
Super User
“Xocalı: Həqiqət və Ədalət” adlı virtual sərgi oxuculara təqdim olunub
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanan “Xocalı:Həqiqət və Ədalət" adlı virtual sərgi oxuculara təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə Palitra studiyasının istedadlı tələbələri tərəfindən çəkilmiş Xocalı hadisələrini əks etdirən rəsmlər yer alıb. Gənc rəssamlar Xocalı faciəsinin izlərini, xalqın yaşadığı ağrını və ədalət axtarışını bədii dillə ifadə ediblər.
Sərgi interaktiv formatda təqdim olunaraq virtual oxuculara Xocalı həqiqətlərini dərindən öyrənmək və tarixi faktlarla tanış olmaq imkanı yaradır.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
“YAŞAT” Fondu Naxçıvanda qış düşərgəsi reallaşdırıb
25-27 fevral 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhidlərimizin övladları üçün qış düşərgəsi reallaşdırılıb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, bununla əlaqədar iştirakçılar 25 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.
Layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilə birgə tərəfdaşlıq çərçivəsində həmçinin “Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə baş tutub.
11-16 yaş aralığındakı 25 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan əyləncəli idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.
Düşərgə çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla görüşüblər.
Rəsmilər şəhid övladları ilə söhbət aparıb, onların müxtəlif mövzularda suallarını cavablandırıblar.
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev muzeyinə ekskursiya da təşkil olunub. Həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə 3 gün ərzində iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qvineya-Bisau Respublikasının Prezidenti “ASAN xidmət”i çox əhəmiyyətli layihə kimi qiymətləndirib. O, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qvineya-Bisau Respublikası Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau Respublikasında tətbiqini, eləcə də Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.
Görüş çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Beləcə öz rəsmimizi çəkirik: Yaxşı adam, pis adam - ESSE
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Bəzən olduğumuz yerdən baxanda özümüzü çox lazımlı, hesab edir, hər şeyi bildiyimizi düşünür, biz olmasaq heç kim bacarmaz, iş getməz, bizsiz olmaz deyirik və bu cür qurduğumuz planlara özümüzü inandırırıq ta ki, gözəgörünməz enerji mənbəyi “dur” düyməmizi aktivləşdirənə qədər.
Əlimizi, qolumuzu çəkib bağlayır və deyir: Yığış otur yerinə əslində sən heç kimsən. Sənin yaşadığın dünya mənim otağım, sənin bacardıqların isə uşaq işidi. Sən mənim oyuncağımsan!
Bu baxımdan mən, insan həyatını elektrikli fənərə oxşadıram. Borcu sadəcə işıq salmaqdır. Adam var o işıqdan düzgün və qənaətlə, adam var ki, ziyan işlərə istifadə edir. Və fərqində belə deyilik ki, bu işıq istifadə olunduqca ömrümüz bitir. İşıq söndükdə isə hər yer böyük bir qaranlığa qərq olur.
Qaranlığın hər şeyi udduğu bu proses başa çatdıqdan sonra isə işıqlar yenidən yanar.
Və beləcə aydın olar ki, bütün insanlar bilmədən əllərindəki o fənərin işıq tablosu ilə öz rəsmlərini çəkirmişlər… Yaxşı adam… Pis adam!
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Yeni teatr yarandı - HƏDƏF UŞAQ TEATRI
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün Hədəf STEAM Liseyində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiqin ideya müəllifi olduğu “Hədəf Uşaq Teatrı”nın açılış tamaşası baş tutdu.
“Kitab, yoxsa insan” adlı tamaşanın rejissoru Cavad Nur, ssenari müəllifi isə Günel Rəcəbdir.
Tamaşa günümüzdə aktual olan ana dilinin qorunmasına həsr olunmuşdu. Balabilgələr öz performansları ilə hər bir dil daşıyıcısının ana dilin qorunmasında rolu olduğunu, ana dilin şirinliyini, doğmalığı yalnız kitablarda deyil, xalqın hər bir nümayəndisinin dilində yaşadığını nümayiş etdirdilər.
Bir görəydiniz, balacalar necə həvəslə oynayırdılar.
Böyüklərin Ana dilimizə yabançı münasibət göstərməsinə deyəsən elə bu uşaqlar qoymayacaqlar!
