Milli Gənc Tamaşaçılar Teatrına qayıtmaq istədim.  Fikirmi ona bildirdim və o, dedi:

-Yeni ildən sonra gəl, səni teatra işə götürəcəm.

Yeni ildən sonra gəldim onun kabinetinə və o, mənə dedi:

-Səni işə götürmürəm.

-Niyə götürmürsüz?

-Çünki “bezdarnısan”. ( Yenə hər ikimiz ucadan güldük.)

-Axı mən necə “bezdarnıyam” ki, Pantamim Teatr-Studiyada ən aparıcı və baş  rolları mən oynamışam.

Elə həmin vaxtı bilmirəm haradansa beynimə belə bir fikir gəldi və həmin fikiri dedim:

-Onda mənə icazə verin burada bir tamaşa hazırlayım. Xoşunuza gəlsə həm tamaşanı qəbul eləyərsiniz və həm də məni işə götürərsiniz. Açığı  o, yəqin ki, məndən belə bir fikir, təklif  gözləmirdi və mənə diqqətlə baxıb dedi:

-Bir həftə vaxt verirəm. Hansı əsəri istəyirsənsə götür və hansı aktyorları istəyirsənsə seç və qoy həmin tamaşada oynasınlar.

Əlbəttə, başa düşdüm ki, o, məni işə götürməmək üçün belə deyir. Mən də özümə inandığıma görə dedim:

-Lap yaxşı.

Mən həmin vaxtı tanıdığım və mənə inanan aktyorlara və aktrisalara rollar verdim və demək olar ki, bütün günü məşqlər elədik. Beş gündən sonra Kamal müəllimin yanına gedib dedim:

-Mənim tamaşam hazırdır. Gəlib baxa bilərsiniz.

-Hansı tamaşa idi,- deyə məndən  soruşdu.

-“Tık-tık və tuk-tuk”.

-Hansı ki, bu gün də teatrın reperturaında olan tamaşa,- deyə mən soruşdum.

-Bəli. Həmin tamaşa. Mən bu tamaşanı 1996-cı ildə hazırlamışam və bu gün də repertuardadır. Maraqla oynanılır. Və Tamaşaçılar da maraqla baxırlar. Həmin vaxtı Kamal müəllim, teatrın baş rejissoru olan Xalq artisti, rəhmətlik  Ağakişi Kazımovla gəlib tamaşaya baxdılar. Həmin tamaşada paltarları da mən özüm tikmişdim. Rekvizitləri də özüm hazırlamışdım. Musiqiləri də özüm seçmişdim. Aktyorlar da yaxşı məşq etmişdim və hamısı çox yaxşı oynayırdılar. Tamaşadan sonra Kamal müəllim Ağakişi müəllimə baxıb dedi:

-Ağakişi müəllim, tamaşa belə olar.

Elə bu sözlərdən sonra məni işə götürdü. Üstündən üç ay keçəndən sonra mənə dedilər ki, Kamal müəllim səni çağırır. Qalxdım kabinetinə. Və mənə dedi:

-Götür təzə tamaşa hazırla.

Beləliklə, mən başladım bu teatrda tamaşalar hazırlamağa. Tamaşaları hazırladıqca, bu tamaşalar xoşuna gəlirdi və  məni yanına çağırıb deyirdi:

-Götür yeni tamaşa hazırla.

O vaxtlar mən hələ aktyor şatatında idim və aktyor kimi rollar oynayırdım. Tamaşalar hazırladıqca da əsas işim aktyorların peşəkar oynamasına fikir vermək idi. Hələ ki, məndə rejissor dəsti-xətti az idi. Və artıq yeni tamaşalar hazırladıqca, başladım rejissor kimi tamaşaları daha dərindən düşünüb, hazırlamağa. Açığı deyim ki, mən heç vaxt  rejissor olmaq istəməmişəm. Mən  aktyorluğu  çox qiymətləndirirdim və çox sevirdim. Və beləliklə, məndə rejissorluğa maraq çox artdı və başladım rejissor sənətini sevməyə. Kamal müəllim heç kimi üzə tərifləməyi sevmirdi.  Çox təsədaüf  hallarda kimisə üzünə tərifləyirdi. Amma mən eşidəndə ki, o, belə sözlər deyib: “Kim deyir ki, indiki zamanda böyük sənətkarlar doğulmur?  Bizim gözümüzün qarşısında yaradıcılığa başlayan Nicat, məgər böyük sənətkar deyilmi? Mən, onun gələcəyinə çox inanıram”.

Əlbəttə, bu sözlər onun mənim haqqında  dediyi  ola bilər ki, çox şişirdilmiş sözlər idi. Amma mənə yeni-yeni uğurlu işlər görməyə böyük qol-qanad verirdi. Çünki yaradıcı insanları “baltalamaq” olmaz. Onlara qol-qanad verməkçün belə xoş sözlər demək lazımdır ki, onlar püxtələşsinlər və özlərinə inamları artsın. Belə sözləri də məhz Kamal müəllim kimi kindən, küdurətdən, paxıllıqdan uzaq olan müdrik insanlar deyə bilər. O, hətta elə aktyorlar vardı ki, xasiyyətinə görə onları sevmirdi. Amma yaxşı rollar oynayanda tərifləyirdi və onların uğuruna bir uşaq məsumluğu ilə sevinirdi.

Onun obyektivliyi haqqında bu sözləri də demək istəyirəm. Bax, bu teatrda dəvət olunmuş  və tamaşa hazırlayan bir rejissorla mənim böyük bir mübahisəm olub. Kamal müəllim mənim düz olduğumu görüb və məni müdafiə elədi. Amma mən, elə fikirləşirdim ki, rejissoru müdafiə eləyəcək. Əslində isə elə olmadı və gördüm ki, məni sevir və əsl həqiqəti müdafiə eləyir.

2006-cı ildə Kamal müəllim  68 yaşında işdən çıxdı. Mən onu unutmadım. İmkan düşdükcə gedib onu evdə yoluxurdum. Teatrdan çıxması ona pis təsir eləmişdi və artıq yaddaşında problemlər yaranmışdı. Bilirsiniz ki, teatr işçisi vəzifəsindən asılı olmayaraq, teatrdan uzaqlaşandan sonra bu problemi lazım olan kimi həzm eləyə bilmir. Bunu özünə böyük dərd eləyir. Bilirsiniz ki, teatr işçiləri bir növ böyük hissiyatı olan balıq kimidir. Balıq dənizdən çıxanda yaşaya bilmədiyi kimi əsl teatr işçisi, hansı ki, ömrünü bu işə sərf eləyib, teatrdan çıxandan sonra yaşaya bilmir...

Bir dəfə ölümündən bir neçə müddət əvvəl onlara getmişdim. Deyirdilər ki, yaddaşında problemlər çoxalıb. Məni görən kimi yerindən durub oturdu və biz maraqlı söhbət elədik. Həyat yoldaşı, bizim teatrın aktrisası, Xalq artisti Solmaz Qurbanova belə dedi:

-Nicat, Kamal müəllim yanına gələnlərin heç birini tanımır. Amma səni görən kimi tanıdı və durub oturub, səninlə söhbət eləyir.

Mən sizə bir vacib məsələni də vurğlulayaraq demək istəyirəm.

