ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 06 Sentyabr 2024 16:44

GÜLÜŞ KLUBUnda hazırcavab Tim Kuk

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

-Ay qızım, sən hara hazırlaşırsan?

-Ad gününə.

-Təzə maska tax.

 

2.

Ana dili dərsində.

Müəllim: 

-Uşaqlar, kim ki bizim gözəl ana dilimizi dialekt və şivələrlə, vulqar ifadələrlə korladı, onun yançağına dumbuz vurub da sinifdən əynə boşdayacam. 

 

3.

Biri qapısına yazıb vurub: “Ehtiyatlı olun. Həyətdə quduz it var”.

Qonşu ha istəyir ki, ondan soruşsun ki, qardaş, axı sən həyətdə it zad saxlamırsan. Ancaq bu hamını qapan, sərt, bədheybət insandan nəsə soruşmağa çəkinir. 

 

4.

Mətbuat konfransında jurnalistlər Tim Kukdan soruşurlar?

-Niyə Ayfonu belə baha satırsız? 

-Ona görə ki, Ayfon bir çox digər qadjetləri - telefonu, kameranı, video və musiqi pleyerini, planşeti, diktofonu, naviqatoru, fənəri, pyun konsolunu və daha nələri əvəz edir. 

-Cənab, bəs onda android niyə belə ucuzdur?

-Çünki o, cəmi bir qadjeti - Ayfonu əvəz edir. 

 

5.

Bir dəfə Dərdayıl tanışına dedi:

-Mən bütün həyatımı inernetə borcluyam. Hətta evlənib bu xoşbəxt ailəni qurmağım da internet hesabına olub.

Tanışı soruşdu:

-Çatda tanış olmusuz?

-Yox e. Bir dəfə modemim xarab olmuşdu, bekarçılıqdan teatra getdim, orda tanış olduq. 

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 “Ədəbiyyat və incəsənət” portalı sizlərə Vüsal Bağırlının “Köhnə avtomobil” hekayəsi təqdim edilir.

 

 

 

NƏSR

 

Vüsal BAĞIRLI

 

KÖHNƏ AVTOMOBİL

 

Eyvana çıxıram. Hava buludludur. Ətrafda qəribə səslər eşidilir.

“Tap-tap-tararapp”.

Alnıma, əlimə soyuq damcılar düşür. Deyəsən, yağış başlayır.

Dayanıb diqqət kəsilirəm. Yox, səhv edibmişəm. Bu, eyvan ipindən asılmış nəm paltarlardan, yenicə yuyulmuş köynək, kombinezon və şalvarlardan düşən oynaq damlaların aşağıdakı köhnə avtomobillə ritmik söhbətidir.

O həmişə eyni yerdə dayanır. Evdən çıxıb harasa gedəndə, işdən geri qayıdanda daim göz önündədir. Onu, beşmərtəbə “xruşşovka” ilə palçıqlı xəndəyin arasında qərar tutmuş üzgün görünüşlü köhnə “Moskviç”i hər gün görürəm.

Hər görəndə də anlayıram ki, onunla sərt və amansız davranılıb, avtomobil dəmir qalağı, zibil yığını kimi kənara atılıb, hər gün səhərdən axşamadək ora-bura tələsən, sakinləri acı tüstüsüylə boğan, bir-birlərinin qarnına girib hər yerdə tıxaclar yaradan modern avtomobillərə tay ola bilməyəcəyini anlayan keçmiş sahibi onu birdəfəlik tərk edib.

Avtomobilin indiki halı acınacaqlıdır. Qapısının biri əzilib, kapotu içəri batıb, müxtəlif iqlim dəyişikliyi, rütubət, külək və korroziyanın təsirindən metal gövdəsi, torpağa yaxın hissələri aşınaraq çürüyüb, eybəcər hala düşüb. Dəmir səthini toz basıb, buferi əyilərək sallaq dayanıb.

Məhlədə futbol oynayan uşaqların çoxsaylı top zərbələri, korafəhm atılan sapand daşlarının təsirindən arxa-qabaq şüşələri sınıb, çatlayıb, bəzi yerləri zədələnib. Təkərləri boşalaraq təbii müvazinətini itirib və indi o, bir böyrü üstə əyilmiş məşhur Piza qülləsini xatırladır. İçindən yağ, benzin və müşəmbə qoxusu gəlir.

Fəqət bütün üzücü məqamlarla yanaşı, avtomobildə bəzən pozitiv, məzəli məqamlar da tapmaq mümkündür. Əgər ona yaxınlaşıb gözümüzün birini qıyaraq yan şüşədən əks şüşəyə diqqətlə baxsaq, maraqlı illüziya, optik aldanış müşahidə edərik: obyektivdə yaranan ilğım, həyətdəki çiçəkləmiş albalı ağacını çoxaldır, təsviri bir-birinin üstünə mindirir və qəribə kaleydoskop yaradır.

Başımızı tərpətdikdə ağaclar dairəvi hərəkətlə möcüzə kimi tərpənir, sanki yallı gedirmişlər sayaq fırlanırlar. Bir dəfə tapıntımı həyətdəki uşaqlara göstərdim. Bu onları xeyli əyləndirdi və güldürdü.

