
Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Turşulu-şirin kələm dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Turşulu-şirin kələm dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Qoyun əti – 160 qr
§ Quyruq – 35 qr
§ Soğan – 35 qr
§ Şabalıd – 50 qr
§ Kələm (dolmalıq) – 35 qr
§ Axta zoğal – 16 qr
§ Heyva – 45 qr
§ Yumru düyü – 10 qr
§ Şəkər tozu – 15 qr
§ Alça turşusu – 15 qr
§ Sarıkök – 0,1 qr
§ Darçın – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Qoyun əti, quyruq, soğan ət maşınından keçirilir, duz, istiot vurulur və qiymə hazırlanır. Qiyməyə düyü, axta zoğal, sarıkök, darçın vurulur, qarışdırılır. Kələm duzlu suda pörtlədilir. Hazır içlik kələmin içərisinə qoyulur və istənilən ölçüdə bükülür. Sonra dilimlənmiş heyvalar və şaba- lıd hazır dolmaların üzərinə qat-qat yığılır. Üzərinə 2 stəkan işgənə, şəkər tozu və alça məti əlavə olunur, bişirilir. Bişmə müddəti 1-1,5 saat təşkil edir. Pay şəklində boşqaba çəkilir və süfrəyə verilir. Hər paya dolmaların böyük və ya balaca bükülməyindən asılı olaraq, 3-4 ədəd qoyula bilər.
QEYD: Qiyməyə xırda doğranmış heyva, axta zoğal və şabalıdın yarısını əlavə etmək olar. İstənilən dada görə müxtəlif meyvə turşularından (rub, mət), doşabdan da istifadə etmək olar. Bu xörəyi bütöv içi oyulmuş qabaqla da hazırlamaq olar. Həmçinin kürədə, odun üzərində bişirilə bilər.
Qeyd: Tərifə Kəngərlinskaya eyni nüsxədə içlik üçün ət, soğan, yağ, duz və istiot istifadə etmişdi.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Möhnət qocadan başqa bir nağıl - cavan Bayramla, gözəl Fatmanın əhvalatı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Qara Əmrah adlı bir oğlan var idi. Sayılan nəsildən deyildi. Həm də bir qatırla 5-10 keçidən başqa heç nəyi yox idi. Bağdat bəyin nəvəsi Fatmanı sevirdi. Elçi göndərdi, lakin qız anası Xanım bu izdivaca razı olmadı, elçiləri söyüb qovaladı. Amma Əmrah əl çəkmədi, öz tay-tuşlarını yığıb qız bulaqdan qayıdan vaxt onu qaçırdı. Onların Cəlil adlı bir oğlu oldu.
Xanım qızını xəlvət çağırtdırıb yoldaşından boşanmasını dedi. Axır ki qız uşağı da götürüb anası evinə gəldi. Əmrah boşanmaq istəmədi. Ancaq qaynanası boşatdırdı onları.
İki il sonra Fatma Şuşaya bacısının yanına getdi. Hacı Şükür biləndə baldızı gəlir, şad oldu, onun ay - ulduz çardaq, qızıl boyunbağı, zərxara paltarlıq aldı. Xanımı bu parçaları şəhərsayağı tikdirdi. Ala gözlü Fatma geyinib -keçinib bacısı ilə Cıdır düzünə çıxdı. Qız-oğlan bəyənmək istəyənlər bura gələrdilər. Düzün bir tərəfi şəhər, digər tərəfi "Xəzinə qayası" deyilən dərin uçurum idi. Uçurumun dibi ilə Daşaltı çayı axırdı. Bu çayın qırağında, sıldırım qayaların arasında bir qalaça vardı. Deyilənə görə Qarabağ hakimi İbrahim xan tərəfindən tikilən bu qalaça yadelli xanlar güc gələndə gəlib sakin olması üçün ərsəyə gətirilmişdi. Gizli yeraltı yol var idi, bu yoldan savayı da ora girmək üçün vasitə yox idi.
Şuşa qalasının o biri tərəfində başqa bir gəzməli yer də var idi - "Ərimgəldi". Yayda aran kişiləri arvad-uşaqlarını gətirib Şuşa qalasında qoyar, sonar da əkin-biçinlərini yığışdırmaq üçün, kimi də ticarət üçün arana qayıdardılar. Ərimgəldi düzündə də qızlar-gəlinlər oturub yoldaşlarının yolunu gözləyərdilər. Elə buna görə də bura Ərimgəldi düzü deyilirdi.
Fatma və bacısı zərxara geyən qız - gəlinlə Cıdır düzünə seyrə çıxmışdı. Birdən qarşıdan uca boylu kəhər ürgənin üzərində bir oğlan gəldi. Yemə, içmə tamaşasına dur. Başında sur dərisindən papaq, belində gümüş xəncər, qıvrımsaçlı bir oğlan idi. Fatma ürəyində dedi: "İlahi, bu Həzrət Yusifdi, kimdi?"
Bilirsizmi bu oğlan kimdi? O, qapıya gələn aşığı boş yola salmayan, köməksizə əl tutan, kasıba yardım edən Kərbalayi İbixanın nəvəsi, Məşədi Gülməmmədin, mərd Səkinənin oğlu Bayram idi. Deyəsən mətləbdən uzaqlaşdım.
Hə, deməli oğlan yanlarından gəlib keçəndə qız çarşafın yaxasını açıb oğlana üzünü göstərdi. O da ürəyində "İlahi, bu buluddan çıxan Aydı, nədi?" dedi.
Oğlan dəfələrlə qızın yanından gəlib keçdi atı ilə. Hər dəfəsində qız üzünü ona göstərdi. Şuşa balaca şəhərdir, burda hər kəs bir-birini tanıyır. Bəyaz dedi ki, bu oğlan Arazqıraxlıdı, adı da Bayramdı. Nəçərnikin idarəsində qulluq edir.
Sonra gülümsəyib əlavə etdi: keçən yay Şuşaya yaylağa gələn gürcü knyazın qızı Tamara oğlana dinclik verməyib.