Kamal Əzizov, Milli Gənc Tamaşaçılar Teatrına çox çətin dövrlərdə rəhbərlik eləyib. Bilirsiniz ki, 1988-ci illərdən başlayaraq, SSRİ-də böyük xaos dövrü başlamışdı. Böyük anarxiya, hərc-mərclik dövrü idi. Həmin vaxtı insanları teatrdan daha çox çörək, ailəsini dolandırmaq, bu çətin illərdən keçirtmək maraqlandırırdı. Çünki siz özünüz də həmin vaxtı Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik eləyirdiniz. Mən həmin vaxtı Hacı Zeynalabin Tağıyev qəsəbəsində yaşadığıma görə  Sumqayıt teatrına gəlib-gedirdim. Kamal müəllim də var qüvvəsini sərf  edirdi ki, teatrın kollektivinə lazım olan bütün şəraitləri yaratsın  ki, onlar həm ailələrini yaxşı dolandıra bilsinlər və həm də yaxşı rollar oynasınlar. Özü də həmin vaxtı bizim teatrda təkcə iki truppa-azərbaycan və rus bölmələri və üstəgəl də Pantamim Teatr-Studiyası da bu teatrın nəzdində idi. Əlavə də İrəvan Dövlər Dram Teatrı, Şuşa Dövlət Musiqili-Dram Teatrı və İlham Namik Kamalın yaratdığı “İlham” Miniətür Teatrı da burada yerləşirdi. Deməli, Kamal müəllim bu teatrların hamısına şərait yaratmalı idi ki, onlar da dağılmasın və maraqla öz işərini görsünlər. Görürsünüzmü Kamal müəllim nə qədər böyük işin, böyük yükün altına öz çiynini vermişdi və bu işi məharətlə bacarırdı. Həm də bütün bu kollektivlər məhz Kamal müəllimin sayəsində mehriban bir kollektiv idi. Hamı da bir-birinə maraqla, həvəslə köməklik edirdi. Hələ bundan əlavə mənim kimi cavanlara da şərait yaratmaq rəhbərdən çox böyük məharət, səbr, inam  tələb edirdi. Axı 1990-cı illərdə bütün yaradıcı rəhbərlər belə düşünə bilmirdi. Yalnız yeniliyə açıq olan teatr rəhbərləri belə düşünə bilirdi. Deməli, Kamal müəllim yeniliyə açıq olan bir-iki teatr rəhbərlərindən biri idi. O, təkcə bizim teatra yox, ümumilikdə Azərbaycan teatrının xəttini dəyişməyə belə açıq olan yenilikci insan idi.  Azərbaycan Teatr Xadimləri İttifaqının katibi kimi o, bu işi başqa teatrlar üçün də maraqla görürdü. Onlara da lazım olan bütün köməklikləri edirdi. Həmin teatrları da müasirliyə doğru aparan məhz Kamal Əzizov oldu.

-Nicat bəy. Bu insan təkcə öz teatrı üçün yox, başqa teatrlar üçün bu qədər işlər görürdü. Bəs niyə onu 68 yaşında təqaüdə göndərdilər? Axı o, qalıb işləyə bilərdi və daha çox işlər görə bilərdi. Çünki bu sahədə təcrübəsi çox idi.

-Mən onu deyə bilmərəm. Çünki bilmirəm ki, niyə bu haqsızlıq oldu. Niyə o vaxtı onu təqaüdə göndərdilər. Daha doğrusu Mədəniyyət Nazirliyindən məcbur elədilər ki, ərizə yazıb, təqaüdə getsin. Açığı həmin vaxtı onun  görmə qabiliyyətində bir az problem yaranmışdı. Amma mən fikirləşirəm nə yaxşı ki, elə həmin vaxtı təqaüdə getdi və bizim də yaddaşımızda həmin məğrur, əzəmətli, ağ saçlarını səliqə ilə geri darayan, nurani sifətli, əsl kişi obrazında olan insan kimi qaldı. Əldən düşmüş qoca obrazında yox.  Və müsahibəmizin belə maraqlı yerində bu sözləri də demək istəyirəm : “Keçmişini unutmaq, keçmişinə xor baxmaq, haqqı danmaq olmaz. Əgər mən bunları dansam, sabah məni də dana bilərlər”. Nə yaxşı ki, mən belə insanları tanımışam. Həmin vaxtı mən bu teatra işləməyə gələndə Süleyman Ələsgərovla, Firəngiz  xanım Şərifova ilə, Xuraman xanım Hacıyava ilə, Mübariz Əlixanoğlu ilə, Azər Mirzəyevlə, Gülşən xanım  Qurbanova ilə, Kubra xanım  Dadaşova ilə və başqaları ilə bir səhnədə oynamışam. Allah dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin. Və onların hər birindən nə isə öyrənmişəm. Kamal müəllimin özündən də çox şey öyrənmişəm. Həmin vaxtı altı teatr bir binada idi və teatr çox sürətlə işləyirdi. Böyük səhnədə və məşq otaqlarında yer olmurdu və biz dəhlizdə məşqlər edirdik. Rekviziləri yeri gələndə özümüz düzəldirdik. Dekorasiyanı düzəldələnlərə, paltarları tikənlərə özümüz köməklik edirdik. Kamal müəllim də bütün bu yeniliklərə böyük həvslə şərait yaradırdı və yeri gələndə özü də bu işlərdə bizə köməklik edirdi. Çünki o, bədii hissə işini çox mükəmməl bilirdi və bizə yaxşı məsləhətlər verirdi. Bütün bu işlərə də açıq olmaq, hər teatr rəhbərinin işi deyil. Bunu yalnız əsl teatr rəhbəri olan və bu iş üçün doğulan insan bacarır.

-Çox sağ olun Nicab bəy. Çox sağ olun ki, sizə olan yaxşılığı unutmayıbsız və bütün bu  dediyiniz fikirlər də hamısı yazıya köçdü.

-Əslində siz sağ olun Ağalar müəllim. Çünki bütün bunları məhz siz yazıya köçürtdünüz. Bu yazı ilə də Kamal müəllim tarixdə yaşayacaq və ona artıq sözdən əbədi heykəl yapılacaq.

Teatrın  truppa müdiri, xətrini çox istədiyim, obyektivliyinə heyran olduğum, hamı ilə çox asanlıqla dil tapan Ələsgər Muradxanlı ilə də görüşüb, Kamal müəllim haqqında fikirlərini öyrənmək istəyirdim. Çünki onunla Kamal Əzizovla bağlı çoxlu söhbətimiz olmuşdu. Məhz buna görə də Ələsgər bəylə görüşdüm.

Milli Gənc Tamaşaçılar Teatrının truppa müdiri, “Tərəqqi” medallı Ələsgər Muradxanlının dedikərindən:

-Ələsgər bəy, siz təxminən on səkkiz il Kamal Əzizovla bir yerdə işləmisiniz. Belə ki, teatra ilk gəlişiniz məhz onun dövründə olub. Sizi teatra işə götürən də məhz Kamal müəllim olub. Onunla bağlı yaddaşınızda nələr qalıb?

-1993-cü ildə mən bu teatra işləməyə gəlmişəm. Bəli. Məni teatra Kamal Əzizov götürüb. 2006-cı ilə kimi də mən onun rəhbərliyi altında işləmişəm. Mən işə qəbul olunan vaxtı  o, artıq Əməkdar mədəniyyət işçisi idi. Həm də respublikada ən yaxşı teatr direktorlarından biri kimi tanınırdı. Sözü təkcə Mədəniyyət Nazirliyində yox, dövlət səviyyəsində yüksək tutulurdu. O, uzun illər truppa müdiri, ədəbi hissə müdiri, direktor müaini və direktor işlədiyinə görə teatrın bütün incəliklərini bilirdi və teatrda heç kim onu aldada bilməzdi. Seçki ilə  direktor təyin olunduğuna görə kollektiv də onu çox sevirdi. O, həddindən artıq səbrli, təmkinli və yüksək təşkilatçı insan idi. Həm də öz işinə çox ciddi yanaşırdı. Elə bil ki, direktorluq üçün doğulmuşdu. Çünki mən teatr direktorlarının çoxunu tanıdığıma görə bu sözü qətiyyətlə deyirəm. Mən, onunla işlədiyim on üç-on dörd ildə görmədim ki, bir dəfə olsun belə işə gəlməsin. Həmişə səhər tezdən gəlirdi və hamıdan da sonra gedirdi. Hətta istirahət günləri belə işdə olurdu.  O vaxtlar mən teatrda ilk addımlarımı atan vaxtı Kamal müəllim mənə öz işimdə çox köməklik edirdi. Cədvəli necə tutmaq lazımdı. Aktyorlarla necə davranmaq lazımdı. Necə nizam-intizamlı olmaq lazımdı. Bütün bunların hamısını mən ondan öyrənmişəm. Allah ona qəni-qəni rəhmət eləsin.

