Super User

Super User

Leyla Ümid, “Ədəbiyyat və incəsənət”

 

 

Mən son kurs İngilis dili və ədəbiyyatı ixtisasında təhsil aldığımdan, ingilis klassikasından mənə dərindən təsir edən və sevdiyim bir əsəri oxuyub bitirərək onun təhlili və analizi üçün yazı hazırlamışam. Bu yazını “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim etmək istəyirəm.

 

Uilyam Şekspirin “Othello” əsəri onun ən güclü faciələrindən biridir. 1603-cü ildə yazılmış bu əsər sevgidə qısqanclıq, xəyanət, irqi ayrı-seçkilik və manipulyasiya kimi mövzuları əhatə edir. Hekayə güclü emosional çalarları və insan psixologiyasını dərindən araşdırması ilə seçilir. 

 

Süjetin xülasəsi:

Hadisələr Venesiya və Kipr adasında baş verir. Əsas qəhrəmanlar Othello, Desdemona, Yaqo və Kasiodur.

•Othello. Venesiya ordusunun uğurlu bir generalıdır. O, irqi baxımdan fərqli (mavr, yəni qaradərili) olduğu üçün bəzi venesiyalılar tərəfindən yad sayılır. Lakin o, cəsur və ağıllı bir sərkərdədir.

•Desdemona. Venesiyalı senator Brabantionun qızıdır. O, atasının razılığı olmadan Othelloya ərə gedir.

•Yaqo. Othellonun yaxın adamıdır, lakin içində gizli kin bəsləyir. O, Othelloya nifrət edir, çünki Othello orduda Kasioya üstünlük verərək onu kənarda qoyub.

•Kasio. Othellonun etibar etdiyi zabitdir, lakin onun sadəlövhlüyü Yaqonun fitnəsinə düşməsinə səbəb olur.

 

Əsərin dramatik gərginliyi 

Yaqonun manipulyasiyaları nəticəsində Othellonun Desdemonaya olan güvənini itirməsi və ona xəyanət etdiyinə inanması ilə artır. Yaqo hər fürsətdə Othellonun qısqanclığını alovlandırır, nəticədə Othello emosionallığını qoruya bilmir və şəkkə düşərək Desdemonanı öldürür. Lakin sonda həqiqət ortaya çıxır və Othello peşmançılıq içində intihar edir.

 

Mən Desdemonanın öldürülmə səhnəsində dərindən təsirləndim. Çünki cəmiyyətin onların sevgilərinə düzgün baxmamasına rəğmən onlar öz münasibətlərini qoruyaraq yaşamağı bacarırdılar. Lakin Othello içindəki konfiliktdə məğlub olur və gözü aşiq olduğu qadını öldürəcək dərəcədə dönür. İnsanın qısqanclığı, zəif iradəsi, şübhə duyğusu sevgidən daha yüksək olduğu zaman bu, həqiqətən də faciəyəyə səbəb olur. Mən bu barədə əvvəllər düşünürdüm ki, namus məsələsi yalnız Şərqdə ölümlə nəticələnir. Amma Qərbdə də bu, təəssüf ki, belə olub. 

 

Əsərin əsas mövzuları:

 

1. Qısqanclıq və Manipulyasiya

Əsər əsasən qısqanclığın dağıdıcı gücünü təsvir edir. Othello əvvəlcə Desdemonaya güvənir, lakin Yaqonun hiylələri nəticəsində şübhə içində boğulur. Burada Şekspir qısqanclığın məntiqi necə kor etdiyini, insanı düşüncələrlə boğduğunu və insanın davranışlarını necə dəyişdirdiyini ustalıqla göstərir.

Yaqo insan psixologiyasını məharətlə manipulyasiya edən bir anti-qəhrəmandır. O, Othellonun zəif cəhətlərini ustalıqla istismar edərək onu yavaş-yavaş məhv olmağa sürükləyir. 

2. Sevgi və İnamın Sınanması

Othello və Desdemonanın sevgisi əsərin əvvəlində güclü və safdır. Lakin əsər göstərir ki, sevgi ancaq güvən olduğu zaman yaşaya bilər. Othello Desdemonaya güvənmədiyi üçün sevgisi onu xilas etmir, əksinə, onu məhvə aparır.

3. İrqi Ayrı-seçkilik 

Othello Venesiyada yad bir fiqurdur – qara dərili bir əsgərdir. Bəzi personajlar onu “mavr” və ya “yabançı” adlandıraraq onun əslən başqa yerdən olduğunu daim vurğulayırlar. Yaqonun fitnəsi də məhz Othellonun bu fərqliliyi və aşağılıq kompleksi üzərində qurulur.

4. Azad iradə

Othello öz seçimlərini özü edir, amma Yaqonun manipulyasiyası bu seçimləri müəyyən qədər istiqamətləndirir. Bu baxımdan, əsər insanın öz taleyini müəyyən edə bilməsi ilə bağlı fəlsəfi suallar doğurur.

 

Əsərin üslubu:

Şekspirin “Othello”da istifadə etdiyi dil və üslub güclü poetik təsvirlər və simvollarla zəngindir. Xüsusilə Yaqonun monoloqları manipulyasiyanın incə detalları ilə doludur.