Bayram da öyrəndi ki, gözəl Fatma Hacı Şükürün baldızıdır, duldur. O da dul gəlinləri cavan oğlanlara, cavan gəlinləri də dul oğlanlara calayan, aradüzəldən Güllübəyimi qızın üstünə göndərdi, "gecə adamlar yatandan sonra çıxsın Cıdır düzünə, söhbət edək" ismarıcı ilə. Amma Fatma "iki dünya bir ola, biri də heç, naməhrəm ilə görüşmərəm. Məni istəyirsə Hacı Şükürün yanına elçi göndərsin" deyə cavab yolladı.
Bayram qızın dərdindən dəli-divanə olmuşdu. Kərəmdən də betər günə qalmışdı. Odur ki, bir gün görməyəndə dəli olurdu. Kürdobaya sifariş elədi ki, evlənirəm, anam gəlsin.
Səkinə bir dəvə yükü sovqat götürdü. Kəhər madyanı özü, kəhər atı da oğlu Eyvaz mindi, gəldilər Şuşaya. Səkinə qızın cins nəsildən, həm də Hacı Şükürün baldızı olduğunu biləndə sevindi. Ancaq dul olduğunu, həm də bir oğlu olduğunu öyrənəndə az qaldı dünyanı dağıtsın. Lakin gördü ki, qız oğlanın ağlını başından alıb, oğlu əl çəkməyəcək, o da acıq edib qayıtdı Kürdobaya. Bayramsa əl çəkən deyildi həqiqətən, Şuşadakı dostunun atası ilə iki ağsaqqalı göndərdi elçiliyə. Bir aydan sonra onlar evləndilər. Öncə qızları Yaqut, sonra da oğulları Nuru anadan oldu.
Beləcə, nağıl da sona yetdi.
İlyas Əfəndiyevin “Söyüdlü arx”ından növbəti seçmə ilə tanış oldunuz.
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)
Donald Tramp Britaniya kraliçası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Babalı Sərvərin boynuna, deyirlər belə bir hadisə həqiqətən də olubdur. Özü də Tramp müəllimin 1-ci prezidentlik dönəmində. Onda ki o, Britaniyaya rəsmi səfərə getmişdi…
Donald Tramp Britaniya kraliçası ilə görüşdə çay süfrəsi zamanı soruşur:
– Ülyahəzrət, siz böyük bir dövləti necə belə effektiv idarə edirsiniz? Bunun sirrini mənə deyə bilərsinizmi?
– Burda bir sirr yoxdur, – deyə kraliça cavab verir, – Özünüzü ağıllı adamlarla əhatə edin.
Tramp alnını qırışdırıb, bir neçə dəqiqə fikrə gedir və soruşur:
– Bəs mən hardan bilim ki, mənim əhatəmdəki adamlar ağıllıdırlar?
Kraliça çaydan bir qurtum içib deyir:
– Ooo, bu çox asandır. Siz sadəcə, onlardan bir ağıllı tapmacaya cavab vermələrini xahiş edin. İndi sizə nümunə göstərəcəm.
Sonra kraliça yanındakı köməkçisinə tapşırır ki, Boris Consonu onun yanına çağırsın.
Az sonra Baş nazir Conson otağa daxil olur. Kraliça onunla görüşəndən sonra soruşur:
– Cənab Conson, xahiş edirəm sualıma cavab verəsiniz. Sizin ata-ananızın övladı var. Bu uşaq sizin nə qardaşınızdır, nə də bacınız. Bəs o kimdir?
– O mənəm, – deyə Conson dərhal cavab verir.
– Bəli! Çox yaxşı, – deyib kraliça razılıqla Trampa baxır.
...Tramp Amerikaya qayıdır. Vitse-prezident Mayk Pensi çağırıb, ondan soruşur:
– Mayk, sualıma cavab ver. Sənin ata-ananıın övladı var. Bu uşaq sənin nə qardaşındır, nə də bacın. Bəs o kimdir?
Pens dərhal cavab verir:
– Mənim, əlbəttə, cavabım var, lakin mən onda əmin deyiləm. İcazə verin, mən bu sual ətrafında bir gün fikirləşim.
Tramp ona bir gün vaxt verir.
Pens bütün müşavirlərini bir yerə yığıb, eyni sualı onlara verir, lakin heç kim bu suala qənaətbəxş bir cavab verə bilmir. Əlacsız qalan Pens gecə restoranda işləyən gənclik dostu Cək Mörfinin yanına gəlir və eyni sualı ona verir. Mörfi gülüb deyir:
– Çox asan sualdır. Bu mənəm!
Pens ona təşəkkür edib, sevincək evinə qayıdır.
Səhər işə gələn kimi Pens Trampın kabinetinə daxil olub, deyir:
– Mən dünən bütün günü düşünüb, bir neçə tədqiqat aparıb, verdiyiniz sualın cavabını tapdım. O uşaq mənim dostum Cək Mörfidir!
Tramp yerindən durub, əsəbi halda Pensə yaxınlaşır və qışqırır:
– Sən axmaqsan, axxxmaq!!! O uşaq Boris Consondur!
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
PA – UORREN BAFFET: “Həmişə hər şeyin perspektivinə diqqət edin”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
12-ci qayda:
Həmişə hər şeyin perspektivinə diqqət edin
«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».
***
Daha əvvəl təqdim edilən qaydalar:
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
2-ci qayda
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
3-cü qayda:
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
4-cü qayda
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
5-ci qayda:
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
6-cı qayda
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
7-ci qayda:
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
8-ci qayda:
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
9-cu qayda:
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
10-cu qayda:
Qətiyyətli olun!
«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».
11-ci qayda:
Çökən müəssisədən vaxtında çıxmağa çalışın!
«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
“O sevda solub, soluxub, öləziyib, külü qalıb...” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
yağış, bəlkə, sən mənsən?
xəbərin varmı, yağış,
ruhuma ruh olan kim?
özü bir nur yağışı,
mənim qəlbimə hakim.
o sənin vurğunundu,
mənsə onun vurğunu...
yağış, kim qurub belə,
bu ilahi qurğunu?
bəlkə, mən yağış olum?
bir dəfə də sən mən ol,
indi o uzaqdadı,
həsrətə tapaq bir yol.
ümidimə yağ, yağış,
ümidim pöhrələnsin,
qəlbinə güman düşsün,
eşqimlə cilvələnsin
yağış, səsin kədərli,
elə sandım özümsən...
yarın uzaqlardadıda,
sən yazıq da dözmürsən...
