Super User

Super User

Пятница, 28 Февраль 2025 16:43

Gülüş klubunda DOMİNO

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Fəvvarəyə bir manat atıb arzu tutur ki, kaş siqareti tərgidəydim.

Evə dönəndə dözə bilmir, marketdən siqaret almaq istəyir, pulunu sayanda bir manatı çatmır.

 

2.

Ağıllı kişi yaxşı bilir: əgər onu bloka atıblarsa, demək şəxsən görmək istəyirlər.

 

3.

Bir kişi Sumqayıt yolunda durub maşınlara əl edir. 

Bir qaqaş Rənc roverini saxlayıb soruşur:

-Hara gedirsən? 

Kişi sevincək deyir:

-Sumqayıta. 

Qaqaş deyir: 

-Mən də Sumqaylta. Yarışaq, görək, kim tez çatacaq. Bir, iki, üç.

Va maşın sürətlə yerindən götürülür. 

 

4.

Sosial-müdafiə qurumu yeni layihə hazırlayır. Qocalıq pensiyası 4500 ABŞ dollarına bərabər olacaq.

Pensiya yaşı qadınlarda 127, kişilərdə 132 yaşa qaldırılacaq.

 

5.

Deyir, Tarif Şurasındakıların başını qatmaq üçün onlara domino alıb vermək lazımdır, qoy başları qarışsın, qiymətlərlə işləri olmasın, 

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Пятница, 28 Февраль 2025 17:08

REDAKSİYANIN POÇTU - Ovulmuş peçenyelər haqqında ballada

“Redaksiyanın poçtu” bölümündə Nurlana Umudvarın Türkiyədə zəlzələdə Hatay Altınüzü kəndində günlərlə gözlədikdən sonra həyat yoldaşını və 3 uşağını itirən Şərif Ölməzə ithaf olunmuş “Ovulmuş peçenyelər” şeiri təqdim olunur.

 

Sənə peçenye saxlamışam, qızım

üşümürəm, acmamışam,

möhkəm ol, qızım...

burda çökmüş binaların üstündə

gözləyirəm səni...

əlimlə isidirəm donmuş peçenyeləri

deyirdin, paylaşmaq nədir, ata?

hadi çıx da, paylaşaq, qızım,

cibimdəki peçenyələri...

ömrümüzün qalanını,

qarşıdan gələn baharı...

ovulur axı əlimdə peçenyelər...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbi gənclikdən seçmələr”in bugünkü görüşündə sizlər üçün istedadlı gənc şair Eminqueydən seçdiyim şeirləri təqdim edəcəyəm.

 

Əlizadə Emin Akif oğlu - Eminquey

 

Şair, jurnalist. 11 iyun 1994-cü ildə Bakıda anadan olub. “Eminquey” təxəllüsü ilə yazır. “Günəbaxan” adlı şeirlər kitabının müəllifidir. 2021-ci ildə gənc yazıçı və şairlər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb. 2022-ci il 2 fevral “Gənclər günü”ndə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatını alıb.

 

 

***

 

o gün anamın avazına oyandım,

nə ev təmizləyirdi,

nə pəncərə,

heç evimizin çölə pəncərəsi də yox ki,

açıb udasan otların qoxusunu,

Günəş sığal çəkə dibçəklərə,

gözlərini ovxalayıb

tökəsən küçələrə gözlərinin yuxusunu.

 

atamçun oxuyurdu "Quran"ı

onun bağlanmış ömür kitabında

səhvləri düzəldirdi,

silirdi,

"günahlarını bağışla, ilahi"

deyirdi...

nə də olsa müəllim işləyib on il,

vərdişidi.

inanmırdım...

elə bilirdi,

adına bişirdiyi yeməkdən atam da yeyəcək,

onunçun çox bişirirdi aşı,

qaranı,

gecə yuxusuna gələcək,

qucaqlayacaq,

göz yaşlarını siləcək.

inanmırdım...

atamdan danışırdı dəqiqəbaşı

divardakı şəklini göstərirdi,

nəfəsini dərirdi,

için-için ağlamaqçun.

  

o gün bilmişəm,

bizim evin pəncərəsi

atamın divardakı şəklidi,

anam ağlayırsa hava yağışlıdı,

gülürsə günəşlidi.

  

o gün bilmişəm,

bu ev nə vaxtsa yansa,

anam birinci o şəkli götürəcək özüylə,

yuxularında sağ qalan

                              atamın bircə sözüylə

xoşbəxt oyanacaq yenə yuxudan.

  

o gecə məni ən çox qorxudan

anamın bir anlıq kəsilən nəfəsiydi,

deyəsən,

atam möhkəm qucaqlamışdı

                                       onu bu dəfə...

 

 yuxulara inanıb yatdım

o gecə səhərə kimi yuxumda

                                     atamı gözlədim...

 

 

***  

 

yağışlar

- Musanın yardığı dənizin sularıdı.

çətirlər

- Musanın tərsinə tutulmuş çomağıdı.

 

 o çomaq məndə olsaydı,

düz müharibənin göbəyində,

bir əlimdə çomaq,

bir əlimdə vərəq,

sülh marşı çaldırardım düşmən əsgərlərinə.

 

 həqiqət,

ağacın arxasında gizlənmiş

küskün bir uşağın gözləri kimi

parıldayır uzaqdan.

alınmaz,

dirijor çıxmaz məndən,

uzaqbaşı güllələrdən leysan yağdıraram

düşmən səngərlərinə.

