Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal ətindən qırmızı lobya mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ətindən qırmızı lobya mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Yumşaq mal əti – 183 qr
§ Kərə yağı – 50 qr
§ Qırmızı lobya – 55 qr
§ Soğan – 50 qr
§ Albuxara – 18 qr
§ Ərik qurusu – 18 qr
§ Badam – 18 qr
§ Mərzə – 3 qr
§ Darçın – 0,1 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ meyvə turşuları – 20 qr, nar dənəsi – 15 qr, limon – 20 qr, göyərti – 10 qr
HAZIRLANMASI:
Mal əti 35-40 qramlıq tikələrə doğranır. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Bişən zaman kəfi yığılır. 60-70 faiz hazır olduqda ocaqdan götürülür. Ətlər çıxarılır, işgənə ələkdən süzülür. Bu müddət ərzində qırmızı lobya duzlu suda 60-70 faiz bişirilir, süzülür. Bişmiş ət xırda doğranmış soğanla yağda qızardılır. Sonra tumu çıxarılmış albuxara, yarı bölünmüş ərik qurusu, qabığı təmizlənmiş badam, bişmiş qır- mızı lobya, duz, istiot, sarıkök, darçın, mərzə qurusu əlavə olunur. Bütün bu ərzaqlar qarışdırılır, üzərinə işgənə əlavə olunur. Qazanın ağzı bağlanır və vam odda bişməyə qoyulur. Bişib yağa düşəndə xörək ocaqdan götürülür. 5 dəqiqə yer dəmi aldıqdan sonra boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Yanında göyərti, meyvə (məti) turşuları, nar dənəsi, limon verilə bilər.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
İNİŞİL BU GÜN: Azərbaycanlı rejissorun filmi Toronto Beynəlxalq kino festivalının qalibləri sırasında olub
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
İnişil bu gün bu xəbərə sevindik: Azərbaycan filmi Kanadada keçirilən ”Beynəlxalq Toronto Film for Peace Film” beynəlxalq festivalında qalib olmuş filmlər sırasında yer alıb.
Bu barədə filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov aşağıdakıları söyləmişdi:
-Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Acı xatirə” bədii-sənədli filmin ilk uğuru”Beynəlxalq Toronto Film for Peace Film” festivalnda ölkəmizi təmsil edərək finala vəsiqə qazanıb. Eyni zamanda, “Edam günü” bədii filmi isə, beynəlxalq festivalda “Ən yaxşı prodüsser” kateqoriyaları üzrə qalib oldu.
Kanadanın Toronto şəhərində “Beynəlxalq Toronto Film for Peace Film” festivalının 2022-ci ilin 24 sentyabrında açılışı oldu və beş gün ərzində davam etdi. Bu Festivalda incəsənət, musiqi, kino sahəsində dünyada tanınmış ən böyük adların iştiraki ilə xüsusi tədbirlər keçirilir, film, musiqi, rəsm əsərləri İPF-nin tərəfdaşlarına nümayiş etdirilir və bunula da Festival iştirakçılarına əsas mesajlar çatdırılır.
“Acıxatirə” bədii-sənədli filmi son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir. Film yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə çəkilib. Ekran əsəri həkimlərlə birlikdə, öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
“Acı xatirə” bədii-sənədli filmini Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndirən rejissor daha sonra demişdi:
-Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Çəkdiyimiz filmlərDünya distribütorları tərəfindən filmlərimiz 17 platformaya yerləşdirilib. dünya film bazarında özünə layiqli yer tutub. Dünya mediasında bu ekran əsəri barədə geniş məlumatlar yazılıb. Dövlət dəstəyi olsa, biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıtdıra bilərik. Ərsəyə gətirdiyimiz filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”,- deyə, C.Qasımov sözünün sonunda vurğulayıb.
