
Super User
ÜZEYİR HACIBƏYLİ BARƏDƏ YAZILAR – “Görkəmli pedaqoq”
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə növbəti – dördüncü yazını diqqətinizə təqdim edirik.
Ü.Hacıbəylinin tərbiyə haqqında düşüncələri
Professor M.Dadaşova “Musiqi təhsilinin bünovrəsini qoyan böyük pedaqoq” məqaləsində yazır ki, “Üzeyir bəyin çoxsahəli fəaliyyətinin hər bir sahəsində tərbiyə məsələləri geniş yer tuturdu. Onun istər bir müəllim kimi fəaliyyəti, istərsə də, bütün yaradıcılığında qabarıq şəkildə özünü göstərən tərbiyə məsələlərinə dair fikir və mülahizələri pedaqoji fikir tariximizin parlaq səhifələrini təşkil edir”.
Tərbiyə məsələlərinə cox ciddi yanaşan Ü.Hacıbəyli yazırdı ki, “Aşkardır ki, millətimizin gələcəyini təmin edən bizim övlad və əfradimiz (törəmələrimiz) olacaqdır. Ona binaən indidən lazımdır ki, onların tərbiyələri o nəhv (o cür) ilə icra olunsun ki, axırda millət və milliyyət hissi-müqəddəslər ilə məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər...".“Bəs yaxşı adamları, nəcib sifətləri özündə birləşdirmək, istedadlar yetişdirmək üçün nə lazımdır?” sualına özü də cavab verərək deyirdi: “Insani mühit, normal ictimai şərait, mədəniyyət, gözəl ailə tərbiyəsi, məktəb, təkmil təlim üsulları və s.” Ü.Hacıbəyli «Xəbərdarlıq» məqaləsində deyirdi: «Doğrudan da uşaq tərbiyəsi çətindir…Tərbiyənin yolunu ancaq elm sahəsində bilmək mümkündür”. Onun tərbiyə haqqındakı fikirlərinin əsasını humanizm, vətənpərvərlik, beynəlmiləlçilik, nikbinlik, mübarizlik təşkil edir.
Insanın formalaşmasında mühitin, ictimai şəraitin mühüm amil olduğunu düzgün qiymətləndirən Üzeyir Hacıbəyov yazırdı ki, cəlalət və nadanlığın əsas səbəbləri dərəbəylik üsul idarəsidir. Görkəmli ədib insanda yüksək mənəvi sifətlərin yaranmasına məhz uşaqlıq dövründən diqqət yetirilməsinə, ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. Apardığı müşahidələr nəticəsində belə qənaətə gəlmişdi ki, uşağın inkişafının istiqaməti və intensivliyi bilavasitə ilkin tərbiyədən – ailə tərbiyəsindən asılıdır. Çünki uşağın fiziki və psixi inkişafının ilk rüşeymləri ailədə qoyulur. Ü.Hacıbəyovun fikrincə, ailədə tərbiyə məsələsinin düzgün qoyuluşu şəxsiyyətin gələcək inkişafına güclü təsir edir. Felyetonlarının birində yazırdı ki, uşaqlar 7-8 yaşına qədər məktəbə getmir və evdə qalırlar. Bu dövrdə qeyri-millətlərin uşaqları gözəl tərbiyə olunur, yəni vaxtında yatır, açıq havada gəzir, ona lazım olan oyuncaqlarla oynayırlar. Anaları onlara kitab oxuyur, bir sözlə ətrafı uşağa xoş təsir bağışlayır. Amma bizim uşaqlar toz-torpağın içində böyüyür, qulağı söyüş, qarğış, dava-dalaş səsləri ilə dolur və sonra da məktəbə gedir. Gələcəkdə oxuyub necə deyərlər, alim olsa da, adam ola bilmirlər.
Azərbaycan pedaqoji fikir və təhsil tarixində silinməz iz qoymuş Ü.Hacıbəyli göstərir ki, uşağın tərbiyəsində ailə və məktəbin eyni dərəcədə mühüm rolu var. Ümumiyyətlə, o, uşaqların tərbiyəsinə ümumxalq işi kimi baxır və müəllimləri, valideynləri və içtimaiyyət nümayəndələrini bu sahədə qarşıya çıxan hər cür çətinliyə dözməyə çağırırdı.
Üzeyir bəy “Xəbərdarlıq” adlı məqaləsində tələb edirdi ki, uşağın təbii qüvvəsini düzgün istiqamətləndirməklə onların qarşısını almağa çalışan və ya inkişafına mane olan hər cür vasitələri aradan qaldırmaq lazımdır. O, uşağın təbiətini yeni əkilmiş ağaca bənzədirdi. Ağacın becərilməyə ehtiyacı olduğu kimi, uşağın da təbiəti elm öyrənməyə, təhsil və tərəqqi almağa möhtacdır”.
Onu da qeyd edək ki, böyük Üzeyir bəy özü ən yaxşı tərbiyəçilərdən idi. Tanınmış bəstəkar S.Rüstəmov bu barədə belə yazırdı: “Azərbaycan xalqının ləyaqətli oğlu olan Ü.Hacıbəyov istedadlı bəstəkar, qabil sənətkar olmaqla, gənclərimizin tərbiyəsi ilə məşğul olan ən yaxşı müəllimdir”.
Növbəti – sonuncu yazının mövzusu “Üzeyir Hacıbəyli musiqi təhsili sisteminin yaradıcısıdır” adlanacaq.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
BİZİM KİNO - Tariximizin zirvəsi:“Cavad xan”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Hər insanın, hər millətin xoş xatirələrlə, qəhrəmanlıqları ilə andığı insanlar olur və onların xatirəsini uca və əziz tutulması üçün filmlər çəkilir. Azərbaycanda da belə qəhrəmanlar az deyil. Onlardan biri də Sovet rejiminin bizə düşmən kimi tanıtdığı, çar işğalına qarşı qəhərmancasına vuruşan Gəncə xanı Cavad xandır.
2008-ci ildə Sabir Rüstəmxanlının “ölüm zirvəsi” romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə “Cavad xan” filmi çəkilir. Filmin janrı dram və müharibə üzərindədir. Qacar xanədanından olan bu böyük Azərbaycan sərkərdəsi, İran dövlətinin ordu sərdarı, Gəncə xanlığının sonuncu hökmdarı olub. Gəncənin müdafiəsi üçün apardığı əzmkar mübarizə bu gün də xatırlanmaqdadır. Cavad xan yanvar ayının 3-ündən 4-ünə keçən gecə Gəncənin düşmən əlinə keçməməsi üçün Pavel Sisianova qarşı apardığı mübarizə zamanı qaldığı mühasirədə qəhrəmancasına şəhid olmuşdur.