Yıxıldım
Sərv nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.
Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar,
Varağından yıxıldım.
Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...
Hərdən qalmadı ümidim,
Qəlbim qırıq, didim-didim,
Körpü saldım, gəldim...gəldim...
Qırağından yıxıldım.
Min sahilə atdı məni,
Tonqallara çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.
Axı nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım, nə vaxt bitər bunlar?
Marağımdan yıxıldım.
Dindirmə məni
Danışdırma məni, nolar...
Qəm buludu qatar olur.
Səsindəki hər soyuqluq,
Bil, ölümdən betər olur.
Mən səni özüm bilirəm,
Səndən ötəri ölürəm.
Yolunda nə eləyirəm,
Qiyməti yox, hədər olur.
Bilmirsən, qədrimi bilmə,
Qəlbim yanır ilmə-ilmə...
Sən Allah, məni dindirmə,
Nə olsa sonu kədər olur...
Eşqdən o yana
Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...
Eşq də bir göy üzüdü, yol aldım kahkəşana...
İşıqlar vadisində həzin meh hardan əsir?
Elə bil, sübh üzüdü, qəlbim hara tələsir?
Yaxında gülüstan var, qırxlar aləmi bura?
Nələrsə gah görünür, gah da qərq olur nura.
Uçur işıqlar hərdən bir ayrı aləmlərə,
Ordan gələn işıqlar nizam verir nələrə?
Bütün bu aləmdən bal kimi eşq süzülür,
Bir damla kimə dəysə, yer üzündən üzülür.
Təkcə eşqdən danışma, axtar eşq yaradanı,
Zərrədən asimana sən o qüvvəni tanı...
Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,
Sən tək sirr açanlar göydə ulduzlar sanı...
nə sən, nə də kimsə bilmir...
həmən alov yoxdu daha,
yerində şəkili qalıb.
o sevda solub, soluxub,
öləziyib, külü qalıb.
o sevdanın gözəlliyi
dalğa-dağla işıqlanır,
qəlbimdə dinən arzular
tək o işığa bağlanır.
illər keçib, ömür keçib,
elə baxma, kövrəlirəm.
xəbərin yox, kimsə bilmir
mən o eşq ilə ölürəm.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
GAP Antologiyasında Məhəmmədrza Ləvayinin “Zaman” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.
Məhəmmədrza Ləvayi
Çikaqo
ZAMAN
Zaman alnında, üzündə qırışa dönür yavaş-yavaş
Bir zamanlar söykəndiyin o ağacın indi nə olduğunu hardan bilə bilərsən ki?
Tabutmu? Taxtmı? Qələmmi? Baltamı?
Zaman yavaş-yavaş diş tökür sənin üzündə
Çikaqodan uzanıb ayaqlarını Azərbaycana sallayırsan
Başını Uilles Tauerin şominəsi qızışdırır
Ayaqlarını Azərbaycan kəndlərindəki kürsülər.
Bu qış da belə keçəcək sürgünüm...
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
MİLLİ KİNOMUZ - Məhşur filmimiz “Sehrli xalat”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Rejissor Əlisəttar Atakişiyevin ekran əsəri olan, komediya və macəra janrı üzərində çəkilən “Sehrli xalat” filmi barədə danışmaq istəyirəm. Hər dövrün öz yaşam tərzi, məsuliyyətləri olduğu kimi, hər dövrün öz filmi, uşaqları və təhsil alma forması mövcuddur. Bu gün haqqında danışacağım film keçmiş və gələcək arasında “körpü” rolunu oynayan “Sehirli xalat” filmidir.
Bir az əvvəldə qeyd etdiyim kimi, hər dövrün öz uşağı, öz təhsili və öz mədəniyyəti mövcuddur. Bu filmin çəkilməsində əsas məqsəd keçmişdəki və gələcəkdəki insanları gözlər önünə sərməkdir. Hər şey məşhur illüzionist İo Kio babanın gətirdiyi xalatdan sonra başlayır. Rəşid və dostlarının keçmiş və gələcəyə etdiyi səyahət zamanı yaşadıqları hər an bizimdə başımıza gələ biləcəyinin göstəricisidir. Məsələn, gəlin Rəşidin ilk səyahət məntəqəsi olan keçmiş zamana nəzər yetirək. Taxtında oturub hərşeyi kənardan izləyən, ətrafındakıların beynini doldurması ilə bağının ətrafından keçən birinin boynunu vurma əmrini verən ədalətsiz bir xanla qarşılaşırıq. Bu yazıq kişi fikrini açıqlamağa çalışsada gözünü qan bürümüş xan onun ölüm hökmünü verir. Lakin ədalətsizliyə qarşı səssiz qalmağı sevməyən gənc Rəşid bir həmlə ilə baba ilə nəvəsini xilas edir. Əmrlərini qeyd-şərtsiz yerinə yetirən, insanları görüb özünü məğlub edilməz hesab edən bu xanın Rəşidin tək həmləsi ilə qorxuya düşərək onu cin, şeytan hesab etməsi, indiki dövrdə də özünü xan gözündə görən, zəifi əzməyə meyilli olanların bir gün Rəşid kimi qorxusuz birinin ortaya çıxaraq səltənətini yerlə bir edəcəyindən yəqin ki, hər kəs xəbərdardır. Sonda Rəşidin bəsit bir pioner olduğunu öyrənən xan onunla birlikdə gələcək zamana getmə fürsətinin yarandığını görür və bundan məharətlə istifadə edir.
Keçmişə etdiyimiz qısa səyahətdən sonra, növbə gələcəkdədir. Rəşid sadiq dostu Zərifəni də yanına alaraq gələcəyə səyahət etmə qərarı verir. O dövrün uşaqlarının planetlərə səyahət edərək dərs keçmələri, sehirli kitablardan istifadə etmələri, gələcək zamanın müəyyən dərəcədə inkişaf etdiyinin göstəricisidir. Həmçinin, o anlarda çəkilən şəkillər, eyni zamanda səyahət etdikləri zaman planetlər barədə məlumatlarının olması hansı dövrdə oluruqsa olaq, təhsilin, savadın bir nömrəli silah olduğunun sübutudur. İstər xan dövründə, istərsə də planetlər dövründə olaq. İnsan adlanan varlığın hərşeydən anlayışlı olması və özünü hər ortama qarşı hazır hiss etməsi vacib xüsusiyyətlərdəndir. Ulu öndər Heydər Əliyevində dediyi kimi: “Təhsil millətin gələcəyidir.”
