ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

28.

FASİLƏSİZ TƏHSİL ANLAYIŞI

 

Mütaliənin faydaları barədə danışırıqsa, mütləq fasiləsiz təhsil barədə də danışmalıyıq. Belə ki, özünüinkişaf proqramında əsas çəkiyə malik olan bu təmrin məhz mütaliənin hesabına formalaşır.

Heç bir ali təhsil müəssisəsi, məktəb proqramı insana təbiətin və cəmiyyətin inkişaf qanunları haqqında lazımi biliklər verə bilməz. Mövcud təhsil proqramları məhdud zaman çərçivəsi üçün hazırlanır. Odur ki, insan ömrü boyu fasiləsiz olaraq bilik almalı, bunun üçün isə şəxsi təhsilə - fasiləsiz şəxsi təhsilə müraciət etməlidir.

Beləliklə, şəxsiyyətin formalaşmasında şəxsi təhsil müəssisəsinin tərkib hissəsi olan fasiləsiz təhsilin əsas rol oynaması dünyada birtərəfli şəkildə etiraf olunur. 2000-ci ilin martında Lissabonda keçirilən Avropa Sammiti Avropa Birliyinin siyasətinin və təcrübəsinin müəyyən edilməsində dönüş anı oldu. Orada fasiləsiz təhsil haqqında Avropa Birliyi Memorandumu imzalandı.

Fasiləsiz təhsil, yəqin ki, bunu bilirsiniz, məhz kitabların hesabına formalaşır. Ən müxtəlif mövzularda, ən müxtəlif cildlərdə, ən müxtəlif müəlliflərin müxtəlif qiymətlərə milyonlarla kitabı var. Siz öz kitablarınızı seçib karyera pillələri ilə irəliləməkdə davam edin. Unutmayın, dayanmaq, kifayətlənmək olmaz. Dayanmaq inkişafdan qalmaq, tənəzzülə uğramaq deməkdir.

 

Növbəti: 29.Qara ststistika

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

 

27 sentyabr – Şəhidlərimizin növbəti Anım Günündə günündə ölkəmiz başdan-başa tədbirlərə büründü, o cümlədən də qədim Beyləqan torpağında bu münasibətlə diqqətçəkən bir tədbir keçirildi.

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbir “27 sentyabr qələbəmizin başlanğıcıdır” adlanırdı. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdi. İlk öncə müəssisələrimizin əməkdaşları ümumrayon tədbirlərinə qoşularaq Şəhidlər xiyabanı ziyarət etdilər. Sonradan Heydər Əliyev mərkəzində davam etdirilən tədbir Dövlət Himninin səsləndirilməsi və qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. Anım mərasimində çıxış edən natiqlər Azərbaycan xalqının tarixən yaşadığı faciələrdən, xalqımızın başına gətirilən müsibətlərdən, ötən əsrin 90-cı illərində ölkəmizdə yaşanan siyasi xaos və torpaqlarımızın işğal olunmasından, “Dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətlərin otuz ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə mane olmasından, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı sayəsində Qarabağın işğaldan azad olunmasından, ötən ilin sentyabrın 19-da başlayan və 20-də başa çatan 23 saatlıq antiterror tədbirləri ilə rəşadətli Ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi və bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından ətraflı bəhs etdilər.

Qeyd olundu ki, Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır və suverenliyimiz əbədi olacaqdır.

Qiraət ustalarının ifasında qələbəmizi və dövlətçiliyimizi tərənnüm edən şeirlərin səsləndirilməsi və anım gününə həsr olunmuş videoçarxın nümayiş olunması ilə tədbir başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

 

 

Şənbə, 28 Sentyabr 2024 11:01

DİQQƏT! Bütün cəbhə boyu əks-hücum!

 

Əkbər QOŞALI, “Ədəbiyyat və incəsənət” üçün

 

Böyük oğlum hərbi xidmətdəydi. Fürsət edib, ilk dəfə, ailəlikcə görüşünə gedirdik. Səhər o başdan – vaxtlı çıxmışdıq ki, (necə deyərlər) “N” saylı hərbi hissəyə günün birinci yarısında çata bilək. Tarix: 27 sentyabr 2020, altıncı gün! 

Avtomobilimiz elə yenicə magistral yola çıxmışdı, oğlum bir gizirin telefonu üzərində bizimlə bağlantı qurdu və ühulət-sühulətlə anlatdı ki, görüşə getməyək, bəs bu gün görüş olmaya bilər-filan. Aman, Tanrım! Biz bir də haçan belə dəm-dəzaghla yola çıxa biləcəkdik?.. Zatən pandemiya məhduluğu dönəmindəydik... Biz görüşlərin təxirəsalınma səbəbinin nə ola biləcəyini düşünüb-daşınmağa başladıq. Bununla belə, oğlumun sözünə məhəl qoymayıb da, ustuf-ustuf irəliləyirdik ki, elə bu dəm, radio dalğalarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı oxunmağa başladı:

“Qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb!

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib!

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin önxətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri,döyüş texnikasını aşkar edərək, sıradan çıxarırlar.

Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”!

 

Aha! Sular duruldu! Demək, o an gəlmişdi! Ali Baş Komandan öz siyasi iradəsini nümayiş etdirərək, möhtəşəm tarixi qərar qəbul etmişdi! Əlbəttə, çox çoxməsuliyyətli, cəsarətli və bununla belə, heç şübhəsiz, yüz ölçülüb-bir biçilmiş qərar verilmişdi! O ilin iyulunda Tovuz döyüşləri olmuşdu, ondan öncə haylar Qarabağda yeni hoqqalar vermiş, necə deyərlər, lap ağını çıxarmışdı: qondarma rejimin qondarma “parlament”inə“seçkilər”ə bax, “parlament”i Şuşaya köçürməklərinəbax, həyasız acıqvermələrə bax, daha nələrə, kimlərə bax – deyərəkən, ictimai fəal qüvvələrdən “Şuşanı vur!” xəlqi tələbləri yüksəlməyə başlamışdı... Bax, elə burada bir azca dayanaq! Bəli, işğalçılar artıq bardağı daşıran son damlanı tökməkdə, məsələlərin danışıqlar yolunu faktiki olaraq qapamaqdaydı və iraq olsun, üç onillikdən sonra növbəti illər də zülmət içində gəlib-keçə bilərdi.Düşmənin və havadarlarının istədiyi də bu deyildimi, zatən? Düşünürdülər, nə qədər çox vaxt keçsə, anlaşmaya gəlməkçün anlaşmazlıqlar nə qədər çox uzansa, bir o qədər yaxşıdır – unudular, gedər, bitər yəni... Belə olunca, əlimiz yetməyən Şuşada haylarındaha da möhkəmlənmə cəhdlərinə qarşı “Şuşanı vur!” tələbi başa düşülən idi. Ancaq Dövlət baba daha təmkinlidir, təbii; təbii, Dövlət babada olan bilgilər sadə insanlarda olmaya bilər – ali dövlət çıxarları adına hər bilgini paylaşmaq yaxud vaxtından tez paylaşmaq olmaz da olmaz! “Şuşanı vur!” xəlqi məzmun daşıyırdısa, dövləti məzmun “Şuşa, bizi gözlə”, “Şuşayadək döz!” şəklindəydi yəqin. Şuşa yüngül silahlarla, necə deyərlər, dağa əliyalın dırmaşan oğullar sayəsində qurtulunca, göy üzündə Günəş doğdu! Ali Baş Komandan “Şuşanı qoru!” buyurubmuş məgər! Məgər Azərbaycan xüsusi təyinatlıları mümkünsüzü mümkün etmək tapşırığı almış və onu ləyaətlə yerinə yetirmişdir!

