Super User

Super User

Xocalı soyqırımının 33-cü ildönümü Kanadanın Alberta vilayətinin Kalqari şəhərində anılıb. Kalqaridə yaşayan Azərbaycan icması Xocalı faciəsi qurbanlarının xatirəsinə qoyulmuş skamyanın ətrafına toplaşaraq soyqırımında həlak olmuş dinc əhalini bir dəqiqəlik sükutla yad edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, çıxışçılar bu hadisənin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayaraq, onun dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər. Sonda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq lövhənin önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, 2014-cü ildə Kalqarinin “Edworthy” parkında açılışı olan skamyanın üzərində “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri yazılmış memorial lövhə vurulub. Kalqaridə yaşayan Azərbaycan icmasının üzvlərinin soyqırımı qurbanlarına olan ehtiramının və tarixi ədalətin bərpası üçün apardıqları davamlı fəaliyyətin nəticəsində lövhənin orada qalma müddəti daha 10 il artırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

Пятница, 28 Февраль 2025 10:42

Azərbaycanın lüks turizm imkanları Qətərdə təbliğ olunub

Azərbaycan Turizm Bürosu Qətərin paytaxtı Dohada keçirilən “Connections Luxury Middle East 2025” tədbirində rəsmi tərəfdaş qismində təmsil olunub.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirə Yaxın Şərq, Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri, Cənubi Asiya, ABŞ, Böyük Britaniya və digər Avropa dövlətlərindən aparıcı turizm sənayesi nümayəndələri, o cümlədən lüks hotel şəbəkələri, turizm şirkətləri və yüksəksəviyyəli səyahət agentlikləri daxil olmaqla, 100-dən çox beynəlxalq şirkət qatılıb.

 

Azərbaycan Turizm Bürosu tədbir çərçivəsində aparıcı turizm şirkətləri ilə 40-a yaxın B2B formatlı görüş keçirərək ölkənin lüks turizm potensialını təqdim edib.

 

Müzakirələr qış və yay turizmi, sağlamlıq və istirahət mərkəzləri, eləcə də Ramazan bayramı ərəfəsində turizm təklifləri ilə bağlı aparılıb.

 

Tədbir zamanı açıqlanan məlumata görə, Azərbaycan GCC səyahətçiləri üçün 2024-cü ilin ən populyar 10 xarici destinasiyası sırasında premium turizm istiqaməti kimi yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Davud Nəsib həftəsi davam edir.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.

Bu gün sizlərə “Mənim” şeirini təqdim edəcəyik.

Yeri gəlmişkən, Davud Nəsib Azərbaycan poeziyasında həm də yurd və vətən sevgisinin uğurlu poetik ifadəçisidir. 

 

İtsə dolaylarda hər ləpir, hər iz

Hay-həşir qoparıb təntiməyin siz.

Əgər qəribsəsə dağlar kimsəsiz

Dağlara izimi aparın mənim.

 

Ərisə zirvəsi, qaralsa üzü,

Dağların göz yaşı bürüyər düzü.

Büllur çeşmələrin tutulsa gözü,

Görməyə gözümü aparın mənim.

 

Birdən ətəyinə yadlar tökülsə,

Əgər süngülərlə köksü sökülsə,

 İşdir, zirvələrin qəddi bükülsə,

Köməyə dizimi aparın mənim.

 

 Zirvələr fikrimi başımdan alar,

Yadıma düşdükcə ürəyim dolar.

Baxıram, hədiyyəm mənim nə olar? –

Dağlara sözümü aparın mənim.

 

 Özüm buradayam, qəlbim orada,

Bir şey qalmayıbdır düzü arada.

Bir vaxt mən qocalsam, məndən sonra da

Ora, əzizimi aparın mənim.

 

Davudam, qönçəni üzə bilmərəm,

Könülsüz bir yeri gəzə bilmərəm.

Heç vaxt ayrılığa dözə bilmərəm,

– Dağlara özümü aparın mənim.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Пятница, 28 Февраль 2025 11:29

Yenidən başlamağı öyrət mənə - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Salam, Torpaq.

Sən məni tanıyırsan, eləmi? Addımlarımı xatırlayırsan? Dəfələrlə üzərinə düşmüş, qaçmış, dayanmış, bəzən səni qucaqlamışam. Bəzən isə sadəcə ayağımın altında susmusan, sanki heç var olmamışsan kimi.

 

Sən mənə demisən ki, hər kəs sənin üzərində gəzər, amma yalnız bir neçəsi səni həqiqətən hiss edər. Mən isə səni hiss etməyi seçdim. Əllərimi sənə basanda bilirsənmi, Torpaq, içimdəki yorğunluq axıb gedir. Sən məni dinləyirsənmi? Sənə yükümü danışsam, qəbul edərsənmi?