“Moskviç” günlər, aylar, fəsillərlə silahlanmış zaman ordusu ilə daim döyüşür, vaxt çayının aramsız, sabit axınına tabe olur, arxayın, qayğısız ömür sürməyə çalışır. Pəncərə-gözlərin yorğun qırışları, yarıaçıq kapot-dodağın kənarındakı narahat büküşləri, ağır, sallaq döşləri, rezinlə dartılmış qarın və budları əvəz edən bufer, disk və deflektora külək, şaxta, fırtına belə təsir etmir.

Payızın əvvəlləri əsən tozlu küləklər maşının üstünü çirk təbəqəsiylə örtür. Bu zaman onun əsl rəngini seçmək, ayırd etmək mümkün olmur. Payızın sonlarında isə fasiləsiz yağan noyabr yağışları maşını yuyub təmizləyir, onu uzaq yaylaq səfərinə hazırlaşan yorğa və saz kəhərə bənzədir.

Qışın ayazlı, qarlı günlərində qoca avtomobil gecənin öldürücü sazağından, boranından xilas olmağa can atan evsiz-eşiksizlərə, “bomj”lara fərqli formatda xidmət göstərir, öz hostel statuslu havayı salonunu səxavətlə təklif edir. Neçə-neçə insanı amansız şaxtadan qoruyur, bahalı-ucuz həyatları ölümün labüd pəncəsindən xilas edir.

İsti fəsillərdə, havalar qızmağa başlayanda həyətdə oynayan uşaqlar  köhnəlmiş maşının üzərinə dırmaşaraq cürbəcür dəcəlliklər edirlər. Yeniyetmə və gənclər onun ətrafına toplaşır, kapotun üstündə şahmat, nərd oynayır, yaxud banın üstünə dırmaşaraq ayaqlarını sallayıb siqaret çəkir, zarafatlaşır, bir-birlərinə şıllaq, yumruq atır, aşıb-daşan tükənməz enerjilərini israf edirlər.

Səhərlər səyyar meyvə satıcısı alma, şaftalı, ərik yeşiklərini, göyərti torbasını, yetişmiş boranı və qarpızları kapot-piştaxtanın üzərinə qoyur. Kepkasını gözünün üstünə basıb yerə çömbəlir, damağındakı tüstüləyən siqaretlə növbəti müştərini səsləyir.

Günorta toyuqlar, ördəklər əyilmiş buferin saldığı ensiz, tünd zolağa çəkilib dincəlirlər. Axşamlar isə orada orta yaşlı qadınlar, qoca arvadlar, ahıl, ələngə qarılar qərarlaşır. Onlar avtomobilin kölgəsində oturub tum çırtlayır, məhəllədə olub keçmiş və baş verəcəklərdən qeybət edirlər.

Bir gün bütün gecəni əsən coşqun və azğın xəzri yaxınlıqdakı qoca küknarı köhnə avtomobilin üzərinə aşırdı. Qonşu mənzili təmir edən fəhlələrlə köməkləşib onu bu ağır yükün altından çıxardıq.

Biz “Moskviç”in yanında dayanıb, üst-başımızı çırpıb təmizləyərkən qeybdən  qəfil peyda olan cırcırama-helikopter diqqətimizi çəkdi. O, havada yarımdairə cızıb qövsvari aerodinamik hərəkətlə ehmalca kapotun üzərinə qondu. Həşərat küləyin sərt nəfəsindən büzüşmüş, öz bozumtul, şəffaf plaş-qanadlarına sıx-sıx bürünmüşdü.

Oynaq, zarafatcıl külək onun sarı-yaşıl gövdəsini tərpətdikcə cırcırama xoş təmasdan, incə nəvazişdən vəcdə gələrək xoşhallanır, nazik ip qırığına oxşayan quyruğunu qarnına tərəf əyib-qıvırıb axına uyğun titrədirdi.

Birdən fəhlələrdən birinin ehtiyatsız, qəfil hərəkəti – üzünümü qaşıdı, ya əlini alnınamı çəkdi – həşəratı ürkütdü və o, qanadlarını küləyin yüngül axınına təslim edərək havaya pərvazlandı, uçub harasa getdi. Kapotun bozumtul narın tozu üzərində canlının kədərli, solğun izi qaldı.

Vaxt keçdikcə köhnə avtomobillə münasibətləri isindirməyə, onunla dostlaşmağa başladım. İşdən qayıdanda, yaxud axşamlar həyətə düşəndə tez yanına gəlir, gün ərzində başıma gələnlərdən, müxtəlif hadisələrdən, gündəlik qayğı və problemlərdən danışıb söhbətləşirdim.

O da yöndəmsiz və sallağı oturuşuyla dərdini mənimlə bölüşür, özünün bir vaxtlar tamaşa edənləri heyrətə salıb, ağılları başdan çıxardığı dövrlərindən qeyri-adi əhvalatlar nəql edirdi.

“Zavoddan yenicə çıxmış qırmızı “böcək” hər iki tərəfdən paslanmayan nikel ramkayla əhatələnib. Zil qara şinli, təzə təkərli avtomobilin parlaq metal örtüyü günəşin şəfəqlərində bərq vurur, qibtə dolu gözləri qamaşdırır. Adı parıltılı hərflərlə kənarlarına həkk olunub: “Moskviç”.