Bi film barədə vaxtı ilə çox söz-söhbət oldu. Filmin alınmadığını deyənlər də tapıldı. Amma tarixi film çəkməyin necə çətin olduğunu, üstəlik bu işi az büdcə ilə çəkməyin necə məşəqqət olmasını kim bilmir ki? Mərhum Rövşən Almuradlı bu filmə ürəyini qoydu, bunu gəlin unutmayaq.
Tariximizə nəzər saldıqda var olma mücadiləsi verən qəhrəmanlarımız çoxdur və millət olaraq torpağımızı bayrağımızı müdafiə edən hər bir döyüşçü, hər bir komandir hər birimizin yaddaşında əbədi olaraq qalır və qalacaqdır. Necə deyərlər: “keçmişini bilməyən gələcəyini qura bilməz”.
Polad Həşimov, Mübariz İbrahimov, Cavad Xan və bu torpağın, bu millətin var olması üçün sinəsini düşmən mərmisinə sipər edən əziz ŞƏHİDLƏRİMİZ hər daim xatırlanacaqsınız və bu millət qəhrəmanlıqlarınızı qiyamət gününə qədər unutmuyacaqdır.
RUHUNUZ ŞAD OLSUN!!!
“Ədəbiyyat və İncəsənət”
(13.02.2025)
KÖHNƏ RADİO - 13 fevral Beynəlxalq Rado Günüdür...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Cəsarət gözəl xüsusiyyətdir, kimdə varsa ağrı-acısını yaşasa da, cəmiyyətdə alnıaçıq-üzüağ olub. Nəzərə çarpıb, ehtiram qazanıb. Amma cəsarətin də növləri var- dəlisov və ağıllı. Dəlisov cəsarətin bədəli həmişə ağır olub, həyatı məşəqqətə çevirib. Ağıllı cəsarət isə ictimai-siyasi quruluşdan asılı olmayaraq birmənalı qarşılanıb, səmimi qəbul olunub...
13 fevral Beynəlxalq Radio Günüdür. Nədənsə hər dəfə təqvimin bu günündə ilk yadıma düşən Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü, professor Qulu Məhərrəmli olur. Doğrudur, onun bir jurnalist kimi əmək fəaliyyətinin radio ilə heç bir əlaqəsi yoxdur, amma bir alim kimi Azərbaycan radiosuna həsr etdiyi fundamental əsərlərin, araşdırma yazılarının dəyəri çox böyükdür. “Radiodramaturgiya dili”, “Radio dalğalarında”, “Radioteatr dəvət edir”, “Radio verilişlərinin dili və üslubu”, “Danışır Təbriz” əsərləri, eləcə də “Radio dərsləri. Tarix, nəzəriyyə, təcrübə”, “Radio jurnalistikası: təməl biliklər” və s. dərslikləri Qulu Məhərrəmlinin bu sahədə misilsiz xidmətinin nəticəsidir...
Heç bir partiyanı təmsil etmir, siyasi oyunlardan, hakimiyyət hərisliyindən çox uzaqdır. Fəqət, siyasi düşüncəsindən, ictimai mövqeyindən asılı olmayaraq, onu hamı bir şəxsiyyət, qorxmaz bir ziyalı, xalq adamı kimi qəbul edir. Əlbəttə ki, onu bu zirvəyə qaldıran xidmətlətləri ilə yanaşı AĞILLI CƏSARƏTİdir...
Bəli, 13 fevral Beynəlxalq Radio Günüdür. Azərbaycan radiosu deyiləndə ilk yadıma düşən Qulu Məhərrəmli başda olmaqla bütün keçmiş və indiki radio işçilərini bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
BÖYÜK AĞACIN KÖLGƏSİ və MEYVƏSİ - Kulturoloji yorum. IV yazı
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Türk (Türk dünyası və ya Turan) mədəniyyəti, heç quşqusuz, tarixin ən güclü və təsirli mədəniyyətlərindən biri olub, bu gün belə bilirik, gələcəkdə də belə olması istəyindəyik. Ancaq “böyük ağacın kölgəsinin meyvəsindən çox olması” metaforasını tətbiq edərkən bir neçə əsas məqamı da diqqətdən qaçırmamaq gərəkdir:
Türk mədəniyyətinin “kölgəsi” –
yayılması və təsiri
Türk mədəniyyəti təkcə etnik və siyasi çərçivədə deyil, həm də dil, mifologiya, fəlsəfi dünyagörüşü və dövlətçilik gələnəkləri baxımından geniş coğrafiyaya yayılıb. Bu təsirin elementlərini bir çox sahədə görmək mümkündür.
Dövlətçilik və idarəetmə gələnəkləri:
Qədim Hun, Göytürk, Xəzər, Səlcuq, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu, Teymurilər, Səfəvi və b. türk dövlətləri yalnız hərbi gücləri ilə deyil, həm də mərkəzləşmiş yönətim modelləri, qanunvericilik və siyasi fəlsəfələri baxımından dünya tarixində önəmli rol oynayıb. Örnəyi, Osmanlı dövlətçilik sistemi Batı Avropaya da təsir göstərib;
Dil və yazı mədəniyyəti:
Türk dilləri geniş bir coğrafiyada yayılsa da, uzun yüzillər içində sistemli şəkil alan ərəb-fars təsiri sonucunda bir çox türk xalqı öz qədim yazı gələnəklərindən bəlli həddə uzaq düşüb. Bununla belə, Orxon-Yenisey yazıları, Uyğur əlifbası, Osmanlı-Türk dili kimi mədəni miraslar dünya tarixində önəmli yer tutur;
Mifologiya və fəlsəfi təsirlər:
Türk mədəniyyəti şamanizmdən sufizmə, oradan isə klassik İslam fəlsəfəsinə keçid edərək müxtəlif mənəvi dünyagörüşlərini özündə toplayıb. Özəlliklə “Dədəm Qorqud”, “Qutadqu Bilik”, “Divanü Lüğət-it-Türk”, eləcə də, Əhməd Yəsəvi, Nəsimi, Yunus Əmrə, Füzuli, Mövlana və digər şəxsiyyətlərin irsi türk mədəniyyətinin ideya və mənəvi kölgəsini formalaşdırıb;
Musiqi və incəsənət:
Türk xalqları musiqi və sənətdə də önəmli izlər qoyub. Türküstan musiqisindən Osmanlı məqam (muğam) sisteminə, muğamdan türk rok və pop türlərinədək geniş bir spektr vardır. Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Barış Manço, Polad Bülbüloğlu, Fərrux Zakirov, Əzizə Mustafazadə, Dimaş və b. musiqiçilər ümumtürk mədəniyyətinin dünya miqyasında kölgəsini daha da genişləndirib və kimisi irsən, kimisi bilavasitə bu işi davam etdirməkdədir...