-O, teatr kollektivinə, burada işləyənlərə qarşı bir rəhbər kimi necə idi? Ona müraciət edənlərə köməklik edirdimi?

-Əlbəttə, edirdi. Çünki özü fəhləlikdən direktor vəzifəsinə yüksəldiyinə görə hamının bütün problemlərini bilirdi. Ona müraciət edən hər bir işçiyə əlindən gələn bütün köməklikləri edirdi. Heç kim onun kabinetindən naümid qayıtmırdı. O, teatr kollektivinin hamısının xeyrində, şərində başda olurdu.

-O vaxtlar çox ağır və xaos dövrü idi. Qastrollar təşkil etmək belə çətin idi. Bəs bu kollektivi o, necə dolandırırdı?

-Kamal müəllimin respublikada hörməti böyük olduğuna görə rayon rəhbərləri də onu yaxşı tanıyırdı. Amma o, bilirdi ki, rayon camaatının da vəziyyəti ağırdır. Ona görə də qastrollara çox az gedirdik. Kamal müəllim tamaşaları əsasən Bakıda təşkil edirdi. Bir də yadımdadır ki, həmin vaxtı siz də Sumqayıt Musiqili-Dram Teatrının rəhbəri idiniz. Və Kamal müəllimlə müqavilə bağlamışdınız. Biz tamaşalarımızı Sumqayıtda oynayanda orada bizim tamaşaları siz təşkil edirdiniz. Sizin tamaşaları da Bakıda Kamal müəllim təşkil edirdi. Həmin  vaxtı əmək haqqları da çox aşağı idi. Kamal müəllim haradansa pul tapıb, işçilərə əlavə əmək haqqı da verirdi. Özü də həmin vaxtı burada altı kollektiv vardı. Təkcə bizim Azərbaycan bölməsində 64 nəfər aktyor, rus bölməsində isə 30 nəfər aktyor vardı. Deməli, teatrımızda 94 nəfərlik aktyor truppası vardı. Bizim aktyorlar bu binada yerləşən başqa teatrların da tamaşalarında oynayıb, əlavə əmək haqqı alırdılar. Həmin teatrların kollektivi də bizim teatrın tamaşalarında oynayıb, əlavə əmək haqqı alırdılar. Bütün bunları da Kamal müəllim təşkil və rəhbərlik edirdi. Yəni bütün bunlar onun rəhbərliyi ilə olurdu.

Mən bir şeyi də vurğulamaq istəyirəm ki, kiminsə yaxın adamı vəfat edəndə ilk başda Kamal müəllim özü  olurdu. Və həmin adama lazım olan bütün köməklikləri eləyirdi. Hətta çiynini tabutun ( mafanın)  arxasına verirdi və bununla da ölü yiyəsinə bir təskinlik olurdu ki, onun işlədiyi teatrın direktoru dərdinə belə şərik olur. Kamal müəllimin bütün bu yaxşı cəhətləri burada işləyən hər adama sözün əsl mənasında bir mənəviyyat məktəbi idi. Məhz ona görə də Kamal Əzizovla işləyənlərin heç biri onu yaddan çıxara bilmir. Axı belə insanı, belə rəhbəri necə yaddan çıxarmaq olar?

Milli Gənc Tamaşaçılar Teatrında bədii işlər üzrə müdir Zəmilə xanımı kollektivdə özünün bacarığına, yüksək təşkilatçılığına və insanlarla mehriban münasibətinə görə hamı sevir. O, isə söz düşəndə deyir ki, “mənim müəllimim Kamal Əzizov olub. Mən bu işləri ondan öyrənmişəm”. Ona görə Kamal müəllimlə bağlı onun da fikirlərini öyrənmək istədim.

Milli Gənc Tamaşaçılar Teatrının bədii işlər üzrə müdiri Zəmilə xanım Elbirin dediklərindən:

-Zəmilə xanım, siz həmişə söhbətlərimizdə deyirsiniz ki, sizin bu teatr aləmində böyük uğur qazanmağınızda və bu gün respublikada ən yaxşı bədii quruluş hissə müdirlərindən biri olmağınızda Kamal Əzizovun əvəzsiz köməklikləri olub. Bu haqda nə deyə bilərsiniz?

-Mən ilk öncə onu vurğulayım ki, Kamal müəllim teatrın fanatı idi. Onun bütövlükdə həyatı və taleyi teatr idi. Mən bu teatra ilk dəfə rejissor koməkçisi kimi işləməyə gəlmişəm. Belə ki, mən teatra işləməyə gələndə Kamal müəllim artıq teatrın əsl sütunlarından biri idi. Teatrın direktoru işləyirdi. Bəli. Onu düz deyirsiniz ki, bu işi o, mənə öyrədib. Çünki əvvəllər bu vəzifə onun əsas işi olub. Kamal müəllim haqqında dünyada nə qədər yaxşı sözlər varsa hamısını ona şamil etmək olar. Əsl və qayğıkeş teatr işçisi, rəhbəri  olub. Bu teatra o, ömrünün əlli ilini sərf eləyib. Belə ki, 1956-cı ildə bura işləməyə gəlib və 2006-cı ildə bu teatrdan təqaüdə gedib. Bir teatrda əlli il işləmək mənə elə gəlir ki, Azərbaycan teatr aləmində məhz ona məxsusdur. Onun belə bir maraqlı sözü vardı və həmişə də onu deyirdi: “Teatrı sevən adam bütün çətinliklərə baxmayaraq teatrda qalıb işləməlidir. Çünki teatr, onun tale yazısıdır”. Kamal müəllim də bizə arxa-dayaq durduğuna görə biz də həmin çətinliklərə sinə gərdik və bu teatrda qalıb işlədik. İndi teatrın texniki heyyətində nə qədər qabaqcıl işçilər var və hansılar ki, Azərbaycan teatr sferasında tanınırlar, hamısı Kamal müəllimin yetirmələridir. Və onların teatrda qalıb işləməsinin də əsas səbəbkarı məhz  Kamal Əzizov olub. Və onlara həmişə arxa-dayaq olub ki, onlar teatrdan çıxıb getməsinlər. Yəni bu çətinliklərə sinə gərsinlər və teatrda qalıb işləsinlər. Və onlar indi də teatr sahəsində çalışırlar. Onlardan biri də mənəm. Mən bura gələn gündən yaşlı nəsildən  eşidirdim ki, Kamal müəllim öz canını bu teatra fəda eləyir. İstər texniki, istər də yaradıcı sahədə. Özü həmişə danışırdı ki, keçmiş Sovetlər məkanının elə bir respublikası və aparıcı şəhərləri olmayıb ki, orada qastrolda olmasınlar. Yəni teatrla qastrol səfərlərinə o da  gedib. Kollektivləri aparıb. Özü də indiki şəkildə yox, həmin vaxtı vaqonlarla dekorasiyalar aparırdılar və bəzən bir aydan çox qastrolda olurdular. Həmin vaxtı mədəniyyətlə bağlı da  dekadalar olurdu. Həmin dekadalarda da Azərbaycan kollektivlərilə bədii quruluş hissə müdiri kimi məhz o, gedirdi. Yəni Mədəniyyət Nazirliyi bütün bu işləri ona tapşırmışdı. Həm də həmin vaxtlar Sovetlər Birliyində olan respublikalar Azərbaycana qastrola gələndə, o tədbirlər indiki Heydər Əliyev Sarayında keçirilirdi və orada da bütün bədii quruluş işlərinə, səhnə tərtibatına  rəhbərliyi məhz  Kamal müəllim edirdi. Həmin vaxtı da Mədəniyyət naziri böyük ziyalı, rəhmətlik Zakir Bağırov idi. O, Kamal müəllimə çox inanırmış və məhz ona görə də bütün bu işləri ona tapşırırmış.

