ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 09 Sentyabr 2024 09:09

Bizim Lütfi Zadə…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yeddi il bundan əvvəl dil-dil ötüb Lütfi Zadənin nəşinin Azərvaycana gətirilməsinə mənfi yanaşanları yəqin ki, xatırlayırsınız. 

 

Az qalırdılar ki, dəridən-qabıqdan çıxsınlar. Nəticə nə oldu? Vətən öz ünlü oğluna yer ayırıb ağuşuna aldı, övladına simsar çıxdı. Necə deyərlər, yenə də yamanlıq qaraguruha qaldı…

Lütfi Zadə ömür boyu Azərbaycanda olmasaydı da belə, son nəfəsində etdiyi vəsiyyəti ilə böyük azərbaycanlı olduğunu sübut etdi…

Bəli, sentyabrın 6-sı Lütfəli Rəhim oğlu Ələsgərzadənin- Lütfi Zadənin vəfatından yeddi il ötdü.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi

 

Bir neçə gündür Miskin Abdalın həyatına aid məlumatları və əsərlərini oxuyuram. Onun həyatı ilə bağlı məlumatlar yadıma bir hadisəni saldı.  

 

Deməli, üzun illər bundan öncə-1990-cı illərin ortalarında Bakıya gedərkən təsadüfən Oğuz rayonunun Xaçmaz kənd sakini, öz kəndlərindəki natamam orta məktəbdə direktor işləmiş mərhum Telman Nəsrullayevlə yol yoldaşı olmuşdum. Qəbələ ərazisindəki magistral yoldan Qafqaz dağlarının gözəl mənzərəsi açılırdı. Telman müəllimgilin kəndinin də bu dağların ətəyində yerləşdiyini bildiyimdən üzümü ona tutub soruşmuşdum:

- Telman müəllim, heç o dağlara, qayalıqlara çıxmısan?

Rəhmətlik gülümsəyib demişdi:

- Sən elə bilirsən, o dağlara çıxmaq asandır?! Bilirsən, oralarda, o  uca dağ və

qayalarda nə qədər adam tufana düşüb, qayadan uçub ölüb?! Babam deyirdi ki, Şah İsmayılın vəziri Miskin Abdalın uşaqları da o qayalarda borana düşüb həlak olublar.

İndi peşimanam ki, niyə söhbəti ucalamadım. Bəlkə, o, Miskin Abdal barədə babasından eşitdiyi başqa məlumatları da söyləyəcəkdi. Nə isə... 

Neçə gündür ki, onun dedikləri fikrimdən çıxmır. Maraq məni rahat buraxmır.. 

Soruşa bilərsiniz ki, Miskin Abdalı, türklər demişkən, bu qədər önəmli qılan nədir ki? Qısa söyləsəm, çox şey! 

Bilməyənlər üçün də bir neçə kəlmə deyim. Tarixdə “Miskin Abdal” kimi tanınmış, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu şəxsiyyət Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Qeyb Ərəni", böyük övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Pir sahibi olub. Mistik, metafizik qüdrət və kərəmət sahibi imiş. Filologiya elmləri doktoru, professor M.Allahmanlı “Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” adlı kitaba ön sözdə yazır ki, tarixi şəxsiyyət olan Miskin Abdal 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Atası Məhəmmədin yaxından qayğısı sayəsində kiçik yaşlarından o dövrün ədəbi və rəsmi dövlət həyatı üçün zəruri sayılan ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, cəng oyunlarını mənimsəmiş, Göyçə ozan, qopuz mühitinin sirrlərinə yaxından bələd olmuş, çox erkən yaşlarından İslam dininin, o cümlədən, «Quran»ın incəliklərini dərindən öyrənərək, «Abdallıq nəzəriyyəsi» və onun əsasında yaranmış Səfəvilərin ideya məsləki olan «Səfəviyyə» sufilik təriqətinin geniş təbliğinə başlamış, çox qısa zamanda yüksək ad-san qazanmışdır. Bütün İslam aləmində, hətta üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazisində, Qüdsdə - müsəlmanların 2-ci məscidi sayılan “Əl-Əqsa”da böyük sufi mürşidi, övliya, pirani ustad kimi tanınmışdı. Təsadüfi deyildir ki, şeirlərinin birində özü belə deyirdi: “Günbəz əl-Cizrədə, Məscid-Əqsada, Onlar da tanıyır dür usta məni”. Hüseynin ulu babası Yaqubla Ş.İ.Xətainin ulu babası Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. İsmayılın hələ uşaq olarkən düşmənləri tərəfindən təqib edildiyi illərdə, məhz Göyçədə ən çox etibar etdiyi Miskin Abdal və onun atası Məhəmməd Cəfər oğlu tərəfindən Göyçə gölündəki Ağdamar adasında yerləşən eyni adlı qalada təqiblərdən gizlədilərək mühafizə edilməsi, ilk tərbiyəsini də Miskin Abdaldan alması barədə qaynaqlar mövcuddur. Ona görə də bu münasibətlər qardaşlıq-ailə münasibətləri qədər səmimi, yaxın və etibarlı olmuşdur.  

1500-ci ildə Şeyx Heydər oğlu İsmayıl «Qızılbaşlar hərəkatı» çərçivəsində Şimali Azərbaycana yürüşlər edərkən, Göyçəyə gəlib, Zərgərli (Sarıyaqub) kəndində mürşidi olmuş, bu yerlərdə ən böyük dayağı olan lələsi Seyid Hüseyni – Miskin Abdalı ziyarət etmişdi. 1501-ci ilin sentyabr ayının 24-də Təbrizdə Şeyx Heydər oğlu İsmayıl şahlıq şərbətini, məhz Seyid Hüseynin – Miskin Abdalın əlindən alıb, içmiş, onun xeyir-duası ilə qırmızı geyinib, şahlıq taxtında əyləşmişdi.

Miskin Abdal sarayda yüksək dövlət vəzifələrində, bəzi mənbələrə əsasən, həmçinin Səfəvilərdə Şahdan sonra 3-cü vəzifə sayılan vəzir vəzifəsində çalışmışdır. Bir müddət sarayda şairlər birliyinə də başçılıq etmişdir. Daha sonra diplomatik missiya ilə əlaqədar xaricə (Bağdada, Şama, o cümlədən Osmanlı Türkiyəsinə və s.) ardıcıl səfərlər etmişdir. Bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız qardaş qırğınlarından çəkinməyə çağırmışdır. 1514-cü ildə Çaldıran döyüşündə sərkərdə kimi iştirak etmişdir.

1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) sahibi olmasını, böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq etmişdir. Fərmanda deyilirdi: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!" 

1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatından bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır. Burada məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur.

Miskin Abdal təkcə siyasi və diplomatik fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycan ədəbiyyatına çox dəyərli töhfələr verməklə, onu zənginləşdirmişdir. O, misilsiz bədii dəyərə malik gəraylı, qoşma, təcnis, divani, bayatı və deyişmələrin müəllifidir. "Aslan şah və İbrahim", "Yetim Hüseyn" dastanlarının yaradıcısıdır. Yaratdığı aşıq havaları  Azərbaycan musiqisinə, aşıq yaradıcılığına misilsiz bəstəkarlıq töhfələri olmaqla, aşıq yaradıcılığını, musiqisini zirvələrə qaldırmışdır. Hələ sağlığında və vəfatından sonra aşıqlar tərəfindən onun həyat və fəaliyyətindən bəhs edən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır.  

Onun ilk həyat yoldaşı Təbrizli Mahmudun qızı Sənubər olmuş, bu evlilikdən cəmi bir neçə ay sonra Sənubər xanım vəfat etdiyindən, o 50 yaşınadək evlənməmiş, yalnız 50 yaşında İrəvandan tacir qızı Həlimə xanım adlı qadınla ailə qurmuşdur. Həlimədən 4 övladı dünyaya gəlmişdir. Oğlanlarının adı Şadman, Əli və Həsən, qızının adı Məleykə olmuşdur. 

Zənnimcə, Miskin Abdal haqqında bu qədər kifayətdir. Qayıdaq söhbətimizin məğzinə. Mənə maraqlıdır: Həqiqətən, Miskin Abdal Xaçmazda olubmu? Onun uşaqları “Dağıstan dağlarında” (Qafqaz dağlarında) haradan gəlib, haraya gedirlərmiş? Hadisə harada, hansı şəraitdə və necə baş verib? Hörmətli oxucum, zənn edirəm ki, bunlar sizə də maraqlıdır. 

Bir həvəskar araşdırması etmək istədim. İlk işim qədim Xaçmaz kəndinə gedib yaşlı insanlarla görüşmək oldu. Görüşdə AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edir) sədri Vüsal Oğuz də iştirak edirdi. Təəssüf ki, kənddə yaşlı adamların sıraları çox seyrəlib, “yeni yaşlananlar” isə ümumi sözlərdən başqa bir şey demədilər. Vüsal müəllimdən onu öyrəndim ki, vaxtı ilə Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyində Abdallı adlı kiçik kənd olub, orada çox qədim qəbirlər var. Kəndin sakinləri də burada insanların məskunlaşmasının qədim tarixə malik olduğunu bildirdilər. Onu da qeyd edim ki, Abdallı kəndi dağ keçidlərindən birinin (Xaçmaz keçidinin) qarşısında yerləşir.

Araşdırmalarımdan belə məlum oldu ki, Abdallı toponiminin mənşəyi və mənası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr irəli sürülüb. Sözün mənşəyi və mənası haqqında bir mülahizənin  tərəfdarları toponimi qədim türk mənşəli abdal tayfasının adı ilə bağlayırlar. Abdallı sözünü "abdal tayfasına məxsus yaşayış məntəqəsi" kimi izah edirlər. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. Digər bir mülahizənin tərəfdarları isə toponimi məşhur Miskin Abdalın adı ilə bağlayır, köç yeri olduğunu, sonradan kəndə dönüşdüyünü söyləyirlər. “Abdallı” toponimi barədə bir sıra başqa fikirlərin olduğunu da qeyd etməklə kifayətlənir və bu söhbəti də çox uzatmaq istəmirəm.  

Böyük danışmaq kimi olmasın, araşdırmalarımı davam etdirdim. Mənbələrdən öyrənə bildim ki, Miskin Abdal sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması üçün bir müddət Şirvanda və Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində fəaliyyət göstərib. (Mənbə: https://goyce.az/news.php?id=1807). 

