
Super User
Mədəniyyət naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Macarıstan Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verir.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma deyib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan ilə Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir. Nazir Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu vurğulayıb, bu sahədə yeni addımların atılmasının faydalı olacağını diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torma bildirib ki, Macarıstan kinematoqrafiya sahəsində zəngin ənənələrə malikdir və hazırda müasir film studiyaları fəaliyyət göstərir. Diplomat kitabxana sahəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluğunu dilə gətirib.
Adil Kərimli iki ölkənin ali təhsil ocaqlarında Azərbaycan və macar dillərinin qarşılıqlı tədrisi ilə bağlı təklifini səsləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb.
Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli qəhrəmanlar haqqında kitablar, dövri mətbuat nümunələri və elektron keçidlərin siyahıları yer alıb.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Şəkidə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
18 fevral tarixində Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun "Vətən yaxşıdır" adlı xatirə gecəsi keçirilib.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin əməkdaşları, mədəniyyət, səhiyyə, təhsil işçiləri, şəhid valideyinləri və şəhər içtimaiyyəti iştirak edib.
Tədbirdə xüsusi qonaq qismində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən şəhid olduqdan sonra "Vətən uğrunda" və "Azərbaycan" ordenləri ilə təltif edilmiş şəhid Xudayar Yusifzadənin anası iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın təqdim edilməsi ilə davam edib.
Azərbaycanın Xalq artisti, muğam sənətinin ustalarından biri olan Ə.Məmmədovun repertuarından məktəbin şagirdlərinin ifasında " Bakı", "Mehriban həkim", Mənim Azərbaycanım", "Ana yurdum", "Xudayar" təsnifi, "Rast" muğamı, "Hicaz" təsnifi, "Birdənəsən" mahnılar səsləndirilib.
Qeyd edək ki, sözləri Ə. Vahidə məxsus olan və Ə.Məmmədovun repertuarından "Vətən yaxşıdır" təsnifi ikininci Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin ifasında yenidən sevilib və dillər əzbəri olub. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlanıb.
Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları bu gün də sevərək ifa edirlər.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
May ayında “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçiriləcək
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 16-dan 18-dək “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edəcək.
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AÜDCC-in yaydığı məlumata görə, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki aktual məsələlər müzakirə ediləcək.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin hər dəfə olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu, dünyanın ən məşhur kardiocərrahlarından biri Böyük Britaniyadan olan professor David Taggartın Konqresin fəxri qonağı olacağını deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımının təşkil olunacağını da bildirib.
“Dünya yenilənir, rəqəmsallaşma günü-gündən həyatımızın müxtəlif sahələrində üstünlüyünü büruzə verir. Biz də ötən konqresimizdə ilk dəfə olaraq metavers sessiya təşkil etmişdik. Bu dəfə isə əməliyyatxanadan birbaşa bağlantı ilə konqres iştirakçılarına ürək əməliyyatının canlı yayımını edəcəyik. İştirakçılar əməliyyatın gedişini canlı izləyəcək, suallarını verə biləcəklər. Bundan başqa, gənc mütəxəssislər üçün təşkil olunacaq praktiki məşğələlər onların təcrübələrinin artırılmasına dəstək olacaq, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.”
Konqresin proqramına əsasən, mayın 16-da gənc ürək-damar cərrahları üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.
Mayın 17-18-də isə dünyanın 15-ə yaxın ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda, həmçinin Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınması üçün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına müraciət edilib.
Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə, həmçinin elmi məqalələrini göndərə bilərlər. Toplanmış elmi məqalələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” elmi jurnalında dərc ediləcək”.
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
ƏDƏBİ HADİSƏ - Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.
Kitab barədə ilkin məlumat almaq üçün kitabın nəşriyyat redaktoru olan Varisə üz tutduq və aşağıdakı bilgiləri aldıq:
Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
Kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir ki, müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.
Kitaba ön sözü akademik Nizami Cəfərov yazibdir. Amma ön sözdən öncə də söz var ki, bu söz kitabın ərsəyə gəlməsinin ən əsas səbəbinə - Anar, Vaqif və Yusif Səmədoğlularının sarsılmaz dostluğuna bir nümunədir:
Təsadüfi deyildir ki, Yusif, Vaqif və Anar şüurlu həyata qədəm basdıqları günlərdən dostdurlar, özü də adicə dost deyil, doğma qardaş kimidirlər. Heç şübhəsiz ki, bu dostluq onlara atalarından keçmişdir.
Abbas Zamanov
Rəhmətlik Yusif həmişə Vaqiflə mənə “biz üç qardaşıq” deyərdi.
Anar
Yaxınlarımı, dostlarımı nigaran qoyduğum dövrlərdə yer üzündə iki adam başlarını yastıq yerinə telefonun üstünə qoyublar gecələr. Biri anam, biri Anar.
Vaqif Səmədoğlu
Sual: Bəzən işə getmirmiş?
