ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 09 Sentyabr 2024 11:48

Lənkəranda “Cənub inciləri” təqdim olundu

Qafar Cəfərli, AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq. “Ədəbiyyat və incəsənət” üçün

 

 

7 sentyabr 2024-cü il tarixdə AYB Lənkəran Bölməsində yeni çapdan çıxan "Cənub inciləri" antologiyasının təqdimatı keçirildi.

Təqdimatda  Cəlilabad, Masallı, Yardımlı, Astara, Lerik və Lənkərandan olan yazarlar, ziyalılar, oxucular iştirak etdi. 

 

Tədbiri giriş sözü ilə bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açdı. O, tədbir iştirakçılarını salamladı, kitabda çap olunan bütün müəllifləri, bölgənin ədəbi mühitini, ziyalıları və oxucuları təbrik etdi. Bildirdi ki, fəaliyyətdə olduğu 46 il ərzində Bölmədə 2004 və 2015-ciillərdə “Ömür yarpaqları” adl iki antologiya nəşr olunmuş, təxminən on illik fasilədən sonra “Cənub inciləri” işıq üzü görmüşdür. Antologiyada əsasən bölgənin altı rayonunda yaşayan qələm adamlarının, daha çox isə gənclərin əsərləri yer almışdir. 

Qafar Cəfərli çıxışında  87 müəllifin yer aldığı, bütün ədəbi növləri əhatə edən antologiyada əsərlərin əlifba sırası ilə düzüldüyünü, yazıların peşəkar korrektə və redaktə olunduqdan sonra kitaba daxil edildiyini, bəzi xırda qusurlarına baxmayaraq antologiyanın nəşrinin bütün hallarda bölgənin ədəbi həyatında bir uğur və hadisə olduyğunu xüsusilə vurğuladı.

Məclisi idarə edən Qafar Cəfərli sözü tədbir iştirakçılarına verdi. Yardımlı rayonundan şair İqbal Nəhmət, Cəlilabad rayonunundan filologiya elmləri üzrə fəlsəfə doktoru, şair və yazıçı Bilal Alarlı, Masallı rayonundan şairlər Allahverdi Bayrami və Camal Lələzuə, Astara rayonundan şairlər Firəngiz Ümid və Nəriman Azəri, Qaradağ rayonundan gəlmiş şair Qorxmaz Kadusi, Lənkəran yazarlarından: "Aşkarlıq" qəzetinin baş redaktoru, yazıçı Hacı Etibar Əhədov, yazıçı-publisist Səyavuş Süleymanlı, "Zərban"TV-nin təsisçisi və baş redaktoru, yazıçı Hafiz Mirzə, həkim-yazıçı Eldar Tahirov, şairlərdən Bəxtyar Əliyar, Tofiq Həsənli və Əyyub Türkay, bölmənin sabiq sədri, mərhum şair İltifat Salehin qızı Afaq İltifatqızı və başqaları çıxış edərək antalogiyanın nəşri münasibətilə müəllifləri təbrik etdilər. Hazırlanmasında birbaşa təşəbbüsçü və bütün ağırlığını boynuna götürən, nəticədə son dərəcə nəfis tərtibatda, gözəl dizaynda nəşr olunan kitaba görə bölmə sədri, kitabın tərtibçisi və baş redaktoru Qafar Cəfərliyə, kitabın redaktorlarına və bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər. 

İqbal Nəhmətin, Bəxtiyar Əliyarın və Nəriman Azərinin məclisdə oxuduğu şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda Qafar Cəfərli çıxış edərək söylənilən irad və təkliflərə münasibət bildirdi, tədbir iştirakçılarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirdi. O, tədbir iştirakçılarına, çıxış edənlərə söylənən xoş sözlərə görə, xüsusən kitaba ön söz yazan AMEA-nın ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yisifliyə, kitabı nəfis şəkildə çap edən “Bakı mətbəəsi” ASC-nin  rəhbəri, Azərbaycan və Rusiya  Yazıçılar Birliklərinin üzvü, yazıçı, tanınmış alim və naşir Şəddat Cəfərova və tədbiri kameranın yaddaşına köçürən “Zərban” TV-nin təsisçisi Hafiz Mirzəyə öz adından və bölgə yazarları adından minnətdarlığını bildirərək tədbiri yekunlaşdırdı. 

