Super User

Super User

Понедельник, 03 Март 2025 11:28

Güllünün yandırdığı gündəliyi - ESSE

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Bir zamanlar gündəlik yazırdım.

Günləri yazdım, yazmadın, ötüb keçir. Günlər bizdən, onları yazmağı gözləmir. Günlərin bizə yazığı gəlmir. Uşaq, körpə bilmir, gənc bilmir, ötür, keçir, hərdən güclə, saatlardan daş asılır, hərdən qaça-qaça keçir.

Bilmirəm, bu vaxt niyə sevinəndə qaçır, kədərli, qəmli, əzablı olanda gec keçir.

 

 

Heç bilmirəm niyə, bəlkə bildiyimiz gün, heç gün deyil, ildir, upuzun bir il, biz onu gün görürük. Zamanla bağlı fəlsəfi mülahizələr məni ta uşaq çağımdan, pəncərədən boylanıb uzağa baxdığım, anamın işdən gəlişini gözlədiyim günlərdən narahat edir. Elə həmişə düşünürdüm. İlk məhəbbətimi özümdən uydurduğum gündən gündəlik yazdım.

Hər gün, ayın tarixi, məktəbdə nə oldu, ən əsas da o dərsə gəldi-gəlmədi, o vaxt məktəbimizdə ən qəşəng, ən savadlı oğlana vurulmuşdum. Zarafat deyil, o, yəqin, heç məni görmədi, bilmədi. Son zəng günü də göy yer başıma fırlandı. Sona qədər heç nə bilmədi, məktəbi də bitirib getdi. Gündəliyim də boynunu bükdü, sonra yeməkdən, içməkdən kəsildim, arıqlayıb oldum başqa adam.

Anam onda çox fikir edirdi. Amma hamını aldada bilmişdim, heç kim indiyə qədər bilmədi o zamanlar özümə nə boyda dərd uydurduğumu. Bilmədilər, deyəndə ki, onların dərdi o zaman mən deyildim. Mən tez-tez unudulurdum, gülməyin doğru sözümdü.

Azı on dəfə o gündəlik anamın, atamın əlinə də keçdi, amma heç kimin ağlına onu açıb oxumaq gəlmədi. O günlər də ötdü. Dünən özümə gül aldım, rəng-bərəng zanbaqları çox sevirəm. Balaca bir kafedə oturdum, bura çoxdan gəlirəm. Artıq işçilər də məni tanıyır. Acı qəhvə, bir-iki un peçenyesi, bir kitabı vərəqləyirəm, amma fikrim elə o gündəlikdədir. Mən niyə nə günlərimin, nə də o yazıq gündəliyin qədrini bilmədim, axı o gündəlik də mənim sirdaşım, dostum idi. Onu necə amansız yandırdım.

Heç bir zərrəsi də qalmadı. Yadımdadır ki, hönkür-hönkür ağladığım günlər , sevincimdən yerə-göyə sığmadığım günlərlə başladı həmin gün yanmağa...

Ömür enişini, yoxuşunu bitirir, itib gedir. Gündəlik sadəcə günləri yaddaşında həkk etmək üçündür, amma sənin zamanın olmur ki, onu da vərəqləyəsən. Zaman məni elə qəddar, elə amansız, elə daşa döndərdi ki... İndi o qədər günləri həyatdan silmək, yox etmək, çıxarmaq istəyirəm ki, gündəlik yazmaq heç ağlıma belə gəlmir.

Uşaq olub, özünə olmayan yerdən dərd uydurursan, sonra da əsl dərdini adam kimi çəkə bilmirsən.

Eh, elə yaxşı ki, gündəliyim yoxdur. Sonra ölüb eləsəm, deyəcəklər, "Güllünün gündəliyi vardı. Bir oxuyaq, görək orda nə yazılıb." Dostlar göz yaşından boğular, pislər utanıb yerə girər. Yaxınlar, doğmalar da üzülər.

Ən yaxşısı özündən sonra iz qoymamaqdı. Madəm ki, səni bu qədər insan içində bir nəfər ya iki nəfər xatırlayacaq.

Əvvəllər işdə çox çapalayırdım, yeniliklər edirdim, sonra gördüm, yavaş-yavaş təklənirəm, sanki bütün bu canfəşanlıq bir mənə lazımdır. İnsanlar mənim onlara yaxşı duyğumu belə, yeni vəzifə sevgimə yozdular. İçimdə gülsəm də, çölümdə onlarla razılaşdım, dedim, "Yazıqdılar, qoy bu yalanlarıyla xoşbəxt olsunlar," onlara qoşulub güldüm.

Yalnışdılar, şərdilər, amma ən azından özlərində bir insana naxələf olma gücü tapıblar.

Həyatsevər insan görəndə sevinirəm. Qonşumuz Rəhilə xala elə şux rəngləri sevir ki, sözü, söhbəti də yeni dəb olan ətirlər, ya bir nəfərin gecə-gündüz nə etməsi...

İnsanların pis, yaxşı nəyəsə, kimləsə maraqlanması, bundan zövq almağı məndə maraq doğurur.

Hərdən baxıram, pislik edən adamın qazanığı uğurda sevincinin böyüklüyünə, deyirəm, "Yazıq, ömür boyu içini yeyib, bu pisliklə qovrulub, indi də nəticəsini görüb, necə də sevinir."

Amma sonra düşünürəm ki, bu dediklərim, obrazlar yaşayır, axı yaşayır, nəfəs alır, səhər, gündüz, axşam yaşayır... mən neynirəm?

Hərdən başımı qaldırıb göyün üzünə günlərlə baxmıram. İstədiyim heç nə etmirəm. Heç yerdə yoxam.

Görürsən, iclas gedir, nəsə ciddi bir problemdir, durub fikir də deyirəm, alqış da edirlər, amma mən orda deyiləm, xəbərləri yoxdur.

Nəysə, bilmirəm, indi gündəlik yazmalı olsam, o gündəliyə nə yazım ki, özü od tutub yanmasın? Gündəlik saf vaxtların timsalıdır, indinin yox.

Gündəlik yazmalı olsam, işim uzanar, bir insanın olduğu kimi, göründüyü kimi, əslində nə olduğunu, elə tam şəffaf dərk etdiyim kimi yazsam, yazıq vərəqlər saralıb boynunu bükər.

 

Üzündə min cildi soyulan insanı ən son cildinə qədər sevirdim. Amma sonra duyğularım daş oldu. Özümü ölülüyə vurdum. Gülməyin yaşayaraq gül kimi də ölmək olurmuş. Başqa nə edim? Bilmirəm, heç öz yaxşılığının çıxarını  güdən bu boz insanlara necə yaxşılıq edim. Axı onlar özlərinin xəstə olduğunu bilmir. Allahın sevimli bəndəsi bilir.

Ən yaxşısı, o gündəliyi beynimdən söküb atım, başlayım vəsiyyət yazmağa.

Vəsiyyət də yazsam, nə bir evim, malım, mülküm yox, uşaqlarıma mənəviyyat vəsiyyət edəcəm. Bu da olacaq, uzunçuluq, ortada heç nə yoxdu.

Ay bala, mən ölüb gedirəm, sən böyüyün, kiçiyin qədrini bil. Dosta dürüst ol, düşmənə pislik etmə desəm, uşaq da, goruma söyməsə də, heç məndən razı qalmayacaq.

Necə gözəl saf qızlarımız zülmlə böyüyüb, qadın olub yaşlanıb, solub gedib. Onların gündəliyi olub ki... mən isə  özünə vurğunam. 60 yaşa çatıram hələ də gözüm o gündəlikdədir.

Vəsiyyətimə gərək belə başlayım: Xoş niyyətli insan üçün deyil, bu dünya. Bacarırsan, yaşa, bala, bacarmasan, həmişə yanındayam, bu dünya o dünya demə, sən çağır, mən gələcəm. Bağışla ki, səni, özüm də başa çıxa bilmədiyim bu alçaq dünyaya urcah etdim... vəssalam, belə vəsiyyət olar.

Bu gün yaxşısı budur  heç nə yazmayım, gül şəkilli quru çiçəkli gözəl gündəliyimin xətrinə dəyərəm. 30 yaşımda yandırdım o gündəliyi, saf gözəl məsum duyğularımı, göz yaşlı məktublarımı və şeirlərimi, saf gündəliyimi, həyatın amansız üzünə mübariz əsgər kimi baxmaq üçün. İstəmədim, sonra desinlər, "Güllünün gündəliyi olub, bircə gün də günü olmayıb."

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

 

 

 

 

Понедельник, 03 Март 2025 16:29

Azsaylı türk xalqları – BİLİYİMİZİ ARTIRAQ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Azsaylı türk xalqları, ümumiyyətlə, Türk dil ailəsinin müxtəlif qol və ləhcələrində danışan, az sayda olan və özünəməxsus mədəniyyətlərə malik olan xalqlardır. Bu xalqlar bir çox bölgələrdə, xüsusən Mərkəzi Asiya, Şimali Qafqaz, Yaxın Şərq və digər ərazilərdə yaşayır.

 

Azsaylı türk xalqları arasında ən tanınmışları bunlardır:

1.Xakaslar

Mərkəzi Asiyanın qərbində, Sibir ərazisində yaşayan türk xalqıdır. Onların əsas yaşayış yeri Rusiyanın Xakas Respublikasındadır. Xakaslar qədim Altay türk xalqlarına mənsub olub, özlərinə məxsus dil və mədəniyyətə sahibdirlər.

2. Tuvalılar

Rusiyanın Tuva Respublikasında yaşayan bir türk xalqıdır. Tuva dili Altay dili ailəsinə aiddir və bu xalqın ən əsas məşğuliyyətləri maldarlıq və ovçuluqdur. Tuvalılar mədəniyyəti, musiqi və ənənələri ilə tanınır, xüsusən də "oğuzaq" adlı təsirli səsli mahnılar ilə məşhurdurlar.

3. Başqırlar

Rusiyanın Ural bölgəsində yaşayan bir türk xalqıdır. Onlar da öz dil və mədəniyyətlərini qoruyub saxlamışlar. Bashqır mətbəxi, musiqisi və folkloru çox zəngindir, həmçinin qədim tarixə malikdirlər.

4. Karakalpaqlar

Qərbi Asiyada, əsasən Özbəkistanın qərb hissəsində yaşayan bir türk xalqıdır. Karakalpaq dili Türk dilləri ailəsinin Qıpçaq qrupuna aiddir. Onlar da özlərinə məxsus mədəniyyətə və ənənələrə malikdirlər.