Bu barədə Zəfərdən sonralar danışan Müzəffər Ali Baş Komandan İlham Əliyev o vaxtkı bəzi duyğu-düşüncələri, plan-proqramları açıqladı, aydınlığa qovuşdurdu. Bəli, hər sözün öz vaxtı, hər vaxtın öz sözü vardır. Dövlət hisslə-həyəcanla idarə olunmur! “Dövlət ağlı” qavramı heçdən yaranmayıb, heçə də getmir! – “Bir məsələni də mən deməliyəm, təbii ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpa edək. Ancaq tarix nöqteyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesi zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdi ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı, bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaq. Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizitam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”! – Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm açıqlamanı bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verərərkən dedi. Mən bu altun cümlələri Dövlətçilik şüuru, Dövlət ağlı, Dövlət təmkini qavramlarının ən parlaq açıqlaması kimi görürəm. Bəli, əgər qüsur sayılmazsa, sovet tarixşünaslığından bizlərə bəlli olan deyimi bir qədər dəyişdirərək, bura yazmaq istərdim: “26 sentyabr teziydi, 28 sentyabr gec olardı – biz məhz 27 sentyabrda əks-hücuma keçməliydik”! O ərəfədə və əks-hücumdan sonra yaşananları yada salınca gün kimi aydın olur ki, nə tələsmək nə də gecikmək olmazdı, olmazdı! 

 Siyasi iradə, Dövlət_Xalq birliyi olunca, öz liderinə inam bəslənincə, nə xarüqələr yaratmaq olursa, biz onu qədim və ya orta yüzilliklər tarixindən, gələcəyin vicdanından soruşmuruq – tarixin o altun səhifəsini biz yaratdıq, biz! – Azərbaycan xalqı! Azərbaycan ordusu! Azərbaycan dövləti! Azərbaycanın Müzəffər Ali Baş Komandanı! Bəli, Şəhidlər ölmədi, Vətən bölünmədi!Yenə şanlı ordunun Ali Baş Komandanının sözlərinə üz tutmaq istəyirəm: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir”!

 

Bəs müharibə olmaya bilərdimi? 

 

Sual ritorikdir – cavabı özündədir. Çün, söhbət elə bir işğalçıdan gedir ki, onlar arxalandıqları böyük güclərin (belə demək olarsa) çarpaz qucağında elə qudurmuşdu, heç bir yazılı-yazısız qayda-qanun, haqq-hüquq, kişilik-mərdlik tanımır, tanımaq istəmirdi. XX yüzilin sonu – XXI yüzilin əvvəlində bizim qarşımıza çıxarılmış “Qordi düyünü” ancaq mübarək Azərbaycan qılıncıyla kəsilib, çözülə bilərdi! Elə də oldu! 

Rəhmətlik şair Şaiq Vəli demiş:

 

“Oldu, deyilənlər oldu,

Olacaqlar olacaqlar!

Soldu, açıldı gül… soldu,

Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,

Fələk söndürər şamını…

Haqdan dolan eşq camını

Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!

Quş olacaq quş olacaq!

Boşalacaq boşalacaq,

Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,

İtəcəklər itəcəklər!

Gedəcəklər gedəcəklər,

Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,

Öl! Ölməzlər ölməzlər…

Məni bilməzlər bilməzlər,

Biləcəklər biləcəklər”!

 

Dərvişanə, sufiyanə, irfan qatlı bu şeirinenergetikası, yaratdığı ümumi ovqat aydındır, sanıram. Mən bu şeiri hər dəfə fərdilikdən xəlqiliyə, ölkə taleyinə indeksləməkdən çəkinmirəm və burada həm öz əvəzsiz itkilərimizə ağı görürəm, həm Dəmir Yumruqla başı əzilmiş yağı düşmənin halının ifadəsini görürəm. Bəli, olacaqlar oldu – kainatın ruhu var, ərşin-gürşün nizamı var! Haylar kiminsə forpostu olmaq, gələcəkdə kiminsəqucağına yuvarlanmaq eşqi ilə əbədi “qalib” ola bilməzdi– illa mümkün deyildi! Ustad Məmməd Araz deyirdi, “Əbədiyə qəh-qəh çəkir əbədi dünya”! Əbədi yalnız haqdır, həqiqətdir, ədalətdir! Şair İbrahim İlyaslı isə eynən belə yazır: “Haqq deyilən heç nə yoxdu, amma dəyər axtarmağa”... Bu ümidsizlik də elə o haqqın incəlib üzül ha üzüldəymiş görükdüyü vaxtların dedirtdikləriydi. Yoxsa, mənim tanıdığım, bildiyim şair haqqa tapınan, haqqa tapan, haqqı tapan şairdir. Mən onun sanki ümidsizmiş kimi təsbitini də, “Əgər qiyamətin qopacağını bilsəniz və əlinizdə bir fidan olsa, onu qiyamət qopmadan əkməyi bacararsınızsa, əkin”! hədisi-şərifinə bənzədərdim bir növ. Hacı Bektaş Vəli öyüdüdür: “Ara, bul”! Haqqı arayan haqqı bulur, əfəndim!

Bəlkə, siyasi məzmunlu yazıda şairlərə çox istinad etmək o qədər də yerində sayılmaz; bununla belə, 27 Sentyabrın bizim üçün yalnız siyasi, hərbi, tarixi məzmunda qalmayıb, bütün (təkrar edirəm, bütün!)əməli fəaliyyət sahələrini, ağla gələn bütün pozitiv kateqoriyaları əhatə etdiyinə inanırıqsa, onda şairin də, onun şeirinin də, duyğu-düşüncənin də yeri vardır, əfəndim, vardır...

 

Beləliklə, müharibəni biz istəmədik, biz işğala uğramş hər hansı xalq, ölkə, dövlət nə etməliydisə, onu etdik! Beynəlxalq hüquq nə diqtə edirsə, onu etdik biz. 

 

Sonra isə yenə də olanlar oldu! – Yenə sentyabrlar gəldi, yenə ədalət tərəzisini əyməyə çalışanlarınqafasına Dəmir Yumruq endi! 44 günlük müharibə ilə məsələni əsaslı şəkildə həll etmiş Azərbaycan, bu dəfə nəinki 44 saat, heç 24 saat belə çəkməyən antiterrortədbirləti ilə 200 illik ağırlaşmış çibanı qazıdı, kökünü qurutdu! 

 

Budur, 27 Sentyabr – Anım Günü – şərəf günü, qürur günüdür! Belə günlər günə sığmır, ömrə sığmır, tarixə sığmır! Bu günü bizə bəxş edənlərə əbədi ehtiram!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2024)

Cümə, 27 Sentyabr 2024 18:20

2020 - pis başlaylb yaxşı bitən il

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"

 

27 sentyabr ~ Anım Günü - bu gün sevinciylə, kədəriylə dərin bir gündür. Yeni addımların atıldığı bir gündür. 

Düz 4 il əvvəl - 27 sentyabr 2020-ci il. Covid-19 virusunun ölkəmizə gəldiyi il idi. Çoxumuz bu ili “çox-çox uğursuz və pis il" adlandırırdıq. Çünkü SMS icazəsiz evdən çıxmaq mümkün deyildi.

Hardan bilərdik ki, bu il Azərbaycanın yenidən doğuşu olacaq?

Sizcə, 30 il çox, ya az müddətdir?

Belə baxanda ağır müddət adlandırıla bilər. Axı 30 il həsrət ilidir...

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-si 06:00-dan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. 

Müharibənin başlaması, internet şəbəkə problemi, onlayn dərslər, dünyaya nüfuz etmiş virus, Komendant saatı hələ nələr-nələr. Amma bu, Azərbaycan xalqını hərbi vəziyyətdə vətən sevgisindən məhrum qoymadı. Könüllü cəbhəyə gedən gənclər (qoca-cavan, fərq etmirdi), çətin və gərgin ərazidə o anları televiziya kanalları vasitəsilə xalqa çatdıran jurnalistlər, hər bir qarış azad olunanda Twitter(X) də Prezidentin bildirişini gözləyən xalq, Cəbhəyə olunan yardımlar əsl vətənpərvərlik göstəricisi idi. Hələ küçələrdə, evlərdə ,bütün bina-obyektlərdə olan bayraqları demirəm.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Elə buna görə də bu əməliyyat “Dəmir Yumruq" əməliyyatı adlandırılırdı. Azərbaycan xalqı - ərazidə yaşayan, xaricdə yaşayan fərq etmədən bir “Yumruq" kimi birləşmişdi.