Türk mədəniyyətinin meyvələri – konkret uğurlar
Əgər kölgə genişdirsə, bəs konkret meyvələr hansılardır?
Bəzi tarixi dönəmlərdə türk mədəniyyətinin meyvələri yetərincə güclü olub. Özəlliklə Səlcuqlu dönəmində (XI-XIII yüzillər), Osmanlı İmperiyasının altun dönəmində (XVI-XVII yüzillər) və çağdaş Azərbaycan-Türkiyə-Türküstan inteqrasiyasında türk mədəniyyətinin gerçək təsiri müşahidə olunur.
Elm və texnologiya alanında da önəmli adlar vardır:
Örnəyi, Əli Quşçu, Biruni, Cəzəri, Fərabi, Hazini, Xarəzmu, İbni Firnas, İbni Xaldun, İbni Xeysəm, İbn Sina, Katib Çələbi, Uluqbəy, Kaşğarlı Mahmud, Tusi, Piri Rəis və b. elmə böyük xidmətlər göstərib. Çağdaş dönəmdə isə mərhum bilginlər - Lütfizadə, Azad Mirzəcanzadə, Osman Sinanoğlu, eləcə də, Nobel ödüllü Əziz Sancar və texnoloji yeniliklərdə rol oynayan Elyaz Babayev, Səlcuq Bayraqdar kimi simalar bu mədəniyyətin (necə deyərlər) yeni meyvələri hesab oluna bilər;
Çağdaş dönəmdə yeni inkişaf dalğası:
Türk dünyasının birləşməsi və yeni institutların qurulması (TDT – Türk Dövlətləri Təşkilatı və s.), ortaq televiziya platformalarının yaradılması (TRT-Avaz, Türk dünyası festivalları və s.), birgə iqtisadi layihələrin həyata keçirilməsi Türk dünyasının yeni dönəmdə gerçək(çi) meyvələr vermək potensialını göstərir.
Kölgənin meyvədən böyük olmasının nədənləri
Türk mədəniyyətinin kölgəsinin geniş, lakin meyvələrinin bəzən az görünməsinin bir neçə səbəbi var. -
Mərkəzsizləşmə və parçalanma:
Tarix boyu türk mədəniyyətinin daşıyıcıları çox fərqli coğrafiyalara yayılıb və müxtəlif siyasi sistemlər altında inkişaf edib. Bu isə birgə fəaliyyətin və inteqrasiyanın çətin olmasına səbəb olub;
Dış təsirlərin dominantlığı:
Fars, ərəb, rus və Avropa təsirləri türk mədəniyyətinin bəlli dönəmlərdə öz mahiyyətini tam ifadə etməsinə əngəl olub. Osmanlı dönəmində ərəb-fars təsiri, Sovet dönəmində isə rus-sovet ideologiyası türk kimliyinin təcallalarını bəlli həddə məhdudlaşdırıb;
Keçmişə həddindən artıq bağlılıq:
Bəzi hallarda türk mədəniyyətinin intellektual mühiti keçmişin şanlı mirasına həddindən artıq bağlanaraq yeni meyvələr yetişdirməkdə çətinlik çəkib…
Çağdaş mədəniyyət ürətimində rəqabət zəifliyi:
Batı dünyası çağdaş dönəmdə kütləvi mədəniyyət və pop-kultura alanında dominant olduğu üçün Türk dünyası bir qədər geri planda qalıb. Lakin son dönəmlərdə türk serialları, musiqisi və kinoları bu tendensiyanı dəyişməyə başlayır.
Bəli, Türk dünyası mədəniyyətinin kölgəsi meyvəsindən daha böyük olub, çünki onun təsiri yalnız konkret uğurlardan deyil, böyük bir sivilizasiya fenomeni kimi yayılmasından ibarətdir. Lakin son dönəmlərdə meyvələrin yenidən yetişməsi sürəci güncəl fazaya keçir.
Bəs ən əsas sual nədir? - Sual budur:
Türk mədəniyyəti yalnız kölgəsi ilə yaşamağa davam edəcək, yoxsa yeni meyvələr yetişdirmək üçün özünü çağdaş dönəmə uyğun şəkildə inkişaf etdirəcək? Cavab, əlbəttə, yeni texnologiyalar, elmi uğurlar və mədəniyyətin uyğunlaşma, uyğunlaşdırma və keçid yetənəyindən asılı olacaq...
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
Rəssam bizə ən xoşbəxt və ən bədbəxt dəqiqələrimizdə də lazımdı
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Rəssam Nizami Dadaşov deyir ki, ən xoşbəxt dəqiqələrim əsərlərimə sərf etdiyim vaxtlardır. Bu zaman öz hisslərimə qapılır, yaratmaq istədiyim hər bir əsəri dolğunluğu ilə üzə çıxarmağa çalışıram. Təbiət mənzərələrini, portretləri, ölkəmizə qarşı olan ədalətsizliyi fırçamla təsvir edərək yenidən yaşamaq eşqini və sevgi duyğularını insanlarda artırmaq, onları bir daha haqsızlıqla mübarizəyə çağırmaq, bir növ kamilləşdirmək istəyirəm.
Nizami Məhərrəməli oğlu Dadaşov 1964-cü ildə Sumqayıt şəhərində anadan olub. 1979-cu ildə 21 saylı orta məktəbin səkkizinci sinfi bitrdikdən sonra 6 saylı gecə məktəbində təhsilini davam etdirib. 1980-ci ildə Sumqayıt şəhərindəki Tənqid-təbliğ gənclər teatrında rəssam kimi çalışıb. 1982-ci ildə Almaniyada hərbi qulluqda olub. 1985-ci ildə 84 saylı orta texniki peşə məktəbinin 3-cü dərəcəli reklam tərtibatı üzrə icraçı rəssam şöbəsinə daxil olub. 1987-ci ildə fərqlənmə ilə bu məktəbi qurtardıqdan sonra 2-ci respublika xalq yaradıcılığı festivalında ilk dəfə olaraq beş əsəri ilə iştirak edib və fəxri fərmanla təltif olunub. 1988-ci ildə ilk fərdi sərgisi Sumqayıt şəhərinin Sərgi salonunda keçirilib. Bu sərgidə onun 115 əsəri təqdim edilib. 1989-cu ildə keçirilən ikinci fərdi sərgisində isə 127 əsəri nümayiş olunub.