5. Nogaylar

Əsasən Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsində yaşayan türk xalqıdır. Nogaylar qədimdən bəri nomad – köçəri həyat tərzi sürmüşlər, lakin zamanla kənd təsərrüfatı və ticarətlə məşğul olmağa başlayıblar. Nogay dili, türk dillərinin Qıpçaq qoluna aiddir.

6. Çuvaşlar

Rusiyanın Volqa bölgəsində yerləşən Çuvaşistan Respublikasında yaşayan türk xalqıdır. Çuvaş dili Türk dilləri ailəsinin ən fərqli qoluna, yəni Çuvaş qoluna aiddir. Çuvaşlar öz dilləri, mədəniyyətləri və inanc sistemləri ilə digər türk xalqlarından fərqlənirlər.

7. Yakutlar (Saxalılar)

Sibir ərazisində, xüsusən Yakutiya (Saxa Respublikası) bölgəsində yaşayan türk xalqıdır. Yakut dili Altay dilləri qrupuna aiddir. Bu xalq sərt iqlim şəraitində yaşadığı üçün özəl həyat tərzi, yeməkləri və ənənələri ilə fərqlənir.

8. Qaraçaylar və Balkarlar

Şimali Qafqazın dağlıq ərazilərində yaşayan türk xalqlarıdır. Hər iki xalqın dilində və mədəniyyətində ortaq cəhətlər mövcuddur, lakin hər biri fərqli tarixə və ənənələrə malikdir. Qaraçaylar və Balkarlar əsasən islami inanca sahibdirlər və onların mədəniyyətində musiqi və rəqs mühüm rol oynayır.

9.Qaqauzlar

Moldovada yaşayan qaqauz türkləri xristiandırlar, ağır assimilyasiya şəraitində yaşasalar belə öz dillərini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaq uğrunda mücadilə edirlər.

Çox təəssüf ki, hazırda uyğur və karaim xalqları da sürətlə azalırlar və azsaylı xalqlar sırasında düşməkdədirlər.

Azsaylı türk xalqları təkcə dilləri ilə deyil, həm də zəngin mədəni irsi, sənəti, folkloru və ənənələri ilə də diqqət çəkir. Onlar müxtəlif coğrafi regionlarda yaşadıqları üçün hər biri özünəməxsus həyat tərzi və mədəniyyətini qoruyub saxlamağı bacarıblar.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

                                                                            

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.

 

Mərcan Mənafzadə

Təbriz

 

YAŞIL YANLIŞIM

 

Sən sevimli yanlışımsan

Ən sevdalı və bilimli

Dişlənmiş almanın sağ üzü

Sən, şaftalının gəlin gedən alay dodağı

Yanlışımın başbaxanısan,

Bakirəsi

Kələmələr səsimi geyinib

At üstə gedir indi...

 

...Sən sevimli yanlışımsan

Arxanca səpdiyim suda boğulur incəliyim

Suda can verir şeirim

Kələmələrin gözləri dolur suda

Suda

        Suda

Yarpızların göz yaşı bilinmir suda...

Necəki mənim

Necəki əllərimdə fatihə olur söyüd ağacı

Və necəki sən

Mənim yaşıl yanlışımsan!

 

Sən sevimli yanlışımsan

Sənə görə tərsinə oxuyuram Quranı

Adımı da yanlış yazıram

Sigara tüstüsündə quylanmış adımı, səsimi də...

 

Sən sevimli yanlışımsan

Almalar da quşların dimdiyin sevir

Quşlar uçmurlar burda

Yelpənəklərin uçuşuna həsrətlə baxırlar

Almaların qoxusu gəlmir

Almalar

Bu bağın ağaclarının ağzında dartılır

Dəhşətli bir olayda!

Almalar

Ancaq almalar dartılır

Qoxusu damarlarda dolaşır

Arvinin burnundan qan açıldı

Laxta-laxta göy alma

Mən doğuluram.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Понедельник, 03 Март 2025 15:35

Teatr-sevgi, yaşam, həyatın özü!

Rəqsanə Babayeva, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,“Gənclik” xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Nədir teatr?

Teatr məbəddir deyiblər... İnsanı paklığa, dürüstlüyə, sevgiyə səsləyən, məbəd. Özünü özünə göstərən güzgü. O güzgü ki, o səhnədə aktyor, rejissor əks olunur. Səni mükəmməl insan olmağa səsləyir. Əgər bu səsi qəlbin duysa demək ki, teatr öz məqsədinə nail olmuşdur. 

 

Qədim türk inanclarında çirki üç şey paklayar -  su, od, torpaq, bu anlamla teatra baxsaq, insanın ruhunu teatr təmizləyər, arındırar, paklayar.

Teatr (yunanca: théatron "tamaşa yeri"; və theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçıya aktyor tərəfindən ötürülməsini mülahizə edir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Yunanca "skene", hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır.

Vilyam Şekspir də dediyi kimi, bütün insanlar bu dünyada aktyordurlar. (Aktyor sözü fransızca "aqteuar", "aqtor" sözlərindəndir. Mənası ifaçı, oyunçu deməkdir).

Teatr mətnlərinə “pyeslər”, mətnləri yazan şəxsə dramaturq (müəllif), tamaşanı səhnədə canlandıran şəxslərə “aktyor” deyilir. Əsərin səhnələşdirilməsində səhnə rəhbəri, dekor  - geyim meneceri, işıqçı, suflyor kimi köməkçi heyətlər də daxildir.

 

Klassik teatrın dörd növü var:

Danışıq teatrı (dram, komediya, tamaşa)

Musiqi teatrı (opera, operetta, müzikl)

Rəqs teatrı (balet, milli rəqslər)

Fiqur (və ya kukla) teatrı (marionet teatrı, kölgə teatrı)

 

Teatr əsəri hadisələri başvermə yolu ilə göstərir. Bu baxımdan onu nitq və hərəkətə əsaslanan ifaçılıq sənəti kimi də qeyd etmək olar. Şekspirin sözlərində olduğu kimi insanlarla, humanist davranmağa səsləmək  sənəti kimi ifadə olunur.

Ədəbi əsərlər oxunmaq, dinlənilmək üçün yazılsa da, teatr tamaşaları tamaşaçılar qarşısında səhnədə nümayiş etdirilmək üçündür. O, öz dəyər ölçülərini tamaşaçının fikirdən alır. Görünən xarakterə malik olmaqla, canlı varlıq olaraq sosial psixologiyadır. Tamaşa yeri və əsərlə yanaşı, teatr anlayışında aktyorluq, səhnə quruluşu, işıqlandırma, dekorasiya, geyim və musiqi kimi elementlərin bütövlüyü əsas amildir.

 

Stanislavski ilə peşəkar teatr:

 

Stanislavski teatra ictimai əhəmiyyət kəsb edən bir sənət kimi baxırdı. O, teatrın insanlara güclü təsiri olduğuna inanaraq,aktyoru xalq maarifçisi olaraq görürdü. Stanislavski belə nəticəyə gəlirdi ki, yalnız daimi teatr kollektivi yüksək aktyorluq məharətini təmin edə bilər.

Stanislavski sistemi tələb edir ki, aktyor emosional yaddaşı keçmiş təcrübələri, duyğuları özündən istifadə etsin. Aktyorun səhnəyə çıxması hərəkətin və personaj həyatının başlanğıcı deyil, əsl həyatının davamı hesab etməlidir. Aktyor konsentrasiyasını və hisslərini elə məşq etməlidir ki, o, ümumi səhnə mühitinə sərbəst reaksiya verməlidir. Müxtəlif situasiyalarda insanların empatik müşahidəsi vasitəsilə o, geniş emosional diapazonu inkişaf etdirməyə çalışıb , onun səhnədəki hərəkətləri və reaksiyaları uydurma kimi hiss olunmamalıdır.

Stanislavski yazırdı ki, teatr asılqandan başlayır. Bu sözdə həqiqət var. Professional teatrların təməlində dram dərnəkləri və xalq teatrları dayanır.

Stanislavski müasir teatr elminin əsasını qoyan məşhur Sistemin yaradıcısıdır. Sistem beynəlxalq səviyyədə tanınmış aktyor sənətinin tədrisi metodudur. O, rejissorluğun bir peşə kimi yaradıcılarından biridir. Stanislavskinin apardığı rejissorluq sənətinin islahatı teatr sənətinə yeni istiqamət verdi. Konstantin Sergeyeviç rejissorluq təcrübəsində rejissorun ixtiyarında olan bütün ifadə vasitələrindən geniş istifadə edirdi.

Konstantin Sergeyeviç bu barədə belə yazırdı: “Rejissor təkcə tamaşanı başa düşməyi bilən, aktyorlara onu necə oynamağı tövsiyə edən, sənətkarın onun üçün qurduğu dekorasiyada onları səhnədə yerləşdirməyi bilən adam deyil. Rejissor həyatı müşahidə etməyi bilən və peşəkar teatr sahəsindən başqa bütün sahələrdə maksimum biliyə malik olan adamdır. Bəzən bu bilik onun bir mövzu üzərində işinin nəticəsidir, lakin gələcəkdə istifadə üçün biliyi toplamaq daha yaxşıdır. Müşahidələr də xüsusi olaraq tamaşa üçün, obraz üçün toplana bilər və ya özünüzü həyatı müşahidə etməyə alışdıra və hələlik müşahidələri şüuraltının rəfinə qoya bilərsiniz. Onda rejissora böyük xidmət göstərəcəklər”.

Stanislavski tamaşaya aktyorun yaratdığı obrazın, plastik həllin, dekorasiyanın ayrılmaz sənət əsəri kimi baxılmasını təsdiqləyən səhnə sənətinin yeni estetikasının yaradıcısı oldu. Onun fikrincə musiqi tərtibatı ümumi ideyaya, ümumi plana tabedir və bir-biri ilə əlaqəlidir. 

Azərbaycanda teatrın qədim kökləri:

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyi olub süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor la təzahür edir. Toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində, “Şəbih” də meydan teatrı ünsürləri güclü olmuşdur.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

 

Azərbaycan peşəkar teatrın yaradılması yollarında:

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart ayının 10 - da Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün təkan idi.

Qa baqcıl Azərbaycan ziyalıları, Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayırn"aktyor" kimi çıxış edirdilər. Şuşada müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") səhnələşdirirdilər.

