
Super User
Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında ilk diplomlar təqdim olunub
Qahirədə yeni təsis edilmiş Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında müxtəlif fənlər üzrə keçirilən kurslarda ödənişsiz əsasda təhsil alan 70 uşağa diplomların təqdim edilməsi mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətindən verilən məlumata görə, cəmiyyətin nəzdində təsis olunmuş akademiyada hazırda 175 uşaq müxtəlif fənlər üzrə təhsil alır.
Cəmiyyətin sədri, tədqiqatçı alim Seymur Nəsirov qeyd edib ki, bu fəaliyyətlər xalqlar arasında, xüsusilə Misir və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə, mədəni təmasların inkişafına töhfə verir.
Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Akademiyada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.
Uşaqlara diplomların təqdim edilməsi mərasimi ilə bağlı xəbər ərəb ölkələri mediasında geniş şəkildə dərc olunub.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Gənc jurnalist Südabə Məmmədovanın “Debüt”ü
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə “Yazarlar” jurnalı tərəfindən hər il həyata keçirilən “25 yarpaq” layihəsi çərçivəsində daha bir kitab nəşr edilib.
Kitabın müəllifi BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, gənc yazıçı-jurnalist Südabə Məmmədovadır. Qeyd edək ki, “Debüt” adlı kitab müllifin ilk kitabıdır. Milli mətbuatımızın 150 illiyinə töhfə olan kitab məqalə, hekayə və dram əsərlərindən ibarətdir. Kitabın redaktoru yazıçı, şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (isgəndərov), naşiri isə Tuncay Şəhrilidir.
Kitabı gənc həmkarının ilk işi olduğu üçün “Debüt” adlandıran tərtibatçı redakror Ayətxan müəllim müəllifi oxuculara belə təqdim edir: “Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları "Yazarlar" jurnalı, "525-ci qəzet", "Bütöv Azərbaycan" qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub”.
Südabə Məmmədova ilk kitabının nəşri ilə bağlı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub. Kitab artıq əsas kitabxanalarımızın fondlarına daxil edilib və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam etdiriləcək. Arzu edənlər kitabı “Kitabevim.Az” kitab mağazaları şəbəkələrindən əldə edə bilərlər. Bundan əlavə kitabı “Novella” kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
“İncəli Kərəməm, dindirdim sazı...”
Ötən gün - mart ayının 11-i azərbaycanda aşıq sənətinin təbliğində və inkişafında xüsusi xidmətləri olmuş ustad Aşıq Kərəm Nəsibovun 80 illik yubileyi günü idi.
“Ədəbiyyat və incəsənət” portalı şair İbrahim İlyaslının ustadın xatirəsinə həsr olunmuş yazısını oxuculara təqdim edirik.
Yaman olur unudulmaq,
Ellər, mənt unutmayın!
Füzuli Sabiroğlu
Unudulmamaq haqqı olan ustad sənətkarlarımızdan biri də Aşıq Kərəm İncəlidir. Son vaxtlar onun haqqında xatırlamaların səngiməsi yağışlı bir yaz günündə yadıma düşəndə, xeyli kövrəltdi məni bu düşüncələr. Aşıq Kərəm dünyaya saz səsinə gələnlərdən, dünyadan sinəsində saz gedənlərdəndir axı. Bütün ömrünü aşıq sənətinin sirlərini öyrənməyə, öyrəndiklərini şəyirdlərinə, eləcə də millətə çatdırmağa həsr etmişdi Kərəm İncəli.
Borçalıda ustad Kamandardan dərs almışdı, Qazaxda ustad Aşıq Ədalət Nəsibovla qoşa görərdik onu el şənliklərində. Sənətdə öz çəhlimi, öz cığırı olduğundan dinləyicilər arasında da öz pərəstişkarları varıydı Aşıq Kərəmin. Saz-söz sərraflarından kimi dindirsən indi də onun haqqında böyük ürəklə, ağızdolusu danışar yəqin. O, bu məhəbbəti dərin biliyi, sahmanlı-sığallı çalğısı, bənzərsiz avazı, toy-düyünlərdə özünəməxsus bir aşıq ədası ilə usanmadan söylədiyi dastanlar ilə, bir sözlə, əsl sənətkar ömrü yaşamağıyla qazanmışdı.