Sonda dəyərli qonaqlardan yazıçı Varis, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, İctimai TV-nin əməldaşı Urfan Məmmədli çıxış edərək tamaşa haqqında öz təəssüratları ilə bölüşdülər, balaca aktyorları, uşaq teatrının heyətini təbrik etdilər.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Filmlərimiz: “Bəyin oğurlanması”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir tərslik ucbatından sevdiyi qadından uzaq düşən İsrafil sonda başqası ilə ailə həyatı qurmalı olur. Zamanında sevdiyi qadının oğlu böyüyür və İsrafilin qızına elçi düşür. İsrafil cavan vaxtı yaşadıqlarını gözünün önünə gətirir. O və sevdiyi qadın da bir inadın qurbanı olmuşdu. Bu səfər də İsrafilin inadçılığı tutur və qızını vermir.
Onu da qeyd edim ki film 1985-ci ildə çəkilmişdir və rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayevdir. Kəndə kino çəkənlər gəlir. Çəkdikləri filmin süniliyi rejissor Həsənin canını möhkəm sıxır. Çox get-gəldən sonra İsrafilin, nəhayət, inadı qırılır və evliliyə razılıq verir. Kənd toylarının adət-ənənələrində bəyin oğurlanması da mövcud idi. Bəyi oğurlayanlar bəyin qaytarılması qarşılığında bir şərt irəli sürərdilər. Bu adəti bilən rejissor Həsən bəyi oğurlayır və şərtinin toyu kinoya çəkmək olduğunu bildirir. Nəticə etibarilə şərt qəbul olunur. Həm sevənlər qovuşur, həm də rejissor Həsən kino çəkmə arzusunu reallaşdırır.
Filmin janrı musiqili komediyadır. Bu həyatda hərşey imtahandır və mübarizə aparmadan heç nə əldə olunmaz.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Gülüş klubunda DOMİNO
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Fəvvarəyə bir manat atıb arzu tutur ki, kaş siqareti tərgidəydim.
Evə dönəndə dözə bilmir, marketdən siqaret almaq istəyir, pulunu sayanda bir manatı çatmır.
2.
Ağıllı kişi yaxşı bilir: əgər onu bloka atıblarsa, demək şəxsən görmək istəyirlər.
3.
Bir kişi Sumqayıt yolunda durub maşınlara əl edir.
Bir qaqaş Rənc roverini saxlayıb soruşur:
-Hara gedirsən?
Kişi sevincək deyir:
-Sumqayıta.
Qaqaş deyir:
-Mən də Sumqaylta. Yarışaq, görək, kim tez çatacaq. Bir, iki, üç.
Va maşın sürətlə yerindən götürülür.
4.
Sosial-müdafiə qurumu yeni layihə hazırlayır. Qocalıq pensiyası 4500 ABŞ dollarına bərabər olacaq.
Pensiya yaşı qadınlarda 127, kişilərdə 132 yaşa qaldırılacaq.
5.
Deyir, Tarif Şurasındakıların başını qatmaq üçün onlara domino alıb vermək lazımdır, qoy başları qarışsın, qiymətlərlə işləri olmasın,
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
REDAKSİYANIN POÇTU - Ovulmuş peçenyelər haqqında ballada
“Redaksiyanın poçtu” bölümündə Nurlana Umudvarın Türkiyədə zəlzələdə Hatay Altınüzü kəndində günlərlə gözlədikdən sonra həyat yoldaşını və 3 uşağını itirən Şərif Ölməzə ithaf olunmuş “Ovulmuş peçenyelər” şeiri təqdim olunur.
Sənə peçenye saxlamışam, qızım
üşümürəm, acmamışam,
möhkəm ol, qızım...
burda çökmüş binaların üstündə
gözləyirəm səni...
əlimlə isidirəm donmuş peçenyeləri
deyirdin, paylaşmaq nədir, ata?
hadi çıx da, paylaşaq, qızım,
cibimdəki peçenyələri...
ömrümüzün qalanını,
qarşıdan gələn baharı...
ovulur axı əlimdə peçenyelər...
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
“Atasız uşaqları incitməyin, Allahın xətrinə dəyir” – ƏDƏBİ GƏNCLİKDƏN SEÇMƏLƏR
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbi gənclikdən seçmələr”in bugünkü görüşündə sizlər üçün istedadlı gənc şair Eminqueydən seçdiyim şeirləri təqdim edəcəyəm.