Mən bu işə təyin olunanda ilk günlər çox həyəcan keçirirdim. O, mənə təskinlik verib deyirdi: “Burada qorxulu heç nə yoxdur. Birincisi sən bu işi sevməlisən. İkinci özünə qarşı çox cavabdeh olmalısan. Və üçüncü də böyük səbrlə bütün həyatını bu işə verməlisən. Mən, sənə çox inanıram və bilirəm ki, sən bu çətin işlərin öhdəsindən gələcəksən”. Doğrudan da ilk illərdə çox böyük problemlərlə qarşılaşırdım. Əsasən də eskizlərdə, dekorasiyaların, əlbəsələrin  düzəldilməsində. Tamaşaya lazım olan kastyumların tikilməsində. Həmin vaxtı Kamal müəllimə zəng vurub, xahiş edirdim ki, tikiş sexinə, emalatxanaya, işıq sexinə gəlsin və bu problemləri həll etməkçün mənə məsləhətlər versin. Baxmayaraq ki, direktor kimi onun işləri çox olurdu və elə həmin dəqiqə dediyim sexlərə gəlib, səbrlə hər şeyi yerindəcə həll edirdi və həmin yerdə işləyən işçilərə də, mənə də səbrlə, ətraflı hər şeyi  başa salırdı. Amma artıq indi elə şey yoxdur. Mən bütün işləri yaxşı bildiyimdən Kamal müəllimdən sonra işləyən direktorlara- Mübariz Həmidova və ondan sonra işləyən çox yaxşı təşkilatçı və mədəni insan, işçilərə işinə görə yaxşı qiymət verən Naidə xanım İsmayılzadəyə  heç nə demirəm və özüm hər şeyi yerindəcə quruluşçu rejissorla, quruluşçu rəssamla birlikdə həll edirik. Yəni direktora heç bir ehtiyacımız qalmır. Hətta rejissorla, rəssamla fikir ayrılığımız olanda da səbrlə hər şeyi həll edib və orta məxrəcə gəlmişik. Və bundan sonra direktorun yanına gedirik. Bax, bütün bunlara görə də mən, Kamal müəllimə borcluyam.

Siz özünüz uzun illər teatrlara rəhbərlik edibsiniz və yaxşı bilirsiniz ki, bədii quruluş işi çox böyük və hərtərəfli sahədir. Çünki bütün texniki və yaradıcı heyyət bədii quruluş hissə müdiri ilə işləyir. Eləcə də teatrda ayrı-ayrı peşələr var ki, hamısı bir yerdə birləşir və hamı tamaşaya, onun yaxşı olmasına xidmət edir. Ona görə də mən yeri gələndə rejissoram, yeri gələndə rəssamam, yeri gələndə dülgərəm, yeri gələndə butaforçu, dərzi, qrimçi, musiqiçi, işiqçıyam. Bax, bütün bu kompanentlərin hamısının öyrənilməsində və bütün bunların hamısından başımın çıxmasında mən yenə də məhz Kamal müəllimə borcluyam. O, həm yaxşı rəhbər, həm yaxşı insan və həm də teatr işçisi kimi yüksək peşəkar idi. Ən əsası isə əsl müdrik, xeyirxah  şəxsiyyət idi.

-Kamal müəllimin kollektivə münasibət necə idi? Onun zamanında burada altı kolektiv vardı. Hamısının da əsas rəhbəri Kamal müəllim idi. Bir teatr kollektivinə rəhbərlik etmək çox çətin olduğu bir dövrdə bəs o, necə altı kollektivə rəhbərlik edirdi?

-Bəli, düz deyirsiz. Teatr çox çətin bir mexanizmdir. Ona rəhbərlik etmək də həddindən artıq çətindir. Təsəvvür eləyin ki, bizim gündəlik iş cədvəli dolu olurdu. Məşq otaqları, səhnə heç yarım saat belə boş qalmırdı. Deyim ki, teatr günün 24 saatı işləyirdi, buna inanın. Bütün bu işlərlə birlikdə Pantamim Teatr-Studiyasını da məhz o açıb. Yəni onun ideyası ilə bu teatr Bəxtiyar Xanızadənin rəhbərliyilə burada yaranıb. Bu gün Pantamim Dövlət Teatrı təkcə Azərbaycanda yox, dünyanın bir çox ölklərində məşhurdur. Həmin vaxtı Bakı Bələdiyyə teatrını Amaliya xanım Pənahova təzə yaratmışdı. Onların nə binası, nə də dekorasiyaları yox idi. Kamal Əzizov həmin vaxtı Azərbaycan Teatr Xadimləri İttifaında da katib idi. O, Bakı Bələdiyyə Teatrına da burada yer vermişdi. Onalar tamaşalarını mütəmadi bu teatrda oynayırdılar və bizim teatrın dekorasiyalarından, əlbəsələrindən, paltarlarından da istifadə eləyirdilər. Teatrın bütün texniki heyyəti də Kamal müəllimin sayəsində onalara yüksək səviyyədə xidmət eləyirdi.

Onu da vurğulayım ki, kimsə onun yanına hansısa maraqlı ideya ilə gəlirdisə, Kamal müəllim həmin adamı geri qaytarmırdı. Ona lazım olan bütün köməklikləri edirdi. Bir də Kamal müəllim ona qarşı pislik eləyənə pisliklə cavab vermirdi. Həmişə belə deyirdi: “Əgər mən də ona pislik etsəm, onda mənim ondan fərqim nə olacaq? O, pislik eləyibsə və mən də pisliklə ona cavab versəm, deməli, olacam həmin adamın tayı”. Bu da əsl kişiyə məxsus olan xarakterdir. Açığı Kamal müəllimin yaxşılıq elədiyi adamlardan ona qarşı dönük çıxanlar çox olub. Amma heç vaxt bunu onların üzünə vurmurdu. O, həddindən artıq gözütox insan idi. Və həddindən artıq sadə idi. Hətta kimsə hansısa problemlə onun kabinetinə girəndə, özü gedib çay süzüb gətirib onun qarşısına qoyurdu və onun problemini səbrlə dinləyib, yerindəcə həll eləyirdi. Yəni sözün həqiqi mənasında kollektivin atası idi. Mən şəxsən dəfələrlə bunun şahidi olmuşam. Bir məsələni də vurğulamaq istəyirəm. Dövlət ona xidməti maşın ayırmışdı. O, həmin maşınla yalnız teatrın işi üşün harasa gedəndə istifadə eləyirdi. Evdən işə özü piyada gəlirdi. Biz soruşanda ki, “Kamal müəllim niyə xidməti maşınınızdan istifadə eləmirsiniz?”.

Deyirdi:

-Mənim öz maşınım olub. Çox vaxt heç ondan da istifadə eləməmişəm. İndi də yaşadığım ev, teatrdan heç də uzaqda deyil. Niyə mən maşınla gedib-gəlməliyəm? Mənim atam Bakı şəhər partiya komitəsində aparıcı vəzifədə işləyirdi. Atam Həbib kişiyə də dövlət,  xidməti maşın ayırmışdı. O, çox zaman həmin maşından istifadə eləmirdi. Hətta evə gəlib-gedəndə də həmin maşından istifadə eləmirdi. Həmin maşınla yalnız dövlət işləri olanda gedirdi. Hətta axşam evə gedəndə, mühafizədə olan işçilərin dəmlədiyi çaydan bir sətəkan işib, onların problemlərilə maraqlanıb, sonra gedirdi. Görürsünüzmü o, necə sadə insan olub. Mən də əgər onun oğluyamsa, belə də olmalıyam.