• Simvolizm: Əsərdə şal simvolik bir əhəmiyyət daşıyır. Bu, Othello və Desdemonanın sevgisinin və sonradan şübhənin rəmzinə çevrilir.

• Dramatik İroniya: Oxucu Yaqonun planlarını bilir, lakin Othello və digər personajlar bu hiylələri görə bilmirlər. Bu, əsərin tragik təsirini artırır.

• Monoloqlar və Dialoqlar: Şekspirin dərin fəlsəfi və psixoloji düşüncələri personajların monoloqlarında açıq şəkildə hiss olunur.

 

Nəticə

 

“Othello”, insan psixologiyasını, qısqanclığın məhvedici gücünü və manipulyasiyanın nəticələrini göstərən unikal bir əsərdir. Bu faciə, insanın ən böyük düşməninin bəzən öz şübhələri ola biləcəyini sübut edir.

Şekspir burada yalnız bir sevgi faciəsi yaratmır, həm də iqtidar, irqçilik, şəxsi azadlıq və insanın daxili konfliktləri ilə bağlı problemləri, bunlarla bağlı sualları ortaya qoyur. Othello qurban, yoxsa qatil? Yaqo şeytani, yoxsa sadəcə güclü bir oyunçu? Desdemona günahsızmı, yoxsa sadəcə zəif? Bu suallar əsərin dərinliyini və müasir dövrdə belə aktual qalmasını təmin edir.

“Othello” əsəri, insan duyğularının dərinliyinə işıq salan və oxucunu düşündürən nadir klassik əsərlərdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

Sabah – martın 4-də ölkəmizdə ilk dəfə baş tutacaq Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılışı olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, festivalın ilk günü Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin bəstəkarın mahnılarından ibarət konsert proqramı keçiriləcək. 

Festivalın təntənəli açılışı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə baş tutacaq.

Festival martın 9-da başa çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.3025)

 

Понедельник, 03 Март 2025 12:00

Oyunun qaydalarını həmişə həyat yazır - ESSE

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Mən oyuna iddialı gələn, amma iddiasının içində min şübhə, min tərəddüd, min yorğunluq daşıyan oyunçuyam. Bilyard masası qarşısında dayananda, əlimdə çubuqla ölçüb-biçəndə düşünürəm: əslində mən burada nə axtarıram? Qələbəmi? Özümü sübut etməyi? Özümə sübut etməyi? Ya bəlkə, sadəcə nəyisə unutmaq üçün buradayam?

 

Bəlkə, bu masa, bu toplar, bu səssiz oyun həyatın sadəcə bir simvoludur, harada ki, bir zərbə taleyi dəyişir, bir səhv hər şeyi darmadağın edir, bir təsadüf səni ya zirvəyə aparır, ya da heçliyə atır.

 Mən öz oyunumu oynayıram, hər bir topun hərəkət trayektoriyasını beynimdə çəkirəm, amma bilirsən, həyatda hər şey belə sadə deyil. Hesablaya bilmədiyin şeylər var. Gözlənilməz sıçrayışlar, hesablanmamış sapmalar. İnsanın həyatında da belədir – nə qədər ağıllı, nə qədər tədbirli olsan da, bəzən heç vaxt nəzərə almadan, heç vaxt gözləmədən başına gələnlər səni məğlub edir.

Mən hər oyuna yeni ümidlərlə gələn oyunçuyam. Çünki bəlkə də, bu dəfə qazanacağam. Bəlkə də, bu dəfə səhv etməyəcəyəm. Bəlkə də, bu dəfə son zərbədə titrəməyəcəyəm. İnsan həyatda da hər səhvindən sonra özünü bu ümidlə ovudur: “Bu dəfə fərqli olacaq.” Amma fərqli olmur. Eyni səhvlər, eyni yorğunluq, eyni peşmanlıqlar… Sadəcə bir az daha tükənmiş, bir az daha həssas, bir az daha ümidsiz.

Mən masaya hakim olan, amma həyatda özünə hakim ola bilməyən oyunçuyam. Burada, bu masanın ətrafında hər şey dəqiqdir – düzgün zərbə, düzgün bucaq, düzgün güc tətbiq etsən, qalib gələrsən. Amma həyatda heç bir şey bu qədər dəqiq deyil. Həyat riyazi deyil, həyat fizika qanunları ilə izah olunmur. Həyatda sən mükəmməl olanda da uduza bilərsən. Bəzən ən yaxşısı olsan da, heç bir şey dəyişməz. Çünki həyat bilyard masası deyil, sənə ədalətli oynamağa borclu deyil.

Mən son zərbəyə yaxınlaşan oyunçuyam. Masanın başında dayanıb çubuğu sıxıram. Əlimin titrəməsinə icazə verməməyə çalışıram. Bu, sadəcə bir oyun deyil. Bu, illərin çəkdiyi əziyyətin, saatlarla məşq etməyin, yorğun gecələrin, sonsuz ümidlərin və sinəmdəki qürurun yoxlanışıdır. Sadəcə bir top. Sadəcə bir hərəkət. Sadəcə bir qərar. Vururam. Top dəliyə gedir, sonra bir anlıq dayanır, düşünür, tərəddüd edir, sanki özü də bilmir hara düşmək istədiyini. Və sonra… yavaşca geri sıçrayır. Mən uduzdum.