1991-ci ildə Sumqayıtın Tarixi Muzeyində “Azadlığa doğru” adlı sərgidə əsərləri ilə çıxış edib. Bu sərgidə “20 Yanvar” hadisələrinə aid 120-dən çox əsəri olub. Əsərlər hazırda Muzeyin fondunda saxlanılır. Bir çox sənət nümunəsi Bakı Vernisajında ABŞ, Fransa, Türkiyə, Hindistan və başqa dövlətlərə satılıb. Bəzi əsərləri isə şəxsi kolleksiyalardadır.
1987-ci ildə Sumqayıt “Azkimyatəmir” Tikinti Trestində Baş rəssam işləyib.
1988-ci ildə Bakı şəhəri 12 saylı Peşə liseyində tərtibatçı-rəssam peşəsi üzrə təlim ustası işləyib.
2000-ci ildən 9 saylı BPL-də tərtibatçı-rəssam işləyib.
Hazırda Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sumqayıtın 70 illik yubileyində Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir, iki övladı, beş nəvəsi var.
İ.V.Höte deyib: “Rəssam bizə ən xoşbəxt və ən bədbəxt dəqiqələrimizdə də lazımdır.” Rəssamlarda xüsusi istedad ilahi vergidir. Tanrı bu istedadı bəndələrinə bəxş edib ki, onlar dünyanın hüdudsuz ənginliklərini duyub qavrasın, təxəyyül süzgəcindən keçirsin, çeşidli çalarlarla kətana köçürsün. Bu, böyük xoşbəxtlikdir. Belə xoşbəxt insanlara yalnız həsəd aparmaq olar. Rəssam Nizamiyə bu xoşbəxtlik nəsib olub. O, fantaziyaları ilə həyatın ağ və qara üzünü olduğu kimi insanların dərd-sərini, keçdikləri enişli-yoxuşlu yollarını özününküləşdirib, yaradıcılıq əzabına qatlaşıb.
Sənət zirvəsində ən ali məqam tutan Nizami Dadaşovun dünyanın mühüm ölkələrində nümayiş olunan əsərlərinin yüksək dəyərləndirilməsi qəlbən bağlandığı rənglər dünyasının daxili zənginliyi ilə bağlıdır.
FEKO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan Qrupunun fəal üzvü, istedadlı rəssam Nizami Dadaşovun müxtəlif janrlı əsərləri dünyanın məşhur muzeylərini, rəsm salonlarını bəzəməklə onu yeni uğurlra çağırır. O yorulmadan, əzmlə Azərbaycanın dünəni, bugünü və işıqlı gələcəyini, millətin firavan həyatını təsvir edən yeni əsərlər üzərində çalışır. Bu əsərlərin də ona uğur gətirəcəyinə inanırıq.
Bir sözlə, həyatda düzgün mövqe tutan, qarşısına qoyduğu məqsədlərinə müvəffəqiyyətlə nail olan və mənəvi saflığa üstün verən rəssamın fantaziyasına daxil olan əsərləri sənət aləmində ona rəğbət qazandırır, daxili potensialını üzə çıxarır.
Nizamı Dadaşova sağlam uzun ömür və bolluca uğur və sevinc arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
Ən böyük həqiqətlər susqunluğun içində gizlənir
Kübra Quliyeva və Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İnsanlar yazmağa başladıqları hekayələrin baş qəhrəmanı olduqları zaman onun sonsuza qədər davam edəcəyini düşünürlər. Amma hər hekayənin bir sonu var—bəzən qəfil, bəzən səssiz, bəzən də baş qəhrəmanın heç gözləmədiyi bir anda.
Hekayənin sonu çox vaxt müəllifin qələmindən süzülən bir hiss kimi baş rola duyurulur. Bəzən bir söz, bəzən bir baxış, bəzən isə sadəcə susqunluq o sonun başlanğıcını gətirir.
Amma bəlkə də hekayələr həqiqətən bitmir? Müəllifin qələmi dayansa belə, qəhrəmanın içində başqa bir səs yazmağa davam edir. O səs, bəzən ümidin pıçıltısı, bəzən isə xəyal qırıqlıqlarının sükutudur. Hər xəyal qırıqlığı yeni bir başlanğıcın pəncərəsidir, çünki qəlb qırıldığı yerdən yenidən düzəlməyə başlayır. Və bəzən qələm ən dərin ağrılardan, ən gözlənilməz sonlardan doğulan yeni bir hekayəni yazmaq üçün titrəyir.
Bəlkə də gerçək müəllif heç vaxt tamamilə hekayənin içində itməz. O, bir kənardan baxar, seyr edər, lazım gəlsə, bir cümlə ilə hər şeyi dəyişdirər. Çünki yazmaq sadəcə bir son yaratmaq deyil—o sonu qəbul edib yeni bir hekayəyə çevirməkdir.
Bəzən bir hekayə bitər, amma o bitmənin içində daha dərin bir davam gizlənər. İnsan qələmini bir kənara qoyduğunu zənn edər, amma düşüncələrinin arxasında başqa bir yazar, başqa bir səs onun yerinə yazmağa başlayar. Çünki hər bir son, içimizdə başqa bir şeyin doğuluşuna zəmin hazırlayır.
Ən çətini, hekayənin necə bitdiyini bilməməkdir. Bəzi insanlar üçün hekayələr qışqırıqla sona çatar. Ayrılığın səsi, bir qapının çırpılması, bir mesajın cavabsız qalması kimi. Digərləri üçün isə bu son, səssizliyin içində əridiyindən, onlar nə vaxt bitdiyini belə anlamazlar. Sevgi də belədir. Bəzən bir sözlə ölər, bəzən isə səssizlik onu içdən-içə çürüdər. Ən təhlükəlisi də budur, yavaş-yavaş yox olan şeylər, insanı içindən gəmirən izlər qoyar.
Hekayələrin bitməsi insanın əlində deyil, çünki biz sadəcə onları yazdığımızı düşünürük. Əslində, yazdığımız hər cümlə bizdən kənara çıxır, öz həyatını yaşayır, başqalarının gözlərində, xatirələrində və toxunuşlarında fərqli şəkillərə bürünür. Bir zamanlar gözlərinə baxaraq sevdiyini sandığın insan, bir gün yad bir simaya çevrilir. Amma yadlaşmaq, unudulmaq deyil. Yadlaşmaq, sadəcə, başqa bir hekayədə başqa bir rol almaqdır.