-Kamal müəllim, siz cavanlara teatrın keçmiş korifeylərindən danışırdımız?

-Əlbəttə. Məhərrəm Həşimov, Ulduz xanım Əliyeva-Rəbibəyli, Zəfər Nemətov və başqa rejissorlardan danışırdı. Onların quruluş verdiyi tamaşalar haqqında ürək dolusu sözlər deyirdi. Aktyorlardan- Əliağa Ağayev, Ağadadaş Qurbanov, Yusif Vəliyev, Məxfurə xanım Yermakova, Süleyman Ələsgərov, Firəngiz xanım Şərifova, Osman Hacıbəyov, Məmmədağa Dadaşov  və onlarca başqa aktyorlardan, aktrisalardan böyük sevgi ilə söz açırdı. Elə bil bu söhbətlərilə bizdə teatra qarşı böyük sevgi və maraq yaradırdı. O, canlı bir xatirə idi. Hətta evi olmayan adamlara mənzil almalarında çox böyük köməklik eləyib. Kiminsə ailəsində hansısa ağır promlem olanda, həmin dəqiqə o adamın yanında olurdu və ona lazım olan bütün köməkikləri edirdi. Hətta qastrolda olanda belə kiminsə yaxın adamı vəfat eləyəndə, qastrolda öz işini başqa adamlara tapşırıb, gəlib həmin adamın burada olan problemini həll eləyib, sonra qastrol olan yerə qayıdırdı. Ona görə də kiminsə başına bir iş, hadisə  gələndə, həmin dəqiqə Kamal Əzizova zəng eləyirdi və o da gəlib həll eləyirdi və gedirdi. Doğrudan da Kamal müəllim teatrda işləyən cavanların  atası, yaşlıların qardaşı idi. Belə insanı siz bilən unutmaq olarmı? Əlbbəttə ki, yox. Siz də sağ olun ki, onun haqqında yazırsınız. Məşhur Amerika filosofu Henri Devid Toqonun yaxşılıqla bağlı belə bir maraqlı aforizmi var:  “Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”.  Bəli. Kamal Əzizovun da etdiyi yaxşılıqlar heç vaxt köhnəlməyəcək. Biz, onunla işləyənlər nə qədər ki, yaşayırıqsa onun haqqında xoş sözlər danışacağıq.

... Mən teatrdan çıxıb evə gəldikcə Kamal Əzizovu gözlərim qarşısında canlandırırdım. Çünki bu müdrik insandan mən də  o vaxtlar teatr rəhbəri kimi çox şeylər öyrənirdim. O, bu söhbətləri  rəhbərlik elədiyi teatr, Sumqayıtda qastrolda olanda mənə böyük həvəslə danışır və yeri gələndə də yaxşı məsləhətlər verirdi. Eləcə də mən Bakıda olanda, onunla görüşüb, bir stəkan çayını içib, maraqlı söhbətlər edirdik. Çünki 1991-ci ildən mən də teatrdakı işimlə paralel Azərbaycan Teatr Xadimləri İttifaqının katibi idim və bilavasitə Azərbaycanın teatrlarına koməklik etmək əsas  işlərimdən biri idi. Həmin vaxtı biz, onunla çox maraqlı bir ideya fikirləşdik. Azərbaycanın bütün bölgə teatrlarını Bakıya və Sumqayıta qastrola gətirib, onların tamaşalarını təşkil eləyirdik. Bu maraqlı iş də həmin bölgə teatrlarda işləyənlərə çox böyük inam verirdi. Öz işlərinə qarşı onlarda böyük maraq, cavabdehlik  yaradırdı.

Tale elə gətirdi ki, mən öz ərizəmlə rəhbərlik elədiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrından çıxdım və Dağıstana işləməyə getdim. Üç il bizim Kamal müəllimlə əlaqələrimiz kəsildi. 2001-ci ildən mən Azərbaycana qayıdıb, Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi öz işimi davam etdirdim. Həmin vaxtlardan biz yenə də Kamal müəllimlə görüşürdük. O, Mədəniyyət Nazirliyinin ona qarşı apardığı kəskin hücumlarından danışmağı sevmirdi. Ümumiyyətlə, Kamal müəllimdə kiminsə arxasınca pis danışmaq kimi bir şakəri yox idi. Və mənim Sumqayıt teatrının rəhbərliyimdən  getməyimə də çox heyifilənirdi. Mən deyəndə ki, “siz Mədəniyyət Nazirliyində işləyən əsas aparıcı adamları hələ yaxşı tanımırsız. Onları Azərbaycan mədəniyyəti yox, özləri və cibləri daha çox maraqlandırır”. O, mənim bu sözlərimə inanmırdı... Amma zaman gəldi. 2006-cı ildə Kamal müəllimə qarşı hücumlar daha çox artdı... Mənim yuxarıda dediyim fikirlə  razılaşdı. Və  o, məcbur olub, teatrdan getdi...

Əlbəttə, rəhmətlik Zakir Bağırovdan sonra gələn Mədəniyyət nazirlərinin və orada işləyən bəzi rəhbər vəzifəlilərin bir şakəri vardı. İncəsənət sahəsinə rəhbərlik edənlərdən rüşvət almaq. Hətta rəhbərlərə açıq-açığına deyirdilər ki, “filankəs sən hər ay bu qədər pul verməlisən”. O vaxtlar hətta fəxri adlar da satılırdı...  Bununla razılaşmayan mənim kimi rəhbərlər ərizə verib, rəhbərlikdən gedirdik. Mən görürdüm ki, artıq Kamal müəllim də tükənib. Bu hücumlardan yorulub. Ona görə 2006-cı ildə 68 yaşında, hələ bundan sonra daha çox işər görmək üçün püxtələşmiş bir vaxtda, ərizə yazıb, həyatından çox sevdiyi teatr aləmindən uzaqlaşası oldu. Bax, həmin vaxtı  bu iyrənc yolla rəhbərləri işlədiyi sevimli işindən iyrəndirib, bezdirib  uzaqlaşdırırdılar. Bu insanların çoxu onlara qarşı olan haqsızlığa davam gətirməyib, çox teziklə haqq dünyalarına qovuşurdular. Kamal müəlim də işdən ayrılandan sonra çox böyük depressiyaya düşdü və 73 yaşında haqq dünyasına qovuşdu...

Dünyanın dahi psixoloqları sübut eləyiblər ki, insanın birinci ən yaxşı işlək dövrü 60 yaşından-70 yaşınadəkdir. İkinci işlək dövrü 70 yaşından-80 yaşınadəkdir. Üçüncü işlək dövr isə 50 yaşından-60 yaşınadəkdir. Bizdə isə 65 yaşından sonra insanları “Yaş senzi” adı ilə işdən çıxarırlar. Bu, doğrudan da ən böyük nadanlıq və həmin yaş dövrünü yaşayanlara qarşı çox böyük düşmənçilikdir. Bu, bir növ 1937-38-ci illərdə  olan repressiyanın “mədəni” formasıdır desəm daha düzgün olar....

Və zaman gələcək buna görə bizim yüksək rütbəli  məmurlar  haqqında heç də  xoş sözlər deməyəcəklər...

Bax, beləcə Mədəniyyət Nazirliyinin günahı ucbatından çox istedadlı teatr direktorları, baş rejissorları, rejissorları haqsızlıqla qarşılaşıb, teatrdan uzaqlaşdırılırdılar. Ən acınacaqlısı da bu idi ki, onalrın yerinə iş bilməyən, məddahlığı sevən, Mədəniyyət Nazirliyində işləyənlərin “bığlarının” altından yaxşı keçənləri gətirib vəzifələrə qoyurdular. Beləliklə, bu çirkin yolla Azərbaycan teatrlarını çökdürürdülər...