Sonda xatirə şəkilləri çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Əziz Nesin deyirdi ki: "Uşaqlara daha yaxşı bir dünya qoymaq yerinə, dünyaya daha yaxşı uşaqlar qoysanız, problem öz-özlüyündən həllini tapacaq əslində."

 

Bu gün sizləri "Bir uşaq gülərsə dünyamız gülər" devizi ilə fəaliyyət göstərən “Təbəssüm yarat” ictimai layihəsi ilə tanış etmək istəyirəm. 

Müsahibimiz - layhənin rəhbəri İbrahim Əmirov həmsöhbət olduğumuz müddət ərzində bizə layihə haqqında ətraflı məlumat verdi. 

 

- İbrahim bəy, “Təbəssüm yarat” layihəsi neçə ildir fəaliyyət göstərir, bizə bir qədər layihənin yaranma tarixi haqqında məlumat verə bilərsinizmi? 

 

- "Təbəssüm yarat" könüllü qrupu ucqar kənd məktəblərinə yardım kampaniyası məqsədilə ilk dəfə 2017-ci ilin aprel ayında futbol azərkeşləri, əsasən də "Beşiktaş" futbol klubunun  azərkeşləri tərəfindən yaradılıb. 

Layihə üçün ilk dəfə maliyyənin yığılmasında da "Beşiktaş" azərkeşlərinin böyük rolu olub. Bu işdə digər azərkeş qrupları da  hər zaman bizə dəstək olublar. 

Layihə çərçivəsində İlk səfərimiz Daşkəsən rayonuna olub. Layihəmiz artıq 8-ci ildir ki, fəaliyyətdədir. Və bu 8 il ərzində biz 18 rayon, 39 kənddə olmuşuq, təqribən 11000-dən artıq uşaq seviindirmişik. Hazırda da bu yardım kampaniyası ilə uşaqları sevindirməyə davam edirik.

 

- Layihənin əsas məqsədi və fəaliyyət istiqamətləri nələrdir? 

 

-Layihənin əsas məqsədi ucqar dağ kəndlərində yerləşən məktəblərdə təhsil alan uşaqların tədris həyatına dəstək olmaq, uşaqları sevindirmək, uşaqlarda təhsilə maraq yaratmaqdır. 

İllərdir "Təbəssüm Yarat" komandası olaraq biz xeyirsevər insanlar tərəfindən gələn ianələr hesabına Azərbaycanın ən ucqar kəndlərinə gedirik, orada təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə məktəb ləvazimatları, ayaqqabı və geyimləri olmadığı üçün məktəbə gedə bilməyən uşaqlarımıza dəstək olmağa çalışırıq. 

Əsasən ucqar yerlərdə, dağ kəndlərində bəzən uşaqların məktləbli çantası, ayaqqabıları olmur, buna görə də təhsildən kənarda qalırlar. Biz də bacardığımız qədər onlara məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri və s. hədiyyə etməklə  bu səbəbləri aradan qaldırmağa, uşaqlarda təhsilə həvəs yaratmağa çalışırıq.

Bu yolda bizimlə addımlayan, uşaqların üzündə təbəssüm yaratmağa can atan minlərlə dəstəkçimiz var. Biz, bu komandanın fərqli peşələrdən, fərqli bölgələrdən bir araya toplanan 30-dan çox könüllüsü ilə birgə təmənnasız olaraq uşaqların üzlərində sevinc yaradırıq. Gecə-gündüz çalışmaqda tək məqsədimiz bir balacanın üzündə təbəssüm yaratmaq, bir uşağın daha xəyallarını gerçəkləşdirməkdir. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirik. Biz sizinlə daha minlərlə uşağın gözlərində xoşbəxtlik yaradacağımıza əminik. 

Bu günə qədər layihə çərçivəsində kənd məktəblərinə yardım kampaniyası Azərbaycanın müxtəlif ucqar rayonlarında (Daşkəsən, Ağdam, Ağcabədi, Astara, Quba, Lerik, Şəki, Tovuz, Lənkəran, Masallı, Gədəbəy, Siyəzən, İsmayıllı ) həyata keçirilib.

Məktəblərdən əlavə yardım kampaniyamız uşaq evlərində də - Sahil qəsbəsi (bərpa sosioloji Mərkəz), Şəki Şəhəri (İnteqrasiya tipli Gimnaziya), Binə qəsəbəsi (Ümüd Yeri uşaq Sığınacaği), Ramana qəsəbəsi (Nur Uşaq evi) baş tutub.