Sürücü dodağında xəfif təbəssüm, heyran baxışlarla ona yaxınlaşır, qapını ehtiyatla açır, şəstlə dəri oturacağa yayxanır. Açar burulan an mühərrikinin həzin uğultusu eşidilir. “Moskviç” işə düşür. Sürücü ayağını akseleratorun üzərinə qoyunca avtomobil kiçik təkanla azacıq tullanıb hərəkətə gəlir.

Avtomobil  şəhərin əzəmətli, işıqlı, gen prospektlərində alışıb-yanan faralaryıla, özündən razı görkəmiylə şütüyərək təşəxxüs satır. Qarşıdan gələn çoxsaylı avtomobilləri sevinclə qarşılayır, salamlayıcı siqnallar verir.

Onun üçün hər şey maraqlıdır – dolanbac küçələr, işıqlı prospektlər, geniş magistrallar – hətta kriminal qoxulu qaranlıq tinlər də...”

...Köhnə “Moskviç” xoşbəxt düşüncələrə dalmışdı. Həmin an onun tam bir meditasiya vəziyyətində olduğunu, bütünlüklə öz düşüncələrinə qapıldığını hiss etdim. O, duyğulu görkəmdə dayanmışdı, nə açıq-aşkar etiraz, nə də itaətkarlıq vardı duruşunda.

Mən həssas məqamdan təsirlənib ehtiyatla geri addımladım, kənara çəkildim və öz qəhrəmanımı ötən möhtəşəm günlərin şirin xatirələri ilə baş-başa buraxdım.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Dəyərli Yaradıcımız, kitabınıza “Şeirimin bəxti" adını seçərkən nəyi vurğulamaq istəmisiniz?

 

CAVAB

“Şeirimin bəxti" çoxdan çap olunan kitabımın adıdır. "Şeirimin bəxti" məni iztirablara salsın, məni düşüncələrə qərq etsin. "Şeirimin bəxti" odur ki, xalqımın yanında dayansın, Qarabağda döyüşsün, yaxşılara kömək etsin, tələbələr onu əzbər bilsin. 

Bu gün sizin kimi gənc müəllimin məndən müsahibə alması elə "Şeirimin bəxti" dir. Haqqımda gözəl cümlələr söyləyirsiniz, suallar verirsiniz, şeirlərim olmasaydı, siz məni haradan tanıyardınız?!

 

Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Cümə, 06 Sentyabr 2024 15:09

Solan güllər - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”


Ah bu həyat, xoşbəxtliyiylə, acısıyla, zaman-zaman ağrıların verdiyi gülümsəməsiylə neçə gülün solmasına şahid oldu, neçə solan gülün torpağına yeni çiçəklər açdırdı. Sənin, mənim, onun, elə hər birimizin bir solan gülü olmadımı içimizdə?
Hər birimiz yarım yorğanın isidəcəyi qədər xoşbəxt olmadıqmı, üstümüzü örtsək ayaqlarımız, ayaqlarımızı örtsək üstümüz üşümədimi?Hər dəfə gülümsəmələrimiz yarım qalmadımı?
Dünya yaranandan bəri neçə-neçə güllər solub getdi də, sayını itirdik.
Solan güllərə ərməğan olsun o zaman düşüncələrimdən yazılarıma süzülən hər bir sözüm. Ən çox güllər nə zaman solmuşdu xatırlayırsız? Mən xatırlayıram. Kimliyindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq savaşın içində dünyaya göz açan körpələrin içində solmadımı hələ qönçə ikən o güllər? Müharibələrdə şəhid düşən əsgər yaralarının qəlbində sevgi çiçəyi, əsgər ana-atalarının qəlbində övlad çiçəyi solmadımı? Milyonlarla şiddətə məruz qalan qadınların, övladlarının gözü önündə öldürülən Emine Bulutların qəlbində mərhəmət tumurcuqları saralıb solmadımı? Təcavüzə məruz qalan yeniyetmə qızların hələ təzə çiçək açan  namuslarına palçıq bulaşmadımı bəs? Yoxsulluqla mübarizə apara bilməyən atanın övladı qarşısında çarəsizliyindən qəlbindəki qürur ağacı yarpaqlarını tökmədimi? Sadəcə qayğıya, şəfqətə ehtiyac duyan danışa bilməyən dostlarımızın - heyvanların məhz biz insanlardan şiddət görərkən solan baxışları bəs? Sağalmaz xəstəliyə tutulan, öləcəyini bilib gün sayaraq mübarizə aparan 11 yaşlı Baharın kiçicik ruhunda ölmədimi ümid çiçəyi?...
Dərdlənmişəm bu gecə, üsyanım tökülüb sətirlərə, baxıram özümə dərd etdiklərimə, nə qədər axmaq imişəm mən. Məgər, nə güllər soldu da həyatda, heç nə olmamış kimi, dünya dönməyə davam etmədimi öz oxu boyunca? Ey qoca dünya, nə boyda yük daşıyırmışsan sən məgər? Söylə necə dözdün bu qədər acı ağrıya sən? Bəlkə ümidin təkcə günəşə idi? Bir gün günəş elə doğacaq ki, sənin üzərinə düşən hər şüası bir solan çiçəyi açdıracaq, buzlaqları qurudub heç vaxt solmasın deyə, gülləri susuz buraxmayacaq deyəmi ümid etdin sən?
Ya da ,ümidin ölən insanların ölməyən insanlıqlarına qalmışdı?
Söylə qurbanın olum, nədir çarə?