Əlizadə Emin Akif oğlu - Eminquey
Şair, jurnalist. 11 iyun 1994-cü ildə Bakıda anadan olub. “Eminquey” təxəllüsü ilə yazır. “Günəbaxan” adlı şeirlər kitabının müəllifidir. 2021-ci ildə gənc yazıçı və şairlər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb. 2022-ci il 2 fevral “Gənclər günü”ndə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatını alıb.
***
o gün anamın avazına oyandım,
nə ev təmizləyirdi,
nə pəncərə,
heç evimizin çölə pəncərəsi də yox ki,
açıb udasan otların qoxusunu,
Günəş sığal çəkə dibçəklərə,
gözlərini ovxalayıb
tökəsən küçələrə gözlərinin yuxusunu.
atamçun oxuyurdu "Quran"ı
onun bağlanmış ömür kitabında
səhvləri düzəldirdi,
silirdi,
"günahlarını bağışla, ilahi"
deyirdi...
nə də olsa müəllim işləyib on il,
vərdişidi.
inanmırdım...
elə bilirdi,
adına bişirdiyi yeməkdən atam da yeyəcək,
onunçun çox bişirirdi aşı,
qaranı,
gecə yuxusuna gələcək,
qucaqlayacaq,
göz yaşlarını siləcək.
inanmırdım...
atamdan danışırdı dəqiqəbaşı
divardakı şəklini göstərirdi,
nəfəsini dərirdi,
için-için ağlamaqçun.
o gün bilmişəm,
bizim evin pəncərəsi
atamın divardakı şəklidi,
anam ağlayırsa hava yağışlıdı,
gülürsə günəşlidi.
o gün bilmişəm,
bu ev nə vaxtsa yansa,
anam birinci o şəkli götürəcək özüylə,
yuxularında sağ qalan
atamın bircə sözüylə
xoşbəxt oyanacaq yenə yuxudan.
o gecə məni ən çox qorxudan
anamın bir anlıq kəsilən nəfəsiydi,
deyəsən,
atam möhkəm qucaqlamışdı
onu bu dəfə...
yuxulara inanıb yatdım
o gecə səhərə kimi yuxumda
atamı gözlədim...
***
yağışlar
- Musanın yardığı dənizin sularıdı.
çətirlər
- Musanın tərsinə tutulmuş çomağıdı.
o çomaq məndə olsaydı,
düz müharibənin göbəyində,
bir əlimdə çomaq,
bir əlimdə vərəq,
sülh marşı çaldırardım düşmən əsgərlərinə.
həqiqət,
ağacın arxasında gizlənmiş
küskün bir uşağın gözləri kimi
parıldayır uzaqdan.
alınmaz,
dirijor çıxmaz məndən,
uzaqbaşı güllələrdən leysan yağdıraram
düşmən səngərlərinə.
əgər indi
Musanın çomağı məndə olsaydı,
əminəm,
ac qalmamaqçün
şou göstərirdim,
dovşan çıxarırdım papaqdan.
***
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası - Allah imiş,
biz xoşbəxt olanda
Allah - baba olur...
***
ey sən,
əllərinin qabarında taleyi çirkab adam,
bilirəm,
əllərin ciblərindəki qəpiklərlə kasıblığın tutur ritmini,
çıxırsan Tarqovıya,
o qoca Sveta məğrur yerişlərlə gəzdirir itini,
forsu yerə-göyə,
“Ford”u yollara sığmır,
tənhalıq da belədir,
qollara sığmır,
sığsaydı qucaqlaya bilərdik boşluğu.
lənətə gəlmiş pul,
şəhərin başdanxarab küləyi kimi
hər budağından bir adam aparır,
qızın rütubətdən qaralan divar kağızlarını qoparır,
qadının yuma bilmir
"filankəsin əri bir ailəni də saxlaya bilmir" deyən ağızları.
açırsan televizoru,
" ölkəmizdə yeni həbsxanalar açılır" deyib gülümsünür xəbərçi qız,
gülürsən,
hə qadası,
"söz veriblər ki, hamıya iş də verəcəklər"
açılış sonrası.