  

əgər indi

Musanın çomağı məndə olsaydı,

əminəm,

ac qalmamaqçün

şou göstərirdim,

dovşan çıxarırdım papaqdan.

 

 

 ***   

 

həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,

sonra atamızın şəklini,

gödəkcəsini, papağını asdı

əllərimizdəki, ayaqlarımızdakı o mıxdan

 

sonrası,

qəfildən uşaq kimi yox,

kişi kimi oyandığın sabah olur...

 

atasız uşaqları incitməyin,

Allahın xətrinə dəyir,

günah olur!

 

əslində,

İsanın yox,

bütün atasız uşaqların atası - Allah imiş,

biz xoşbəxt olanda

Allah - baba olur...

 

 

***

 

ey sən,

əllərinin qabarında taleyi çirkab adam,

bilirəm,

əllərin ciblərindəki qəpiklərlə kasıblığın tutur ritmini,

çıxırsan Tarqovıya,

o qoca Sveta məğrur yerişlərlə gəzdirir itini,

forsu yerə-göyə,

“Ford”u yollara sığmır,

tənhalıq da belədir,

qollara sığmır,

sığsaydı qucaqlaya bilərdik boşluğu.

 

lənətə gəlmiş pul,

şəhərin başdanxarab küləyi kimi 

hər budağından bir adam aparır,

qızın rütubətdən qaralan divar kağızlarını qoparır,

qadının yuma bilmir

"filankəsin əri bir ailəni də saxlaya bilmir" deyən ağızları.

 

açırsan televizoru,

" ölkəmizdə yeni həbsxanalar açılır" deyib gülümsünür xəbərçi qız,

gülürsən,

hə qadası,

"söz veriblər ki, hamıya iş də verəcəklər"

açılış sonrası.

 

indi bilirəm ki, qarışqa yuvaları

bir-birinə qarışmır,

insanlar torpaq uğrunda yarışmır,

ölüm uğrunda yarışır.

 

insanların pis vərdişləri olur,

məsələn, şokoladı yeyib qurtarırlar,

amma çay qurtarmır.

yəni, ömrün şirin anları tez,

acıları gec bitir...

 

bilirsən,

yer də qumar masasındakı dəyirmandı,

hamının ömrü bir dəfə də olsa "bankrot"a tuş olur,

atam deyirdi, bil ki,

hədiyyələr hamıya xoş olur,

əgər o qara "çamadan"dan çıxmırsa

yəni, hədiyyələr həmişə sevindirmir.

 

ey sən, əllərin qabarında taleyi çirkab adam,

bu həyatın dilini bilməlisən,

həyat həmişə insanı ana dilində dindirmir...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Söz verdiyim kimi, biznes-plan barədə daha geniş danışmağa başlayıram. Ümumiyyətlə, hazırkı sürət əsrində planlı yaşamadan nəyəsə iddia etmək çox yanlışdır. O cümlədən, biznes sahəsində də plansız fəaliyyət göstərmək bəri başdan özünü  uğursuzluq zolağına düçar etmək deməkdir.

Məsələn, mən elə insanla rastlaşmışam ki, aqrar sektorda biznes qurmaq istəyib, icarə sahəsi götürüb, orda tələb və təklifi öyrənmədən hansısa bir məhsulu əkib, nəticədə külli miqdarda ziyana düşüb. Bir başqası ticarət sektorunda böyük həcmdə bank krediti götürərək mövsümi dəblə tanış olmadan xarici ölkələrdən birindən böyük partiyada qadın paltarı gətirib,  nəticə onun üçün də məyusedici olub. Amma bu insanlar planla hərəkət etsəydilər, bazar analiz olunsaydı, mütəxəssislərlə məsləhətləşsəydilər, təbii ki, fiaskoya da uğramayacaqdılar.

Hər bir yeni başlayan və ya artıq təcrübəsi olan iş adamının uğur formulu çox sadədir: Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək.

2010-cu ildə mən həm fəaliyyətə yeni başlayan sahibkarlar üçün, həm də artıq fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün söz söyləmək, məsləhət vermək zərurəti duyaraq biznes planının tətbiqi nəzəriyyəsi mövcusunda kitab yazdım. Mən sahibkarlara aşılamaq istəyirdim ki, hər bir fəaliyyət növünün təməli biznes-planla hərəkət etməkdir. İşin sistemli plan əsasında qurulmasının vacibliyini dərk etməmək, kortəbiilik perspektivlərin  uçuruma yuvarlanması deməkdir. Elə həmin kitabda mən həm də biznes aləmində uğur qazanmağın qısaca düsturunu verdim: Biznes aləminin dərin, hərtərəfli analizi onu sübut edir ki, hər bir fəaliyyət növünün uğuru səlis, professional, vaxtlı-vaxtında hazırlanmış plandan və həmin plana əməl edilməsindən asılıdır. Və həmin biznes planın hazırlanmasını da mütəxəssislərə həvalə etmək lazımdır.

Qərb dünyasının biznes aləminin uzun tarixi və bugünkü nəticələri sübut edir ki, hər bir biznesin sığortası və uğuru müxtəlif növ konsaltinq xidmətləri ilə sıx bağlıdır. Dünyanın ən böyük və aparıcı konsernləri əbəs yerə  məsləhətçilərlə və konsaltinq qrupları ilə əməkdaşlıq etmirlər ki.