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün Qədim Qala Yayın evinin rəhbəri Şöhlət İxtiyaroğlu yenicə işıq üzü görmüş “Bir ağacın yaddaşı" kitabını təqdim edir.

 

– Nəyi, nə vaxt, necə unudacağımı bilmirəm. Ancaq unutmaq istəmədiyim şey olanda, bilirsənmi, nə edirəm?

– Nə?

– Onu beynimdə yox, ürəyimdə saxlayıram, çünki oradan heç vaxt silinməyəcək.

– Orada başqa nə saxlayırsan?

– Sevdiyim hər şeyi, Jan.

 

Janın 10 yaşı var və valideynləri ilə Barselonada yaşayır. Nənəsi Katerina və babası Joan Vilaverddən onların evinə köçür. Baba və nəvə hər gün birlikdə vaxt keçirir. Babası balaca Jana ağaclar, saatlar, ponçiklər, "o" hərfinin sirləri – bildiyi hər şey barədə danışır.

Lakin bir gün Jan anlayır ki, babası onların evinə səbəbsiz köçməyib, o tədricən yaddaşını itirir. Həmin andan etibarən evdəki bütün gündəlik həyat dəyişəcək, sözlər və sükut yeni məna kəsb edəcək.

Yaddaşını itirməkdə olan baba ilə nəvə arasındakı münasibətdən bəhs edən bu təsirli hekayə sizə həyatın ən çətin vəziyyətlərinə bir uşağın gözü ilə fərqli yöndən nəzər salmağa kömək edəcək. Kataloniya mədəniyyəti və nəsillər arasındakı əlaqəni əks etdirən metaforik nəsr əsəri oxucunu uşaqlıq xatirələrinə qərq edir. 

Tina Valles “Bir ağacın yaddaşı” əsəri ilə “Premi Llibres Anagrama de Novel·la”, “Premi Maria Àngels Anglada” və “Premi Jean Monnet des Jeunes Européens” mükafatlarının qalibi, “Premi Madarache” mükafatının finalçısı olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Cümə, 06 Sentyabr 2024 13:29

Komediyamızın "Everest" zirvəsi...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda aktyorluq peşəsinin ən uca zirvəsinə yüksələ bilən sənətkarlar çox olub. Düşünürəm ki, kino və teatr sənətinin komediya janrında onun fəth etdiyi zirvəyə hələ də heç kim yüksələ bilməyib. Necə deyərlər, o, bu sənətin “Everest”i idi...

 

Bir başqa aləm idi Yaşar Nuri. Bəzən uşaq kimi kövrəlir, bəzən də sərt olurdu. Hətta adamdan inciyib küsməyi də vardı. Heç vaxt heç kimin haqqına girməzdi və belə insanlara nifrət edirdi. Hikmətli sözləri çox idi. Həmişə aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza işləyin, 50-dən sonra adınız sizə işləyəcək. Çox siqaret çəkirdi. Tərgitmək istəsə də, özüylə bacarmırdı. Hobbisi də, əyləncəsi də, həyatı da sənəti idi. Obrazları o qədər cani-dildən oynayırdı ki, köynəyini sıxanda su tökülürdü. Səliqəli geyinməyi xoşlayırdı və həmişə də “brend” paltarlar alırdı. Məclislərdə ürəyi açılırdı və özünü rahat hiss edirdi...

 

Həyatda da baməzə insan idi. O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün çəkilişə gedərkən, yolda həmkarı Firəngiz Mütəllimova ilə rastlaşır. Haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. Firəngiz xanım cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar. Firəngiz xanım 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra özü həmin çəkilişə gedib, iştirak edir. Bunu bilən Firəngiz xanım ondan soruşur ki, niyə özün getdin, məni qoymadın? “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”

 

Yaşar Nuri həm də böyük bir məktəb idi, obrazla yaşamağı bacarırdı. "Səni axtarıram" tamaşasının çəkilişi zamanı tərəf müqabili ağlamalıydı. Orada bir yer var, Elçin (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) saçını oxşayıb deyir: "Sən yaxşı qıszan, Gülnar". Rejissor nə illah eləyirsə, Gülnar ona baxıb ağlaya bilmir. Bir də onda görürlər ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağlayır...

 

Möhtəşəm aktyorluq istedadıyla bərabər, onun gözəl, şıdrığı rəqs etmək qabiliyyəti də var idi. Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq onun üçün ifa edib, onu rəqsə dəvət edərdilər…

 

Yaşar Nuri yalnız sənəti ilə deyil, savadı ilə də fərqlənirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı ki, heyran qalmamaq mümkün deyildi. Çox güclü yaddaşı var idi, sanki canlı arxiv idi...

