V Dünya Köçəri Oyunları çərçivəsində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans keçirilir Featured

 

Aida Eyvazlı, Qazaxıstandan, xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün

 

Qazaxıstanda V Dünya Köçəri Oyunları müvəffəqiyyətlə davam edir. Böyük Çölün paytaxtı Astana şəhərində keçirilən festivalın proqramı çox zəngindir. 

 

Dünyanın 89 ölkəsindən 3000-ə yaxın iştirakçıının qatıldığı Dünya Köçəri Oyunlarında təkcə idman yarışları deyil, eyni zamanda dünyanın 5 qitəsindən qonaq gələn sənətkarlar, idmançılar, mədəniyyət və incəsənət sahəsinin sahibləri də öz bilik və bacarıqlarını, məharətlərini nümayiş etdirirlər.

V Dünya Köçəri Oyunlarına eyni zamanda türk dünyasının tarixini araşdıran alimlər və araşdırmaçılar da qatılıblar. Bu gün Qazaxıstanı Respublikasının Milli Muzeyində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi praktik konfrans da öz işinə başlayıb.

Konfransda Qazaxıstanın elm və təhsil naziri Sayasat Nurbek, Turizm və İdman naziri Mırzabosınov, eləcə də, UNESCOnun İCNCAP layihəsi üzrə Baş direktoru Jisung Kim, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimqulova və digər dövlət rəsmiləri də iştirak edirlər.

Konfransda “Tarix və mədəniyyət”, “Türklərin ümümi irsi”, “Mərkəzi Asiya köçərilərinin qidaları”, “Ənənvi  köçəri musiqiləri”, “Böyük Çölün qadınları” və digər maraqlı mövzular ətrafında mühazirələr dinlənilir. 

Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktorı Raumqulova öz çıxışında  rəhbərlik etdiyi Fondun tərkibinə daxil olan ölkələrin və üzv ölkələrin ümumi türk tarixinə verdiyi töhfələrdən danışdı. Eyni zamanda baş ofisin yerləşdiyi Bakının da bu ümumi mədəniyyətə və birliyə gətirdiyi yeniliklər və gələcəkdə ümumi türk mədəniyyətinin daha da inkişaf etməsi üçün birlikdə görəcəkləri işlər barədə öz fikirlərini bildirdi. 

ABŞ-dan gələn 3D İnstitutunun direktoru Mark Hall Mərkəzi Asiyadakı köçəri xalqların  mədəniyyətinin, Amerikada yaşayan çoxsaylı xalqların mədəniyyətinə oxşar olduğunu, çöl mədəniyyətinə sahib olan insanların azadlıq ruhunun bir-birinə yaxınlığını söylədi. Konfransda çıxış edən qazaxıstanlı alim, siyasi elmlər namizədi Jaksılık Sabitov Qazaxıstanını Karaqanda şəhərinin yaxınlığında tarixi sənədlərə və bilgilərə, xəritələrə, dünya ölkələrinin muzeylərində saxlanılan eksponatlara əsasən yenidən qurulan Çingiz xanın oğlunun oylağı olan Cuçi  Ulusunun yenidən tarixin səhnəsinə qayıtmasının əhəmiyyətini izah etdi.

Beynəlxalq elmi konfransda iştirak edən türk dünyasının tanınmış ziyalısı, Azərbaycanın qocaman diplomatı, tarix elmləri doktoru Həsən Həsənov “”Qədim Azərbaycanın dövlət quruluşu modeli Türk sivilizasiyasının əsasıdır” adlı elmi çıxışında  Oğuz yurdu olan Azərbaycanda bərqərar olan ilk dövlət quruluşundan, Oğuz xanın 6 oğlunun yaratdığı dövlətçilik modelindən, eləcə də tarixi və insanları yanıltmaq üçün, türk tarixinə zərbə və ləkə vurmaq istəyənlərin əli ilə ən qədim mədəniyyət və dövlətçilik ənənələri yaradan quzların, sonradan oğuz, ağuz adlandırılan xanlıqların adlarının düşmən qələmi ilə dəyişdirilərək “skif” kimi yazılmasını da türk tarixinə vurulan ləkə kimi qiymətləndirdi. Eyni zamanda oğuz  və qıpçaq ellərinin birgə yaratdıqları mədəniyyətin tarixin səhnəsindən silinməməsinin səbəbini də bu xalqların güclü ruhunun olması ilə bağladı. Və qeyd etdi ki, bu gün yenidən gün işığına çıxan tariximizdən öyrənmək və dərs almaq lazımdır ki, daha bu tarixləri bizə heç kim unutdura bilməsin.

Qazaxıstanda keçirilən Köçəri Oyunlarının əhəmiyyətini qeyd edən alimlər belə oyunların və bayramların keçirillməsinin bütün insanlığa, bəşəriyyətə yeni sevgilər və həyat eşqi ötürməyin bir yolu olduğunu bildirdilər.

V Dünya Köçəri Oyunları tədbirləri çərçivəsində keçirilən “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans 11 sentyabra kimi davam edəcək. Beynəlxalq elmi konfransda 12 ölkədən –Qazaxıstan, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Cənubi Koreya, Qırğızıstan, ABŞ, Türkiyə, Özbəkistan və Fransadan 75  alim və mütəxəsis iştirak edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.