Cavab: O, heç vaxt elə işdə işləməyib ki, doqquzdan altıya qədər işdə olsun. Milli Məclisə iclaslar olanda, Yazıçılar İttifaqına isə yalnız Anara dəyməyə gedirdi.
Yusif Səmədoğlunun qızı Mehriban xanımla müsahibədən
Sənin həyatında çoxlu dost-tanışın olub, amma Anara münasibətin fərqli idi.
Vaqif, məncə, Anar səninlə dostluğunda daha möhkəm olub, nəinki sən. Ancaq 2014-cü ildə xəstəliyinlə apardığın qeyri-bərabər mübarizə vaxtı: “Nuşa, Azdramada Yazıçılar İttifaqının XII Qurultayı gedir, mən getməliyəm, Anarı müdafiə etmək lazımdır” deyərək, çətinliklə də olsa özündə güc tapıb ora getməyin (zala girərkən gurultulu alqışlarla qarşılandın), çıxış etməyin Anara qarşı göstərdiyin son vəfan, yüksək sədaqətin nümayişi idi. Sən Anarı müdafiə edirdin, sənə doğma olan insanı.
Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” kitabından
Onu da qeyd edək ki, kitabı ərsəyə gətirməkdə “Yazıçı” nəşriyyatına “Qazax” Xeyriyyə-İctimai Birliyi maddi dəstək göstərmişdir.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
.
Azərbaycanlı rəssamın əsəri Parisdə keçirilən incəsənət sərgisində nümayiş olunur
Parisin 8-ci rayonunda yerləşən Böyük Sarayda (Grand Palais) “Art Capital” beynəlxalq incəsənət sərgisi açılıb.
AzərTAC xəbər verir ki, incəsənət sərgisində tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun yaradıcılıq üslubunun davamçısı olan Nigar Nərimanbəyovanın “Sənt-Eqzuperinin Kiçik şahzadəsi” və “Tarielin nəvəsinin portreti” adlı əsərləri nümayiş olunur.
Fransa Rəssamlar Cəmiyyətinin təşkil etdiyi sərgidə nümayiş olunan əsərlər xüsusi münsiflər heyəti tərəfindən seçilir.
N.Nərimanbəyovanın əsərləri fransız sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanıb. O, Parisdə “Qrand Pale”də keçirilən “Art capital 2016” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da N.Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb. Onun əsərləri sərgi ziyarətçilərində yüksək əhvali-ruhiyyə yaradır. Rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən maraqlı mövzular seçir.
Azərbaycanlı rəssamın əsərləri uzun müddətdir ki, Avropa sənətçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.
Sərgi fevralın 22-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Qahirə Universitetində Azərbaycan dili dərslərinə başlanılıb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir. Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir.
“Ədəbiyyat və incəsənət” portalına Teymur Nəsirovun verdiyi məlumata görə, həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 100-dən çox tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Azərbaycanlı alim bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.
Qeyd edək ki, diaspor mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Azərbaycan dili dərslərində iştirak edirlər. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələrin tərcümə edilməsi səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 59 ölkəsindən 650 dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında pavilyonla təmsil olunur
Fevralın 13-dən 23-dək 75-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə festivalda öz pavilyonu ilə təmsil olunur.
Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, agentliyin əməkdaşı Səbinə Bağırova, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri və bir qrup azərbaycanlı rejissor və prodüser festivalda və Avropa Film Bazarında (European Film Market - EFM) iştirak edirlər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüşlər keçirir, müzakirələr aparır.
Dünyanın aparıcı kino mərkəzləri və istehsalçı şirkətləri öz film və layihələrini festival çərçivəsində keçirilən EFM-də təqdim edirlər.
Qeyd edək ki, festival rejissor Tom Tikverin "İşıq" (The Light) filminin nümayişi ilə başlayıb. Berlinaledə 19 film baş mükafat olan “Qızıl ayı” uğrunda yarışır.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
İnsanın yaranması haqqında fəlsəfi araşdırma - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
İnsanın yaranması sualı tarix boyu fəlsəfənin ən fundamental və mürəkkəb mövzularından biri olmuşdur. Bu mövzu yalnız fiziki varlığımızın mənşəyini deyil, həm də mənəvi və intellektual mahiyyətimizi araşdırır.
İnsanın yaranışı barədə düşünərkən iki əsas istiqamətə diqqət yetirmək lazımdır: metafizik (varlığın mənası və məqsədi) və epistemoloji (bilik və idrakın mənşəyi) aspektlər. Bu araşdırmada insanın yaranması haqqında müxtəlif fəlsəfi nəzəriyyələri araşdıraraq onların mahiyyətini və müasir dövrdəki əhəmiyyətini təhlil edəcəyik.
1. Qədim fəlsəfədə insanın yaranışı
Qədim fəlsəfə insanın yaranması məsələsinə kosmoloji və metafizik yana…
“Oğurluq” - Akif Abbasovun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Akif Abbasovun hekayəsi təqdim edilir.