Həmçinin Şəhid övladları üçün bayram şənliyi keçirilib.

Bunlardan başqa layihə tərəfindən fərdi ailələrə də ərzaq, geyim və başqa yardımlar edilir. Bu günə qədər 1000 dən artıq ailənin ərzaq, qışlıq və adi geyim, uşaqlarının məktəbli forması, məktəbli çanta və ləvazimatları və s. kimi ehtiyacı təmin edilib, dərman xərcləri qarşılanıb. 3 uşağın əməliyyat xərcləri layihəmiz tərəfindən qarşılanıb. 

30-a yaxın az təminatlı ailə var ki, layihə yarandığı gündən biz hər il onların uşaqlarını məktəbə gedə bilmələri üçün məktəbli ləvazimatları və geyimlə təmin edirik.

2020- ci ildə Dünyanı bürüyən Covid19 virusu ölkəmızdən də yan keçmədi. Bu dönəmdə biz də Təbəssü myarat komandasi olaraq Bakı ətraflı Kəndlərdə 1000-dən artıq ailəyə ərzaq yardımı etdik.

"44 günlük" vətən müharibəsi dövründə cəbhə bölgəsinə də səfərlərim olub.. Yardımsevər insanlardan yığdığımız vəsait hesabına əsgərlərimizə dəstək olmağa çalışmışam. Bu təşəbbüsə görə "Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi" tərəfindən fəxri fərmana layiq də görülmüşəm. 

 

- Səfərlər zamanı sizi ən çox təsirləndirən və ya ən çox sevindirən məqamlar nələr olub? 

 

- Biz səfərə kimi çox yorğun oluruq, bəzən gecə saat ikidə-üçdə səfərə çıxırıq və bir də 15-16 saatdan sonra qayıdırıq. Çalışırıq bu səfərimizi bir günə başa çatdıraq. Çünki hamımızın əlavə işlərimiz var. Amma uşaqların o sevincini görəndə həqiqətən də bütün yorğunluğumuz çıxır. Uşaqlarla kerçirdiyimiz həmin bir saat, saat yarımlıq müddət ərzində çox sevinirik. Təsirləndirən məqamlar əslində çox olur. Biz getdiyimz yerlər çox ucqar yerlər olduğu üçün orda adi bir dəftərə sevinən uşaqlar var. Uşaqlar adətən məsəlçün şirniyyata, oyuncağa sevinərlər, amma orda dəftərə, qələmə sevinən uşaqlar olur. Və bu bizi həqiqətən çox təsirləndirir. Adətən getdiyimiz yerlərdə mağaza olmur. Mağaza bəzən 10, 15, 20 bəzən 30 km məsafəsinə olur həmin kəndlərin. Belə yerlərdə bəzən öz komandamızın üzvlərinə deyirəm ki, biz bəzən adicə bir su alanda belə seçim qarşısında qalırıq ki, hansı daha gözəldisə onu alaq, amma burda bir uşağa bir manat çıxarıb versək o, uşaq həmin bir manatı xərcləməyə yer tapa bilməyəcək. Buna görə də apardığımız ən xırda, ən kiçik hədiyyələr belə onlar üçün xüsusi əhəmiyyət daşıyır, böyük sevinclərinə səbəb olur. 

 

- Uşaqlarla sıx ünsiyyətdə olan biri kimi necə düşünürsüz, sizcə günümüzdə uşaqların ən çox nəyə ehtiyacı var? 

 

- Məncə günümüzün uşaqlarının ən çox təhsilə ehtiyacı var. İnsan həyatında təhsil çox vacibdir və biz də təhsilin vacibliyinin mahiyyətini düşünüb bu işləri görməyə çalışırıq. Mən özüm də sadəcə 5-ci sinifə qədər təhsil ala bilmişəm, imkansızlıq səbəbindən təhsilimi başa çatdıra bilməmişəm.

Və bir növ bu işlərdə məqsədimiz də odur ki, uşaqlarımız imkansızlıq səbəbindən təhsillərini yarıda qoymaq məcburiyyətində qalmasınlar. 

 

- Layihəyə dəstək olmaq istəyənlər nə etməlidir, biz layihəyə necə dəstək ola bilərik? 

