
Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ –Mütaliəyə ayrılan zaman
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
15.
MÜTALİƏYƏ AYRILAN ZAMAN
Biz uşaq, yeniyetmə və gənclərə kitab oxumağın faydalarını izah etdik və onları mütaliəyə təşviq etdik. İndi sual olunur. Onlar mütaliəyə nə qədər vaxt ayırmalıdırlar? Bir şəxs gününün neçə saatını mütaliəyə sərf etməlidir?
Bəri başdan qeyd edək ki, mütəxəssilər “kitabın üzərinə döşənməyin” əleyhinə çıxırlar. Çünki kitabı birbaşa, aramsız oxuduqda mütaliə özünün bütün qiymətli cəhətlərini itirir. Belədə, oxucu əsərdəki hisslərlə yaşamağa, həyəcan keçirməyə, əsərin ideya məzmunu, bədii sənətkarlığı haqqında dərindən düşünməyə, ondan zövq almağa macal tapmır. Fasilə və aramla edilən mütaliə daha çox fayda verir, onun təsiri bir o qədər qüvvətli olur.
Bu barədə hazırda yaşadığımız 3-cü minilliyin öz tələbləri var, şimal qonşumuz Rusiyanın nüfuzlu yazıçısı, tanınmış “Qazeta.ru” saytının kreativ redaktoru Yeqor İvanovun nəzəriyyəsini bir çox mənbələr daim iqtibas kimi gətirirlər. Bu nəzəriyyəyə görə, özündə mütaliə vərdişi formalaşdırmaq üçün ilk dəfədə mütaliəyə hər gün 15 dəqiqə vaxt ayırmaq daha effektlidir. Dövrdəki vaxt qıtlığı, klikabel təfəkkürün təhrifi insanları bir şeyə, tutalım məhz mütaliəyə fokuslanmağa qoymur. Ona görə də, özündə kitaboxuma vərdişi formalaşdırmağına birdən-birə çox vaxt ayırmaq əsla fayda verməyəcək. Hər gün mütəmadi olaraq 15 dəqiqə oxusanız, beyin tədricən bu prosesə alışacaq. Tədricən mütaliə vaxtını 30 dəqiqəyə qədər artırıb bunu özünüzün gündəlik minimumunuz edə bilərsiniz.
Mütaliə üçün ən uyğun vaxt səhərdir, çünki bu vaxtlarda insan özündə güc axını hiss edir. Zəngli saatı həmişəki vaxtdan yarım saat əvvələ qurub həmin yarım saatı mütaliəyə həsr etmək lazımi effekt verir. Əksinə, gecə yarıyadək gözündən yuxu tökülə-tökülə oxumaq isə sizi tədricən kitabdan itələyə bilər.
Növbəti: 16.Mütaliə səmərəliliyi
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
V Dünya Köçəri Oyunları çərçivəsində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans keçirilir
Aida Eyvazlı, Qazaxıstandan, xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün
Qazaxıstanda V Dünya Köçəri Oyunları müvəffəqiyyətlə davam edir. Böyük Çölün paytaxtı Astana şəhərində keçirilən festivalın proqramı çox zəngindir.
Dünyanın 89 ölkəsindən 3000-ə yaxın iştirakçıının qatıldığı Dünya Köçəri Oyunlarında təkcə idman yarışları deyil, eyni zamanda dünyanın 5 qitəsindən qonaq gələn sənətkarlar, idmançılar, mədəniyyət və incəsənət sahəsinin sahibləri də öz bilik və bacarıqlarını, məharətlərini nümayiş etdirirlər.
V Dünya Köçəri Oyunlarına eyni zamanda türk dünyasının tarixini araşdıran alimlər və araşdırmaçılar da qatılıblar. Bu gün Qazaxıstanı Respublikasının Milli Muzeyində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi praktik konfrans da öz işinə başlayıb.
Konfransda Qazaxıstanın elm və təhsil naziri Sayasat Nurbek, Turizm və İdman naziri Mırzabosınov, eləcə də, UNESCOnun İCNCAP layihəsi üzrə Baş direktoru Jisung Kim, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimqulova və digər dövlət rəsmiləri də iştirak edirlər.