Muradəli əlli illik ömründə pisi də, yaxşını da çox görmüşdü. Həyatını sən deyən fərəhli keçməmişdi. Çətinliklərlə çox qarşılaşmışdı. Bu fani dünyada ağlı kəsəndən nə qazanmışdısa, öz gücünə idi. Başı daşdan-daşa dəyə-dəyə gəlib bir vəzifə, şan-şöhrət sahibi olmuşdu. Görünür, xoşbəxt ulduz altında doğulmadığı üçündür ki, hansı işin qulpundan yapışmışdısa, qabağına daş diyirlətmişdilər. Odur ki, dara, çətinə düşəndə dilxor olar, "Elə bil işim daş altından çıxır", deyə öz-özünə deyinərdi. Lakin heç vaxt ruhdan düşməzdi. Mübarizələrdə bərkimişdi. İndi bir iş dalınca düşəndə qabaqcadan özünü buna hazırlayırdı: "Düzələn iş deyil. Amma gedim". Ona görə də işi düz gətirməyəndə dilxor da olmur, uğur qazananda sevinirdi.
Çətinliklərlə, haqsızlıqlarla, süründürməçiliklərlə, badalaqgəlmələrlə çox rastlaşdığından idi ki, insanlara münasibətdə həssas idi, çalışırdı ki, heç kimi incik salmasın. Düzəlməsi müşkül məsələ olanda isə, müraciət edən şəxsi şirin dil, xoş üzlə qarşılar, yola salardı.
Muradəli insanların nə üçün bir-birini anlamadıqlarını, bir-birinə qənim kəsildiklərini, birinin digərinə tor qurduğunu heç cür başa düşmürdü. Bir şeyi çox aydın dərk edirdi ki, adamların erkən həyatdan köçmələrinə səbəb onlar arasındakı pis, kobud, yaramaz münasibətlərdir.
Belə münasibətlər onun bacı-qardaşları arasında da vardı. Qardaşı arvadları az qala, qohum-əqrəbanı, yaxınları bir-biri ilə düşmən etmişdi. Çox zaman qardaşları da arvadlarının fitvası ilə oturub-durur, qanlı-bıçaq olurdular. Küsülülük illərlə çəkirdi. Bəzən bir-birlərinin xeyrində-şərində də görünmürdülər. Bu, övladlarının bir-birlərinə, əmi, dayı, bibi, xala uşaqlarına münasibətlərinə də pis təsir göstərirdi.
Muradəligil dörd qardaş, üç bacı idilər. Aralarında ögeyi yox idi. Muradəli həm qardaşları, həm də bacıları, onların ailə üzvləri ilə münasibəti saxlamağa çalışırdı. Arvadına da onların umu-küsüsünə, söz-söhbətinə qarışmağa imkan vermirdi.
"Nissan" avtomobilində rayondan qayıdan Muradəli yolboyu beynini yoran suallara cavab tapmağa çalışırdı. Qanı bərk qara idi. Həyatı qədər sevdiyi əziz bacısı dünyasını dəyişmişdi. Dünən üçünü vermişdilər. Qohum-əqrəba, dost-tanış, qonşular yığışıb onların kədərinə şərik olmuşdu. Muradəli çox göz gəzdirsə də, qardaş arvadlarından ikisini görə bilməmişdi. Başa düşmüşdü ki, arada inciklik var. Daxilən bərk qəzəblənmişdi. Belə ağır, kədərli gündə də inciklik, umu-küsü olar? İnsanlar bəzən nə qədər də cılız olur, ölüm günündə də hisslərini cilovlaya bilmirlər. Muradəli qardaşlarının da oturuş-duruşundan kimin kiminlə arası olmadığını əlüstü başa düşmüşdü.
Yeznəsi kasıb bir kişi idi. Yas xərcini Muradəli çəkməli olmuşdu. Həm yeznəsi imkansız olduğuna görə, həm də Muradəliyə görə rayon mərkəzindən, Bakıdan çoxlu vəzifəli şəxs yasa gəlmişdi. İstəmirdi ki, bacısının yası urvatsız olsun, ağız büzsünlər. İndi hər şeyə fikir verirlər. Bundan başqa, qardaş-bacılarının hərəsi yaxasını bir kənara çəkib durmuşdular. İrəli duran, bir işin qulpundan yapışan yox idi. Sanki rəhmətə gedən onların bacıları deyil, yad bir adam idi.
Belə yerdə Afəridə xanım düz deyirdi: "Qohum-əqrəbanın xeyrində-şərində irəli duran, özünü oda yaxan tək sənsən. Sən olmasaydın, görəsən, bunların halı necə olardı?!. Bir-birinin axırına çıxardılar".
Rayonda öyrəndi ki, mərhum bacısının qızlarından biri - Şəfəq universitetdə oxuyur. "Gör ha, iki ildə bundan xəbəri olmayıb. Yaxşılıqdan savayı Muradəlini bacıqızına nə yamanlığı dəyə bilərdi? Nə isə, öz işləridir!"