Bu gün biz, bunun, yəni teatrların uzun illər çökdürülməsinin  şahidiyik... Bundan sonra teatrları dirçəltmək görəsən mümkün olacaqmı?..

Yadıma gəlir ki, Kamal müəllim, məşhur filosof Əflatunun ( Platonun) bu kəlamını tez-tez deyirdi: “Xeyirxahlığa ehtiyacı olanların xahişini gözləmə, onlar deməmiş sən öz kömək  əlini uzat. Onu da yadında saxla ki, bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma. Axı hardan bilirsən ki, sabah  bir hadisə  baş verməyəcək”...

Əziz  ağsaqqal dostum Kamal müəllim!  Əfsus ki, həmin hadisə səninlə 68 yaşında, işdən çıxarılmağınla baş verdi və xeyirxahlığa əllərini uzadanların əlindən daha tutan olmadı...

Əziz dostum! Bizim yüksək rütbəli məmurlara görk olsun deyə yazımın bu yerində məşhur Alman alimi Georq Lixtenberqin bu kəlamını yada salmaq istəyirəm: ” Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq”.   Bəli. Hər şey yaxşlığın üstündə qurulub. Yüksək rütbəli məmurlar yaxşı olsa, bu məmləkətdə yaşamaq da, yaratmaq da asan və gözəl olar. İnsanlarımızın da güzəranı yaxşı olar. Belə olduqda çox cüzi əmək haqqı alan və həmin əmək haqqı ilə ailəsini ən çoxu on beş gün dolandıra bilən teatr işçilərinin də əmək haqqı artar və onlar da rolları üzərində işləyəndə ailəsinin ağır güzəranını, dolanışığını yox, oynadığı rolları fikirləşərlər. Çünki ehtiyac elə ağır bir şeydir ki, ən inadkar, məğrur insanı belə asanlıqla çökdürür. Ona görə də məşhur Anri de Monten belə deyib: “Bəşər övladı üç sağalmaz  xəstəliyə qurban gedir: yeməyə ehtiyac, yuxuya  ehtiyac  və diqqətə ehtiyac”.

Kaş bizim yüksək rütbəli məmurlar bunu dərk edəydi, biləydi və həmvətənlərinə köməklik  edəydilər. Onda bu  məmləkət,  həqiqətən də cənnətməkan olardı. Axı insanlarımızın dolanışığı, yaxşı yaşaması üçün bu məmləkətdə hər şeyimiz var. Bəs onda niyə belə ehtiyac içərisində yaşayırıq?.. Görəsən bu sualın cavabını verən tapılacaqmı?!..

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

Çərşənbə, 19 Fevral 2025 10:33

Xocalıda Hacı Əli Günbəzi

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

Çox-çox əvvəllərdə, qədim Aran torpağında qocaman bir diyar vardı. Bu diyar dağlar arxasında, bol sulu çayların kənarında yerləşirdi. Buranın ərənlərinə igidlikdə çatan olmazdı. Ərənlərin içində Əli adlı bığ yeri təzəcə tərləmiş bir igid vardi. Əli mahaldakı cavanlarla qurşaq yarışına çıxar,  hamısının da kürəyini yerə qoyardı. Beləcə bu diyar öz igid pəhləvanları ilə ad çıxarmışdı.

Sizə kimdən deyim, kimdən danışım... Gözəl bir diyarda, çox- çox uzaqlarda, mənəm-mənəm deyən bir zalım padşahdan. Bu padşah sanki müharibə etmək, qan tökmək üçün doğulmuşdu. Ömrü döyüşlərdə keçmiş, bircə dəfə də olsun məğlub olmamışdı. Neçə-neçə padşahların dizlərini yerə vurmuşdu. Şəhərlər, obalar, mahallar dağıltmış, əldə etdiyi qənimətləri xəzinəsinə yığmışdı.  Amma yenə də qana susayıb gözü ac idi. Hər il ordusunun sayının artırır, yalnız torpaqlar tutmaq, evləri, obaları viranə qoymaqla həyat sürərdü. Onun əsgərləri dağlardan, düzlərdən qasırğa kimi ötüb keçərdilər. Bir gün şah yuxusunda görür ki, bir cavan uşaq onu yerə yıxıb xəncəri ilə başın kəsmək istəyir. Şah qan-tər içində yuxudan oyanır. Yuxu yozanı yanına çağırıb soruşur ki, bu yuxu nə yuxudur. Yəni bu  dünyada onun kürəyini yerə vuran, qalib biri ola bilərmi? Yuxu yozan həm də rəmmal idi. Rəmmal deyir ki, bəs filan yerdə Əli adlı bığ yeri təzəcə tərləmiş bir pəhləvan var, sən ona uduzacaqsan. Padşah hirslənir, rəmmalı zindana atır, özü isə qoşun götürüb həmin diyara gəlir. Həmin vaxt Əli meşədə idi, düşmən qoşunu atları dörd nala çapıb camaatı mahaldan meşəyə qaçmağa vadar qoymuşdu. Toz-tozanaq içində itən meşənin üz-gözünə elə bil kəfən salınmışdı. Deyirlər ki,  bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid isə bir eli qurtarar. Əli camaatın qırıldığını görür. Ərənlər döyüşlərdə ikən, arvad-uşaq meşələrə üz tutub dağlarda, kahalarda gizlənir. Əli ah-fəğan edən insanları eşidir, qılıncını götürüb sevdiyi qızın yanına vidalaşmağa gəlir. Əlini sevən qız ona deyir ki, sən igidləri başına topla, düşmən üzərinə arxayın get. Mən yumurta qabığında bütün qoşunu doyuran plov bişirərəm. Elə bir kilim toxuyaram ki, bütün igidlərin onun üstündə yerləşər, düşmənə göydən zərbə endirib qalib gələrsən.

Bəli, Əlinin başına toplaşan igidlər Əlinin sevgilisinin bişirdiyi plovdan yeyib gücləndilər. Dağ qüdrətli, qüvvətli oldular. Belə igidlərin qarşısında şahın qoşunu tab gətirə bilmədi. Hamısını Əlinin silahdaşları qılıncdan keçirdi. Sonda şahla təkbətək qaldı.  Əli əvvəlcə şahla qılınc döyüşünə girdi. Yeddi gün, yeddi gecə vuruşdular, bir-birinə qalib gələ bilmədilər. Sonra qurşaq tutdular. Əli sevgilisinin ona verdiyi yaylığı cibindən çıxarıb ətrini aldı. Bir anda şahı iki əli ilə qaldırıb yerə çırpdı. Şah həmin dəqiqə canını tapşırdı. Beləcə düşmən öz əcəli ilə qırıldı. Mahalın ağsaqqalları yığışıb Əlinin şərəfinə qonaqlıq verdilər. İllər keçdi. Əli haqq yolunu tutub, Həccə getdi. Doğma yurdunda qızıl gümbəzli məscid tikdirdi. Məscidin gümbəzi hər səhər doğan günəşin şəfəqləri altında bərq vururdı. O vaxtdan gümbəzli məscid Hacı Əli gümbəzi kimi yaddaşlarda qalır.  İnsanlar azan səsilə camaat namazı qılmaq üçün məscidə gedir. Belə deyirlər ki, məscidə gedən insanların o yolda atdıqları hər addıma görə günahları silinir, məscidi tikənə isə o addımlara görə savab yazılır.

 

Söylənilən bu əfsanə Xocalıda XIV əsrdə inşa edilmiş Hacı Əli günbəzi haqqındadır.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

Çərşənbə, 19 Fevral 2025 10:14

Şəhidlər barədə şeirlər – Mənsur Ağayev

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Mənsur Ağayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

MƏNSUR AĞA OĞLU AĞAYEV

(29.07.1994.-09.11.2020.)