 

-Layihəmizə dəstək olmaq istəyənlər sosial media hesablarımızdan bizimlə əlaqə saxlaya bilərlər:

( Wa.me/0554668008

www.tebessumyarat.org

instagram.com/tebessumyarat

Facebook.com/TəbəssümYarat )

Biz sadəcə maddi ianələr yığmırıq, istəsələr uşaqlara geyim də ala bilərlər, məktəbli çantası da, dəftər, qələm də ala bilərlər. Yəni nə istəsələr alıb verə bilərlər, biz də bu hədiyyələrin həmin uşaqlara çatırılmasında bir növ vasitəçi rolunu oynayarıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Anar Seyidağanın şeirləri təqdim edilir. 

 

 

Qorxu

 

Tənhalıq yanında

kiminsə olmaması deyil,

Tənhalıq yanında heç kimi

hiss edə bilməməyindi.

Ümidsiz sevməkdi əzab verən.

Səhra yağışıdı gülüşlərin.

Qeyri-səlis məntiqdi qovuşmağımız.

5-10 adamın içini

yandırmaq fəlsəfəsidi şeirlər.

Unutmaq deyilən bir şey varsa xəstəlikdi.

Nağıllardı ağlımızda

doğruluğun kimsəyə

lazım olmayan izləri.

Cəhənnəm qorxusudu

Cənnəti doya-doya yaşamamaq.

 

 

Adam

 

Bir salam söylə də açılsın dilim

Yoluna yalandan çıxdığım adam.

Səni necə xoşbəxt edəm, nə bilim,

Yüz kərə qaldırıb yıxdığım adam.

 

Körpə sevgimizi tutub bələdim,

Əlimdən nə gəldi onu elədim.

Sən buz parçasısan demə, belədi,

Qarşına keçincə axdığım adam.

 

Çox qırdın, çox yordun istəmədən sən,

Başladıq yenidən, bitdi yenidən.

Elə bilmə sənsiz sıxılmıram mən

Uzaq durmağımla sıxdığım adam.

 

Yol deyil, bilirəm, mənim seçdiyim,

Canından keçərsən candan keçdiyim. -

Dirisini boğmaq fikirləşdiyim

Ölməsindən amma qorxduğum adam.

 

Cəza

 

Bu qədər məlum içindən

Nədən sən məchulu seçdim?

Həsrətin yüz cür həlli var,

Ən çətin üsulu seçdim.

 

Deməzdim, deməzdim amma

Tənə etməsəydi çoxu.

Xaraba qoyduğun qəlbin

Bəyquşu özünsən axı.

 

Səni itirmək yoxdursa,

Qorxu nəyimə gərəkdir?

Yatıb səni görmərəmsə,

Yuxu nəyimə gərəkdir?

 

Yanımda ol, səni sevmək

Qoy yazılmasın qəzama.

Tanrım, mən razı deyiləm

Ömürlük sevmək cəzama.

 

 

Məndən nə yazıb Allah?

 

Gözlərimə bax bəzən -

güzgünü neyləyirsən?

Qoy ölüm həsrətindən -

özgəni neyləyirsən?

 

Misra-misra oxunma,

qoşum, dastan eyləyim.

Məhəbbətə himn yazım

səni bəstəm eyləyim.

 

Əllərim fırça olsun

sinən rəsm varağım.

Yanağından oxunsun

mənim möhür dodağım.

 

Saçını uçuran yel

dəli nəfəsim olsun.

Qollarının arası -

olsun, qəfəsim olsun.

 

...Hey səni arzuladım,

Yalvardım - susub Allah.

Görən alın yazında

məndən nə yazıb Allah?

 

 

Xoşbəxt ol

 

Mənə bir toy havası çal

Qaval daşı ilə -

Tarixin yaddaşına oynayım.

Dindirin xarı bülbülü -

Vətən yazdım son kərə -

Şahiddi.

O gəlinin xınası havalıdı -

sevgilisi şəhiddi...

Bitməz bu müharibə

Son şəhid

            qızına

Divardakı şəklindən -

Xoşbəxt ol!

            deyənədək.

 

 

Qladiator

 

Zəfərinə tamaşatək

Baxılan qladiator kimiyəm.

Bu sevgilərdən ayrılantək

Düşüncələrimin əsiri

olduğumu anlayıram.

