Super User

Super User

Çərşənbə axşamı, 24 Sentyabr 2024 10:14

Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib

Estoniya paytaxtında Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü böyük uğurla keçirilib. Tədbir rəssam Rövşən Quliyevin təşəbbüsü ilə “Qarabaşlılar qardaşlığı” Evində təşkil olunub.

 

AzərTAC xəbər verir ki, bayramın təşkilində İnteqrasiya Fondu, Mədəniyyət və İdman İdarəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi iştirak edib.

Gecənin xüsusi qonağı Tallin tamaşaçıları üçün ənənəvi Azərbaycan aləti olan sazda melodiyalar ifa etmək üçün Bakıdan gəlmiş Mübariz Əliyev olub. Tədbirdə, həmçinin qarmonda folklor əsərləri ifa edən musiqiçi Elnur İmanov və “Grace” rəqs qrupu çıxış ediblər. Eston milli rəqslərini ifa edən, bununla da iki xalqın dostluğunu və mədəni müxtəlifliyini nümayiş etdirən Estoniyanın “Leesikad” qrupunun çıxışı gecəyə xüsusi ovqat qatıb.

Tədbiri çoxlu sayda tamaşaçı ziyarət edib. Fəxri qonaqlar arasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətləri və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Tədbirdə, həmçinin Almaniya və Finlandiyadan da qonaqlar iştirak edib ki, bu da bayrama beynəlxalq xarakter verib.

Təşkilatçılar bütün iştirakçıları Azərbaycanın milli yeməkləri və şirniyyatlar, nar şirəsi və şəraba qonaq ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yeni tərkibli Milli Məclisin ilk iclası keçirilib. Bu gün həm də Milli Məclisin bütün komitələrinə sədrlər seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət komitəsinə sədri Polad Bülbüloğlu seçilib. Dünyaşöhrətli müğənni, nazir, səfir indi də millət vəkili və komitə sədri yükünü çəkəcək. 

Digər təyinatları təqdim edirik:

– Arzu Nağıyev – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri

– Zahid Oruc – İnsan hüquqları komitəsinin sədri

– Sadiq Qurbanov – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri

– Tahir Rzayev – Aqrar siyasət komitəsinin sədri

– Musa Quliyev – Əmək və sosial siyasət komitəsinin sədri

– Əhliman Əmiraslanov – Səhiyyə komitəsinin sədri

– Hicran Hüseynova – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

– Şahin İsmayılov – Gənclər və idman komitəsi

– Fazil Mustafa – İctimai birliklər və dini qurumlar komitəsinin sədri

– Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

– Azər Əmiraslanov – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri

– Əli Hüseynli – Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

– Anar İskəndərov – Elm və təhsil komitəsinin sədri

– Siyavuş Novruzov – Regional məsələlər komitəsinin sədri

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fond ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında ortaq tarixi köklərə malik Türk ölkələri və xalqlarının mədəni əlaqələrinin genişləndirilməsi, eləcə də Türk dünyasının ədəbi və mədəni irsinin beynəlxalq aləmdə təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev imzalayıblar.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verməkdir.

Sənəddə Türk dünyasının maddi-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi, həmçinin türkologiya sahəsində əməkdaşlıq kimi vacib məsələlər yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

 

21 sentyabr 2024-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. 

Yazıçı-publisist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist  Varis Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyətindən, mübariz qələm adamı kimi, hər zaman yaradıcılığında haqqın-ədalətin yanında olmasından, peşəkar fəaliyyəti ilə və iti qələmi ilə hər zaman uğurlara imza atdığından, türk dünyasının  təsis etdiyi  önəmli mükafatlarına layiq görülməsindən danışıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən polkovnik Cəlil Xəlilov, Aida Eyvazlının yaradıcılığına, bu yaradıcılığın türk tarix və mədəniyyətinin tədqiqi baxımından roluna toxunub. Aida Eyvazlının yaradıcılığının əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirən Cəlil Xəlilov, onun tərcüməçi kimi də böyük uğurlara imza atdığını vurğuladı. Jurnalıistin qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin  azərbaycan dilinə tərcümə etdiyi əsərlərin tarixi əhəmiyyətindən danışıb.

“Şəhid ailəlrinə dəstək” İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşlərinin şəhidi ƏbdülMəcid Axundovun anası Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru , ictimai xadim, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva çıxış edərək Aida EyvazlıGöytürkün yaradıcılığı, onun şəhidlərimizə həsr etdiyi kitabları, türk dünyasının şəxsiyyətləri və onun əsərləri barədə etdiyi tərcümələri, yaradıcılığı boyu türk irsi və tarixinə dair apardığı araşdırmalar, yazdığı məqalələr, eləcə də Azərbaycan Televiziyasında müəllifi olduğu “Qızıl alma” proqramının, türk dünyasının mədəni irsinətövhəsindən,  Vətənimizin tarixinin və həqiqətlərinin  dünyanın bir çox türkdilli ölkələrində yayılmasındakı əhəmiyyətindən, Azərbaycana qazandırdığı dostlardan söhbət açıblar. 