 

Əslən Kürdəmirin Sığırlı kəndindən olan, Hacıqabul rayonunun Padar kəndində doğulmuş Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

                 MƏNSUR

 

Vətən uğrunda candan keçdi nə qədər igid,

Onlar ölmədilər ki, oldular canlı-şəhid.

Belə aslanlar ilə duyuruq fəxr, qürur,

Bu igidlər nə qədər? - tanıyaq -  biri Mənsur.

 

Əslən Sığırlıdandır, Padarda yaşa doldu,

Vaxt gəldi, gün yetişdi, orduda əsgər oldu.

Əsgərlikdə hamının  qazanmışdı hörmətin,

Gizlədə bilməyirdi kafirlərə nifrətin.

 

Qurtarıb əsgərliyi  qayıtsa da evinə,

Nə eyni açılırdı, nə bilirdi sevinə.

Hər gün həyəcan ilə xəbərlər izləyirdi,

Ali Baş Komandanın əmrini gözləyirdi.

 

Nəhayət, o gün gəldi, çatdı intiqam vaxtı,

Mənsur döyüşə getdi, düşündü, gülür baxtı.

Necə də hünər ilə, ürəklə savaşırdı,

Azğın düşmən özünü itirirdi, çaşırdı.

 

Kafirlərin üstünü  cəngavərtək almışdı,

İblisgöz düşmənləri pərən-pərən salmışdı.

Şəhid olan zamanı sanki ulduz yağırdı.

Fikirləşdi  bir anlıq - Göylər məni çağırdı.

...Ən böyük arzum idi, çatdım, Şuşanı gördüm,

Ana, nigaran olma, daha yoxdur bir dərdim.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

O ay işığına bax.

Kim dəyişər altuna?

Göy üzü bir çətirdi-

Hamı girib altına. 

 

-deyir şair. Və bu dəfə də mükəmməl deyir. Bir gün o çətirin başımızın üstündən çəkilməsi ehtimalı varmı, varsa da nə qədərdir? 

Xoş mütaliələr!

 

Yağış yağıb...çiçəklər

Elə bil doluxsunub.

Gecəni məst eləyib 

Axan çayın ovsunu.

 

O ay işığına bax.

Kim dəyişər altuna?

Göy üzü bir çətirdi-

Hamı girib altına.

 

Bu da yaşın əllisi,

Ölüm gəlib haqlayıb.

Sənin yükün ağırdı-

Ver, dərdini saxlayım...

 

...Çıxıb getdim evimdən,

Qaldım yağışlar ilə.

Ad günümü keçirdim

Çöldəki quşlar ilə...

 

İçim səhra olandan,

Gözlərimdən qum gəlir...

...Unutmuşdum adımı-

Adıma məktub gəlib...

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

Çərşənbə, 19 Fevral 2025 09:31

Dolores – ağrı, qəm, hüzn? ƏSLA YOX!

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Tibb elmləri doktoru, akademik Əbdüləhəd Səftər oğlu Həsənov sağlığında tibb sahəsində tanınan alimlərdən biri olub. O, "karoto-naftalan" (karotinlə naftalanın qarışığı) təbii pereparatının müəllifidir və bu preparat İkinci Dünya müharibəsi illərində irinli yaraların müalicəsində geniş tətbiq olunub...

 

Bu gün sizə mərhum akademikin yadigarı- Dolores Həsənova haqqında söhbət açmaq istəyirəm. Dolores xanım 1940-cı ildə dünyaya gəlib. Adının Dolores olması sizi təəccübləndirməsin. Atası azərbaycanlı olan bu gözəl xanımın anası alman olub. Elə bu ispan mənşəli adı da ona anası qoyub... Dolores ispan dilində qəsəbə adıdır. Bir də, latın dilində ağrı, qəm, hüzn bildirir. Olsun ki, akademik və həyat yoldaşı qızlarına buradan qaynaqlanan ad qoyubar.

Atasının yolunu davam etdirərək Dolores 1965-ci ildə indiki Azərbaycan Tibb Universitetini həkim-farmakoloq kimi bitirib. Elə o vaxtdan da həmin universitetdə qalaraq baş laborant, assistent, baş müəllim vəzifələrində çalışıb. 1996-cı ildən indiyədək isə universitetin farmakologiya kafedrasının dosentidir. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, tibb elmləri namizədidir...

Emosional xarakteri var. Sərbəstliyi çox sevir, azadlığına bağlı xanımdır. Onunla uzun müddət bir yerdə olan doğmaları və dostları bu xüsusiyyətlərini yaxşı bilirlər. Olduqca qərarlıdır və etmək istədiyinə mütləq nail olur. Dəyişkən və bacarıqlı xarekterə sahib olması bu mövzuda ona hər zaman kömək edir. Gözəl xüsusiyyətləri ilə diqqəti öz üzərinə çəkə bilir. İnsanlarla ünsiyyətdə isə mehriban və diqqətlidir...

Deyir ki:- “Belə uzunömürlü olmağımın əsas səbəbi insanlara olan məhəbbətimdir. Heç vaxt, heç kimin pisliyini arzulamamışam. İstəmişəm ki, hamı xoşbəxt olsun, mən də onlardan biri...”

Mərd, sözübütöv xanım olduğu üçün yaxınları, tanışları tərəfindən çox sevilir. Əsasən məntiqi davranışı ilə tanınır. Təmkinlidir, hər kəsi dinləməyi bacarır, sonda isə ədalətli qərar verir. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi, səmimiyyəti sevir və bununla ətrafdakıları özünə heyran etməyi xoşlayır.  İş həyatında yeniliklərə həmişə açıq adamdır. Liderlik ruhu sayəsində bir çox işlərdə uğur qazanır. Kollektiv işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. İşlərinə müdaxilə olunmasını sevmir və sevmədiyi adamlarla ünsiyyətdə olmağı xoşlamır...

 

 

Bəli, haqqında söhbət açdığım akademik qızı, dosent Dolores Həsənova belə xanımdır. 

Bu günlərdə xanımın 85 yaşı tamam oldu. Ona uzun ömür, ağrı-acısız günlər arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

 

Çərşənbə, 19 Fevral 2025 09:02

Heydər Baba, igid əmək itirməz!

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Güney, o gün sanki özünün tarixi yaddaşını yenidən yaşadı. Gözlərdə sevinc, qürur, həyəcan və bir az da rahatsızlıq vardı. Rəisi-Cümhur Məsud Pezeşkian doğma şəhərin adına düzənlənən “Mədəniyyət Həftəsi”ndə çıxış edirdi. O, tribunaya qalxanda məkanın enerjisi dəyişdi; əslində, Təbriz adının enerjisi üzə vurmuşdu… Bəlkə də tarix, illər sonra bu məqamı dönüb-dönüb xatırlayacaq. Çünki bu, sadəcə bir çıxış deyildi – sözün ulusa qayıdışı idi.

 

Pezeşkian sanki Şəhriyarın ruhunu çağıraraq danışdı və elə bil vəd verdi, yəmin etdi:

“Heydər Baba, igid əmək itirməz!”

 

Bu cümlə, bir dövlət başçısının çıxışı olmaqdan çox, bir ulusun varlığını təsdiq edən nidaya çevrildi. Hər kəlməsi, ruhunda Şəhriyarənə nisgil daşıyan milyonlarla insan üçün bir işıq oldu. O, bir anlıq Rəisi-Cümhur kimi deyil, yanar ürəkli soydaş kimi danışırdı – içdən, dərin, könlünün ən həssas yerindən gələn səslə…

 

Amma elə bu anda, səhnəyə başqa bir səssizlik çökdü. Köməkçisi bir kağız gətirdi, tribunaya qoydu, dönüb getdi. Rəisi-Cümhurun üz-göz ifadəsindəki incə dəyişiklik, səsinin bir anlıq titrəməsi göstərdi ki, onun türkcə danışmasından rahatsız olanlar var. Bəzi dairələr bu çıxışın farsca davam etməsini istəyirdi. Hər şey göz önündə idi: İranın ali kürsüsündə oturan türkün - azərbaycanlının tam yetki sahibi olmasına icazə verməyən bir sistem, bir zehniyyət, bir mexanizm vardır.