Konfransda “Tarix və mədəniyyət”, “Türklərin ümümi irsi”, “Mərkəzi Asiya köçərilərinin qidaları”, “Ənənvi köçəri musiqiləri”, “Böyük Çölün qadınları” və digər maraqlı mövzular ətrafında mühazirələr dinlənilir.
Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktorı Raumqulova öz çıxışında rəhbərlik etdiyi Fondun tərkibinə daxil olan ölkələrin və üzv ölkələrin ümumi türk tarixinə verdiyi töhfələrdən danışdı. Eyni zamanda baş ofisin yerləşdiyi Bakının da bu ümumi mədəniyyətə və birliyə gətirdiyi yeniliklər və gələcəkdə ümumi türk mədəniyyətinin daha da inkişaf etməsi üçün birlikdə görəcəkləri işlər barədə öz fikirlərini bildirdi.
ABŞ-dan gələn 3D İnstitutunun direktoru Mark Hall Mərkəzi Asiyadakı köçəri xalqların mədəniyyətinin, Amerikada yaşayan çoxsaylı xalqların mədəniyyətinə oxşar olduğunu, çöl mədəniyyətinə sahib olan insanların azadlıq ruhunun bir-birinə yaxınlığını söylədi. Konfransda çıxış edən qazaxıstanlı alim, siyasi elmlər namizədi Jaksılık Sabitov Qazaxıstanını Karaqanda şəhərinin yaxınlığında tarixi sənədlərə və bilgilərə, xəritələrə, dünya ölkələrinin muzeylərində saxlanılan eksponatlara əsasən yenidən qurulan Çingiz xanın oğlunun oylağı olan Cuçi Ulusunun yenidən tarixin səhnəsinə qayıtmasının əhəmiyyətini izah etdi.
Beynəlxalq elmi konfransda iştirak edən türk dünyasının tanınmış ziyalısı, Azərbaycanın qocaman diplomatı, tarix elmləri doktoru Həsən Həsənov “”Qədim Azərbaycanın dövlət quruluşu modeli Türk sivilizasiyasının əsasıdır” adlı elmi çıxışında Oğuz yurdu olan Azərbaycanda bərqərar olan ilk dövlət quruluşundan, Oğuz xanın 6 oğlunun yaratdığı dövlətçilik modelindən, eləcə də tarixi və insanları yanıltmaq üçün, türk tarixinə zərbə və ləkə vurmaq istəyənlərin əli ilə ən qədim mədəniyyət və dövlətçilik ənənələri yaradan quzların, sonradan oğuz, ağuz adlandırılan xanlıqların adlarının düşmən qələmi ilə dəyişdirilərək “skif” kimi yazılmasını da türk tarixinə vurulan ləkə kimi qiymətləndirdi. Eyni zamanda oğuz və qıpçaq ellərinin birgə yaratdıqları mədəniyyətin tarixin səhnəsindən silinməməsinin səbəbini də bu xalqların güclü ruhunun olması ilə bağladı. Və qeyd etdi ki, bu gün yenidən gün işığına çıxan tariximizdən öyrənmək və dərs almaq lazımdır ki, daha bu tarixləri bizə heç kim unutdura bilməsin.
Qazaxıstanda keçirilən Köçəri Oyunlarının əhəmiyyətini qeyd edən alimlər belə oyunların və bayramların keçirillməsinin bütün insanlığa, bəşəriyyətə yeni sevgilər və həyat eşqi ötürməyin bir yolu olduğunu bildirdilər.
V Dünya Köçəri Oyunları tədbirləri çərçivəsində keçirilən “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans 11 sentyabra kimi davam edəcək. Beynəlxalq elmi konfransda 12 ölkədən –Qazaxıstan, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Cənubi Koreya, Qırğızıstan, ABŞ, Türkiyə, Özbəkistan və Fransadan 75 alim və mütəxəsis iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
“Yaşıl Həmrəylik- 2024” ideya müsabiqəsi təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir İqtisadiyyat Nazirliyi yanında Elmi Tədqiqat İnstitutunun nəzdindəki Təlim Tədris Mərkəzinin dəstəyi ilə Şamaxıda baş tutub.