Yeznə fəhlə baba idi. Aldığı maaş ailənin dolanışığına güclə çatırdı. Uşaqlarının əyni-başı tökülürdü. Bir yandan da tələbə oxutmaq!
Bacısının əziz ruhuna hörmət əlaməti olaraq indi fikirləşirdi ki, onun yeddisinə gedəndə, Şəfəqin atasına desin ki, qızını kirayə qaldığı evdən çıxarıb öz evinə gətirmək istəyir. Həm kirayə haqqından azad olar, həm də ona qızı kimi baxar. Yediklərindən o da yeyər, içdiklərindən o da içər, arada əyin-başını da alar.
Muradəli mərhəmət hissindən bu qənaətə gəlmişdi. Bacısının övladına əl uzatmayanda kimə uzadacaqdı?! Yolda ürəyindən keçənləri həyat yoldaşı Afəridə xanıma da dedi. Afəridə ürəyiyumşaq, əliaçıq, mehriban, qohumcanlı bir qadın idi. Qeybəti, söz bəzəməyi, xəbər aparıb-gətirməyi xoşlamazdı. Bilirdi ki, bütün bunların axırı yoxdur, başqasından daha çox adamın özünə ziyanı dəyir, yalnız münasibətləri pozur.
Ərinin sözlərini eşidəndə Afəridə xanım dərhal cavab vermədi. Qaşları çatıldı. Fikrə getdi. Muradəli bunu belə yozdu ki, arvadı deyəsən, razı deyil. Afəridə xanım haçandan-haçana:
- Murad, bilirsən ki, sənin sözün mənimçin qanundur. Ancaq sənin o bacın qızını mən yaxşı tanımıram. Xasiyyəti necədir, nəyi xoşlayır, nəyi xoşlamır - bilmirəm. Bizim evdə də özümüzə aid sözümüz-söhbətimiz olur. Olursa da, evin divarlarından kənara çıxmır. Qorxuram, sabah eşitdiyinin, bildiyinin üstünə beşini də qoyub rayona apara. Mən də, sən də belə şeyləri xoşlamırıq. Sonra da kiminləsə sözümüz çəp gələ.
- Yaxşı, sən də başlama. Mən bir kəlmə söz dedim. Dolanışıqları pisdir. Heç olmasa, ev kirəsi verməz, tapdığımızdan o da yeyər. Biz öz adamlığımızı edirik. Həm də hər bir adam fitrə-zəkat verməlidir. Yəni qazancından başqalarının rifahı naminə müəyyən məbləğdə pul xərcləməlidir. Bu, da olar bizim fitrə-zəkatımız.
- "Əl tutmaq Əlidən qalıb!" Buna sözüm yoxdur. Qoy elə kirayədə də qalsın. Kirayə haqqını verərsən, arada palından-paltarından alarsan, cibinə də xərclik qoyarsan. Bundan artıq nə yaxşılıq!
- Arvad, rayon yeridir, camaatın ağzını yığmaq olmur. Deyəcəklər, Muradəli iri bir zavodun baş direktorudur. Bacısının yetim qızını qanadı altına almadı.
- Ay Muradəli, bu rayon əhlinin hamısı həftə səkkiz, mən doqquz yanındadır. Məsləhətinə gəlir. Qızı universitetə girəndə yeznən sənə bir "zdrasti" də demədi. İki il keçəndən sonra dünən məlum olub ki, sən demə, qız ali məktəbdə oxuyurmuş.
Muradəli yeznəsini müdafiə etdi:
- Arvad, kasıb qürurlu olur. Yəqin özünü sındırmaq istəməyib. Fikirləşib ki, qoy deməsinlər qızını universitetə Muradəli düzəldib. O yazıq, elə bilirsən, təkəbbürlü və lovğa olduğundan belə edib? Bir həsirdir, bir də Məmmədnəsir.
Afəridə xanım xəbərdarlıq etməyi özünə borc bildi:
- Əli, bax, sənə deyirəm, bir var, o, qız özü ayrıca evdə kirayə qala, köməyini edəsən. Bir də sənin evində qala. Bunlar başqa-başqa şeylərdir. Bizdə yaşamalı olsa, onun bütün məsuliyyəti sənin üzərinə düşür, ha. Qız uşağıdır, nə bilək nə ağıldadır! Sabah ayağını əyri qoysa, bir günahı da sənin adına yazılacaq. Bundan başqa, sənin də evində qız uşağı böyüyür.
Afəridə xanım ona qısaca gah "Murad", gah da "Əli" deyə müraciət edərdi. "Əli" deyə çağıranda bu, o demək idi ki, ona acığı tutub.
Muradəli arvadının haqlı olduğunu ürəyində etiraf etdi. Amma fikrindən də dönmədi:
- Arvad, lap sarı simə vurursan, ha... Mənim evimdə yaşamalı olsa, özünün qanunları ilə deyil, mənim evimin qanunları ilə hərəkət edəcək. Bunu ona özüm başa salacağam. Qorxuram, kirayədə qalsa, təsir altına düşər. Şəhər yeridir. Heç bilirsən, nə qədər anasının əmcəyini kəsən var?! İndi ağır zəmanədir. Ehtiyac insanı hər şeyə vadar edir.
