Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbüsü və təşkilatçılığı ilə martın 7-də, saat 13:30- da C.Cabbarlı adına  Respublika Gənclər Kitabxanasında Prezident təqaüdçüsü, əmək qəhrəmanı, ictimai xadim Tərlan Musayevanın 70 illik yubileyi münasibəti ilə işıq üzü görən "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının təqdimat mərasimi keçiriləcək. 

 

Kitabın müəllifi yazıçı, araşdırmaçı Vaqif Osmanlı, redaktoru Güllü Eldar Tomarlıdır.

Qeyd edək ki, Tərlan Musayevanın 70 illik yubileyi və kitabın təqdimatı 2025- cı ilin sonuna qədər Azərbaycanımızın şəhər və rayonlarında, mədəniyyət ocaqlarında qeyd olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatı bu ölkədə yaşayan və böyük uğurlar qazanmış soydaşlarımız haqqında film çəkib.

 

AzərTAC xəbər verir ki, Marneulidəki Nəriman Nərimanov adına Mədəniyyət Evində "Novella" filminin təqdimatı keçirilib.

“Aktual Media” qrupunun rəhbəri, aktual.ge xəbər portalının direktoru, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, barələrində mənfi rəy yaradırlar. Haqlı olaraq yeni nəsil azərbaycanlılar bununla razılaşmırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi. Əsas məqsəd stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları geniş ictimaiyyətə çatdırmaqdır.

Bildirilib ki, film Gürcüstanda yaşayan azərbaycanlı gənclərin real həyat hekayələrindən ibarətdir. Səhnə əsərində onların əzmkarlığı, uğuru və cəmiyyətə verdikləri töhfələr bu novellaların əsas süjet xəttini təşkil edir.

“Novella” – sadəcə bir film deyil, həyat hekayələrindən doğan həqiqətləri əks etdirən bədii-sənədli əsərdir.

Filmdə ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın - vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs olunur.

 

Mərasimdə çıxış edən Marneuli meri Kənan Ömərov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov və başqaları çıxış edərək filmin əhəmiyyəti barədə danışıb, yaradıcı heyətə uğurlar arzulayıblar.

Fəaliyyət sahələrində uğur qazanmış soydaşlarımıza hədiyyələr təqdim olunub.

Filmin ssenari müəllifi Elnur Vəlizadə filmin çəkilişləri zamanı gördükləri işlər barədə məlumat verib.

Filmin çəkilişləri Gürcüstanda və Azərbaycanda aparılıb.

Sonra isə film nümayiş etdirilib.

 

Film Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstandakı azərbaycanlı iş adamlarının dəstəyi ilə çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Понедельник, 03 Март 2025 08:30

Uşaq İncəsənət Festivalı – 2025 başlayır

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında bütün uşaqlar və yeniyetmələri peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak etməyə dəvət edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival, istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək, zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədilə təşkil olunur.

 

Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. 19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda hər bir iştirakçı istedadını nümayiş etdirərək, festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edə bilər.

 

Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalanmaq olar.

 

Qeyd edək ki, festival boyunca iştirakçıların ruh yüksəkliyini qorumaq və artırmaq məqsədilə müxtəlif düşərgələr, master-klaslar, incəsənət xadimləri ilə görüşlər və bir-birindən maraqlı tədbirlər həyata keçiriləcək.

 

Bu möhtəşəm və unudulmaz festival, hər bir istedadlı uşağa öz işığını parlatmaq, səhnədə yüksəlmək və böyük tamaşaçı auditoriyasının alqışlarını qazanmaq fürsəti verəcək.

 

İştirak üçün qeydiyyat bu gündən etibarən mart ayının 31-dək www.uif.az saytı vasitəsilə aparılacaq.

 

Əlavə məlumat üçün Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub.

 

Muzeydən AzərTAC-a bildirilib ki, səmimi ünsiyyət şəraitində keçən görüşdə tanınmış detektiv ustası həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən və s. danışıb.

 

Şəhanə Yusufovanın aparıcılığı ilə baş tutan tədbirdə tanınmış yazıçı Ç.Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.

 

Muzeyin direktoru Əminə Məlikova dəyərli Xalq yazıçısına Ənənəvi texnologiya şöbəsində toxunan xalçanı xatirə hədiyyəsi kimi təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

Bütün dünyaya nümunə olaraq təqdim edilən və əksər dünya ölkələrinin böyük məmnuniyyətlə tətbiq etdikləri Azərbaycanın “ASAN xidmət” modeli daim yenilikləri, layihələri, aksiyaları ilə gündəmdə qalmaqdadır.

 

Tətbiq edilən maraqlı layihələrdən biri də avtobuslarla həyata keçirilən “Səyyar ASAN xidmət” layihəsidir ki, sabahdan ta ki martın 18-dək ölkənin bir neçə bölgəsində tətbiq ediləcək, vətəndaşlara xidmət göstərəcək.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”in mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə xidmət 9 bölgədə həyata keçiriləcək. Bölgələri təqdim edirik:

 

Zaqatala,

Neftçala,

Şəmkir,

Ağstafa,

Siyəzən,

Astara,

Naftalan,

Ucar,

Xırdalan.

 

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Saat 13:00-dan 14:00-dək nahar fasiləsi olacaq.

 

Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əminik ki, sözügedən 9 bölgənin sakinləri həvəslə “Səyyar ASAN xidmət”dən yararlanacaq, öz işlərini asanlaşdıracaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Birinci kitabda 186 şeir, 7 poema, 13 pyes, ikinci kitabda 13 hekayə və 2 roman - bunlar  cümə günü Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilən dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrə daxil edilən əsəsrlərin sayıdır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “bp Azərbaycan” şirkətinin dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir. 