Əsl sual budur ki, biz birini sevdiyimizdə, onu həqiqətən tanıyırıqmı? Yoxsa sevdiyimiz şey, onun haqqında yazdığımız hekayənin içindəki obrazdır? Çünki insanı tanımaq, onu həqiqətən olduğu kimi görməkdir. Amma sevgi insanın gözlərini örtər, onu xəyalına uyğun formaya salar, onu öz daxili aləminə uyğun bir qəhrəmana çevirər. Sonra bir gün o qəhrəman öz gerçək simasını göstərəndə, biz hekayənin bitdiyini düşünərik. Amma bəlkə də hekayə o anda başlayır. Bəlkə də sevgi, insanın yaratdığı bir yalandan oyandığı an doğulur.
Sevgilər unudulmur, sadəcə susur. Susqunluq isə öz dilində danışır. Bəzən gecənin qaranlığında, bəzən bir küçənin tinində, bəzən isə heç gözləmədiyin bir musiqinin içində. İnsan keçmişi geridə qoyduğunu sanır, amma bir gecə yuxusunun içində unudulmuş bir adın fısıltısı ilə oyandığında anlayır ki, heç nə itməyib.
Və bəlkə də bütün bu sonsuz dövrənin içində, yazmağa davam etməyin yeganə səbəbi budur: İnsan yaşadıqlarını bitirmək üçün yazır, amma hər yazdığı şey onu yenidən o hisslərin içinə çəkir. Biz yazdıqca, yaşadıqlarımız bizdən qurtulmur, sadəcə yeni formalar alır. Çünki hekayələr, onları yazanların belə bilmədiyi şəkildə davam edir.
Bəlkə də insan, qələmi yerə qoyduğunu sandığı anda belə, içindəki görünməz qələm yazmağa davam edir. Və bəzən, ən böyük həqiqətlər susqunluğun içində gizlənir. Çünki bəzi hekayələr, yalnız danışılmadığında həqiqi olur.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
TƏLƏBƏ YARADICILIĞI – “Dəyişən zamandır, yoxsa insanlar?”
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Sosial-iqtisadi Kolleci, Məktəbəqədər təhsil fakültəsinin 2-ci kurs tələbəsi Ayşən Cəfərlinin yaradıcılıq nümunəsi təqdim edilir.
Dəyərli məktub. Dostum, necəsən?
Son məktubun əlimə daha yeni çatdı və mən bütün bu işlərimin arasında, indi vaxt tapa bilmişəm və sənə cavab yazıram. Bilirsən, sənin üçün həddindən artıq darıxıram. Səninçün və onlarüçün.
Bilirsən, sən gedəni burada hər şey çox dəyişib. Amma hər şeyin dəyişdiyi bir dövrdə, mənim sənə olan sevgim dəyişməz qalıb. Son zamanlarda ən çox düşündüyüm şey keçmişdi.
Əvvəllər qoca nənə və babalar hey deyinirdilər;
- Kaş o vaxtlar olaydı.
Əvvəllər sözün düzü onları başa düşməzdim. Çünki, o zamanlar mənə dünyanın ən gözəl günləri kimi gələrdi. Onlarla birlikdəydik və ən əsası sən yanımdaydın. Səninlə danışmaq isdədiyimdə, sözlərimi bir kağız parçasına yazmır, o mavi gözlərinin içinə baxar, elə danışardım. Sən bilməzdin, amma mən o gözlərin içində itər, o mavilikdə boğulardım.
İndi yəqin deyirsən ki, görüntülü danışırıq. Amma inan mənə, o danışıqlar mənə bəs etmir. Bir ekranın içindən səni görmək yox, yanımda, yaxınında olmanı daha çox istərdim.
Keçən gün Gültacı gördüm. Saçlarını kəstirmişdi. Tanımadım desəm yalan olmaz. Dəyişmişdi.
Niyə, bilmirəm, onu görəndən sonra özümü çox pis hiss etdim. Mənə uzaqdan salam verdi.
Mən də ona. Amma nə isə əksik idi. Dinlə, burada hamı çox dəyişib və bu məni incidir.
İllərimin birlikdə keçdiyi bu uşaqlarla bu qədər uzaq olmağınız, məni dərindən yaralayır.
Dəyişən zamandı, yoxsa insanlar?
Zaman qorxunc və qəribədir. Eynən insanlar kimi. Xatırlayıram, çox yox, bir 6-7 il bundan əvvəl, ən yaxın dostlarımla küçədə oynayırdım. Dan ulduzu çıxanacan. Anam, “Gecdi artıq evə gəl!” deyə qışqırana qədər. Sonra səhər açılar, yenə eyni qaydayla oynayardıq. Mənə sanki bunlar dünən yaşanmış kimi gələrkən, əslində üzərindən illər keçdiyinin də fərqindəydim. Eh, ötüb keçən zaman heç nəyi geri gətirmədiyi kimi, o günlərdəki insanları da geri gətirməmişdi.
İnsanlar evlərinə qapanarkən, yalnızlıq onları əsir alarkən, həm dostluq, həm də qonşuluq unuduldu. Birlikdə saatlarımı keçirdiyim insanları görməz oldum. Zamanla, o insanlarla salamlaşarkən, o salamı necə çətinliklə... - bunu sənə necə deyim axı - hə, yadlıqla verildiyini gördüm. Sanki heç tanımadığım bir insanla salamlaşırdım.
O gün Gültacı gördüm dedim, bundan başqa bir il əvvəl Sənan əsgərliyə getdi. Bunu sənə niyə demədim, bilmirəm. Bəlkə də onlar haqqında danışmağı sevmədiyin üçün deməmişəm, inan yadımda deyil. Nəysə, onun yığıncağı oldu, amma biz onlara getmədik. Ailəsi qonşulardan heç kimi çağırmamışdı. Amma, qonşuluqdan kənar, biz axı dost idik? İcazə günlərində evə gələndə arada onu görürəm. Nə o, nə də mən, salam vermirik, bir-birimizin yanından ötüb keçirik. Gültacla arada salamlaşırıq, Laləylədə. Digərləri ilə isə heç, üzümüzə belə baxmırıq. Muradı danışdım heç? O qədər uşağın içində mənə ən yaxın olan oydu. Ən yaxın dostum idi. İndi qarşılaşanda üzümə belə baxmır!
Mən isə onların hər birinə uzun-uzun baxıram. Çünki, onların baxmayacağından əminəm. O gözlərdə, nə qədər böyüsələr və dəyişsələr də o balaca uşağı axtarırdım.
Hərdən düşünürəm ki, vaxtında təməli sağlam dostluqlar qura bilməmişik. Əgər qursaydıq bu gün bir-birimizdən belə ayrı olmazdıq.
İlk sən getdin, sonra Murad, sonra zamanla Lalə, Gültac və Sənan. Domino daşları kimi dağıldıq. Sən getdin və mən tək qaldım. Sən getdin və onlar da getdi. Mən tamamən yalnız qaldım.