Müsabiqədə ümumilikdə hər iki qurumun əməkdaşlarından ibarət 20 komanda yarışıb. İştirakçılar “yaşıl ictimai xidmətlər”, ekoloji məlumatlılığın artırılması, “yaşıl iş mühiti”, bu sahədə ictimai iştirakçılığın təşviqi mövzularında rəqəmsal həll konseptləri hazırlayıblar.
Məqsəd innovasiya yönümlü potensialın aşkarlanması, “yaşıl iqtisadiyyat”ın və “yaşıl iş mühiti”nin təşviqi, əməkdaşlar arasında şəbəkələşmənin genişləndirilməsi, innovativ düşüncə tərzinin aşılanması olub.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndəsi tərəfindən “Rəqəmsal İqtisadiyyat və Sənaye 4.0” mövzusunda təqdimat edilib.
İnnovativ yanaşmanın tətbiqi, dayanıqlılıq, prosesə strateji yanaşma, səmərəlilik və təqdimat bacarıqları meyarlarına uyğun aparılan qiymətləndirməyə əsasən müsabiqədə I yerin qalibi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin “Yaşıl işıq“ komandası, II yerin qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Ekoland” komandası, III yerin qalibi isə Əmlak Məsələləri Dövlət Xidmətinin “Horizon” komandası olub.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi keçirilib
Bakı İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Vakfı) əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi olan praktiki imtahan keçirilib.
“Ədəbiyyat və incəsənət” pprtalına agentlikdən verilən məlumata görə, imtahanda 29-30 iyun 2024-cü il tarixlərində keçirilən yazılı imtahan mərhələsində iştirak etmiş və Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagirdi arasından ən çox bal toplayan 431 şagird iştirak edib.
Praktiki imtahan zamanı namizədlər layihə tapşırığını müəyyən edilmiş müddətdə və materiallardan hazırlayıb münsiflər heyətinə təqdim ediblər. Təqdimat zamanı problem həll etmək, orijinal düşünmək, yaradıcı və innovativ həll tapmaq, özünü ifadə etmək kimi bacarıqlar qiymətləndirilib.
İmtahanın nəticələri on gün ərzində açıqlanacaq. Hər iki mərhələdə toplam ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təlim almaq hüququ qazanacaq.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqramı başa vuran iştirakçılar “Deneyap” məzunları sırasına daxil olmaqla ekspert şəbəkəsindən mentorluq dəstəyi almaq, təcrübə proqramlarına qoşulmaq, milli və beynəlxalq startap müsabiqələrində iştirak etmək kimi imkanlar əldə edə biləcəklər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
GÜLÜŞ KLUBUnda 30 yaşlı uşaq
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Görəsən necə olar, bütün magistrlər, elmlər namizədləri müdafiə eləmək əvəzinə hücuma keçələr?
2.
ÜDM artır deməklə ağız şirin olmaz.
3.
İki cibgir metrodan çıxarkən.
Birinci:
-Sən o dama-dama pencəkli şişman kişinin saatını gördün?
İkinci:
-Göstər baxım.
4.
-Məni valideyinlərim bezdirib. Hər dəfə əsassız yerə üstümə gəlirlər.
-Nə deyib gəlirlər?
-Hər dəfə mənə - 30 yaşlı kişiyə deyirlər ki, bəsdir uşaq qaldın, böyü.
-Sizcə onlar səhv deyirlər?
-Əlbəttə. Mən də hər dəfə belə olanda oyuncaqlarımı yığıb, samokatımı da götürüb nənəmgilə gedirəm.
5.
Nişanlı vaxtı oğlan qızın səsini eşidəndə xoşbəxt olurdu. Evliliyin beşinci ilində isə səsi kəsiləndə xoşbəxt olur.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
EVDƏ HƏKİM - Qadınlarda sonsuzluq əlamətləri hansılardır?