İndi mənə əl çalanlar

Züy də tutar, bilirəm.

Ölmək üçün bir az tezdi -

yavaş-yavaş ölürəm.

İlahi, ilahi!

Eşidirsən məni?

Baxırsan,

Eyni adamlardı,

Eyni dualar,

Eyni arzularla

Yoruruq səni?

İlahi!

Bir şey istədiyim yox,

Sadəcə səni görmək istədim.

 

 

İstəyirəm

 

Sənə oruc olmaq nədi,

doya bilmək istəyirəm.

Alnımı alnına qoyub

namaz qılmaq istəyirəm.

 

Gəl deyirəm, gəlirsən ki,

Nə düşündün deyirsən ki.

Yasaq meyvəm deyilsən ki,

bir diş almaq istəyirəm.

 

Sevgi hanı, inam hanı,

De, inanım - Atam canı.

Qırım töküm papatyanı? -

əmin olmaq istəyirəm.

 

Səninləmi qoşa düşdüm?

Başdan etmə - başa düşdüm.

Düşünürsən işə düşdüm -

İşə salmaq istəyirəm.

 

 

Çıxır

 

Niyə əyilməyən ruhum

qabağına dustaq çıxır.

Səndən sonra ürəyimə

kim gəlirsə qonaq çıxır.

 

Gedəməm, nə qədər vursan,

Nə olar, yanımda dursan.

Allah haqqı! İnanmırsan?

Sənsiz hər şey yamaq çıxır.

 

Ölümmü mərd olum sənə?

İtimmi dərd olum sənə?

Deyirəm sərt olum sənə -

İçimdən bir uşaq çıxır.

 

Sevmə, oxuma nəzmimi,

Qıra bilməzsən əzmimi.

Özün çək sevgi rəsmini

Mən çəkirəm çılpaq çıxır.

 

 

İçində

 

Başqa aləmdəyik - nə kürə, nə yer,

Odla oynayırıq təndir içində.

Hərə bir tənliyin məchulundadır -

Necə tam çıxasan kəsir içində?!

 

Hansı yana gedək, vardı bir tuzaq,

Hər iki tərəfdə it hürür ancaq.

Div bilir, kim yatar, kim qalar oyaq,

Kimə su aparsın xəlbir içində.

 

Bu dar ağacıdı, baxma ucuna,

Sən yellən, küləklər dönsün saçına.

Ürək nə düşünür kimin vecinə

Boğaz xoşbəxtdirsə kəndir içində.

 

Günahdı, yasaqdı əyləncə, tar, saz,

Nə gözəllik gördük dedilər olmaz!..

Sən də qəbirqazan, bir az enli qaz,

Adam sıxılmasın qəbir içində.

 

 

Nədi?

 

Məni öldürməyə bir cümlə bəsdi,

Bu atəş, bu vulkan, top-tüfəng nədi?

Gözündən süzülən tək damla bəsdi -

Üzümə dəyişən yeddi rəng nədi?

 

Bilməyib qırmaq var, bilib qırmaq var,

Sevməyib xoş tutmaq, sevib yormaq var.

Öpüb oxşamaq var, gəlib görmək var,

Qısa mesaj nədi, soyuq zəng nədi?

 

Mən meydən qaçıram, içir ruhumu,

Dünya dərd yeridi, qaçır ruhumu.

Çox uzaq tutursan, uçur ruhumu -

İpin doladığın çərpələng nədi?

 

Nə misallar gördüm, mənə nə tərci?

Yorma özünü də, gəl tutaq mərci.

Ay zalım, sevirəm, nə il, nə bürcü -

Ha əkizlər nədi, ha xərçəng nədi?

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Bazar ertəsi, 09 Sentyabr 2024 11:18

Şəhidlər barədə şeirlər - Nicat Mənəfov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nicat Mənəfov 

Nicat Mənəfov 2000-ci ilin 18 yanvarında Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində təhsil almağa başlamışdır. 2016-ci ildə 9-cu sinfi bitirib, Qax Peşə Liseyinə qəbul olmuş. Peşə Liseyini Meliorasiya ixtisası üzrə bitirdikdən sonra 8 may 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 

Şuşa alınmaz qala,

Şuşa qəhrəman şəhər.

Şəhidlərin canıyla,

Cana gələn can şəhər.