Həmişə belə olur, elə deyilmi? Həmişə insan hər şeyə yaxın olduğu anda nəyinsə əldən çıxdığını hiss edir. Həyatın ən acı gerçəklərindən biri də budur – insan bəzən ən yaxın olduğu şeyi qazana bilmir. Çünki insan bilyard masasında oynasa da, oyunun qaydalarını həmişə həyat yazır. Həyat sənə məntiqli gələn şeyləri qəbul etmir. O, sənə həmişə eyni cavabı verir: “Sənə bu vaxta kimi nə düşüb ki, indi də bu düşsün?”

Mən turnirə iddialı gələn, finala çıxan, amma son anda yenilən oyunçuyam. Bütün dünya gözləyirdi ki, mən qalib gələcəyəm, amma mən bilirdim. Mənim taleyim bu deyil. Mən son dəqiqədə səhv edən, həyatın ən vacib məqamlarında ya gecikən, ya da lazım olan zərbəni vura bilməyən oyunçuyam. Mən hər oyundan sonra masadan yavaşca geri çəkilib çubuğu yerə qoyan, kənara çəkilib səssizcə düşünən oyunçuyam.

Öz-özümə sual verirəm: “Bəlkə, bu oyunu heç vaxt qazanmaq üçün oynamaq lazım deyil?” Bəlkə, həyatda qalib olmaq deyil əsas məsələ. Bəlkə, sadəcə, masada qalmaq, oyunun içində olmaq, son ana qədər mübarizə aparmaqdır əsas məsələ?

Amma mən yorğunam. Çünki nə qədər mübarizə aparsam da, nə qədər çətinliklərin öhdəsindən gəlsəm də, mən qalib olmaq üçün lazım olan sonuncu şeyi tapa bilmirəm. Mən hər şeyə sahib olub da, sadəcə bir vacib elementi itirən oyunçuyam. Bəzən bu, bir az şansdır, bəzən düzgün anı seçə bilməməkdir, bəzən isə sadəcə həyatın sənə “yox” deməsidir.

Mən layiq olduğum hər şeyi istəyirəm artıq. Mən haqqımı istəyirəm. Amma hər kəs layiq olduğunu qazana bilmir bu həyatda. Mən də, Ronnie Sullivan da, siz də...

P.S. Söhbət bilyarddan getmirdi…

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Qollarım dolanar boynuna bir gün, 

Yenə baş qoyaram dizinə, Təbriz. 

Həsrətdən, hicrandan cana doymuşam, 

Doyunca baxaram gözünə, Təbriz. 

 

Bulanlıq suların axsın, durulsun, 

Təzə günlərindən büsat qurulsun. 

Səhənd camalına bir də vurulsun, 

Bir qubar qonmasın üzünə, Təbriz, 

 

Həsrətin yandırar, pörşüdər məni, 

Zərif çiçək kimi üşüdər məni. 

Səsləsəm Savalan eşidər məni, 

Qızınnam oduna, közünə, Təbriz. 

 

Gülüstan bağının seyrinə gəliım, 

Lalə yamacında bir də dincəlim, 

Ötən günlərimə yetişməz əlim, 

Düşüm heç olmasa izinə, Təbriz. 

 

Ana təbəssümün ay işığıdır, 

Qolum qamətinin sarmaşığıdır. 

Şerin bu dünyanın yaraşığıdır, 

İncisi tükənməz xəzinə, Təbriz. 

 

Sən şair ömrümə vüqar vermisən, 

Solub-saralmayan gülzar vermisən. 

Etibar vermisən, ilqar vermisən, 

Hər igid oğluna, qızına, Təbriz. 

 

Səttarxan bayrağın göylərə ucalt! 

Qara buludları od ağzına at. 

Şair qızının da sözlərini qat 

Şirin söhbətinə, sözünə, Təbriz.

 

Bu gün  əməkdar incəsənət xadimi, alim, tərcüməçi, xalq şairi Hökumə Billurinin doğum günüdür.

Hökumə Billuri 1926-cı il mart ayının 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. 

1933-1943-cü illərdə Azəri qızlar məktəbində orta təhsil alıb. Və məktəbi bitirdikdən sonra, həmin məktəbdə müəllim kimi işləməyə başlayıb.

İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

Şimali Azərbaycana mühacirət etdikdən sonra 1947-1952-ci illərdə Azərbaycan Dövlət universitetinin filologiya fakultəsində təhsil alıb.

1956-1960-cı illərdə Azərbaycan qəzetinin baş redaktoru olub.

1956-cı ildə Bakı Ali partiya məktəbi, 1963-cü ildə Moskvada Sovet İttifaqı Kommunist partiyası yanında İctimai Elmlər Akademiyasını bitirib. Təhsili dövründə (1963-cü ildə) İran Azərbaycanının realist demokratik ədəbiyyatı mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi dərəcəsi alıb. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub və ömrünün sonuna qədər orada çalışıb.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Hökümə Billuri Şəhriyarın fars dilindəki şeirlərini azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə tərcümə edib. 