Qeyd edək ki, “Acı xatirə” bədii-sənədli filmində rolları Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalıdır, montaj Elnur Tarverdiyevə məxsusdur.
“Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir..
“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi film haqqında danışarkən daha sonra bildirmişdi.
Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.
“SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Cavadpurun “Yol adamı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.
Əli Cavadpur
Təbriz
YOL ADAMI
Başının üstündə qaralar bulud
Başının üstündə çaxmaq daşı, od
Başının üstünü sən unut, unut...
Yol adamı.
Üzü uzaqlara yol gedən adam
Keçər neçə gündən, kölgədən adam...
Yollar quş dimdiyi
Sən də dən adam
Yol adamı.
Yolda ay işığı, qaranlıq da var
İşıqda olmayan qaranlıqda var
Yürü saçlarını darasın rüzgar
Yol adamı.
Yeri öz yolunu it hürsün səni
Korlar kərməlikdə itirsin səni
Uzaq işıqlara yetirsin səni
Yol adamı.
Hay-haraydan boyu uca bir sükut -
Yol yoldaşın, birdə yolun özün tut
Get...
Get...
Qalan nə var
Unut, sən unut...
Yol adamı.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
DAHİLƏRİN KİTABLARI: Nassim Taleb: «Qara qu quşu»
Rubrikanı aparır: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Oxucularımız üçün dünyaşöhrətli sosioloq və kouç Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs edəcəyəm. O, ərəb əsilli amerikalıdır.
Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:
- Tarix və cəmiyyətin irəli hərəkəti sürünməklə deyil, çapmaqla baş verir.
- Mən qəfil dərk etdim və indi də bu təəssüratla yaşayıram ki, biz hamımız retrospeksiya üçün əla bir maşınıq, insanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır.
- İnsanları kateqoriyalara bölmək vacibdir, amma vacib olduğu qədər də iki kateqoriyanın sərhədində mövcud olanların yerləşdirilməsi üçün problemlidir.
- Müəyyən hissə kapital bizi varlıya çevirə bilməz, düzdür, amma güzəranı düşünmək qayğısına qalmadan bir işlə rahat məşğul olmağa imkan yaradır. O, bizi beyin fahişəliyindən, daxili təzyiqlərdən azad edir.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Şəhidlər barədə şeirlər - Rza Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Rza Məmmədov
Rza Əsgər oğlu Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.
2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb.
Subay idi.
Rza Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rza Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə hərbi həkim kimi fəaliyyət göstərirdi.
Rza Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Bunu hamı yaşayıb,
Bunu hamı bilirdi,
Şah İsmayıldan bəri,
Bu vətən kiçilirdi.
Rza kimi oğullar,
Çəkdi vətənin dərdin.
Düşmənin başın əzib,
Dəmir yumruq göstərdi.
Göstərdi igidliyin,
Azərbaycan əsgəri.
Bu millətə yaşatdı,
Bu tarixi zəfəri.
Belə böyüyür millət,
Belə birləşir xalqlar,
Başımızı ucaltdı,
Rza kimi oğullar.
İndi bizim borcumuz,
Onları yaşatmaqdır.
Hər şəhid bir tarixdir,
Hər şəhid uca dağdır.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
“Bir şeirin hekayəti” Qəşəm Nəcəfzadə ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Bir şeirin hekayəti" adlı rubrikamızın qonağı:
Bu şeiri də yazdım əlvida kimi,
Bax elə bu sətrim son vida kimi.
Mən ölsəm, misra tək, sən nida kimi,
Başımın üstündə dayan, nə olar, - söləyən dəyərli şairimiz Qəşəm Nəcəfzadədir.
-Xoş gördük, əziz şairimiz. Qəşəm bəy, dəfələrlə nitqinizi dinləyərkən bəzi şeirləriniz haqqında gözəl izahlarınızı eşitmişik.