“Ədəbiyyat və İncəsənət”
(19.02.2025)
1958-ci ildə Ağcabədidə ABŞ təyyarəsinin vurulması və amerikalı pilotların Hindarx qəsəbəsinə məcburi enişi! – AĞ LƏKƏLƏR
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Yazı İlham Tumasın "Gizli Cinayətlər" kitabı əsasında hazırlanıb.
Soyuq Müharibə dövrü ABŞ və SSRİ arasında müxtəlif hərbi, siyasi və kəşfiyyat qarşıdurmaları ilə yadda qalmışdır. Bu qarşıdurmalardan biri də 1958-ci ildə ABŞ-a məxsus "Douglas C-118A" tipli yük təyyarəsinin Sovet hava məkanını pozması və nəticədə Azərbaycan SSR-in Ağcabədi rayonunda vurulması hadisəsidir.
Bu hadisə beynəlxalq səviyyədə rezonans doğurmuş, ABŞ və SSRİ arasında diplomatik gərginliyə səbəb olmuşdur. Belə ki 1958-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Douglas C-118A" tipli yük təyyarəsi Qərbi Almaniyadan havaya qalxaraq, beynəlxalq hava marşrutu üzrə uçmalı idi. Lakin məlum olmayan səbəblərdən təyyarə kursunu dəyişərək SSRİ-nin hava məkanına daxil olmuşdur. Sovet radarları təyyarənin hava məkanını pozduğunu qeydə almış və dərhal cavab tədbirləri görülmüşdür.
*Hadisənin təfsilatı:*
1958-ci ilin 27 iyununda Mockva vaxtı ilə saat 18.29-da "Douglas C-118A" Amerika təyyarəsi İrəvan şəhərininin 30 kilometrliyində Ermənistan SSR tərəfdən dövlət hava sərhəddini pozaraq 170 kilometrə qədər ərazinin dərinliyinə keçdi.
Həmin dövrdə Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qərargahının kəşfiyyat bölməsində xidmət edən Aleksandr Orlov özünün "Nəhəng dövlətlərin gizli savaşı" kitabında yazır: "Axşam məni təcili hərbi dairənin komanda məntəqəsinə çağırdılar. Məlum oldu ki, Ermənistan üzərindən hava sərhəddi pozulub. Sürətinə və uçduğu hündürlüyə görə təyyarənin yük təyyarəsi olduğu məlum idi. Sərhəd pozucusunun yaxalanması üçün havaya qaldırılan iki ədəd "MİQ-17" qırıcılarına onu nəzarətə götürmək elə də çətin olmadı".
Az sonra aparıcı "MİQ" pilotundan xəbər gəlir: “Hədəfi görürəm - Amerika yük təyyarəsdir. Bizim xəbərdarlığımıza məhəl qoymur, eniş etmək fikrində deyil, Türkiyə istiqamətinə yönəlmək istəyir. Nə edək?"
Pilot tamamilə təlimata uyğun hərəkət edirdi və sualı da əbəs yerə vermirdi. Məsələ bundaydı ki, 50-ci illərdə hava sərhəd pozucularına qarşı tədbirlərlə bağlı Müdafə Nazirinin əmrləri tez-tez dəyişirdi. Məsələn, bu əmrlərin birində deyilirdi ki, qırıcıların xəbərdarlğını yerinə yetirməyən hədəflər dərhal vurulmalıdır. Başqa bir əmrləsə pilotlar sərhəd pozucusunu ancaq və ancaq enişə məcbur eləməliydi. Hədəf məcburi enişdən imtina elədiyi halda pilotun nə edəcəyi haqda heç nə yazılmırdı. Xəbəri alan Serov da iki daş arasında qalmışdı.
Nə edək, hədəf Türkiyəyə tərəf istiqamət götürüb?
-Şəraitə uyğun hərəkət edin!
İvanova “şəraitə uyğun hərəkət eləyin" əmri qəti qərar qəbul eləməyə bəs edir. Təyyarə vurulsun!
Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki binasında Dalleslə Bisselin müzakirəsindən başlayan, Xruşşovun Parisdəki dəlisov çıxışı, U-2 casus təyyarələrinin uçuşları haqda informasiyalarla davam edən və nəhayət, 1958-ci il iyun ayının 27-də Sovetlərin hava sərhəddini pozan Amerikanın "Duqlas” təyyarəsinin vurulmasına gətirib çıxaran əməliyyatın ən maraqlı hissəsinə gəlib çatdıq.
*"Duqlas"ın Ağcabədi enişi*
Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərində yerləşır Ağcabədi rayonu, Hindarx kəndi isə Ağcabədi rayonunun əhalisi ən çox olan yaşayış məntəqəsidir. Məlumata görə, bu yaşayış məntəqəsi XVI əsrdə yaranıb. Hindarxın adının mənası ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan birində də böyük Azərbaycan şairi Məhəmməd Füzulunin adı keçir. Əlbəttə, tarixi öyrənmək, tarixə ehtiram borcumuzdu. Ancaq etiraf edək ki, danışılanlarda rəvayət payı da var. Di gəl, yaxın tarixdə - 1958-ci ildə Ağcabədidə baş vermiş başqa bir olay isə qətiyyən rəvayət deyil, birbaşa istintaq materialıdır.
Beləliklə, təyyarəni vurma əmri verilir. Dövlət Təhlükəsiziyi Xidmətinin "tam məxfi" qrifli arayışından oxuyuruq:
"Dövlət sərhəddinin pozulması barədə məlumat alınan kimi Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının Kürdəmir aeredromundan 18.24-də 259-cu aviasiya diviziyasının 976-cı polkuna məxsus iki MİQ-17 qırıcısı pozucu təyyarəni saxlamaq üçün havaya qaldırılıdı.