indi bilirəm ki, qarışqa yuvaları
bir-birinə qarışmır,
insanlar torpaq uğrunda yarışmır,
ölüm uğrunda yarışır.
insanların pis vərdişləri olur,
məsələn, şokoladı yeyib qurtarırlar,
amma çay qurtarmır.
yəni, ömrün şirin anları tez,
acıları gec bitir...
bilirsən,
yer də qumar masasındakı dəyirmandı,
hamının ömrü bir dəfə də olsa "bankrot"a tuş olur,
atam deyirdi, bil ki,
hədiyyələr hamıya xoş olur,
əgər o qara "çamadan"dan çıxmırsa
yəni, hədiyyələr həmişə sevindirmir.
ey sən, əllərin qabarında taleyi çirkab adam,
bu həyatın dilini bilməlisən,
həyat həmişə insanı ana dilində dindirmir...
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
PORTAL AKADEMİYASINDA - Planlı hərəkət etmək niyə vacibdir?
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Söz verdiyim kimi, biznes-plan barədə daha geniş danışmağa başlayıram. Ümumiyyətlə, hazırkı sürət əsrində planlı yaşamadan nəyəsə iddia etmək çox yanlışdır. O cümlədən, biznes sahəsində də plansız fəaliyyət göstərmək bəri başdan özünü uğursuzluq zolağına düçar etmək deməkdir.
Məsələn, mən elə insanla rastlaşmışam ki, aqrar sektorda biznes qurmaq istəyib, icarə sahəsi götürüb, orda tələb və təklifi öyrənmədən hansısa bir məhsulu əkib, nəticədə külli miqdarda ziyana düşüb. Bir başqası ticarət sektorunda böyük həcmdə bank krediti götürərək mövsümi dəblə tanış olmadan xarici ölkələrdən birindən böyük partiyada qadın paltarı gətirib, nəticə onun üçün də məyusedici olub. Amma bu insanlar planla hərəkət etsəydilər, bazar analiz olunsaydı, mütəxəssislərlə məsləhətləşsəydilər, təbii ki, fiaskoya da uğramayacaqdılar.
Hər bir yeni başlayan və ya artıq təcrübəsi olan iş adamının uğur formulu çox sadədir: Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək.
2010-cu ildə mən həm fəaliyyətə yeni başlayan sahibkarlar üçün, həm də artıq fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün söz söyləmək, məsləhət vermək zərurəti duyaraq biznes planının tətbiqi nəzəriyyəsi mövcusunda kitab yazdım. Mən sahibkarlara aşılamaq istəyirdim ki, hər bir fəaliyyət növünün təməli biznes-planla hərəkət etməkdir. İşin sistemli plan əsasında qurulmasının vacibliyini dərk etməmək, kortəbiilik perspektivlərin uçuruma yuvarlanması deməkdir. Elə həmin kitabda mən həm də biznes aləmində uğur qazanmağın qısaca düsturunu verdim: Biznes aləminin dərin, hərtərəfli analizi onu sübut edir ki, hər bir fəaliyyət növünün uğuru səlis, professional, vaxtlı-vaxtında hazırlanmış plandan və həmin plana əməl edilməsindən asılıdır. Və həmin biznes planın hazırlanmasını da mütəxəssislərə həvalə etmək lazımdır.
Qərb dünyasının biznes aləminin uzun tarixi və bugünkü nəticələri sübut edir ki, hər bir biznesin sığortası və uğuru müxtəlif növ konsaltinq xidmətləri ilə sıx bağlıdır. Dünyanın ən böyük və aparıcı konsernləri əbəs yerə məsləhətçilərlə və konsaltinq qrupları ilə əməkdaşlıq etmirlər ki.
Biznes aləmi sərt və praqmatikdir. Mülayimlik və xeyirxahlığın burada yeri yoxdur. O, sentimentallıqdan məhrumdur və xeyriyyəçilikdən də uzaqdır. Pul müəyyən qayda və qanunlara riayət edərək həmişə onun artımı üçün şərait olan yerə can atır, onun üçün sərt mühit olan yerlərdən yan keçir və xüsusilə də, onun üçün ciddi riskin yarandığı zonalardan uzaq qaçır.
Biznes-plan olmadan, ümumiyyətlə, kommersiya fəaliyyətinə baş qoşmağa dəyməz, uğursuzluğa düçar olmaq riski xeyli böyükdür.