Aida Eyvazlı Göytürkə vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.

Tədbirin sonunda çıxış edən Aida Eyvazlı görüşə gələn qonaqlara təşəkkür edib, yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verib.

Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

 

 “Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Bazar ertəsi, 23 Sentyabr 2024 15:11

Bişkekdə Türk İrsi Mərkəzi yaradılıb

Bişkekdəki Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində (KNU) Türk İrsi Mərkəzi yaradılıb

 

“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fonduna  (IFCTH) istinadən xəbər verir ki, qurum dünyanın müxtəlif ölkələrində şöbələri olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun (IFCTH) himayəsi altında fəaliyyət göstərəcək. Mərkəzə Kayrat Osmonəliyev rəhbərlik edəcək.

Mərkəz türk xalqlarının arxeologiyası, tarixi, etnoqrafiyası, folkloru, dilləri və ədəbiyyatı sahəsində fundamental tədqiqatlar aparacaq.

Bu fəaliyyət təkcə nəzəri tədqiqatlardan ibarət olmayacaq, həmçinin tarix-mədəniyyət obyektlərinin və qeyri-maddi irs abidələrinin öyrənilməsi və qorunmasına yönəlmiş proqramların dəstəklənməsi nəzərdə tutulur.

Xatırıadaq ki, 2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı səfirliyi mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması məsələsi üzərində iş aparılıb. Nəticədə əməkdaşlığa dair Memorandum imzalanıb və sentyabrın əvvəlində universitetin Elmi Şurasının qərarı ilə Türk İrsi Mərkəzi yaradılıb. Yaxın vaxtlarda IFCT-dən qrant alınması gözlənilir.

Mərkəzin fəaliyyətinin türk xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə, adət-ənənələrin öyrənilməsinə və dostluq tellərinin möhkəmləndirilməsinə yönəldiyini diqqətinizə çatdırmaq istəyirik. 

 

 “Ədəbiyyat və incəsənət”

(23.09.2024)

“Ədəbiyyat və incəsənət” portalı İtalyan şairi və psixoloqu Sergio Kamellininin tanınmış yazarımız Təranə Turan yaradıcılığından bəhs edən məqaləsini təqdim edir. 

 

Tanınmış Azərbaycan şairi və yazarı Təranə Turan Rəhimli öz yaradıcılığında poeziyanın necə bir universal semantik dilə malik olduğunu göstərir. Onun görkəmli italyan şairi Claudia Piççinnonun ingilis dilindən italyan dilinə ustalıqla tərcümə etdiyi şeirləri bu fikri əhəmiyyətli dərəcədə təsdiqləyir və qüvvətləndirir. "Məndə daşa da sevgi var" ( italyanca: "Ho amato persino la pietra", İtaliya, Cuscino di Stelle" nəşriyyatı, 2023) şeirlər toplusu isə bir çox yönüylə, hətta avtobioqrafik eyhamlarıyla da fantastik sevgi dünyasında gəzişir. Kitab Təranənin orijinal poetik dünyasına daxil olmaq üçün əlamətdar başlanğıc olan “Sevgimdən tanıyacaqlar” şeiri ilə başlayır. Niyə orijinal? Çünki sevgidə həm hər şey, həm də hər şeyin əks tərəfi (bütün mövcudluğa əks olan)  var: həqiqət, yalan, kobudluq, şirinlik, çaşqınlıq, həsrət, xoşbəxtlik, ağrı, dindarlıq, həyat, ölüm, ziddiyyətlər... Şair öz poeziyasında tez-tez konkret bir şeirin başlığından - adından  sonluqda istifadə edir. Sərlövhənin bu şəkildə sonluğa əlavə edilməsinin, başlığın təkrarlanmasının özü bir növ Freydin subliminal, şüuraltı mesajında olduğu kimi ​​əsərin əsas mövzusunu vurğulayır. Bİr neçə şeirində müşahidə etdiyimiz tək, “Ömür sürət qatardır” şeirində də şair xeyirxah Allahı xatırladır:

 

Allah, məni kimdi qovan,

Kim bu nəfəsimi kəsən?

Kimdi ömrü tələsdirən?

Kimdi içimdə tələsən?

 

Buna görə də, bu lirikada Onun varlığı yalnız sətirlər arasında oxuna bilən sevgi kəlməsindən azad, gündəlik hadisələrin tez bir zamanda keçmişə, dünənə çevrildiyi dörd sualdan asılı görünür. Bu olduqca qapalı, sirli bir poetik tərənnümdür:

 

Bu günüm tez dünən olur,

Sabahı qucub gedirəm.