 

Mənim taleyimdir, mənim taleyim

Ömrümü tufana salanda odur

Xisləti sərt olan bir ana kimi 

Həmişə qeydimə qalanda odur. 

 

Mənim taleyimdir, mənim taleyim

O günəş nəfəsli, ay nəfəslidir

Köküylə bağlıdır ana torpağa

O şur nəğməlidir, muğam səslidir. 

 

Şair “Mənim ar­zum”, “Ölməz qəhrəman”, “Həyat yol­larında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Sən­dən uzaqlarda, “İstərəm”, “Necə unu­dum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçil­miş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının  “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoq­rafiyalarının müəllifidir

O, 2000-ci ildə noyabrın 22 də Bakıda vəfat edib 

 

Ölümün gözünün içinə baxıb

Sonra bir şam kimi sönəcəyəm mən

Qartal tək zirvəyə qalxdıqca qalxıb

Sonra bu dünyaya dönəcəyəm mən 

 

Yenidən doğacaq məni bu bahar 

Fəqət dağ insanı qəm, həsrət əyər

Azadlıq eşqi ilə irəli dostlar

İrəli bu yolda ölməyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

Fərasət Babazadə, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün

 

Beynəlxalq Yazıçılar  Günü hər il 3 mart tarixində qeyd olunur. Bu gün yazıçıların, şairlərin və ədəbiyyatın formalaşmasında rolu olan hər kəsin yaradıcılığını dəyərləndirmək, onların bəşəriyyət üçün qoyduğu irsi anlamaq üçün əlamətdar bir gündür.

 

Yazıçılar təkcə bədii əsərlər müəllifi deyillər, onlar tarixi, fəlsəfi və ictimai proseslərə təsir edən, insan düşüncəsinə istiqamət verən şəxslərdir. Onların əsərləri gələcək nəsillərə ötürülən dəyərli xəzinədir və hər bir yazı, hər bir misra insanlıq tarixinin bir parçasıdır.

Ədəbiyyat hər zaman insan təfəkkürünün güzgüsü olub. Tarix boyu yazıçılar yalnız əyləncəli və maraqlı əsərlər yaratmaqla kifayətlənməyib, həm də cəmiyyətin problemlərini əks etdirərək insanlara həqiqəti göstərməyə çalışıblar. Böyük yazıçılar və şairlər öz dövrlərinin şahidləri olub, bəzən isə həqiqəti yazdıqları üçün təqiblərə, sürgünlərə məruz qalıblar.

Yazıçılıq, söz vasitəsilə insanlara təsir etmək sənətidir. Bir yazıçının qələmə aldığı əsər, yüzillər boyu oxunub düşüncələri formalaşdıra, insanlara yol göstərə bilər. Böyük yazıçılar və şairlər bəzən öz dövrlərində anlaşılmasalar da, zaman keçdikcə onların əsərləri ölümsüzlük qazanır.

Bir əsərin gələcək nəsillərə ötürülməsi, əslində, yazıçıların insanlığa qoyduğu mirasdır. Əgər Nəsimi, Füzuli, Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi yazıçıların və şairlərin əsərləri qorunub saxlanılmasaydı, biz bu gün onların fikirlərindən, dövrlərinə gətirdikləri yeniliklərdən xəbərsiz olardıq.

Azərbaycan ədəbiyyatı tarix boyu böyük sınaqlardan keçib. Bir çox yazıçılar dövrün ağır şərtlərinə baxmayaraq, qələmlərini yerə qoymayıblar. Sovet dövründə bir çox yazıçı siyasi təziqlərə məruz qalsa da, onlar həqiqəti yazmaqdan çəkinməyiblər. Repressiya illərində Mikayıl Müşfiq kimi şairlər öz sözlərinə görə həyatlarını qurban veriblər. Lakin onların əsərləri qorunub saxlanıldı və bu gün biz onların misralarını oxuyuruq.

Böyük ədiblər, öz dövrlərinin çətinliklərini aşaraq bizə dəyərli əsərlər ötürüblər. Bizim borcumuz onların yazdıqlarını dəyərləndirmək, bu əsərləri qorumaq və gələcək nəsillərə ötürməkdir. Çünki bir xalqın mədəni irsi onun ədəbiyyatında, yazılı mirasında yaşayır.

Tarixən şairlərimiz və yazıçılarımız yalnız gözəl söz sənətkarları olmayıb, həm də cəmiyyətə təsir edən  qüvvə olublar. Onların yaratdıqları əsərlər təkcə bədii dəyəri ilə yox, həm də maarifçilik və azadlıq ideyaları ilə seçilib.

 

Mən nə istəyirəm?
Yaratmaqçın yaşayaq,
Yaşamaqçın yaratmayaq.
Bir günümüzü belə,
Bir anımızı belə
Xırda, ucuz hisslərin
Qurumuyla qaraltmayaq.
Yaxşı işimiz

gündən-günə çox olsun.

Həyatda da, sənətdə də
Könlümüz, gözümüz
tox olsun.         