Təqdimat mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış eydilər. 

Çıxışlarda dahi şairin Azərbaycan və türk-müsəlman dünyasında ədəbi fikrin inkişafına verdiyi töhfələr vurğulandı, nəşrin əhəmiyyəti yüksək qiymətləndirildi. 

 

Onu da diqqətinizə çatdıraq ki, nəşrlər poliqrafiyası ilə də seçilir. Hər iki kitabda Füzuliyə və onun əsərlərinə aid 226 iklüstrasiya verilib. Hədiyyəlik nüsxələr kimi hazırlanan nəşr ümumilikdə 1140 səhifədən ibarətdir. 

 

Çıxışlardan sonra bədii hissə təqdim olundu. Mütəllim Dəmirov, Aişən Mehdiyeva, Fəxrəddin Salim və Elgiz Əliyevin ifasında Füzulinin qəzəllətinə bəstələnən mahnılar ifa edildi. Əməkdar artist Hüsniyyə Mürvətova, Kamran Yunis, Hüseynağa Abbasov, Sabirə Abdullayeva, Tural Əhməd və Yaşar Kamal şairin şeirlərini bədii qiraət etdilər. 

Sonda “Çiçək” uşaq teatrının hazırladığı “Meyvələrin söhbəti” tamaşası nümayiş olundu. 

Qeyd edək ki, nəşrin layihə rəhbəri “Azərnəşr”in direktoru vəzifələrini icra edən Xəyal Məmmədov, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, dizayneri Mətanət Babayevadır.

Nəşr zəngin Füzuli irsinin daha yaxşı mənimsənilməsi üçün əsl töhfədir.

 

Fotolar AzərTAC-ındır.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Masazır kənd 3 nömrəli tam orta məktəbdə  "Ədəbiyyat ruhun qidasıdır" adlı ədəbi-bədii görüş keçirilib. Görüşdə  Azərbaycan Yazıçılar Birliyinin Poeziya sektorunun  müdiri, tanınmış şair İbrahim İlyaslı, Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı şair-publisist Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair-publisist İntiqam Yaşar,   Azərbaycanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev, AYB üzvü şair Hikmət Fərzəli, AYB üzvü şair Novruz Qələndərli, məktəb rəhbərliyi, gənc ədəbiyyatşünaslar, müəllim və şagirdlər iştirak edib.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin direktoru Gülnarə Allahverdiyevanın salamlama nitqindən sonra söz qonaqlara verilib, qonaqlar çıxış edərək ədəbiyyatımızın  həm keçmişi, həm bu günü ilə bağlı fikirlərini bölüşüb, eyni zamanda  şeirlər səsləndiriblər. 

Sonra şagirdlər qonaqlara öz suallarını ünvanlayıb, tədbirdə qonaq olan ədəbiyyat nümayəndələrinin yaradıcılıqlarından şeirlər söyləyiblər. 

Tədbirin sonunda məktəbin direktoru Gülnarə Allahverdiyeva dəvəti qəbul edib şagirdlərlə görüşə gəldiklərinə görə qonaqlara  kollektiv adından bir daha təşəkkür edib. Xatirə fotosu ilə tədbirə yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədri Rövşən Məmmədovla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı tərəflər arasında Türk dünyasının mədəni irsinin dünyada tanıdılması və media sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin ortaq layihələrin icrası, televiziya kanalı vasitəsilə Türk xalqlarının zəngin mədəniyyətinin qlobal auditoriyaya çatdırılması məsələləri nəzərdən keçirilib.

Müzakirələr zamanı Fondun prezidenti Aktotı Raimkulova Türk xalqlarının mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasının vacibliyini vurğulayıb. 

AzTV-nin sədri Rövşən Məmmədov isə mədəni sferada əməkdaşlığa daim açıq olduqlarını və Fondla iş birliyinin dövlət kanalı üçün ciddi önəm daşıdığını qeyd edib.

Görüşün nəticəsi olaraq tərəflər arasında gələcək layihələrin icrası və qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanması planlaşdırılıb.

 

“Ədəbiyyət və incəsənət”

(01.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin vəfatından 20 il ötür. 

Onu necə tanıyırıq? Ən çətin peşələrdən olan xalçaçııığa ən çətin peşələrdən olan rəssamlığı pərçim edərək inanılmaz mükəmməllikdə işlər ortaya qoyan böyük sənətkar kimi! 

 

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada Dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" Birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 

1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 

Ötən əsrin 50-ci illərindən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. O, ornamentdən istifadə edərək şair və mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq tamaşaçının mənəvi dünyasına təsir göstərir.

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib. Həmin xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. O, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları yaradıb. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərib və məqsədinə nail olub.

Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr edilib.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyəti ilə yaxından tanış olur, İndira Qandinin portret-xalçasını yaratmaq işini reallaşdırıb. O, Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus şəkildə ustalıqla istifadə edib.

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

Azərbaycanın böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyev tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti xüsusən seçilir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyyətinin əsas hissəsini məhz “Azərxalça” Birliyi təşkil edib. Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb. Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olub.

Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

 

Xəbər verdiyimiz kimi, ötən gün mədəniyyət naziri Adil Kərimli Qəbələvətəndaşların müraciətlərini dinləyib. Dinləmə Qəbələ rayon Mədəniyyət Mərkəzində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” potralı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə nazir Adil Kərimli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən səsləndirilən hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.