Axı sən hər şeyi bilirsən, deyilmi? İnsanların gəldiyini və getdiyini. Sən, üzərində addımlayan hər insanın hekayəsini eşidən, amma heç birini danışmayan sirdaşsan. Mən də sənə sirrimi açım? Əslində çox şeydən yorulmuşam, amma dayanmaq istəmirəm.

Bilirsən, Torpaq, sənin içindən ağaclar boylanır, çiçəklər açır. Mən də belə olmaq istəyirəm. İçimdən yaşamaq istəyi boy versin, yarpaqlarım yazdan yazacan yaşıl qalsın. Amma bəzən fəsillərim dəyişir, yarpaqlarım tökülür, soyuq küləklər məni titrədir. Onda sən mənə nə deyərsən, Torpaq?

Sən susarsan, mən bilirəm. Çünki susmaq sənə yaraşır. Amma sənin sükutunda bir hikmət var. Bəlkə də demək istəyirsən ki, “Hər şey yenidən başlayır. Sən də başlayacaqsan.”

Elədirsə, mən buradayam, Torpaq. Yenidən başlamağı öyrət mənə. Öyrət ki, necə kiçik bir toxum yerin dərinliklərində öz yolunu tapıb işığa can atırsa, mən də belə edə bilim. Öyrət ki, düşdüyüm yerdən çürümədən boylana bilim. Öyrət ki, yağış yağanda islanmaqdan qorxmayım, çünki sən bilirsən, bəzən böyümək üçün islanmaq lazımdır.

Mən sənə baxıb öyrənəcəyəm, Torpaq. Çünki sən həmişə səbir edirsən. Səni tapdalayanları bağışlayırsan, səni qazıb qarışdıranlara qarşı dözümlüsən. Bəlkə də sənə görə həyat belədir – yıxılsan da, qarışdırılsan da, sıxılsan da, sonunda bir toxum cücərə bilər.

O toxum mən olum, Torpaq. Mən də yaşamağı səndən öyrənim.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

 

Пятница, 28 Февраль 2025 12:00

ÜÇ POETİK YARPAQ – “Ürəyimi məşəl etdim...”

“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim edirik.

 

 

***

 

Qeybdən bir səda gəldi,

Kimsə adımı çağırdı.

Yüyürdüm adıma sarı,

Büdrədim, durdum, yıxıldım, 

Adıma çata bilmədim.

 

Ürəyimi məşəl etdim,

Hamı yığıldı başına.

Hərə bir  daş atıb qaçdı,

Gücüm çatmadı daşıma,

Dadıma çata bilmədim.

 

Əlim özümdən üzüldü,

Asılıb qaldım gümandan.

Ümid  etmədim  sabaha,

Qərq  oldum keçmiş  zamanda,

Vaxtıma  çata  bilmədim.

 

Sevgini dayazda tapdım, 

Dərində  tapmadım, neynim.

Tanrını Göydə axtardım,

Yerində tapmadım, neynim, 

Baxtıma çata bilmədim.

 

 

BİR BİBİM VARDI...

 

Baxışlarından ayrılıq,

Ayaqlarından yorğunluq  tökülən,

Kirpiklərindən daş asılan,

Əllərinin qabarında illərin ağrıları  göynəyən,

Səsində  kimsəsizlik  hönkürən,

Bəxtində təklik ulayan bir bibim vardı.

Üstündə əsərdi xatirələrin,

Xəyallarında yaşayardı bəxtəvərliyi.

Hıçqırıqları içində boğulardı,

Gecələrdi sirdaşı.

Əli Yerdən üzüləndə Göydən  yapışardı,

"Allaha şükür" - deyərdi  hər  kəlməbaşı.

Boynunda  gəzdirərdi  dərdlərini,

Yerə  qoymazdı.

Suya  da,  dənə də  özü  qaçardı,

Heç kimə  qıymazdı.

Səssiz, səmirsizdi,

Qalsız, qeybətsizdi.

Barmağı  üzük, qulağı  sırğa  görməzdi.

Yaylıq  altında  gizlədərdi  saçlarını,

Bir dəfə  ürək açıqlığı  ilə hörməzdi,

Əli  gəlməzdi.

Ovucları Tanrıya uzalı,

Dili  dualıydı.

Kimsəyə deməzdi ürəyindən  keçənləri,

Abırlı, həyalıydı.

...Qışı sevməzdi.

Soyuqdan göm-göy  göyərən 

əllərini nəfəsiylə isidərdi.