İllər keçsə də, zaman dəyişsə də, səni hələ də əvvəlki kimi sevirəm.
Çox sevgili məktub dostum, ümid varam bir gün evə geri dönərsən və mən o mavi gözləri bir ekranda yox, daha yaxından görərəm.
Sevgilərlə, Aylin.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Nəsihət”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Nəsihət” şeirini təqdim edəcəyik.
Bu bir atanın bir oğula nəsihətidir, amma həm də bir müdrik şairin minlərlə gəncə nəsihətidir. Razılaşın ki, günümüzdə məhz bu sayaq nəsihət verənlərə kəskin ehtiyacı yaranıb gəncliyin.
NƏSİHƏT
Enişli, yoxuşlu uzanır bu yol,
Demə, atam varsa, mən aşacağam.
Hələ sakit dayan, ehtiyatlı ol,
Alış bu həyata neçə ki, sağam.
Bu dağlar haraylı, bu düzlər haylı,
Hər qaya bir tarix, hər daş ocaqdır.
Yıxılsan torpağa sən üzüqoylu
Torpağın nəfəsi qaldıracaqdır.
Keçilməz sədləri
çağır yol üstə,
Neçə ki, atan var
ağır yol istə,
Sına öz qüvvəni
yoxuşlar üstdə.
Həyat silkələyib çəksə də dara,
Qorxaqlar yıxılır, qorxma sən bir an.
Demə, çətinlik yox, ta bundan sonra,
Ucalmaq, ucaltmaq, yaşamaq asan.
Bu həyat yolları qurtaran deyil,
Bilmirsən haradan hayana gedir.
Bunu yadda saxla, bunu yaxşı bil:
Həyat axıracan mübarizədir!
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
ÜÇ POETİK YARPAQ – “Sonra kirləndi bütün nağıllar, laylalar, türkülər...”
“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim edirik.
***
Bir dünya da tapılmır
Bu Yerdən çıxam, Allah.
Bu kələfdən, düyündən,
Bu sirrdən çıxam, Allah.
Heç nəyə yox həvəsim,
İçimdə susub səsim,
Məni hayanda gəzim,
Özümdə yoxam, Allah.
Bir canım var, min qəmim,
Buğda qəmim, dən qəmim,
Mənə haqq olub qənim,
Düyünəm, dağam, Allah.
Dərd üçün seçilmişəm,
Dərdimə biçilmişəm,
Böyüyüb kiçilmişəm,
Hələ ki, sağam, Allah.
Dörd yanımız qurd, köpək,
Çığır, bağır, küy, kələk,
Qoymadılar sevinək
Bu şeytan, xoxan, Allah.
Bir dünya da tapılmır
Bu Yerdən çıxam, Allah.
Bu kələfdən, düyündən,
Bu sirrdən çıxam, Allah.
***
İnamımdan büdrəyib dəymədiyim zamanlardı ,
Hələ dünyanın tərtəmiz, pak vaxtıydı,
Anamın nağıllarıyla ovunurdum hələ,
Hər gecə göy üzündən ətək-ətək alma dərirdim,
Yuxuma ağ atlı oğlanlar girirdi,
Göyçək Fatmanın qismətinə düşürdü ögey bacının gözü,
Ayaqqabısı ayağına dar gəlirdi.
Hələ cırtdanlar divlərə papuc tikirdi,
Ölümə yuxarıdan aşağı baxırdım hələ.
Günəş də yerindəydi, Ay da, ulduzlar da,
Nənəmin laylası üstə qurulmuşdu bəxtəvərliyim,
Anamın səsindəydi bütün notlar.
Hələ ağaclar yaşıl donunu soyunmamışdı,
Hələ azadlıq havasındaydı adamlar, çiçəklər, otlar.
Dərdim böyümək idi bircə,
Böyüyüncə sığallanmaq, ətirlənmək, bəzənmək,
Sonra ürəkdolusu sevmək, sevilmək.
Sonra bəs?
Sonra inamımdan büdrəyib yıxıldım,
Sonra sınıb töküldü hər şey, hər kəs,
Bütün inanclar, bütlər.
Sonra ağ atlı oğlanlar atından düşdü,
Sonra göyçək Fatmanın ayaqqabısını ögey bacıya geyindirdilər,
Sonra xəyanətlər başladı,
Sonra beşgünlük sevgilər,
Sonra kirləndi bütün nağıllar, laylalar, türkülər...
***
Dünyadan nakam getmiş Vüqarın əziz xatirəsinə. Hiss etdiklərim və yaşadıqlarım..
O gecə saatın əqrəbləri
2 -nin üstündə ilişib qaldı,
Tutub çəkə bilmədim səhərə sarı.
Adını pıçıldadım Göy üzünə
ən azı min kərə o gecə,
Səni Tanrıya, ulduzlara, aya, səmaya tapşırdım,
Səsim göy üzündə azdı.
Başımın üstündə dayanıb sakit-sakit
üzümə baxdı qaranlıq,
Kimsə Göy üzünə daş atmışdı deyəsən,
O gecə pəncərəmdən işıq düşmədi.
Kölgə xatirələr boylandı zülmətin dörd tərəfindən,
Dolandım yarımçıq arzularının başına,
Çıxa bilmədim sənsizlikdən.
Qaldım gecəylə səhərin arasındakı alatoranda,
Ümidlərim çilik-çilik olub
töküldü sənin otuz üç yaşına.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)
Türk qanı atəş kimi isti və qırmızıdır... – HALİDE EDİP ADIVAR
Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Beynəlxalq Türk Ədəbiyyatı Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsi olan TÜRK MƏDƏNİYYƏTİ ÜNLÜLƏRİ layihəsindəyik. Bu dəfə sizlərə Türkiyə yazarı, Türkiyə ədəbiyyatı klassikasında yer alan Halide Edip Adıvar barədə danışacağıq.
Türk ədəbiyyatının ən mühüm qələmlərindən biri olan Xalidə Edib Adıvar (1884-1964) təkcə yazıçı deyil, eyni zamanda görkəmli bir təhsil xadimi və siyasətçi idi. Əsərləri ilə türk cəmiyyətinin keçid dövrlərini işıqlandırarkən, qadın hüquqları, milliyətçilik və Şərq-Qərb ziddiyyəti kimi mövzuları dərinləşdirdi. Bu yazıda onun bioqrafiyasını ədəbi şəxsiyyəti və yaradıcılığı əsasında təhlil edərək, türk ədəbiyyatındakı mövqeyindən və irsindən bəhs edəcəyik.