Biznes aləmi sərt və praqmatikdir. Mülayimlik və xeyirxahlığın burada yeri yoxdur. O, sentimentallıqdan məhrumdur və xeyriyyəçilikdən də uzaqdır. Pul müəyyən qayda və qanunlara riayət edərək həmişə onun artımı üçün şərait olan yerə can atır, onun üçün sərt mühit olan yerlərdən yan keçir və xüsusilə də, onun üçün ciddi riskin yarandığı zonalardan uzaq qaçır.

Biznes-plan olmadan, ümumiyyətlə, kommersiya fəaliyyətinə baş qoşmağa dəyməz, uğursuzluğa düçar olmaq riski xeyli böyükdür.

Biznes-plan gələcək müəssisənin və ya layihənin bütün əsas aspektlərini təsvir edən, onun qarşılaşa biləcəyi bütün problemləri analiz edən, həmçinin, həmin problemlərin həlli üsullarını müəyyən edən sənəddir. Buna görə də düzgün tərtib olunmuş biznes-plan sonda bu suala cavab verir: bu işə vəsait qoymağa dəyərmi və bu iş bütün vəsait və güc sərfini ödəyəcək bir gəlir gətirəcəkmi?

Biznes-plan, ilk növbədə, məhz sizə biznesinizin perspektivlərini, mövcud iqtisadi situasiyanı və imkanlarınızı görməyə, kampaniyanın inkişafının effektiv istiqamətlərini və qoyulan məqsədlərin əldə edilməsi üçün bütün zəruri addımları müəyyən etməyə, öz ideyalarınızı analiz etməyə, onların səmərəliliyini və reallığını yoxlamağa imkan verəcək. Bununla əlaqədar təkcə bu planlı işin yekunu – biznes-plan deyil, həm onun işlənib-hazırlanma prosesi qiymətlidir. Bu işə cəlb olunanların hamısı gələcək birgə fəaliyyət və ünsiyyət təcrübəsi, eləcə də biznesin inkişaf perspektivlərinə əsaslandırılmış baxış qazanacaqlar.

Biznes-plan siz və sizin əməkdaşlar üçün standart rolunu oynayacaq. Siz bu standartla onun praktiki reallaşdırılması üzrə fəaliyyətin nəticələrini  müqayisə edərək, bu fəaliyyətə zəruri korrektivlər daxil edəcəksiniz. Bu plan əməkdaşlara öz vəzifələrini aydın başa düşməyə, hamı üçün ümumi olan bizneslə bağlı şəxsi perspektivləri görməyə, qoyulan məqsədlərin əldə olunmasında şəxsi əməyini qiymətləndirməyə imkan verəcək. Biznes-plan müəssisənin ilk fəaliyyət ilində prioritetlərin və fərdi iş tapşırıqlarının müəyyən edilməsində faydalı olacaq.

İşlənib-hazırlanmış biznes-planı «məqsədə aparan yol» kimi, müəyyən olunmuş məqsədlərin əldə edilməsi üçün vaxta görə ən optimal və ən az riskli marşrutu müəyyən edən xəritə kimi nəzərdən keçirin.

Onu da nəzərə alın ki, çoxsaylı amillər, o cümlədən, «gözlənilməz hava dəyişikliyi» nəzərdə tutulmuş planları hiss olunacaq dərəcədə dəyişə bilər. Yeni başlayan  kompaniyalar üçün biznes-planda nəzərdə tutulmuş marşrutdan  kənaraçıxmalar  praktikası adi haldır. Mümkün kənaraçıxmaları qabaqcadan görməyə, «ehtiyat variantlar» işləyib-hazırlamağa və «ehtiyat yollar» hazırlamağa çalışın. Axı artıq məlumdur ki, «modifikasiya edilə bilməyən plan yaxşı ola bilməz».

İnamla demək olar ki, daim dəyişkən olan biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır ki, onların da ən əsasları bunlardır:

·        Qərar çıxarılan zaman işlərin ümumi vəziyyətini anlayıb qiymətləndirə bilmə;

·        İnkişaf səviyyəsinin məqsəd və perspektivlərinin müəyyən edilməsi;

·        Müəssisənin bir vəziyyətdən digərinə – keyfiyyətcə təzəyə keçid prosesinin planlaşdırılması;

·        Strateji qərarların qəbulu üçün maksimal informasiyaya malik olmaq.

Biznes-plan kifayət qədər həcmli sənəddir və onu tərkib etibarı ilə 10 hissəyə bölmək effektiv alınar:

1.     Rezüme;

2.     Məqsəd və vəzifələr;

3.     Məhsul (xidmət);

4.     Bazarın analizi;

5.     Marketinq planı;

6.     İtsehsalat planı;

7.     İdarəetmə personalı;

8.     Tələb olunan vəsaitin həcmi və mənbələri;

9.     Maliyyə planı və risklərin analizi;

10.Müfəssəl maliyyə planı.

 

Hər gün bunların biri barədə sizinlə geniş danışaçağıq.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

Пятница, 28 Февраль 2025 15:03

Əbədiyyət simvolu olan Milli Qəhrəman Elman Hüseynov

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Elman yaxşı dost, yaxşı yoldaş idi. Çox vaxt onunla birlikdə gedirdik döyüşə. Allah ona rəhmət eləsin, Vəzir də, o da müharibə adamları idilər.