Paytaxtı Axtı olan bu rayonun hazırda Azərbaycanla 62 km. sərhədi vardır. Böyük Qafqaz sıra dağlarından Axtı regionunun ərazisinə əsrlər boyu bir neçə dağ keçidi olub. Deyilənə görə, keçmişdə, o cümlədən sovet dövründə də bu keçidlərlə ora gediş-gəliş çox olarmış. Şəxsən mən həmin keçidlərdən istifadə edənlərdən bir çoxunu şəxsən tanıyırdım. Yuxarıda qeyd etdiyimiz kimi, belə keçidlərdən biri də Abdallıdan başlayan Xaçmaz keçididir. (qədim Alban keçidi) 

Miskin Abdal Axtıda (Doqquzpara) Dağıstanın ləzgilər yaşayan, ərazisində yeganə şiə məzhəbində olan, oranın ən böyük yaşayış məntəqəsi Miskinçi kəndində yaşamış, çoxsaylı möcüzələr göstərmişdir. Kənd əhalisi Miskin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə (mənbələrdə, həmçinin şiəliyə) keçmişlər. (Mənbə: http: //www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf) 

“Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” kitabında göstərilir ki, “Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə diplomatik missiyasını başa vurub, geri qayıdarkən Dağıstan (Qafqaz) dağlarında ailəsi ilə birlikdə güclü borana düşür. Boranda özü, arvadı Həlimə, böyük oğlu Şadman, qızı Məleykə xilas olsalar da, kiçik yaşlı oğlanları Həsən və Əli bu köçün qurbanı olurlar. Bu barədə o,  “Dağlar”rədifli qoşma və bayatısında həmin bədbəxt hadisəni də qələmə almışdır: 

 

Nəhs illərdən satın aldın nəhs günü, 

Çağırıb dumanı, tökdün çiskini, 

Gözü yaşlı qoydun Cüda Miskini, 

Eylə gülə-gülə tamaşa, dağlar.

 

Bu dağlar zülüm dağlar, 

Kəsilib yolum dağlar, 

Hanı o bir cüt balam: 

Həsənim, Əlim, dağlar?!

 

Bir başqa mənbədə göstərilir ki, hadisə həmin ildə Miskin Abdal valideynlərinin - anası Növrəstə ilə atası Məhəmməd kişinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə Dağıstanın Miskincə kəndindən Zərgərli kəndinə, yəni Sarıyaquba geri qayıdarkən baş verib. 

Deməli, mərhum Telman müəllimin babasının dedikləri düz imiş. Mənbələrdə uşaqların olüm səbəbi olaraq tufan-boran, donvurma və qayadan yıxılmaq qeyd olunur. Filologiya elmləri namizədi H.İsmayılovun 2001-ci ildə “Səda” nəşriyyatında çap olunmuş “Miskin Abdal” kitabına ön sözdə yazdığına görə, donvurmadan həlak olan uşaqlar (Həsən və Əli) həmin yerdə də dəfn olunmuşlar.

Tədiqatlarda o da qeyd olunur ki, Xaçmaz kəndində Miskin Abdalın tərəfdarlarının qəbrləri indi də durur. Professor M.Allahmanlının “Kredo” qəzetinin 04 aprel 2019-cu il tarixli sayında dərc olunmuş “Səfəvilərin böyük ideoloqu Miskin Abdal” adlı məqaləsində oxuyuruq: “Miskin Abdalın Oğuz rayonunun Xaçmaz kəndində bir müddət olması, 20-yə qədər tərəfdaşlarının qəbirlərinin də orada olmasını irəli sürənlər var”. Bu fikir şair, publisist, folklorşünas, pedaqoq və jurnalist T.Hüseynzadənin 2005-ci (təkrar 2018-ci) ildə çap olunmuş “Miskin Abdal – Qeyri Ərəni, Təsəvvüf Piri” adlı əsərində və digər mənbələrdə də təkrarlanır. 

Şübhəsiz ki, Miskin Abdal kimi yüksək nüfuz sahibi səfərlərə, o cümlədən irşad fəaliyyəti göstərməyə 3-5 nəfərlə yox, xeyli tərəfdarları ilə gedirdi. Bunların arasında onun öz soyundan olanlar da az deyilmiş. Məsələn, Sarı Abdal kimiləri. (Mənbə: https://kulis.az/xeber/edebi-tenqid/-1513)

Bizcə, Miskin Abdal Dağıstana Xaçmaz (qədim Alban) keçidindən getmişdir. Tarixi Xaçmaz keçidi bu kəndin şimalından - Abdallıdan başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Bu aşırımlar Dağıstanla sərhəddə, Baş Qafqaz silsiləsində, dəniz səviyyəsindən çox yüksəkdədir.

Yəqin ki, keçid çətin və təhlükəli olduğuna (Miskin Abdal özü bu barədə şeirlərinin birində belə söyləyirdi: “Bu dağlar zülüm dağlar”) görə, onun tərəfdarlarının içərisində olan çox yaşlı qocalar, xəstələr, uşaq və qadınlar yuxarıda adını çəkdiyimiz indiki Abdallı kəndinin ərazisində qalaraq, həmin yerdə köç salmışlar. Onlar burada - Xaçmaz kəndi ilə yanaşı, digər kəndlərdə öz irşad fəaliyyətlərini davam etdirmişlər. Sonralar həm özləri, həm də yerli camaat bu   yeri Miskin Abdalın şərəfinə Abdallı adlandırmışlar. 

Güman ki, yuxarıda qeyd etdiyimiz səbəbdən Zərgərli kəndinə, yəni Sarıyaquba yenə həmin keçiddən geri qayıdarkən Fiy və ya Malqamud yüksəklilərinin birində (bizcə, Malqamudda) məlum faciə baş vermişdir. Çətinliklə Abdallıya – köç yerinə gəlib çatan Miskin Abdal burdakı tərəfdaşlarının bir qismi ilə tələsik valideynlərinin yasına - öz kəndinə yola düşür. Tərəfdarlarının bir hissəsi isə burda – Abdallıda qalıb daimi olaraq məskunlaşır və yerli əhali ilə qaynayıb qarışırlar.  

Tədqiqatçılların Səfəvillərin böyük ideoloqu Miskin Abdalın bir müddət Xaçmazda yaşaması, onun soyundan olanların və tərəfdaşlarının 20 nəfərə qədərinin qəbirlərinin hələ də həmin kənddə qalması barədəki fikirləri, burdakı Abdallı toponiminin onun adı ilə bağlı olması barədə dolaşan rəvayətlər və həmin kəndin dağ keçidlərindən birinin qarşısında yerləşməsi, Miskin Absalın 2 oğlunun dağlarda həlak olması və kərəmətləri haqqında yaşlı insanların söylədikləri, nəhayət, buradan Dağıstana – Axtıya (Doqquzparaya) ən yaxın keçidin Abdallıdan başlayan Xaçmaz keçidi (qədim Alban keçidi) olması da bu ehtimallara haqq qazandıra bilər. 

Əlbəttə, bunlar bizim şəxsi fikir, düşüncə və qənaətlərimizdir. Məsələnin daha ciddi və dərindən araşdırılmasına ehtiyac vardır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Çiçək Mahmudqızı, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu mənim sənə bir dost, bir vəfa borcumdu, Elman Tovuz. Allahın bir qismətidi, bəlkə də. Mənim son kitabımı yığmağı sənə, sənin son kitabını yığmağı mənə nəsib etdi. Heç düşünməzdim ki, bu kitablar, bu görüşlər SON-un akkordlarıdır. Mən bunu hardasa yağan yağışlar vida notlarını vuranda bilməliydim, bilmədim...

Mənim kitabımı yığanda soruşdun:

-Kitabın adını nə qoyacaqsan?

Dedim, yığaq, ad özü gələcək. İşi bitirəndə ad özü gəldi.

--Üzü sənsizliyə...Bir şeirimdən bunu vermək istəyirəm, -dedim

--Eşitməmişəm, -dedin, - mənim üçün təzə addı, gözəldi, mən qəbul etdim.

Tələs, dedin, oynama kitabın üstdə. Mənəm sənin nazınnan oynayan, heç kim sənin kitabınla belə  oynamaz, deyib, zarafatından qalmadın. Xəfif- xəfif gülürdün hər ismarıcıma (İndi anlayıram sən hara və niyə tələsirdin) 

-Sən çapdan çıxart, sonra mən verəcəm yeni kitabımı nəşrə, xeyli şeirlərim yığılıb, -dedin. 

Dedim, sən nə qoymusan kitabın adını? Dedin- Üşüyən duyğular...

Allahın işinə bax. Əvvəlində oturub sonumuzu yazırıq. 

Mən- üzü sənsizliyə, sən- üşüyən duyğulara bükülüb də ağlayırıq göy üzü yağışlarına...


Niyə gəldim, bilirəm –
Dünyanı dərk etməyə.
Nəyi bildim, bilmirəm;
Bu dərdi tərk etməyə,
Hara sığışım – gedim.

Qorxur, düşüb boğula, –
Gözlərimdən öpən yox.
Varam bu tənhalığa!
Arxamca su səpən yox,
Yağsın yağışım, gedim...

 

Bax, yağışlar yağır, sən yığışıb gedirsən, amma mən bilmirəm.

Özün deməli, oturub günləri sayıram ki, sağalıb bizə - dostlarına qayıdacaqsan...

 

Yaşamaq deyil ki...
Gündü, sayıram –
Bəlkə bu dünyanın təkəri dönər...
İllərdi yerimdə çabalayıram...
Nə bilim... bir vaxtlar bəs deyirdilər:
"Axsaq önə keçər köç qayıdanda."...

 

Ümid kəsiləndə inam sönər, insan ölər deyirlər. Ümidlə yaşayıram ki, sən heç olmasa son  durumunla qayıdacaqsan, biz də dəstə-dəstə başına yığışacağıq. Amma sən qayıtmirsan, gedirsən əbədiyyən, mən yenə bilmirəm...

 

                Gedirəm hər nə yoldusa, 

Görün nə sayaq gedirəm.

İçim tələsir elə hey,

Çölümdən qabaq gedirəm.

 

Ahım – göylərin çaparı,

Xəyalım – durna qatarı.

Sədamı yellər aparır,

Səsi qol-budaq gedirəm.

 

Sənin bu qol-budaq olan səsini, sədanı mənə əsən yellər, yağan yağışlarmı yetirdi görəsən? Aylardı, bəlkə də ildən çoxdu, görüşə bilmədiyim halda Allah mənim yönümü Cantəpəyə nəyə saldı? Bəhanə kitabıydımı? Yenə bilmirəm... 

Mənim kitabım çıxınca sən xəstəxanaya düşdün, reanimasiyada can üstəsən, yenə yazırsan – kitabın nooldu? Cavabsız qoydum sualını. Ölümlə çarpışırdın. Üzüm gəlib, dilim tutub deyəmmirəm ki, birdən şeirlərin it-bata düşər, bəlkə kiməsə deyəsən, kitabın pdf-ni mənə yollaya, mən o kitabı çıxardam, Allah eşqinə, sənin arzuların ömrün kimi yarımçıq qalmaya... Kimə deyim, necə deyim? Onu da bilmirəm...  

 

Sonu olacaqmı bu viranlığın,
Görüm ağlar qalsın belə dünyanı.
Axı deyirdilər, hər qaranlığın
Sonunda işıqlı sabah var... Hanı?!

 

Nə bilim, onu da bilmirəm axı...Amma bildiyim nədi, bilirsən?