Hər xəbərdə, Twitter bildirişində yeni işğaldan azad olunmuş torpaq xəbəri gələcəyinə əmin idik. Cənab prezident atası Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət xəbəri təqdim olunanda Şuşanın azadlıq xəbəri gələcəyinə biz ailəliklə əmin idik. Və o cümlə səsləndi: “ Şuşa, sən azadsan"!

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

 

Müharibə zamanı:

 • Azərbaycan 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad edilməsi.

Atəşkəsdən sonra:

 • Dağlıq Qarabağ ətrafındakı bütün Ermənistan tərəfindən işğal olunmuş ərazilər 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarılması.

 • Ermənistan ərazisindən açılacaq dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana birbaşa quru yolunun açılması.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. 

İndi də xatırlayıram, televiziya aparıcılarının azadlıq xəbərini verərkən sevincdən ağlamağını, hüzündən ağlamaqlarını. Bu zidd hisləri birlikdə yaşamaq çox ağır idi. 

Bu qələbə çox arzuları yarım qoydu, çox gözləri yaşlı, çox qəlbləri dağlı qoydu. Azadetmə xəbəri sevindirirdi, şəhid xəbəri ağladırdı. Atasız qalan körpə balalar, gözünün ağı- qarası bir oğlunu itirən ana-atalar, yarının sonsuz intizarına qərq olanlar... İtirilənlər və geri alınanlar...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yerlərin behişt eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Cümə, 27 Sentyabr 2024 15:36

Ölmədilər, şəhid oldular - ESSE

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

4 il əvvəl xəbərlərdəki rəqəmlər durmadan artırdı və bunlar sadəcə rəqəm deyildi. Qarabağın hər yanında Vətənin hər daşına, hər qarış torpağına qan bulanmışdı. Gözünün yaşı qurumamış yenə od tutan ana ürəkləri var idi, qardaş oğlunun məclisində oğul şəhadəti eşidən ana var idi həm də. Aylar əvvəl Cəbrayılda bulaqdan su içən 4 yaşlı körpə var, məsələn, atasını şəkillərdən tanıyan körpə. Təhmasibin qızı idi o körpə. Təhmasib isə 4 yaşında çıxdığı baba yurdunun bulağından su içəndə “mən burdan gedəndə 4 yaşım var idi” deyən şəhid idi. 

Məsələn, Xudayar var idi. Səsinə bütün cahan məst olmuşdu. Onun qanından, canından tanıdığı kimsə yox idi, ancaq şəhadətinə bütün yetimlər ağlamışdı. Sonra Xəlil var idi, məndən 2-cə yaş böyük kurs yoldaşım idi. Kəsilmişdi deyə əsgər gedib kəsildiyi tarix fənni əvəzinə qanı ilə tarix yazan Fərid var idi, məsələn, Şuşada şəhid olan dostunu çiynində daşıyanda vurulmuşdu.

Saysam bitməz bir siyahı var, ancaq Vətənin daşı da, qanı da sayılmazmış.

Ruhunuz şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir. Növbəti dəstək görən Vətən müharibəsi iştirakçısı, 3-cü qrup əlil Cavid Əliyev olub.

 

“Ədəbiyyat və incəsənət” portalı “YAŞAT” Fonduna istinadən xəbər verir ki, Cavid Əliyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb və iki dəfə yaralanıb.

Ali təhsilini Cənubi Koreyanın Koreya Ali Elm və Texnologiya Universitetində alıb. 

2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinə qəbul olunub. 

“YAŞAT” Fondu tərəfindən təhsillə bağlı ilk aylıq təqaüd də məhz Cavidə təqdim edilib. 

Cavid uğur yolunun əsasını təhsildə görür və təhsil yolunda yeniliklərə imza atmağa davam edir.

Ona bu yolda uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Bakıdakı Rus evində Eldar Hacıyevin “Qarabağ naxışları” adlı sərgisi açılıb. Sərginin eksponatlarına rəssamın eskizləri üzrə toxunmuş xalçalar, Nizaminin əsərlərinə illüstrasiyalar, “Bibliya” motivləri və Qarabağ ornamentləri daxildir.

 

AzərTAC xəbər verir ki, sərginin açılışında Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov ziyarətçiləri salamlayıb. Çıxış edənlər arasında rəssamın müəllimləri, həmkarları, dostları və tələbələri olublar.

 

Eldar Hacıyev Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür. O, Avropa Universitetinin və Avropa Təbiət Elmləri Akademiyasının ordeni və Fəxri professoru adına layiq görülüb. Rəssamın əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda yer alır. O, respublika və beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı və laureatıdır.

 

Sərgi oktyabrın 9-dək davam edəcək. Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Sentyabrın 26-da Tbilisidə Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Vətən müharibəsinin ildönümünə həsr olunmuş "Komando" adlı tamaşa nümayiş etdirilib.

 

AzərTAC xəbər verir ki, qəhrəman Azərbaycan əsgərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs olunan tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Era Teatrının kollektivi tərəfindən hazırlanıb.

 

Tamaşanın açılış mərasimində əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının azadlıq uğrundakı mübarizəsindən danışıb, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin bərpa olunduğunu xüsusi qeyd edib.

 

Bildirib ki, müstəqilliyin ilk illərində düşmən qüvvələr tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub. Ümummilli Liderimizin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Birinci və İkinci Qarabağ müharibələrində xalqımız şəhidlər verdi. Onların içərisində Gürcüstandan olan soydaşlarımız da var.

 

Diplomat Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasında, Birinci və İkinci Qarabağ müharibələrində Gürcüstanda yaşayan soydaşlarımızın rolunu qeyd edib. Bildirilib ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə daim diqqət və qayğı göstərir. Gürcüstandan olan şəhid ailələri də bu qayğıdan kənarda qalmırlar.

 

Səfir şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə də ətraflı məlumat verib.

 

44 günlük Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anası Rəhilə Rüstəmova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, təkcə o deyil, bütün şəhid anaları övladları ilə qürur duyurlar.

 

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Anar Rafiqoğlu deyib ki, səhnə əsərini hazırlamaqda məqsəd rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarını nümayiş etdirməkdir.

 

Sonra tamaşa nümayiş etdirilib.

 

Tamaşanın əsas süjet xəttini 44 günlük Vətən müharibəsində yaralı əsgər yoldaşını döyüş meydanından sağ çıxarmağa çalışan komandirlərin və həkim Nigar xanımın göstərdiyi igidlik təşkil edib. Qeyri-bərabər döyüşdə əsgər və zabitlərin, bir vaxtlar hərbçi olan atasının son arzusunu yerinə yetirmək üçün ağ xallat geyinib cəbhəyə yollanan tibb bacısının, yaralı əsgərlərin göstərdiyi qəhrəmanlıq nümayiş etdirilib.

 

Tamaşada rolları gənc aktyorlar Elnur Vəlizadə, Elvir Hasanoğlu, Gül Cəfərova və Əli İlqaroğlu ifa ediblər.

 

Tədbirdə Türkiyənin və Türkmənistanın Gürcüstandakı səfirləri, Gürcüstanın rəsmi dairələrinin nümayəndələri, AZEBİ və digər strukturların rəhbərləri, iş adamları, din xadimləri, şəhid ailələrinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Ədəbiyyat neqativliklərlə necə mübarizə aparır?  Və ümumiyyətlə, aparırmı? Hər halda, ötən əsrlərdə maarifçilərimiz mübarizə aparıblar. 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Mobil Aslanlı Huntürkün bir məqaləsini təqdim edəcək. Müəllif Bakıxanovun poeziyasına rakurs edib. Bakıxanov niyə şərabla bunca mübarizə aparıb?