Bəli, insan var ki, gəlir, yaşayır və dünyanı tərk edir. Özündən sonra bir iz buraxmır. İnsan da var, Elman kimi  mənalı ömür yaşayır, onu tanıyanların xatirələrindən silinmir, əbədiyyət qazanır. 

                                    Nizami Heydərov

 

Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.

1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.

Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib. Tərtər rayonunda və Bakı şəhərində adına küçə var.

Təltifləri:

Azərbaycanın Milli Qəhrəmanı

"Qızıl Ulduz" medalı (ölümündən sonra)

 

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Пятница, 28 Февраль 2025 14:27

GAP Antologiyasında Mərcan Manafzadənin “Adım” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.

 

Mərcan Mənafzadə

Təbriz

 

 

ADIM

 

Gülüşlərimi sağ qoltuğunda saxla

Sol qoltuğum didərgindi özümdən

Dodaqlarımın şifrəsini saxla

Ürəyində

Ürəyinin çapılmışında

Mən yaralar mərcanıyam.

 

Sən olmayanda...

Mutlu yellərin ətəyində köçür adımı

Adım kölgələrin işıq çibanıdı

Boylu buludlar kölgələnir beynimə

Səni günəşə tapşırsaydım

İtkinləməzdin kəndini.

Səni

Tanrıya tapşırdığım gün itirdim

Sən itən gün

Mən vəhşət namazı qıldım

Əlhəmdi çeynədim sınıq dışlərimlə,

Tanrı yoxa çıxdı

Və ulduzlar

Yağışlı buludların arxasında batdılar...

 

Kefli gözlərim

Həsrətini sağır mənə.

 

Qara hörümcəklər

Saçlarımda addımlayır

Necə ki izini mən

Necə ki, izin məni

Mən şeirimin mərcanıyam heeeey...

Baxışım,

Kül göyərir

Göyərir kül, kül, kül...

Çicəklərim bir şəhid alma

Və tellərim küləklər yuvası

Mən mor şəfəqlər mərcanıyam.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Plov turşuqovurmadanı  hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Qoyun əti – 159 qr

§ Kərə yağı – 40 qr

§ Soğan – 32 qr

§ Düyü – 100 qr

§ Şabalıd – 38 qr

§ Albuxara – 20 qr

§ Ərik qurusu – 20 qr

§ Darçın – 0,2 qr

§ Sarıkök – 0,2 qr

§ Cirə – 0,1 qr

§ Zəfəran – 0,1 qr

§ Qazmaq – 30 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Qoyun əti 35-40 qramlıq tikələrə doğranır, qızardılır. Fal və ya aypara şəklində doğranıb qızardılmış soğan, yuyulmuş, tumu çıxarılmış albuxara, ərik qurusu, şabalıd hamısı bir qa- zanda, dərin tavada, teştdə və yaxud saplıcada tovlanır. Duz, istiot, sarı- kök, darçın, bir miqdar işgənə əlavə edilir, ağzı bağlanır, vam odda bişirilir. Ayrıca qazmaqlı plov dəmlənilir. Cirə və zəfəran vurulur. Qara (xuruş), dəmlənmiş düyü, plov hazır olanda qablara çəkilir və süfrəyə verilir.

 

  QEYD: Bu xörək (xuruş, qara) sümüklü ətdən də hazırlanır: boyun, qol, bel, çanax hissələrindən. Lakin bu zaman ət tikələrinin ölçüsü böyük olmalıdır, çünki bişərkən sümüklərin çox hissəsi ətdən ayrılır. Plovun qarası, əsasən, sümüksüz ətdən hazırlanır. Bu xörəklər (qara, xuruş) bişirilən zaman müstəqil şəkildə süfrəyə verilə

bilər. Həmçinin mal, camış ətindən də hazırlana bilər.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Пятница, 28 Февраль 2025 13:28

UĞUR QAZANDIRAN KİTABLAR – Robin Şarma, «Titulsuz lider»

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Robin Şarma «Titulsuz lider»

Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.

Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.

Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

 

 

 

Пятница, 28 Февраль 2025 13:00

BİRİ İKİSİNDƏ – Günel Mehrinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr vaxtıdır, sizlərə Günel Mehrinin ”Sarmaşıq” adlı  hekayəsi təqdim ediləcək.

 

SARMAŞIQ

   

Əvvəllər heç önəm verməmişdi ki, əslində bütün münasibətlərin ilk təması əllərlə başlar, əllərlə də sonlanar. Məyər ki, əllərin rəqsi çox önəmliymiş və yalnız iti gözlər bu ani və mübhəm rəqsdən xəbərdar ola bilərdi. Elə soyuqluğu da ilk əllər duyurmuş. Daxili aləmdə baş verənlərin əks-sədası əvvəlcə onları dondururmuş. Nə gözəl deyilib: “Qızınmağa yerin varsa, üşümək də gözəldir...”

Donurdu əlləri və qızınmağa doğma bir yer tapmırdı. Son zamanlar hara getsə də, nə geyinsə də bu soyuq əllərindən çəkilmirdi. İsti içkilər içirdi,  əlcək taxıb əllərini qızdırmağa çalışırdı, amma xeyri yox idi. Zamanla başa düşdü ki, bu soyuğun kökü xaricindən deyil, daxilindən qaynaqlanır. Çünki üşüyən bədəni yox, gündən-günə tənhalaşan qəlbi idi. Birdən elə qəribsədi ki. Əllərinin onun əlləri ilə qucaqlaşmasından – sarmaşıq kimi bir-birinə sarılmasından ötrü burnunun ucu göynədi... Sarmaşıq kimi... Sarmaşıq... Aşeka... İlk dəfə bu kəliməni ondan eşitmişdi...