… Yadımdadı, Azərbaycan Aşıqlar Birliyinin «Ozan» qəzeti yenicə nəşrə başlayanda onunla bir müsahibə hazırlamaq qərarına gəldim. Aslanbəylidə, öz evində qarşıladı bizi, səmimiyyətlə cavablandırdı suallarımı. Çox mətləblərdən danışdıq – ürfan elmindən, ustad məqamından, şəyird təliminqdən, elimizin-obamızın gün-güzəran qayğılarından. Sonra da sazı köynəyindən çıxartdı, zilini zil, bəmini bəm elədi, sinəsində müstəkəm elədi, ürəkləri riqqətə gətirən, könülləri sehriylə süsləyən havalarla baş-başa qoydu bizi. Müsahibə qəzetdə çap olunanda razılıq elədi, düşüncələrini olduğu kimi oxuculara çatdırdığımıza görə təşəkkürünü bildirdi…
Yağışlı bir yaz günündə bu yazının qələmə alınması da mətbuat səhifələrində Aşıq Kərəm İncəlinin xatırlanmasını görmək istəyindən baş qaldırdı ürəyimdə. İstədim ki, yaddaşlarda yaşamaq haqqı olan və yaşayan Aşıq Kərəm İncəli də mətbuat səhifələrindən bir daha pərəstişkarlarına boylansın.
Ruhun şad olsun, qəbrin nurla dolsun, Kərəm dayı! Haqqa qovuşan ulu ustadların sırasında yerin həmişə bəlli olacaq!
Elə bu yazının başlığı da Aşıq Kərəmin öz ifasında dönə-dönə dinlədiyimiz dillər əzbəri olan bir qoşmasından götürülüb:
İncəli Kərəməm, dindirdim sazı,
O gündən açıldı ömrümün yazı...
P.S. Uzun illər öncə qələmə aldığım bu yazını ustadın 80 illik yubileyi ərəfəsində öz arxivimdən tapdım və bu gün də o fikirdəyəm ki, Aşıq Kərəm İncəli kimi ustad heç vaxt unudulmayacaq. O, bunu saz sinəsində əbədiyyətə qovuşmağı ilə daha çox haqq edib. Məqamı behişt, ruhu şad olsun!
Aşıq Kərəm Nəsibov
Tərcümeyi halı
11 mart 1945-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1995-ci ildə 50 yaşında dünyasını dəyişən ustad sənətkar hələ məktəbli ikən aşıq sənətinin sirlərini ustad Aşıq Kamandardan öyrənməyə başlamışdır. 1960-cı illərdən başlayaraq el şənliklərində, dövlət tədbirlərində ecazkar səsi və saz ifası ilə sənətsevərlərin diqqətini cəlb edən gənc istedadlı aşıq əvvəlcə Gəncəbasar, Göyçə, Borçalı mahallarında, radio və televiziyadakı çıxışlarından sonra isə bütövlükdə Azərbaycanda böyük şöhrət qazanmışdır.
Aşıq Kərəm Nəsibov ilk dəfə Qazax rayon Mədəniyyət Evinin nəzdində Aşıqlar Ansamblını və saz dərnəyini yaratmış, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü, birliyin Qazax Regional bölməsinin rəhbəri olmuşdur. Fəaliyyəti dövründə aşıq sənətini ölkəmizdə, eləcə də xarici ölkələrdə layiqincə təmsil etmiş, dövrünün yüksək mükafatlarına layiq görülmüşdür. Qurucusu olduğu Qazax Aşıqlar ansanblı və saz dərnəkləri bu gün də öz fəaliyyətini uğurla davam etdirir.
Ustad aşığın xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, Qazax rayonundakı Aslanbəyli kənd Folklor klubuna Aşıq Kərəm Nəsibovun adı verilmişdir. Özündən sonra zəngin irs qoymuş yaradıcı aşığın 60, 65, 70 illik yubileyləri Mədəniyyət nazirliyinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir. Yaradıcı aşıq olan Kərəm Nəsibovun ömür və sənət yoluna həsr olunmuş iki kitab nəşr olunmuşdur. Həmin kitablarda onun poeziyası və ifaçılığı haqqında görkəmli sənətşünas və folklorşünas alimlərin elmi araşdırmaları və publisistik məqalələri də yer almışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qızıl fondunda ustad aşığın çoxsaylı ifaları qorunmaqdadır. Aşıq Kərəm Nəsibov bütün klassik saz havalarının incıliklərinə dərindən bələd olmuş və bu havaların hər birini özünəməxsus ustalıqla ifa etmiş nadir sənətkarlarımızdandır.