 

Ömür-gün yoldaşı Rəhimə xanım deyir ki,- “Uzun sürən xəstəliyinə baxmayaraq, fikri-zikri səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma bilmirəm əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı?””

 

Yaşasaydı 3 gün öncə - sentyabrın 3-də 73 yaşı tamam olacaqdı. Heyf ki, milli komediyamızın “Everest”i bu gün aramızda yoxdur. Amma nə qəm, nə qədər ki, Azərbaycan var, Yaşar Nurinin əziz xatirəsi ehtiramla yad olunacaq... 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Musiqi dinləməklə daha rahat yata biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bunu “Ədəbiyyat və incəsənət” portal bütün məsuliyyəti ilə deyir. “Psychological Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, yatarkən dinlədiyiniz mahnılar beyninizi “yaddaşına ilişir” və yuxunun keyfiyyəti kəskin şəkildə aşağı düşür. İnsan beyninin dincəldiyi bir an olmur. Müasir həyatın streslərinə müqavimət göstərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq. Çox zaman bunun üçün yalnız bir yoldan istifadə edirik, musiqi dinləyirik.

 

Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağınıza qoymaq əslində yalnız stresli fikirlərdən uzaqlaşmağa, qaçmağa imkan verir. igər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, sizi rahatlaşdırdığını düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır.

ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada orta yaş həddi 35,9 olan, yəni Y nəslinin nümayəndəsi olan 199 nəfər iştirak edib. Onlar təcrübələri əsasında anket doldururlar. Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi ecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış (qulaq qurdu) olduğunu bildiriblər. Gündəlik həyatda digərlərinə nisbətən daha çox musiqi dinləyən iştirakçıların daha çox “qulaq qurdu” yaşadıqları və yuxu keyfiyyətinin aşağı olduğu da ifadə edilir.

İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yəni Z nəslinin üzvü olan 50 iştirakçı laboratoriya şəraitində müşahidə edilib. 3 məşhur mahnının qeyri-verbal, yəni instrumental variantı səsləndirilib. Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs formaları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənilib. Lakin nəticə daha da pis olub. Onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edilib.

Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirib ki, vəziyyət populyar musiqi sənayesində “təkrarlanan melodiyalar və cazibədar mahnılar” istehsal etmək meyli ilə bağlıdır. Çünki bu tip melodiyalar zehnində asanlıqla yer tapır. Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti daha çox düşə bilir.

Qısası, yatmamışdan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

 

 

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Quzu ətindən döymə lülənin 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR 

§ Quzu əti – 237 qr

§ Quyruq – 20 qr

§ Soğan – 17 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ soğan – 20 qr, göyərti – 10 qr, sumaq – 5 qr

 

HAZIRLANMASI

Quzu əti və quyruq doğranır, duz, istiot vurularaq kötüyün üstündə qiyməkeşlə döyülür. Sonra xırda doğranmış baş soğan əlavə edilir və bir yer- də döyülür. Qiymə şəklində olduqda yaxşıca qarışdırılır, yenidən əllə dö- yülür. Özünü tutması üçün sərin yer- də saxlanılır. Manqal hazırlanır. Köz olduqda hər şişə 200 qr döymə qiymə yığılır, 2 və ya 4 yerə bölünür, közün üzərinə qoyulur. Bir neçə dəfə çevrilir, içi bişdikdən sonra manqaldan götürülür. Boşqaba lavaş qoyulur, üzərinə lülələr yığılır və ya lülələr lavaşa bükülür. Yanında doğranmış soğan, göyərti qarışığı qoyulur, üzərinə su- maq səpilir və süfrəyə verilir. Bişmə müddəti 12-15 dəqiqədir.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qəşəm İsabəylinin hekayəsi təqdim edilir. 

 

Fasiləyə yaxın otağımın qapısı bərk-bərk döyüldü.

Mən "buyurun" deyincə, ətli bir şey girdi içədi. Baxdım ki, burundu. Dalıyca daz... gördüm - başdı. Sonra da iri sağanaqlı nimdaş eynək, suya düşüb islanmış pambıq parça kimi qırış-qırış olmuş boz sifət, dalıyca şən əhval-ruhiyyə... - ha-ha-ha-la başlayan şaqqıltı-qaqqıltı...

Əlüstü tanıdım. Anamın uzaq qohumlarından idi. 23 il əvvəl gördüyüm ətli-canlı kişidən bostan oyuğu boyda bir şey qalmışdı. Amma gülüşü həmən-həmənkiydi. Düzdü, tələbəlik vaxtımda məni sayıb eləməzdi. Demirəm ki, başımı tumarlayıb, cibimə pul qoyaydı, quru dillə dindirməyə nə vardı?! Keçmişdə özünü dartmağından acığım gəlsə də, indi o hərəkətimi özümə əskiklik bildim. Dik qalxdım yerimdən:

- Xoş gəlmisiniz! - Qabağına yeridim.