                (Rəsul Rza “Mənim Arzum”)

Şair burada insanın yaradıcılıqla var olduğunu və əsl mənada yaşamaq üçün yaratmalı olduğunu vurğulayır. Bu, Rəsul Rzanın  poeziyasında önəmli yer tutan "Mənim Arzum" şeirindən bir hissəsidir. O, insanı passiv yaşamağa deyil, yaradıcı düşüncə və fəaliyyətdə tapmağa səsləyir. Şeirin ilk misrasında şair bir sual qoyur: "Mən nə istəyirəm?" Ardınca gələn misralarda bu sualın cavabı aydınlaşır. "Yaratmaqçın yaşayaq, yaşamaqçın yaratmayaq" burada insanın yaradıcı fəaliyyətini sadəcə varlığını davam etdirmək üçün vasitə kimi görən anlayış inkar edilir. Xüsusilə, XX əsrin əvvəllərində Avropa və dünya ədəbiyyatında yaranan modernist axınlarda sənət və həyatın vəhdəti ideyası geniş yayılmışdı. Rəsul Rza da bu cərəyanın təsirlərini öz yaradıcılığında qabarıq şəkildə göstərir.
Sonrakı misralarda şair insan həyatının mənasız, "xırda, ucuz hisslərin qurumu" ilə qaranlığa bürünməməsini arzulayır. Bu obraz konkret bir mənəvi vəziyyəti əks etdirir. Rəsul Rzanın poeziyasında çox vaxt insanın daxili azadlığı və mənəvi kamilliyi əsas mövzulardan biri kimi çıxış edir. O, insanın mənəvi yüksəlişini yaradıcılıq və əsl dəyərlərlə yaşamaqla mümkün hesab edir. Şairin "yaxşı işimiz gündən-günə çox olsun" ifadəsi sırf bir insanın deyil, bütövlükdə cəmiyyətin inkişafına çağırışdır. O, yalnız fərdi yaradıcılığın deyil, kollektiv dəyərlərin də vacibliyini vurğulayır.
Rəsul Rzanın bu şeiri bizə göstərir ki, yaratmaq sadəcə bir seçim deyil, yaşamağın özü qədər vacibdir. Hər günümüzü mənasız hisslərin, boş təəssüflərin içində keçirməkdənsə, bir fikir, bir söz, bir əsər ortaya qoymaq bizi həqiqətən var edən amildir. Yazmaq sadəcə sözləri düzmək deyil, dünyanı öz baxışımızdan yenidən yaratmaqdır. Gənc yazıçılar üçün bu, xüsusilə önəmlidir, çünki ədəbiyyat yalnız keçmişin deyil, gələcəyin də səsi olmalıdır. Həyat və sənət ayrılmazdır, çünki insanın ruhu yaratmaqla böyüyür. Gələcəyin ədəbiyyatı bugünkü yazan əllərdə formalaşır.

 

4288

Şairlər kimdi bəs? Mərdi öyənlər,

Namərdi söyənlər, lənət deyənlər.

4289

Qılıncdan itidir dili şairin,

Teldən də incədir yolu şairin.

4290

Hər növ nazik sözü bu dünyada sən,

Şairin dilindən eçidəcəksən.

4291

Gövhəri, incini, yaqutu bizə,

Şairlərdi verən, girib dənizə. 

                            (Yusif Balasaqunlu “Qutadqu Bilik”)

 

Yusif Balasaqunlu şairi yalnız gözəl sözlər yazan deyil, həm də həqiqətə işıq salan, cəmiyyəti yönləndirən, ən dəyərli fikirləri xalqına bəxş edən bir şəxsiyyət kimi təsvir edir. O, dövrün ədalətsizliyinə göz yummur, haqqın tərəfində dayanır.

Şairin dili qılınc kimi iti, yolu isə tel kimi incə göstərilir. Bu, ədəbiyyatın gücünü və eyni zamanda şairin həssas, dərin düşüncəli bir insan olduğunu bildirir. Şairin sözü yalnız güclü silah deyil, həm də incə, düşünülmüş və həqiqəti üzə çıxaran vasitədir. Söz, sanki bir xəzinə kimi təsvir olunur və bu xəzinəni insanlara bəxş edən də şairlərdir. Onlar söz dənizinə girərək ən qiymətli fikirləri, duyğuları, düşüncələri üzə çıxarır, insanlara təqdim edirlər.

Bu bəndlər yazıçılığın, xüsusilə də şairliyin dərinliyini və məsuliyyətini gözlər önünə sərir.

Fikrimcə, şair və yazıçı yalnız gözəlliyi, duyğuları və həyatı təsvir edən bir sənətkar deyil, eyni zamanda cəmiyyətin vicdanıdır. O, haqsızlığı tənqid edir, ədaləti müdafiə edir və insanlara düşünmək, dərk etmək, hiss etmək üçün bir yol açır. Yazıçının sözü, dərin düşüncəsi zamanla dəyərlənir və cəmiyyətin inkişafına təsir edir.