Şair həqiqəti sübut etmir, o onu göstərir. (Vissarion Belinski). Qəşəm bəyin şeirlərini oxuyarkən misralar bizimlə səmimi ünsiyyət qurub daxilimizdəki gizli duyğulara çox rahat toxunur.
Əziz Qəşəm bəy, rubrikamızın şərtlərinə görə şeirlərinizdən birinin yaranma tarixinə nəzər salmalıyıq. Beləliklə, sevimli şairimiz, oxucularınıza " Bir şeirin hekayəti"ni söyləyin.
-Salam Ülviyyə xanım, yeni rubrikanızın ömrü uzun olsun, dəvət üçün təşəkkür edirəm.
Haqqında danışacağım şeiri Siz də səsləndirmisiniz.
Bəli, "Sənin dərsin" adlı şeirimin yazılma tarixinə nəzər salaq.
Deməli, belə: 1984-cü il idi, həyat yoldaşım Tabəs xanımla nişanlı idik. Tabəs xanım ibtidai sinif müəllimi idi. Həmin vaxt bir- birimizdən küsmüşdük. Tabəs xanım mənimlə barışmayacağını və işlərimə qarışmayacağını söyləyib getdi.
Biz İmişlidə idik. Mən də Tabəs xanımın arxasınca getdim. Tabəs xanım məktəbə daxil oldu, şagirdləri 3-cü sinifdə oxuyurdular və birinci mərtəbə olduğu üçün mən Tabəs xanımı bayırdan izləyə bilirdim, elə o da mənim ona baxdığımı görürdü. Şagirdlər sinifdə səs edirdilər və Tabəs xanım buna görə məndən utanırdı ki, şagirdləri səs edir.
Mən isə bu səhnəni izləyib bədahətən "Sənin dərsin" şeirini söylədim. Elə bu şeir də küslülüyümüzə son qoydu.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.
Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.
Vaxt axır... şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.
Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.
Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.
Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Yubileyi ərəfəsində Akademik Nizami Cəfərovla BDU-da maraqlı mühazirə
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə "Ümummilli Lider: Heydər Əliyev mühazirələri" layihəsinin üçüncü görüşü keçirilib. Layihənin növbəti qonağı Azərbaycan Atatürk Mərkəzinin direktoru, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov olub.
Nizami Cəfərov "Ümummilli Lider və türk dünyası" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin türk dünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyətində elm, təhsil, ədəbiyyat və incəsənət istiqamətlərinin də özünəməxsus yeri və əhəmiyyəti var. Ümummilli Liderin türk dünyası ilə əlaqələri ortaq köklərə malik olan xalqlar arasında siyasi etimad, qarşılıqlı əməkdaşlıq, ədəbiyyatlar və mədəniyyətlər arasında dialoqa böyük töhfə verib. Türk dünyasının birliyinin təməlini qoyan Ümummilli Liderin uzaqgörənliyinin nəticəsində ortaq kökə, tarixə, mədəniyyə malik qardaş xalqların əsrlərə dayanan bağları möhkəmləndirilib. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İnteraktiv formatda keçən görüşün sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd etmək istəyirəm ki, mən - "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı, BDU tələbəsi, həmçinin öz fakültəm üzrə BDU könüllüləri təşkilatının idarə heyətinin üzvü Nigar Həsənzadə də şəxsən bu görüşdə iştirak edib, bu maraqlı mühazirəni dinləmişəm..
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri başlayıb
Qazaxıstan paytaxtında sentyabrın 23-də Azərbaycan Mədəniyyət Günləri başlayıb və mədəniyyət günləri sentyabrın 26-dək davam edəcək.
AzərTAC Qazaxıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün - sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etnocaz konserti olacaq.
Sentyabrın 25-də isə Qazaxıstan və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi, Elmira Axundovanın kitabının təqdimatı, habelə “Azərbaycan mədəniyyətinin inciləri” sərgisinin açılışı və rəqs ansamblının konserti təşkil ediləcək.