Eskadrilya komandiri kapitan Svetliçnikov və həlqə komandiri Zaxarov 18.44-də 5500 metr yüksəklikdə pozucutəyyarəni aşkar etmiş və onu bizim Qara Çala aeredromunda yerə enməyə məcbur eləməyə çalışmışdır. Ancaq Amerika təyyarəsi xəbərdarlıq siqnalına məhəl qoymadan sağa tərəf istiqamət götürərək İran ərazisinə keçməyə cəhd göstərmişdir. Bundan sonra 18.58-də pozucu təyyarə qırıcıların atəşləri ilə yandırılmış və hündürlüyü itirməyə başlamışdır. Saat 19-da sərhəd pozucusu olan təyyarədən 5 paraşütçü yerə tullanmışdır. 19.17-də təyyarə Kirovabaddan (Gəncə -red.) 95 kilometr cənub-şərqdə yerləşən Azərbaycan SSRİ Ağcabədi rayonunun Hindarx kəndində tikilməkdə olan hərbi aeredromun enmə zolağına düşmüş, bir neçə dəqiqə sonra tamamilə yanmışdır".
Gəlin, əvvəlcə istintaqı Hindarx kəndinə eniş eləyən təyyarə üzrə aparaq. Təyyarə enən kimi aerodromda olan Hava Hucumundan Müdafiə Qüvvələrinin əsgərləri tərəfindən mühasirəyə alınır. Hadisənin şahidi olan yerli əhali, təbii ki, təyyarənin yaxınına buraxılmır. Əsgərlər təyyarənin içinə girməyə tələsmirlər. Müəyyən müddətdən sonra yanan təyyarənin qapısı açılır, bir-birinin ardınca 4 nəfər Amerikalı tüstü-duman içində bayıra çıxırlar, dərhal həbs olunurlar. Onların təyyarədən düşməsi ilə təyyarə yenidən alışır. Bu isə sonradan istintaqçılarda təyyarənin qəsdən yandırılması haqda şübhələr yaradır. Çünki hadisə yerində iş aparan xüsusi qrup müəyyən edir ki, amerikalılar yerə düşdükdən sonra 6 dəqiqəyədək təyyarəni tərk etmirlər. Sonradan ağzı açıq halda tapılmış kiçik boş yanacaq çəlləkləri də bir daha sübut edir ki, təyyarə qəsdən yenidən yandırılıb. Təbii ki, bütün bunlar sonradan aşkara çıxacaq. İndisə qayıdaq təyyarədən paraşütlə tullanan 5 nəfərə.
*5 desant tapılsın!*
1958-ci il iyun ayının 27-də saat 23.40-da Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 33 əməliyyat işçisi Bakıdan Ağcabədi rayonunun Hindarx kəndinə yola düşür. Operativ qrup 28 iyun 1958-ci ildə səhər saat 10-da Hindarxa çatır. Vəziyyət qəliz idi, qrup vaxt itirmədən dərhal əməliyyata başlayır. Beləcə, Hindarxa düşən yanan təyyarədən çıxarılan 4 Amerika desantının həbsindən sonra qalan 5 nəfərin və ərazidə casus materiallarının axtarışına başlanılır. Paytaxtdan ezam olunan qrupa ətraf rayonlardan da müvafiq rəsmi şəxslər, həmçinin 4-cü Ordunun Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının qrupu, yerli aktivistlərin iştirakı ilə 42-ci sərhəd dəstəsinin sərhədçiləri də qoşulur. Axtarış əməliyyatına rəhbərlik o dövrdə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi 2-ci şöbə - əks-kəşfiyyat şöbəsinin rəis müavini, 35 yaşlı mayor Heydər Əlirza oğlu Əliyevə tapşırılır. Axtarışın nəticələri haqda raport Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri polkovnik Fyodr Kopılova təqdim olunur.
Beləliklə, axtarış qrupunun rəhbəri mayor Heydər Əliyevin polkovnik Fyodr Kopılovun adına yazdığı raportdan oxuyuruq:
"28-30 iyun 1958-ci il tarixində ümumən 500-ə yaxın operativ işçi, əsgər və yerli aktivist Amerika təyyarəsindən tullanmış 5 nəfər desantın axtarışına cəlb olunmuşdur. Axtarış bu istiqamətlərdə aparılmışdır:
1. Axtarış zolağının uzunluğu 20, eni 6 km olmaqla Hindarx-Mahrızlı-Qərvənd istiqaməti;
2. 45 kv.km ərazi olmaqla Hindarx-İmanqulubəyli-Qaraxanlı-Çəmənli-Qərvənd istiqaməti;
3. 18 km dərinliyi, 2 km cəbhə boyu olmaqla Hindarx-Üçoğlan-Qərvənd istiqaməti.
Bəli, vurulmuş təyyarədən paraşütlə tullanan digər 5 nəfərin axtarışı üçün geniş sahədə əməliyyat axtarış tədbirləri başlayır. Budur, birinci əşyayi-dəlil tapılır: 5-10 sm ölcüdə ingilis dilində həm əlyazma, həm də çapla sözlər yazılmış karton vərəq və yenə üstündə ingilis dilində yazılar olan kağız parçası.
Onu da qeyd edək ki, iyun ayının 28-də Mahrızlı, Çəmənli və Üçoğlan kəndinə 3 nəfərdən ibarət operativ istintaq qrupu göndərilmişdi. Onlar Amerika desantlarının tutulmasında iştirak edən yerli sakinlərdən sorğu götürmüşdülər.
Arayışdan daha sonra oxuyuruq:
"Məlum olmuşdu ki, "Stalin", "Sosializim" və "Orconikidze" kolxozlarının sədrləri Quliyev, Əliyev, Məmmədov, Üçoğlan kənd sovetinin sədri Məhərrəmov, "Stalin" adına kolxozun partiya təşkilatı sədri Kərimov, kolxozcular Haciyev, Baxşəliyev, Heydərov, Abdullayev, Məmmədov, Bayramov və başqaları Amerika paraşütçülərinin yerə enməyinin şahidi olmuş, onların tutulmasında bilavasitə iştirak etmişlər.”
Yanmış təyyarənin qalıqları və axtarış işinin marşrut sxemi arayışa əlavə edilir.
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin ikinci şöbəsinin rəis müavini mayor Heydər Əliyev. 3 iyul 1958-ci il".