Sirrini  heç kimə verməzdi, 

Şeytandan  qorxardı.

Yapışardı dərdlərinin ətəyindən,

Göyün altında, yerin üstündə  tək-tənha  vurnuxardı,

Qaçardı, yıxılardı, durardı,

Bir bibim vardı...

 

 

***

 

Körpə ayaqları  yer  tutmur  hələ,

Hələ ki,  divardan tutub  yeriyir.

Yorğun  atasının ovuclarında  

Qanayan  qabardan  tutub  yeriyir

Oynaya   bu uşaq, gülə  bu uşaq,

Hələ ki, düşməyib çölə bu uşaq.

 

Hələ  xəbərsizdi  ölüm  itimdən,

Hələ  gözlərində  sevinc  yaşayır.

Ana  qucağıdı Vətən  sandığı,

Hələ ki, yükünü  Vətən  daşıyır,

Hələ  çox  batacaq  külə  bu uşaq. 

 

Gələndən, gedəndən  öpüş  payı  var,

Hiylədən,  nifrətdən  keçməyib  hələ.

Bir  tikə  çörəkçün  el  qapısında

Tənədən, töhmətdən keçməyib hələ,

Hələ çox  düşəcək  dilə bu uşaq. 

 

Hələ ki,   divardan   tutub  yeriyir,

Hələ ki, qabardan  tutub  yeriyir,

Ayağı  altında  yer  qaçır  hələ.

Laylası  yerində, nazı  yerində,

Oynaya-oynaya  dil açır  hələ,

Çöldən  xəbərsizdi  hələ bu  uşaq, 

Hələ  çox dəyəcək  yerə bu uşaq. 

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

Пятница, 28 Февраль 2025 11:01

Torpağa baş əy... - Mübariz Cəfərlinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mübariz Cəfərlinin hekayəsi  təqdim edilir. 

 

...Rüstəm sağlıq deməyə başlayanda Aydınla Hikmət yeməkdən əl götürüb diqqət kəsildi, mən isə bu sağlığı çox eşitmişdim, bilirdim ki, Rüstəm içəndə həmişə eyni şeyi danışır.

- Deməli, məsələ beləydi, dava başlayan kimi atam işindən-gücündən əl çəkib getdi müharibəyə. Heç bir həftə keçməmiş ölüm xəbəri gəldi... - bu arada süfrə arxasındakılar ona xoş gəlmək üçün, həm də nəzakət xətrinə yavaşcadan: "Allah rəhmət eləsin", - desələr də, natiq sağ əlini yuxarı qaldırdı, yəni sözümü kəsib mənə mane olmayın. - Basabas illərdi də, Şura hökuməti dağılmışdı, ermənilər də fürsətdən istifadə eləyib Qarabağda at oynadırdı. Nə isə, atam öləndən sonra ailəmizin bütün yükü düşdü mənim çiynimə. Evin böyük oğlu idim axı... On beş-on altı yaşım vardı, düz-əməlli məktəbə də getmirdim, səhərdən-axşamacan bazarda ona-buna kömək eləyib beş-üç manat çörəkpulu qazanırdım. Söz vaxtına çəkər, bir gün, elə bu vaxtlar idi, payızın son ayı, qaralan havadan elə qaramat yağırdı, bazardan əl-ayaq yığışırdı, tərs kimi həmin gün mənə iş buyuran olmamışdı, bircə manat da qazanmamışdım. Ümidsiz-ümidsiz ürəyimdə Allaha yalvarırdım ki, heç olmasa, evə bir-iki çörək almaq üçün pul yetirsin, evdəkilər ac yatmasın. Bu dəm səliqəli geyinmiş, çal saçlı, nazik saqqallı bir kişi bazarın tualetindən çıxıb əli ilə məni çağırdı. Sevincək kişinin qabağına qaçdım. Kişi birbaşa mətləbə keçdi: "Ay bala, indicə tualetə girmişdim, pulqabım cibimdən sürüşüb düşdü deşiyə. Gəl, sən mənim o pulqabımı ordan götür, mən də səni razı salım". Mən bir anlığa donuxub qalsam da, çar-naçar, əlacsız-əlacsız, könülsüz-könülsüz razılaşdım. Həlbət ki... Əlacı olan könüllü bu işə necə gedər? Acığından onu bu işə sövq eləyənə gücü çatmasa belə, kişinin dalına bir təpik ilişdirib tüpürər dabana, qaçıb çıxar aradan... Mənsə... - azca ara verib qulaq asanlara baxdı, boğazını arıtlayıb davam elədi. - Nə isə, tualetə girdim, bazar ayaqyolusu məlumdu ki, nə kökdə olar, ancaq yaxşı ki, içəridə heç kəs yox idi, pulqabını məlum yerdə görəndə bir anlığa neyləyəcəyimi bilmədim, ürəyim qalxdı, istədim doğrudan-doğruya qaçıb gedəm, ancaq elə o dəm evdəkilər gözümün qabağına gəldi. Qollarımı çırmaladım, yavaş-yavaş əyilərək, iyrənə-iyrənə əl atıb bulaşıq dəri pulqabını götürəndə onun üstünə qonub uyumuş iri, yaşıl milçək vızıltı ilə uçdu, xarab olduğundan heç vədə bağlanmayan, suyu səhərdən-axşamacan şırıltı ilə axan divardakı krantın altında, bumbuz, soyuq suda həm əllərimi, həm dəri pulqabını yaxşı-yaxşı yudum. Barmaqlarım qıpqırmızı qızardı, soyuq sümükləriməcən işləyib əllərimi keyləşdirdi. Portmanatı, əllərimi qolları yamaqlı gödəkçəmə silib birtəhər qurulamaq istədim. Bayıra çıxıb pulqabını kişiyə verdim, kişi də portmanatı açıb ordakı pulların arasından birini nimdaş, bozumtul gödəkçəmin döş cibinə basdı, elə bil istəmirdi ki, təsadüfən əli-əlimə toxunsun. Mən çörək almağa qaçdım. Çörək alıb sevinə-sevinə evə gedəndə birdən qəhər məni boğdu: "Ay Allah, mənə çörəkpulu yetirəcəkdinsə, nə səbəbə zir-zibilin içini eşələməyimi rəva gördün, axı sən çox qüdrətlisən, başqa cür göndərə bilməzdin ruzimi?" - fikirləşdim, evə çatanacan biixtiyar zar-zar ağladım. İndi də sizə deyirəm ki, əgər o göydəki kişi... - qəhərlənib şəhadət barmağını tavana tuşladı, - sizə yox yerdən bir tikə çörək yetirirsə, şadlığınıza şitlik eləməyin... Necə deyirlər onu, həmişə göylərə şükür elə, torpağa baş əy...