Mən elə bilirdim bu dünyada sənə yaxın olan, sənlə saatlarla dərdləşib sirrini bölən tək insan mənəm, sən gedəndən sonra bildim dünya dolu doğman var imiş, amma Sən yox...

Mən elə bilirdim bu ağlamalı dünyamızda ancaq biz ağalaya bilərik, biz ağrıya bilərik, amma Sən yox...

Mən elə bilirdim bu gidi dünyanı asmanda qoyub ancaq biz köçə bilərik, biz ölə bilərik, amma Sən yox...

Mən elə bilirdim ailə-məişət problemləri təkcə bizi danışdıra bilər, bizi gileyli-güzarlı edə bilər, amma Səni yox...

Mən elə bilirdim can ağrısını, əza- baş, göz, qol, qıç ağrılarını təkcə biz bilərik, amma Sən yox...

Sən yox... SƏN YOOOX...

Yoxluğun məni bu qədər üzəcəyini heç ağlıma gətirməzdim. Yəni sən ağrımaq, ağlamaq, ölmək nədi bilirdinmi ki, ey Allahın bütün xoşbaxtlıqlarından məhrum olan “baxtafar” bəndə. Sənin yanında bədbin olmaqmı olardı? Sənin yanında böyük bildiyin ən ağrılı dərdini danışmaqmı olardı, həmən müdrik düşüncən, kəsərli yanaşmanla elə nöqtə qoyurdın ki,  dərd dediyimiz nə şey olduğunu unudardıq...

Mən sənlə danışandan ya görüşəndən sonra, “insanam” deyib yaşamağıma utanırdım.

İnsan Tanrının nə qədər dərdlərinə, sınaqlarna şükranlıqla yanaşa bilər və hamıya gülüş, yumor, sevgi, ötürə bilər? İnsan nə qədər polad iradə, içi-çölü dolu biri olar ki, ətrafında cəm olanların hamısına işıq, eşq ötürə bilər, hər gecə dərdilə təklənib qol-boyun ağladığı halda ? Onu da bilmirəm...Amma

 

Dərdi olmayanın yolları – əyri,

Dərdsiz olanlardır həddini aşan.

Yaşaya bilmərəm dərdimdən ayrı, –

Onun hesabına adam olmuşam...

 

-deyirdi, Dərdin  Adamı.

 

Ölüm xəbərini ilk ( aşıq Şəhriyardan ) eşıdəndə ağlamağa qorxdum. Elə bildim hardansa məni görüb acıqla təpinəcək yenə. Bu nədir, yığışdır bu ağlamağını, deyəcək. Ağlamadım da... 

Amma yağışlar mən əvəzdən agladı səni, qağa, özü də necə var ağladı. O nə yağış idi, indi fərqinə vardım. Sonuncu dəfə Cantəpədəki evinə gələndə dostlar (Mikayıl Bozal və Qəşəm Nəcəfzadə ziyarətə gəlmişdilər) deyib, gülüb, şeirləşib getdilər, mən axşamacan qaldım. Bir az yır-yığış etdim, bir az dərdləşdik, mənim kitabımı işlədik. Sizdən çıxanda necə yağış yağırdı. Arxamca elə nigaran baxırdın ki. Dedim içəri keç, birdən sənə soyuq olar, xəstələnərsən, qayıdım kombini yandırımmı, evin yaman soyudu, dedim. Yoox, dedin, gör bir səni görüb necə yağır. Onda yağışa da adi bir yağış kimi baxırdım. Çünki özün də onu şeirə düz- qoş edib, dediyin kimi  bir “cızmaqara” da yazmışdın hələ--

 

Gəldin, yağışlar da gəldi,

Yanğıma bir su çiləndi...

Bax, dəniz də ləpələndi,

Bu ləpəyə xoş gəlibsən.

 

Bu, yuxudu, yoxsa gerçək,

Üzüm güldü səni görcək.

Nə durmusan, gəl, ay Çiçək,

Cantəpəyə xoş gəlibsən....

 

Gəldi Çiçək Cantəpəyə, amma bilmədi ki, bu səninlə son görüşüdü, bilmədi ki, səni bir də heç vaxt görməyəcək və dostlar arasında səninlə sonuncu ayrılan da elə Çiçək olacaqmış, bilmirdi...

 

Bir qərib göynərti keçdi içimdən,

Deyəsən ruhuma tanış gəlmədi...

O qədər ağrılar keçirmişəm mən,

Beləsi nə bahar, nə qış gəlmədi.

 

Ay Elman, qulağım darımı dəldi,

Gələn mükafatdı, yoxsa bədəldi?

Burnuma yır-yığış qoxusu gəldi,

Arxamca atmağa yağış gəlmədi...

 

Arxanca atmağa yağış gəlmədi, deyirsən. Sən torpağa tapşırılan gün göylərdən tökülən yağış deyilmiş yəqin, mənim kimi səni sevənlərin göz yaşıymış, Elman Tovuz. İndi bidim sizə gələndə və sizdən sonuncu dəfə çıxanda yağan o leysan nəyə işarəymiş. Bu, səndən ayrılığın sonuncu nidalarıymış ki, maşının pəncərəsindən sillə kimi çırpılırdı üzümə... 

 

Burda da gözünü uzaqlar sağır,

O, köhnə yol idi, bu – təzə cığır.

Bu gün yağışlar da dənəvər yağır,

Elə bil üstünə çiçək tökülür...

 

Üstünə, yeni yurduna çiçəklər tökülsün, qağa. Yağan yağışlar da aramızda körpü olsun. Səndən mənə, məndən sənə ismarıclar aparsın.

-- Desin ki, sən torpağa tapşırılan gün mən gələmmədim...

--Desin ki, bir Çiçək burda gecə-gündüz sənin ağrılarına bükülüb elə hey ağlayır...

--Desin ki...

 

Elə bir haldayam, bu boz yağışlar,

Pərişan halıma baxıb ağlayır.

Küsgün ağacları yuyur göz yaşım,

Yarpaqlar qarışıq axıb ağlayır.

 

Desin ki, göylərdə ara əksini,

Qoşul yağışlara, dara əksini.

Ölüm qara geyib, qara əksini,

Sinəsi üstünə taxıb ağlayır.

 

Bu tale, bu qismət, bu dərd nə gerçək,

Tab gətir ürəyim, bu dərdi gör, çək,

Bir yanda yağışa bükülüb Çiçək,

Dəli şimşək kimi çaxıb ağlayır...

 

Səndən sonra bilirsənmi nə oldu, qağa? Getdim illərdi tamarzı qaldığın ata-baba yurdun Tovuza, baxdım uyuduğun torpağa. Çox uzaqdan, dağın dibindən. Gördüm əl çatmayan, ün yetməyən elə ucalıqda, elə zirvədə  yurd-yuva salmısan ki, o ucalığa ancaq qartal qanad sala bilər. Elə duruşunla, məğrurluğunla, əzamətinlə, əyilməzliyinlə  bir qartalıydın özün də. Dağ Qartalı. Gendən baxıb dərindən bir köks ötürdüm. Və bir də xəlvətcənə göz yaşımı yağışlara büküb yolladım sənə...

Üstünə çiçəklər töküldümü, qağa ?!!!

Son sözüm bilirsənmi nədi sənə? Rahat uyu, qurban olduğum, mən sənin son vəsiyyətini yerinə yetirə bldim. “Üşüyən duygular”na Sən həssaslıqla sığal çəkib yollayıram. İşığa çıxan bu kimsəsiz duyğuların yeni yurduna nur aparsın, Elman Tovuz!!! 

Özündən sonra əmanət qalan bircə Sözünüydü, onu da cəmləyib göndərirəm- Ü Z Ü  S Ə N S İ Z L İ Y Ə ...

 

Bir ömür ehtiramımla, tər-təzə dərdlərinin köhnə dostu – Çiçək Mahmudqızı.

Gəncə--2024.

 

“Ədəbiyyat və incəaənət”

(09.09.2024)

Şuşa sakini Sahib Həsənov nənəsi ilə anasının 1959-cu ildə birgə toxuduğu “Bağçada güllər” xalçasını və XIX əsrin ortalarına aid məfrəşi filiala hədiyyə edib.

 

AzərTAC xəbər verir ki, S.Həsənov Birinci Qarabağ müharibəsindən əvvəl bu xalçanın Şuşada onların evlərinin divarını bəzədiyini deyib: “Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır. Qoy bura gələn turistlər görsünlər ki, Azərbaycan qadınları nələr yaradıb”. 

Təqdim olunan Qarabağ xalçasının mərkəzində qızıl gül təsvirləri yer alır.

S.Həsənovun muzeyə bağışladığı digər əşya yüzdən artıq yaşı olan məfrəşdir. O, xalça məmulatından yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa köçərkən sandıq kimi istifadə etdiklərini deyib.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Budur, nəhayət ki, Venesiyada keçirilən 81-ci Beynəlxalq Film Festivalı başa çatdı. Bəri başdan qeyd edək ki, festival sürprizsiz ötüşdü. Mütəxəssialərin, elə şəxsən mənim də burada verdiyim proqnoz özünü doğrultdu. Pedro Almodovar nömrə bir olduğunu isbatladı. 

 

28 avqustda açılışı olan və şənbə günü - sentyabrın 7-də başa çatan 81-ci Venesiya Beynəlxalq Film Festivalı Lido adasında keçirildi. Onun sədri Fransız aktrisa İzabel Yupper, açılış filmi Tim Burtonun "Bitljus Bitljus" filmi idi. 

“Qızıl şir” - festivalın baş mükafatı məşhur ispan rejissoru Pedro Almodovarın “Qonşuluqdakı otaq" filminə təqdim olundu. Ən yaxşı rejissorluğa görə “Gümüş şir"ə — italyan Mauro Delpyeronun “Dağ gəlini" filmi layiq görüldü. 

“Ən yaxşı ssenari” mükafatını “Mən hələ buradayam" filmini aldı, ən yaxşı aktyor Vincent Lyndon ("Səssiz Oğul"), ən yaxşı aktrisa — Nikpl Kidman ("Körpə") oldu.

Avstraliyalı rejissor Piter Uir və amerikalı aktrisa Siqurni Kinoya verdikləri töhfələrə görə mükafatlandırıldılar.

Pedro Almodovarın Tilda Svinton və Culian Murun baş rollarda çəkildiyi “Qonşu otaq” adlı filminin süjetinə görə, İnqrid və Marta gəncliklərində yaxın dost olublar. Sonradan onların yolları ayrılıb və biri məşhur yazıçı, digəri isə müharibə jurnalisti olub. Uzun illər sonra qadınlar kədərli şəraitdə yenidən birləşməli olublar.

Sonra da başgicəlləndirico əhvalatlar…

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla məşhur macar yazarı Aqota Kristofun “Balta” hekayəsini dilimizə çevirib. Onu təqdim edirik. 