Xalidə Edib 1884-cü ildə İstanbulun Beşiktaş səmtində, Ceyb-i Hümâyun katiblərindən Mehmet Edib Bəy ilə Fatma Bədirfəm xanımın qızı olaraq dünyaya gəldi. Anasını uşaq yaşlarında itirməsi, onun Mövlavi mədəniyyəti ilə yoğrulmuş nənəsinin evində böyüməsinə səbəb oldu. Bu mühit, mistik və ənənəvi dəyərlərlə iç-içə keçmiş bir uşaqlıq həyatı yaşamasına şərait yaratdı. Nənəsindən aldığı tərbiyə, sonradan əsərlərində hiss olunacaq türk ənənələrinə sadiqliyinin əsasını qoydu.
Təhsil həyatına Üsküdar Amerikan Qız Kollecində davam edən Xalidə Edib burada qərb tərzi təhsil aldı. Lakin xüsusi müəllimlərdən aldığı dərslərlə Şərq və Qərb mədəniyyətlərini sintez etmək fürsəti tapdı. Rza Təvfiqdən ədəbiyyat və fəlsəfə, Salih Zəkidən riyaziyyat, Şükrü Əfəndidən ərəb dili dərsləri alması onun intellektual şəxsiyyətini formalaşdırdı. Rza Təvfiqin təsiri altında türk xalq ədəbiyyatına və mistisizmə maraq göstərərkən, Salih Zəkidən qazandığı pozitivist baxış bucağı əsərlərində ağıl-hiss ziddiyyətini dərinləşdirdi.
Xalidə Edibin ədəbi dünyaya girişi 1897-ci ildə John Abbotdan etdiyi "Mâder" tərcüməsi ilə başladı. Lakin əsl çıxışını 1908-ci ildən etibarən "Tanin", "Mehasin" və "Müsəvvər Muhit" kimi jurnallarda dərc olunan yazıları ilə etdi. İlk romanı "Heyula" (1909) psixoloji gərginlik və qadın şəxsiyyəti əsasında qurulmuşdu. Bu əsərdə cəmiyyətin qadına yüklədiyi rolları sorgulayan bir dil diqqət çəkdi.
1901-ci ildə riyaziyyat müəllimi Salih Zəki ilə evlənən Xalidə Edib bu evlilikdən sonra uşaqlarına fokuslansa da, 1908-ci ildə II Məşrutiyyət elan edildikdən sonra yenidən yazı həyatına qayıtdı. "31 Mart Hadisəsi"ndən sonra Misir və İngiltərəyə getmək məcburiyyətində qalması ona Qərb mədəniyyətini yaxından tanımağa imkan verdi. İngiltərədə feminist İzabel Fray ilə tanışlığı qadın hüquqlarına dair fikirlərini möhkəmləndirdi. Lakin Xalidə Edibin feminizmi Qərb modellərindən çox, türk qadınının ictimai və milli məsuliyyətləri ilə uyğunlaşdırılmış bir yanaşmanı əks etdirirdi.
Bu dövrdə qələmə aldığı "Seviyə Talip" (1910) və "Handan" (1912) kimi romanlar təhsilli və müstəqil qadın personajlar vasitəsilə ictimai tənqidlər irəli sürdü. "Handan" xüsusilə avtobioqrafik elementlər daşıyan və "dərin psixoloji böhran keçirən bir qadının hekayəsi" kimi qiymətləndirilən bir əsər idi. Yakub Kadrinin də vurğuladığı kimi, bu roman Xalidə Edibin daxili dünyasındakı tərəddüdləri əks etdirməsi ilə diqqət çəkici idi.
1910-cu illər Xalidə Edibin Türkçülük hərəkatına yaxınlaşdığı bir dövr oldu. Ziya Göyalp, Yusif Akçura və Həmdullah Suphi kimi şəxsiyyətlərlə Türk Ocağı ətrafında bir araya gəlməsi onun ədəbi və siyasi duruşunu formalaşdırdı. "Yeni Turan" (1912) bu təsirin konkret bir məhsulu idi. Roman utopik bir "Turan" dövləti xəyalını təsvir edərkən, mərkəzsizləşdirici və zorakılıqsız bir cəmiyyət modeli təklif edirdi. Qadın personajların təhsilli və fəal rol alması Xalidə Edibin qadını milli mübarizənin bir hissəsi kimi konumlandırdığını göstərirdi.
Balkan Müharibələri və I Dünya Müharibəsi Xalidə Edibin Qərbə olan münasibətini köklü şəkildə dəyişdi. Xüsusilə Qərbin türklərə qarşı tutumu onun əsərlərində "milli şüur" mövzusunu ön plana çıxartdı. Bu dövrdə xəstəxanalarda könüllü işləməsi və Suriyadakı təhsil fəaliyyətləri ictimai məsuliyyət anlayışının bir əksi idi.
1919-cu ildə İzmirin işğalı Xalidə Edibin həyatında dönüş nöqtəsi oldu. Sultanəhmət mitinqindəki ehtiraslı çıxışı onu milli bir simvola çevirdi. "Millətlər dostumuz, hökumətlər düşmənimizdir!" ifadəsi xalqın müqavimət ruhunu alovlandırdı. 1920-ci ildə həyat yoldaşı Adnan Adıvar ilə Anadoluya keçərək Milli Mübarizəyə qoşulması onun ədəbi şəxsiyyətini də dərin təsirləndirdi.
Bu dövrdə yazdığı "Odlu Köynək" (1922) və "Vurun Mərhəmətsizə" (1923) Milli Mübarizəni təsvir edən ilk romanlar arasında idi. "Odlu Köynək" cəbhədəki əsgərlərin və cəbhə arxasındakı qadınların mübarizəsini təsvir edərkən, "Vurun Mərhəmətsizə" müəllimə Əliyənin Anadoludakı işğalçı qüvvələrə qarşı mübarizəsindən bəhs edirdi. Bu əsərlərdə əvvəlki romanlarda görülən "dost Qərbli" imici yerini "müstəmləkəçi düşmən"ə buraxdı. Xalidə Edib bu kitablar vasitəsilə türk ədəbiyyatında "sənədli roman" janrının öncülərindən biri oldu.
“- İngilis qanı və türk qanı bir şeydir, madam?