Hələ də şaqqıldayıb-qaqqıldayırdı. Axır ki, sakit oldu. Stulu çəkib, əlimlə "əyləşin" işarəsi verdim. Şappadan özünü çırpdı stulun oturacağına. Qoltuğundakı qovluğu atdı stolun üstünə:

- Təqaüdə çıxandan sonra gördüm bərk darıxıram. Cavan deyildim, birini alım caynağıma, gün keçirdim. Gün onsuz da özü-özünə keçirdi. Neyləyim-neyləyim... dedim, faydalı işlə məşğul olsam yaxşıdı. Nə?! Fikir məni götürdü. Bir gecə qapının cırıltısına başımı çevirdim - üzü nurlu bir kişi otağa girdi. Sağa-sola diqqətlə baxıb, gəlib dayandı yanımda:

- Neyləyirsən?

- Darıxıram.

- Niyə darıxırsan?

- Təkəm.

- Niyə təksən?!

- Allah da təkdi, - dedim.

- Allah yaradandı, onun cütlüyə ehtiyacı yoxdu.

- Neyləyim?!

- Allaha oxşa!

- Nəüzibillah - Allah göstərməsin!

- Niyə?!

- Mən kiməm ki, Allaha oxşayım?!

- Yaradan ol!

Mat-mat üzünə baxdığımı görüb, gülümsədi:

- Allah ilkin olaraq nəyi yaradıb?

- Ağlım o yerəcən işləməz.

- Sözü!

- Sööözüüü?!

Səksənib yuxudan oyandım. Bu nə idi görürdüm, İlahi?! Birdən kitablarda oxuduqlarım yadıma düşdü. Axı Allah "Ol!" deməklə yeri-göyü xəlq eləmişdi. Deməli, Allahın ilk yaratdığı söz olub. Üzü nurlu kişi də məni yazmağa dəvət eləyir. Elə o günü gedib Vahidin "Qəzəllər" kitabını aldım. Ömürboyu rəqəmlərlə gizlən-paç oynamışdım - mühasib işləmişdim. İndi də başladım sözlə oturub-durmağa. Bir fransız yazıçısı varmış, "10-12 kitabı oxusan, müdrik olarsan", deyibmiş. 10-12 kitaba səbrim çatmazdı. Amma "Qəzəllər"i diqqətlə oxuyub, şeirin qayda-qanununu öyrənməyə başladım. Bir gün də gördüm, dilim-ağzım sevgidən-məhəbbətdən deyir. Vahid olmasam da... - üzümə baxıb, yenidən şaqqıldadı, - hələ ki, Vahid yazandan yazıram. O günü baxıram ki, bir kitablıq qəzəlim var. Durub getdim Bakı Dövlət Universitetinə. Vaxtilə, sizin oxuduğunuz dövrdə BDU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetinin redaktoru olmuş Ağamusa Zeynalovu axtarıb tapdım. Ərkim var, deyə dəftərləri atdım qabağına:

- Necə kitab eləyə bilərəm bunları?

- Mənim yanıma niyə gəlmisən?!

- Demədiiim?!

- Mən naşir deyiləm, naşir sənin qohumundu.

- Qohumum kimdi? - Səni nişan verdi. - Düzü, elə bilirdim rayonda ilişib qalmısan. Atalar deyib, bir balığın başı kəndə, quyruğu şəhərə düşsə, başından quyruğu şərafətli olar. Yaxşı eləyib gəlmisən!

- 1975-in yayından Bakıya köçmüşəm, - dedim. - Necə dolanırsan?

- Təqaüd alıram, ildə bir dəfə də, sağ olsun rektoru, Universitetin xəttiylə sanatoriyaya yollayır məni.

- Nə yaxşı?!

- Atasıyla bir yerdə işləmişdik vaxtilə. O, fəhlə idi, mən mühasib. Amma dostluğumuz tuturdu.

- Kommunal xərclərə çatır təqaüdün?

- Kommunal xərc deyəndə, qaza pul vermirəm.

- Nə münasibətlə?!

- Yaşadığım Ramana qəsəbəsinin yaxınlığında küknar ağacları var, yaxşı da qozaları olur. Yayda yükümü tuturam - kisə-kisə yığıb doldururam dam-daşı. Qozalar, bilirsən, necə yanır ocaqda?! Hətta kabab da bişirirəm hərdən közünə. İstəsən, bir kisə də verərəm sənə. Kömür əvəzinə işlədərsən.

- Çox sağ ol, kababla aram yoxdu.

- Qış uzunu dəmir sobada bu qozalar şaqqaşaq yanıb, istiliyi canıma keçir, səs-küyü də həmsöhbətim olur.

- Tək qalırsan?

- Rayondan gələndən sonra bir bakılı xanımla evlənmişdim.

- Görmüşdüm onu, yaman mehriban idiniz!

- Nədən bilirsən?!

- Bütün universitet sizdən danışırdı - elə qol-qola girib gedirlər, elə bil dünyanın axırıdı, bir də bir-birini görməyəcəklər!

Əlini-əlinə vurub, şaqqıldadı:

- Pah atonnan... gözə gətirdilər bizi!

- Həkim idi gərək ki...

- Bəli.

- Niyə ayrıldınız?!