 

Mobil ASLANLI HUNTÜRK

 

A.A.BAKIXANOVUN POETİK DÜŞÜNCƏSİNDƏ

SAĞLAM HƏYAT TƏRZİ

 

 

XIX əsr Azərbaycan xalqının ictimai-pedaqoji fikir tarixində nadir simalardan biri kimi əlahiddə yer tutan A.Bakıxanov öz dövrünün ensiklopedik bilikli, dərin zəkalı şəxsiyyətlərindən biri olmuşdur. Fiziki tərbiyəyə, insanın ahəngdar inkişafına, onun cismani sağlamlığına, harmonik gözəlliyinə xüsusi diqqət yetirmişdir. Böyük maarifçi “Təhzibi-əxlaq” əsərindəki “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması” və s. adlı fəsillərində, habelə “Müşkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərində “Nəfsin qorunması” başlığı ilə yazdığı hekayətində insan sağlamlığının düşməni olan, onu mənəviyyatca eybəcərləşdirib rüsvay edən şərabın törətdiyi bəlalardan və digər naqis fəsadlar barədə geniş söz açır: 

 

O şərabı istəməz ki, şər ab olmuş ləqəbi,

Zatında bir fitnə vardır, qarışdırır əsəbi. 

Elə şərab istəməz ki, etsin cana bəd əsər,

Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.

Deyirlər ki, yüz xətaya olar daim mey bais, 

Ona görə ad vermişlər ona “ümmül-xəbais”.

Ağılsız baş şəraba qızışarsa bir daha, 

Bada gedər bir gün içrə hörmət, ədəb və həya.

Bu uğursuz nəfsin hökmü qarışarsa hər işə,

Ağlasığmaz pislik olar insanlara bir peşə. 

 

A.Bakıxanov “Mişkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərindəki “Nəfsin qorunması” hekayətində şəraba aludəçiliyi insan əxlaqına, mənəviyyatına xələl gətirən, mənli¬yini heçə endirərək el-oba arasında xar edən zərərli vərdiş adlandırır. Şair spirtli içkilərə qurşanan kəslərin içkinin təsirindən xumarlanıb hüşyar olduğunu, şərabın adamı abırsız hala salıb eybəcərləşdirdiyini, el içində rüsvay etdiyini, bundan müxtəlif mərəzlərin, naxoşluğun törəndiyini qeyd edir. O, millətin övladlarına sərxoşluqdan daim uzaq olmağı tövsiyə edir, şərabı «şər ab» adlandırırdı. Onun müasiri, xalqımızın parlaq ziyalısı M.F.Axundov isə şərabın haram edilməsinin, islam dininin misilsiz qanunlarından olduğunu israrlayırdı. Bakıxanovun əsl təbib, gözəl loğman kimi şərabın həm də konkret olaraq hansı fəsadlar törətdiyini də nəzərə çatdırır. Onun fikrincə, sağlamlığın qəddar düşməni olan şərab insanda, hər şeydən öncə, sinir sistemini sıradan çıxararaq onu ağılsız bir məxluq kimi rəzil sifətə salır. Şair həmin heka¬yətdə bir məzlum gəncin başına gələn hadisəni bütün təfsilatı ilə oxucusuna çatdırır:

A.Bakıxanov “Mişkatül-ənvar” əsərində içkiyə meyil göstərən bir şəxsin gözəl, səviyyəli bir məclisdə şərabın təsirindən getdikcə meyxoş olub özün rüsvay etməsi ilə onun  törətdiyi fitnə-fəsaddan söhbət açır. Fağır, ədəb-ərkanlı həmin gənc eybəcər və biabırçı bir hala düşür ki, bütün məclis əhlini dəng edir, hamını naqis və düşük hərəkəti ilə bezdirir. Heç vaxt içki içməyən bu adam meyin təsirindən elə bir huşsuz hala düşür ki, şərəfsiz bir əyyaş kimi ləyaqətsiz hərəkətlər edir:

 

Şərab içib getdikcə çox sərxoşluğa düşdüm mən,

Ürəyimin ətəyi də çıxdı tədbir əlindən.

Hərisliyim çoxaldıqca açdı şərab üzümü,

O sildikcə qəm tozunu, çaşdırdım hər sözümü…

Yenə içdim, hey içdikcə içməyi çox xoşladım,

Dilsiz idim, birdən-birə natiqliyə başladım.

Elə bildim söz mülkünün mənəm qadir sultanı,

Söz düzməkdə təkcə mənəm öz əsrimin Söhbanı. 

 

Şair göstərir ki, “şər ab” kimi, yəni “şər su” kimi tanınan bu mayenin tərkibində bir fitnə-fəsad yatır, odur ki, onu qəbul edərkən həddən-ziyadə ehtiyatlı olmaq lazımdır.

El arasında belə bir fikir yayılıb ki, mey, yəni şərab yüz xətaya bais olur. Odur ki, şair bu zərb-məsəldən ustalıqla istifadə etməklə göstərir ki, insanı dost-düşmən yanında xar edən şəraba həddən ziyadə aludə olan kəslər öz-özlərinə bəri başdan qəbir qazan biveclərdir.

A.Bakıxanov belə bir nəticəyə gəlir ki, insan harada, hansı şəraitdə olmasına baxmayaraq, öz hisslərini cilovlamaqla nəfsinə sahib çıxmağı bacarmalıdır. Nəfs insan ağlının hökmdarı olmalıdır. Çünki nəfsdən çox bəlalar törənə bilər. Dahi Füzulinin təbirincə desək, “Pəhləvan ol kimdir, kim nəfsin qətl eyləyə”.

Abbasqulu ağa insanın vüqarına, ləyaqətinə və şərəfinə xələl gətirən ünsür¬lərlə mübarizədə nəfsin gücünün rolunu xüsusi vurğulayır. Nəfsin tamaha güc gəlməsi insandan güclü xarakter, dəmir iradi səy və əzmkarlıq tələb edir. Şairə görə, insanlarda bir sıra əxlaqi cılızlığın, mənəvi düşkünlüyün, mənəvi kasıblığın törənmə səbəblərini onların iradə zəifliyində axtarmaq lazımdır. Aydın həqiqətdir ki, fiziki cəhətdən möhkəm, mətin və güclü şəxslər bu işin öhdəsindən daha asan gəlirlər. Odur ki, nəfsin qorunub saxlanması üçün hər bir kəsdən iradi güc və səy tələb edilir. Beləliklə, insanın fiziki tərbiyəsi, fiziki yetkinliyi onun iradi tərbiyəsini şərtləndirən başlıca amillərdir. Psixoloji tədqiqatlar göstərmişdir ki, insanda baş verən qeyri-əxlaqi hərəkətlərin baş vermə səbəbləri, bilavasitə iradi cılızlıqla, xarakter zəifliyi ilə bağlıdır. Bu prosesdə insanın özünü ələ alma özünü tənqid, özünə inam, özünə qiymət, özünə nəzarət kimi özünü tərbiyə vasitələrinin əxlaqi vərdiş kimi şüur və təfəkkürdə təzahürü başlıca məsələlərdəndir.

“Müşkatül-Ənvar”da həmin gəncin ətrafdakı kəsləri çərənləməkdən dəng etməsi, gah müvazinətini itirərək rəqsə qoşulması, badələrin sayını, ölçünü nizamlamağı bacarmaqda aciz olması belə təsvir edilir:

 

Xəyalımdan tamam çıxdı sayıqlıq və ehtiyat,

Mey apardı iradəmi, düşmən açdı qol-qanad. 

Bu məsəli yaxşı demiş dünya görmüş atalar:

Öz başını qorumağa sərxoş nədən güc alar?

Mən yenə də başa çəkdim bundan sonra neçə cam,

Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam.

Bu qaydadır, sərxoşların rəqsə meyli çox olur,

Çünki şərab təsirilə vüqar, təmkin yox olur.

Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım,

Nəyim vardı, getdi əldən, itdi ağlım, kamalım.

Sonra yenə başa çəkdim neçə dolu badə mən,

Keflilikdən çərənlədim, tamam getdim badə mən! 

 

Şairin nəzərdə tutduğu nəfs məfhumu çox geniş anlayış kimi götürülmüşdür, onu təkcə yemək-içməyə şamil etmək düzgün deyil. Lakin bu əsərdə şair insan xislətinə xas olan bütün qüsurların kökünü və mənbəyini nəfsi qorumamaqda, şərabı çox qəbul etməkdə görür. Onun fikrincə, şərab insanların başına min bir fəlakət açır, təsadüfi deyildir ki, Bakıxanov zatında fitnə olan meyi şeytan sidiyi kimi qələmə verir. Şairin bu barədə yazdığı bəzi misralara diqqət yetirək:

 

“Ki şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər…”

Yaxud:

“Min ixtilaf törədirlər meyin zikri üstündə…” 

 

Bu, bir həqiqətdir ki, şərabı şadlanmaq, xoş ovqat gətirmək, əhvali-ruhiyyəni yüksəltmək üçün içənlər də çoxdur. Elə əsl məsələ də məhz həmin ilk qədəhdən sonra başlayır. Azmı olub şərabı qətrə-qətrə dadaraq küpünə girib yatanlar?

Əsərdə qeyd edilir ki, ziyafətdəki abırlı zövq əhlinin heysiyyatını təhqir edən həmin gəncin, özünə çox həmdəm olan dost və tanışlarına kobud rəftarı, nalayiq davranışı həmin sərxoşun coşub hərzə-hərzə danışması qaba, əcaib hərəkəti içdiyi meyin qədərini, ölçüsünü bilməməyində idi. Şairin fikrincə, hər bir söz, əməl və işdə etidala riayət etmək əxlaqın başlıca şərtlərindəndir. Meyin sərxoşluğundan meymun halına düşən bu gənc, spirtin təsiri tədricən azalıb getdikcə peşmanlıq hissi keçirməyə başlayır:

 

Hər yetənlə dalaşaraq söyüb təhqir eylədim,

Yaraşmayan işlər gördüm, cəfəngiyat söylədim.

Hərçənd ki, sözlərimdən bir az oldum xəbərdar,

Lakin əldə deyil idi heç iradə, ixtiyar.

İllər boyu sınadığım sadiq o can dostları,

Candan əziz o səmimi və mehriban dostları. 

 

Mötəbər mənbə və qaynaqlardan bəlli olduğu kimi, A.Bakıxanovun heç vaxt içki içməməsinə baxmayaraq, şərabı tərifməsi, habelə içkinin xeyri və şəri barədə düzgün mühakimələr yürütməsi istər-istəməz oxucuda təəccüb doğurur. Şairin şərabla bağlı fikir və mülahizələri, onun son dərəcə güclü müşahidə qabiliyyətinə malik olduğunu aydın göstərir.

Şairin fikrincə, şərab içməklə ona aludə olmaq arasında çox böyük fərq vardır. Şəraba aludəçiliyin sonu sərxoşluğa aparıb çıxarır. Sərxoş adamlarda isə şərabın təsirindən vüqar və təmkin yox olur, ağıl və kamal əldən gedir.

A.Bakıxanov əsərdə şərabın insanın başına açdığı müsibətlərdən söhbət açmaqla bərabər, şəraba meyli olan şəxslərə içdiyi vaxt artıq-əksik danışmağı da irad tutur, sanki üzünü onlara tərəf çevirərək içkinin təsiri ilə qaba danışmamağı, hər sözə, kəlməyə diqqət yetirməyi tövsiyə edir. Çünki bir qayda olaraq, içməyi bacarmayan kəslər ardı-arası kəsilmədən mənasız söhbətlər edir – bir sözlə, boş-boğazlıq edirlər:

 

Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə,

Ya Rəbb, belə yaman dilim kaş dibindən kəsilə!

Hər nə isə, ağlım itib eyləmişəm gör nələr,

Yaraşmayan işlər tutub törətmişəm fitnələr.

Heç özüm də bilməyirdim nədir bunun səbəbi,

Gah ağlayır, gah gülürdüm, xeyli küskün, əsəbi.

Mən qüsmağa başladıqda halım tamam pozuldu,

Huşsuz düşdüm cəsəd kimi, dilim isə lal oldu. 

 

“Müşkatül-ənvar”da A.Bakıxanov şərabın təsirindən öz hərəkət və davranışına nəzarət etməyi bacarmayan sərxoşların düşdüyü ağır vəziyyəti, psixoloji gərginliyi də düzgün qələmə almışdır. O, sərxoş insanın dili ilə düşdüyü gülünc vəziyyəti sanki gözümüz önündə canlandırır, şərabın səbəb olduğu əcaib əməlləri bir-bir sadalayır. Bu iyrənc mənzərəni seyr edən hər bir oxucu əsərdə təsvir edilən həmin sərxoş adamın davranışından, ağlını itirərək yaramaz işlər görməsindən, fitnələr törətməsindən – bir sözlə, sərsəmləmələrindən bir növ tərbiyə alır. Daha doğrusu, A.Bakıxanov bu xoşagəlməz mənzərəni qələmə almaqla öz oxucusunu tərbiyə edir, ona göstərir ki, sərxoş adamın aqibəti bax budur, o, insanlara qəm-qüssədən, mənasız fikirlərdən başqa heç nə gətirmir:

 

Mey nəşəsi barəsində hər kəs bir cür vurur laf,

Saf şərabın xassəsində vardır böyük ixtilaf.

Biri onda gəzir saflıq, fərəh, hər cür xoş halət,

Bir başqası deyir: “Şərab törədir min fəlakət”. 

 

Şair sərxoş adamdan danışarkən bir məsələni də öz oxucularına çatdırır ki, bu da şərabın, ümumiyyətlə, içkinin insan səhhətinə, onun mənəvi varlığına və iqtisadi durumuna endirilən sarsıdıcı zərbədir. O, haqlı olaraq belə zəif xarakterli insanı elin qınağıyla məzəmmətləyir və hədəfə gələn həmin adamın, nəhayət, öz naqis  əməlindən peşman olduğunu göstərir:

 

Başağrısı sərsəmliyin eyləmişdi məni xar,

Bu zavallı halı yalnız düşən bilər, anlayar.

Ayıldıqda ətrafımda görmədim bir dostumu,

Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?!

Etibardan dəm vurmağa haqq verirmi bu halət?

Allahdan da, bəndədən mən çəkirəm xəcalət. 

 

A.Bakıxanov öz fikrini sübuta yetirmək üçün müxtəlif məzmunlu hekayə və lətifələrdən də geniş istifadə etmişdir. Şair maraqlı, ibrətamiz fikirlər söyləməklə nəticədə öz məqsədini daha qabarıq bildirir. O, ilk hekayədə nəşələnmək üçün bazardan həb almış şəxsin birdən-birə dəyişərək “insanlıq”dan uzaqlaşma¬sını inandırıcı boyalarla təsvir edir və həmin hekayətin sonunda deyir:

 

“Dedi: Aman, gör nə bəla gətirdim öz başıma,

 Hansı üzlə nəzər salım indi öz tay-tuşuma?”. 

 

Şair bir anlığa şərabın məstedici təsirindən xumarlanıb feyziyab olan kəslərin sonrakı aqibəti, necə bədbəxt bir məxluqa çevriləcəyi barədə bəri başdan xəbərdarlıq edir.

 

Ey könül, sən ibrət götür öz başına gələndən,

Başqası da ibrət alsın bu yol ilə qoy səndən.