 

Ey qəhrəman şəhidim,

Sən Şuşanı almısan,

Bu xalqın tarixində,

İgid kimi qalmısan.

 

Qalmısan ürəklərdə,

Daş üstə yazı kimi.

Koroğlunun nərəsi,

Qorqudun sazı kimi.

 

Sən on doqquz yaşında,

Belə qəhrəman oldun,

Bu vətənin canından,

Ayrılmayan can oldun.

 

Hələ yaran göynəyir,

Hələ ovutmamışıq.

Tarix səni unutmaz,

Biz də unutmamışıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

VARİS

 

QAR YAĞMASIN...

(Hekayə)

 

Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.

                                                             Helen Keller

 

Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.

Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.

İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.

Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə, öz aləmində ən tutarlılarına, cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.

İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.

Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...

Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.

Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.

Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.

O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...

Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat?  Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.

Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.

“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”

Səs yolladı: “Mən tam səmimiyəm”.

Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.

Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...

Kəsik qolu sızıldadı.

...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.

Gözlərini yumdu.

Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...

Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.

Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.

Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.

“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.

 “Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.

Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.

Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.

Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.

Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.

Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.

“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, “Vətənə canım da qurbandır”? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik  qoxusu gəlirdi...”

Yola düzəldilər.

“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”

Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.

Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...

Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.

...Çatdı.

Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.

Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.

Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.

Bu qadın usanmadımı yazmaqdan?

“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”

Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.

...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:

-Xoş gördük. Necəsən?

-....

-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?

-...

-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.

Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.

Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...

Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.

-Sənin qolundur, elə?

Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:

-Mənim də ayağımdır.

Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...

N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:

-Əzələn durur?

Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.

Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.

Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...

Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?

“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”

Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:

-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.

Üşəndi. Tükləri biz-biz oldu.

Növbəti mesaj özünü çox gözlətmədi:

“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”

Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləyirdilər.  Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.

Görən, bu qış qar yağacaqdımı...

Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”

Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.

Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

Bax ora səmt aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

13-1.

MÜTALİƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

 

Mütaliə mədəniyyətinin inkişaf mərhələləri 3-dür.

1. BİRİNCİ MƏRHƏLƏ. Bədii əsərdə bir qism oxucu hər şeydən çox onun məzmunu, fabulası ilə maraqlanır. Digər qism hiss, həyəcan, ehtiras axtarır. Hər iki kontingent üçün asudə vaxtı səmərəli keçirmək, yaxşı əylənmək üçün mütaliə lazımdır. Bu, əyləncəli mütaliədir. Əyləncəli mütaliə Mütaliə mədəniyyətinin ən aşağı mərhələsidir. Məsələn, satılma tirajına görə dünyada ilk cərgədə qərarlaşmış kitablar “Harri Potter” seriyasıdır ki, müəllifi C.K.Roulinq olan bu romanlar macəra janrındadır, gənc sehirbaz Harri Potter və onun dostlarının sərgüzəştlərindən bəhs edir. Bu romanlar əyləncəli mütaliə üçün nəzərdə tutulubdur. Ən çox satılanlar sırasında müasir bir sıra yazarların, eləcə də klassik dönəmin Aqata Kristi, Artut Konan Doyl kimi ustaların yazdıqları detektivlər də ön sırada qərarlaşıbdır. O xümlədən bizim ölkəmizdə bu janra maraq böyükdür. Dünyaşöhrətli Xalq yazıçımız Çingiz Abdullayev, kitabları Teas-press yayın evinin satış listəsində həmişə öndə qərarlaşan Elxan Elatlı, yeni debüt etmiş Fəxrəddin Qasımoğlu azərbaycanlı detektivsevərlərə bir-birindən maraqlı yeni-yeni kitablarını ərməğan etməkdədirlər. Detektiv janrı əyləncəli mütaliənin ən geniş yayılmış və populyar növüdür.

Əyləncəli mütaliənin bir növü də erotik romanlardır. 2015-ci ildə işıq üzü görən və qısa müddət ərzində 55 ölkədə çap olunan, tirajı milyonu keçən “Bozun əlli çaları” romanının triumfunu kim xatırlamır? Britaniyanın qadın yazıçısı E.L.Ceymsin qələmindən çıxan bu roman məhz erotik romandır.