Mən həyatı yaşamıram,

Üstündən uçub gedirəm.

 

“Sabahın xeyir, Roma!” şeirində isə Vatikan da daxil olmaqla, bütövlükdə Əbədi şəhərlə bağlı şirin bir həsrət dilə gətirilir. "Qarlı qışın ortasında gülümsəyən günəşinlə dünyanın hər pisliyindən uzaq sabahın xeyir!".

 

Qədim, ulu Vatikan!

Dövrəndə xoşbəxt həyat,

Pozulmasın bu növraq,

görməyəsən nahaq qan!

Ey Marçello teatrının

sükuta dalmış səhnəsi, beləcə qal!

İndi dünya səhnəsində

gedən oyunlardan uzaq.

O bəmbəyaz ovsuna sal ruhumuzu,

ölməz şöhrətindən yazaq.

Sabahın xeyir, Roma!

Sabahın xeyir, Roma!

 

Şeirdə şairin istifadə etdiyi nida işarəsi təəccüb və sevinc tonunu bildirmək üçün “heyranedici nöqtədir”. “Mən qadınam” şeirində şair qadın psixologiyasını dəqiq müşahidə edərək müdrik qələm və incə ustalıqla gözəl təzadlar lövhəsi yaradır: “Mən rəssam deyiləm, bəstəkar deyiləm, bağban deyiləm... amma çox rəssamın bulmədiyi rəngləri tanıyıram: sevgi rəngi, ümid rəngi, dərd rəngi... "

“Gözümdən düşdüyün yola düşürəm" şeirində isə vəziyyət tamamilə bambaşqadır: 

 

Məni tanımadın, körpə ağacdım, 

Vaxtsız doğradılar kölgəm olmadı.

Elə dərd biçmisən boyuma gəlmir,

Məni sabahımın dərdi bürüyüb... 

 

"Gözümdən düşdüyün yola düşürəm, Səni axtarmağa gedirəm daha."  -  burada hər şeyə rəğmən özünü simvolik olaraq adı çəkilən personajla eyniləşdirən müəllif gələcəyə inamlıdır. Beləliklə, bu kitab içə dönük, introspektiv mütaliə ilə dərin düşüncə arasında tarazlığın mövcud olduğu, daha doğrusu, son dərəcə həssas bir poetik ruhun hiss və duyğularına səyahətin gerçəkləşdiyi, eyni zamanda möhkəm və qətiyyətli şeirlər toplusudur.

Hisslər, duyğular, məkanlar və xatirələr arasında cərəyan edən misralar sevgi sözünün mülayimliyi, istiliyi ilə daşın soyuq sərtliyi arasında rəngarəng bir əlaqə yaradır. Nəticədə Təranə Turan Rəhimilinin nəfis poetik mənliyi onun hər misrasında görünür, onun özünəməxsus dünyasının təbii gözəlliyini, ruhunun gözəlliyini təsdiqləyir.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Bazar ertəsi, 23 Sentyabr 2024 08:02

Günəş kimi DOĞAN, ay kimi batan…

(21 eylüldə Türkiyə Yazarlar Birliyinin şərəf başqanı D. Mehmet Doğanın vəfatının qırxıncı günü tamam oldu)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

“Qara xəbər tez duyulur”... – Duyduq ki, Türkiyə Yazarlar Birliyinin qurucusu və şərəf başqanı Mehmet Doğan haqqın rəhmətinə qovuşub... 

Bu xəbər Türkiyədə olduğu kimi, anındaca Azərbaycanda (Türk ölkə və topluluqlarında) da kədərlə qarşılandı. – Duyanları –  yazarları, aydınları, Türk dünyası ədəbiyyatı, ortaq mədəni mirası ilə ilgilənən insanları qəhər boğdu. İlk baxışda təzadlı görünür: həm “haqqın rəhmətinə qovuşdu” deyirik, həm “qara xəbər” deyirik, kədər bölüşürük,... – Haqqın rəhməti böyük nemətdir, Tanrının öz lütfüdür, əlbəttə; əlbəttə, haqqın rəhmətini sorğulamırıq... Bununla belə, bilirik ki, bu, mütəfəkkir türk yazarını, aydın insanı Yer üzündə bir daha görməyəcəyik... Biz bir də onunla canlı ünsiyyətdə olmayacaq, üz-üzə gəlməyəcək, dərdləşə, uğurlaşa bilməyəcəyik... Bu isə kədərvericidir, üzücüdür, əlbəttə. Əlbəttə, kainatın ruhunu, yaradılışın fəlsəfəsini idrak edirik, digər yandan gerçəkliklərlə kolay-kolay barışa bilmirik...