- Zalım qızı lap sənin Quba nənən kimi sofuydu. O gecə ki, bir yerdə yatırdıq, səhər açılan kimi balışüzünü, mələfəni tullayırdı paltaryuyan maşına. Düz 10 gün məni qoymurdu yanına. Büzüşüb divanda yatırdım Mirzə Cəlilin Usta Zeynalı kimi. Elə bil it dəyibmiş, iyrənirdi məndən. Ayrıldıq. Amma rəhmətə gedəndə son borcumu yerinə yetirdim - getdim yasına.

- Xalamın taxsırı nə idi bəs?

- Əlli ilin də kini olar ürəkdə?!

- Nə mənada?!

- Xalanı boşamışam deyə, intiqamını almaq istəyirsən məndən?!

- Səndən niyə intiqam alıram ki?! Sən şair olmusan, istəyirsən kitabın çıxsın, mən də naşirəm, kitabını çap etməliyəm. Əgər xalamı boşamasaydın, kitabın havayı başa gələcəkdi sənə. İndi ki, gələcəyi görməyib, boşamısan, Məşədi İlyas kişi demişkən, çək cəzandı, olmusan məndən ötrü adi adamların biri. Yəni pulunu alıb, kitabını çap edəcəm. Əslində qazancım olacaq!

- Nə hardan biləydim ki, ömrün belə günləri də varmış!

- "Keçənə güzəşt" deyərlər. Xalamdan danış!

- Vallah, eşitdiyimə görə, xalanın bir xoruzu var, quqqultusundan kəndin o başında oturmaq olmur. - Elə ki, əllidən-yüzdən vurur, başlayır gürcücə oxumağa. Özü mənə danışırdı ki, Gürcüstanda sürgündə olub.

- Danışırdı?! Sənəəə?!

- Bəli.

- Xalamın indiki əri?!

- Bəli.

- Görmüşdün onu bəyəm?

- Bir dəfə Kürdəmirə getmişdim, yeməkxanaya girdim. Stulu çəkib, bir parç pivə, bir boşqab da bozartma sifariş verdim. Əlüstü gətirib qoydular qabağıma. Bir-iki qurtum pivədən içib, bir-iki tikə xörəkdən yemişdim ki, yeməkxananın o tərəfindən əlində yemək boşqabı bir nəfər gəlib icazəsiz-filansız əyləşdi mənimlə üz-üzə. Başladı sorğu-suala. Demə, tanıyıbmış məni. Söhbətimiz təzəcə tutmağa başlamışdı ki, qayıdıb nə desə, yaxşıdı - sənin xəbərin var ki, arvadın indi mənim ocağımın başındadı. Necə çaşdımsa, tikə az qaldı nəfəs yoluma düşsün:

- Nə arvadım?!

- Qocalı qızı!

Elə bil başıma güllə vurdular. Yeməyi yarımçıq, pivəni də üzüsuyuna qoyub, durub çıxdım eşiyə.

- Eşitmişəm bu əhvalatı.

- Hardan?

- Kənddə bizə gələndə danışmışdı.

- Həyasız adamdı.

- Düz danışdığına görə?!

- Bəs o nə söz idi?!

- Başa düşməmisən.

- Nə başa düşməklik var orda?!

- Sənə demək istəyirdi ki, belə gözəl qadın çıxıbmış bəxtinə, ay biçarə, niyə boşadın onu?!

Şair diqqətlə üzümə baxıb, bir xeyli dinmədi.

- Doğrudan, xalamı niyə boşadın, şair?

- Xalan məni boşadı.

- Qoy oturmuşuq.

- Hansı əjdaha kişi qadını boşaya bilər, əgər qadın boşanmaq istəməsə.

- Bura Avropa deyil, Amerika deyil, deyəsən arvadın razılığı olmasa, kişi onu boşaya bilməz.

- Əzizim, istər Avropada olsun, istər Amerikada, istərsə də bizim balaca Azərbaycanda, qadının gücünə güc çatmaz.

- Haqlı danış.

- Niyə?

- Xalamın sənə gücü çatmazdı!

- Yadında saxla ki, kişi arvadını boşayırsa, deməli, günah arvaddadı.

- Xalamın nə günahı?

- Xalan Fironluq eləyirdi.

- Sənin kimi əjdahanın qabağında?!

- Ərə gedincəndi qadınınki. İllah da ki, birini doğdu, daş düşdü kişinin başına!

Dinmədiyimi görüb, sözünü kəsmədi:

- Bir il idi ailə qurmuşduq. Bir qızımız da olmuşdu. Nə dedimsə bir dəfə, xalan mənə bir çımxırmaq çımxırdı... Mat qaldım. Kənd qadını olasan, ərdən çəkinməyəsən, ağlıma sığışdıra bilmirdim. Dedim, bunu qorxuzam gərək. Necə?! Hədələdim: "Elə eləmə ki, səni bu damın altında atıb gedim, ha!"

- Hara gedəcəksən!

- Bakıya!

- Niyə Bakıya?! - soruşdu.

- İşə girib, təzə arvad alacağam!

- Nə danışırsan?!

Sinəmi qabartdım:

- Şübhən var?!

- Həəə?!

Bir az da cəsarətləndim:

- Görərsən!

- Ağladı xalam?!

- Ağladıya bax, ey.

- Bəs?!