Biznes-plan gələcək müəssisənin və ya layihənin bütün əsas aspektlərini təsvir edən, onun qarşılaşa biləcəyi bütün problemləri analiz edən, həmçinin, həmin problemlərin həlli üsullarını müəyyən edən sənəddir. Buna görə də düzgün tərtib olunmuş biznes-plan sonda bu suala cavab verir: bu işə vəsait qoymağa dəyərmi və bu iş bütün vəsait və güc sərfini ödəyəcək bir gəlir gətirəcəkmi?
Biznes-plan, ilk növbədə, məhz sizə biznesinizin perspektivlərini, mövcud iqtisadi situasiyanı və imkanlarınızı görməyə, kampaniyanın inkişafının effektiv istiqamətlərini və qoyulan məqsədlərin əldə edilməsi üçün bütün zəruri addımları müəyyən etməyə, öz ideyalarınızı analiz etməyə, onların səmərəliliyini və reallığını yoxlamağa imkan verəcək. Bununla əlaqədar təkcə bu planlı işin yekunu – biznes-plan deyil, həm onun işlənib-hazırlanma prosesi qiymətlidir. Bu işə cəlb olunanların hamısı gələcək birgə fəaliyyət və ünsiyyət təcrübəsi, eləcə də biznesin inkişaf perspektivlərinə əsaslandırılmış baxış qazanacaqlar.
Biznes-plan siz və sizin əməkdaşlar üçün standart rolunu oynayacaq. Siz bu standartla onun praktiki reallaşdırılması üzrə fəaliyyətin nəticələrini müqayisə edərək, bu fəaliyyətə zəruri korrektivlər daxil edəcəksiniz. Bu plan əməkdaşlara öz vəzifələrini aydın başa düşməyə, hamı üçün ümumi olan bizneslə bağlı şəxsi perspektivləri görməyə, qoyulan məqsədlərin əldə olunmasında şəxsi əməyini qiymətləndirməyə imkan verəcək. Biznes-plan müəssisənin ilk fəaliyyət ilində prioritetlərin və fərdi iş tapşırıqlarının müəyyən edilməsində faydalı olacaq.
İşlənib-hazırlanmış biznes-planı «məqsədə aparan yol» kimi, müəyyən olunmuş məqsədlərin əldə edilməsi üçün vaxta görə ən optimal və ən az riskli marşrutu müəyyən edən xəritə kimi nəzərdən keçirin.
Onu da nəzərə alın ki, çoxsaylı amillər, o cümlədən, «gözlənilməz hava dəyişikliyi» nəzərdə tutulmuş planları hiss olunacaq dərəcədə dəyişə bilər. Yeni başlayan kompaniyalar üçün biznes-planda nəzərdə tutulmuş marşrutdan kənaraçıxmalar praktikası adi haldır. Mümkün kənaraçıxmaları qabaqcadan görməyə, «ehtiyat variantlar» işləyib-hazırlamağa və «ehtiyat yollar» hazırlamağa çalışın. Axı artıq məlumdur ki, «modifikasiya edilə bilməyən plan yaxşı ola bilməz».
İnamla demək olar ki, daim dəyişkən olan biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır ki, onların da ən əsasları bunlardır:
· Qərar çıxarılan zaman işlərin ümumi vəziyyətini anlayıb qiymətləndirə bilmə;
· İnkişaf səviyyəsinin məqsəd və perspektivlərinin müəyyən edilməsi;
· Müəssisənin bir vəziyyətdən digərinə – keyfiyyətcə təzəyə keçid prosesinin planlaşdırılması;
· Strateji qərarların qəbulu üçün maksimal informasiyaya malik olmaq.
Biznes-plan kifayət qədər həcmli sənəddir və onu tərkib etibarı ilə 10 hissəyə bölmək effektiv alınar:
1. Rezüme;
2. Məqsəd və vəzifələr;
3. Məhsul (xidmət);
4. Bazarın analizi;
5. Marketinq planı;
6. İtsehsalat planı;
7. İdarəetmə personalı;
8. Tələb olunan vəsaitin həcmi və mənbələri;
9. Maliyyə planı və risklərin analizi;
10.Müfəssəl maliyyə planı.
Hər gün bunların biri barədə sizinlə geniş danışaçağıq.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)