Yazıçılığa təsiri ondan ibarətdir ki, bu bəndlər yazıçıya yalnız sözləri bir araya gətirən sənətkar kimi deyil, mənəvi və intellektual yük daşıyan şəxsiyyət kimi baxır. Yazıçı təkcə gözəl yazmaq üçün deyil, həm də həqiqəti ifadə etmək üçün mövcuddur. O, dünyanı dərindən dərk edərək oxucuya həqiqətin, ədalətin və gözəlliyin yollarını göstərir. Bu, yazıçının məsuliyyətini və onun cəmiyyət üçün əhəmiyyətini vurğulayır.

Beynəlxalq Yazarlar Günü yalnız yazıçılıq sənətini qeyd etmək üçün deyil, həm də yazıçının dünyanı dəyişdirən gücünü anlamaq üçündür. Şair və yazıçı—görünməz sərhədləri aşan, zamanın fövqündə duran, insan ruhuna təsir edən bir qüvvədir. Yusif Balasaqunlu bu bəndlərində məhz bu gücü və yazıçının cəmiyyət üçün dəyərini ifadə edir. O, yazıçını yalnız bir sənətkar deyil, bəşəriyyətin mənəvi istiqamətini müəyyən edən bir şəxsiyyət kimi göstərir.

Bu gün onların əsərləri bizim üçün bir xəzinədir. Lakin bu xəzinəni qorumaq və inkişaf etdirmək bizim üzərimizə düşən bir məsuliyyətdir. Müasir yazıçılarımız, şairlərimiz bu mirasın davamçısıdırlar və onların yaratdıqları əsərlər gələcəyin ədəbiyyatını formalaşdırır.

Tarix boyu yazıçılar və şairlər çox çətinliklərlə üzləşiblər. Onların əsərləri senzura edilib, kitabları yandırılıb, özləri isə sürgün edilib və hətta edam olunublar. Lakin buna baxmayaraq, onlar həqiqəti yazmaqdan çəkinməyiblər.

Bu gün isə yazıçılar başqa çətinliklərlə üzləşirlər. İnformasiyanın sürətli yayılması dövründə ədəbiyyat ikinci plana keçmək təhlükəsi ilə üz-üzədir. Lakin həqiqi ədəbiyyat həmişə yaşayacaq, çünki yazıçıların və şairlərin yaratdığı dəyərli əsərlər insan ruhuna toxunur.

Müasir Azərbaycan şairləri və yazıçıları bu mirası davam etdirir. Lakin əsas məsələ odur ki, oxucular bu əsərləri oxusun, dəyərləndirsin və ədəbiyyatın gücünü unutmasın.

Azərbaycanın və dünyanın ədəbi irsi zəngin və misilsizdir. Dəyərli və məşhur yazıçılar zamanın aynasına çevrilərək əsərləri ilə bəşəriyyətin düşüncəsinə, ruhuna və taleyinə təsir etmişlər. Onlar haqqında danışmaq bir neçə səhifəyə, hətta bir kitaba belə sığmaz. Çünki hər bir böyük yazıçı yalnız söz ustası deyil, həm də cəmiyyətin düşüncəsinin və hisslərinin ifadəçisidir.

Beynəlxalq Yazıçılar Günü təkcə bir bayram deyil, həm də ədəbiyyatın insan həyatındakı əhəmiyyətini anlamaq, yazıçıların çəkdiyi zəhməti dəyərləndirmək və onların əsərlərindən öyrənmək üçün bir fürsətdir. Keçmişin yazıçıları bizə işıq saçan fənərlər kimi yol göstərir, biz isə bu işığı söndürməməliyik. Ədəbiyyatın yaşaması, yazıçıların yaratdığı dünyaların qorunması və gələcək nəsillərə ötürülməsi bizim məsuliyyətimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

Bu il müstəqillik dövrü uşaq ədəbiyyatının inkişafında müstəsna rol oynayan, bənzərsiz uşaq ədəbiyyatı nümunələri yaradan şair, tərcüməçi Dilsuz Mustafayevin anadan olmasının 80 illik yubileyi qeyd edilir. Bu münasibətlə Cəfər Cabbalı adına Respublika Gənclər Kitabxanasında “Dilsuz Mustafayev - 80” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialda “Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər” başlığı altında dəyərli ədibin həyat və bədii fəliyyəti, yaradıcılığında dərin izlər buraxan Cənubi Azərbaycan problemi, publisistika sahəsində qazandığı uğurlar haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Dilsuz Mustafayevin poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrində olan fəaliyyəti ilə yanaşı, onun çox sayda bədii, publisistik əsərlərə redaktorluq etməsi, rejissor, ssenarist bir sıra uğurlu işlərin müəllifi olması da diqqətə çatdırılır. Materialda Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri, redaktoru olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyat nümunələri, sözlərinə bəstələnmiş musiqi notlarının siyahıları sərgilənir. İstifadəçilər materialda Dilsuz Mustafayevin müəllifi olduğu və  uşaq ədəbiyyatı nümunələrinə aid olan “Azıx mağarası”, “Hacı Zeynalabdin”, “Gavur quyusu”, “Osmanlı təpələri”, “Savalan dağı”, “Şeyx şamil və anası”, “Şuşa” kimi nağıl kitablarının və  redaktoru olduğu “Elçin yaradıcılığı üzərində düşüncələr”, “Dünyanı belə gördüm”, “Mənim yüzilliyim”, “Bir gecənin sirri”, “Elçin – zaman həddini aşmış sənətkar” kimi 20-dən çox kitabın biblioqrafik təsviri ilə tanış ola bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Taleh Mansurun şeirləri təqdim edilir. 