- İngilis qanını mikroskop altında görmədim. Qırmızı və ya mavi rəngdə olub olmadığını bilmirəm. Ancaq türk qanı atəş kimi isti və qırmızıdır.” (Odlu Köynək, s. 40)
Milli Mübarizənin qələbə ilə nəticələnməsinə baxmayaraq, siyasi ixtilaflar səbəbilə 1925-ci ildə həyat yoldaşı ilə xaricə getmək məcburiyyətində qalan Xalidə Edib İngiltərə, Fransa və ABŞ-da keçirdiyi illərdə intellektual fəaliyyətini davam etdirdi. "The Clown and His Daughter" (1935) adı ilə ingilis dilində yazdığı "Sinekli Bakkal" türk dilinə tərcümə edildikdə CHP Roman Mükafatını qazandı. Bu əsər II Əbdülhəmid dövrü İstanbulunu təsvir edərkən Şərq-Qərb ziddiyyətini Rabiə və Peregrini personajları vasitəsilə işlədi. Rabiənin ənənəvi dəyərlərə sadiqliyi ilə Peregrininin Qərbli ziyalı kimliyi Xalidə Edibin idealizə etdiyi sintezi simvollaşdırırdı.
Xaricdə olduğu illərdə yazdığı "Turkey Faces West" (1930) və "Conflict of East and West in Turkey" (1935) kimi əsərlər Türkiyənin modernləşmə prosesini təhlil edən mühüm tədqiqatlar idi. Həmçinin Hindistanda keçirdiyi konfransların yekununu "Inside India" (1938) adlı kitabda toplaması, ingilis müstəmləkəçiliyinə tənqidi yanaşma təqdim edərkən, Qandinin zorakılıqsız müqavimət fəlsəfəsinə heyranlığını əks etdirirdi.
Xalidə Edibin əsərləri tematik olaraq üç əsas qrupa bölünə bilər:
1.Qadın və Cinsiyyət: Qadınların təhsili, azadlığı və ictimai rolları Xalidə Edibin erkən dövr əsərlərinin mərkəzində dururdu. "Handan" və "Seviyə Talip" kimi romanlarda təhsilli, lakin ictimai təzyiqlərlə mübarizə aparan qadınlar ön plana çəkildi. "Yeni Turan"da isə qadınlar siyasi və sosial sahədə fəal rollar üstləndi. Lakin yazıçı Qərb feminizmini kölgədə qoymadan türk qadınının milli və mədəni dəyərlərlə təchiz edilmiş bir şəxsiyyət inkişaf etdirməli olduğunu müdafiə etdi.
2.Milli Kimlik və Şərq-Qərb Sintezi: Xalidə Edibin əsərlərində Şərq və Qərb arasındakı gərginlik davamlı bir tema kimi özünü göstərir. "Sinekli Bakkal"da bu sintez Rabiənin ənənəvi musiqi istedadı ilə Peregrininin Qərbli intellektual bacarığının birləşməsində təcəssüm tapır. Yazıçı Osmanlının çoxmədəniyyətli quruluşunu zənginlik kimi qiymətləndirərkən, Qərbin texnoloji irəliləyişini rədd etmir. Onun fikrincə, türk cəmiyyəti yalnız bu ikisinin sintezi vasitəsilə inkişaf edə bilərdi.
3.İctimai Ədalət və Siyasi Tənqid: Milli Mübarizə dövrünə aid əsərlər ictimai ədalət və vətənpərvərlik mövzularını vurğulayırdı. "Vurun Mərhəmətsizə"də dini xadimlərin ikirəngliyi tənqid edilərkən, "Odlu Köynək"də adi insanların qəhrəmanlıqları diqqət mərkəzində idi. Xalidə Edib romanlarında xalqın səsini əks etdirməklə kifayətlənmədi, həm də dövrün siyasi çaxnaşmalarını sənədli dəqiqliklə təsvir etdi.
Xalidə Edibin üslubu psixoloji dərinlik və ictimai realizm arasında gedib-gəlir. İlk dövr əsərlərində romantik və emosional bir dil üstünlük təşkil edərkən, Milli Mübarizə illərində daha sadə və epik bir ifadə tərzi qəbul etdi. “Sinekli Bakkal” kimi yetkinlik dövrü romanlarında isə simvolizm və istehza ön plana çıxdı.
Personaj yaradıcılığında qadınların daha güclü və dinamik olması diqqət çəkir. Kişi personajlar isə ümumiyyətlə ikinci planda qaldı. Bu vəziyyət yazıçının qadın şəxsiyyətinə verdiyi əhəmiyyəti əks etdirir. Lakin bəzi tənqidçilər kişi personajların səthi şəkildə işləndiyini irəli sürmüşlər.
Xalidə Edib Qərb ədəbiyyatını türk dilinə qazandırmaq sahəsində də mühüm rol oynamışdır. Şekspirdən “Hamlet” və “Antoni və Kleopatra”, Orvelldən “Heyvan Ferması” kimi tərcümələri türk oxucusunun dünya ədəbiyyatı ilə tanış olmasını təmin etdi.
1939-cu ildə Türkiyəyə qayıdan Xalidə Edib İstanbul Universitetində İngilis Dili və Ədəbiyyatı Kafedrasını yaratdı. 1950-1954-cü illər arasında İzmir millət vəkili kimi siyasətə atılsa da, əsas irsini ədəbiyyat sahəsində qoydu. “Tatarcıq” (1939) və “Sonsuz Panayır” (1946) kimi son dövr romanları ictimai dəyişiklikləri istehzalı bir dillə təhlil etdi.
Xalidə Edib 9 yanvar 1964-cü ildə İstanbulda vəfat etdi. Əsərləri türk ədəbiyyatında qadın səsinin güclənməsinə, milli şüurun formalaşmasına və mədəni sintez axtarışlarına rəhbərlik etdi.
Biblioqrafiyaya keçməzdən öncə sizə aşağıda təqdim edilən foto barədə bir neçə kəlmə demək istəyirəm. Bu özəl bir fotodur. Edip Adıvar 1-ci Dünya savaşı sonunda İstanbulun işğal edilməsinə qarşı Sultanahmed meydanında böyük bir mitinq təşkil etmişdi. Bu fotoda o mitinqdə çıxış edir.
Biblioqrafiya
İpek Çalışlar, Halide Edip: Biyografisine Sığmayan Kadın, İstanbul: Everest Yayınları, 2010.
Ayşe Durakbaşa, Halide Edip Türk Modernleşmesi ve Feminizm, İstanbul: İletişim, 2000
İnci Enginün, Tanzimat'tan Cumhuriyete 1839-1923 Yeni Türk Edebiyatı, İstanbul: Dergah Yayınları, 2019.
Berna Moran, Türk Romanına Eleştirel Bir Bakış, İstanbul: İletişim, 2021.
İnci Enginün, "ADIVAR, Halide Edip", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/adivar-halide-edip [Erişim Tarihi: 12.02.2025.
Münire Kevser Baş, “Halide Edip Adıvar”,Türk Edebiyatı Eserler Sözlüğü, https://teis.yesevi.edu.tr/madde-detay/adivar-halide-edip [Erişim Tarihi: 11.02.2025].
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)