– Sevgi nədir, səninçün?

– Sevgi... Nə bilim. Hərədə bir cür olur bu hiss. Mənə görə sarmaşıqdır...

– Ha, ha, ha, ha... Sarmaşıq? 

– Aha. Sar-ma-şıq!

– Sarmaşıq niyə? Gül, çiçək, kəpənək kimi gözəlliklər dura-dura niyə sarmaşıq?

– Hm.. Bunun fəlsəfəsi var... O dediklərin gözəldir e, amma sevgi bənzətməsi üçün çox adidir.

– Məncə, çox həyasız bitkidir sarmaşıq.

– Ola bilər. Amma həyalı sevgi də ancaq nağıllarda olur. Leyli-Məcnun kimi... Bax məsələn, güllər, ağaclar düz bitir. Amma sarmaşıq... O, ağaca sarılır, sarıla-sarıla böyüyür, ağacla bütövləşir. Və bir gün ağac və sarmaşıq vəhdətə çevrilir. Fikir versən, sarmaşıq sözünün kökündə belə sarılmaq, sarmaq var.

– Bağımızda görmüşdüm. Sarmaşıq yazıq qızılgülə elə sarılmışdı, gül əməlli-başlı saralmışdı. Nə qədər elədim ayıra bilmədim güldən.

– Bəs nə deyirəm. Sevgidə də elə olur. Biri digərinin sevgisindən qidalanır. Əslində bitkilərin xarakterində insanlara aid çox xüsusiyyətlər var. Fikir vermisən, insanlar aşiq olduqları dönəmdə sarmaş-dolaş gəzirlər. Əllərini, barmaqlarını bir-birinə kilidləyirlər. Bərk-bərk sarılırlar. Bax belə…

Onun əllərini əllərinə alır. Barmaqlarını bir-birinə keçirir. Sonra əlləri aşağı-yuxarı, yanlara doğru hərəkət etdirir, bir növ rəqsdəki kimi.

– Sarılmaq niyə bu qədər önəmlidir ki?

– Çünki sən sarıldıqda qarşı tərəfi həm vücud, həm ətir, həm də ruh olaraq duya bilirsən. Onu nə qədər arzuladığının fərqinə varırsan...

– Axı,  arzulamağın kökündə ehtiras durur...

– Ehtiras da sevgiyə aiddir. Sevgini ehtirassız təsəvvür etmək mümkün deyil...

– Belə de...

O vaxt onu haqsız çıxarmaq istəyirdi. Amma indi qəlbinin dərinliyində haqlı sayırdı. Və ən pisi o idi ki, özünə belə etiraf etməkdən çəkinirdi bu acı həqiqəti... Sən demə, həyatımızın ən qlobal çətinliyini “yox” əvəzinə “hə”, “hə” əvəzinə “yox” deyəndə yaşayırıq. Sadəcə bunu çox gec başa düşmüşdü. Onu itirdikdən sonra...

– Eşq sözü var a... Bilirsən ki, onun da kökü ərəbcə aşeka sözünə bağlıdır?

– Hmm. Eşitməmişdim. Aşeka... Nə qəribə sözdür. Türkcə aşk sözünü xatırlatdı.

– Hə də. Elə aşk sözü aşeka sözündən gəlir. Aşeka ərəbcədən tərcümədə sarmaşıq deməkdir. Aşeka, yəni ağaca sarılıb onu qurudan sarmaşıq...

– Nə məntiqsiz fikirdir. Eşq niyə qurutsun ki... Eşq insanı bəsləyir, böyüdür, gözəlləşdirir axı... Özün demirdin, son vaxtlar gül kimi açmışam, işıq saçıram. Məncə, bunlar hamısı eşqdəndir...

– Yenə də deyirəm, gün kimi işıq saçırsan.

– Ey eşq, sən nələrə qadirsənmiş...

Mübahisələri bitər-bitməz yenidən bərk-bərk sarıldılar. Sonra tanqo oynadılar. Düzdür, kinolardakı kimi alınmadı. Bir az sınıq-salxaq idi, amma olsun. Əsas təbii idi, içlərindən gələn kimi. Rəqsin arasında dodaqlarını düz qulağına yaxınlaşdırıb pıçıldadı:

– Deyirlər, tanqo sevgi rəqsidir. Mənsə deyirəm, sevgi özü elə tanqo ritmindədir. Sevəndə biz bütün enişləri, yoxuşları, sıçrayışları və zirvəsi ilə əsl tanqo həyəcanı yaşayırıq.

Qadın ovcu ilə onun ağzını qapadı:

-Onda susss. Gözlərini yum. Sadəcə ritmə qulaq ver... Eşqin ritminə...

Qarşıda hələ çox rəqsləri olacaqdı. Bədənlərinin ahəngi, qəlblərinin döyüntüsü, əllərinin sarılması çox ritmlərdə dəyşəcəkdi. Bu, çox möhtəşəm bir enerji mübadiləsi idi. Bu ritmlərdə gözlə görünməyən, yalnız ikisinin hiss edə bildiyi qızılı qığılcımlar keçəcəkdi əllərinin arasından. Və bu hələ sarmaşığın qızılgülə ilk həmlələri idi...