Ustad Aşıq Kərəm Nəsibov 11 mart 1995-ci ildə, 50 illik yubiley günündə dünyasını dəyişmiş və Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
70 il şeir, 70 il şair – CABİR NOVRUZ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
“Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri”- deyib, hamımızı o gözəl tələbəlik illərinə aparan, “mənim nəslim”- deyib davamlı öz nəslimizi yad etməyi bizə xatırladan Xalq şairimiz Cabir Novruz üçün bəzən çox darıxırıq.
Bu gün onun doğum günüdür. O, tanrının ona verdiyi ömür payını bütövlükdə poeziyaya sərf edərək, milli poetik prosesdə fasiləsiz iştirak edib. Ümimiyyətlə, Cabir Novruzun şeirləri onu oxuyan hər kəsi məftun edir desək yanılmarıq. Azərbaycana vurğun ən böyük şairlərdən biridir o.
Tək yaşamaq istəmirəm özüm üçün,
Anam üçün, oğlum üçün, qızım üçün.
Qoyun məndən inciməsin əzizlərim,
Qəlblərinə toxunmasın bu sözlərim.
İstəmirəm bir onlara gərək olum,
İstəyirəm milyonlara gərək olum.
Gərək olum mən yada da, yaxına da,
Adamların qarasına, ağına da.
Lazım olum insanların bu gününə,
xoş vaxtına,
Xəstəsinə, sağlamına, bədbaxtına,
xoşbaxtına.
Poeziya ruha sirayət edən bir sənətdir. Ona görə yox ki, o söz sənətidir. O peşəkarlıqdan başqa ilahi vergi, istedad istəyir. Poeziya şairdən qəlbini və idrakını həmçinin bütün həyatını tələb edir. Əgər verə bilmirsənsə, deməli sən əsl şair deyilsən.
Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alan şair 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Təhsilini davam etdirmək üçün Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışıb. Onun qələmindən çıxan nümunələr mövzu rəngarəngliyi ilə seçilir. “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, “Sən oldun”, “Gecikmiş məhəbbət” və başqa şeirlərinə bəstələnmiş mahnılar musiqisevərlər tərəfindən həmişə zövqlə dinlənilib.
Cabir Novruz vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında da mühüm xidmətlər göstərib. Şairin şeirləri müxtəlif xalqların dillərinə tərcümə edilərək nəşr olunub. Həmçinin onun bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının bir çox qiymətli nümunələri ilə tanış olub.
Vətən üçün aktiv fəaliyyəti ilə seçilən Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçildi. Lakin dönüb siyasətçi olmadı, elə orada da şair ömrü yaşadı.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov 2002-ci il dekabrın 12-də ömrünün 70 yaşında gözlərini həyata əbədi yumur.
Qırx illik poetik fəaliyyətində o, ancaq şair olaraq, özü də lirik şair olaraq yaşadı. O, heç kəsə bənzəmədi. Bənzərsiz təhkiyə, lirik özünüifadə tərzi ilə daima seçildi.
Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində əvəzsiz rolu olan Xalq şairi Cabir Novruzun söz dünyası və qəlbləri fəth edən həzin mahnılara dönmüş şeirləri onu sevənləri, onu hiss edənləri daima şairi xatırlayaraq yad etməyə səsləyəcək.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Şəkidə "Beynəlxalq Daun Sindiromlu Uşaqlar Günü" münasibətilə tədbir keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
11 mart tarixdə Şəki şəhər Heydər Əliyev Mərkəzinin, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi, Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin və Şəki şəhər Reabilitasiya Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Daun Sindromlu Uşaqlar Günü” münasibətilə musiqili-əyləncəli tədbir keçirilib.
Tədbirin məqsədi uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq, onlara diqqət və qayğı göstərmək, eləcə də cəmiyyətə inteqrasiyasına kömək etmək olub.
Tədbirin sonunda daun sindromlu uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
1-ci Uşaq Teatr Festivalı martın 17-də başa çatacaq
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
“10 Mart Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi barədə qeydlərimi təqdim edirəm.
Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, sənətsevərlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Festivalın açılışında Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov qonaqları salamlayaraq festivalın məqsədi və proqramı haqqında ətraflı məlumat verdi. Daha sonra millət vəkilləri və incəsənət xadimləri çıxış edərək, festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışdılar.
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə təşkil olunan bu festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir.
Qeyd edək ki, 6 gün davam edəcək festivalda 6-14 yaş arası uşaqlar 1, 2 və 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Festival bu gündən başlayaraq 16 mart tarixinədək davam edəcək və bu müddətdə müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl qurumların iştirakı ilə bir neçə teatr tamaşası nümayiş olunacaq.