Əlbəttə ki, ailələrin ən əsas problem sonsuzluqdur və məhz bu problem yeni qurulan ailələrin üçdə ikisinin süqutunu təmin edir. “Ədəbiyyat və incəsənət” portalının EVDƏ HƏKİM rubrikası bu gün yenə işləyir, iş başında mama-ginekoloq Yaqut Qasımovadır.
Tibbin qanunları var, bunlar dəyişməzdir. Əgər kişi və qadın 1-2 il mütəmadi qaydada cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitədən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı hər iki tərəf ola bilər.
Bəs qadının sonsuz olduğunu necə müəyyən etmək olar?
Hamilə qala bilməmək
Müəyyən müddət qadının hamilə qalması mümkün olmursa, bu, sonsuzluğun ilkin əlamətlərindən biridir. Bir ildən sonra həkim sonsuzluq istiqamətində diaqnoz qoya bilər. Bundan əlavə, 35 yaşlı qadının 6 ay ərzində hamilə qala bilməməsi də sonsuz olduğunu göstərir.
Ağır və sancılı keçən menstruasiya dönəmi
Ağır və ya ağrılı keçən menstruasiya dönəmi döllənməyə təsir edə və daxildə gizli problem olduğuna işarə verə bilər. Bəzi qadınlar menstruasiya vaxtı bir neçə gün normal qanama yaşayarkən, digərləri mütəmadi olaraq ağır və ağrılı kramplar yaşaya bilir. Bu cür problemlə üzləşənlərdə qarnın alt bölgəsində uşaqlığın xaricində uterus mukozasına bənzər toxuma meydana gəlib, müxtəlif orqanlara yayılan endometrioz ola bilər. Bu, sonsuzluq üçün risk faktorudur.
İntim əlaqədə ağrı
Cinsi əlaqədə ağrı və ya displaziya qadının döllənməsinə təsir edə biləcək sağlamlıq probleminin əlaməti ola bilər. İnfeksiyalar, endometrioz və miyomalar bu cür sağlamlıq problemlərinə misaldır.
Tünd və ya donmuş qan rəngi
Əgər menstruasiya qanı normaldan daha soyuqdursa, bu həyəcan siqnalı ola bilər. Qan ilk günlərdə parlaq qırmızı olur, sonradan tündləşə bilər. Lakin ilk günlərdə görülən tünd və soyuq qan endometriozisə işarə edir.
Menstruasiya tsiklinin nizamsız olması
Menstruasiya tsikli qadınlarda zamanla dəyişir. Bununla belə bir çox qadın həmin etapı nizamlı keçirir. Hər dövr arasındakı vaxt təxminən eynidir. Nizamsız menstruasiya tsikli göstərir ki, mütəmadi olaraq yumurtalama getmir. Bu da sonsuzluğa gətirib çıxaracaq. Ovulyasiya uşaqlıqlığa bir yumurta buraxmaq deməkdir. Nizamsız ovulyasiya polikistik yumurtalıq sindromu, piylənmə, həddən artıq arıqlıq və tiroid problemlərdən qaynaqlana bilər.
Hormonal pozğunluq
Hormonal dəyişikliklərin simptomları spesifik deyil. Qadın bunu hiss etməyə və altda gizlənən səbəbi görməyə bilər. Ancaq həkimin analizlər nəticəsində hormonal problemləri aşkar etməsi mümkündür.
Piylənmə
Piylənmə döllənməyə mənfi təsir edir. Bu problemlə üzləşən qadınların hamilə qalmaq şansı daha aşağıdır və hamiləlik müddətində çəkinin artması risk yaradır.