                                                                         ***

İlk dəfə idi üzbəüz durduqları. İkilikdə söhbət etdikləri. Ətrafdan adamlar keçirdi. Heç kimin fərqində deyildilər. Elə bil ikilikdə başqa bir zaman kəsiyinə ya da məkana transfer olunmuşdular. Heç kimin onları görmədiyi və duymadığı bir yerə...

-Niyə elə baxırsan mənə?

-Sarılmaq istəyirəm, bərk-bərk sarılmaq və buraxmamaq!

-Niyə?

- Bunun niyəsi olur ki. Yəqin antennalarımız tutur deyə. Bu qarşısıalınmaz bir dalğadır. İki insanın energetik bağlantısı... Üstəlik tibb də deyir ki, bol-bol qucaqlaşın. Onda bütün xoşbəxtlik hormonları çoxalır. Endorfin, seretonin...

-Yaxşı.

-Nə yaxşı?

-Qucaqla məni. Elə burda. Elə indi.

-Axı baxırlar.

-Fərqi yoxdur. Baxsınlar. Mən bu anı yaşamaq istəyirəm.

-Qorxmursan?

-Yox. Biz varıq. Başqa heç kim...

Sarıldılar. Düz yolun ortasında. Günün günortasında. Şəhərin ən qaynar nöqtələrindən birində. Bundan əvvəl də dəfələrlə qucaqlaşdıqları insanlar olmuşdu. Amma heç kimlə, ən yaxınları ilə də bu təmasdan sonra belə rahat, güvənli və sakit hiss etməmişdilər. Bütün hüceyrələrinə həzin-həzin doğmalıq hissi yayılırdı. İndi fərqinə varmışdılar ki, sarılarkən vücudun bütün nöqtələri birləşirmiş. Və bir də ürək döyüntüləri... Onun ürəyinin öz bədəninin sağ boşluğunda, öz ürəyinin onun bədəninin sağ boşluğunda həmahəng guppultusu eşidilirdi. Elə bil bu ürəklər həmin boşluqları doldurmaq üçün imiş... Yerinə oturan iki uyğun pazl kimi...

-Deyirlər, qədim-qədim zamanlarda hər insanın vücudunda qadın-kişi birgə yaşayırdı. Özü də çox xoşbəxt. Sonra bir gün nə etdilərsə, Tanrının qəzəbinə tuş gəldilər və O, bu vəhdəti iki yerə ayırdı. Beləcə, qadın ayrı, kişi ayrı bədəndə oldu. Amma o vaxtdan bu yarımçıqlıq hissi onların ruhundan çəkilmədi və bu yarım canlar bütövləşmək üçün başladılar öz yarını axtarmağa. Və yalnız nadir hallarda onlar rastlaşıb bir-birini tanıyırdılar. Və onda heç kimlə olmayan qədər tamlıq, bütövlük, vəhdət hissi yaranırdı.

-Bizdəki kimi?

-Hə...

-Bəs başqaları ilə belə olurdu?

-Bizdəki kimi?

-Yox... Oxumuşdum ki, bu cür qəlb bağı ilə bağlılıq ancaq  alov ekizlərində olur.

          Alov ekizləri... Ruh ekizləri barədə məlumatı vardı. Bilirdi ki, ruhən yaxın hiss edən, düşüncələri üst-üstə düşən insanlardır ruh ekizləri. Amma alov ekizləri ilə bağlı heç nə bilmirdi.

          Ayrıldıqdan bir xeyli sonra internetdə bu ifadə ilə qarşılaşdı. Maraq güc gəldi. Başladı araşdırmağa. Bu haqda çoxlu məqalələr oxudu, videolara baxdı. Alov ekiziylə rastlaşmış yüzlərlə insanın şərhini nəzərdən keçirdi. Hətta biriylə yazışdı da. Müqayisələr aparmaq, içini gəmirən suallara cavab tapmaq üçün. Və sualları cavablandıqca məyus oldu. İçindən ona zəng edib  dəli kimi qışqırmaq keçdi: “Düz deyirdin. Yenə də haqlı çıxdın. Alov ekizləri mövcud imiş... Bizim kimi…”

          Rusiyada yaşayan bir özbək qadın idi alov ekizləriylə bağlı yazışdığı şəxs. Özündən 10 yaş kiçik alov ekizi ilə virtual aləmdə rastlaşanda ayrı-ayrı ölkələrdə yaşayırmışlar. Millətləri, həyatları fərqli idi. Qadın evli olmuş, ayrılmışdı. Övladı vardı. Kişinin də öz ailəsi. Bu münasibət mümkünsüz görünürdü əvvəl-əvvəl. Onları məsafələr ayırırdı, amma telepatik dalğalarla bir-birlərinin fikirlərini oxuyurdular. Təzə-təzə bunları təsadüf saysalar da, zamanla bu təsadüflərin zərurətdən doğduğu ilə barışdılar. Sonra aralarında yaranan qarşısıalınmaz doğmalıq hissi bütün bütləri yıxdı, sərhədləri çeynədi. Dəyişdilər, bir olmaq üçün çox vərdişlərindən vaz keçdilər. Nəhayət, birləşib iki qopmuş pazl kimi bütöv oldular. O vaxtdan illər ötüb. Amma eyni həyəcan, eyni doğmalıq hissi onları tərk etmir.