1896-cı ildə H. Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. Azərbaycan teatrının repertuarı milli dramaturqların — M. F. Axundov, N. Vəzirov, H. Vəzirov, N. Nərimanov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N. V. Qoqol, İ. S. Turqenev, L. N. Tolstoy) və Qərbi Avropa (V. Şekspir, F. Şiller, H. Heyne, J. B. Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. M. F. Axundovun komediyaları,və həmçinin  N. Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə. Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadanlıq", "Nadir şah" və s. pyeslər səhnələşdirilirdi.

1916-cı ildə C. Məmmədquluzadənin "Ölülər" komediyasının səhnələşdirilməsi ilə Azərbaycan teatrı püxtələşdi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir mübarizəni səsləndirərək uğur qazandı.

 

Azərbaycan teatrı sənətin yeni bir dövrünü – inkişafın zirvəsini yaşamaqdadır. Ulu Öndər Heydər Əliyev ənənələrini layaqətlə davam etdirən cənab Prezident İlham Əliyevin Sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Prezidentin Sərəncamı əsasında teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, həyat şəraitləri yüksəldilir. Cənab  Prezidentin, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun rəhbəri Leyla xanım Əliyevanın sevgisi, qayğısı incəsənət – teatr nümayəndələrini həmişə əhatələmişdir. Bunun nəticəsidir ki, teatrımız yeni – yeni uğurlara imza atır. Teatrda çalışan gənclərin sayı yüksəlir.

 

Bu gün Azərbaycanda onlarla Dövlət teatrı, xalq teatrı və müstəqil teatrlar fəaliyyət göstərir. Bu teatrlarda monotamaşalar, uşaq tamaşaları, yerli və dünya klassiklərinin əsərləri və bir sıra müxtəlif çaplı əsərlə uğurla səhnələşdirilir. Bu gün ki, teatr xadimi kukla,kölgə,operabalet, komediya, dram,musiqili və s. uğurlu səhnə performansı göstərir, həmişə də belə olacağına əminik. Təki tamaşaçı alqışı, tamaşaçı sevgisi olsun. Əziz oxucu teatrı yaşadan səbəb sizsiniz, sizin sevginiz və alqışınızdan ilham alan bizik. Bu alqışın, sevginin dəyəri heç bir maddi qarşılığa sığmaz. 

Gəlin, tarixi köklərə malik olan teatrımızı birgə yaşadaq!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

 

 

 

 

Понедельник, 03 Март 2025 15:06

Bir yazıçı-dramaturq barədə düşüncələr

İlqar İsmayılzadə,fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 

Yazıçı, dramaturq, publisist Qafar Cəfərlinin 68 illiyi münasibətilə

 

Qısa təqdimat: Qafar İltifat oğlu Cəfərli: 07 mart 1957-ci ildə Lənkəran rayonunun Viyən kəndində  müəllim ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra istehsalatda çalışmış, sonra Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsində təhsil almışdır. Ordu sıralarında xidmətdən qayıtdıqdan sonra isə ADU-nun hüquq fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1983-cü ildə  hüquqşünaslıq ixtisası üzrə ali təhsilini başa vurub Daxili İşlər orqanlarında xidmətə başlamış, uzun illər məsul vəzifələrdə çalışmışdır. 1988-1992-ci illər ərzində Qarabağın bütün rayonlarında xidməti ezamiyyətlərdə olaraq torpaqlarımızın erməni və rus qəsbkarlarından müdafiə olunmasında iştirak etmişdir. 1-ci Qarabağ müharibəsinin veteranı, təqaüddə olan polis polkovniki olmaqla yanaşı, həm də polis veteranıdır.

Qafar Cəfərli cinayət axtarışı sahəsində işlədiyi iyirmi ildən artıq bir müddətdə saysız-hesabsız cinayət hadisələrinin açılmasında bilavasitə iştirak etmiş, yaxud keçirilən əməliyyatlara rəhbərlik etmişdir.

Onun bədii yaradıcılıq sahəsində ilk addımları orta məktəbdə oxuduğu illərə təsadüf edir. Atası mərhum İltifat Cəfərov da ədəbiyyata böyük sevgisi olan söz adamı olub. Yazdığı şeirlərin bir qismi "İlahi fürsət ver” adlı kitabda  çap olunmuşdur. Güman ki,  Qafar Cəfərlidə ədəbiyyata olan sevgi məhz  bu bulaqdan qaynaqlanır.

Qafar Cəfərli orta məktəb və tələbəlik illərində, sonradan hüquq-mühafizə orqanlarında xidmətdə olduğu vaxtlarda müxtəlif qəzet və jurnallarda  bədii və publisistik yazılarla mütəmadi olaraq çıxış etmişdir.

2012-ci ildə təqaüdə çıxdıqdan sonra Lənkəranda fəaliyyət göstərən "Region TV" nin (indiki ARB TV) nəzdində olan "Cənub TV"də aparıcı işləmişdir. Televiziyada işlədiyi dövrdə incəsənətə olan hədsiz sevgisi səbəbindən o, özünün əsərləri əsasında  "İzi itməyən cinayətlər" layihəsi çərçivəsində çəkilmiş filmlərdə və ATV-nin sifarişi ilə çəkilən 169 bölümdən ibarət "Günəşim ol" serialında  həvəskar aktyor kimi çəkilmişdir.

Qafar Cəfərlinin 2014-cü ildə "Əməliyyatçı", 2015-ci ildə "Günahsız mələk", 2016-cı ildə "Kimsə Sizlər", 2017-ci ildə "Lətifədən lətifəyə", 2018-ci ildə "Saatın 61-ci dəqiqəsi", 2020-ci ildə "Bir gecənin vahiməsi", 2021-ci ildə "Payızın 44 anı" (Xatirə Xatunla birgə), 2021-ci ildə "Tanrının göz yaşları", 2023-cü ildə "Volşebnaya noç" (rus dilində), 2023-cü ildə  "Ömür yolu", 2024-cü ildə "Odinikovaya jenşina" (rus dilində), 2024-cü ildə "Qıl körpüsündə rəqs" adlı hekayələr, povestlər, pomanlar və novellalardan ibarət kitabları işıq üzü görmüşdür.

Qafar Cəfərlinin "Şəhid bayraq", "Tanrı əmanəti" pyesləri Lənkəran  və Füzuli Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuşdur.

Qafar Cəfərli 17 avqust 2020-ci il tarixdə AYB Lənkəran Zona Bölməsinin sədri təyin olunmuş və  bu günə kimi  həmin vəzifədə uğurla çalışmaqdadır.

Ədəbiyyatımızın inkişaflnda və təbliğində Qafar Cəfərlinin xidmətləri yüksək qiymətləndirilmişdir. O 2017-ci ildə "Azərbaycan bayrağı” mükafatına, 2018-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Qızıl ulduz" və Diplomuna, həmin ildə Prezident təqaüdünə, 2022-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxal mükafatı"na və AYB-nin "Səməd Behrəngi" ədəbi mükafatına, 2023-cü ildə "Rəsul Rza" beynəlxalq  ədəbi mükafatına və "Bəxtiyar Vahabzadə" ədəbi mükafatına, 2024-cü ildə isə narkomaniya mövzusunda yazılan hekayələr müsabiqəsində fəxri yer tutduğuna görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və "Ulduz" jurnalının Diplomuna  layiq görülmüşdür.

Qafar Cəfərlinin bədii və publisistik yazıları mütəmadi olaraq ölkənin ədəbi-bədii, publisistik qəzet və jurnallarında işıq üzü görür.

Qafar Cəfərli həm də AYB Lənkəran Zona Bölməsinin ədəbi-bədii orqanı olan “Şəfəq” jurnalının baş redaktorudur.

 

Subyektiv baxışlarım:

Qafar müəllim barədə ilk məlumatlarım internet üzərindən olsa da, Cəlilabad ədəbi mühitinin bir neçə tanınmış simasından onun haqqında ən gözəl sözlər və fikirlər eşitmişdim.

Daha sonralar bir neçə tədbir və görüşdə onu yaxından görüb tanış oldum, bəzi hekayələrini oxuyub qələm bacarığını duydum, həmçinin tədbirlərdəki çıxışlarını izləyib görkəmli, kübar və ziyalı bir şəxsiyyət olduğuna şahid oldum.

Qafar müəllimin malik olduğu müsbət xüsusiyyətlər barədə daha geniş yazmaq mümkün olsa da, bu qısa təqdimat yazısında onun əsas xüsusiyyətlərini öz subyektiv baxışlarım olaraq sadalaya və oxuculara təqdim edə bilərəm:

    

1. Bacarıqlı yazıçı;

Şərəfli ömrünün  artıq 68-ci ilini geridə qoyan Qafar Cəfərli hələ orta məktəb illərindən etibarən əlinə qələm almış və bədii ədəbiyyat sahəsində yaradıcılıqla məşğul olmuşdur. Onun indiyədək nəşr olunmuş hekayə, povest və romanları sözün həqiqi mənasında bacarıqlı bir yazıçı olduğunu sübut edir.

O, hal-hazırda Cənub bölgəsi və ümumilikdə bütün Azərbaycanın yazıb-yaradan və peşəkar səviyyəli ədəbi əsərləri ərsəyə gətirən yazıçı-daramaturqdur. Qafar müəllim yaradıcılığının ilk dövrlərində detektiv janrda ard-arda hekayələr və povestlər yazmışdır. Məncə, Qafar müəllimin peşəkar hüquqşünas olaraq uzun illər ərzində cinayət axtarış sahəsində apardığı əməliyyatların təcrübəsindən yararlanaraq əsərləri xüsusi diqqət və səmimiyyətlə qələmə alması onun bədii yaradıcılıq uğurlarının açarıdır. Təbii ki, onun cəmiyyətimizin və həyatımızın bütün sahələrini əhatə edən, real həyat hekayətlərinə əsaslanan  çoxsaylı əsərləri də hər zaman oxucular tərəfindən sevilə-sevilə oxunub və oxunmaqdadır.

 

2. Bacarıqlı təşkilatçı və rəhbər;

Qafar müəllimi kənardan müşahidə edərkən onun ən üstün xüsusiyyətlərindən birinin bacarıqlı təşkilatçı və layiqli rəhbər olmasında görürəm. O, təkcə 2020-ci ilin avqust ayının 17-sindən etibarən AYB Lənkəran Bölməsində sədrlik vəzifəsinə başlayandan bu günə kimi bunu layiqincə sübut etmiş və sübut etməkdədir. Bölmədə normal iş şəraiti yaratmaq üçün atdığı addımlar, 44 günlük Vətən müharibəsi dövründə AYB Lənkəran Bölməsinin xüsusi və səmərəli aktivliyi, mütəmadi olaraq söz adamları ilə görüşlər, anım və xatırə günləri, yubiley tədbirləri, kitab və jurnal təqdimatları, ölkə səviyyəli tədbirlərin keçirilməsi, Lənkəran Dövlət Dram Teatrında yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması və s. bu layiqli idarəçiliyin nümunələridir.