 

“Keçin içəri, doktor. Hə, burdadır. Hə, mən sizə zəng elədim. Ərimə bir şey olub. Hə, təhlükəli bir hadisə olduğunu düşünürəm. Çox təhlükəli. Yuxarı mərtəbəyə qalxmalıyıq. Yataq otağımızdadır. Bu tərəfdən. Bağışlayın, yataq səliqəli deyil. O qədər qanı gördüyümdə, bir az qorxdum, hansı cürətimlə siləcəyimi bilmədim. Gedib başqa yerdə yaşamağımı düşünürəm.” 

“Buyurun, otaq buradır. Ərim ordadır; yatağın yanında, xalçanın üzərində. Başına bir balta keçibdir. Müayinə etmək istəyirsiniz? Hə, müayinə edin. Belə bir hadisənin baş verməsi axmaqlıqdır, elə deyilmi? Yuxudaykən yataqdan aşıb bu baltanın üstünə düşübdür.” 

“Hə, bu balta bizimdir. Biz onu adətən zala qoyuruq, kaminin qırağına, kiçik ağacları doğramaq üçün.” 

“Niyə yatağın yanındaydı? Mən haradan bilim? Bəlkə də ərim özü baltanı çarpayıya dayamışdı. Bəlkə də oğrulardan qorxurdu. Bizim evimiz şəhərdən çox uzaqdadır.”

“Nə dediniz? Ölüb? Özüm də öncədən öldüyünü zənn etmişdim. Ancaq bir doktorun bu mövzunu təsdiqləməsini istəyirdim.” 

“Zəng etmək istəyirsiniz? Ah, elədir! Ambulansa zəng etmək istəyirsiniz, elədirmi? Polis? Polisə niyə? Bir hadisə idi, yataqdan düşdü, baltanın üstünə. Hə, bir nadir hadisədir. Amma belə axmaqca hadisələr də az olmur.” 

“Oh! Baltanı yatağın yanına mən özüm qoyduğumu, ərimin onun üzərinə düşməsini zənn edirsinizmi? Ancaq mən onun yataqdan düşəcəyini haradan biləydim?!” 

“Hətta bəlkə də mənim onu bilərəkdən itələdiyimi düşünürsünüz. Sonra da onun xorultularını eşitmədən, qoxusunu duymadan rahatcasına, təkcə böyük yatağımızda yatdığımı zənn edirsiniz?”

“Doktor, mənə baxın. Siz belə şeylərə fikirləşməməlisiniz, siz edə bilməzsiniz...”

“Doğrudur, mən yaxşı yatmışdım. Neçə illərdən sonra bu qədər yaxşı yata biləcəyimi bacarmışdım. Səhər saat 08:00-da oyandım. Pəncərədən eşiyə baxdım. Yel əsirdi. Ağ-boz girdə buludlar  günəşin gözünün önündə oynayırdılar. Şad idim. İnsanın heç zaman buludların gördükləri işlərindən baş tapmadığınafikirləşdim. Bəlkə də tezliklə dağılacaqdırlar, sürətlə keçib gedəcəkdirlər, bəlkə də bir-birilərinə qoşulacaqdırlar və yağış şəklində çiyinlərimizə düşəcəkdirlər. Mənim üçün fərqi yox idi. Yağışı çox sevirəm. Üstəlik, bu gün səhər çağı hər şey gözümdə əla görünürdü. Özümü uzun müddətdir çiyinlərimdə olan bir ağır yükdən qurtarmış kimi aparırdım, yüngülləşdiyimi hiss edirdim,...”

“Bu hisslərdən sonra arxaya çevrildim, bu hadisə ilə qarşılaşdım və ara vermədən sizə zəng elədim.” 

“Siz də zəng etmək istəyirsinizsə telefon burdadır. Ambulans çağırıb onlara cəsədi aparacaqlarını bildirmək istəyirsiniz, elədirmi?” 

“Mənim üçün ambulans çağırırsınız?! Anlamıram. Mən yaralı deyiləm. Heç bir yerim ağrımır, halım da çox yaxşıdır. Bu qan ərimin qanıdır, paltarımın üstünə fışqırdı, bu hadisə, bu had...” 

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

5 sentyabr 2024-cü il tarixində “Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət”  portalı “ASAN xidmət”ə istinadən məlumat verir ki, tədbir Azərbaycan Respublikasının  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Koreya Resublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin, Koreya Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 

Seminarda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Hvang Youkyoung, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə direktoru Park Byung-joon açılış nitqi ilə çıxış ediblər. 

 

Ceyhun Salmanov Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Dövlət Agentliyi arasında 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq ötən dövr ərzində həyata keçirilmiş uğurlu əməkdaşlıqdan bəhs edib. Bundan əlavə Koreya Respublikası tərəfindən həyata keçirilən texniki yardım və potensialın artırılması proqramlarında Dövlət Agentliyinin aktiv iştirakını qeyd edib və dəstəyə görə Koreya tərəfinə təşəkkür edib.

 

Koreyalı qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsinin əhəmiyyətini və bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə ediblər.

 

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” modeli və Dövlət Agentliyi tərəfindən həyata keçirilən innovativ layihələr barədə təqdimat edib.  

 

Ardınca Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə rəhbərləri  dövlət xidmətlərində tətbiq olunan müasir yanaşmalar, vətəndaş məmnunluğu və xidmətlərə əlçatanlığın təmin olunmasında ölkələrinin təcrübələri barədə geniş təqdimatlar ediblər. 

 

Tədbir sual-cavab formatında interaktiv müzakirələrlə yekunlaşıb.

 

Ölkəmizə səfər çərçivəsində koreyalı nümayəndələr  "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

 

Eyni zamanda nümayəndə heyətinə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsi, eləcə də “İnnovasiyalar Mərkəzi” tərəfindən təqdimatlar edilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı:

”Bu həyat da bir oyundur,

Fələk hələ məni udur,

Ömür-gün bulanıq sudur,

Çöküb, sonra qayıdacam."- söyləyən iqtisadçı alim, şair Rəsmiyyə xanım Sabirdir.

 

-Xoş gördük, əziz Rəsmiyyə xanım.

Gözəl poeziya həyata nur saçan Günəşə bənzəyir, ruhumuzu zərif şüaları ilə isidir.

Rubrikamızın şərtlərinə görə elə bu an üçün Rəsmiyyə xanımın qəlbindən keçən bir şeiri oxucularına çatdırmaq istəyirik.

Beləliklə, " Sevdiyin şeiri gəl mənə söylə" - deyirik.

 

-Ülviyyə xanım, məni “Sevdiyin şeiri gəl mənə söylə” rubrikasına dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Siz bu təklifi edərkən ilk olaraq ağlıma Vaqif Bayatlı Odərin şeirləri gəldi. Qeyd edim ki, Vaqif Bayatlı Odər mənim sevimli şairlərimdəndir. Onun bütün şeirlərini sevirəm. Bu şeirlər ilahi sevgidən yaranıb. Onlar insanı saflaşdırır, kamilləşdirir. Nədənsə Vaqif bəyin şeirlərini oxuduqca elə bilirsən ki, dünyada şər, hiylə, xəbislik, fitnə-fəsad, bir sözlə mənfi heç bir şey yoxdur. Vaqif bəyin şeirlərindən hər zaman ilahi sevgi boylanır...

Oxucularınızın diqqətinə isə Vaqif bəyin məşhur və sevilən bir şeirini təqdim edirəm. Bu şeir “Qəribik, şairim, qəribik, sözüm”dür. Bu şeir söz adamlarının, şairlərin ruh halını necə də gözəl təsvir edir... “Dünya içrə həbs olunmuş”, “içi-çölü od içindəykən üşüyən”, “özünü səhradakı tənha ağac kimi hiss edən”, “insanların anlamadığı, torpağın, ağacın, çiçəyin, quşun duyduğu”, “ocaqda közün, varaqda sözün dərdinə ağlayan” insanların yaşantısıdır bu şeir... Oxuyun, zövq alın, əziz oxucular!

 

Qəribik, şairim, qəribik, sözüm

 

Şairlər qəribdi bu yer üzündə

Küçədə, bayırda, evdə, eşikdə,

Meşənin içində, çölün düzündə

Oğul, qız yanında, ata yanında.

Qəribik, şairim, qəribik, sözüm,

min illər sonra da ayrılıq yenə,

qəmli axşamlartək enər göylərdən

şairin qəbrinə, sözün qəlbinə.

 

Qəribik, şairim, qəribik, sözüm,

qəriblik əksilmir gözlərimizdən,

dünya doğma gəlmir gözlərimizə,

qəmi yığmaq olmur sözlərimizdən.

 

Keçib gəldiyi

Göyüzü kimidi şairin üzü -

işığı saralar, buludu keçər

Hər gün könlümüzdən, ürəyimizdən

göyüzünə dönmək umudu keçər.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

2024-cü il sentyabr ayının 9–11-də Bakı şəhərində “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin I Forumu” keçiriləcəkdir. Bu münasibətlə  “Ədəbiyyat və incəsənət” portalı tədqiqatçı-jurnalist Araz Yaquboğlunun Forumun iştirakçısı, professor Ələddin Allahverdiyevdən götürdüyü müsahibəni oxucularına təqdim edir. 

 

Qısa arayış: Professor Ələddin Allahverdiyev dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimdir. O, 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. Bakıda 190 saylı orta məktəbi medalla bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin və onun aspiranturasının məzunudur. SSRİ Elektron Sənaye Nazirliyinin Elmi-Tədqiqat “Fonon” İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və riyazi modelləşdirmə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. “Green Star International” şirkətində Elm və İstehsalat üzrə Baş Direktorun müavini, Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru, Moskva Biznesi İdarəetmə Akademiyasında ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru, İqtisadiyyat və menecment fakültəsinin dekanı, 1-ci prorektoru, Moskva “MİET” Milli Tədqiqat Universitetinin professoru, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəri vəzifələrində çalışıb.

 

Araz Yaquboğlu (A.Y.): – Salam, Ələddin müəllim, necəsiniz! 2024-cü il 9–11 sentyabr tarixlərində Bakı şəhərində xaricdə yaşayan və çalışan, əslən Azərbaycandan olan alimlərin iştirakı ilə “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin I Forumu” keçiriləcəkdir. Bu tədbirə dəvət olunmuş alim kimi bu haqda nə deyə bilərsiniz?

 

Ələddin Allahverdiyev (Ə.A.): – Salam, Araz müəllim, sağ olun, yaxşıyam! 

Müasir tariximizdə Vətəndən xaricdə yaşayıb çalışan Azərbaycanlı alimləri Bakıda yeni bir qurum ətrafında toplayaraq müqayisə olunmayan belə bir möhtəşəm tədbir xüsusi, elmi-mədəni-siyasi əhəmiyyət kəsb edir. “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin I Forumu” adlanan, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan bu tədbir dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onların təcrübə və bilik mübadiləsini təşkil etmək, elm xadimləri, alimlər arasında şəbəkələşməni yaratmaq, diaspor fəaliyyətinə töhfə verməklə Vətənlə əlaqələri möhkəmləndirmək, elm və texnologiya, texnika, energetika, təhsil, səhiyyə, iqlim dəyişikliyi və digər sosial elmlər və mədəniyyət sahələri ilə bağlı strateji planların hazırlanması və icra olunmasında Azərbaycana dəstək olmaq, işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə töhfə vermək, elm sahəsində karyera hədəfləyən gənc nəslin inkişafına dəstək olmaq, təhsillə bağlı müxtəlif məzmunlu layihələrin, proqramların hazırlanmasını, elmi işlərin dəstəklənməsini təmin etmək məqsədi daşıyır.