Sonda qaliblər seçilərək 17 mart tarixində festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Qazax şairinin “Qarabağ”ı
Əkbər Qoşalı, “Ədəbiyyat və insənət” üçün
Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” poeması Bakıda - “CN-Poliqraf”da gün üzü görüb.
Xəzərin o tayındakı qardaşımızın “Qarabağ”ı yazması, poemanın Qazaxıstan mətbuatında yayınlanması, Azərbaycanda kitablaşdırılması Qazax-Azərbaycan ədəbi-mədəni bağlarına ydni bir töhfədir. Bu işin məzmunu və səciyyəsi ümumən Türk dünyasının mədəni və ədəbi bağlarına töhfə dəyərindədir. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşəbbüsü ilə ərsəyə gələn bu kitab, Qazaxıstan-Azərbaycan dostluğunun, qardaşlığının poetik təcəssümüdür.
Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş və qürur yolunu, şəhidlərimizin qəhrəmanlığını, eləcə də, türk birliyini tərənnüm edən bu poemahəm də, hiss və duyğuların poetik toplusudur. Sayat Kamşıger, DGTYB-nin dəvəti ilə Azərbaycana səfəri zamanı Qarabağ (ümumən Azərbaycan) həqiqətləri ilə yaxından tanış olub, sonra bu mövzuda bir əsər yazacağına dair vədini yerinə yetirərək, “Qarabağ” poemasını qələmə alıb.
Əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini isə Prof.Dr. Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri, Qazaxıstanın Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB başqanı Arzu Bağırova, rəyçilər DGTYB başqanı İntiqam Yaşar ilə Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayneri Cəsarət Qasımovdur.
Yaradıcı heyət kitabın, Qarabağın tarixi, mədəniyyəti və qurtuluş yolunu oxuculara çatdırmaqla yanaşı, Qazaxıstan və Azərbaycan arasında ədəbi, mədəni-mənəvi bağların güclənməsinə töhfə verəcəyinə inanır.
Yenicə gün üzü görən, Azərbaycan və qazax oxucuları arasında rəğbət qazanacağına inanılan “Qarabağ”ın Azərbaycanda və Qazaxıstanda tanıtımı nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Bir daha Milli Teatr Günü barədə - Akademik Milli Dram Teatrında Möhtəşəm Tədbir
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
2 gün öncə - martın 10-u Azərbaycan teatr ictimaiyyəti Milli Teatr Gününü təntənəli şəkildə qeyd edib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbir teatrsevərlərə unudulmaz anlar yaşatdı.
Akademik Milli Dram Teatrında baş tutan gecə Dövlət Rəqs Ansamblının çıxışı ilə başladı. Tədbirin aparıcıları – Əməkdar artist Elşən Cəbrayılov və aktrisa Nəzrin Abdullayeva qonaqları salamlayaraq Milli Teatr Gününün əhəmiyyətindən danışdılar.
“Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə yekun vuruldu
Bayram gecəsinin birinci hissəsində “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yekun nəticələri elan edildi. Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Televiziyasının dəstəyi ilə reallaşan layihədə 11 teatr 16 tamaşa ilə çıxış edib. Layihənin iştirakçılarına mükafatlar təqdim olundu.
Fədakar sənətkarlara mükafatlar verildi
Teatr Xadimləri İttifaqı da öz ənənəsinə sadiq qalaraq, Azərbaycan teatr sənətinə töhfə verən fədakar sənətkarları təltif etdi. İttifaqın sədri, Xalq artisti Hacı İsmayılov yeni “Teatr fədaisi” medalını təqdim etdi. Bundan əlavə, Xalq artistləri İlham Namiq Kamal və Azad Şükürov “Ümid”, “Qızılgül”, “Teatr xadimi” və “Sənətkar” mükafatlarını sahiblərinə təqdim etdilər. Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də bu nüfuzlu mükafatlara layiq görüldülər.
“İblis və...” tamaşasına “Qızıl Dərviş” mükafatı
Gecənin ən maraqlı məqamlarından biri Akademik Milli Dram Teatrının “İblis və...” tamaşasının “Qızıl Dərviş” mükafatına layiq görülməsi oldu. Tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə mükafat təqdim edildi.
Sonda Mehriban Ələkbərzadə teatrsevərləri bayram münasibətilə təbrik edərək, Azərbaycan teatrının gələcək uğurlarına inandığını bildirdi.