Mey məstliyi uzun sürməz, davamı da azdır, az,

Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz… 

 

A.Bakıxanov gününü sərxoşluqla keçirən iradəsiz insanların ötəri kef çəkmələrini ağılsızlıq hesab edərək, onların sağlamlığının qayğısına qalıb faydalı, xeyirxah və nəcib işlərlə məşğul olmalarını daha məqbul sayır:

 

Öz ömrünü sərxoşluqda keçirərsə hər cahil,

Başağrısı bir an belə rahat qoymaz, onu bil!

Xumarlanmış gözlərini açan zaman yuxudan

Görəcəkdir günəş çıxmış, işıqlanmış bu cahan. 

 

Abbasqulu ağa içkiyə qurşananların, onun məstedici halından feyziyab olanların ailəsi, dostları üçün bir ictimai bəlaya çevriləcəyini, həmin bihuşedici maddənin təsirindən özünə və ətrafdakılara xələl gətirəcəyini duyub onlara bu naqis əməli, ədəbsiz vərdişi tərgitməyi tövsiyə edir. Bu bəd adəti dayandırmayacağı halda, onların daha dəhşətli bəlalarla üzləşəcəyini yada salır:

 

Mey içəndən öyrənsən hüşyarlığı,

Sərxoş olmaqdan ayıl, bəsdir, yetər! 

 

Mənbələrdə göstərilir ki, Bakıxanov Peterburqda olanda imperator birinci Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Çara və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. İmperatorun arvadı qürurla söyləyir ki, mən Abbasqulu ağaya şərab içirdərəm. O, bir qədəh şərabı qızıl siniyə qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış. Abbasqulu ağa ayağa qalxıb qızıl sinidən qədəhi götürür və üzünü çar birinci Nikolaya tutaraq deyir: 

– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz şərab için, Allahım deyir içmə, hansınızın sözünə baxım? 

Çox dindar olan çar birinci Nikolay bir anın içində: 

– Əlbəttə, Allahın, – söyləyir.

Abbasqulu ağa Bakıxanov əlindəki qədəhi təzədən qaytarıb padşah arvadının əlindəki qızıl siniyə qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur. 

Bütün ömrü boyu sağlam həyat tərzi keçirmiş Abbasqulu ağa nəinki müasirləri tərəfindən yüksək dəyərləndirilmiş, onun eyni zamanda bu problemin tətbiqi və təşviqi yolunda əvəzsiz xidməti olmuşdur.

Böyük maarifçi başdan-başa əxlaq tərbiyəsinə həsr olunmuş “Təhzibi-əxlaq” əsərində gəncləri pis və ləyaqətsiz əməllərdən uzaq durmağa, nəcib, xeyirxah, şərəfli işlərə xidmət etməyə çağırır. Onun əsərləri şəxsiyyətin bütövlüyünü, vicdanlı, saf, ədalətli, prinsipial comərd olmağı, bütün humanist əməllərə ria¬yət etməyi və elmə daim can atmağı, vətən uğrunda canından keçməyi, zəhmətə qatlaşmağı, əqli və fiziki əməyə məhəbbəti, habelə gigiyena və sağlamlığa xidmət etməyi təbliğ edir. 

Ədibin ümumilikdə tərbiyə mövzusunu geniş və hərtərəfli əhatə edən həmin əsərində “Etidala riayət etmək haqqında”, “Yaxşı işlərin fəziləti haqqında”, “Ra¬hat¬lıq əldə etmək haqqında”, “İşin faydaları haqqında” və s. fəsillərində sağlam həyat tərzinin formalaşdırılması, fiziki sağlamlıq, iradi-mənəvi keyfiyyətlər, habelə fiziki tərbiyə motivləri ilə bağlı mühüm məsələlərə toxunulur. 

A.Bakıxanovun “Təhzibi-əxlaq” əsərində “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması”, “Şöhrətin bəyanı” fəsilləri əxlaqi-etik norma¬ların geniş və dəqiq şərhinə həsr olunmuşdur. Böyük maarifpərvər, əxlaqşünas filosofun əxlaq nəzəriyyəsində “etidal” (orta hədd) prinsipi olduqca mühüm yer tutur. Şair təbiət və insan həyatından çoxlu faktlar gətirərək belə qənaətə gəlir ki, hər şeydə azlıq faydasız olduğu kimi, həddindən artıq yemək də onun səhhətini pozur və patoloji xəstəliklərin yaranmasına səbəb olur. Nəbatatın yetişməsi rütubətə möhtacdır, lakin rütubət çox olarsa, onu çürüdər. Xəsislik pis xasiyyətdir, lakin həddindən artıq israfçılıq da pisdir. 

Böyük ədibin mənəvi xəzinəmizin dəyərli sərvətlərindən olan “Nəsihətnamə”ləri arasında insan səhhətinin möhkəmləndirilməsi, gümrah bədənə, sağlam orqanlara, uzunömürlülüyə səbəb olan əsas amilləri şərtləndirən vasitələrlə bağlı qiymətli fikirlər çoxdur. O, yaşamaq, həm də mənalı yaşamaq, səmərəli ömür sürmək naminə, yemək üçün yaşayanları deyil, yaşamaq üçün yeyənləri nəzərdə tutaraq bu işdə, hər şeydən öncə, iradəli olmağı tövsiyə edir. Şair göstərir ki, çox yeyib qarınqululuq etmək insanın öz səhhətinə, sağ¬lamlığına düşmən kəsilməsi deməkdir. Təbii ki, bu məsələdə lazımi ölçünü, etidalı gözləməyib, rejimin qaydalarına intizam göstərməyən kəslərin bir sıra xəstəliklərə mübtəla olmaları şəksizdir. 

Abbasqulu ağa göstərir ki, qida qəbulunda qədəri gözləməyib, həddini aşan kəslərin ağlı, düşüncəsi də qaydasınca olmur. Onun fikrincə, belə adamların, adətən, zehni korafəhim olur, kal ağıl sahibi kimi əqli kütləşmiş bir fərd kimi maddiləşir. Təsadüfi deyildir ki, Şərqin böyük zəka sahibləri, müdrikləri əqli və bədəni həmahəng olmayan kəsləri şikəst məxluq adlandırmışlar. Beləliklə, xalqımızın əvəzsiz filosofu, müqtədir pedaqoq və həkimi yeyib-içmək işində normal insanın daim qaydasında, qədərində qidalanmağını bu işdə özünənəzarəti şərtləndirən başlıca amil kimi qiymətləndirmişdir. Və əsərlərində dönə-dönə yazırdı: “Çox yeməkdən çəkinin, çünki bədənin səlamətliyinə və ağıla zərəri vardır”.  

A.Bakıxanov “Mənzum hekayətləri”ndə hər bir xəstəliyin törənmə səbəbləri və həmin bəlaya qarşı insanların şəfa tapmasından ötəri əlac yolları və lazımi profilaktik tədbirlər görmə barədə söhbət açır. Şairə görə, insan öz canını hər hansı bir dərd-bəladan qoruyub həkimə möhtac olmamaq üçün o, ilk növbədə öz fiziki-cismani möhkəmliyi uğrunda çalışmalıdır. Bununçün isə bir sıra fiziki tərbiyə məşğələləri, bədən tərbiyəsi hərəkətləri ilə yanaşı, həm də təbii və gigiyenik amillərə, xüsusilə də sağlam həyat tərzi yaşamına mühüm diqqət yetirilməlidir: 

 

Hər bir xəstəliyin bir səbəbi var,

İllətsiz xəstəlik olmaz aşikar.

Altı şey vücuda çox lazımdır, bil,

Dörd şey də eləyir mərəzi təhlil.

Bu şeylər birləşsə bir yerdə, yəqin,

Pozulmaz heç zaman halı səhhətin.

Deməli, mərəzdən kim görsə bəla,

Etmiş öz-özünü dərdə mübtəla. 

 

Şairin dediklərindən belə qənaətə gəlmək olur ki, müxtəlif mərəzlərə yoluxmamaq, habelə dava-dərmana möhtac olmamaq üçün hər bir kəs hökmən gərək fiziki tərbiyə məşğələləri, onun əsas vasitələri və idman təmrinlərinə xüsusi yer ayırsın: 

 

Ağıllı, xəstəlik hələ gəlməmiş, 

Çalışar vaxtında görülsün hər iş.