Onu da deyək ki, Amerika təyyarəsindən, desantlardan düşmüş və götürülmüş hərbi sursatlar, ləvazimatlar Heydər Əliyevin tərtib etdiyi arayışda ən xırda detallarına qədər təsvir olunub. İndisə keçək Ağcabədiyə düşmüş 9 Amerika təyyarəçisinin kimliyinə.
*Siz kimsiniz, amerikalılar?*
1. Lyüter Vilyam Laylıs. 24 mart 1925-ci ildə Amerikanın Texas ştatının Bel şəhərində anadan olub. Amerika vətəndaşıdır. Qərbi Almaniyanın Visbaden şəhərində 7405 saylı aviaeskadrilyada xidmət edir. Təyyarə komandiridir. Rütbəsi mayor. ABŞ hərbi hava qüvvələrində 11 il xidmət təcrübəsi var.
2. Deyl Lonald Brannon. 25 aprel 1914-cü ildə Ohaya ştatında anadan olub. Amerika vətəndaşıdır. Visbadendə yerləşən 7170 saylı təchizat aviaqrupunun komandiridir. Rütbəsi polkovnik. İkinci dünya müharibəsi vaxtı Sakit okeanın cənub hissəsində Yaponiyaya qarşı vuruşan qırıcı eskadrilyasının komandiri olub.
3. Robert Edvard Krens. 1922-ci ildə Amerikada anadan olub. Amerika vətəndaşıdır. Avropadakı ABŞ hərbi hava qüvvələrində xidmət edir, rütbəsi mayor. Hazırkı ekipajın ikinci pilotudur.
4. Benni Allen Şup. 1925-ci ildə Corciya ştatında ana-dan olub. Amerika vətəndaşıdır. 1943-cü ildən Amerika hərbi hava qüvvələrində xidmət edir. Rütbəsi mayor, 1-ci dərəcəli pilotdur. Visbaden şəhərində arvadı və 8 yaşlı qızı var.
5. Ceyms Tomas Keyn. 27 oktyabr 1921-ci ildə Nyu-York şəhərində anadan oub. Amerika vətəndaşıdır. Ali təhsillidir. İkinci dünya müharibəsi vaxtı aviasiyada xidmət edib. Müharibədən sonra kollec qurtarıb. 1951-ci ildən yenidən orduya çağırılıb və Yaponiyaya göndərilib. Hazırda Visbaden şəhərindəki 7405 saylı dəstək eskadrilyasında xidmət edir. Rütbəsi kapitan.
6. Ceyms Nikolas Lyüter. 7 sentyabr 1932-ci ildə Min-nesot ştatında anadan olub. Amerika vətəndaşıdır. Ali təhsillidir. 1955-ci ildən hərbi hava qüvvələrində xidmət edir. Hazırda Visbadendəki Amerika bazasında arvadı yaşayır, ABŞ-da 2 qardaşı, 3 bacısı var.
7. Ceyms Hi Holman 17 fevral 1923-cü ildə Luiziana ştatında anadan olub. Amerika vətəndaşıdır. 1955-ci il-dən 7405 saylı ABŞ dəstək aviaeskadrilyasında xidmət edir. Rütbəsi serjant.
8. Peder Nikolas Seybo. 1936-cı ildə anadan olub. Amerika vətəndaşıdır. ABŞ hərbi hava qüvvələrində sı-ravi kimi xidmət edir.
9. Eyl Hovard Rimer. 1932-ci il may ayının 5-də Minnesot ştatında anadan olub. Milliyətçə belçikalı almandır, Amerika vətəndaşıdır. 1950-ci ildən Amerika ordusunda sıravi kimi xidmət edir. 1957-ci ildən Visbadendəki 7405 dəstək eskadrliyasında bort-mexanik vəzifəsindədir.
*Mayor Əliyev sorğu-suala başlayır!*
Həbs olunan amerikalılar əvvəlcə avtomobillərdə Kirovabada, yəni indiki Gəncəyə gətirilir, ayrı-ayrı otaqlarda ilkin ifadələri alınır. Onlar 28 iyun saat 13-də paytaxtdan gəlmiş xüsusi təyyarələrlə Bakıya gətirilir, Dövlət Təhlükəsizlik Komitəsinin binasında ayrı-ayrı ayrılmış otaqlarda saxlanılır və sorğu-sual edilir. Vaxtilə Azərbaycan DTK-sının sədri vəzifəsində çalışmış, ömrünün sonuna kimi isə Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi işləmiş general-leytenant Ziya Yusifzadə Ulu Öndər haqda çəkilmiş "Profesional" filmində deyirdi: "9 nəfər amerikalı Bakıya gətirildi və hər bir ekipaj üzvü ilə əsaslı surətdə iş aparılmağa başlandı. Amerikalı təyyarəçilərin dindirilməsi ilə şəxsən Heydər Əliyev məşğul olurdu. Mən dindirmədə tərcüməçi qismində iştirak edirdim. Heydər Əliyevin ustalığına heyran olurdum. O, istintaqı elə aparırdı, istintaq olunanları almaq istədiyi cavaba elə yaxınlaşdırırdı ki, onlar özləri də hiss etmədən faktiki olaraq Cənub-Şərqi Asiya, Pakistan, Avropa ərazilərində onlara məlum olan bütün Amerika hərbi aerodromlarının yerini açıb söyləyirdilər".
Arzulanmayan qonaqların sorğu-sualı davam etməklə yanaşı, deyilməlidir ki, amerikalılara qarşı həm də kifayət qədər mədəni davranılıb. Hətta, iyul ayının 4-də Amerikanın müstəqillik günü münasibətilə Sovet çekistlərindən təbrik də alırlar. Bütün bunlar sənədlərdə əksini tapıb.
Onlar sorğu zamanı etiraf edirlər ki, Ermənistan SSR-nin ərazisində olan Sevan gölünü Türkiyədəki Van gölü ilə səhv salaraq sərhəddi bilmədən pozublar.