Afəridə xanım ərinin öz fikrindən dönmədiyini görüb razılaşdı:
- Nə deyirəm ki, Murad, özün bilən məsləhətdir. Sən ağıllı kişisən. Mərd adamsan. Hamımızdan başsan. Amma mən də öz sözümü dedim.
Sözünü yerə salmadığına görə Muradəli arvadına dil-ağız elədi:
- Sağ ol, arvad, həmişə olduğu kimi, məni sındırmadın. Xasiyyətini bildiyim üçün deyirəm: ürəkdən razılıq verdiyin üçün bilirəm ki, öz qızın kimi baxacaqsan.
Muradəli kövrəldi, gözləri yaşardı. Özünü ələ alıb:
- Bacımın vaxtsız-vədəsiz ölümü məni yandırır, arvad. O yazıq da mənim kimi çox əziyyətlər, çətinliklər çəkib. Amma məndən fərqli olaraq, onun çətinlikləri ölənə kimi sürdü. Bacım bu dünyada bir gün görmədi. Mən o vaxtlar onun sıxıntılarını görür, ancaq imkansızlıq üzündən kömək əlimi uzada bilmirdim. Axır vaxtlar da başım iş-gücə qarışdığından ondan xəbər-ətər tuta bilmirdim. Yaxşı müalicə olunsaydı, indi bəlkə də yaşayırdı mənim bacım!
Muradəli bu dəfə uşaq kimi hönkürdü:
- Bacımın vaxtsız-vədəsiz ölümü mənə çox pis təsir edib, Afəridə! Onun ruhu qarşısında öz borcumu yerinə yetirmək istəyirəm. Yoxsa, vallah, rahatlığım, dincliyim olmaz.
Muradəlinin qızları maşının arxa oturacağında baş-başa verib yatmışdılar. Afəridə xanım qabaq oturacaqda ərinin yanında əyləşmişdi. Maşını Muradəli idarə edirdi. O, minnətdarlıq əlaməti olaraq, arvadının əlindən tutdu. Onun nəvazişindən Afəridə xanım da son dərəcə xoşhal oldu, başı ərinin çiyninə düşdü.
*
İndi mətbəxdə oturmuşdular. 2011-ci ilin fevral ayı idi. Çöldə bir şaxta vardı ki, gəl görəsən! Mətbuatın yazdığına görə, son yüz on ildə Bakı belə şaxta, belə qar, çovğun görməmişdi. Muradəli kondisioneri yandırmağa qorxurdu. Bir-iki evdə kondisioner partlamışdı. Az qala yanğın olacaqdı. Çöldə şaxta olduğundan kondisionerin pərlərini, motorunu dondurmuşdu. Qoşanda bərk uğultu qoparırdı. Motoru yanmamışdısa, çox şükür!
Dünən çovğun çox güclü idi. Muradəli tanış taksilərdən bir-ikisinə zəng etmişdi. Demişdilər, evdə oturublar, yola çıxmağa qorxurlar. Hər tərəf buz bağlayıb. Məcbur olub küçəyə çıxmışdı ki, bəlkə başqa taksi tapdı. Avtobusların da çoxu işləmirdi. Enişli-yoxuşlu küçələrlə hərəkət etmək çətin idi. Maşınlar buz bağlamış yollarda sürüşür, bir-birinə dəyirdi. Hətta Bakının bir küçəsində 20-30 maşın bir-biri ilə toqquşmuşdu.
Muradəli təsadüfən bir taksi tapıb işə dəymişdi. Sürücü ürəkli oğlan idi. Özünü buz bağlamış yollara vurmaqdan çəkinmirdi:
- İnanırsınız, maşının qapıları da donmuşdu, isti su töküb onları açmışam.
Muradəli onu təriflədi:
- Belə havada bəziləri kimi evdə oturmadığına görə sağ ol, vallah. İgid adamsan. Onda gərək Rusiyyətdə, soyuq ölkələrdə həyat iflic ola. Maşınlar da işləyir, taksilər də, adamlar da.
Sürücü gileyləndi:
- Bilirsiniz, işləmək üçün gərək şərait də ola. Görürsünüz, küçələr nə gündədir. Yollar qardan təmizlənmir, bir-iki qartəmizləyən maşın da işləyəndə gətirib qarı yığır yolun kənarına... Əslində maşınlara yükləyib aparıb atmalıdırlar. Hansını deyəsən?!
- Sənin sözlərində də həqiqət var.