 

A.Y. – Ələddin müəllim, siz 56 ildir ki, Vətəndən xaricdə, keçmiş SSRİ-nin, indi isə Rusiya Federasiyasının paytaxtı Moskvada yaşayıb çalışırsınız. Sizin oraya təhsilinizi davam etməyə getməyiniz, sonra isə uzun illər orada qalıb işləməyiniz haqqında qısa da olsa məlumat verməyiniz oxuculara maraqlı olardı.

 

Ə.A. – 1968-ci tədris ilinin sonları idi. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin 3-cü kursunu bitirirdim. Məni dekanlığa dəvət edib, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürülmək üçün SSRİ Ali Təhsil Nazirliyindən universitetə 1 yer ayrıldığını və əlaçı tələbə kimi məni o yerə göndərmək qərarlarını və bu münasibətlə təbriklərini söylədilər. İlk anda gözlənilməz təklifə təəccübümün, sonra isə sevincimin həddi-hüdudu yox idi. Axı bu mənim uşaqlıq arzum idi. Hələ 4–5 siniflərdə oxuyarkən dərsliklərin birində Moskva Dövlət Universitetinin qülləli binasının şəklini görərkən qeyri-ixtiyari olaraq, “mən burada oxuyacağam” sözlərini söyləmişdim. Moskva Dövlət Universitetinə köçürülməyim, orada tələbə və aspirant olduğum gənclik illəri həyatımda, ömür tariximdə silinməz izlər buraxmışdır. Ümumiyyətlə, Lomonosov adına Moskva Dövlət Universiteti mənim elmi-mədəni-siyasi dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır. Təsəvvür edin, hər altıncı gün universitetin teatr zalında, tamaşalarına bilet almaq çox çətin olan Böyük Teatrın opera və balet truppalarının universitet üzərində hamilik, şeflik tamaşalarına baxmaq imkanımız vardı. Müntəzəm olaraq Universitetin Akt zalında dünyanın ən məşhur alimlərinin iştirakı ilə, elmin ən müasir, mübahisəli, eyni zamanda aktual problemlərinə həsr olunmuş elmi diskussiyalar təşkil olunardı. Elmin yeniliklərinə böyük maraq göstərən biz tələbə və aspirantlar bu nadir əhəmiyyətli elmi tədbirlərdə qabardılan fikirləri xüsusi “aclıqla” udardıq. Universitetin konsert zalında ölkənin ən məşhur, görkəmli alimləri, yazarları, kino, teatr xadimləri, bəstəkar və rəssamları ilə təşkil olunan görüşlər olduqca maraqlı keçərdi. Bu görüşlərdə hər kəs mövzu ətrafında onu maraqlandıran sualları vermək imkanına malik idi. Bir qayda olaraq bu görüşlərdə mən Azərbaycanla bağlı suallar verməyi sevərdim. Bir məqamı da qeyd etmək istərdim. Klassik musiqini, xüsusilə simfonik musiqini anlamaq, başa düşmək üçün müəyyən daxili hazırlıq, zaman kəsiyi gərəkdir. O illərdə XX yüzilliyin əvvəllərində Berlində təhsil almış, musiqini dərindən bilən və sevən məşhur riyaziyyatçı alim, akademik Pavel Sergeyeviç Aleksandrovun “İkinci günləri” (“Aleksandrovskiye vtorniki”) adlanan, klassik alman və avropa musiqisinə (Bax, Mosart, Bethoven, Gendel, Qaydn, Vaqner, Ştraus, Şuman, Brams, Şopen, List, Qriq, Berlioz, Bize və s.) həsr olunan gecələri həyatımda xüsusi rol oynamış, klassik musiqini az-çox başa düşməyə, dinləmək mədəniyyətinə sahib olmağa kömək etmişdir. P.S.Aleksandrov Berlindən gətirdiyi çoxsaylı klassik musiqi disklərini səsləndirər, musiqinin ayrı-ayrı məqamlarını dinləyicilərə açıqlayar, onların suallarına təfərrüatı ilə cavablar verərdi. Yeri gəlmişkən, hələ tələbəlik illərindən topladığım fonotekamda dünya, Azərbaycan musiqi klassiklərindən tutmuş muğam, saz və xalq musiqimizə qədər 400-dən çox cürbəcür, hətta çox nadir disklər var. Semestr imtahanlarına, bir qayda olaraq, klassik musiqinin, xüsusilə Bethovenin sonataları, Qriqin “Per Günt”ü, muğam və saz havalarının müşayiəti ilə hazırlaşardım. Elmə xüsusi marağım, öz elmi sahəmdə mənə qədər həll olunmamış məsələləri həll etmək həvəsi də məhz o illərdən, Moskva Dövlət Universitetində tələbə və aspirant olduğum illərdən yaranmış və həyatım boyu davam etmişdir. Orada aldığım fundamental elm və biliklər sonralar təyinatla işlədiyim SSRİ Elektron Nazirliyinin qapalı müəssisəsində – MF Nİİ “Fonon” İnstitutunda ölkə təhlükəsizliyni təmin etməyə yönəlmiş xüsusi əhəmiyyət kəsb edən texniki problemlərin həllində mənə böyük stimul vermiş, köməklik göstərmişdir.

 

A.Y. – Professor, sizin “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin I Forumu”na dəvət olunmağınız təsadüfi deyil, sizin elmi və ictimai fəaliyyətinizə verilən yüksək dəyərin təzahürüdür. Siz çoxsaylı elmi əsərlər, ixtiralar müəllifisiniz, bir çox xüsusi elmi-texniki əhəmiyyəti olan məsələlərin həllinə nail olmusunuz. Onların bir çoxunun mövzusunun və daxili mahiyyətinin qapalı olmasını nəzərə alaraq, təfərrüatı ilə olmasa da, qısaca şəkildə onlar haqqında məlumat verərdiniz.

 

Ə.A. – Hələ M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində tələbə və aspirant ikən və 1970-ci illərin ortalarından SSRİ elektron sənayesi nazirliyinin qapalı müəssisəsində, MF Nİİ “Fonon” Elmi-Tədqiqat İnstitutunun riyazi modelləşdirmə şöbəsində kiçik elmi iºçi, baş elmi işçi, onun müdiri vəzifəsində çalışarkən, dünya okeanında və kosmosda, dəniz seysmik kəşfiyyatında, elektronikada, müdafiə və tibb sənayesində istifadə olunan pyezoelektrik aparat və cihazların işlənib hazırlanmasında riyazi modellərin yaradılması, dalğa və rəqs proseslərinin öyrənilməsi metodlarıyla bağlı elmi problemərlə məşğul olmuşam. Bu sahələrdə istifadə olunan alət və cihazların yaradılmasına həsr olunmuş 30-dan çox elmi-tədqiqat və təcrübi-konstruktor layihələrinin elmi rəhbəri və ya rəhbər müavini, baş konstruktoru olmuşam. Bu illər ərzində mən bir sıra mühüm, yeni elmi nəticələr əldə etmişəm və texniki ideyalar irəli sürmüşəm ki, onlar texnikanın yuxarıda qeyd olunan müxtəlif sahələrində öz praktiki təcəssümünü, tətbiqini tapmışlar. Elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən bəzi elmi nailiyyətləri qısaca nəzərinizə çatdırmaq istərdim. Xüsusilə, ilk dəfə olaraq, uzun illər ərzində həll olunmamış qalan, minimum kütləyə və ya həcmə malik olan, dinamik rejimdə əvvəlcədən müəyyən edilmiş xüsusi fiziki xüsusiyyətlərə cavab verən pyezoelektrik elementlərin optimal formasının müəyyən edilməsi problemini həll etməyə nail olmuşam. Bu elmi nəticələr əsasında qeydə alınmış ixtiralar dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə imkan yaratmış, müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdən – süni peyklərdən və kosmik gəmilərdən qeydə alınıb, Uçuşları İdarəetmə Mərkəzinə texniki xarakterli məlumatlar ötürmək və qəbul etmək üçün, qəbuledici-ötürücü qurğularının yaradılmasında çox vacib rol oynamışdır. Bu tipli məsələləri həll etmək üçün mən ilk dəfə riyaziyyatda yaxşı məlum olan Pontryaqinin maksimum prinsipini tətbiq etmişəm. Elektroelastiklik nəzəriyyəsinin mürəkkəb iki və üçölçülü dinamik məsələlərini həll edərkən ümumiləşdirilmiş variasiya prinsipinə əsaslanan sərhəd və sonlu elementlər metodunu da tələbələrimlə birgə ilk dəfə uğurla mən tətbiq etmişəm. Bu məsələlərin həlli dinamik rejimdə həcmli rəqslərə məruz qalan, texnikanın ayrı-ayrı sahələrində, xüsusən hərbi texnikada istifadə olunan pyezoelektrik cihazların tədqiqində və yaradılmasında da uğurla istifadə olunmuşdur. Diskşəkilli pyezokeramik membranlarda “kənar effektinin” mövcudluğu da nəzəri cəhətdən ilk dəfə mənim tərəfimdən açılmışdır.Həmmüəlliflərimlə birgə hazırlanmış pyezokeramik ötürücü süni ürək yaratmaq probleminin həllində uğurla istifadə edilmişdir. 450-dən çox açıq və qapalı elmi işlərin və yeddi ixtiranın müəllifiyəm. O cümlədən, 2 qapalı monoqrafiyanın, 20-dən çox Ali təhsil nazirliyi tərəfindən təsdiq edilmiş bir sıra dərsliklərin çap edilməsinə nail olmuşam, Bu monoqrafiyalar əsasında müvafiq qapalı iş sahələrində çalışan mütəxəssislərə, dərsliklər əsasında isə uzun illər universitetlərdə aspirant və tələbələrə mühazirələr oxumuş, praktiki məşğələlər aparmışam. Ali peşə təhsilinin təşkili problemlərinə və təhsil texnologiyalarına dair bir sıra elmi məqalələr dərc etdirmişəm. Elmi rəhbərliyim altında 7 aspirant, o cümlədən 3 azərbaycanlı, namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Menecment sahəsində bir sıra nüfuzlu beynəlxalq sertifikatlarım mövcuddur. Ümumiyyətlə, əldə edilmiş elmi nəticələr əsasında 30 beynəlxalq və ümumittifaq elmi qurultay, konqres, konfrans və simpoziumlarda 60-dan çox elmi məruzə ilə, o cümlədən 12 sifarişli plenar məruzə ilə çıxış etmişəm.