Məlumat üçün qeyd etmək lazımdır ki, onun sədrlik etdiyi bölmə hal-hazırda Odlar Yurdu Azərbaycanın Cənub bölgəsində yerləşən 6 rayonunda (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad) yaşayan yüzdən çox AYB üzvünü və xeyli sayda şeir, poeziya və nəsr sahəsinin tanınan qələm əhlini öz ətrafında birləşdirir. Onların yazıları və şeirlərinin bölgə və respublika səviyyəli mətbu orqanlarda çap edilməsi üçün çalışır, tez-tez Lənkəran şəhəri və eləcə də, digər rayonlarda bir-birindən maraqlı və faydalı ədəbi silsilə tədbirlər təşkil olunur. Bu arada Bölmə tərəfindən nəşr edilən jurnal, kitab və antologiyaların da öz yeri, öz tərifi var...

Heç şübhəsiz, belə bir böyük təşkilatı layiqincə idarə etmək üçün ilk öncə idarəçi və rəhbər şəxsin təşkilatçılıq və idarəçilik bacarığı olmalıdır. Qafar müəllim isə bunu AYB Lənkəran Bölməsinə sədr təyin edildiyi gündən indiyədək layiqincə sübut etmişdir.

 

3. Gənc nəsilə qarşı qayğıkeşlik;

Qafar müəllimin ən önəmli xüsusiyyətlərindən biri də, onun bölgə yazarları (şairlər və nasirlər) arasında xüsusilə gənclərə qarşı göstərdiyi qayğıkeşlik, ümumi baxımdan isə sərgilədiyi mənəvi atalıq bacarığıdır. Məncə o, bunun öhdəsindən layiqincə gəlməyi bacarır.

Qafar müəllim bölgədə yaşayan, lakin respublikanın öncül ədəbiyyat dərgilərində çap olunmayan yazarların, xüsusilə də, gənc yazarların çap olunmasını öz iş planına daxil etmiş və beləliklə də, indiyədək onların xüsusi təqdimat əsasında "Ədəbiyyat qəzeti", "Ədalət", "Azad Azərbaycan", "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaycan", "Yurd", "Xəzan" və digər bu kimi jurnal və qəzetlərdə çap olunmasına şərait yaratmışdır. Heç şübhəsiz, bədii ədəbiyyat nümunələrinin hansısa bir jurnal, qəzet və internet saytında yayımlanması qələm sahibi üçün ən böyük dəstək sayılır.

 

4. Dövlətçiliyə sədaqət;

Dövlət və Dövlətçilik hər bir millətin kimliyi, mənliyi, rifahı, milli-mənəvi dəyərləri, eləcə də, hər bir ölkənin ərazi bütövlüyü, suverenliyi və inkişafının əsas təminatçısıdır. Hər bir vətəndaş hər bir şeydən öncə öz dövlətçiliyinə sadiq olmalı və onu göz bəbəyi kimi qorumalıdır. Çünki dövlətçilik olmadıqda və ya zəiflədikdə, yuxarıda sadaladıqlarımın heç biri amanda qalmır.

Qafar Cəfərli doğma elimizin öz milli-mənəvi dəyərlərinə sadiq olan tanınmış ziyalı şəxsiyyətləri, yazıçı-dramaturqu və publisistlərindən biri olmaqla yanaşı həm də, hər zaman dövlətçiliyə sadiq olan önəmli simalardan sayılır. Onun müxtəlif dövlət orqanlarında çalışması da, dövlət və dövlətçilik ənənələrinin mükəmməl səviyyədə öyrənilməsi və mənimsəməsinə təkan vermişdir.

 

5. Əsil kübarlıq və insanlıq nümunəsi;

Bir insan ali təhsil alıb bir və bir neçə diplom, elmi dərəcə sahibi, bacarıqlı qələm sahibi olaraq çoxsaylı şeir, hekayə, povest və romanların müəllifi, yüksək vəzifələrə yiyələnib əmr və söz sahibi, həmçinin, həyatda maddi imkan baxımından zəngin və varlı bir şəxs ola bilər. Lakin heç şübhəsiz, bütün bunlardan daha önəmli olanı insanın bu fani və ötəri həyatda insanlığı, mədəniyyəti, etikası və insani dəyərləridir. İnsana qalan və özü ilə o biri aləmə aparacağı da, məhz budur.

Qafar müəllimi yaxından və uzaqdan tanıyan hər bir insan onun həyatda bütün yüksək vəzifələr, bacarıqlı qələm əhli və digər imtiyazlarına rəğmən hər zaman əsil ziyalı şəxsiyyət, yüksək mədəniyyət və etika sahibi, həmçinin, həyatda və cəmiyyət arasında kübar insan olduğunu təsdiq edə bilərlər. Bunu onun davranış tərzi, danışığı və müxtəlif sahələrə aid olan mövqeyindən də əldə etmək mümkündür.

O, sözün həqiqi mənasında öz varlığı və bütün dəyərləri ilə ölkənin cənub bölgəsində möcvud olan ədəbi mühiti tarazlayan, onun tərəqqisi və inkişafına xüsusi rövnəq verən mayak və ziyalı ağsaqqaldır.

Mən və məndən yaşda kiçik olanlar Qafar müəllim kimi kübar və ziyalı bir yazıçı-dramaturqla eyni zamanda, eyni ölkə və eyni bölgədə yaşamağa görə fəxarət hissi keçirir, gələcək zamanlarda da, bunu xüsusi fəxarətlə yad edəcəyik.

Sonda Ulu Tanrıdan bölgəmiz və ölkəmizin dəyərli yazıçı-dramaturqu, ziyalı və kübar şəxsiyyəti Qafar Cəfərliyə uzun, sağlam və mənalı ömür, yaradıcılıq sahəsində davamlı və bərəkətli uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyası da bu təbrikə qoşulur, dəyərli ziyalımıza cansağlığı, uzun ömür və yaradıcı nailiyyətlər arzulayır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Понедельник, 03 Март 2025 14:29

MİLLİ KİNOMUZ - yolları qarışdıranların “Yol əhvalatı”

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət”  

 

Rejissor Teymur Bəkirzadənin 1980-ci ildə ekranlaşdırdığı  “Yol əhvalatı”  filmi yəqin ki, hamımızın yadındadır. Mustafa ilə Zümrüdün bir-birinə olan sevgisi, “jek” işçisi və  eyni zamanda  “işbaz”  Qurban kişi  və. s. 

 

 Zümrüdün könlü Mustafada olsa belə,  Qurban kişinin fikri isə qızını Fəridə verməkdəydi. Elə Fəridin də başqa istədiyi olduğu üçün bu toyun olmasını istəmirdi. Qurban kişi Mustafa ilə Zümrüdü ayırmağa çalışsa da bunu bacarmadı. 

Film  komediya və məhəbbət janrı üzərində çəkilmişdir. Filmin gülməli nöqtələri az deyil.  Məsələn, Qurbanın bacısıoğlu Makintoşun dayısına ərəb qalstukunu fransız qalstuku adı ilə satmağa çalışması, həmçinin, balaca itin ucbatından evi qəzalı vəziyyətə düşən şikayətçinin Qurban kişiyə heç cür evini təmir elətdirə bilməməsi filmi izləyənlərin üzündə gülüş yaradan anlardandır. Sonda isə Qurban kişinin tutduğu qeyri-qanuni işlər zamanı polis tərəfindən yaxalanması filmin kuliminasiya nöqtələrindəndir.

Gələk Mustafa ilə Zümrüdün qovuşmasına. İlk gündən bir-birini sevən bu iki gənc sevgiləri üçün hər formada mübarizə aparır və ayrılığı heç cür qəbullanmırlar. Hər nə qədər adi rol olsa belə, Mustafa ilə Zümrüdün sevgisiLeyli ilə Məcnuna, Əsli ilə Kərəmə taydır. Heç bir toxum asanlıqla tumurcuqlamaz. İstər sevgidə, istərsə də həyatda hərşey mübarizə tələb edir. Sonu nə olursa olsun, sevginiz üçün, yaşamınız üçün çırpının. Nədə olsa, həyat bir mübarizədir. 

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

Понедельник, 03 Март 2025 14:00

ANAR, “Çinar ömrü”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

ANAR, “ÇİNAR ÖMRÜ”

 

1935-ci ildə Rəsul Rza “Çinar” şeirini yazmışdır.

 

Gecə keçmiş, ulduzlar ağ, göy, qara...

Söykənmişəm qocaman bir çinara.

Gecə qara.... durdum, düşündüm bir az,

Dedim: – Nədən ulu çinar yıxılmaz?

Birdən çinar dilə gəldi, dedi: – Bax!

Bu torpaqda dərindən kök salaraq,

Hər tərəfə uzatmışam qolumu,

Övladlarım bürüyüb sağ-solumu.

Belə məğrur dayanmağa haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam.

 

Bu şeir ədəbiyyatımızda çinarı vətənin, xalqın, torpağın timsalı kimi mənalandıran ilk şeirdir. Eyni zamanda, Rəsul Rzanın iyirmi beş yaşında yazdığı bu şeirdə rəmzi şəkildə sanki onun bütün gələcək ömür yolunun dəqiq və canlı mənzərəsi çəkilmişdir.

Qırx iki il sonra, 1977-ci ildə altmış yeddi yaşındaykən “Çinar ömrü” şeirini yazır:

 

Bir belə çinar ömrü olsun,

deyirəm, ömrüm...

Bir ömür ki,

kimsəyə əziyyəti dəyməmiş olsun.

Bir ömür ki,

heç kəsə baş əyməmiş olsun.

Bir ömür ki,

həm yoxuşu şərəfli,

həm dözümlü enişi,

Bir insan ömrü –

Kişi ömrü, kişi!