Milli Teatr Günündə bir daha sübut olundu ki, Azərbaycan teatrı öz zəngin ənənələrini qoruyub saxlayaraq yeni uğurlara doğru inamla irəliləyir.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Dərd boyda sevgi, yoxsa sevgi boyda dərd? – ESSE
Firuzə Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün
Vaqif Bayatılının “Sevgi sevgiylə dərd dərdlə unudulur” şeirində müəllif “Unudulacaq” deyir. Lakin sonra sevmək üçün yenidən baharı gözləyir. Unudulacağını bilə-bilə. Firuzə Quliyeva isə deyir ki, yollarını əzbərlədiyin, gözünə yaş dolan adamı unutmaq olmaz.
İçində əkdiyi çiçəklərə torpaq sahib olsa belə o, bu sahibliklə razılaşır.
Ən gözəl xatirələrimiz göz yaşına çevrilir. Bəs udulurmu? Qəlbdən gələn ağrı boğazda düyümlənir. Udmağa icazə vermir.
İllər, fəsillər, günlər keçsin. Sonda bir müjdə hər məqamda qalib gəlir. Unutduqlarımız solğun çiçəkləri, işıqlı ulduzları sevərmi? Mən deyirəm ki, unutmaq üçün yox, xatırlamaq, xatırlanmaq üçün yenidən ulduz, ay, çiçəyə çevril.
Dünyada şirin yalanlar var. Dil öz sözünü deməyə çalışır. Saat çalmır. Qəlb döyüntüsü çalır. Çalır ki, dil zindanında əsir olmayasan. Könül mülkündə taxt qurasan.
Nəğmələri oxu. Dünyanın sonu çatmamış oxu. Köksünü viranə qoymaq nə deməkdir? Ordan içinə çəkərək oxu. Köksüz sarmaşığa döndərmə sinəni. Sənin ruhunda eşq şərabını içmək qulağımda çalınan həyat səsinə bərabərdir. Tövbə edirəm. Nəyə və niyə tövbə edirəm? İnsan içindəki səmaya niyə tövbə etsin? Onun ki ucu-bucağı yoxdur.
“Çiçək gözlüm” deyir Vaqif Bayatılı. Mən isə “Yaz çiçəyi” deyirəm.
Röyamda yurd salan, baharın qoynunda açan çiçək! Bəs qırılan qəlb? Onu tərəzidə ölçmək olar? Hansı qalib çıxar? Günəş yoxsa ay? Günəşin qucağına sığınmış ay. Günəşin istiliyini, yanıb-yaxılacağını gözə alaraq çinarına sığınan ay.
Nədən desin insan? Sözlər kifayət etmir.
Mən var-dövlətimi şeirlərə saçdım. Ancaq sənin varlığın baha başa gəldi.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Daxili intizamın ən sadə qaydası – KİTAB BƏLƏDÇİSİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daxili intizamın ən sadə qaydası “Naharı desertdən öncə yemək”dir. Nahar, zamanı sadə qanunauyğunluq var: desert ən sonda yeyilir. Öncə əsas yeməklər yeyilir və boşqab boşaldılır və yalnız bundan sonra desert verilir. Adi adamlar arasında yanlışlığa səbəb olan deyim var: Həyat qısadır, öncə deserti ye.
Təsəvvür edin, işdən evə gəlirsiniz və şam yeməyindən öncə iri bir şirniyyatı həzmi rabidən keçirirsiniz. Bundan sonra, sərf etdiyiniz enerjini bərpa etmək üçün zəruri olan qidaları qəbul etmək üçün iştahınız qalacaqmı? Şəkər dolu qarınla özünüzü necə hiss edəcəksiniz? Enerjinizi bərpa edəcək və hansısa məhsuldar bir iş həvəsində olacaqsınızmı? Yoxsa, yorğunluqdan günü bitmiş elan edəcəksiniz? İşdən sonra yoldaşlarla bir-iki bakal pivə içdikdən sonra evə gedib televizorun qarşısındakı divanda oturduqda da eyni nəticəni alacaqsınız. Bunlar hamısı, sizin günün ikinci yarısını məhsuldar keçirməyinizə mane olan “desert”lərdir. Və bütün bunların ən pis tərəfi isə, təkrarlanan işlərin adətə çevrilməsidir. Adəti isə tərgitmək çox çətin olur. Asan yolu seçmək, əyləncəli olan işləri görmək və deserti birinci yemək adəti get-gedə güclənərək mənəvi zəiflik və uğursuzluğa səbəb olur.
Brayan Treysi/ Bəhanələrə yox (daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)