Bu yerdə Hikmət dilini dinc saxlaya bilmədi:

- Alə, söz danışdın də, tualet belə gəldi, pulqabı belə getdi, nə bilim, zir-zibil, qoy çörəyimizi rahat yiyək, iyrəndirmə bizi, sən lap keflənmisən, baş əyməli o qədər cibidolu vəzifə sahibi var ki... Torpağa baş əyməklə nə cib dolar, nə qarın... Bəs balalarımızı necə dolandıraq?..

Aydın qəhqəhə çəkdi.

- Düzdü!.. Yüz faiz!..

Rüstəmin danışmaq həvəsi öldü:

- Mən nahaq yerə başıma gələni hər qammaza söyləyirəm... - əlindəki qədəhi süfrəyə qoyub əyləşərək acıqlı-acıqlı dedi. - Gərək çörəyi çörəkçiyə verəsən, zər qədrini zərgər bilər...

Gördüm vəziyyət qəlizləşir, Rüstəmə dedim ki, hirslənmə, zarafatdı eləyirik, dur gedək, eyvanda bir siqaret çəkək. Sağ olsun, əsəbiləşsə də, dərinə gedib sözümü yerə salmadı. Baxma ki, masanın üstündə də külqabı vardı, bayaqdan Hikmətlə Aydın elə içəridə siqaret tüstülədirdi.

Həm də sağlıq deyənin yadına düşmədi ki, mən siqaret çəkən deyiləm. Deyəsən, həqiqətən, keflənmişdi...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

O gecə ölümün soyuq əlləri şəhərimin hər küçəsinə toxundu. Şəhər ağ örpəyə bürünsə də, niyəsə o gecə yağan qar hamını yandırdı. Əsas da xocalılıları. Nə az, nə çox, düz 33 il!

İztirabla yaşanan o 33 ilin üstündən o qədər fəsillər ötsə də, o qar heç kəsi dondurmadı. Səssiz, küysüz, göz görə-görə yandırdı. 