 

Gedir

 

Süzülür nəğmələr, qulaqda qalmır,

Gah saza qoşulur, gah tarda gedir...

Ağacdan ayrılan budaqda  qalmır,

Almada, heyvada, ya narda gedir...

 

Səssiz yazılanlar səsli ürəkdi.

Sözlərin əlası, əsli ürəkdi.

İnsanın vəfalı fəsli ürəkdi,

Payız da ötüşür, bahar da gedir...

 

Ağrıdır ağlımı bir dəli sancı,

Tanımır Allahı, yoxdu inancı.

Görən, kim uydurub xərci, qazancı?

Bazarın gəliri bazarda gedir...

 

Tapıldım indicə, itdim indicə,

Ah, nələr, ah, nələr etdim indicə.

Başlamaz deyirdin,  bitdim indicə,

Bu gəlməz dediyin, gör, harda gedir...

 

Çiynimin yükündən damır qollarım,

Sirrini heç kimə  demir qollarım.

Dəmir yollarımdı dəmir qollarım,

Düşüncəm söz adlı qatarda gedir...

 

Damarda qaynayan qan ilıq ola,

Göz yaşı tökəsən, göz balıq ola.

Qovuşmaq varmı ki, ayrılıq ola?!

Kim yardan ayrılır, o,  yarda gedir...

 

*

Səninləyəm, ay dil altda

zəhər

gəzdirən adam,

Özündən özünü

bezdirən adam...

Dil altında zəhər-zəqqum

gəzdirənlər

İlan olur axırda.

Ağıl başda olmayanda,

Başda ağıl olmayanda

həqiqət də yalan olur axırda.

Dil altında zəhər özü, 

dil üstündə  zəhər sözü

Görünsə də,

Düşüncəmin

aydan-arı sudan-duru

fikirləri

yalın gözlə görünmür.

Quşqanadlı xəyallarım

arzuların səmasında qanad çalır,

İlan kimi sürünmür.

Düşüncəmin

gicgahına bir fikir sıx,

Can üstədi,  qoy,

ölməsin mənalı söz...

İşıq düşür mənim günəş ürəyimdən

düşüncəmə,

Düşüncəmin ağ vərəqli

kölgəsində şeir bitir.

Bax beləcə yaşayıram

Misra-misra,

sətir-sətir...

Gördüyündən soruş desin,

görünməyən

düşüncəmdə nələr var:

Düşüncəmdə doğulmaq var,

Yaşatmaq var,

yaşamaq var

ölüm yoxdu.

Ocağımda

Odum da var,

Közüm də var,

külüm yoxdu.

Allah verən düşüncəylə düşünürəm:

Eşq sevginin, eşq sevincin,

Bu kədər də boz ahındı,

al ahındı...

Nəyim varsa, Allahındı;

Dil-dil ötən ağrılarım

lal ahındı.

Düşünürəm:

Bəs özümün  nəyim var?

Cavabını bilmədiyim

bu sual da

Allahındı.

Hər şey, hər şey

Allahındı,

O Allah da

elə mənim Allahımdı...

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İki ay, səkkiz gün Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edib. O vaxt ölkədə baş verən siyasi hadisələrdən yaxşı xəbərdardır. Onun aforizmə dönən- “biz böyük şahmat oyununun kiçik peşkalarıyıq”- kəlmələrini hələ də unutmayanlar çoxdur...

 

“Mənim bütün həyatım keşməkeşli olub. Tələbə olduğum vaxtlardan başlayaraq, ictimai-siyasi proseslərin qaynar nöqtəsində, içərisində olmuşam. Artıq 85-ə yaxın yaşım var. Bu yaşda siyasətlə məşğul olmaq artıq gecdir. Zamanında müxtəlif məsul vəzifələrdə çalışmışam. İmkanım daxilində, bacardığım qədər, mənə tapşırılan vəzifələri ləyaqətlə yerinə yetirmişəm.”- söyləyir...

 

Haqqında söhbət açmaq istədiyim Yaqub Məmmədov 1941-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Tibb Universitetində ali təhsilə yiyələnib. Tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. Bir müddət tibb universitetinə rəhbərlik də edib. 1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur. 1992-ci ilin mart-may aylarında Azərbaycan Respublikası Ali Sovetinin sədri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı olub...

Deyir ki:- “Mən həyatımın bütün dövrlərində nə əldə etmişəmsə, öz zəhmətimlə, öz çalışqanlığımla əldə etmişəm. Taleyim elə gətirib ki, instituta qəbul olanda elə birinci kursdan məni fakültənin həmkarlar ittifaqına sədr seçdilər. Heç özüm də gözləmirdim. Sonra institut komsomol təşkilatının katibi oldum. Daha sonra partiya katibi və ilaxır. Mənim bütün bu proseslərdə heç bir dayım, əmim başqa heç bir köməkçim olmayıb. Ola bilsin bu tale yazısıdır. Amma müəllimlərim mənə kömək edib. Mənim o vaxt dekanım var idi - Səfiyar Məmmədzadə. Çox ədalətli bir insan idi. Mənim ictimai-elmi fəaliyyətimdə onun böyük köməyi olub. Bunu mən heç vaxt unuda bilmərəm. 