Allah bütün qadınların köməyi olsun, onları sonsuzluq əzabına tuş eləməsin. Növbəti dəfələrdə daha effektiv mübarizə yollarına birlikdə baxacağıq.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Gəncə Dövlət Filarmoniyasında bu dəfə “Naz-Nazı” muğam qrupu çıxış edəcək
Sentyabrın 30-da “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-Nazı” muğam qrupunun konsert proqramı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” pprtalına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından verilən xəbərə görə, konsertdə “İz” və “Yari-pünhan” kompozisiyaları, “Xumar oldum” və “Dağların başı”, “Gül dəstəsi” xalq rəqsi, “Qarabağ şikəstəsi”, “Çahargah dəramədi” əsərləri səslənəcək.
Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə, həmçinin xalq mahnıları ifa ediləcək.
Biletləri Filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Kərimli Kurqanları - HÖKMDAR MƏZARLIĞI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi.
Zəngin təbiəti ilə hər bir azərbaycanlının və eləcə də turistlərin diqqətini çəkən Oğuz rayonu həm də tarixi abidələr diyarı kimi tanınır.
Oğuz elinin əski mədəniyyət mərkəzlərindən biri kimi tanınan bu rayonda eradan əvvələ aid olan tarixi abidələr buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir.
Belə qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, ,,kurqanlar çölü” və “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.
Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub.
Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Arxeoloji qazıntılar Kərimli kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum, Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir.
Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması II minilliyin ortalarında Azərbaycanda çox güclü bir dövlətin olmasından xəbər verir. O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün hətta kurqan da düzəldiblər.
Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.
Nəsib müəllim deyirdi ki, kurqan iki qatlıdır. Belə ki, burada ilk dədə bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.
Kurqan bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar, buranı qazarkən aləti unudub gediblər.
Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri , onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin üzərindəki işləmələr isə təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.
Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və quş fiqurları totemlər olub, həmin dövrün insanlarınıninançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.
Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb.
Diqqəti cəlb edən ən maraqlı eksponatlardam biriisə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiquru oldu. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir. Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub. Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər. İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə çıraq kimi istifadə edilib.
Burdan həmçinin lap alt qatdakı olan kurqanda 59 qramlıq, 99 əyyarlı qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır. Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb. Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquruŞumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara böyük və qədim bir tarixin açarını vermişdir.
Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir. Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib. Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır.
Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin yaranıb- yaşamasına səbəb olub.
Təəssüf ki, digər kurqanların tədqiqi məlum olmayan səbəblərlə dayandırılmışdır. Halbuki burda qazıntıların davam etdirilməsi tək Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün əlavə maraqlı, nadir arxeoloji materiallar üzə çıxarar, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verər,yaxın kurqanların tunellərlə birləşdirilməsi ilə yaradılan yeraltı muzey isə unikal bir məkan olmaqla turizmin inkişafına güçlü təsir edərdi.
Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Urmu” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Elnaz İslamvənd
Təbriz
URMU
O qədər dedilər: “Dənizdir, dəniz”,
Deyirəm bəs sənə göz dəydi, Urmu!
Dərdi təzələsəm hənizdi həniz,
Bilirəm yarana duz dəydi, Urmu.
Al bu göz yaşları Təbrizdən gəlir,
Qıymasan üzünə baxmaram, Urmu!
Biz ana torpağın övladlarıyıq,
Gərəkdir paylaşaq çətin durumu.
Gördün babaların sözü düz çıxdı,
Dedilər: “İçindən yeyilər ağac”.
Duz yeyib duzqabı sındıran oldu,
Daraşdı üstünə hər ac yalavac.
Pisliyi pis etmək ayıbdır, ayıb,
Əti dırnağından ayırmazlar ki?!
Döyüşdə arxadan vurana lənət,
Əsgəri qurşunla doyurmazlar ki?!
Dərdi təzələsəm hənizdi, həniz,
Nə bilim, bəlkə də bir zaman oldu.
İndi duzlağında oynayan uşaq,
Gələcək günlərə Səttarxan oldu!
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub
Şair, yazıçı, jurnalist, Azərbaycan RespublikasınınƏməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin (Məcidov Rəşad Museyib oğlunun) 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
Yazar Zaur Ustacın “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzunmüddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin“Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)