12 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında gənc kitabxanaçılar üçün yazıçı, psixoloq, filosof-şərqşünas Rövşən Abdullaoğlunun “Qorxular”, “Hər bir insan hökmdardır” adlı kitablarının və yazıçı, publisist, şair Vaqif Bəhmənlinin “Hamı” adlı şeirlər toplusunun icmalı keçirilib. İcmal zamanı müəlliflərin yaradıcılığı haqqında, sonra isə kitabların məzmunu barədə məlumat verilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşı tərəfindən “Qorxular” kitabının icmalı zamanı qeyd olunub ki, insanlar kəskin qorxduğu zaman vəziyyət nəzarətdən çıxır və bu ssenarilərdən biri fəaliyyətə keçir: qaçmaq, təslimiyyət, donub qalmaq, mübarizə aparmaq.
İnsanlar bu davranışların hər birini özündə cəm edib. İnsan qorxu hissi keçirəndə qalib gəlmək üçün ən ali və düzgün çıxış yolunu tapmalıdır.
“Hər bir insan hökmdardır” kitabının icmalı zamanı isə qeyd olunub ki, uğur irsən keçmir, öncə məqsəd və hədəfin olmalıdır. Hədəf nə qədər aydın, ali və dəqiq olarsa cazibə qüvvəsi bir o qədər güclü olar.
Sonda Vaqif Bəhmənlinin “Hamı” şeirlər toplusu kitabından “Xeyir” və “Vaxt” adlı şeirlər səsləndirilib.
Kitab icmalının keçirilməsində məqsəd kitabın əsas ideyalarını, qəhrəmanlarını, mövzusunu və müəllifin məqsədini izah etməklə, insanlar arasında müzakirələr və düşüncələr yaratmaqdır. Həmçinin kitab icmalları kitabxana sahəsində kitabın dərindən öyrənilməsi məqsədini daşıyır. Kitabxanaçılar kitabları birgə təhlil etməklə, müəyyən mövzular üzərində müzakirə aparmaqla öyrənilən bilikləri daha yaxşı mənimsəyir və oxuculara təqdim edə bilirlər.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)