Əlbəttə ki, kitab oxumaq özlüyündə müsbət haldır, istənilən şəxs kitab oxuyursa onu alqışlamağa dəyər. Zira, əgər o, sonadək yalnız əyləncə xatirinə kitab oxuyursa, bu artıq alqışlanası hal deyil. Belə ki, əyləncəli mütaliə oxucunun zövqünü korşaldır, nəticədə həqiqi sənət əsərləri onlara darıxdırıcı, maraqsız gəlir. Qoy oxucular macəra da oxusunlar, detektiv də oxusunlar, insanları kitabı sevdirmək, mütaliəyə alışdırmaq üçün əyləncəli mütaliənin əhəmiyyəti böyükdür, amma sonradan oxucuların mütaliə mədəniyyətini inkişaf etdirmək, onları 1-ci mərhələdən 2-ci mərhələyə qaldırmaq zəruridir.

 

2. İKİNCİ MƏRHƏLƏ. Əgər oxucunun mütaliə mədəniyyəti 1-ci mərhələyə nisbətən yüksəkdirsə, onu 2-ci mərhələyə aid edirlər. Bunlar bədii əsərdən böyük estetik zövq və yüksək həzz alan oxuculardır. Onlar oxuduqları əsərləri dərk edirlər. Halbuki, mütaliə mədəniyyətinin 1-ci inkişaf mərhələsində olan şəxslər barədə bunları söyləmək olmaz. Məsələn, yazıçı Varis “Yeddi iyunun yazısı” essesində yazır: “Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.

Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər? Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.”

Həqiqətən də cəmiyyətin qarşısında duran ən ümdə məsələ kitab oxuyanların sayını artırmaqdır, eyni zamanda, onların mütaliə zövqünün də korşalmasına imkan verməməkdir. Bu isə, həqiqətən, çox çətin bir prosesdir və özlüyündə həm naşirləri, həm yazarları, həm kitabxana əməkdaşlarını, həm pedaqoqları, həm də ki, əlbəttə, valideyinləri külüngü eyni nöqtəyə vurmağa səfərbər edir.

 

3. ÜÇÜNCÜ MƏRHƏLƏ. 3-cü mərhələnin oxucusu böyük estetik mədəniyyətini, bədii yaradıcılıq xüsusiyyətini anlaması, əsəri bədii və ideya cəhətdən bütövlükdə təhlil etmək qabiliyyəti ilə fərqlənənlərdir. Əlbəttə ki, əgər oxucu Kafkanın “Qəsr”, Bulqakovun “Usta və Marqarita”, Oruelin “1984” romanlarını oxuyursa, Füzulinin qəzəllərini oxuyub rahat şəkildə qavrayırsa, demək onun mütaliə mədəniyyəti ən yüksək mərhələdədir.

 

Növbəti: 15.Mütaliənin hərtərəfli olması qaydası

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

 

Rubrikanı Könül aparır

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Quzu (qoyun) kababının

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Quzu əti – 237 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

Xörək əlavəsi:

§ soğan – 20 qr, sumaq – 3 qr, göyərti – 10 qr, nar – 15 qr, meyvə turşuları – 15 qr, lavaş – 20 qr

 

HAZIRLANMASI:

Quzunun bel, budunun yumşaq hissəsi, qol hissəsi 40-50 qramlıq tikələr şəklində doğranır (əgər qoyun əti olarsa, ətə duz, istiot, kəklikotu və ya mərzə, soğan vurulub basdırma hazırlanır). Manqal hazırlanır, tikələr şişlərə taxılır (sümüklü və yumşaq hissələr ayrı-ayrı) və bişirilir. Şişə taxıldıqdan sonra duz, istiot vurulur. Közə düşmüş manqalın üstünə qoyulur, tez-tez çevrilir. Süfrəyə verəndə yanında aypara şəklində doğranmış soğan, xırda doğranmış göyərti, nar dənəsi qarışığı, lavaş, sumaq, meyvə turşuları (məti) verilir. Hər paya 4-5 tikə düşür. Yanında pomidor, bibər, badımcan kababı da vermək olar. Kababın bişmə müddəti 12-15 dəqiqə təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib. 

 

AzərTAC xəbər verir ki, səfirliklər stendləri vasitəsilə mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər. 

Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqimızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub. 