 

O qarlı bəmbəyaz gecəyə anidən qaranlıq çökdü. Qanın qaranlığa çökdüyü kimi. O gecə əllər silahlı, dillər yalan dolu, gözlər mərhəmətsiz, vicdan susmuş halda gəldilər. İlk sakinlərimə qıydılar. Ölən öldü, itən itdi, lazım olanı əsir götürdülər. Təkcə məni sağ buraxdılar. Bütün acılarımı qucağıma verərək. Süngülənmiş körpə, gözsüz qoca, hamiləykən bətni kəsilmiş ana, mərd oğullar. Mən bunlara şahid oldum. Bu səslər düz 33 ildir, qulaqlarımda. Amma indi heç kim qalmayıb ki, danışam, ağlayam, fəryad edəm…

 Evlərim yandı, divarlarım çökdü, sakinlərim o gecə  yerin-göyün bütün fəryadını qopardı. Bu fəryadıma kimsə gəlmədi. Sanki göydə o gecə qulaqlarını o səsə qapayıb, yer gözlərini yummuşdu. Mənim üçün can verən hər kəs canından oldu, bir məndən başqa. Amma bu yaşamaq deyildi. Bu düz 33 il susmuş şəhərin pıçıltıları idi.

 Mən Xocalıyam – ağlayan, fəryadsız qalan, amma heç vaxt təslim olmayan Xocalı! O gecə mənim nələr çəkdiyimi heç kəs duymadı, heç kəs hiss etmədi. Dünyada heç bir şəhərin başına mənim qədər qar yağmadı. 

O gecə nələrə şahid olmadım mən. Ölən anasının üstünə yıxılan uşağın qara qorxuyla baxışlarını, qoca kişinin əlləri ilə torpağı necə qazdığını, bəlkə, kimsə xilasa gələr deyə. Ölüm belə amansız olmamışdı heç zaman. Dünya isə bu ədalətsizliyə düz 33 il susdu. 

 Bilmirəm hansı dərdimi danışım, hansı yaramı açıb göstərim. Məni duyan, hiss edən varmı? Mən bir şəhər idim – körpələrin gülüşü, anaların laylası, qocaların xeyir-duasıyla dolu bir şəhər. 1992-ci ildən isə torpağım qanla yoğruldu, tarixə qırğınla yazılmış bir haray oldum. Düz 33 il!

 Bilirsiniz indi məni ən çox nə göynədir? Unudulmaq… Hər il fevralın 26-sı gələndə adım çəkilir, ancaq mən hər gün Xocalıyam. Hər səhərimi o qış gecəsində açıram, hər gecəmi qar üstündə can verən körpələrimin fəryadıyla bağlayıram. Düzdür, illər ərzində mənə sahib çıxanlar, haqqımı tələb etməyə çalışan şəhərlər oldu. Amma unutdular ki, Xocalı təkcə şəhər deyil, həm də vicdan məsələsidir. Mən danışdıqca dünyada susanlar varsa, deməli, hələ də o gecənin qaranlığı davam edir. Mən fəryad etdikcə qulaqlar kar, gözlər kor olursa, deməli, zülm hələ də davam edir. Məni unutmayın! Məni unutmayın ki, bir daha heç bir yerdə Xocalı yaşanmasın. 

 Mən Xocalıyam… Talandım, yağmalandım, dağıdıldım, qan gölündə boğuldum. 613 övladımı gözlərimin önündə qətlə yetirdilər – 106 ana, 63 körpə, 70 ahıl. 1275 övladımı əsir etdilər, 150-si hələ də qaranlıq taleyin içində itib-batıb, 8 ailəm yer üzündən silindi, 25 uşağım həm anasız, həm də atasız qaldı, 130 körpə yetimliklə sınandı. 487 canım, 76 balam ömürlük əlil oldu. Artıq hiss edirəm fəryadım unudulmasın deyə xatirəm əbədiləşdirilir.

 Düz 33 il dünyadan yanlız ədalət istədim, qisas yox. 

Mən yenə buradayam. Mən – Xocalı. Bir zamanlar qan içində boğulan, fəryadsız qalan, külə dönən Xocalı. Amma indi fərqliyəm… 3 ildir,  yenidən nəfəs alıram. Vaxtilə atası tərəfindən qaçırılaraq yaşadılan, indi isə atası yaşdatorpağına qayıdan sakinlərimin şən gülüşlərini eşidirəm. Mən yenidən laylalar deyirəm körpələrimə. Yenidən onları yola salıram bağçaya, məktəbə, evə. 

 Bir zamanlar bu gün çox üşüyərdim. O qarda donan körpələri, anaların göz yaşlarını gizlətməyə çalışan torpağımı xatırlayardım. Amma bu gün qar yenə yağır… Və bu dəfə o, faciənin yox, qayıdışın, qələbənin, azadlığın başına yağır. 