*Qarşılıqlı notalar verilir!*
Bütün bunlarla belə, mətbuat da öz işini görürdü. “İzvestiya" qəzetinin 29 iyun 1958-ci il sayında Sovet Hökumətinin Amerika Birləşmiş Ştatlarına göndərdiyi 27 iyun tarixli notası dərc olunur. Notadan oxuyuruq:
"27 iyun 1958-ci il Moskva vaxtilə 18.30-da ABŞ Hərbi Hava Qüvvələrinin bildiriş nişanları olan 4 matorlu təyyarə İrəvan şəhərinin cənubundan SSRİ sərhəddini pozaraq 170 kilometr ölkənin dərinliyinə qədər keçmişdir. 2 qırıcının xəbərdarlıq siqnallarına baxmayaraq, təyyarələr buna əməl eləmədiyindən enişə məcbur ediliblər. Təyyarə sərhəddin pozulduğu yerdən 240 kilometr aralıda yerə enərək yanmışdır. ABŞ Hərbi Hava Qüvvələrinin formasını geymiş 9 nəfər hərbçi SSRİ ərazisindədir. Sovet Höküməti ABŞ-dan Sovet sərhədlərinin pozulmasının qarşısının alınması üçün təcili olaraq effektiv ölçülər götürülməsini tələb edir".
Bir həftə sonra - iyul ayının 4-də "İzvestiya"da ABŞ hökümətinin cavabı dərc olunur. Cavabda deyilir: "DS-6 hərbi-yük təyyarəsi Almaniya Federativ Respublikasının Visbaden şəhərindən Tehrana uçurmuş. Təyyarədən son siqnal Kipr adasından - Nikosiyadan 13.20-də alınıb. Hava buludlu olub və təyyarə dağlıq ərazidə azıb. Bu, qəsdən sərhəd pozuculuğu deyil. Xahiş edirik, ekipajı və mümkündüsə, təyyarəni, əgər qalıbsa, təyyarənin hissələrini qaytarın".
Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Amerika hərbi təyyarəsi tərəfindən SSRİ sərhəddinin pozulması faktı üzrə aparılmış operativ istintaq haqda arayışından oxuyuruq:
"Amerika təyyarəsinin ekipajının İrandakı ABŞ Hərbi Hava Qüvvələri-nin nümayəndələrinə təhvil vermək göstərişi aldıqdan sonra təyyarəçilərin hər biri ilə yenidən belə təxribat xarakterli əməllərə yer verməyəcəkləri haqda ayrı-ayrılıqda söhbətlər aparılmışdır. Amerikalılar bu proses boyu rəsmi Sovet hakimiyyət nümayəndələrindən, onlara göstərilmiş tibbi yardımdan, yeməkdən və məişət şəraitindən razı qaldıqlarını bildirmişlər. Onlar həmçinin Sovet tərəfə qarşı heç bir şikayətlərinin olmadığı haqda yazılı izahat vermiş, bütün sənədlərinin və şəxsi əşyalarının onlara qaytarıldığını etiraf etmişlər.
Bütün ekipaj üzvləri təhvil verilmək üçün 1958-ci il iyul ayının 6-da saat 23.30-da Azərbaycan DTK əməliyyatçılarının müşayiəti ilə rahat avtobuslarda Astara rayonunda 44 saylı sərhəd dəstəsində əvvəlcədən hazırlanmış xüsusi otaqlarda yerləşdirilmişdir.
İyulun 7-də Moskva vaxtilə səhər saat 7-də amerikaıların təhvil verilməsi üçün danışıqlar başlamışdır. Danışıqları Lənkəran rayonu üzrə SSRİ Sərhəd komissarı podpolkovnik Kuzmin, İrandakı ABŞ hərbi hava attaşesi polkovnik Con Baska aparmışdır. Tərcüməçi Azərbaycan DTK 2-ci şöbəsinin əməliyyatçısı Ziya Yusifzadə olmuşdur".
Danışıqlar vaxtı Amerika tərəfi Sovetlərin 30 min rubl təzminat istəməsinin səbəbini soruşub. Sovet nümayəndə heyəti cavab verib ki, bu xərclər Amerika təyyarəçilərinin saxlanmasına və onların daşınması üçün ayrılmış xüsusi təyyarələrə xərclənib. Amerika tərəfinin razılaşmaqdan başqa çarəsi qalmır. 1958-ci il iyul ayının 7-də Astara şəhərində 27 iyun 1958-ci ildə SSRİ sərhəddini pozmuş Amerika hərbi təyyarəsinin ekipaji Amerika Birləşmiş Ştatlarının Ordu nümayəndələrinə təhvil verilmişdir"
*Hadisənin tarixi əhəmiyyəti*
Ağcabədi hadisəsi Soyuq Müharibə dövründə ABŞ və SSRİ arasında baş verən çoxsaylı casusluq və hava məkanı pozuntularından biri idi. Hər iki tərəf öz hava məkanlarını qorumaq üçün ciddi tədbirlər görür, kəşfiyyat uçuşları həyata keçirir və düşmənin hərəkətlərini izləyirdi. Bu hadisə həm də Azərbaycan SSR ərazisinin strateji əhəmiyyətini vurğulayır. O dövrdə Azərbaycanın hava məkanı SSRİ-nin cənub sərhədlərinin müdafiəsində mühüm rol oynayırdı və burada yerləşən hərbi obyektlər ABŞ kəşfiyyatının xüsusi maraq dairəsində idi.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Nəsibənin sənət dünyası
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Keramist-rəssam Nəsibə Şükürova böyük zövq və təxəyyüllə, mürəkkəb və qeyri-adi texnika ilə yaddaqalan, rəngarəng sənət əsərləri yaradır. Deyir ki, qədim abidələrimizdə olan kaş bəzəklərinə böyük heyranlıqla baxırdım və öz-özümə sual verirdim ki, bunlar nədi, nədən yaranıb. Gil və su ilk baxışdan hər kəsə adi gələ bilər. Amma bilməliyik ki, gil su ilə qarışanda və sənətkar əli dəyəndə əsl sənət əsərinə cevrilir.
Onun bu işə sevgisi öz peşəsinin mükəmməl bilicisi etməyə imkan verib.
Əslən İsmayıllıdan olan və bir zaman dulusçuluq materiallarına baxanda heyrətlənən Nəsibə Şükürova gilə can verir, keramika ustasıdı.