Kommunist Partiyasının üzvü idim. İnstitutu fərqlənmə diplomu ilə qurtardım. Onda artıq 13 elmi işim dərc olunmuşdu. Bunların hamısını nəzərə alaraq elmi şura qərar verdi ki, məni aspiranturada saxlasınlar. Ondan sonra da kafedrada partiya təşkilat katibi seçildim. Yəni məndən müəyyən mənada asılı olmayaraq, bütün həyatım- həm elmi, həm də ictimai fəaliyyətim bax belə, qoşa qanad kimi inkişaf etdi. İctimai fəaliyyətdə mən qarşıma elə bir məqsəd qoymamışdım. Ancaq elmi fəaliyyətdə qarşıma məqsəd qoymuşdum ki, elmlər doktoru, professor olana qədər çalışım. Tale elə gətirdi ki, mən həm ictimai fəaliyyətdə, həm elmi fəaliyyətdə uğurla irəlilədim, inkişaf etdim. Pis-yaxşı uğurlarım oldu. Elmdə professor, institutun rektoru, prorektoru və ilaxır dərəcələrə çatdım. Sonra Ali Sovetin deputatı, Ali Sovetin sədri, prezident səlahiyyətlərini icra etməyə qədər yüksələ bildim...” 

Arzu edir ki, insanlar sülh və əmin-amanlıq içində xoşbəxt yaşasınlar. Müharibə, qarşıdurma heç vaxt olmasın, xalqımızın yaşayışı günü-gündən yaxşılaşsın. Elmimiz-təhsilimiz inkişaf edib, dünya səviyyəsinə çatsın...

Bəli, onun aforizmə dönən- “biz böyük şahmat oyununun kiçik peşkalarıyıq”- kəlmələri yaşlı nəsil arasında bu gün də tez-tez işlədilir...

 

Bu gün - martın 3-ü Yaqub Məmmədovun 84 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, xoş əhval-ruhiyyə, ağrı-acısız günlər arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

Понедельник, 03 Март 2025 09:02

Bu gün Ənvər Rzanın doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kəlbəcərə gedən yollar

Yazda əriş-arğac olur

Kəlbəcərə gedən yollar.

Köçdə örüş, arxac olur

 

Tələsəni salar bəndə,

Haçalanar neçə kəndə.

Düşməni azdırar çəndə

Kəlbəcərə gedən yollar.

 

Min bulaqdan içib gedir,

Qayaları biçib gedir.

Ürəyimdən keçib gedir

Kəlbəcərə gedən yollar.

 

Ənvər Rza 1939-cu il martın 3-də Azərbaycanın Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olmuşdur. Orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil almışdır.

M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedra müdiri, Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında dosent işləmişdir.

"Göz işığı" adlı ilk şeri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şerləri və bədii tərcümələri ilə çıxış edir. Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə etmişdir. "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ənvər Rza poetik şair və bacarıqlı tərcüməçi idi. V. Şekspirin, G. Bayronun poemalarını İngilis dilindən Azərbaycan dilinə tərcümə etmişdir. 

 

Kitabları:

1. Sənsiz Bakı

2. Könlümə bahar düşüb. 

3. Nə yaxşı görüşdük. 

4. Bəxtəvər dustaq (şeirlər və poemalar)

5. Kəlbəcərə gedən yollar. 

 

1987-ci il iyunun 8-də Moskvada vəfat etmiş, vəsiyyətinə əsasən, öz doğma kəndində dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

Понедельник, 03 Март 2025 10:11

POETİK QİRAƏTdə Əlizadə Nuri “Tənha qadın” şeiri ilə

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

...Yada düşər o günlər

Köhnə bayatı kimi 

Əlindən saldığı qab

Sınar həyatı kimi...

 

-deyir şair. Yenə oxunaqlıdır, təsirlidir. 

Xoş mütaliələr!

 

Xatirələr çay kimi,

Tökülər yuxusundan...

İşığı oyaq qalar

Gecənin qoxusundan.

 

Kimsə gəlib götürməz

O kədəri üzündən.

Elə təkdi, diksinir

Ürək döyüntüsündən.

 

Tanrı da heyran qalıb,

Onda olan  dözümə.

Sevinc bağlı qapıdı-

Bağlanıbdı üzünə...

 

...Yada düşər o günlər

Köhnə bayatı kimi 

Əlindən saldığı qab

Sınar həyatı kimi...

 

Qəfil bir zəng istəyər,

Ümid savaşındadı:-

Bəlkə elə xoşbəxtlik 

Xəttin o başındadı?!

 

Kim ağladıb şamını,

Kim hönkürüb baxtına.

Hər gecə yuxusunu

Qurar azan vaxtına...

 

...Uçub gedər o quş da,

Quş da xətrinə dəyər.

Onun pəncərəsini

Yağışlar dimdikləyər...

 

“Ədəbiyyat və incəsənət”

(03.03. 2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.