 

Sözün yükü və üslubunun ismarıcı diqqətdən qaçmadı.

Pezeşkianın öz ismarıcını məhz Şəhriyar üslubunda verməsi təsadüfi deyildi. Çünki bu, sadə bir nitq deyildi – özünəxas anlam daşıyan siyasi və mədəni səsləniş idi. Şəhriyarın “Heydər Babaya salam” poeması təkcə bir poetik əsər deyil, Güney Azərbaycanın ruh halını ifadə edən bir manifestdir. Və Pezeşkian da məhz bu ruha incə toxunuş etdi...

 

O, bir daha sübut etdi ki, İranın içində tarazlıq məsələsi təkcə siyasi və iqtisadi güclərlə bağlı deyil – bu, eyni zamanda mədəni amil və dil məsələsinə bağlıdır. O, “Heydər Baba” deyərkən təkcə Şəhriyarın ruhuna deyil, həm də İranın dörd yanına, habelə Gündoğarın, Günbatarın bir çox guşəsinə səpələnmiş milyonlarla soydaşına səslənirdi elə bil. Onun səsinin titrəməsi, yalnız emosional bir məqam olmayıb, həm də mövcud (dəyişimə möhtac) gerçəkliyin təsdiqi idi. O bilirdi ki, türkcə danışması müəyyən dairələrdə rahat qəbul olunmur. Ancaq ismarıcını yetərincə aydın verdi və lazım olan mətni kövrək mətanətlə də olsa, söylədi.

 

Bəli, Pezeşkianın o çıxışı bir anlıq emosional hadisə kimi görünə bilər. Əslində, bu, çoxdan yığılıb qalmış bir enerjinin təcalla etməsi idi. Çağdaşlaşa bilməyən İranda azərbaycanlı Rəisi-Cümhurun seçilməsi tarixi hadisədir, lakin bu, yetərlidirmi? Sistem ona tam yetki vermək istəmir və bu, açıq-aydın görünür. 

Tarixin gedişi göstərir ki, söz nə qədər boğulsa da, bir gün öz yerini tapır. - Su axar, öz çuxurunu tapar misali… Çıxan qan damarda durmaz dediyimiz kimi…

 

Pezeşkianın titrəyən səsi təkcə onun şəxsi hisslərinin yox, eyni zamanda bir ulusun uzun illər susdurulmuş, amma boğulmamış duyğularının əksi idi. O gün Tehranda Təbriz adına səslənən bu sözlər nə qədər susdurulmağa çalışılsa da, artıq dünyanın dörd yanına yayıldı. Bu, təkcə İran sınırları içində qalmadı – bu, hər yerdə eşidildi. 

İlələlbət, Təbrizə Gün doğacaq! İlklərin şəhəri (شهراولینها‎) Təbriz, İranda baş verən bir çox ilklərin ocağı olduğunu bir daha doğrulayacaqdır! 

Savalanda yatan igid - o, əmək itirməyən igid illa oyanacaq! 

Ərk qalası, Bəzz qalası, Babək qalası şennənəcək, tonqallar gur yanacaq! 

Ərbili unutmayan Ərdəbil bildiyini biləcək! 

Xoy “hoydu, dəlilərim, hoydu!” deyəcək! 

Mərənd nə bənd tanıyacaq, nə bərə… 

Marağa marığa yatan kəmfürsətlərin önünü kəsəcək, yenə ulduzlar seyrangahına dönəcək! 

Sulduz da, su və ulduz fəlsəfəsinə varacaqdır! 

Qəzvin qəzavü-qədərlərdən İlahi qüdrətlə qorunacaq!

Bəs sənə nə ismarlayım, Salmas? - 

Deyir:

Salmasa,

Xoydan gedək Salmasa;

Bəndə bəndəyə neynər,

Tanrı gözdən salmasa?..

Hələ, Urmu, Urmu! Susuzluqdan cadar dodaqlarına qan gələcək Urmunun!

Germi isə daha güney-batıya - Kərkükə sələnəcək!

Əskişəhirə, İçərişəhərə mistik salam göndərən Meşkinşəhr olacaq!

Maku, Bakı, Şəki, Ləkidə ürəklər eyni ritmlə döyünəcək! 

Yarınlar bugünlərdən üstün olmağa borcludur! 

Və mən Pezeşkiana umudlu deyiləm, umudlu olduğuma umudluyam! Tanrı bizə yar olu!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

Çərşənbə, 19 Fevral 2025 08:30

Tələsən bir ömrün dolaylarında...

Tural Balabəyli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Onun 60 illiyi ölkə miqyasında keçən il geniş qeyd olundu, amma yubileyi hələ də  davam edir... Bu dəfə dostların xatirələrində. 

Tanınmış şair-publisist Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunmuş “Bu ömür yaman tələsdi” adlı kitab oxucuların ixtiyarına verilib. 

 

Tələsən bu ömrün dolaylarındakı bir çox maraqlı məqamlar kitabda əksini tapıb. Elə kitabdakı yazıların birində deyildiyi kimi, F. Balabəyli 60 ildə mürəkkəb bir yaşam trayektoriyası cızıb, Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə yaşatmağa qədər yol qət edib. 

Ən doğrusunu da özü yazıb:

 

Məni çağırdılar, yoxsa dayandım,

Məni oyatdılar, yoxsa oyandım,

Üz tutub keçdiyim yollara baxdım-

Yollar duman idi, yollar çən idi,

Səksəkə içində bir az duruxdum

O yola, yolağa qayıtmaq çətin,

O yola, yolağa dönmək əbəsdi,

Bu ömür deyəsən yaman tələsdi.

 

Şərif Ağayarın redaktorluğu ilə “Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Nağıqızı, əməkdar jurnalist Sona Vəliyeva, Azərbaycan Yazıçılar Bilrliyinin katibləri Səlim Babullaoğlu və İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan,  Ədəbiyyat Fondunun baş direktoru Varis, şair və yazıçılardan İbrahim İlyaslı, Salam Sarvan, Vasif Süleyman, Xatirə Rəhimbəyli, Ayaz Arabaçı, Rasif İmanoğlu, Zemfira Məhərrəmli, Kəmalə Abıyeva, Hümbət Şamiloğlu, Əzizağa Elsevər, Sevinc Qərib, Sevinc Eİ-sevər, İradə Aytel, Adilə Nəzər,  jurnalistlər Ceyhun Musaoğlu, Natiq Muxtarlı, Nəzirməmməd Zöhrablı, Özbəkistanda, Türkiyədə, Rusiyada, Almaniyada yaşayan tanımış elm və qələm adamları, dənizçi dostları və digərlərinin Faiq Balabəylinin 60 illik yubileyi ilə əlaqədar ürək sözləri, onun yaradıcılığı haqqında düşüncələri yer alıb. 

Faiq Balabəyli “Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”,”Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”, “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası - 20 Yanvar”, “Yağışdan sonra” , “Bir ovuc kədər”, “Gəmilərin əmniyyətli idarə olunması”,  “ Xəzərin çirklənmədən qorunması”, “Dənizçilərimiz Vətən müharibəsində”, Onlar qəhrəmandır” adlı poeziya, nəsr və publisistik kitabların müəllifi, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədridir. 

Bütün ömrü SÖZlə DƏNİZin qonşuluğunda keçən Faiq Balabəyli bu QONŞULARIN heç birinə xəyanət etməyib. Bunun bir sübutu da “Bu ömür yaman tələsdi” kitabıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.