Sentyabrın 26-da müasir Azərbaycan incəsənəti haqqında leksiya keçiriləcək. Azərbaycan Mədəniyyət Günlərinin əsas hadisəsi həmin gün K.Kuanışbayev adına Milli Musiqili Dram Teatrında olacaq. Buradakı qala-konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan Respublikasında Qazaxıstan Respublikası Mədəniyyət Günləri keçirilib.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
“O illərdə Sumqayıt ədəbi mühitinin ilk xanım şairi sayılırdım...” – OFELYA BABAYEVA
Gülnarə Cəmaləddin, AYB Sumqayıt şöbəsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıtın 75 illiyi münasibəti ilə şəhərin tanınmış qələm əhli ilə müsahibələrimi davam etdirirəm. Bu günkü müsahibimiz əməkdar müəllim, ”Tərəqqi” medalı və “Şöhrət” ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayevadır.
-Necəsiniz, Ofelya xanım?
-Yaxşıyam, təşəkkür edirəm.
-Bu il doğma şəhərimiz Sumqayıtın 75 yaşı tamam olur. Əvvəlki və indiki Sumqayıt, hansı sizə daha doğmadır?
-Sumqayıt mənim doğma şəhərimdir. Əvvəlki şəhərdə uşaqlığım, gəncliyim, indi isə...
-Güclü qadın ifadəsinə münasibətiniz?
-Bu ifadəni sevmirəm. Qadın, kişi fərq etməz. Hər ikisinin zəif tərəfləri də var, güclü tərəfləri də...
-Siz uzun müddət rəhbər vəzifələrdə çalışmısınız. Çətin olmayıb ki sizinçün?
-Çətin olub, ancaq düşünəndə ki, sən kimlərəsə lazımsan, təsəlli tapırsan...
-Hal- hazırda da şəhərin ictimai- siyasi həyatında yaxından iştirak edirsiniz.Yorulmursunuz ki?
-Ümumiyyətlə, insan həyatını sevdiyi işə həsr edəndə maraqlı olur.
-Şeir sizinçün nədir? Ağrımayan adam ovuda bilərmi?
-Şeir mənim üçün həyatıma rəng qatan, ovudan, düşündürən anlamdır...
Mən bir Allah bəndəsiyəm,
Məndə günah axtarmayın.
Özü görür,
Mən bilirəm...
Nədir günah...
Sorğu onda,
Cavab məndə.
Nə olacaq,
Olmayacaq,
Bilinəcək
Yalnız sonda...
-Dünyayla yollaşa bilirsiz?
-Çalışıram...
Tənha anlarımda
Nədənsə hər vaxt,
Olub-keçənləri
Yuxu bilirəm.
Sonra yuxuları
Yozub birtəhər,
İlahi ömrümü
Yaşamaq üçün,
Bu ömrün yükünü
Daşımaq üçün,
Eləcə piyada
Çıxıram yola...
Gəlir qulağıma
Çatır bir səda:
Təklik Allah ilə
Olmaq deməkdir.
Təklərə tək Allah
Özü köməkdir....
Fiziki cəhətdən tək olmasam da...
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Razıyam. Məncə, gözəl bir ağ sarayın Poeziya Evinə verilməsi ədəbiyyata göstərilən diqqətin bariz nümunəsidir.
-Şairlər dünyadan nə istəyirlər?
-Dünən yoxdur,
Bu gün var.
Ömür- xəzri, giləvar.
Sabah varmı, bilmirəm,
Sabaha bir ömür var...
-Sumqayıt ədəbi mühiti ilə əlaqələriniz? Güvəndiyiniz və inandığınız imzalar?
-Ədəbi mühitlə əlaqələr həmişə rəvan olmayıb. Ancaq təkcə ədəbi mühitdə deyil, hər yerdə daşlar altında gürzələr yatıb...
Zamanın ovcunda yüz yol sıxıldım,
Hamı elə bildi daha yıxıldım...