 

Bəli, torpağın üzü soyuqdur,

Bəli, bir gün yaranan bir gün ölür,

Bəli, hamımız gedəryiyik... Ancaq könül ağlın, ürək beynin komandasını elə kolay-kolay qəbul etmir axı... Axı ölümü rahat sinirmək olmur...

Bəs nədir bizi ayaqda tutan, bizə dözüm verən?

Biz əbədi itirdiyimiz insanın (bu yazıya görə, D. Mehmet Doğanın (1947 – 11.08.2024)) ədəbiyyata, əbədiyyətə uğurladığı əməllərindən təsəlli tapırıq. Təsəlli sözünü, o sözün ifadə etdiyi anlamları yaradanlar rəhməti bu dünyada və əbədiyyən qazanıb. Təsəlli aramaq, təsəlli bulmaq özü də bir nemətdir. Biz bu neməti fiziki doğmalarımızı itirəndə bulmağa çalışdığımız kimi, mənəvi doğmalarımızı itirincə də, o dayağa ehtiyacımız olur. İnsanoğlu yalnız dirilik suyu axtarmaz ki... Türkoğlu “Ara, bul” öyüdünü unutmayıb ki... Təsəlli də aranır, bulunur...

Sevinci bölüşüb çoxaltdığımız kimi, kədəri də bölüşüb azaldırıq...

İnsan itkisi həmişə qeyri-adidir,

hər ölüm sanki ilk ölümdür,

həm də, bir anlığa elə inanırıq, elə inanırıq ki, bax, bu, nəhayət son ölümdür... Ancaq o nə “ilk”dir, nə də “son”... İlkdən Sona gedən “uzun, incə bir yoldayıq” hamımız... Mehmet Doğan xoca da o yola çıxdı, o yolda yürüdü, o yolla dünyadan köçdü... İşıqlı xatirələri qaldı, yazdıqları, əməlləri qaldı...   

 

Mehmet Doğan xoca yalnız yaradıcılığı, araşdırmaları ilə deyil, quruculuğu, ideyaları ilə seçilən bir Türk aydını idi.

Türkiyə Yazarlar Birliyi,

Türkcənin Şeir Şöləni deyincə, ağla ilk onun adı gəlir.

Ustadın adının yanında Türk dünyası yazınca daha yaraşıqlı, daha uyğun olur, sanıram. İstər təkcə adını yaz, istər bütün görəvlərini, titullarını – eyni mədəniyyət iqliminin ilıq əsintisini hiss edəcək, eyni ruha köklənmiş olacağıq.

Mən doğulan (1973) il, ustad Doğan artıq Türk Tarix Qurumu Yeni Türkiyə Araşdırma Mərkəzində çalışırdı. Anadolunun ünlü “7-dən 77-yə” deyimi var ha, bax, ustad Mehmet Doğan da, özünün 77-sinədək Türk-İslam adına, ədəbiyyatın əzəli-əbədi mövzuları adına, insanlıq adına, mədəniyyət-sənət adına öyrəndi, araşdırdı, öyrətdi, yazdı-yaratdı, qurdu, bəslədi, böyütdü...

Bəli, o, üfüqötəsinə çağıran üfüqügeniş bir aydınıydı. O, bəşəri duyğulara biganə deyildi, başqalarının yaratdıqlarına sayğduyarlğı yüksək səviyyədə bacarırdı; ancaq Türk-İslam kimliyinin, öz dədələrimizin yaratdıqlarının gözardı edilə bilməyəcəyini də yüksək səslə söyləyirdi. –  “Yüksək səslə söyləyirdi” deyərkən, mən onu heç zaman səsinin tonunu qaldıran görmədim, kübar gördüm, bir türk aydını necə ola bilərsə, elə gördüm; bununla belə, əsərləri ilə dirənişçiydi, qələmi ilə hayqırırdı, kitabları ilə şərə-şəbədəyə qarşı divar hörürdü Mehmet Doğan... “Böyük Türkcə Sözlük”, “Batılılaşma xəyanəti”, “Dil, Kültür, Yabançılaşma”, “Camidəki şair: Mehmet Akif”, “Kültürəl savaş və savaş kültürü”, “Türk kimliyinin coğrafyaları”, “Mehmet Akif: Çanaqqaladan Sakaryaya”, “Söz okeanında yolçuluq”... – Bunlar onun qələmindən çıxan əsərlərdən yalnız bir bölümüdür. Məmnunluqla bildirim, bu kitablardan (öz imzası ilə) mənim kitabxanamda da var.

Ustadla Türkcənin Şeir Şölənlərində - Türkistanda, Tatarıstanda, Balkanlarda... dərdləşmək, uğurlaşmaq, kitablaşmaq imkanım olub. Bundan sonra isə adını, ruhunu anacağıq.