 

A.Y. – Ələddin müəllim, sizin fikrinizcə xaricdə yaşayan azərbaycanlı öz tarixi Vətənini – Azərbaycanı layiqincə təmsil etmək üçün hansı xüsusiyyətlərə malik olmalıdır? 

 

Ə.A. – Tarixi vətənimiz Azərbaycandan kənarda yaşayan hər birimiz onun milli-mədəni-mənəvi dəyərlərinin daşıyıcısı kimi yaşadığımız ölkədə öz yerimizi, məsuliyyətimizi daim düşünməli, yaddan çıxarmamalıyıq.56 ildir Moskvada yaşayaraq və çalışaraq əmin olmuşam, ölkəmizə, xalqımıza münasibət hər birimizin oradakı peşəkar fəaliyyətimizdən, cəmiyyətdəki davranış mədəniyyətimizdən, dünyagörüşümüzdən alınan təəssüratlarla, Azərbaycanın, onun tarixini və mənəvi dəyərlərini düzgün, aydın, layiqli təqdimatı, təbliği ilə, eləcə də vətəndaşı olduğumuz ölkənin ictimai həyatında yaxından iştirakımız vasitəsilə formalaşır. Yaşadığımız ölkənin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mövcud qanunlarına, onları dərindən bilmək, onlara hörmətlə yanaşmaq, onun bir parçası, fəal vətəndaşı olmaq çox mühüm rol oynayır. Əminəm, Azərbaycanın tarixini, mədəni-mənəvi dəyərlərini, adət-ənənələrini dərindən bilmədən, Vətənin gözəlliklərini hiss etmədən, duymadan onun layiqli daşıyıcısı olmaq, onu yüksək səviyyədə təmsil etmək mümkün deyil! Yüksək peşəkarlığımız, ölkələrimizin və xalqlarımızın tarixi, mədəniyyətlərarası əlaqələrini yaxşı bilmək və cəmiyyətin müxtəlif səviyyələrində olan insanlarla gündəlik ünsiyyətdə onlardan məharətlə istifadə etmək də mühüm rol oynayır.Orta məktəb müəllimim, görkəmli dövlət xadimi, böyük ziyalı, unudulmaz rəhmətlik Qəşəm Aslanovun mənə Moskvaya göndərdiyi məktubların birində tövsiyə etdiyi kimi: “Biz öz hərəkətimiz, sözümüz, söhbətimiz və münasibətimizlə baş ucaltmalıyıq. Hərəkətdə çevik, münasibətdə həssas, zövqdə incə, baxışda itigözlü, dözümdə yenilməz olmalıyıq. Bax bunlardır bizim nəslin tarixi borclarının bir qismi.” Bütün bunları biz gənclərimizdə, gənc nəslimizdə və ətrafımızda olan hər kəsdə tərbiyə etməliyik. Bu işdə biz ziyalıların, xüsusən də Vətəndən uzaqlarda yaşayan və fəaliyyət göstərən alimlərin üzərinə böyük məsuliyyət düşür! Ziyalı sözü, ana dilimizdə xalqına elm və bilik gətirən, onun “qaranlıqlarına nur saçan” insana şamil edilir! 

 

A.Y. – Uzun müddət Moskvada yaşayıb çalışdığınız dövrdə orada Azərbaycana aid keçirilən tədbirlərlə bağlı xatirələrinizi də eşitmək maraqlı olardı.

 

Ə.A. – Moskvada yaşadığım bütün bu illər ərzində mənim Rusiya vətəndaşı olaraq bir alim kimi həyatım elm və texnologiya ilə, təhsillə sıx bağlı olub, yuxarıda adlarını çəkdiyim texnika sahələrində müxtəlif mühüm texniki cihaz və aparatların yaradılması üçün riyazi modellərin işlənib hazırlanması sahəsində, professor, kafedra müdiri, dekan, prorektoor, 1-ci prorektor qismində isə ali məktəblərdə təhsil sisteminin təşkili, təhsil prosesində keyfiyyət texnologiyasının təmini problemlərinin həlli ilə bağlı olub. Moskvanın bir rayonu olan, elektronikanın ayrı-ayrı sahələrini təmsil edən qapalı müəssisələri birləşdirən Zelenoqrad şəhərində fəaliyyət göstərən mədəniyyət üzrə metodika şurasının uzun illər sədri kimi sovet, xüsusilə rus və Azərbaycan mədəniyyətlərinin təbliğini də mən həyatımın çox maraqlı və əhəmiyyətli dövrü kimi dəyərləndirirəm. Eyni zamanda qeyd etmək istərdim, mən heç vaxt unutmamışam ki, bir azərbaycanlı olaraq, Azərbaycan mədəniyyətinin və mənəvi dəyərlərinin daşıyıcısı kimi tarixi Vətənim Azərbaycan qarşısında məsuliyyət daşıyıram. Ona görə də mən Moskvada oxuduğum, işlədiyim və yaşadığım illər ərzində fəaliyyətimin bəzi məqamları üzərində dayanmaq, ayrı-ayrı xatirələrimi təklifinizlə məmnuniyyətlə sizinlə bölüşmək istədim. 60-cı illərin sonlarından M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskvada təhsil alan azərbaycanlı tələbə-gənclər və aspirantlar üçün əsil birləşdirici mədəniyyət mərkəzi idi. Həmin dövr, xüsusən də Azərbaycan KP MK-nın o vaxtkı 1-ci katibi, ümummilli lider Heydər Əliyevin 1973-cü ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyində tələbə və aspirantlarla olan görüşündən sonra mədəniyyətimizin ən məhsuldar, gərgin nümayişi dövrü idi. Buna biz yaradıcı ziyalılarımız – şair və yazıçılar, bəstəkar və rəssamlar –B.Vahabzadə, N.Xəzri, Qabil , M.Araz, T.Salahov, T.Nərimanbəyov, F.Əmirov, X.Mirzəzadə, M.Maqomayev və başqaları ilə keçirdiyimiz maraqlı görüşlərlə nail olmuşduq. Bu görüşlərə təkcə Moskva Dövlət Universitetindən deyil, digər universitetlərdən də müəllim və tələbələri,müttəfiq respublikaların və Şərqi Avropanın Moskvada təhsil alan digər millətlərin nümayəndələrini də dəvət edirdik. Bu görüşlərdə Moskva yazıçıları, rəssamları, musiqiçiləri yaradıcı ziyalılarımızı müşayiət edir, mədəniyyətimiz haqqında fikirlərini bölüşürdülər. Moskva Dövlət Universitetində Novruz bayramı, Yeni il və digər əlamətdar tarixlərin qeyd olunmasını təşkil edən fəal tələbələr və aspirantlardan ibarət qrup yaratmışdıq. Bu tədbirləri təşkil etmək üçün öz cüzi təqaüdlərimizdən pul toplayır, dəvət olunmuş mədəniyyət xadimlərinə, İttifaqlar evinin Sütunlu salonunda, Estrada Teatrında, Böyük Teatrda və s.-də Azərbaycan və onun mədəniyyətinə həsr olunmuş konsertlərdə çıxış edən sənətçilərimizə təqdim etmək üçün gül dəstələri alıb hədiyyə edirdik.Universitetlərdə, məktəblərdə Azərbaycana, onun mədəniyyətinə, elminə həsr olunmuş gecələr keçirirdik.Şəxsən mən bu tədbirlərdən sonra 30-a yaxın milli mahnılarımız və rəqslərimiz olan qrammofon vallarımı Moskva məktəblərinə hədiyyə etmişəm. Sonralar Zelenoqradda işləyərək, meriyanın 500 yerlik zalında mədəniyyət üzrə şəhər metodik şurasının sədri kimi rus, sovet mədəniyyətinin müxtəlif aspektlərinə həsr olunmuş mövzularla yanaşı, Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər keçirməyə nail olmuşdum. Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin 60 illik yubiley gecəsində onun səhnədə nəhəng portretini asmışdıq, foyedə isə onun yaradıcılığına həsr olunmuş sərgi, musiqi müşayiəti, musiqisi ilə çəkilmiş filmlərdən parçalar nümayiş etdirirdik. Tədbirdən bir gün əvvəl Q.Qarayevin ölkənin ən ali mükafatına layiq görülməsi, ona Sosialist Əməyi Qəhrəmanı adı verilməsi qərarı isə, gecədə onun haqqında söylənilən ən yüksək sözlərin sübutu və təsdiqi idi. SSRİ Rəssamlar İttifaqının 1-ci katibi, dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına həsr olunmuş tədbir və onunla görüş Azərbaycan təsviri incəsənətinin qürurvüerici təntənəsinə çevrildi. Mədəniyyətimizə, onun şanlı səhifələrinə həsr olunmuş bu cür tədbirlərdə iştirak edən dinləyicilər və tamaşaçılar bu tədbirlər vaxtı və ondan sonra yaxınlaşıb çoxsaylı suallar verir, Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı, faydalı məlumatlara görə bizə təşəkkür edirdilər.

 

A.Y. – Ələddin müəllim, sizin xalqımızın iftixarı, dahi bəstəkar Üzeyir Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına sonsuz sevginiz və ehtiramınız hamımıza məlumdur. Yəqin ki, bu cür tədbirlər sırasında Ü.Hacıbəyliyə həsr olunmuş tədbir də keçirmisiniz.

 

Ə.A. – Əlbəttə, Araz müəllim. Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış cahanşümul dahi bəstəkardır. O, XX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək musiqimizin bütün dünyada şöhrət qazanmasında əvəzsiz rol oynamışdır. Onun təkcə “Arşın mal alan” operettası dünyanın 80 dilinə tərcümə olunmuş, 76 ölkəsinin 187 teatrında tamaşaya qoyulmuşdur. İstər XX əsr musiqimizin, istər XX əsr teatrımızın tarixi, istərsə də əsrin birinci yarısında siyasi və ictimai həyatımızın mürəkkəb və ziddiyyətli yolu Üzeyir Hacıbəylinin adıyla sıx surətdə bağlıdır. Üzeyir Hacıbəyli eyni zamanda bəstəkar, müəllim-pedaqoq, gözəl alim, incə yumorlu yazıçı-dramaturq, kəskin qələmli jurnalist, publisist, yorulmaz ictimai və siyasi xadim kimi hərtərəfli fəaliyyəti olan böyük bir şəxsiyyətdir. O, ilk növbədə bir bəstəkar kimi dahi Məhəmməd Füzulinin ölməz poeması əsasında yaranmış ilk Azərbaycan operasının, “Leyli və Məcnun”un, dünya şöhrətli “Arşın mal alan”ın və “O olmasın bu olsun”un, bütün türk dünyasının qeyrət, qəhrəmanlıq və cəngavərlik himninə çevrilən “Koroğlu” operasının, dahi Nizaminin bənzərsiz qəzəl inciləri ilə həmahəng səslənən “Sənsiz” və “Sevgili canan” romanslarının, türkçülüyü, iki qardaş – Azərbaycan və Türk xalqlarının nisgilini, türkün şanlı bayrağını tərənnüm edən “Çırpınırdı Qara dəniz” mahnısının, hər üç, ilk müstəqil Azərbaycan Demokratik Respublikasının, sovet və müasir müstəqil Azərbaycanın Respublikasının Dövlət himnlərinin və onlarca bu kimi möhtəşəm musiqi əsərlərinin yaradıcısıdır.