Sonra fərziyyələr, miflər dağıldı,
Mənə də taledən bu vüqar düşdü...
Ədəbi mühitin gözəl nümayəndələrinin bəziləri artıq bu dünyaya vida edib, bizə irs olaraq maraqlı əsərlər qoyub gediblər...
Ədəbiyyatı sevgiylə, inadla davam etdirənlərə uğur arzulayıram. Siyahı böyük alınar hamının adını çəksəm. Diqqətli oxucu, ədəbiyyatı izləyənlər o imzaları tanıyır.
-AYB Sumqayıt bölməsinin işindən razısınızmı?
-Razıyam. Poeziya Evi ilə birlikdə keçirdiyi maraqlı tədbirlərdə mən də iştirak edirəm. Uğurlar! İbrahim İlyaslı, Gülnarə Cəmaləddin bu missiyanın öhdəsindən bacarıqla gəlirlər.
-Qadın olaraq ədəbi mühitə gəlmək o dövr üçün çox böyük cəsarət tələb edirdi. Bu cəsarətli addımı atmaq, duyğularınızı şeirə çevirmək necə qarşılandı?
-O illərdə Sumqayıt ədəbi mühitinin ilk xanım şairi sayılırdım. Çox gənc idim, oxucular şeirlərimi maraqla qarşılayırdı. Hələ orta məktəbin (13 nömrəli məktəb) XI sinfində oxuyarkən ustad şairimiz Xasay Cahangirov “Sosialist Sumqayıtı” qəzetində mənə “Uğurlu yol” yazıb, şeirlərimi dərc etmişdi. Sonralar, böyük tənqidçilər Qulu Xəlilov “Ulduz” jurnalında, Əkbər Ağayev “Azərbaycan gəncləri” qəzetində məqalələr dərc etdirmişdilər. Şeirlərim müxtəlif ədəbi almanaxlara daxil edilmiş, müxtəlif dillərə tərcümə olunmuşdu.
-Ordan baxanda dünya necə görünür?
-Dünya mənə həmişə maraqlı olub. Bu marağı bütün oxucularımıza arzulayıram.
-75 yaşlı gənc şəhərimizə nə arzulayardınız? Şəhərimizin yubileyi ərəfəsində istək və təklifləriniz?
-Doğma şəhərimizə 750 illik yubileyini qeyd etməyi arzulayıram. Son illər yaşıllaşan, abadlaşan şəhərimizə hər birimizin qayğı ilə yanaşmasını istəyirəm...
Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin xalq şairi, görkəmli ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı sumqayıtlıların da sevincinə səbəb oldu. Nəbi Xəzri Sumqayıtın fəxri vətəndaşıdır. Bu şəhər haqqında ilk monumental əsər olan “Sumqayıt səhifələri” poeması isə Azərbaycan ədəbiyyatına layiqli töhfədir:
Sumqayıt, deyirəm gözlərin aydın,
Sənin hər addımın böyük hünərdir.
Deyirəm, bəlkə də sən olmasaydın,
Yer üzü nə qədər boş görünərdi.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)
Bir toy çalınmadı, bir arzu qaldı... – 21 YAŞLI ŞƏHİDİN 30 YAŞINA
Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”
Şəkil kimi oğlanları, şəkil kimi balaları torpaq edir müharibələr, savaşlar... Anaların arzuları isə belə olmur...
Övladı dünyaya gələndən sonra onun ilk gülüşünə sevinir, məktəbə getməyini, böyüyüb Vətənə bəzək vuran bir övlad olmasını, toyunu görməyi arzu edir. Bu arzuları, bu istəkləri isə bəzən fələk pozur, bəzən qəza pozur, bəzən də müharibələr...