Vurğulayır ki, yaradıcılığımda daha cox şamot matreallarından istifad edirəm. Çünki gilin adi halda cox plastik bir materialdan ondan əsasən demək olar ki, suvenir xarakterli işlər etmək olur. Yəni xırda xarakterli işlər etmək olur. Keramikanin beşiyi sayılan dulusçuluq tənəzzül edib. Bunun yerini isə müasir tendensiyaya uyğun bədii keramika tutur və inkişaf edir. Bədii kermaka nümunələri isə oda davamlı və elastik gili olan şamotdan hazırlanır. Sonra isə xüsusi sobalarda yüksək temperaturda bişirilir. Mən daha cox alov texniksından istifadə edirəm.
Onun yaradıcılığında əsasən sönmüş vulkan torpağının bişmiş gilindən hazırlanan şamotdan “Qobustan”, “İkinci həyat”, “Xurcun”, “Xalça vaza”, “Bədii vaza” və digər əsərləri mühüm yer tutur. Rəssam-keramistin bir çox yaradıcılıq nümunələrinin əsas mövzu mənbəyi isə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Vətən müharibəsində qazandığımız tarixi Qələbə və digər tarixi hadisələrdən qaynaqlanır.
Emal texnikasıyla hazırlanmış işində rəngli emallardan istifadə olunub. Digərləri isə tam başqa bir texnologiyadı. Fayansdan ibarət materialdan da yararlanır. Buta ailəsi kompazisiyası üç butadan ibarətdi. Bu bədii kompazisiyanin üzərində qrafik şəkildə mis-oksidlə işlənmiş ornamentlər vardır.
Sənətkarın vətənpərvərlik mövzusunda dörd kompozisiyası mövcuddur. Onlar Rəssamlar İttifaqında Şuşa ili çərçivəsində təskil edilən sərgidə nümayiş olunub. Kompozisya Azərbaycan adlanır və tarixi milli-mənəvi dəyəri köklərində əks etdirən ay ulduzlu bayraq formasındadı. İkincisi əbədi məşəl, üçüncüsü isə xarı bülbül kompozisiyalarıdı. Hər ikisi şəhidlərimizin xatirəsinə həsr olunub. Dördüncü kompozisiya panodu. Bu, əslndə tam şəkildə qəhrəmanlğı təcəssüm edən qılınc formasındadı.
Bir vaxtlar gördüklərinə təəccüblənən Nəsibə xanım hazırda keramika sənətinin peşəkarlarındandı. Azərbaycan Dövlət Rəssamlıq Akademyasının keramika fakültəsinin məzunu olan sənətkar indi özü tələbələr yetisdirir.
Nəsibə xanım hazırda Sumqayıt şəhər Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində dərs deyir. Bədii keramika ilə yanaşı, rəngkarlıq qrafika, dekorativ tətbiqi sənətlə də məşğul olur. Bu sahəyə verdiyi töhfələrə görə ona Fəxri mədəniyyət işçisi adı verilib.
O, deyir ki, mərhum rəssam, Azərbaycanda yeganə monumental keramist Zahid Hüseynovun sinfini bitirməyim yaradıcılığımda mühüm rol oynayıb. Ölkəmizi bir çox mötəbər sərgilərdə təbliğ etməkdən böyük qürur duyuram. Bütün həyat və yaradıcılığım boyu valideynlərimin əvəzsiz təkanı və dayağına görə onlara hədsiz borcluyam.
Tamaşaçısını sevindirməyə, onun diqqətini cəlb etməyə, sadəcə olaraq, gözəlliyi paylaşmağa çalışan Nəsibə xanıma daha böyük yaradıcılıq zirvəsi nəsib olmasını arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
ÜÇ POETİK YARPAQ – “Bütün şəhər sən qoxuyurdu bü gün...”
“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim etməkdəyik.
***
Gah küləkdən, gah yağışdan adlayıb,
Gah enişdən, gah yoxuşdan adlayıb,
Ürəyini hərə bir cür odlayıb,
Ümidini hərə bir cür qırıb hey,
İçimdəki qərib hey!
Göz dikiblər taleyinə, baxtına,
Od vurublar "Ömür" adlı taxtına,
Həsrət düşüb gözəl-göyçək vaxtına,
Vüsalını şaxta-sazaq vurub hey,
İçimdəki qərib hey!
Doymayıblar qeybətindən, qalından,
Qova-qova döndəriblər yolundan,
Yıxılanda tutmayıblar qolundan,
Addımbaşı bir xəyanət görüb hey,
İçimdəki qərib hey!
Keçiriblər min tənədən, qınaqdan,
Min qarğışdan, min nifrətdən, min ahdan,
Yorulanda hayıf çıxıb varaqdan,
Heça-heça nəfəsini dərib hey,
İçimdəki qərib hey!
***
Ürəyim od içindədi,
Baxışımı çən aparır.
Misralarım yaz eşqində,
Saçlarımı dən aparır.
Ayaqlarım yol yorğunu,
Qollarım göydən asılıb.
İçimdə təklik ulayır,
Qulağım küydən asılıb.
Bilmirəm sağam, ölüyəm,
Sükutam, səsəm, bilmirəm.
Dönmüşəm dəli küləyə,
Hayanda əsəm, bilmirəm.
Gözlərim yağışa düşüb,
Kirpiyim nəmdə üşüyür.
Kədərim zilə qalxıbdı,
Sevincim bəmdə üşüyür.
***
Bütün şəhər sən qoxuyurdu bü gün,
Küləklərin ağzında uçurdu adın.
Günəş səni pıçıldayırdı qulaqlarıma
Küçə-küçə, addım-addım.
Ləpirində sevişirdi qum dənələri.
saçların barmaqlarımda ovunurdu,
Adın dodaqlarımda.
Şəhərə düşmüşdü şəklin,
Səni gözlərimə köçürürdüm
nöqtə-nöqtə, nida-nida...
Baxışlarım kölgənə ,
Əllərim ovuclarına qaçırdı.
Bu gün unutmuşdu bizi bütün şəhər--
Adamlar, evlər,
Dükanlar, kafelər,
Xəzəllər, ağaclar,
Maşınlar, tıxaclar,
Yollar, küçələr,
Hasarlar, sərçələr...
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)