 

Rəsul Rza ömrü yalnız şərəfli, dözümlü, heç kəsə baş əyməmiş kişi ömrü olduğuna görə deyil, həm də dəyişən dövranların, zamanların ərzində öz varlığını, mənini, təməl dəyərlərini qoruyub saxladığı üçün Çinar ömrüdür. İyirmi beş yaşın Çinarından qoca yaşların Çinar ömrünə qədər uzanan, dönmədən, azmadan, sapmadan qət edilmiş bir həyat yoludur. Bu insan və sənətkar ömrünün ilk çılğın gənclik çağıyla müdrik ahıllıq dövrü arasındakı fərq – Çinarın pöhrəsiylə, fidanıyla Ulu Çinar arasındakı fərq kimidir. Çinar pöhrəsi böyüyür, qol-budaq atır, kölgəsi genişlənib meydan olur, amma o dönüb vələsə, palıda, qarağaca çevrilə bilməz. Çinar olub, Çinar kimi qalıb qocalır. Lakin pöhrə çinar da, Xan çinar da yarpaqlarından tanınır – yarpaqlarının biçimi eynidir, dəyişmir, körpəliyində də, cavanlığında da, qocalıq çağında da...

 

***

1910-cu il mayın 19-da Göyçayda Mirzə İbrahim Məmmədxanlı və Məryəm xanımın ailəsində doğulan Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir. Təbii ki, bu yolu bəyənmək də olar, bəyənməmək də. Bu, zövq məsələsidir. Bu yolu qəbul etmək də olar, etməmək də. Bu da meyil, səviyyə, marağın yönüylə bağlıdır. Bu yolla getmək də olar, getməmək də. Bu da istək və şübhəsiz, bacarmaq məsələsidir. Çünki tək istək azdır, bu yolla getməyi bacarmaq da lazımdır.

Hətta bu yolla gedib bu yolla getdiyini inkar etmək də mümkündür. Bu da insaf məsələsidir. Amma istər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz.

Bu yolda qarşısına çox çətinliklər çıxdı, çox maneələri dəf etməli oldu. Amma vaxt, zaman özü hər şeyi tənzim etdi, tənzim edir və tənzim edəcəkdir.

Yenilik – yenilməzdir. Yalnız üslubda, bədii ifadə vasitələrində deyil, ümumən ictimai və milli şüurda yenilik. Fikir, düşüncə yeniliyi. Yaşamaq yeniliyi...

Və yenilik yenilməz olduğuna görə onun uğrunda mübarizə də yorulmazlıq, usanmazlıq və dözüm istəyir. Rəsul Rza poeziyasının təməl sözlərindən biri “DÖZÜM” sözüdür. Bu sözü tapıb, “səbir”, “təhəmmül” kəlmələrinin yerinə işlədərək kitablarının birinə ad qoyub. Və bu söz ən çox Rəsul Rzaya yaraşır, çünki ömrü boyu zamanın rüzgarına qarşı gedib – ÜZÜ KÜLƏYƏ (bu da şeirinin və kitabının adıdır). “Mən torpağam” şeirində yazdığı “Mən bulağam, tapşırıqla axmıram!” devizinə həmişə sadiq qalıb.

 

***

Rəsul Rza yalnız doğuluş və ölüm tarixinə, yaradıcılıq illərinə görə deyil, sənətçi varlığının bütün mahiyyəti etibarilə XX əsr şairidir, yəni əsrin bütün təzadlarını, yüksəlişini, ümidlərini, eyni zamanda, ümidlərin tar-mar olmasını, dövrün dərdlərini, faciələrini, xəyal qırıqlığını yaşamış və əsərlərində gah birbaşa açıq, gah da içində ömür sürdüyü şəraitin yasaqlarına görə, örtülü şəkildə, dolayısıyla – Ezop diliylə əks etdirmişdir.

 

***

Çox əhatəli mövzunu bir qədər daraldacaq olursaq, şeirimizdə yenilik əyləmlərinin ən parlaq örnəyi – türk sərbəst şeirinin yaranması, inkişafi, bu yolda qarşılaşdığı çətinliklər, müqavimət və əngəllər, bu yolun yolçularının öz sənət anlayışları, estetik idealları uğrunda cəsur, yorulmaz və sonucda zəfər çalan mübarizələridir.

Rəsul Rza istedadının nəticəsidir ki, bir şair kimi həm özünü, həm də sərbəst şeiri poeziyamızda təsdiq etmişdir.

Bütlər yıxılandan, ideallara inam qırılandan, uzaq gəncliklərində tapındıqları bir çox həqiqətlər bərbad olandan sonra bu aldanışların acısını yazmaq üçün tale Rəsul Rzaya daha artıq möhlət verdi – 71 illik ömrünün son gününəcən qələmi əlindən qoymadı, həm özünün, həm çağdaşlarının, nəsildaşlarının, həm də cəmiyyətin, quruluşun ziddiyyətli, müsibətli, əzab və iztirab dolu yolundan, ayrı-ayrı insanların faciələrindən, nakam bəxtindən neçə-neçə əsər yazdı (“Qızılgül olmayaydı”, “Ömür keçdi, gün keçdi”, “Rekviyem”, “İnsan”, “Ömürdən səhifələr”, “İnsan şəkli”, “Səhifələrin yaddaşından”, “Yazıq sənə, Rəsul Rza” və b.).

Bu xəyal qırıqlığı, həyatdan küskünlük, bezginlik ovqatı Rəsul Rzanın bir çox şeirlərində – ictimai mənası birbaşa ifadə olunmayan, amma bədbinlik motivləri canına, qanına hopmuş şeirlərində də ifadə edilmişdir. Doğrudan da, ömrünün müəyyən illərindən, itkilərindən, mənəvi sarsıntılarından sonra günün hər bir çağı – axşamı da, səhəri də, gündüzü də şair üçün mənasızlaşır, yalnız ümidsiz, üzücü bir gözləməyə, intizara çevrilir:

 

Deyirlər,

axşamlar kədər gətirir.

Deyirlər,

can sıxır qaranlıq gecə.

Deyirlər… deyirlər…

Gündüzlər necə?

Gündüzlər

səbirsiz gözləyirik ki,

bir axşam olsun,

bir gəlsin gecə.

 (1959)

 

Bu, bəlkə də Rəsul Rzanın ən bədbin, ən ümidsiz şeiridir.

Ancaq belə hüznlü sonluğu olan mənəvi təkamülün, ümidsiz intizarla nəticələnən yaradıcılıq yolunun işıq, bahar, gənclik, ümid və mübarizə eşqiylə dopdolu başlanğıcı da, həyat şövqüylə çağlayan ibtidası da olub axı... Əsrin ikinci yarısında qaranlıq gecənin, kədərli axşamın üzücü gözləmələriylə yaşanılan ömrün iyirminci illərin sonu – otuzuncu illərin əvvəllərində bol günəşli səhəri də olub...

1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalında (№3-4) çıxmış “Bolşevik yazı” tək Rəsul Rzanın deyil, ümumiyyətlə, Azərbaycan poeziyasının o illərdə ən məşhur şeirlərindən biridir.

Bu şeir ruhu etibarilə iyirminci illər Azərbaycan şeirinin səciyyəvi örnəyi olmaqla bərabər, eyni zamanda, Rəsul Rzanın heç kəsə bənzəməyən dəstxətinin ilk parlaq nümunəsidir.

Şeiri diqqətlə və bugünün qərəzli, konyunktur nəzəriylə deyil, obyektiv gözlə oxuduqda əsas mətləbin heç də yalnız otuzuncu illərin şüarçılığından ibarət olmadığını görürsən. Əksinə, düz yetmiş il bundan qabaq yaranmış bu şeir Rəsul Rzanı ömrü boyu düşündürən, bir çox əsərlərində öz əksini tapmış ağlı problemlərlə bağlıdır və müəyyən dərəcədə bu gün belə öz aktuallığını itirməyib.   

Rəsul Rza yaradıcılığında əllinci illərin ikinci yarısı, altmışıncı illərdə kardinal bir dönüş olduğunu, tamamilə yeni bir səhifə açıldığını iqrar edənlər yalnız qismən haqlıdırlar. Həqiqətən də, Nazim Hikmətin dediyi kimi, əsrin ikinci yarısında Rəsul Rzanın sanki yeni nəfəsi açılmışdır. Nazimin R.Rzaya həsr olunmuş məqalələrindən biri məhz elə “İkinci nəfəs” adlanır. Ancaq onu da unutmaq olmaz ki, bu yeni dövr yaradıcılığının bir çox mövzuları, məzmunları, ovqatları otuzuncu illərdən gəlir. Yeni forma axtarışları, sərbəst vəznin müxtəlif intonasiyalarını, bölgü və qafiyə prinsiplərini yeni-yeni imkanlarla zənginləşdirmək işinə də Rəsul Rza poeziyada ilk addımlarından başlamış, ömrü boyu bu işi davam etdirmiş və son dövr yaradıcılığında zirvələrə ucaltmışdır. Əsrin ikinci yarısında əlli, altmış, yetmiş yaşlı şairin yorulmaz gənclik ehtirası, cavanlıq həvəsi və şövqüylə apardığı axtarışları, eksperimentçiliyi qibtə ediləcək təəccüb doğurur, amma axı bu forma, səs düzümü, alliterasiya təcrübələrinə də Rəsul Rza otuz, qırx, əlli il qabaq başlamışdı.

 

***

Nəsillərində varlıların, sovet ideolojisinin diliylə desək, “sinfi istismarçılar”ın olmamasına, Türkiyədəki qohumu – Nigar Rəfibəylinin böyük qardaşı Kamillə qırx il heç bir əlaqə saxlamadıqlarına baxmayaraq, Rəsul Rzanın anketi yenə də təmiz sayılmırdı.

Xan nəvəsi ola-ola

ərizə verəsən komsomola?

 

Bu misralar altmışıncı illərdə yazılıb, yəni o vaxtlarda ki, artıq belə mövzulara az-çox toxunmaq olurdu. Amma önəmlisi odur ki, bu ağrılı mövzuya Rəsul Rza hələ otuzuncu illərdə, yəni sovet cəmiyyətinin ədaləti haqqında ilk şübhə toxumları qəlbinə yeni-yeni səpildiyi vaxt müraciət edib. Bu illərdə “Torpaq olmuş sümüklər” adlı bir şeir yazıb (Daha doğrusu, o vaxt şeirin adı “Torpaq olmuş kəmiklər” olub. O vaxt bizdədə işlənən “kəmik” kəlməsi Türkiyə türkcəsində sümük mənasındadır, “sümük” isə bu dildə yaxşı söz deyil). “Kəmik” sözünü və kəlmələrin ovaxtkı yazılışını saxlamaqla, həmin şeirdən bir neçə sətir misal gətirirəm:

 

Hey...