-Bəs hamı tapır alov ekizini?

-Yox. Çox az adam alov ekizi ilə qarşılaşa bilir. Amma görən kimi tanıyır. Fitrətdən gələn bir doğmalıq hissi yaranır elə ilk baxışdan, ilk sözdən. Amma ən önəmlisi qarşılaşma deyil. Uzlaşmadır. Çox vaxt mümkünsüz olur bu insanların münasibəti. Yəni cəmiyyət qanunlarına zidd görünür. Bax onda seçim qarşısında qalırlar...

          Həqiqətlə burun-buruna gəlmək bəzən sarsıdıcı olur. Sarsılmışdı bunları öyrənəndə. Özbək qadın yazırdı ki, bu qarşılaşma zamanı eşqin elə bir halı yaşanır, sən öz əksinə baxırsan o insana baxanda. Güzgüdəki kimi. O qədər bənzər və o qədər də fərqli görünürsüz ki, bir növ qaranlıq tərəfinlə qarşılaşırsan. Həyatın, düşüncələrin, qanunların, olmazların dəyişir. İçindəki qadın enerjisi  ilə tanış olursan.   Çünki alov ekizinlə qarşılaşma bütünlüklə yenilənmədir. Və bütünlüklə təslimiyyətdir.

-Təslimiyyət…

-Hə. Eşq - başdan sonadək "sənə təslim oluram" deməkdir, "özümü, ruhumu, qəlbimi, vücudumu  sənə verirəm" deməkdir. Bu elə bir bağlılıqdır ki, ağıl nəzarətdən çıxır.  İngilis dilində bu ifadə “falling in love” kimi çox dəqiq səslənir. Yəni eşqin içinə düşürsən, yıxılırsan. Onda həll olursan. Katarsis baş verir. Beynindəki əlavə düşüncələrdən, neqativ hisslərdən arınırsan. Və yalnız bu katarsisdən sonra eşqin zirvəsinə yüksəlmək mümkün olur…

-Bəs bir-birini tapandan sonra ayrılanlar?

- Əlbət ki, ayrılanlar da olur, qovuşanlar da. Bu, tərəflərin mücadiləsinə bağlı. Amma ayrılsalar da bütün sonrakı münasibətlərdə bir boşluq, natamamlıq hissi qalır. Yəni alov ekizinin ruhundakı yeri heç vaxt dolmur…

                                                       ***

          Kafedə “Lovers in Paris” melodiyası. Üzbəüz oturub sadəcə baxışırlar. Baxışları danışır, dodaqları susur. Əlləri də fincandakı içilməmiş çay kimi soyuqdur…

-Özün də bilirsən… Olmur. Alınmır…

-Bilirəm… Ruhlar eyni, yollar fərqlidır…

-Hə… Bəlkə…

-Məncə də…

-Sənin üçün darıxacam.

-Mən də…

-Yolun açıq olsun.

-Xoşbəxt ol…

Əlini uzadır, bir anlıq donmuş əllləri qovuşur. Son dəfə...

                                                       ***

Bağdadır. Rəngi-rufu saralıb. Bir tərəfdə samovar pıqqıldayır, bir tərəfdə radioda musiqi gedir: “Gülüm, günün güllərimi qurutdu....” Diqqətlə sarmaşıqlara baxır. Qızılgülü dövrəyə alıblar. Gül də solub bu sıx təmasdan. Ürəyi sıxılır. Bağ qayçısını götürüb sarmaşıqları doğrayır. Sonra solmuş gülün kökünü bir dibçəyə basdırıb tozlu əlləri ilə tərini silir. Yavaş-yavaş nəfəsi aramlaşır. “Qoymayacam quruyasan... Sən hələ çox gül açacaqsan...”

...Günlər keçir. Gül yenidən qönçələyir. Dibçəyi sulaya-sulaya gülümsünür...

                                                                      ***

Metro. Qatar qaranlıqdan işığa çıxıb dayanır. Sərnişinlər qatara minmək üçün vaqonlara yaxınlaşır. Bir anlıq gözləri qarşılaşır. Şüşənin arxasından baxışları bir-birinə ilişib qalır.

“O...”

“Hə, odur...”

“Necə arıqlayıb...”

“Hm... Saçları ağarıb...”

“Qapılar açılır”

-Ooo. Yenə də qarşılaşdıq...

-Hə... Gözləmirdim.

- Taleyin qəribə oyunları varmış. Neçə il olar görüşmədiyimiz?

-İnan, heç bilmirəm... Necəsən?

- Hər şey yaxşıdır. Xaricdən yeni qayıtmışam.  

- Eşitdim, evlənmisən...

-Hə. İki qızım var. Birinin adı Sevgi, o birinin adı Eşq.

-Allah qorusun. Nə gözəl.

-Nəyə güldün?

-Heç... Aşeka yadıma düşdü...

-Hə... Aşeka... Demək, yadındadı...

-Ana, düşmürük?

-Az qalıb, Simurq. Darıxma.

-Oğlundur? Allah saxlasın. Nə maraqlı adı var.

-Hə...  Simurq quş adıdır. 

-Deyəsən, Simurq əfsanəsi də var.  Öz küllərindən doğulan quş...