 İllərlə məni susdurmağa çalışdılar. Dilimi kəsdilər, gözümü kor etdilər. Diri-diri basdırdılar. Lakin bilmədilər vətən torpağından pay olmaz. Hər daşımın altında bir yarımçıq hekayə, hər küçəmdə bir itkin ad yazıldı. Amma bu xalq məni unutmadı. Mənim fəryadım susmadı. Bir gün geri qayıdacaqlarını dedilər, mənə söz verdilər. Və o sözü yerinə yetirdilər!

Azərbaycanın gücü ilə mən yenidən doğuldum. İndi azadlığın nəfəsi küçələrimi  yenə isidir, bayrağım yenə səma ilə görüşür. Şəhidlərimin, şahidlərimin ruhu rahatdır artıq!

 Mən daha kədərli yox, azad Xocalıyam! Daha fəryad etməyəcəm, çünki bayrağım dalğalanır, gülüşlərim solmur. Mən ədalətini özü tapan Xocalıyam! Mən yenidən yaşayan, yenidən nəfəs alan Xocalıyam!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Könüllülərinin iştirakı ilə “Badam çiçəyi” – “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb.

 

Bu kampaniyada BDU könüllərindən jurnalistika fakültəsi üzrə də iştirak edən tələbələr olub.

Onların adını sizə təqdim edirik:

Nigar Xəlilli,

Ayşən Səlimova,

Asiman Vəliyeva,

Aysel Mirzəyeva,

Ləman Mahmudlu.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

Четверг, 27 Февраль 2025 13:46

“33 İl Şəhid Qismində” adlı panel görüş keçirilib!

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsinin anılması məqsədilə “33 İl Şəhid Qismində” adlı panel görüş keçirilib. 

 

Tədbir zamanı “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək, şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyindən, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Panel görüşdə faciəvi hadisələrin şahidi olan və yaxınlarını itirən şəxslər çıxış edərək, o acı günlərdə yaşanılanlardan, mənfur düşmənin əməllərindən, qəhrəmanlarımızın şərəfli döyüş yolundan, onların misilsiz fədakarlıqlarından danışıblar. Onlar öz xatirələrini bölüşən zaman hal-hazırda şəhid ailələrinin ürəklərində yaşadığı qürurdan söz açıblar. Onların söylədiyi hər bir cümlə şəhidlərimizin əbədiyaşar qəhrəmanlar olduğunun bir daha sübutu olub.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün -26 fevral Xocalı faciəsinin anım günü ilə əlaqəli olaraq BDU-nun Jurnalistika Fakültəsinin JK-095A və JK-097A qruplarında fəlsəfə elmləri namizədi, dosent Sima Rəhimovanın "Jurnalist etikası və kommunikasiya mədəniyyəti" dərsinin mühazirəsinin müəyyən hissəsi "Xocalı"ya həsr edilib. 

 

Tələbələr bu faciəyə- Xocalıya Jurnalistika Fakültəsinin Müəllimlərinin Gözü ilə baxıblar. 

"Xocalı Jurnalistika Fakültəsinin müəllimlərinin gözü ilə" başlıqlı bu dərsdə BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu və  publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli də iştirak edib. Qulu Məhərrəmli bu faciə haqqında və öz xatirəsindəki başı bəlalı, ancaq indi azad olan Xocalımız haqqında öz fikirlərini və yaşadıqlarını bölüşüb. O bildirib ki, Xocalı mövzusu onun üçün də xüsusi bir mövzudur:

"Ona görə ki bu hadisələr baş verməmişdən təxminən bir ay yarım əvvəl mən Xocalıda ezamiyyətdə olmuşam.  Xocalının tarixi də çox qədimdir.

Xocalı faciəsi niyə baş verdi? Biz o  dövrün hadisələrini təhlil edəndə tarixə yanaşmamız necə olmalıdır?

Fransızlarda bir pilləkən effekti var. Bu o deməkdir ki, siz pilləkəndə gəlirsiz, bir adamla üzbəüz çıxırsınız, o sizə nəsə deyir gedir ,ancaq siz ona nə deyəcəyinizi bilmirsiniz. Lakin pilləkan başına çatanda deyirsiniz ki, gərək ona bunu deyərdim. Bu dəhşətli bir şeydir. Və tarix bunu sevmir. Tarix şərt şəkilçisini sevmir. Xocalı hadisəsi elə bir dövrdə baş verdi ki, çox mürəkkəb hadisələr gedirdi. Faktiki olaraq SSRİ dağılırdı. Ayrı -ayrı respublikalar yaranırdı. Azərbaycan da həmin respublikalar kimi öz müstəqilliyini elan etdi. Hadisələr ciddi şəkildə gedirdi. Ermənistan bu hadisələrə çox ciddi şəkildə hazırlaşırdı. İndi bəzən başlayırlar tarixdə olan bəzi hadisələri ,bəzi edilənləri ittiham etməyə. Bir-iki vicdansız tarixçi tapırlar ki, bu hadisələri konteksdən ayırır. Biləsiniz ki, 1918-ci il AXC qurulanda bir qülləmiz  belə yox idi. Amma həmin dövrdə mənfur düşmənin güclü diviziyaları var idi, çox ciddi hazırlaşırdı. Ona görə heç bir hadisəni tarixdən çıxarıb günün gözü ilə qiymət vermək olmaz. Hətta Xocalı faciəsi baş verəndə belə onu başqa cür təqdim edirdilər. 