- Keçən il təkərlərə zəncir bağlamışdım. Bir-iki dövrə vurdum, zəncirlər qırılıb töküldü. Yerdə qar az olduğundan asfalt zəncirləri doğradı, elədi heç. Gərək əməlli-başlı qar ola ki, zəncirlər qara ilişə, qara dolaşa, sürüşmənin qarşısını ala. Rusiyyətdə əmioğlum yaşayır. Özü də bilirsən harada? Surqutda - çukçilərin məskən saldıqları yerlərdə. Oralarda 50-60 dərəcə şaxta olur. Axşam maşını işləyə-işləyə qoyurlar ki, şaxta motoru dağıtmasın. Deyir, maşının içərisində istilik verən spirallar quraşdırırıq ki, şüşələr donmasın. Dondu - partlayacaq, çilik-çilik olacaq.
- İşə bir bax. Belə yerdə necə yaşayırlar?
- Hə, əmioğluma xəbər göndərdim ki, ölmüşəm, məni yerdən götür. Qış pis gəlib. Xaltura eləməsəm, acından qırılarıq. Dedim ki, təcili mənə şaxtalı havalar və qar üçün nəzərdə tutulan təkərlər göndər. Sağ olsun, yola saldı. O hesaba bir günüm də boş keçmir, istər yer nə qalınlıqda buz bağlasın.
Afəridə xanım bir-iki şey tapşırmışdı almağa. Muradəli yataq otağına keçdi. Şifonerin qapısını açıb əlini pencəyinin içəri tərəfdən üst cibinə saldı. Dünən buraya üç yüz manat pul qoymuşdu. Puldan beş-on manat götürüb dükan-bazara getmək istəyirdi. Fəqət əli boşa çıxdı. Əlini pencəyin sağ tərəfdəki üst cibinə, yan ciblərinə saldı. Pul yox idi. "Bəlkə o biri pencəklərimdən hansınınsa cibinə qoymuşam?" Baxdı. Pul tapılmadı. Hava soyuq və şaxta olduğundan dünəndən bəri heç yerə çıxmamışdı. "Sən vurmadın, mən yıxılmadım. Bəs necə oldu?"
Evdə arvadı Afəridədir, özüdür, iki azyaşlı qızlarıdır, bir də Şərəf. Afəridə xanım Muradəliyə deməmiş, ondan soruşmamış bir qəpiyə də əl vuran deyil. Dünəndən üzü bəri qonaqdan-qaradan gələn də olmayıb. Bəs pulları kim götürüb? Balaca qızlar - Nuriyyə və Səriyyənin əllərinə hələ indiyədək pul dəyməyib. Götürüb neyləyəcəklər? Onlar belə şeylərdən uzaq idilər. Şübhə bir nəfərin - Şəfəqin, bacıqızının üzərində qalırdı.
Muradəli mətbəxə keçdi. Afəridə xanımla Şəfəq əti yarpağa qoyub bükürdülər. Arada da nə barədəsə danışırdılar. Onları belə mehriban görəndə Muradəli sevinirdi. Amma bu gün o halda deyildi. Nuriyyə sakitcə oturub dərslərini hazırlayır, Səriyyə də bacısına mane olmadan oyuncaqları ilə başını qatırdı. Nuriyyə birinci sinifdə oxuyurdu, bərk şaxta olduğundan Təhsil Nazirliyi üç gün tətil elan etmişdi. Səriyyə hələ gələn il məktəbə gedəcəkdi.
Muradəli Şəfəqə göz qoydu. O, sakit idi. Heç nə olmayıbmış kimi arxayınca oturmuşdu. Dayısına baxıb gülümsədi. Muradəlinin də yalandan dodağı qaçdı.
Muradəli indi nə desin, kimə desin, kimdən nə soruşsun? Afəridədən soruşsa, yüz faiz deyəcək o, yəni Afəridə götürməyib. Sonra da tez-tez xəbər alacaq: "Tapdın pulu?"
Şərəf də boynuna almayacaq. Götürən adam heç etiraf edər? Qəribədir, gör qız özünü necə sakit aparır?!. Elə bil suçu yoxdur. Sorğu-suallar Şəfəqin ziyanına olacaq. Afəridənin də dili uzanacaq. Özünə haqq qazandırmaq üçün deyəcək: "Axı mən xəbərdarlıq etmişdim: nə olsun bacın qızıdır. Yaxşı tanımadığın adamı evin içinə soxma. Hərə bir ağılda, bir tamahdadır! İnsan övladı çiy süd əmib".
O zaman Afəridə "İnsan övladı çiy süd əmib", deyəndə Muradəli zarafata salmışdı: "Eybi yox, bir litr "Sevimli dad" südü bişirib içirdərik Şəfəqə, qorxu, hürkü gedər".
Afəridə Muradəliyə tərs-tərs baxaraq bildirmişdi: "Mən sözümü dedim ha!"
Pulun Şəfəq tərəfindən götürüldüyü məlum olanda Afəridənin dili uzun olacaqdı: "Bəc mən nə deyirdim?!"
Bəs nə etsin Muradəli? Şəfəq niyə belə iş tutdu? Yəni bunu onun atasına desin? O da düşünəcək ki, bu yolla qızı evdən uzaqlaşdırmaq istəyirlər. Evlərində qalmasına razı olmadıqlarından şər atırlar.