Üzeyir Hacıbəyli müəllim-pedaqoq kimi istedadlı bəstəkar məktəbi yaratmış, o dövrün və sonrakı nəsil Azərbaycan musiqi incəsənətinin görkəmli nümayəndələrinin hər birinin taleyində, musiqiçi kimi formalaşmasında böyük rol oynamışdır. Zənnimcə, Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu onun təkcə möhtəşəm müsiqi əsərləri yaratmasında deyil, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqisimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən, qərb musiqi məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmasındadır. Bəli, SSRİ xalqlarının mədəniyyətinə həsr olunmuş mövzular, tədbirlər içərisində dahi Üzeyir bəy şəxsiyyəti və yaradıcılığı kənarda qala bilməzdi. Üzeyir Hacıbəylininyaradıcılığına həsr olunmuş və böyük uğurla baş tutmuş gecədə səslənən bir çox məlumatlar tədbirdə böyük canlanma yaratmış, dinləyicilər tərəfindən xüsusi marağa səbəb olmuşdu. Ü.Hacıbəylinin 1907-ci ildə yazdığı “Leyli və Məcnun” operasının təkcə ilk Azərbaycan operası deyil, həm də Şərqdə, o cümlədən bütün İslam aləmində ilk opera olması haqqında, İosif Stalinin Üzeyir Hacıbəylininmusiqisini çox sevdiyi, “Arşın mal alan” operettasını əzbərdən bilməsi barədə məlumatlar böyük maraq doğurdu. Şəxsən onun göstərişi ilə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Koroğlu” operası və “Arşın mal alan” operettası proqrama daxil edilmiş və böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, məşhur rus bəstəkarı, Leninqrad Konservatoriyasının rektoru Aleksandr Qlazunov Üzeyir bəyin 1913-cü ildə yaratdığı “Arşın mal alan”ı yüksək qiymətləndirərək onu Rusiyada “ilk operetta” adlandırmışdır. Hollivudda eyniadlı filmin çəkildiyi, musiqinin müəllifinin isə erməni əsilli Maqalyan olduğu bildirilən məlumat dinləyiciləri çox təəccübləndirdivə bir çoxlarının ironiyalı gülüşünə səbəb oldu. Maqalyanın milli xislətinə məxsus olan bu mənfur hərəkətindən xəbər tutan Üzeyir Hacıbəyli Stalinin “Arşın mal alan” operettasını çox bəyəndiyini bildiyi üçün etirazını şəxsən ona ünvanlamışdı. Tezliklə bəstəkara Stalindən şəxsi teleqram gəlir: “Mən bizim, sovet, əsl “Arşın mal alan”ı çəkməyi təklif edirəm”. 1945-ci ildə Azərbaycanda eyniadlı film çəkildi və Stalin mükafatına layiq görüldü və sonradan isə bu film bütün dünyanı dolaşdı, ölkəyə yüz milyonlarla qazanc gətirdi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə hər bir musiqi əsərinin teatr səhnəsində 2 dəfədən çox göstərilməsinə icazə verilməmsinə baxmayaraq, ongünlük ərzində “Koroğlu” operası Stalinin şəxsi göstərişi ilə Böyük Teatrda 3 dəfə tamaşaya qoyuldu və Stalinin özü şəxsən iki dəfə onlara qatıldı. Bir çox tamaşaçılar kimi onu da operanın möhtəşəm uvertürası, Bülbülün xalq qəhrəmanı Koroğlu obrazında oxuması və səhnədə çıxışı heyran edirdi. Stalin “Koroğlu” operasını “ən gözəl sovet operası” adlandırmışdı. Ongünlükdən sonra Kremldə Azərbaycan nümayəndə heyətinin şərəfinə verilən ziyafətdə Stalin Üzeyir bəyi o vaxt SSRİ Xalq Komissarları Sovetinin sədri və Xarici İşlər Naziri vəzifələrində çalışan Vyaçeslav Molotovla öz arasında oturtmuşdu və gecə boyu çox sevdiyi “Arşın mal alan”dan ariyalar, mahnılar oxuyurdu. Təsadüfi deyil ki, ongünlükdən sonra Üzeyir Hacıbəyli sovet bəstəkarları arasında ilk dəfə SSRİ xalq artisti adına layiq görülüb və Lenin ordeni alıb. Eyni zamanda sevimli müğənnimiz Bülbül də SSRİ xalq artisti adına, “Koroğlu” operası isə Stalin mükafatına layiq görülüb. Bütün bu faktlar, məlumatlar dinləyicilər tərəfindən Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqi incəsənətinin ən yüksək səviyyəsi kimi qəbul edilirdi.

 

A.Y. – Moskva Dövlət Universitetndə keçirilən tədbirlərdə də Azərbaycanla bağlı maraqlı, qürurverici məlumatlar səslənərdi...

 

Ə.A. – Bəli, hələ Moskva Dövlət Universitetinin mədəniyyət evində tanınmış mədəniyyət xadimləri ilə görüşlərdə onlara verdiyimiz suallar vasitəsilə Azərbaycan, onun mədəniyyəti, ayrı-ayrı nümayəndələri haqqında da xoş sözlər deyilir, yüksək qiymətlər verilirdi. Məsələn, Rəsul Həmzətov onunla görüşdə Azərbaycan poeziyasını yüksək qiymətləndirərək, onun müasir tarixində Səməd Vurğunu xüsusilə qeyd edərək, onu öz müəllimi adlandırırdı. Onun fikrincə, “Səməd Vurğun vasitəsilə Azərbaycan bir baş ucaya qalxıb.” Azərbaycan musiqisi haqqında nə düşündüyünü soruşduqda, məşhur erməni bəstəkarı Aram Xaçaturyan Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun və A.Məlikovun yaradıcılığı haqqında çox yüksək sözlər deyərək, öz əsərlərində, xüsusən də “Qayane” və “Spartak” baletlərində Azərbaycan xalq mahnı və rəqslərindən geniş istifadə etdiyini etiraf edirdi. O söyləyirdi ki, əslən naxçıvanlı olan anasının uşaqlıqda ona zümzümə etdiyi, oxuduğu xalq mahnıları ömürlük onun beyninə həkk olunub. SSRİ-nin nüfuzlu mədəniyyət xadimlərindən Azərbaycan poeziyası və musiqisi barədə yüksək qiymətlər və etiraflar eşitmək çox qürurverici idi.Azərbaycan musiqisi ilə bağlı daha bir xatirə. 1970-ci ildə Moskva Dövlət Universitetinin tələbə və inşaat briqadası yay tətilində Macarıstan Xalq Respublikasına işləməyə getmişdi. Polşa, ADR, Bolqarıstan, Macarıstanın özünün və Leninqrad universitetlərinin tikinti qrupları da orada işləyirdi. Son ziyafətdə 7 tələbə və inşaat komandaları arasında keçirilən müsabiqənin yekunları və qalibləri elan edilərkən, tədbirin ortasında təşkilatçılar komandalar arasında mahnı müsabiqəsi də elan etdilər. Bizim komandanın üzvləri hamının sözlərini biləcək mahnı seçməkdə çətinlik çəkirdi. Bir qədər düşündükdən sonra yadıma Qənbər Hüseynlinin “Cücələrim” mahnısı gəldi və mən onu oxumağı təklif etdim. Məlum oldu ki, hər kəs mahnının sözləriylə hələ uşaqlıqdan tanışdır. Bizim ifamız zamanı digər komandaların bəzi üzvləri də bizə qoşuldular və səsvermə ilə yekdilliklə, alqışlarla mahnımız qalib gəldi. Bu hadisənin o anda nə dərəcədə qürurverici olduğunu, qəlbimdə hansı hisslər yaratdığını təsəvvür edirsiniz! Yeri gəlmişkən, yerinə yetirilmiş işlərə görə də komandamız 1-ci yeri tutmuşdu. Mən tələbə və inşaat briqadasının komandiri kimi Macarıstan Komsomolu Mərkəzi Komitəsinin (KIZ) Fəxri Fərmanı və Moskvaya gəldikdən sonra isə Moskva Şəhər Komsomol Komitəsinin Fəxri Fərmanı ilə təltif olundum. Macarıstanlı dostların və digər dəstələrin üzvlərinin söhbət zamanı Moskva Dövlət Universitetinin tələbə-inşaat dəstəsinin komandirinin azərbaycanlı olmasını xüsusi şəkildə vurğulamaları da mənə qürur verir, sevinc hissi bəxş edirdi. Yeri gəlmişkən, bir qayda olaraq, Moskva Dövlət Universitetinin xaricdə işləməyə gedən tələbə-tikinti dəstəsinin rəhbəri fakültə və Universitet komsomol və partiya komitələrində razılaşdırılmalı və təsdiq olunmalı idi.

 

A.Y. – Uzun illər professor, kafedra müdiri, dekan, 1-ci prorektor işlədiyiniz Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında da, Azərbaycanla bağlı xatirələriniz maraqlıdır... 

 

Ə.A. – Akademiyada rəqs şousu müsabiqələrində tələbələrim Azərbaycan rəqsləri ilə nömrələr hazırlayırdı. Yeni il, 8 mart və digər bayram axşamlarında bütün professor-müəllim heyəti bu tədbirlərin kulminasiya zirvəsini, Azərbaycan rəqslərinin səslənməsini səbirsizliklə gözləyiərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım. Akademiyanın Elmi Şurasının iclaslarında, elmi konfranslarda və digər tədbirlərdə də bu və ya digər kontekstdə mütləq mənə doğma olan AZƏRBAYCAN sözü səsləndirilərdi! 

Hörmətli Araz müəllim, bütün bu xatirələrlə mən yalnız öz əminliyimi ifadə etmək istədim ki, bizim hər birimiz öz biliyimiz, intellektual səviyyəmiz və digər imkanlarımız daxilində yaşadığımız xarici ölkələrdəki diaspor təşkilatları vasitəsilə fərd olaraq və ya təşkilatlanaraq, kollektiv şəkildə ölkəmiz haqqında düzgün, yüksək fikir, təəssürat yaradılmasına öz töhfəmizi verə bilərik. Daim xalqımızın, tarixi Vətənimizin müsbət imicinə, eyni zamanda yaşadığımız ölkə ilə Azərbaycan arasında, xalqlarımız arasında dostluq, tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə və inkişafına töhfə vermək iqtidarında olmalıyıq! 