- Bir əlini aparıb qoydu güngörməzinin üstünə, bir əlini də uzatdı mənə: "Amanın günüdü getmə... getsən, bunun başı ayaza qalacaq!".

- "Ayaza"?

- Yəni şaxta vuracaq, donacaq!

- İnana bilmərəm!

- Anamın üz qoyduğu torpaq haqqı, düz sözümdü! Mən abırlı dedim, xalan hələ adıyla demişdi.

- Sən neylədin bəs?

- Papağımı qoydum başıma, pencəyimi də çiynimə atıb, çıxdım evdən.

- Xalamın dalından dəydin, bakılı qızıyla ayrıldın... indi də qalmısan tək.

- Xalandan ayrılsam da, sonralar istədim yaxşılıq eləyim ona! Qızımız böyüyən kimi gətirdim yanıma ki, oxutdurum, ərə verim. Heç 3 ay keçməmişdi, bir də gördüm, dalıyca kələ hərlənir. Saldım sıxma-boğmaya, məlum oldu ki, oğlan kənddəndi, bir-birini sevirlər. O günü qızı qovdum evdən!

- Yaxşı iş görməmisən!

- Niyə?

- Axır-əvvəl birinə gedəcəkdi ki, bu yazıq qız!

- Qızın birinci əri oxumaqdı.

- Sonra barışmadın?!

- Düşmənlə barışmaq olar?!

- Övladdan düşmən?!

- 15 il sonra evdə oturmuşdum, gördüm qapım qorxa-qorxa döyülür. Açdım. 3 oğlan uşağı durmuşdu boyun-boyuna. "Kimsiniz?" Dedilər, "sənin nəvələrinik!" "Həəə... gəlmisiniz ki, mən öləndə bu ev sizə qalsın. Rədd olun burdan, köpəy uşağı! Yoxsa, polisi çağıraram, gəlib atanızı yandırar!" O qovan onları da qovdum.

- Tək qalıb, hövüllənmirsən evdə gecələr?

- Niyə hövüllənirəm ki?!

- Qulaq yoldaşın olsaydı, gənə də dərd yarıydı.

- Yaşamaq üçün mənim öz düsturum var.

- O nə düsturdu?

- Gülüş.

- Anlamadım.

- Arvad yox, uşaq yox. Kimin boyuna baxıb fərəh eləyəcəm?! Odur ki, qanım qaralan kimi keçirəm güzgünün qabağına. Elə bilirsən, güzgüyə baxanda özümü görürəm?! Əsla! Fikirləşirəm ki, qohumdu-qonşudu. Əvvəlcə öz-özümə göz vururam. Güzgüdəki "mən" də göz vuran kimi bir şaqqıldayıram, bir qaqqıldayıram...

Sonra da həyətə düşüb, gülə baxıb - gülürəm, ağaca baxıb - gülürəm. O mahnıda deyilir ey... gül bir az... Bax, mən elə oyam. Dünyanın qəmi-qüssəsi mənə qalmayıb ki!

20 ildir şəkil də çəkdirmirəm. Nəyimi göstərəcəm?! Pasport şəklidi, onu da görən yoxdu. - əlini salıb, qovluğun içindən bir foto-şəklini çıxartdı. - Telli-toqqalı günlərimin yadigarıdı. Birini də evdə divardan asmışam. Gündə 100 dəfə salavat çevirib baxıram özümə. Sevinirəm, gülürəm. Ürəyim həvəsə gəlir. "Belə günlərim də olub", deyirəm. Allahın mənə verdiyi ömrü yaşamışam.

Qardaşıma vəsiyyət eləmişəm ki, mən səndən qabaq ölsəm, başdaşıma bu şəklimi vurdurarsan. Qoy görən görsün ki, xoşbəxt olmuşam. Həm də adımın qabağına "şair" yazdırarsan, demişəm. Görənlər fikirləşməsin ki, bu dünyaya gəlib, papağımı günə yandırmışam.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramil Babayev

Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına Hərbi Liseyində təhsil alıb. Daha sonra təhsilini Ali Hərbi Akademiyada dava etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və xidməti boyunca vətənə layiqli xidmət edib və dəfələrlə komandirləri tərəfindən mükafatlara layiq görülüb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da igid, cəsur, vətənpərvər oğul kimi tanınıb.

Ramil Babayev ailəli idi, onun bir oğul və bir qız övladı var. Yeni doğulan oğlunun anadan olmasından xəbərsiz şəhid oldu. Ailəsi isə yeni doğulan körpəyə şəhid atasının adını qoyub.

 

Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.

 

Otuz ildir bu xalqa,

“Məğlub xalq” deyirdilər.

Hamının düşüncəsin,

Sənin kimi oğullar,

Kökündən dəyişdilər.

 

Dəyişdilər zamanın,

Geri dönən çarxını,

Götürdülər bu xalqın,

Üzündəki qorxunu.

 

Azərbaycan xalqının,

İgidlik, qorxmazlığın,

Dünyaya sübut edib,

Torpaqları aldılar,

Yeni bir tarix yazıb,

Şanlı zəfər çaldılar.

 

Yenə də o millətik,

Yenə də o əsgərik.

Nə qədər ki biz varıq,

Sizləri unutmarıq.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.