Muradəli mətbəxin pəncərəsinə yaxınlaşıb çölə baxdı. Qar yağmaqda idi. Külək qarı havaya sovururdu. Adamlar yıxıla-dura birtəhər evlərinə tələsirdilər. Maşın-filan gözə dəymirdi: "Belə havada isti yerdə bəy qızı kimi yuxarı başda oturub. İsti yorğan-döşəkdə yatır. Çox adamın evində şəraiti yoxdur ki, evini isitsin. Qaçqınlar gələndən yataqxanalar tutulmuşdu. Kirayə mənzil haqqı kəllə- çarxa çıxmışdı. Özləri isti yer tapmırlar, kirayənişinlərə yaratdıqları şərait nə olacaqdı?"
Afəridə xanım Muradəliyə baxıb zarafata saldı:
- A kişi, qırt toyuq kimi mətbəxdə nə var-gəl edirsən? Get, yazdıqlarımı al.
- Gedirəm, Afa, gedirəm, - deyib mətbəxdən çıxdı.
Muradəli odla su arasında qalmışdı: "Cəhənnəm olsun üç yüz manat. Elə bil salıb itirmişəm. Amma əli əyri adam heç zaman özünə qoyulmur. Bilsəm ki, bununla qurtaracaq, heç kefimi pozmaram. "Haram xoşu olsun!" deyib bu hadisəni ört-basdır edər, unudaram.
Maraqlı idi: insanlar nədən yaxşılıq itirən olurlar? Afəridə düz deyirmiş: "Elə bilirsən, bu yaxşılıqlarına görə sənin heykəlini ucaldacaqlar?"
Muradəli geyinib çıxdı. Bazarlıq siyahısına baxaraq, bir-bir yazılanları almağa başladı. Dilxor idi. Oğurluq məsələsi kefinə soğan doğramışdı. Günorta yeməyinə oturanda Afəridə xanım Muradəlinin əhvalındakı dəyişikliyi görüb soruşdu:
- Murad, nə olub? Gözümə yaxşı dəymirsən?
Şəfa yarpaq dolmasının üstünə qatıq töküb, boşqabını irəli çəkdi və iştaha ilə yeməyə başladı. Əvvəllər yarı-yarımçıq əlini süfrədən çəkərdi, yaman utanırdı. Nə yaşı vardı ki?!. Həm də birdən-birə şəhər mühitinə düşmüşdü.
Muradəli öz-özünə düşündü: "Tutduğu əməldən peşman olmaq əvəzinə, özünü gör necə sakit aparır?! Necə soyuqqanlıdır?!"
Afəridə Muradəlinin susduğunu görüb sualını təkrar etdi. Muradəli özünü ələ alıb dedi:
- Afa, nədənsə birdən-birə başımdan ağrı qopdu.
Onun Şəfəqə möhkəmcə acığı tutmuşdu. Dayısını pis vəziyyətdə qoyur, etimadını doğrultmurdu.
Afəridə dedi:
- Başağrı dərmanı at. Bəlkə təzyiqin var. Ölçmək lazımdır.
Muradəli istədi desin ki, başının ağrısı təzyiqdən deyil, amma demədi, deyə bilməzdi. Onda Afəridə soruşacaqdı ki, "Bəs nədəndir?"
Onda da Muradəli deyib özünü işə salacaqdı.
Şəfəq durub qabları yığışdırmağa başladı. Qız gələndən Afəridənin işləri xeyli yüngülləşmişdi. Şəfəqin yaxşı əl qabiliyyəti, biş-düş səriştəsi, mətbəx və süfrə mədəniyyəti vardı. Yemək bişirməkdə, paltarları yuyub-ütüləməkdə, evi yığışdırmaqda Afəridəyə çox kömək edirdi. Əslində kömək etmək nədir, elə işləri büsbütün o görürdü. Bundan başqa, dərslərini hazırlamaqda Nuriyyəyə kömək edirdi. Həm də izah edə-edə, başa sala-sala onun mövzuları şüurlu mənimsəməsinə nail olurdu. Səriyyə ilə birgə oynayar, onu da darıxmağa qoymazdı. Afəridə ondan çox razı idi. Hətta Muradəliyə minnətdar idi ki, nə yaxşı, onun ağlına belə bir fikir gəlib. Şəfəq nə yaxşı burada, onların yanındadır. Bütün bunlardan sonra Muradəli Afəridəyə necə desin ki: "Bağışla məni, demə, sən haqlı imişsən. Bu qızın əli əyridir. Mən səhv etmişəm. Bağışla məni".
Muradəli göz qoyurdu: "Heyf, çox heyf, belə iş-güclü qızın əli əyridir".
- Dayı, çayı limonla içəcəksən, limonsuz?
Şəfəq həm də qənaətcil idi. Çalışırdı ki, israfçılığa yol verilməsin. Onun bu xasiyyəti Muradəliyə də, Afəridə xanıma da xoş gəlirdi.