Nələr çəkmədi Rzanın başı!

Atdığım hər addımda

Kəmiklər çıxdı qarşıma.

Kəmiklər bəndləndi,

Kəmiklər kəməndləndi,

Kəmiklər buraxmadı iləri.

Dönə-dönə varaqladılar

yaşımdan yaşlı

günlərimin, illərimin

sarı yapraq kitabını...

Bəsdir, yetər!..

Neçin, neçin verməliyəm

topraq olmuş kəmiklərin hesabını?

Məsələ yalnız XIX əsrdə yaşamış, sümükləri çoxdan çürümüş ulu babası Məmməd xanda deyildi. Məsələ bir də ondaydı ki, Rəsulun əmisi Qafar Məmmədxanlı Müsavat Partiyasının Göyçayda təmsilçisi idi.

Sovet ideoloji qəliblərinə heç cür uyğun gəlmirdi Rəsul Rzanın və nəslinin, ailəsinin anketi. Bu, azmış kimi, Rəsul Rza üstəlik Nigar Rəfibəyli ilə ailə qurmuşdu. Nigar Rəfibəylinin el ağsaqqalı kimi tanınan babası Ələkbər bəy Rəfibəyli Azərbaycanda ilk siyasi partiya olan “Difai” partiyasının qurucularından və Gəncədə rəhbərlərindən biri olub. Ələkbər bəyin yeganə oğlu Xudadat bəy Rəfibəyli 1918-ci ildə Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə müstəqil Azərbaycan hökuməti qurularkən bu hökumətin ilk səhiyyə naziri, sonralar isə Gəncənin general-qubernatoru vəzifələrini tutub. 1920-ci ildə, bolşeviklər Azərbaycanda hakimiyyətə gələndən sonra Xudadat bəy Gəncə üsyanının təşkilatçılarından biri kimi ittiham olunaraq həbs edilmiş, erməni şahidlərin şəhadəti, erməni müstəntiqin apardığı iş və erməni hakimin kəsdiyi qərarla Xəzər adalarının birində güllələnmişdir.

Hamını repressiyaların həm kəmiyyəti (minlər, milyonlarla məhkum olunmuşlar), həm keyfiyyəti (ən məsul vəzifəli şəxslər, ən məşhur sənətçilər belə ağır cəzalardan sığortalanmayıb) ilə qorxutmaq istəyirdilər. Niyyət bu idi. Birini Sibirə sürgünə göndərmək, başqasını azadlıqda saxlayıb öz içinə sürgün etmək. Hamını bir-birindən şübhələndirmək, ən yaxın, ən məhrəm adamlardan belə çəkinmək, xısın-xısın danışıqların, pıçıltıyla qulağa deyilən sözlərin belə “lazımi yerlər”ə – ixtiyarlılara çatdırılacağının vahiməsi. Buna görə də gedənlərin dalınca daş, ya çirkab atmaq istəməyənlərin yeganə abırlı xilas yolu – susmaq, sükutu seçmək, danışmazlığa üstünlük vermək, daxilinə çəkilib dərdini, ağrını heç kəsə büruzə vermədən öz içindəcə çəkmək idi.

 

Vaxt olub ki,

bütün günü ac-susuz,

gecə sübhə kimi yuxusuz,

nigaran qəlbimlə

baş-başa qalıb,

səsimi içimə salıb,

xısın-xısın ağlamışam.

Görənə naxoşam, zükam olmuşam, –

deyib,

gizlətmişəm dərdimi.

O zaman

gedənlərin arxasınca sızlayan

öz sirrini büruzə verərdimi?

 (Qızılgül olmayaydı)

 

Məşhur yazıçılardan kiminsə çox dəqiq fikri var: “Senzura elə bir tordur ki, kiçik balıqlar bu tora düşür, böyük balıqlar isə qurtulub çıxır”. Doğrudan da, Rəsul Rzanın şeirlərində “kiçik balıqlar” senzura toruna düşüb çabalayanda, nəşrinə izin verilməyəndə, “iri balıqlar” bu toru deşib hürr fikir dəryasına qovuşurdu.

Bu, bəzən senzorların “dünyadan bixəbərliyindən” (nə yaxşı ki, beləydi) irəli gəlirdi. Azərbaycan ədəbiyyatında, bəlkə də bütün sovet ədəbiyyatında ilk dəfə olaraq, Rəsul Rza “İnsan şəkli” (1964) şeirində alman nasistlərinin ölüm düşərgəsi olan Osvensim adını Stalin sisteminin sürgün və ölüm yeri Kolımayla yanaşı çəkmiş və beləliklə, bu iki qəddar rejimin insana eyni şəkildə düşmən kəsildiyini göstərmişdi:

 

 

Bir yanda Osvensim,

minlərlə insan dizi bükülü.

Bir yanda yolları insanla döşənmiş

Kolıma.

...Və senzura bunu buraxmışdı.

 

***

Stalin rejiminin və onun Azərbaycandakı M.C.Bağırov filialının qurbanları, 37-ci il cinayətlərinin günahsız “gedənləri” Rəsul Rzanı həyatı boyu düşündürən və yaza bildiyi vaxt yazdığı mövzu idi.

37-ci il qurbanı nakam Mikayıl Müşfiqə həsr olunmuş “Qızılgül olmayaydı” poeması yalnız Azərbaycanda deyil, bütün SSRİ-də bu mövzuda yazılmış ilk əsərlərdən idi.

A.Soljenitsının məşhur “İvan Denisoviçin bir günü” povesti 1956-cı ildə yazılmış və nəşri 1961-ci ildə mümkün olmuş “Qızılgül olmayaydı” poemasından bir il sonra meydana çıxdı.

Poemada sovet rejiminin ən amansız və ən qəddar repressiyalar dövrü belə təsvir edilir:

 

Kimisi getdi,

bir də geri dönmədi,

Qara maşına minib.

Kimisi xoşbəxt oldu,

əqlini itirib.

 

Bu poema yalnız “gedənlər”in, Sibirə sürgün olunanların, öldürülənlərin, məhbəslərdə çürüdülənlərin faciəsi haqqında deyil, həm də “qalanlar”ın, öz içinə sürgün edilmişlərin, yaddaşlarının təklik məhbəsinə atılmışların, susmağa məhkum olunmuşların, keçmişləri, hafizələri güllələnmişlərin faciəsi haqqında Zamanın şəhadətidir. Rəsul Rzanın özünün də mənəvi iztirabları barəsindədir, o dövr haqqında acı və səmimi etirafıdır.

 

***

1959-cu ilin aprelində Bakıda partiya fəallarının toplantısında çıxış edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ovaxtkı ideoloji katibi məruzəsində deyirdi:

“Yaradıcı işçilərimizin heç də hamısı həyatla ayaqlaşmır. Bəzən ədəbiyyat və incəsənətimizdə ideya və bədii cəhətdən zəif əsərlər meydana çıxır. Rəsul Rzanın “İnsan” şeiri buna misal göstərilə bilər... Kommunizm qurucusu olan sovet adamı ədəbiyyat və incəsənət əsərlərinin əsas qəhrəmanı olmalıdır”.

Əsərin bədii cəhətdən zəifmi, güclümü olduğunu otuz illik yaradıcılıq yolu keçmiş Rəsul Rza hər hansı partiya katibindən daha yaxşı müəyyənləşdirə bilərdi, amma kommunist ideolojisi baxımından “İnsan” şeirində təsvir edilən obrazın gerçəkdən də “kommunizm qurucusu” olan sovet adamına heç bir dəxli yoxdu və bu cəhətdən katib də, onun sözlərindən vəcdə gəlib “əlüstü” nəticələr çıxaran tənqidçilər də haqlı idi. Elə həmin 59-cu ilin aprel ayında ideoloji katibin tənqidindən dərhal sonra “isti-isti” “Ədəbiyyat və İncəsənət” qəzeti (11 aprel 1959-cu il) “İnsan” şeirinə şairin başqa əsərlərini də qataraq hücuma keçir: “Rəsul Rzanın “İnsan” adlı bədbinlik təlqin edən zərərli şeiri, eləcə də “Anket əhvalatı”, “Sadə səbəb”, “Təcrübəsizlik”, “Ceyran dedi”, “Sığorta” və başqa şeirləri müasir həyatımızdan, onların (kimlərin? Həyatın? – A.) dünyagörüşündən uzaq əsərlərdir. Belə əsərlərin dərc edilməsi təkcə öz yaradıcılığına qarşı az tələbkar olan müəllifin qüsuru deyil, həm də onların çapına icazə verən redaksiya heyətinin də nöqsanıdır”.

Ədəbi qəzetdə bir rəy kimi söylənmiş bu fikir Kommunist Partiyasının rəsmi mətbu orqanı olan “Kommunist” qəzetində artıq bir rəy kimi yox, bir hökm kimi səslənirdi. 1959-cu il aprelin 18-də “Kommunist” qəzeti iki padval yazı – Rəsul Rzanın SON şeirlərinin kəskin tənqidinə həsr olunmuş “Günün tələbləri səviyyəsinə” adlı məqalə verdi. Məqalə imzasız idi və sovet ideoloji sisteminin qaydalarına bələd olanlar bilirlər ki, bu, daha da təhlükəli idi. Çünki imzayla, hətta rəsmi mətbuatda dərc olunmuş yazı müəyyən bir adamın şəxsi fikri qəbul edilə bilərdi, rəsmi partiya orqanında imzasız verilən yazı isə ümumən Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin, yəni ən ali hakimiyyətin rəyi, daha doğrusu, hökmü və qərarı kimi anlaşılırdı.

 

***

Rəsul Rza 1970-ci ildə yazdığı “Qarabağ – baba yurdum” və on il sonra, 1980-ci ildə yazdığı “Şuşam mənim” şeirlərində gələcəkdə qanlı hadisələrə səbəb olacaq Qarabağ məsələsinin səbəblərini göstərir, torpaqlarımıza düşmən tamahı, yad iştahı haqqında xəbərdarlıq edir. Nə yazıq ki, bu xəbərdarlığı o vaxt eşidən olmadı. Daha doğrusu, yalnız ermənilər eşitdi və Moskvadakı erməni dairələrinin təhriki ilə Rəsul Rzaya “millətçi” damğası vuruldu. Həmişə deputatı olduğu Azərbaycan Ali Sovetinə seçilmədi, həmişə üzvü olduğu SSRİ Yazıçılar İttifaqının idarə heyətinə düşmədi. Ensiklopediyadakı fəaliyyəti də “günahlarından” biri və bəlkə də birincisi sayılırdı.