Əsərləri yaşadacaq onu.

Ruhuna sayğılar!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Bazar ertəsi, 23 Sentyabr 2024 16:42

BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Elvin bəy, bilirik ki, 44 günlük müharibədə Siz də xəsarət almısınız, tağımınızın giziri Həsrət Quliyev döyüş gedən ərazidən şəhid  Mədinov Rəşidin nəşini çıxararkən düşmən snayperinə tuş gələndə boğazından yaralanıb, Həsrət bəyi hərbi tibb maşınına aparanlardan biri də siz olmusunuz.

Ölümlə üz-üzə gələn zaman özünüzə sualınız nə oldu? Ya da, həmin anlarda ürəyiniz ritmlərlə nəyi beyninizə nəql edirdi?

 

CAVAB:

-Orada hadisələr elə sürətlə cərəyan edirdi ki, çox vaxt özümə sual vermək bir yana, heç nəyi düşünmürdüm. Yadımda qalanlardan biri odur ki, Cəbrayılda təcili yardım maşınları var-gəl edirdi. Bəlkə də, yeganə o səhnədir ki, özümə sual vermişdim ki: "Görəsən, mən evə necə qayıdacam: təcili yardımla, ya yol maşınıyla?"

Ürəyimin ağlıma pas ötürdüyü yeganə bir cümlə bu idi: Hamımız evə sağ-salamat qayıtmayacağıq. Çünki, 2020-ci ilə qədər baş tutan lənətə gəlmiş müharibələrin heç birində hamı sağ qayıtmayıb. Çox təəssüf ki, yenə elə oldu.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair “Albom şəkilləri”ndən danışacaq. 

Xoş mütaliələr.

 

Albom şəkilləri

 

Qoyular evin ən məhrəm yerinə,

İtirməz şuxluğunu, şax qalar.

Sən hər gün bir buğda boyu böyüyərsən

Albom şəkilləri uşaq qalar.

 

...Bu, bir qardaşın şəkli

Hanı indi, o hanı?

Bəlkə heç böyüməzdik,

Dərdlər bizi böyütdü

Biz böyütdük dünyanı...

 

Bu da bir bacı şəkli,

Baxır qıyqacı şəkli...

Əlində də yaylığı

Elə bil çiçək tutub.

Gedib çox uzaqlara

Yaylığını unudub...

 

Bir darıxan şəkil var

Bir az mənə oxşayır,

Bu mənəmmi?- nə bilim.

Hər albom şəkilində

Bir xatirə ləpiri...

 

...Bu şəkili kim çəkib?-

Şahla şahmat oynadım,

Bir də gördüm şah itdi.

...Bu, bir əsgər şəklidi

İndi oğlu şəkildi,

İndi oğlu şəhiddi.

 

Albomun arasında,

Bir yarpaq da saralıb

İyi payız iyidi.

Bu albomdu, yoxsa ki

Şəkil şəhərciyidi?!

 

Muzeyə girən kimi

Girirəm hər alboma...

Hər albom varağında

Tarixin tozu qalıb

Özü hara daşındı?

Baxıram hər alboma

Şəkillər saralsa da,

Xatirəsi yaşıldı...

 

...Daha  cavan deyilik

Albom şəkli çəkdirək

Torpaq çəkir, gedirik.

Ən yaxşı şəklimizi

Başdaşına çəkdirib

Şəkil- şəkil gedirik...

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Bazar ertəsi, 23 Sentyabr 2024 11:28

“Nurəngiz Günün nəsri” - Bahar Bərdəli

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə ədəbi təbqid mövzusunda Bahar Bərdəlinin “Nurəngiz Günün nəsri” məqaləsi təqdim edilir. 

 

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi, dəsti-xətti olan şair, nasir, publisist Nurəngiz Gün keçən əsrin 80-ci illərinin ədəbi nəslinə mənsubdur. Onun  yaradıcılığında  nəsr əsərləri önəmli yer tutur. Yazarın baş mövzusu müharibələr və onun cəmiyyətə, insanlara vurduğu ağır, geri dönüşü olmayan zərbələridir. Müəllif göstərir ki, kimin qalib gəlməsindən asılı olmayaraq müharibə kimsəyə xeyir gətirmir. Çünki dağıdıcı, qırıcı, yıxıcı müharibələr insanları və insanlığı məhv eləyir.

 Müəllifin ilk mətbu əsəri 1981-ci ildə "Ulduz" jurnalında çap olunan "Tanrı bəşər övladıdır" adlı povestidir. Povestin epiqraf yerində oxuyuruq: "Bu kitabı sizə həsr edirəm, mənim fatimələrim, kozettalarım, zoluşkalarım! Ruhunuza aramsız bir nəğmə oxuyuram!"