Böyük ekrandan bir gözəl oğlan baxırdı hamıya... Özü sağ olsaydı həmin günü toyu olacaqdı bəlkə də ... Çünki anası Aygün Məmmədli hələ 21 yaşı olanda Müşfiq Orucova dsemişdi ki, “bala səni tez evləndirməyəcəm, özünün evin-eşiyin olsun, qazancın olsun ki, arvadının yanında dilin qısa olmasın... Belə getsə mən səni ancaq 30 yaşında evləndirəcəm...”
18 sentyabr 1994-cü ildə Zəngilanda doğulan Müşviq Orucovun 30 yaşını qeyd etmək üçün 20 sentyabr 2024-cü ildə “ Şəhid analarına Dəstək “ İctimai Birliyinin sədri Ceyran Həsənova Müşfiqin anası ilə həmdərd, həmtale olan şəhid anaları və atalarını- şəhid Mirzə Novruzovun anası Rüxsarə xanımı, şəhid Əlizaman İslamovun anası Hürnisə xanımı, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyevi, şəhid Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanovu, şəhid Nurlan Mustafayevin anası Rəhilə xanımı, şəhid Toğrul Hacıyevin anası İlhamə xanımı, şəhid Cavid Həsənovun anası Mirvari xanımı, şəhid Cəmil Nəcəfovun anası Mətanət xanımı, şəhid polkovnik leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovanı, ictimaiyyət nümayəndələrini Nizami kinoteatrına dəvət etmişdi. 2016-cı ilin aprel günlərində qalibiyyət savaşında Vətən uğrunda şəhid olan Müşfiq Orucovun həyatından bəhs edən “Vətən namusumdur” sənədli həyat filminə tamaşa edirdik.
Müşfiq Orucovun anası Aygün Məmmədli ilə yanaşı oturmuşam. Böyük ekranda Müşfiqin şəkli görünür. Gözəl yaraşıqlı, xətti-xalına, gül camalına nə qədər tamaşa etsən, gözəlliyinin işığından doymaq olmur. Müşfiq haqqında xatirələr dilə gəlir, körpəliyindən Bakıdakı 7 nömrəli Zəngilan məktəbinə getdiyi, Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsini bitirdiyi günə qədər keçdiyi qısa ömür yolunu yenə də izləyirik.
Müşfiq Arif oğlu Orucovun şəhidlik xəbəri gələndə, onun adının yanında belə bir xəbər də səslənmişdi: Universitetə 700 bal ilə daxil olub, təhsil ocağını uğurla bitirən gözəl oğlan...”.
Əlimi Aygün ananın əlinin üstünə qoymuşam. Ananın əli bumbuzdur, yenə də daşa dönüb Aygün ana. Hər ikimizin göz yaşlarımız bu xatirə filmin kadrlarını izlədikcə sinəmizə süzülür... Bir şəhid oğul nə qədər göz yaşı içərmiş...
Onsuz olmur... Yada düşəndə bağrının başı yanar...
İnsan nə qədər güclü olmalıdır ki, bu gözəıllikdə, bu boy buxunda bir oğulu itirib, sonra özü də yaşaya, nəfəs ala bilsin... Lakin elə deyil, oğulları müharibədə və ya qəzada ölən analar, atalar yaşamırlar ki... Onlar da övladları ölən günü ölürlər. Övladını əlacsız halda torpağa əmanət edəndən sonra yaşamağa məcbur olurlar... Daha nəfəs o nəfəs olmur, daha gün o gün olmur...
Mən aprel döyüşlərində həlak olan şəhidlərimizin hər birinin ailəsində olub onları kəlmə-kəlmə, söz-söz həm ürəyimə yazdım, həm də ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabında ömürlük əbədiləşdirdim. Ona göprə də hər bir şəhidi öz balam bilirəm. Çünki onların həyat hekayətlərini ürəyimlə, ruhumla yazdım.