-Hə... Əfsanəyə görə, nə qədər yansa da, hər dəfə daha gözəl, daha parıltılı, daha güclü olur...

-Bu arada, əla görünürsən. Saçların da dəyişib, qısalıb...

-Hə... Çox sağ ol. Deyirlər, qadın ilk saçlarına qıyır stresə düşəndə...  Saçlarının ucuna yığılmış neqativ enerjidən azad olmaq üçün.

-Hm...

Qapılar açılır. 

-Di salamat qal. Səni gördüyümə şad oldum.

-Mən də... Allaha əmanət ol.

İlk dəfə vidalaşanda əl verib görüşmürlər. Sadəcə əl edirlər bir-birlərinə.  Əvvəllər heç önəm verməmişdilər. Sən demə, bütün münasibətlərin ilk təması əllərlə başlayır, əllərlə də sonlanır. Məyər ki, əllərin rəqsi çox önəmliymiş və yalnız iti gözlər bu ani və mübhəm rəqsin sirrindən xəbərdar ola bilərdi...

         “Qapılar bağlanır. Növbəti stansiya “Sahil”

         Qapının şüşəsindən son dəfə baxışırlar. Beyinlərindən eyni fikirlər keçir: “Hm. Bu da son... Bəlkə? Amma yox... ”

Qapılar bağlanır və bu ani görüş də keçmişdəki bütün görüşləri kimi qatarın sürətlə irəlilədiyi qaranlıq tunelə qarışır. İkisi də təsirləniblər, amma dodaqlarına xoş  təbəssüm qonub. Göz təmasları bitsə də, ürəklərində yarım qalmış dialoqu davam etdirirlər. Əvvəlki vaxtlardakı kimi:

“Səncə, niyə alınmadı bizdə?”

“Kim deyir ki, alınmadı?”

“Yəni nəticə olmadı da.”

“Baxır nəticə dedikdə nəyi nəzərdə tutursan? Məsələn, mən sevgi prosesinin özünü sevirəm. O duyğunu yaşamağı. Sevinci ilə, hüznü, həsrəti, iztirabı ilə... Belə olanda son nəticə o qədər də böyük rol oynamır.”

“Demək, bu fikir doğru imiş? Ayrılıq da sevgiyə daxildir...”

“Hə. Kim deyibsə, dəqiq deyib. Yəni zamanı gələndə buraxmaq lazımdır. Bitirəndə də gözəlliklə bitirmək, gedəndə də sakitcə getmək, olub-keçənləri çirkinləşdirmədən, uzatmadan sağollaşmaq lazımdır. Dostluq olsun, sevgi olsun, ailə olsun, bu, belə olmalıdır. Yəni sevginin bir üzü ayrılıqdır, gülüm...”

“Yəqin ki, sevginin böyüklüyü də bunda imiş. Əlində bərk-bərk tutub didişdirmək əvəzinə, daşıya bilmədiyin bütün münasibətləri  həyatın axınına buraxasan gərək.. Sarmaşıq məhv etməmiş...”

“Hə... Sarmaşıq məhv etməmiş...”

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

Пятница, 28 Февраль 2025 12:32

“O ala gözlər” – SƏMƏD VURĞUNLA BAĞLI BİR ƏHVALAT

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Böyük Azərbaycan şairi, xalq şairimiz Səməd Vurğun barədə bir çox əhvalatlar, rəvayətlər danışılır. Bunların içində realı da , uydurması da az deyil. Amma mən sizə real bir əhvalat danışacam. Səməd Vurğunun həyatında baş vermiş bu hadisə sonrakı illərdə şairin oğlu, Xalq yazıçısı Yusif Səmədoğlunun "Gözlər" hekayəsinin mövzusuna çevrilib...

 

Bir gün Səməd Vurğun rayonların birinə tədbirə gedir. Kənd onu çox gözəl qarşılayır. Qucaqlayan kim, dil-ağız edən kim. Birdən şair görür ki, qəşəng bir qız bayaqdan ona baxır. Şair onun yanına gəlir və xoş təbəssümlə söyləyir:

– Qızım, sənin nə gözəl gözlərin var.

Bu dəm şair hiss edir ki, hamı bir anlıq tutuldu. Kənardan anası gəlib qızı aparanda şair lap çaşıb qalır. Ona qızın kor olduğunu deyirlər, şair çox pis olur. Səhəri Bakıya qayıdır və o hadisəni uzun müddət unuda bilmir. Həqiqətən də o qədər gözəl gözləri olan, o gözəllikdə, o məsumluqda gənc qızın dünya işığına möhtac olması şairi üzür.

Üstündən aylar ötür.

Bir gün şair evdə olarkən qapıları döyülür, şairin həyat yoldaşı qapını açanda gözəl bir xanım əlində çiçək şairə tərəf gəlir. Səməd Vurğun bir anlıq sevincindən nə edəcəyini bilmir. Həmin qızı dərhal tanıyır. Deməzsənmiş, qızın gözlərini əməliyyat nəticəsində sağaltmışdılar. Gözü açılınca dünyaca sevdiyi, şeirlərini əzbərdən bildiyi şairi görmək üçün qız fürsətdən dərhal yararlanmış, şairin mənzilinə üz tutmuşdu.

Səməd Vurğun deyir:

  – Qızım, yadındadır, sənə o vaxt “gözəl gözlərin var” deyirdim. Bax indi görürsən, şair heç vaxt yalan danışmır...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

    

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.