Əsərin baş qəhrəmanı gənc xanımdır. Bakıda yaşayır. Azyaşlı bir qızı da var. Povestin süjet xətti bu xanımın Bakıdan bölgəyə getməsi, qohumlarının evində qonaq qalması, uşaqlığının keçdiyi kənddəki  xatirələri və s. üzərində qurulub. Bəlkə də bu gənc xanım, yəni Məryəm elə yazarın öz prototipidir. Əsərdə ən çox əxlaqi-mənəvi dəyərlər, keyfiyyətlər diqqət mərkəzindədir. Müxtəlif dünyagörüşlü insan obrazları qalereyasında həyata, cəmiyyətə, insanlara baxışların müxtəlifliyini görürük. Bibi, bibiqızı, bibioğlu, onun yeznəsi, dostu, kənd adamları - kasıb, amma gözütox, yetim uşaqlar, onların problemləri povestin əsas qayəsidir.

Nurəngiz Gün mənəvi-əxlaqi prinsiplərə söykənərək həm qəhrəmanı Məryəmin uşaqlıq illərini, onun düşüncələrini, gördüklərini, duyduqlarını, həm də Zərnigarın  ev qulluqçusu Qınıqın başına gələnləri təsvir edir. Bir ailə fonunda baş verən hadisələr süjet boyu bir-birini əvəzləyir. Ata-anası sağ ikən Məryəmin bu kənddə uşaqlığı çox şən keçib. Ərköyün, nazlı bir qız olan Məryəmi atası "Tanrı", Tanrım" - deyə çağırardı. Bu tanrını yalnız özgələrinin dərdi, ağrısı ağladardı. Çalışardı kənddə olan yetim uşaqlara nədəsə kömək etsin.

Məryəmin uşaqlığı bu kənddə bağ-bağçası meyvə dolu bir qırmızı kərpicli evdə keçmişdi. Meşənin kənarında olan bu evdə o, atalı-analı, bibili, dayılı, qohum-əqrəbalı, qonşulu böyümüşdü. Amma  indi o nəsil  artıq dünyadan köçmüşdü. Yalnız bibisi yaşayırdı, bir də onun qızı və ailəsi. Bakıda olan Məryəm həmişə o qırmızı kərpicli  evin həsrətilə yaşayıb: "Görəsən, o ev yerindəmi, ya söküb atıblar? Bütün ömrü boyu xəyalının və yuxularının rəngli bəzəyi olan bu kəndin qırmızı damlı evlərinin arasından daha vüqarla qızaran qıpqırmızı kərpicli ev..."  Onu şəhər evlərindən fərqləndirən taxçalı, boxçalı guşəsinin həsrəti çəkib gətirmişdi kəndə. Amma yox, o kəndi indi ikimərtəbəli, ağ daş evlər bəzəyirdi. Həyətləri gül-çəmənlik deyil, asfaltdan idi. İnsanları da geyimi, görkəmi ilə dəyişmişdi. Mal-qara tövləsini maşın qarajı əvəzləmişdi.

Keçən əsrin 80-ci illərində kəndlərin siması doğrudan da, dəyişməyə başlamışdı. Çünki bu, sovet dövlətinin daxili siyasəti idi. Kəndlə şəhər arasında, əqli əməklə fiziki əmək arasında və s. fərqlər sosializm cəmiyyətinin ən yüksək mərhələsi olan kommunizmdə mütləq aradan qalxmalı idi. Povestdə təsvir olunan kənd 80-ci illərdə şəhərləşməkdə olan kəndin simasını çox dəqiq əks etdirir.Yazıçı buna təəssüflənir. Axı kənd həyatı təbiətinin zənginliyi ilə, havası, suyu ilə ilkinlik rəmzidir. Düzdür, kənd də qazı, işığı, mətbəx texnikası ilə şəhərə oxşasa, yaxşıdır. Ancaq o müqəddəs ilkinliyə toxunmamaq şərti ilə. Əsərin qəhrəmanı tez-tez müasir kəndlə uşaqlıq illərinin kəndini müqayisə edir və üstünlüyü köhnə kəndə  - bağlı-bağçalı kəndə verir.

Əsərin mənfi qəhrəmanları meşşan tipli insanlardır. Lovğalıq, hamıdan üstün olmaq düşüncəsi, xudbinlik, şöhrətpərəstlik onların digər insani keyfiyyətlərini itirmişdi. Məryəmin bibisi qızı Zərnişan, onun qızı, həyat yoldaşı bu tip insanlardır. Müəllif ən çox Zərnişanın və onun ərinin psixologiyasını, dünyagörüşünü, kənd adamlarına olan münasibətlərini real boyalarla açıb göstərə bilmişdir.

