Bakı İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Vakfı) əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi olan praktiki imtahan keçirilib.
“Ədəbiyyat və incəsənət” pprtalına agentlikdən verilən məlumata görə, imtahanda 29-30 iyun 2024-cü il tarixlərində keçirilən yazılı imtahan mərhələsində iştirak etmiş və Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagirdi arasından ən çox bal toplayan 431 şagird iştirak edib.
Praktiki imtahan zamanı namizədlər layihə tapşırığını müəyyən edilmiş müddətdə və materiallardan hazırlayıb münsiflər heyətinə təqdim ediblər. Təqdimat zamanı problem həll etmək, orijinal düşünmək, yaradıcı və innovativ həll tapmaq, özünü ifadə etmək kimi bacarıqlar qiymətləndirilib.
İmtahanın nəticələri on gün ərzində açıqlanacaq. Hər iki mərhələdə toplam ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təlim almaq hüququ qazanacaq.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqramı başa vuran iştirakçılar “Deneyap” məzunları sırasına daxil olmaqla ekspert şəbəkəsindən mentorluq dəstəyi almaq, təcrübə proqramlarına qoşulmaq, milli və beynəlxalq startap müsabiqələrində iştirak etmək kimi imkanlar əldə edə biləcəklər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)