Mən onda AZTV-də işləyirdim. Bəzilərinə ezamiyyətə getməyi təklif etdilər. Hərə bir bəhanə ilə imtina etdi, çünkü hamı orada vəziyyətin ağır olduğunu bilirdi. Bizə təklif olundu. Biz getməyə razılaşdıq. Dedik ki, gedəcəyik Xocalıya, oradan da Şuşaya. Şuşadan da bir neçə reportaj edim, sonra geri qayıdarıq. Getdik... 3 nəfər idik - operator Vaqif, rejissor Adil, bir də mən. Ağdama qatarla getdik. Həmin günü uça bilmədik, gecəni orada qaldıq. Orada Qarabağa yardım qərargahı fəaliyyət göstərirdi. Bizi Xocalıya onlar göndərməli idi. Qərargahda Əhəd Kərimovla görüşdük. Onu çoxdan tanıyırdım. Vertolyot düzəldi, getdik Xocalıya. Vertolyota minəndə diqqətimi cəlb edən hamının gözünün içində o qorxunu görməyim idi. Az adam gedirdi, hamını seçmək olurdu. Adamların gözündəki o qorxu heç yadımdan çıxmır. Biz uçanda dekabr ayı idi. Ondan da bir ay qabaq Qarakənddə vertolyot vurulub, bizim hökumət adamları terror nəticəsində qətlə yetirildi. Ona görə də vertolyota minmək böyük risk tələb edirdi. İnsanların gözündəki qorxu da bu səbəbdən idi.

Xocalıya çatdıq, vertolyotun pilotu soruşdu ki, axşam qayıdacaqsınız? Dedim ki, bizim burada bir neçə yerdə çəkilişlərimiz var. Hələ bir neçə gün buradayıq. İşlərimiz bitəndən sonra qayıdacağıq. Bizim Xocalıya gəlişimizin əsas məqsədi vəziyyəti real, olduğu kimi çəkmək və televiziyada göstərmək idi. Çünki o vaxt Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy bəyanat verdi. Bəyanatda göstərdi ki, Xocalı tam mühasirədədir, nəqliyyat yoxdur, əhali qorunmur, müdafiə olunmur. Yəni, hökumət ora lazımi qayığını göstərə bilmir. Yadımdadır ki, Məmməd Murad sədr olaraq dedi ki, orada nə varsa, doğrunu çəkin. Həmin tapşırıq  bizi çox ruhlandırdı. Olanları çəkib olduğu kimi göstərmək istəyirdik. Orada millət vəkili Elman Məmmədovla görüşdük, hamı silahlı idi, Elman müəllim də hərbi geyimdəydi. Düzü, bizi bir az köntöy qarşıladılar.  Təbii ki, bu bizə xoş gəlmədi. Amma camaatın qəzəbli olmağının səbəbini başa düşürdük. Hamı gileylənirdi,

vəziyyətdən narazı idilər. Deyirdilər ki, Bakıda bizi unudublar, burada yiyəsiz qalmışıq. Orada çəkilişlər aparmağa başladıq. Çəkilişlərimizi hardasa iki günün içərisində tamamladıq. O vaxt Milli Ordu təzə idi, onun bir "vzvodu" vardı. "Vzvodun" rəhbəri Aqil Quliyevlə görüşdük. Aqil Quliyev Xocalı hadisələrində qətlə yetirildi və sonradan "Milli Qəhrəman" adı aldı. Orada bir özünümüdafiə dəstəsi vardı - bu işlərə də Tofiq müəllim rəhbərlik edirdi, gecələr növbə çəkirdilər. Deməzdim ki, mükəmməl müdafiə sistemi vardı. Adamlar yüngül silahla özlərini qorumağa çalışırdılar. Çox şikayətləndilər, nə dedilərsə, hamısını kinolentlə yazdıq. İndi geri qayıtmaq üçün vertolyot yoxdur. Əsgərandan yol kəsildi, yalnız hava yolu vardı. Beləliklə, biz yeni ili Xocalıda qaldıq. Demək olar ki, aralıqda qaldıq. Adamlar bizə əl tutmağa çalışırdılar. Orada maliyyə şöbəsinin müdiri vardı - Sahib müəllim, bizi evinə dəvət elədi. Onun evində qalırdıq. Gündüzlər çəkiliş edirdik, daha çox Xocalı Aqrosənaye İdarəsinin binasında qərargah saldılar, gündüzlər orda olurduq. Əsgərlərlə söhbətimiz yaxşı tuturdu. Gecələr Sahib müəllimgildə olanda arada AzTV-yə baxırdım. Görürdüm ki, həqiqətdən uzaq məlumatlar verirlər. Xəbərlərdə reallıq görünmür, yalançı pafos var. Məsələn, Xocalıda un yox, camaat yemək sarıdan əziyyət çəkir. Amma Xocalıdan bir az aralı olan Ağcəbədidə "Ət bayramı” keçirilir və bunu da "Xəbərlər”