Əsərin müsbət qəhrəmanları da az deyil. Onlar öz mənəvi zənginlikləri ilə, başqasının dərdini, ağrısını başa düşərək ona kömək etməsi ilə seçilir, fərqlənir. Baş qəhrəman Məryəm, polis Ədalət, şofer Dadaş, kəndin kasıb təbəqəsi və s. bu qəbildəndir.

Məryəm düşünürdü ki, kənddə yetim, kasıb uşaqlar çoxdur. Bu uşaqlar düzgün tərbiyə görməsələr, təhsil almasalar, bir kəndin deyil, bir xalqın ağrısına çevrilə bilərlər. Ədəbiyyatşünas M.Cəfərov "İki qurultay arasında" məqaləsində uşaq ədəbiyyatından bəhs edərkən yazır: "Çocuqluq ömrün ilk baharıdır. Uşaqlar üçün yazılan əsərlərdə hisslərin təbiiliyi, səmimiliyi, duyğuların təravəti və bədii formanın əlvanlığı ömrün ilk baharına uyğun olmalıdır".

Yazıçı baş qəhrəmanın diliylə uşaqlara böyük gözü, böyük sözü  ilə yanaşsa da, onların mənəvi aləmini, arzu-xəyallarını, yaş xüsusiyyətlərini, danışıq tərzlərini nəzərə alaraq təsvir etmişdir.

Nurəngiz Günün 80-ci illərin əvvəllərində qələmə aldığı bu tip hadisələrin baş alıb getdiyi dövrdə Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: " ...min sifətlə hər yerə yol tapıb soxulan, öz şəxsi işlərini sahmana qoyan insanlar həyatda çox yaxşı şəkildə təsdiq olunduqları halda belə onlar zahirən nəzəri cəlb etməyən adamlardan, əsl mənəvi həyatla yaşayan, özü də haysız-küysüz yaşayan, çalışan adamlardan qat-qat aşağıda dururlar. Cəmiyyət üçün zərərli zümrəyə çevrilən bu cür obrazları nəsrimiz ardıcıl surətdə ifşa edir. Onların labül mənəvi məğlubiyyəti sənətin mötəbər vasitələri ilə əsaslandırılır".

Nurəngiz Günün digər povesti "Qırmızı gecə" adlanır. Əsərdə ölümlə həyat arasında çarpışan gənc ananın həyatı, düşüncələri təsvir olunub. O rəssamdı. "Otuz yeddidə" ata-anasını itirib. Həyatın ağırlığı, çətinliyi ilə təkbaşına üz-üzə dayanıb. Çəkdiyi rəsmləri müdiri bəyənmir, deyir ki, uydurmadı. Əri ona xəyanət edib, evdən gedib. Uşaqları körpədi. Yarıyuxulu, yarıxəyal ölməkdə olan ana Allahını köməyə çağırır.

Əsərin süjet xətti bu gənc ananın  -  Lilparın üzərində qurulub. Səhər-səhər ölməkdə olan ana kimsədən kömək, təskinlik ala bilmir. Valideynlərinin ruhuna sığınır. Ana ruhun mehribanlığına təslim olur. "Ana ruhun zərif örtüyünün altından əzablı hıçqırıq eşidilirdi: - dünya üşüyür. Heç bilirsən, dünya necə yazıqlaşıb? Xəyanət ediblər dünyaya, qızım! Əl qaldırıblar dünyaya!"

Nurəngiz Gün bu kiçik povestində üstüörtülü məlum həqiqətləri önə çəkərək çox mətləblərə toxunur. Uzaq tarixə qayıdır. Nuhun gəmisini təsvir edir. Yaxın keçmişi vərəqləyir. "37"-dən bəhs edir. Müəllifin təsvirində həyat haqqında retrospektiv bədii təhkiyə xüsusi rol oynayır. Gah müəllifin, gah da personajların diliylə söylənilən hadisələr real həyat həqiqətlərindən uzaq görünsələr də, yazıçı məqsədini həssas oxucusuna ötürə bilir.

"Ən hündür çiçək təpəsi və qar quyu" hekayəsi  müharibə mövzusundadı. Daha dəqiq desək, müharibənin nəticəsini, onun vurduğu ağır yaraları əks etdirir. Hekayənin zaman kəsiyi 40-70-ci illərdir. Əsərin baş qəhrəmanı Bürhandır. Onun atasını İkinci Dünya müharibəsi uddu. Anası əzab-əziyyətlərə dözməyib öldü. Sığındığı qonşusu Həsən kişini də aclıq, soyuq-sazaqlar ölümə sürüklədi. Daha kənddə yaşaya bilməyən balaca Bürhan şəhərə üz tutdu. Min bir əzabla işlədi, böyüdü, evləndi. Bir cüt oğul atası oldu. Amma nə yazıq ki, sevdiyi qadını da ölüm çalıb apardı. Uşaqlarını tək böyütdü. İndi oğlanları başqa yerdə öz həyatlarını yaşayırdı. Bürhan ahıl yaşında yenə tək qalmışdı. Yaşamaqdan yorulan, çətinliklərdən bezən, sevdiyinin həsrətinə dözməyən kişi  bir qış günü əvvəlcə arvadının qəbrini ziyarət edir, sonra da onun yanında qardan bir dar quyu hörərək özünü orada dəfn edir.