 

A.Y. – Dağlıq Qarabağın işğalı, itirilmiş torpaqlarımızın geri qaytarılması, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı problemlərin həlli hər bir Azərbaycanlını, o cümlədən xaricdə yaşayan soydaşlarımızı səfərbər etmişdi, hər kəs öz imkanı, bacarığı daxilində ümumi Qələbəyə öz töhfəsini verməyə səy edirdi.

 

Ə.A. – Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq 30 il ərzində, xüsusən də 44 günlük Vətən müharibəsində, demək olar ki, bir çoxlarınız kimi mən də hər gün, hər an xüsusilə ziyalılar, bir çox universitetlərin professor-müəllim heyəti arasında, digər auditoriyalarda aktiv fəaliyyət göstərərək, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri izah edir, onlara başa salmağa çalışırdım. Münaqişə başladığı andan bu günə qədər bu mövzuyla bağlı iştirak etdiyim bütün müzakirələrdə mən qarşıma bir məqsəd, qeyri-erməni millətlərə (ermənilər onsuz da tarixi saxtalaşdırmaqda ustadırlar), ilk növbədə ruslara münaqişənin həqiqi səbəblərini, onun yaranma və inkişaf mərhələlərini, bu münaqişədə Rusiyanın tutduğu mövqeyini, Rusiya imperiyasının bütün dövrlərdə əzəli torpaqlarımızda İran, Türkiyə, Livan, Suriya və başqa ölkələrdə yaşayan ermənilərin yerləşdirilməsində, Azərbaycan türklərinin dəfələrlə Ermənistandan deportasiya olunmasında, Qarabağın ermənilərə təhvil verilməsində rolunu açıqlamaqla, başa salmaqla, dəlillərlə sübut etməklə onları özümüzə tərəfdaş etməyə çalışmaq olmuşdur. Bu mənada əlimdə olan materiallar, faktlar, topladığım ədəbiyyat həmişə köməyimə gəlmişdir.

Bu mövzularla bağlı görüşlərdə, söhbətlərdə, müzakirələrdə işğal altında olan doğma torpaqlarımızın mənfur qonşu işğalçılardan azad edilməsi üçün, Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmək uğrunda Ali Baş Komandanın, Respublika Prezidentinin rəhbərlik etdiyi Qalib ordumuzun ədalətli müharibəsini təkzibolunmaz şəkildə, əzmlə sübut etməyə çalışmışam. Bu gün hər bir azərbaycanlı kimi mən də Qələbəmiz, Qalib xalqım, Qalib Vətənim, Qalib ordum, onun Ali Baş Komandanının, dərin, strateji düşüncəli, uzaqgörən, dünya səviyyəli siyasətçinin, prezidentimiz İlham Əliyevin müdrikliyi və əzmkarlığı sayəsihdə başımı dik tutaraq qürurla addımlamaqdan məmnunluq duyuram! 

44 günlük Vətən müharibəsində qazanılmış tarixi parlaq Qələbənin tariximiz üçün misilsiz əhəmiyyəti artıq əbədi olaraq milli şüurumuzda qızıl hərflərlə həkk olunub. Təbii ki, Vətəndən xaricdə yaşayan hər birimiz qürur duyuruq ki, ərazisinin bir parçası işğal edilmiş Azərbaycanın övladları yox, ərazi bütövlüyünü bərpa etmiş vahid Azərbaycanımız olan tarixi Vətənimizin qürbətdə yaşayan övladlarıyıq.

Allah bu Qələbə uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhu qarşısında baş əyirəm!

Bu gün isə “Qərbi Azərbaycan icması”nın yaradılması, onun gündəlik fəaliyyəti, Qərbi Azərbaycana qayıdış proqramının uğurla həyata keçirilməsi Qədim torpaqlarımız olan dahi Dədə Ələsgər yurdu Göyçə mahalına, Zəngəzura, İrəvana, Dərələyəzə möhtərəm Prezidentimizin ifadə etdiyi kimi sülh yoluyla qayıdacağımıza hər birimizin inamı böyükdür! 

 

A.Y. – Moskvada yaşayan diasporumuzu birləşdirməyə, orada milli-mədəni dəyərlərimizi qoruyub saxlamağa, tanıtdırmağa, inkişaf etdirməyə məsuliyyət daşıyan “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nın fəaliyyəti haqqında nə deyə bilərsiniz?

 

Ə.A. – Təəssüflər olsun ki, son illər bu qurumun rəhbərliyinin fəaliyyətsizliyi, onun işinə biganə, laqeyd yanaşması nəticəsində təşkilat durğunluq dövrünü keçirirdi.Sevindirici haldır ki, təşkilatın 2 il əvvəl demokratik yolla seçilmiş yeni rəhbərliyi qısa müddət ərzində fəallıqla, Moskvada yaşayan ziyalılarla geniş məsləhətlər keçirərək düşünülmüş proqram, fəaliyyət strategiyası əsasında çalışaraq bu təşkilatın işinə yeni nəfəs gətirməyə, Moskvada Azərbaycan diasporunun birliyinə, konsolidasiyasına, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin davamlılığını təşviq etməyə və real münasibətlərə kömək etməyə nail olmuşdur. Bu vacib işdə “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin rəhbəri, Moskva veteranları və əlilləri üçün bir çox layiqli, nəcib işlər görmüş Bəxtiyar Həsənovun tükənməz enerjiyə, vacib biliklərə malik düşüncəli rəhbər, təcrübəli sahibkar, xeyriyyəçi iş adamı kimi göstərdiyi səylər təqdirə layiqdir. Onun təşkilatda kollektivi ilə birlikdə yaratdığı işgüzar ab-hava, Moskvanın ayrı-ayrı elm, təhsil, mədəniyyət ocaqlarında, dövlət qurumlarında gördükləri tədbirlər vasitəsilə gündəlik çoxşaxəli fəaliyyəti xalqımız, tarixi Vətənimiz haqqında, onun milli-mədəni-mənəvi dəyərlərini qoruyaraq, onlar haqqında tarixi həqiqətləri Moskva, Rusiya ictimaiyyətinə çatdırmağa, Moskvadakı soydaşlarımızın hüquqlarını müdafiə etməyə, Rusiya və Azərbaycanı birləşdirən çoxsahəli əlaqələrin qarşılıqlı faydalı şəkildə intensivləşdirilməsinə, hərtərəfli inkişafına və dərinləşməsinə bir diaspor təşkilatı kimi davamlı körpü rolunu oynamağa yönəldilmişdir!

 

A.Y. – Müsahibə üçün vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edir, elmi və digər fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

 

Ə.A. – Mən də sizə cansağlığı, uğurlar diləyirəm!

 

P.S. Professor Ələddin müəllim haqqında daha geniş məlumatı Vikipediyadakı Ələddin Allahverdiyev adlı 9 dildə (Azərbaycan, rus, ingilis, alman, türk, fransız, gürcü, qaqauz, Cənubi Azərbaycan) verilmiş məqalədən oxuya bilərsiniz.

 

Ələddin müəllimin ailəsi haqqında qısa məlumat:

Həyat yoldaşı Kəngərli Məhsəti M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsini və onun aspiranturasını bitirmişdir. Kimya elmləri namizədi, materiaşünaslıq sahəsində çoxsaylı elmi məqalələr müəllifidir.

Ələddin müəllimin bir oğlu, bir qızı, dörd nəvəsi var.

Oğlu, Allahverdiyev Toğrul “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə Rusiya Federasiyasi Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını və “Təşkilat menecmenti” ixtisası üzrə Rusiya Dövlət İdarəetmə Universitetini “Fərqlənmə” diplomları ilə bitirib. İqtisad elmləri namizədidir. Elmi monoqrafiyanın, 30-dan çox elmi məqalənin müəllifidir. Amsterdamda “Eurasian Resources Group” (“Avrasya resurslar qrupu”) kompaniyasında icraçı direktor vəzifəsində çalışır.

Qızı, Allahverdiyeva-Rəfibəyli Aytən İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasını “Fərqlənmə” diplomu ilə bitirmişdir. Qətər dövlətinin paytaxtı Doha şəhərində plastik cərrahiyyə üzrə həkim işləyir.

 

Professor Ələddin Allahverdiyevin elm, texnika və təhsil sahələrində qazandığı nailiyyətlərə görə aldığı bəzimükafat və təltiflərini də nəzərinizə çatdırıram:

– Rusiya Kosmonavtika Federasiyasının Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, texnika еlmləri doktoru, kosmik proqramlar üzrə Dövlət komissiyasının sədri Georgi Aleksandroviç Tyulin adına medal;

–Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin görkəmli alim-mexanik, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor, fizika-riyaziyyat elmləri doktoru, dörd Lenin ordenli, bir neçə Dövlət mükafatı laureatı Xəlil Əhmədoviç Raxmatulin adına medal;

– Üç dəfə – 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nin təsis etdiyi “Sosializm yarışının qalibi”döş nişanları;

– “Moskvanın 850 illiyi” dövlət medalı;

– “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı;

– “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adı;

– Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı;

– Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi diplomu;

– 4 il dalbadal (2001–2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi “Moskva Qrantı” müsabiqəsinin laureatı adı və pul mükafatları;

– Rusiya Federasiyasının, bəzi xarici ölkələrin, bir çox beynəlxalq qurumların, təşkilatların çoxsaylı fəxri fərmanları, diplomları və s.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2204)

Cümə, 06 Sentyabr 2024 16:44

GÜLÜŞ KLUBUnda hazırcavab Tim Kuk

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

-Ay qızım, sən hara hazırlaşırsan?

-Ad gününə.

-Təzə maska tax.

 

2.

Ana dili dərsində.

Müəllim: 

-Uşaqlar, kim ki bizim gözəl ana dilimizi dialekt və şivələrlə, vulqar ifadələrlə korladı, onun yançağına dumbuz vurub da sinifdən əynə boşdayacam. 

 

3.

Biri qapısına yazıb vurub: “Ehtiyatlı olun. Həyətdə quduz it var”.

Qonşu ha istəyir ki, ondan soruşsun ki, qardaş, axı sən həyətdə it zad saxlamırsan. Ancaq bu hamını qapan, sərt, bədheybət insandan nəsə soruşmağa çəkinir. 

 

4.

Mətbuat konfransında jurnalistlər Tim Kukdan soruşurlar?

-Niyə Ayfonu belə baha satırsız? 

-Ona görə ki, Ayfon bir çox digər qadjetləri - telefonu, kameranı, video və musiqi pleyerini, planşeti, diktofonu, naviqatoru, fənəri, pyun konsolunu və daha nələri əvəz edir. 

-Cənab, bəs onda android niyə belə ucuzdur?

-Çünki o, cəmi bir qadjeti - Ayfonu əvəz edir. 

 

5.

Bir dəfə Dərdayıl tanışına dedi:

-Mən bütün həyatımı inernetə borcluyam. Hətta evlənib bu xoşbəxt ailəni qurmağım da internet hesabına olub.

Tanışı soruşdu:

-Çatda tanış olmusuz?

-Yox e. Bir dəfə modemim xarab olmuşdu, bekarçılıqdan teatra getdim, orda tanış olduq. 

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.