proqramında hay-küylə təqdim edirlər. Onda dərk elədim ki, insanın bədənində bir əza ağrıyır, amma bunu kimsə hiss eləmir. Onda içimdən belə bir hiss keçdi ki, ekrana çıxan, xəbər verən adam heç vaxt yalan danışmamalıdır. Yalan millət üçün fəlakətdir. Beləliklə, hardasa yanvarın 8-nə kimi orada qaldıq. Hər gün gəlib poçtla əlaqə saxlayırdıq ki, bizi oradan çıxarmağa nail olsunlar. Amma alınmırdı. Eyni zamanda, Xocalıda gecələr çəkilişlərimizi aparırdıq. Xüsusən Xocalı aeroportunu gözləyən polislərlə yaxşı münasibətimiz vardı. Onlarla söhbətlər aparırdıq, məktəbdə olurduq, oranın ağsaqqalları ilə görüşürdük. Demək olar ki, qısa müddətdə biz də xocalı sakini olduq.

Yadımdadır, bir polis kaitanı vardı, Əlif Hacıyevin müavini idi. Çox cəngavər insan idi. Bizi mühafizə edirdi, tövsiyə edirdi: "Kənardan binokldan baxırlar, sizin gəlmə adam olduğunuz dərhal bilinir. Ona görə çox görünən yerdə dayanmayın. Sizi snayperlə vurarlar”. 

3-4 gün orda qalandan sonra insanın içində ölüm hissi də adiləşir və heç nədən qorxmursan. Orada çox hadisələrlə qarşılaşdıq. Belə bir fürsət yarandı ki, bizi yola salmaq olar. Gəncəyə gedən rus əsgərlərinin vasitəsi ilə

Əsgərandan keçib Ağdama keçə bilərik. Göyüş müəllim vardı, deyəsən şəhər sovetinin sədri idi. O, təklif etdi, biz də mahiyyəti bilmədən razılaşdıq. Necə olursa-olsun, Bakıya qayıdıb, materialları yayımlamaq lazımdı. Biz tankın içinə oturanda Aqil Quliyev gəldi. Soruşdu ki, hara gedirsiniz? Deyəndə ki, Bakıya, etiraz elədi, dedi ki, sizi qoymaram ruslarla gedəsiniz. Onlara etibar yoxdur,

gedəcəksiniz, sizi Əsgəranda girov qoyacaqlar. Avtomatı çəkdi ki, bu maşına minə bilməzsiniz, sizin üçün təhlükə var. Bir-iki gündən sonra vertolyot gəldi. Adam çox idi. Hamı gəlmək istəyirdi. Amma deyəsən belə bir göstəriş verildi ki, yerli əhali ordan çıxmasın. Vertolyot gəldi, biz bir çalalıq yerdə mindik. Əsgərlər bizi güclə mindirdi. Orada da qeyri-adi bir hadisə baş verdi. Vertolyot qalxanda vurmağa başladılar. Hiss edirdik dəyir, hay-küy qalxdı ki, indi vuracaqlar, vertolyot patlayacaq. Pilot uca səslə qışqırdı ki, narahat olmayın. 50-100 metr qalxandan sonra təhlükə sovuşdu.

Bakıya qayıdandan sonra Vasif Babayevin rejissorluğu ilə geniş veriliş də hazırladım. Xocalıda olarkən qeydlər apardığım bloknotu bu günədək saxlayıram. Bəlkə nə vaxtsa yenə lazım olacağını düşünürəm... "

Və sonda müəllim, tələbələrinə savadlı, təhsilli olmağı tapşırdı".

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.