Şairin “günahı” cərəyan edəcək hadisələri qabaqcadan duymaq və bu barədə öz sözünü demək idi.

 

Şuşam mənim,

mətanətlə, dəyanətlə, səxavətlə

qoşam mənim.

Yüz bir şəhər adı çəkim,

Gözəllikdə sənə tay olarmı?

“Vətən” adlı doğma yurddan

Püşk olarmı? Pay olarmı?

 («Şuşam mənim» şeirindən, 1980)

 

Nə yazıq ki, Vətəndən, Qarabağdan, Şuşadan “püşk olarmı, pay olarmı” sualına cavab minlərlə insanın qanı bahasına verildi.

Rəsul Rza bu sayaq “tənqidlər”ə kəmetinalığında israr edir, “qatığın ağ olduğunu” heç cür etiraf etmirdi və “qatığın ağ olduğu” kimi həqiqətləri, bu sayaq kəşfləri, ixtiraları opponentləri olan başqa şairlərin ixtiyarına buraxırdı. Əlbəttə, Rəsul Rza qatığın ağ, qurumun qara olduğunu ən azı onu tənqid edənlər qədər bilirdi. “Qatıq ağdır” yazsaydı, yəqin ki, düz olardı, hamı da razılaşardı, heç kəs etiraz etməzdi. Amma bu, – şeir olmazdı. Rəsul Rzanı tənqid edənlər və özlərini xalq dilinin, xalq ifadələrinin bilicisi kimi qələmə verənlər xalqın işlətdiyi ən adi deyimləri unudurdular. Xalq “ağ yalan” deyir, “qara böhtan” deyir. Yalanın, ya böhtanın rəngini necə təyin etmək olar, görəsən? Nəyə görə yalan məhz ağ, böhtan isə qaradır? Xalq “ağa qara demək” ifadəsini də işlədir. “Rənglər”i, həqiqətən də, diqqətlə, həm də pis niyyətlə oxumasaydılar, görərdilər ki, “qatığın qara”, “qurumun ağ” olması sözləri silsilənin məhz bir şeirində, “Əl vurmayın, rənglənib” şeirində ifadə olunub. “Əl vurmayın, rənglənib”, yəni üstünə boya çəkilib, toxunsan bulaşarsan. “Əl vurmayın, rənglənib” şeiri yalana, saxtakarlığa, riyakarlığa, qəlp anlayışlara qarşı yönəlmiş şeirdir, odur ki, burda hər şey olduğu kimi deyil, əksi, tərsi şəklində, tərs-məzhəb göstərilir. “Qara qatıq da, ağ qurum da, yeməli qum da, dodaqlara yapışmış saxta təbəssüm də, məhəbbətin surraqatı da, məqsədli, yəni təmənnalı alqışlar da”. Bir sözlə, sovet cəmiyyətinin bütün “doğruya bənzər yalanları”, hər şeyin yanlış şəkildə, həqiqətin üstünə boya çəkməklə təqdim edilməsi... Həmin şeirdə adı çəkilən buqələmunlara, rəngdən-rəngə düşən xamelionlara qarşıdır bu şeir.

Qəzetin elə həmin nömrəsindəcə “Rənglər”ə həsr olunmuş “Şeir, yoxsa tapmaca” adlı məqalə çıxır. Həmin məqalədən bir parçaya diqqət edək:

“Rənglər” şeiri başdan-ayağa qədər bənzətmələr, müqayisələr üzərində qurulmuşdur. Lakin bu bənzətmələr çox qəribə, gözlənilməz və mücərrəd görünür (Əhsən belə məntiqə; guya ki, şeir bənzətmələr üzərində qurulmamalıdır və bu bənzətmələr gözlənilməz olmamalıdır. “Mücərrədlik” də ki öz yerində – A.).

Müxtəlif parçalar içərisində işlənmiş “soyuq tənhalıq”, “cansız barmaqlar”, “boş ürəklər”, “kədər çökmüş üzlər”, “dəryalarla göz yaşı”, “milyonlarla qəbir daşı”, “yanmış ürək”, “şaxta qorxusu”, “hicran qorxusu”, “yanıqlı göz yaşı”, “gecənin tabutuna salınmış örtük”, “buz nəfəsli qaraltı”, “ömürlük dustaq”, “həsrətli gözlər”, “pərişan saçlar”, “titrək dodaqlar”, “nəğməsiz dağlar”, “kor bulaqlar”, “ovsuz ovlaqlar”, “odsuz ocaqlar” və bir sıra başqa ifadələr şeirlərə bir ümidsizlik əhval-ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir”.

Bir xüsusiyyəti qeyd etmək istəyirəm: Sital sovet tənqidçiləri nəyi başa düşməsələr də, hər halda “ideoloji sapıntılar”ın iyini çox yaxşı ala bilirdilər. “Rənglər”in şifrə edilməsinin bir səbəbi də Rəsul Rzanın senzura duzaxlarından qurtulmaq cəhdi idi. Bu biçarə tənqidçi hardan biləydi və öncədən duyaydı ki, “Rənglər” yazılan gündən 25-30 il keçəcək və sovet dövrü, repressiya qurbanlarının “milyonlarla qəbir daşı”, Sibirə sürülmüşlərin “şaxta qorxusu”, “buz nəfəsli qaraltısı”, əzizlərini itirmişlərin “dəryalarla göz yaşı”, “titrək dodaqlar”, “hicran qorxusu”, “yanmış ürəklər”, “soyuq tənhalıq” insanların bu rejimdə “ömürlük dustaq olmaları” artıq hamının işlətdiyi ifadələrə çevriləcək. Bütün bunlar haqqında, qüssə və soyuqluq gətirən əhval-ruhiyyə barəsində dönə-dönə yazılacaq, bu, hətta bir dəbə, modaya çevriləcək, imkan verilən zaman hər kəs öz keçmişdəki cəsarətini bol-bol reklam edəcək. 1963-cü ildə sovet mətbuatında “Rənglər” silsiləsindən məhz bu faciəvi, bədbin, qüssəli və ümidsiz ifadələri seçib yan-yana düzmək isə müəllifin bunu qəsdən və ya başa düşmədən etməsindən asılı olmayaraq siyasi xəbərçilik, donos idi.

Təbii ki, Rəsul Rzanın assosiativ prinsipləri subyektivdir, özünəməxsus qanunauyğunluqlar üzərində qurulur, yalnız öz fikir, düşüncə axarına tabedir. Amma məgər şair öz içəri aləminə deyil, başqa birisinin fikir və düşüncə axınına tabe olmalıdır? Doğrudan da, sual oluna bilər: bənövşəyi rənglə boynuburuq yetimin nə əlaqəsi var? İzahı çox sadədir: Aşıq Qurbaninin “Bənövşə” qoşmasında deyilir:

 

“Ayrılıqmı çəkmiş, boynu əyridir,

Heç yerdə görmədim düz bənövşəni”.

 

Yaddaşında yaşayan bu misralara görə Rəsul Rza öz təsəvvüründə boynuburuq yetimi məhz bənövşəyi rəngdə görür.

“Rənglər”i qəbul etmək də olar, qəbul etməmək də, amma bu səpkili şeirləri qapıdan qaytarmaq, qadağan etmək, çap olunmasına yasaq qoymaq və müəllifi döymək, qovmaq, cəzalandırmaq kimi o dövrün çağırışları dözülməzdir.

Rəsul Rzanın tapdığı, açdığı bu ədəbi forma da – assosiativ düşüncələr, obrazlar sistemi, təzadlara, paradokslara aşılanmış sətirlər indi tamamilə təbii bir şeir biçimi kimi vərdişli olub, daha heç kəsi çaşdırmır. Yeni nəsil şairlərinin bir çoxu bu biçimdən gen-bol istifadə edir. Milli poeziyamızın yeni mərhələləri bu sayaq şeiri bizə məhrəmləşdirdi, aydınlaşdırdı. Təəssüf ki, haçansa belə çətinliklə açılmış yolla indi asanlıqla addımlayanların bir parası bunu unudur, ya başa düşmür, ya da qəsdən özlərini bilməzliyə vururlar.

 

***

Vaqif Səmədoğlunun Rəsul Rzaya həsr olunmuş yazılarından biri “Rəsul Rza marafonu” adlanır: “Rəsul Rzanın 100 yaşı tamam olur. Minillik Azərbaycan poeziyasının ən Anlanmamış Şairinin! Xalqına, torpağına uzatdığı əli hələ də havada qalmış, bu yurdun ən Mütəfəkkir Şairinin 100 yaşı. Bu əl gödək deyil, o uzalı ələ çatmayan bizim əllərimizdir. Bunu etiraf etməsəm, öz qələmimi yerə qoyasıyam. Ancaq mən o günü görürəm, bu əllər qovuşacaq günü. Rəsul Rza marafonu sona yetəndə. Orda bu böyük Şairi və əsrimizin ən maraqlı, parlaq insanlarından birini onun özü arzuladığı və aydın gördüyü bir Azərbaycan gözləyir. Azad düşüncəli, maariflənmiş, savadlı, güclü, dözümlü və həzin bir Vətən...”

 

***

Rəsul Rza 1981-ci il aprelin 1-də vəfat etdi.

 

***

Mən xoşbəxt olardım

tabutumu özüm apara bilsəm!

Adımı, xatirəmi

yazılı nitqlərdən,

sərin ahlardan qopara bilsəm...

 

 “Mən xoşbəxt olardım, tabutumu özüm apara bilsəm!” – bu sözlərdə Rəsul Rzanın bütün təbiəti ifadə olunub – məğrurluğu, tənhalığı, hikkəsi.

 

***

Bu gün də Rəsul Rzanın tənqid hədəfinə çevrilməsindən üzülmürəm. Əksinə, bu, mənimçün Rəsul Rzanın diriliyinin daha bir sübutudur. Ölülərlə çarpışmazlar. Yalnız dirilərin özləriylə və xatirələriylə bu gün belə onların təsir gücündən ehtiyatlanaraq mübarizə apararlar. Ömrü mübarizələrdə keçmiş Rəsul Rza bu gün yenə də canlı bir varlıq kimi savaş meydanındadır.