Xanəndə Nisbət Sədrayeva tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamançaçı Toğrul Əsədullayevin müşayiəti ilə bir çox muğam dəstgahlarını ifa edib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Şamaxı ta qədimdən Azərbaycanın üzümçülük məskəni olub. Sovet dönəmində buranın üzümündən çəkilən “Mədrəsə” şərabı çox məşhur idi. Hazırda

İsə estafet “Meysəri” şərabındadır. 

 

Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalının açılışı oldu. 

Festivala gələnləri nəfəs alətləri orkestrı və animatorlar qarşıladılar. 

Möhtəşəm festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər iştirak edirdilər. 

Açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirdi ki, regionun turizm potensialı çox böyükdür. Vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Bugünkü tədbir turizm sahəsinin inkişaf modelinin bir tərkib hissəsidir”.

Tahir Məmmədov qeyd etdi ki, hazırda bölgədə turizm istiqamətində ən başlıca faktor yerli və xarici turistlərin məmnunluğuna səbəb olan ümumi yeni inkişaf konsepsiyası, yeni modelin həyata keçirilməsidir: “Bu baxımdan Şamaxı şəhərinin ənənələri çox vacib yer tutur. Şamaxının poeziyası, musiqisi, xalçaçılığı, qədim tarixi abidələri, turistlərə çox yüksək səviyyədə təqdim olunmaq üçün hazırlanan bu konsert – bütün bu yeni model indi və gələn il şahidi olacağınız bir çox yeni layihələrlə sizin qarşınıza çıxacaq”.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə dedi ki, bu festival artıq turizm təqvimində öz yerini tutub: “Azərbaycanın bəlkə də ən peşəkar, ən dadlı, ən şən festivalıdır. Biz düşünürük ki, festivalın miqyası ildən-ilə genişlənəcək, bəlkə də beynəlxalq xarakter daşıyacaq. Azərbaycan şərabçılığının ənənələri çox qədim və zəngindir. Hazırda Azərbaycan şərabçılığı yeni mərhələni yaşayır. Dövlət Turizm Agentliyi olaraq şərabçılığın təbliğində hər zaman maraqlıyıq ki, həm yerli, həm də xarici turistlər Azərbaycanın rəngarəngliyini hər zaman bilsinlər. 

Festivalın ilk günü üçün dörd mindən çox iştirakçı ilkin olaraq rezervasiya etdirmişdi. Əlbəttə ki, sabah festival davam edəcək və iştirakçıların sayı daha çox olacaq. Ümumiyyətlə, festival iştirakçılarının sayı ildən-ilə bu say artır”.

İki ildir ki, bu festivalda işğaldan azad edilmiş ərazilərimizin də təmsil olunduğunu qeyd edən Kənan Quluzadə Tuğ kəndi və digər yerlərdən şərablar gətirildiyini bildirdi. 

“Hamınızı stendlərə, xüsusi olaraq Qarabağın autentik şərabını dadmağa dəvət edirəm. Digər 23 evin də qonağı olmalısınız. 

Azərbaycanda əsas iki turizm marşrutu - şimal və qərb dəhlizi üzrə turizm şərab marşrutları yaradılıb. Azərbaycanın şərab marşrutu qonşu Gürcüstan və Rusiyanın cənub hissəsini əhatə edərək Avropanın ən uğurlu şərab marşrutlarından birinə çevrilib. Bizim uğurlarımız ildən-ilə artır. Düşünürəm ki, siz hazırda sözdən zövq almağa deyil, daha çox şərabdan zövq almağa toplaşmısınız. Odur ki, badələriniz dolu olsun”, - deyə Kənan Quluzadə vurğuladı.

Qeyd edək ki, festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klas zonaları və tanınmış restoranların pavilyonları quraşdırılmışdı, 23 şərab evinin iştirakı təmin olunmişdu. Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təqdim edildi.

Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını daddııar və bəyəndikləri məhsulları ala bildilər.

Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri daxil olmaqla, şərab həvəskarları aktiv formada iştirak edirdilər. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Festivala sentyabrın 8-də yekun vuruldu.

 

Yazı hazırlanarkən AzərTAC-ın materiallarından istofadə edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Sentyabrın 13-15-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlanıbdır.

 

Hərəkət sentyabrın 17-si səhər saat 8:00-dan etibarən bərpa olunacaq. 

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. 

 

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq bu gündən - həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

- Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

- Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

- Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

- Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

- Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

- İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması avqust 29-dan sentyabrın 13-dək davam edəcək. Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.