Elə ki hüdudu aşdı bir ixlat,

Bədəndə törəyir xəstəlik, fəsad.

Vücudun səhhəti pozulub gedər,

Yüz illət bədəni sərnigun edər.

Sağlamkən gərəkdir edəsən əlac,

Ki, vücud olmasın dəvaya möhtac. 

 

Beləliklə, bütün ömrünü fəal, fəal olduğu qədər də sağlam həyat tərzi yaşamış və yaradıcılığında da həmin fəzil məsləhləri, müdrik tövsiyələri çox böyük sənətkarlıqla bizlərə çatdırmış ədibin yaradıcılığına dönə-dönə müraciət edilməlidir. Bu gün xalqımızın gənc övladlarının əqli və mənəvi kamilləşməsi nə dərəcədə zəruridirsə, onların fiziki təkmilləşməsi də o dərəcədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, fiziki tərbiyənin əsas amili kimi təbii və gigiyenik qaydalara ciddi riayət olunması sağlam həyat tərzinin formalaşmasına zəmin yaradan başlıca vasitədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Nəsr saatında sizlərə Könül Məmmədovanın “Möcüzələr diyarı” hekayəsini təqdim edir.

                                     

 

Kral həmişəki kimi saray əyanları, kral əshabələri, zadəganları ilə birlikdə dəniz qırağında səhər gəzintisində idi. Dalğaların ləpədöyənə, sonra da kralın əbasının ətəyinə dəyməsi, məiyyətini islatması heç kimi narahat etmirdi. Kral Qızıl Henri səltənətinə güvənib heç kimi sıxmırdı, sadə vətəndaşlar kimi azad və rahat yaşayırdı. Krallığında qoyduğu qayda-qanunu isə heç kim pozmağa cəsarət etməzdi. Bu, kralın qəddarlığından yox, ədalətindən irəli gəlirdi. Yeni doğan günəşin işığında kralın yaşıldan qəhvəyiyə doğru dəyişən ala gözləri dənizin üzündə cansız qalan qızı gördü. Kral qara saçlarının ön hissəsində xal kimi görünən sarımtıl saçlarını əli ilə axraya atıb, diqqətlə dənizə baxdı. Həyəcanla qızı dənizdən çıxartmağı əmr etdi. Əl-ayağa düşən əyanlar qızı dənizdən çıxartdılar. Kral ilk dəfə gözünü bir qızdan çəkə bilmirdi. Əyanlar kralın qıza baxdığını görüb daha da vəlvələyə düşdülər, bir-birlərinin qollarına vurub pıçıldaşdılar. Kralın istəyi ilə naməlum qızı ayıltmağa çalışdılar.

Möcücələr diyarının kralı Qızıl Henri 13 yaşında taxta çıxmışdı. Atası kral III Uzunsaçlı Lotharın illərlə uşağı olmurdu. Övlad həsrəti ilə yaşayan III Uzunsaçlı Lothar illərlə özünə baxmır, saçları uzandıqca uzanırdı, fikir etməkdən gözlərinin əti o qədər sallanmışdı ki, gözləri açıq olanda da yumulu görünürdü.  Kralın varisi yox idi deyə, hamının gözü var-dövlətində, hakimiyyətində idi.  III Uzunsaçlı Lotharın uzun saçlarını qınasalar da, bu saçlar ona döyüşlərdə uzun kəndir kimi kömək edirdi. 24 il sonra kral III Uzunsaçlı Lothar saçlarını kəsdi, oğlu Henri dünyaya gəldi. O, dünyaya gələndə ölkələrində möcüzə baş verdi. Bu ölkədə daha heç vaxt fəsil dəyişmədi. Həmişə yaz oldu. Elə o gündən günəşin qızılı şəfəqlərindən ilhamlanıb Henrini “Qızıl Henri” deyib əzizlədilər. Günəşin şüaları ölkədə kimsə xəstələndiyi vaxt batardı. O zaman möcüzələr diyarında yağış yağardı. Qızıl Henrinin 13 yaşı olanda ildırımlar çaxdı, yağış dayanmadan yağdı, qar yağanda atası böyrək çatışmazlığından dünyasını dəyişdi. Kralın yoxluğuna dözməyən kraliça həmin gün kral ilə əbədi qovuşdu. O gündən taxta çıxan kral Qızıl Henri ölkədə xəstələnməyi qadağan etdi. Heç bir ölkədən bu ölkəyə qonaq gələ bilməzdi, krallıqdan heç kim kənara çıxmazdı. Möcüzələr diyarının əhalisi 36 il idi həmişə yaz fəsli olan ədalətli ölkələrində şadlıq, bolluq, firavanlıq içində yaşayırdı. Hamı ölkə əhalisini ailəsi bilirdi. Tək dərdləri kral Qızıl Henrini evləndirmək idi. Kral indiyənə qədər heç bir qızın üzünə gülümsəməz, heç bir qıza elçi gözü ilə baxmazdı. Ta bu günə kimi...

 Kral Qızıl Henri ilk dəfə idi bir qızın üzünə baxıb gülümsədi. Bütün saray əhli həm sevinirdi, həm də sevincdən göz yaşlarını gizlədə bilmirdi. Kralın üzünə gülümsədiyi su pərisi kimi gözəl qız dənizdə boğulmuşdu. Sarayın təbibləri qızı ayıltmağa çalışdılar. Nəhayət, qız gözlərini açdı. Su pərisinin dəniz gözlərində öz əksini görən kral, gözünü o gözlərdən çəkə bilmirdi. İlk dəfə idi illlər sonra ölkəyə yad insan gəlmişdi. Ölkə əhalisi bundan narahat olmurdu, əksinə, xoşhal idilər. Ümid edirdilər ki, kral su pərsi ilə evlənəcək. 18 yaşlı su pərisi Abelya başına gələnləri nəql edib dedi ki, onun ata-anası yoxdur. Anası o, dünyaya gələndə dünyasını dəyişib, atası da bir qəza nəticəsində əbədi olaraq gözlərini yumub. Nənəsinin himayəsində böyüyən su pərisi Abelya dənizin dibindən yosunları yığarkən burulğana düşüb, sonrası yadında deyil. İndi gözünü bu diyarda açıb.

Kral əshabələri Abelyanı saraya gətirdilər. Abelya libasını dəyişib kral ilə bərabər şam etdi. Kralın ürəyindəki sevgini artıq hər kəs hiss etmişdi. Kral baş vəzirə bildirdi ki, Abelyanı möcüzələr diyarının kraliçası kimi görmək istəyir. Bu şad xəbər dildən-dilə gəzdi. Abelyanı kraliçalıq taxtına hazırlayırdılar. Qəfil Abelyanın temperaturunun yüksəlməsi, gözünün qızarması, qanlı nəfəsi hamını təşvişə saldı. İlk dəfə aşiq olan Kral bu xəbəri bilsəydi, Abelyanı krallıqdan uzaqlaşdıracaqdı. Əyanlar qərar verdilər ki, Abelyanı gizlədib sağaltmağa çalışsınlar. Abelyanı zirzəmidə gizlətdilər. Təbiblər Abelyanın dərdinə dərman tapa bilmirdilər. Təbiblərdən birinin də halı pisləşdi. Məlum oldu ki, Abelyanın xəstəliyi keçiçidir. Kralın sərt reaksiyasından qorxan əyanlar əl-ayağa düşdülər.  Bütün xəstəliklərdən uzaq olan təbiblər, kral əshabələri Abelyanın ölkəyə gətirdiyi Yustinian vəbasından da xəbərsiz idilər. Xəstəliyin səbəbi, bir millimetrdən kiçik olan, siçanların tükləri arasında gizlənən, uçucu bir həşəratın mədəsində ölümcül vəba bakteriyasını daşıması idi. Bu böcəklər ətrafdakı digər siçanların tükləri arasında uçaraq yerləşir, sürətlə çoxalırdılar və bu yoluxucu xəstəlik onlardan insana taun çöpü vasitəsilə keçirdi. 