Müəllifin təhkiyəsində nağılvari söylənilən bu həyat hekayəsində  yazıçı dövrün, zamanın Bürhanları yetim, kimsəsiz qoydu. Bütün həyatı boyu çalışan, çabalayan Bürhanlar müharibənin vurduğu yaraları heç cür sağalda bilmir, əksinə, onun qurbanına çevrilirlər.

Yazıçının bədii qəhrəmanı həyatı, insanları, təbiəti sevir, işgüzardır, hamıya kömək etməyə çalışır. Lakin  həyatın, cəmiyyətin vurduğu zərbələri dəf etmək gücündə deyil. Son anda, hər şey tükənəndə gücü yalnız özünə çatır, qar quyuda intihar edir. Heç kimdən, heç nədən şikayət etmədən, kimisə günahlandırmadan öz canına qıyır. Çünki düşünür ki, onu daima izləyən, gözləyən dövrün bəlaları tükənən, bitən deyil.

Nurəngiz Günün yaradıcılığında müharibə mövzusu xüsusi önəm daşıyır. Ümumiyyətlə, yazarların müraciət etdiyi böyük mövzulardan biri, bəlkə də birincisi müharibə və onun törətdiyi genişmiqyaslı faciələrdir. İstər tarixi dönəmlərdə, istərsə də müasir dövrdə baş verən müharibə, münaqişələrlə bağlı istənilən qədər həm nəsr, həm də nəzmlə əsərlər yazılıb. Bu baxımdan, Nurəngiz Günün də bu mövzuya müraciət etməsi təbiidir. Yazarın poemalarının da əksəriyyəti bu mövzudan qaynaqlanıb. İstər nəsrində, istərsə də nəzmində insan amili, insan faktoru önə çəkilir. Uşaqlığı müharibə dövrünə düşən Nurəngiz Günün, yəqin ki, qırğınlara, döyüşlərə  qarşı nifrəti də böyük, sonsuz olub. Ətrafındakı insanların bu dəhşətlərdən necə əziyyət çəkdiklərini öz gözləri ilə görüb.

Müharibə əhval-ruhiyyəsinin güzgüsü o dövr analarının yanaqlarında quruyub qalan göz yaşlarıdır.  Onun mənəvi dünyasında, psixologiyasında baş verən fırtınaların sönməməsidir. Bu fırtınalar nəinki öləziyir, əksinə, oğlunu itirən anaları heç vaxt tərk etmir, onları son ana - ölümə qədər izləyir.

Müharibə mövzusunda yazılan əsərləri iki qrupa bölmək olar:

1. Müharibənin birbaşa özünü - döyüş səhnələrini, insanların igidliyini, qəhrəmanlığını və qələbənin şirinliyini yüksək pafosla tərənnüm edən əsərlər.

2. Müharibədən sonra onun vurduğu maddi və mənəvi zərbənin acı nəticələrini özündə əks etdirən, göstərən əsərlər.

Demək, yazar müharibənin özünü, yəni onu doğuran səbəbləri, qarşı-qarşıya duran dövlətləri, başlanan döyüşləri deyil, yalnız müharibənin doğurduğu nəticəni göstərir. Haqlı olaraq oxucusuna çatdırır ki, səbəb nə olur-olsun, qələbəni hansı tərəfin  çalmasından asılı olmayaraq  müharibə heç vaxt heç kimə xeyir gətirməyib. Əgər əsas insan amilidirsə, müharibəni başlayan da, qurtaran da insandırsa, demək, zərbəni də insan alacaq. Onsuz da, qısa olan insan ömrü yarıda qırılacaq. Sağ qalanlar da şikəst, əlil, zəlil gündə yaşayacaq. Maddi itkilər bərpa olunacaq, amma mənəvi itkiləri bərpa etmək mümkün deyil və bu neçə-neçə nəsli izləyəcək.

Beləliklə, Nurəngiz Günün nəsri öz dövrünü təsvir etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Real, təbii həyat hadisələrinə söykənən bu əsərlər ədəbiyyatımızda da özünəməxsus yer tutmaqdadır. Başqa sözlə desək, yazar sözdən elə bir qala hörüb ki, hələ çox-çox əsrlər bu qala yaşayacaq və ziyarətçilərini də sevə-sevə qəbul edəcək!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.