- Sən gətir, qalanı ilə işin olmasın!
Muradəli cavabına özü də mat-məəttəl qaldı: "Deyəsən, kobud cavab verdim?!"
Şəfəq tutuldu, lakin tez özünü ələ aldı: "Dayımın başı ağrıyır axı".
Axşam hamı yatandan sonra Muradəli qara pencəyini qonşu otağa gətirdi, ciblərini töküşdürdü. Pul nə gəzirdi? Pulun başına daş salınmışdı, heç tapılardı?! Muradəli o biri pencəkləri də gətirdi. Birisinin döş cibindən bir manat çıxdı. Pencəkləri yerinə qoyub yatağa uzandı. Xeyli müddət gözünə yuxu getmədi. Şəfəq bacısının ilki idi. Qız doğulanda qohum-əqrəba hədiyyələrlə anasını təbrik etmişdi. O vaxt Afəridə ilə Muradəli də bir çarpayı almışdı. Çox rahat idi həmin çarpayı. Şəfəq 14-15 yaşına kimi bu çarpayıda yatdı. Çarpayının müxtəlifşəkilli açılışı və quruluşu vardı - uşağın yaşına görə uyğunlaşdırırdın. Çarpayını bir ətək pula almışdılar. Bacısı Xalidə Afəridə ilə Muradəliyə bu çarpayıya görə o qədər dua etmişdi ki. Hətta sonradan doğulan uşağı yatırmağa da çarpayıda yer vardı.
Muradəli yatanda gecə saat üç olardı. Səhər ertə Afəridə oyatmasaydı, yatıb qalacaqdı. Tez-tələsik yuyunub, səhər yeməyini yedi. Şəfəqin imtahanı saat 10-da başlanacaqdı. O da yataqdan qalxmışdı. Muradəli onunla dodaqucu salamlaşdı. Şəfəq buna əhəmiyyət vermədi: "Dayısı işə tələsirdi".
Muradəli paltosunu pencəyinin üstündən asmışdı. Şifonerdə asılqan çatmadığından paltosunu pencəklərinin birinin üstündən keçirərdi. Paltonu çarpayının üstünə atıb pencəyini geyindi. Dəhlizə keçib ayaqqabılarına baxdı. Fikirləşdi ki, gərək uzunboğaz çəkmələrindən sonra pencəyini geyinəydi. Acıqlı olduğundan özü də bilmirdi nə edir. Lakin pencəyini soyunub yenidən geyinməyə ərinib aşağı əyildi və çəkmələrini geyinməyə başladı. Şəfəq onun paltosunu gətirdi və tutdu. Geyinməkdə dayısına kömək etdi. Muradəli ağzını yana tutub geyindi. Papağını başına qoya-qoya:
- Afa, - dedi, - bir dənə sellofan torba gətir. Mağazada ağ, şəffaf torba verirlər ki, aldıqlarının hamısı dişlərini ağardır.
Afəridə mətbəxdən çıxmadan:
- Muradəli, srağagün paltonun içəridən üst cibinə torba qoymuşam. Heç istifadə etməmisən. Olmalıdır, bir bax. Muradəli əlini içəridən paltosunun cibinə saldı: "Bu nədir?" O, əlini çıxaranda təəccübdən yerində donub qaldı. Torba cibində idi, heç onu çıxarmadı da. Əli ilə toxundu və dəymədi. Əmin oldu ki, yerindədir. Əlində tutduğu bir yüzlük və dörd ədəd əllilik idi: 300 manat.
Yaxşı ki, onun düşdüyü vəziyyəti görən olmadı. Şəfəq yuyunurdu, Afəridə də axşamdanqalma qabları yuyurdu. Muradəli xəcalətindən əridi. Bacısı qızından bədgüman olduğu üçün ölüb-dirildi. Sən demə, pencəyin üstündən palto asdığından Muradəli pulu pencəyin deyil, paltonun cibinə qoyubmuş.
Afəridənin səsi gəldi:
- Murad, tapdın torbanı?
Muradəli şən halda səsləndi:
- Tapdım, arvad, tapdım. Sağ ol.
Afəridə mat-məəttəl qaldı: "Dünəndən qaş-qabağını sallamışdı. Birdən-birə buna nə olub?"
- Murad, deyəsən, başının ağrısı keçdi axı...
- Keçdi, arvad, keçdi. Özü də necə!
Şəfəq dəsmalla qurulanırdı. Muradəli pulu cibinə qoyub qızı səslədi:
- Şəfəq, qızım, bir bura gəl.
Şəfəq yaxın gəldi. Muradəli:
- Qızım, imtahana gedirsən. Dedim, bir xeyir-dua verim.
O, qızı öpdü:
- Get, əla qiymətlə geri dön.
Şəfəq də onun qayğıkeş hərəkətindən mütəəssir olaraq:
- Sağ ol, dayı, Allah sizdən də, Afəridə xanımdan da razı qalsın! - dedi.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)