Bir neçə gün idi krallıqda günəşsiz səhər açılırdı. Göy üzü tutqun idi, buludlar qaralmışdı.  Kral Qızıl Henri nə baş verdiyini təxmin edirdi. Amma öz səbrini basaraq əyanlardan cavab gözləyirdi. Abelyanın halı getdikcə pisləşirdi. Əl-ayağa düşən təbiblər nə edəcəklərini bilmirdilər, artıq özləri də xəstəliyin daşıyıcısı idilər. Nəhayət, çarəni qapılar arxasında gizlənməkdə tapdılar. Yağış yağmağa başladı. Əhali narahat idi, hamı bir-birinə şübhə ilə yanaşırdı. Kral krallığında ilk dəfə baş verən hadisədən təlaşlı idi, əsəblə o tərəf-bu tərəfə gedirdi. Qurtuluş yolu yox idi. Vəziyyəti bilən baş vəzir xəbəri krala çatdırdı. Kral beyni ilə ürəyi arasında savaşırdı. Ürəyi Abelyanın ölməyini istəmirdi, onun ölkədən getməsini də istəmirdi, amma beyni öz qoyduğun qanuna ilk özün əməl et deyirdi. Sarayda həyacan təbili çalındı. Təbiblər qaçaraq gəldi: “Artıq Abelyanın halı çox pisdir. Ona qulluq edən xidmətçi də, aşpaz da xəstələnib. Nə xəstəlikdisə, yoluxucu xəstəlikdir”.  Kral təcili qərar verməli idi: Abelya getsin, yoxsa qalsın. Əslində, qərar bəlli idi, amma kralın sevgisi imkan vermirdi ki, onu dilinə gətirsin. İki daş arasında qalan kral təkliyə çəkildi.  Göy üzünə zillənən ala gözləri tünd-qəhvəyi rəngə büründü. Gözündən axmayıb ürəyinə süzülən göz yaşlarını içində boğaraq məşvərət otağına gəldi. Kralın əmrindən əvvəl vəzirin çıxışı kralın narahatlığını daha da artırdı: “Kral həzrətləri, mən belə fikirləşirəm ki, Abelyanın dəniz vasitəsilə gəlişi bizim düşmənlərimizin işidir. İllərdir ölkəmizə gələ bilməyən düşmən içimizə xəstəlik salıb bizi zəiflətmək, işçi qüvvəmizi, əsgər sayımızı azalmaq istəyir. Sonra da hücum edib torpaqlarımızı zəbt etmək niyyətindədir”.  Vəzirin dedikləri kralın beyninə batdı, ürəyinə daş basaraq casusun edamına əmr verdi və yenə otağına çəkildi. Hər kəs kral Qızıl Henrinin əzab çəkdiyini bilirdi, amma heç kim cürət edib bir kəlmə danışa bilmirdi. Edam anında cəlladın əlləri qızdırmadan titrəyib yerə yıxıldı, artıq cəllad da Yustinian xəstəliyə yoluxmuşdu. II cəlladın vəzifəsi qəddarlıq olsa da ürəyi çox yuxa idi, kralını dünyada hər kəsdən çox sevirdi. Kralın sevdiyini öldürməyə əli gəlməyən II cəllad tələsik Abelyanı krallığın ən ucqar nöqtəsinə – dağ zirvəsindəki qalaya apardı. Hər kəsə dedi ki, Abelyanı öldürdüm, basdırdım.  Kralın artıq üzü gülmürdü, gözündən tökə bilmədiyi yaşlar yağış damlaları kimi buluddan torpağa tökülürdü. Xəstəliyin yoluxma sayı günü-gündən artırdı. Bu vaxt krallığa gələn məktub Kralın iztirabını daha da artırdı. Məktubda buyrulurdu: “Əziz kral Qızıl Henri həzrətləri, ölkənizə giriş-çıxış qadağası olsa da, bildirmək istəyirik ki, dünyada ölümcül Yustinian vəbası yayılıb. Əhalinizi hər ehtimala qarşı qoruyun. Siz insanlara giriş-çıxışa qadağa qoya bilərsiz, amma böcəklərə, siçovullara, siçanlara yox”. Kral aldığı məktubdan sonra özünə gələ bilmədi. Yemir, içmir, verdiyi qərara görə əzab çəkirdi. Abelyanın, sevdiyi ilk qadının edamına nahaq qərar vermişdi. İlk dəfə verdiyi ədalətsiz qərar ilə barışa bilmirdi. Saray əhli də,  əhali də kral qədər məyus idi. Vəzir kralın hüzuruna gələrək üzr istədi. Artıq heç bir üzr krala kömək edə bilməzdi, nə etmək olardı, olan olmuşdu. Kralın susqunluğu vəzirə cavab idi. Kral bir insan qarşısında susurdusa, o adam ölkəni tərk etməli idi. Vəzir də cavabını almışdı.

Kral yaman dərdə düçar olmuşdu. Bir yandan sevdiyinin həsrəti, bir yandan da ölkəsində xəstəliyin günü-gündən artması. Bütün təbiblər xəstəliyə dərman axtarırdı. Bu vəziyyətdə tək xoşbəxt olan II cəllad idi. O, Abelyanın sağ olmasına sevinirdi, amma cəsarət edib krala deyə bilmirdi. Artıq kral da yoxlucu xəstəliyə tutulmuşdu.

Abelya da vicdan əzabından qovrulurdu. Möcüzələr diyarına gətirdiyi xəstəliyin qurbanları dayanmadan artırdı. Abelya səbəb olduğu xəstəliyə dərman tapmaq istəyirdi. II cəlladın da xəstəliyə yoluxması onun istəyini daha da artırdı. II cəllad onun gözü qarşısında əriyib gedirdi. Abelya qızdırma içində yansa da cəsarətini toplayaraq ayağa qalxdı. Dağ başında olan şəfalı otlardan dərman düzəltməyə çalışdı.  Düzəltdiyi dərmanları cəlladın üzərində sınayırdı, amma bir nəticə yox idi. Abelya məyus olsa da, dərman axtarmağa davam edirdi. Cəllad kralın ölüm ayağında olduğunu eşidib tez saraya gəldi. Fikirləşdi ki, Abelyanın sağ olduğunu desə, kral bəlkə, sağalar. Amma yağan qar cəlladın son sözünü ürəyində qoydu.

Kralın halı saatbasaat pisləşirdi. O, Abelya deyib sayıqlayırdı. Baş vəzir dünya təbiblərini gətirsə də, kralın dərdinə çarə tapılmırdı. Bu vaxt saraya gələn Abelya hər kəsi təəccübləndirdi. II cəlladın yalanı üzə çıxdı, ilk dəfə əhali bir yalana sevindi. Kralın otağına daxil olan Abelya ona heyrətlə baxdı. Toqquşan baxışlardan ətrafa qığılcımlar səpələndi. Kral Qızıl Henri isə elə bildi ki, havalanır, gözünə adam görünür. Abelya ona toxunanda yerindən dik atıldı. Abelyanın sağ olduğuna inana bilmirdi, onun əlindən tutub son nəfəsinədək dəniz gözlərinə baxmaq istəyirdi. Abelya bu vaxt çantasından sonuncu düzəltdiyi dərmanı çıxarıb kralın dodaqlarına sürtdü. Kralın can verdiyini görən Abelya göz yaşları içində qaşıq-qaşıq dərmanın hamısını ona verdi. Qəfil kralın gözündə işıqlar parlamağa başladı. Dərman kralı sağaldırdı. Abelya xəstəliyə çarə tapdığına, kralın sağaldığına elə sevindi ki, ilk öpüşünü kralın dodağına qondurdu.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.