Rəsul Rza yaradıcılığını tarixin arxivinə verməyə can atanlar tələsməsinlər. Aprelin 1-də vəfat edən Rəsul Rza mayın 19-da anadan olub.

Apreldən sonra may gəlir. Soyuq, küləkli bir gündə, soyuq, sazaqlı bir dövrdə dünyamızı tərk edən Rəsul Rza “güllü bir may səhərində” – Azərbaycanımızın İstiqlal ayında yenidən dünyaya gəlir.

 

***

Rəsul Rzanın bir arzusu vardı. Həmişə bizə deyərdi ki, mən mütləq XXI əsri qarşılayacağam, yeni minillikdə heç olmasa bircə gün yaşayıb, sonra öləcəyəm.

Yanılmırmış. O özü bizi XXI əsrdə qarşılayır. Çünki ən müxtəlif insanların dönə-dönə dediyi kimi, o, gələcəyin, həm də yalnız yaxın gələcəyin deyil, uzaq gələcəyin şairidir. Bugünlə yaşayan insanların sabah üçün yaşayan insanları anlaması zor işdir. Bu yazımı – Rəsul Rzanın həyatı və yaradıcılığı haqqında Düşüncələrimi – atamın öz sətirləriylə – yalnız bircə sözünü dəyişərək və şairin özünə xitab edərək – bitirmək istəyirəm:

 

Mübarizə bu gün də var, yarın da,

SƏN də onun ən ön sıralarında.

1997-200l, Zuğulba

“Ədəbiyyat və incəsənət”

 (03.03.2025)

 

Понедельник, 03 Март 2025 13:35

Rəsm qalereyası: Minh Yen, “Minimalizm”

Rəsm qalereyası: Minh Yen, “Minimalizm”

 

Çin rəssamı Minh Yen “Minimalizm” adlı bu tablosunu akvarellə çəkib. Özü də relyefli kağızın üzərində. 

Minh Yen təbiət mənzərələrinə ovqat və temperatur verə bilir. Bu qış mənzərəsi sizi üşütdü, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Понедельник, 03 Март 2025 13:33

Uşaqlara qarşı şiddət və zorakılıq - AKTUAL

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Şiddət—bir insanın digərinə qarşı fiziki və ya psixoloji zərərverici davranışlarının cəmidir. Bu iki forma bir-birindən ayrılmazdır və çox vaxt uşaqlıqdan başlayan travmaların nəticəsi kimi ortaya çıxır. Hər şey uşaqlıqdan başlayır—ailədən, məktəbdən, dost mühitindən, hətta küçədən. Ona görə də, gəlin əvvəlcə uşaqlıq travmalarına və uşaqlara qarşı şiddət mövzusuna toxunaq.

 

Hər birimiz qəbul etməliyik ki, cəmiyyətin təməli uşaqlardır. Təəssüflər olsun ki, hər uşaq xoşbəxt uşaqlıq yaşamır. Keçmişində buraxdığı travmalar isə gələcəyinə kölgə salır. Bəzən ən pisi odur ki, bu travmaların təməli məhz valideynlər tərəfindən qoyulur. Üstəlik, valideynlər bunun fərqində belə olmur. Övladlarını incitdiklərini anlamadan böyüdürlər.

Məsələn, bir çoxumuzun rastlaşdığı bir hadisəni götürək: sən hələ uşaqsan, düşüncələrin tam formalaşmayıb və səhvlər etməyin normaldır. Lakin ətrafında həmişə səndən üstün göstərilən bir "xalxın uşağı" olur. O, daha çox çalışır, əla qiymətlər alır, valideynlərini incitmir və böyüklərə hər zaman hörmətlə yanaşır. Sən isə hansısa fəndən zəif oxuyur, bəzən etiraz edirsən və nəticədə günah keçisinə çevrilirsən.

Çoxumuz bu vəziyyəti yaşamışıq, elə deyilmi? Sadə görünə bilər, amma belə müqayisələr uşağın psixologiyasında ciddi izlər buraxır. Daim başqaları ilə müqayisə edilən, dəyəri az göstərilən uşaq istər-istəməz özünə qarşı kinli olur, içində yetərsizlik hissi formalaşır. Belə bir uşağın aqressiv, qapalı və özgüvənsiz böyüməsi təəccüblü deyil.

 

Təhsil sistemində şiddət

 

Təəssüf ki, psixoloji şiddət təkcə ailədə deyil, təhsil sistemində də geniş yayılıb. Yəqin bir neçə ay əvvəl bağçada uşağı döyən tərbiyəçinin videosunu xatırlayırsınız. Amma bu, sadəcə mediada yayımlanan hadisələrdən biridir. Pərdə arxasında nələrin baş verdiyini bilmirik.

Bu hadisədə günahkar təkcə həmin "tərbiyəçi" deyil, həm də valideynlərdir. Ümid edirəm ki, valideyn olan oxucularım məni qınamaz, amma bir çox valideynlər övladlarını, necə deyərlər, "başımdan edim" yanaşması ilə böyüdürlər. Hətta elə valideynlər var ki, uşaqlarını ardıcıl olaraq müxtəlif dərslərə, idman məşqlərinə, yarışlara yönləndirir, onların maraqlarını nəzərə almırlar. Halbuki bu da psixoloji təzyiqin və dolayısıyla şiddətin bir növüdür.

 

Məktəblərdə də bu cür hallar geniş yayılıb. Şəxsən özüm belə bir hadisə ilə qarşılaşmışam. Guya mən şəhərin ən seçilən liseylərindən birində, ən nüfuzlu müəllimlərdən dərs alırdım. Xüsusən də fizikadan dərs deyən başı daz müəllimi xatırlayıram. O, əsla əsəbiləşməzdi, şagirdlərə əl qaldırmazdı. Əksinə, sual verəndə sənə "debil", "kasoy", "qoyun", "gələcəyin mal yığını" kimi sevgi dolu ifadələrlə (!) cavab verərdi. Sualı başa düşməyəndə "başına sığal çəkərək" elə bir izah edərdi ki, özünü daha da alçalmış hiss edərdin.

(Yəqin ki, bunların müqabilində məni etikanı pozub ona başı daz dediyimə görə qınamazsınız)

Bu iki nümunə müasir, kurikulum sisteminə uyğun, ən yeni avadanlıqlarla təmin olunan məktəblərimizdə tətbiq edilən "tədris metodologiyasının" nə qədər "mükəmməl" olduğunun açıq sübutudur.

 

Təhsil sistemindən kənardakı zorakılıq

 

Yəqin ki, hər gün metroda və küçələrdə salfetka, corab, gül satan uşaqlara rast gəlirsiniz. Bəs bu uşaqlar niyə işləyir? Əmək Məcəlləsinə əsasən, valideyn icazəsi ilə uşaq əməyi üçün yaş həddi 15-dir. O zaman küçələrdə diləndirilən və ya işləməyə məcbur edilən azyaşlılara kim icazə verir? Bəs bu uşaqların psixologiyası necə formalaşacaq?

Bəziləri deyir ki, "Qoy uşaq indidən əməyə alışsın". Amma o uşağın yerinə kim məktəbə gedəcək? Kim ona yazmağı, hesablamanı, həyatı öyrədəcək? O, sevgini, qayğını kimdən görəcək? Aradan 10-15 il keçəndə, bu uşaqlar hissiyyatsız, daşlaşmış insanlara çevriləndə günahkar kim olacaq?

 

Cəmiyyətdə şiddətin normal hala gəlməsi

 

Cəmiyyətdə şiddətin yayılmasının əsas səbəblərindən biri də bəzi qrupların bunu normallaşdırmasıdır. Məsələn, yeniyetmələr arasında "A.Y.E qaqaş" fenomeni. Onlar xüsusi geyim tərzi, saç stili və danışıq forması ilə yeniyetmələr üçün "qəhrəman" obrazı yaradırlar. 13-14 yaşlı uşaqlara "vasmi", "təsbehnən adam sındırmaq", "beşbarmaqla gəzmək", "siqaret, alkoqol və narkotik istifadəsi"ni öyrədərək, gələcəyə cinayətkar "canavarlar" yetişdirirlər.

Bu, yalnız psixoloji şiddətdir. Əməli şiddət isə daha geniş və dəhşətlidir—

Zorlanan qız uşaqları,

Erkən yaşda nikah qurbanları,

Alkoqolik ataların döydüyü uşaqlar,

Müharibələrin ortasında doğulan körpələr,

Terror qurbanı olan günahsızlar,

Xocalı, Gəncə, Bərdə faciələri,

İsrail-Fələstin, Suriya, Ukrayna müharibələrində ölən minlərlə uşaq.

 

 

Afrikada aclıq və susuzluqdan ölən uşaqları da unutmayaq. Onlar şiddətli aclıq, şiddətli susuzluq və şiddətli xəstəliklər içində yaşayır. Bukovskinin bir sözünü oxuyanda günlərlə özümə gələ bilməmişdim:

"Bir gün afrikalı xəstə uşaqlara dərman yardımı göndərdik, lakin heç birini verə bilmədik, çünki dərmanların üstündə “tox qarında istifadə olunmalıdır'” yazılmışdı."

Bu, bizi bir daha düşünməyə məcbur edir. Dünyanın hər yerində israfçılıq var, amma şokolad plantasiyalarında çalışan uşaqların şokoladın dadını belə bilmədiyini bilirsinizmi?

 

Şiddət nə yazmaqla, nə düşünməklə, nə də saymaqla bitmir. Dünya dəyişməsə, bu dəhşətlər davam edəcək. Lakin biz, heç olmasa, öz ətrafımızdan başlayaraq, uşaqlara və cəmiyyətə daha insani münasibət göstərərək bir dəyişiklik edə bilərik.

Unutmayaq ki, gələcək indiki uşaqlardan başlayır. Necə ki, hər birimiz bir fidan əkib təbiətə töhfə verə bilərik, eləcə də, uşaqlara qarşı doğru münasibət göstərərək daha ümidli bir gələcək qura bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

 

 

Понедельник, 03 Март 2025 12:46

Günün fotosu: Finlandiyada qütb parıltısı

Günün fotosu: Finlandiyada qütb parıltısı

 

Hazırda dünyanın əksər yerlərindən turistlər Finlandiyaya gedərək qütb parıltısına tamaşa edir, onu lentə alırlar. 

Biz sizə həvəskar kamerası ilə çəkiımiş bir neçə möhtəşəm kadrı təqdim edirik. 

Kadrlar Helsinki ətrafında qeydə alınmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.