Ruh demişkən, ruha dönmüş şəhidlərimizin hər biri ruh kimi ömrümə gəldilər. Onların kitabını yazanda başımın üstündə dolandılar. Hətta səhv etdiyim səhifələrdəki səhfin yerini göstərdilər... Bəzən hər hansı bir təhlükədən xəbərdar etdilər... Qorudular məni, xəta toxunmasına imkan vermədilər...
Müşfiq Orucov ailənin ilk övladı idi. Aygün xanımın payında Tanrıdan bir oğul , bir qız var idi. Özü rus dili və ədəbiyyatı müəlliməsi olan Aygün Məmmədli vətəninə, torpağına, elinə-obasına bağlı qeyrətli bir Azərbaycan qızıdır. Bütün müsbət xasiyyət və xüsusiyyətlərini oğluna hələ körpəlikdən ötürə bilmişdi. Zəngilan düşmən əsarətində olsa da, Aygün müəllimə oğlunu vətən torpağının nə vaxtsa geri qaytarılacağına inandırmışdı. Müşfiqin oyuncaqları tank, avtomat oldu... Tay-tuşları ilə oynayanda görmədiyi səngərləri öz uşaq təsəvvürü ilə düzəldib, oyuncaq tankı üçün anbar qazdı, oyuncaq əsgərlərini o tankda gəzdirdi, o səngərdə yatızdırdı... Evcik-evcik oynadığı uşaqlığı taleyinə, taleyinin yazsına çevrildi.
İndi anası Aygün Məmmədlinin direktor olduğu 7 saylı Zəngilan məktəbində marş çalınanda bayrağı mütləq Müşfiq aparırdı... Vətən və zəfərə inanc şerlərinin ən gözəl ifaçısı, söyləyəni də Müşfiq idi... Müşfiq belə Müşfiq idi.
Müşfiq gözəl tar çalırdı... tar onun incə barmaqlarının təmasından oxuyurdu... İndi o tar da oxumur... O tarı dindirən olsa qan ağlayar, simlərinin atəşi barmaq yandırar... Axı ağacdan düzəldilən nə varsa hamısının təmas yaddaşı olur. Onlar da öz sahiblərini sevir, vurulur, hətta sadiq qalırlar... Unutmurlar!!!
Müşfq Orcovun 30 yaşını “Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi 20 sentyabrda qeyd etdi. İctimai Birliyin sədri Ceyran Həsənova da elə aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anasıdır. Onun da oğlu Müşfiqin təhsil aldığı Azərbaycan Texniki Universitetini bitirib, digər iki qrup yoldaşı ilə birlikdə hərbi xidmətə getmişdilər. Onların da taleləri elə Müşfiqin ömür yolunun qırıldığı yerdə qırıldı...
Ceyran xanım öz çıxışını belə tamamladı: “20 sentyabr gününü Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü “ kimi təsis etdi. Bu mötəbər və möhtəşəm adın, imzanın içərisində bizim övladlarımızın da adı və qanı vardır. Ona görə də biz başımızı dik tuturuq! Təki Vətən yaşasın”.
Böyük ekrandan Müşfiq Orucovun danışan bir şəkli baxır... Müşfiq boynunu bir az yana çevirib, harayasa baxır... O baxışlarda bir razılıq, rahatlıq var... Sanki elə 20 sentyabr 2024-cü il üçün çəkilib. Bu baxışlar dünyaya və düşmənlərimizə deyir ki, nə oldu? Gördünüzmü, biz öz torpaqlarımızı alıb, Vətənimizi bütövləşdirdik.? Zəngilan azaddır, Kəlbəcər azaddır... Qarabağ azaddır...
Şəkil kimi bir oğlanın doğum günü- 30 yaşı özü olmadan qeyd edildi. Bəlkə də sağ olsaydı, Aygün Məmmədli bu gün oğlu üçün arzuladığı toyu çaldıracaqdı...
Bir toy çalınmadı, bir arzu qaldı...
Bir ana oğluna tamarzı qaldı...
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)