Super User

Super User

Четверг, 12 Декабрь 2024 08:32

POETİK QİRAƏTdə Əlizadə Nuri “Çəkilir” şeiri ilə

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. 

 

İynə götürməz bu sapı,

Tikməz bu boyda əzabı.

Niyə allahın hesabı

Xeyirdə- şərdə çəkilir?

-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir. 

Həqiqətən, gözəldir.

Şeir sevimli şairimiz Rüstəm Behrudiyə ithaf edilib. Rüstəm Behrudi indi xəstədir, yastığı yüngül olsun. 

Xoş mütaliələr!

 

Çəkilir

 

Hamı yaşamaq istəyir,

Amma ki, şərtə çəkilir.

Dərdi yaxşı çəkən adam

Özü də dərdə çəkilir...

 

İynə götürməz bu sapı,

Tikməz bu boyda əzabı.

Niyə allahın hesabı

Xeyirdə- şərdə çəkilir?

 

Hamı dinir yad dilində,

Quş dilində, ot dilində.

Köhnə sevgi not dilində

Təzə xəbərdə çəkilir...

 

Gül açılır gül üzünə,

Qoy dağılsın yel üzünə...

...Gün tutulur? yer üzünə

Yoxsa ki, pərdə çəkilir?...

 

“Ədəbiyyat və incəsənət”

(12.12. 2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qabil Hüseynlinin essesi 

təqdim edilir. Qabil Hüseynli ADA məktəbinin 10-cu sinif şagirdidir. 

 

 

Həyatın mənası varmı? 

Bu, fəlsəfənin qarşısına qoyduğu əsas suallardan biri olub, bütün insanları həyatlarının müəyyən anlarında düşündürüb, bəzən ümidsizliyə məhkum edib, bəzən qəlblərini ümidlə doldurub. "Tanrı öldü, onu biz öldürdük" - demişdi Nitsşe. Onun zənnincə, tanrının olmaması, varlıqlarının mənasını tanrı üzərində qurmuş bir toplumu anlam aclığına gətirib çıxaracaq, insanlar, ya nihilizmin cənginə düşəcək, ya da öz həyatlarına yeni bir məna daxil etmək üçün çabalayacaqdılar. Bir yaradıcıya inanmasam, Nitsşe kimi ikincini seçənlərdən olardım: O, üstinsan konsepsiyasını irəli sürərək iddia edirdi ki, insanlar zehni olaraq təkamül edib daha üstün bir varlığa çevrilmək üçün yaşamaqla həyatlarına məna qata bilərdilər. Nihilist filosof Alber Kamü isə məsələyə oxşar, lakin daha bədbin və çarəsizlik aşılayan şəkildə yanaşaraq "Sizif mifi" essesində yazmışdı: "Kimsə Sizifi xoşbəxt təsəvvür etməlidir". Sizif yunan əsatirlərindən olan, tanrılar tərəfindən cəzalandırılmış bir personajdır. O, bir qaya parçasını dağın başına çıxarmağa məhkum olunmuşdu, amma hər dəfə təpəyə çatmağa az qalmış daş aşağı yuvarlanır, Sizifin əməyi boşa gedirdi. Kamü insan həyatını Sizifin vəzifəsi ilə müqayisə edirdi; insanlar həyatlarında enişlər və çıxışlar yaşayır, bu, ölənə kimi davam edirdi. Onlar bir işə nail olanda, arzularından birinə çatanda qarşılarına yeni məqsəd qoyur, yekunda isə yenidən eyni döngüyə qayıdırdılar, bu da absurdun təzahürüdür. Pessimist fəlsəfənin məşhur siması Emil Sioran kimi filosoflar isə həyatda ümumiyyətlə heç bir şəkildə bir məna olmadığını, bunu qəbul etməyin insanları həm rahatlaşdırdığını, həm də qaranlıqda qoyduğunu iddia edirdi. Siorana görə, həyat anlaşıla bilməyən bir məfhumdur və sadəcə olaraq insanlara əzab verir. Şopenhauer iddia edirdi ki, insan xoşbəxtliyə çatmaqdan çox, həyatın mənasızlığının verdiyi əzabı azaltmağa çalışmalıdır və bu onun həyatında əsas motiv olmalıdır, çünki əzab qaçınılmaz, xoşbəxtlik isə nisbi və keçicidir.

Bu örnəkləri artırmaq olar, amma yazının qalan hissəsində öz düşüncələrimi və niyə yuxarıdakı bəzi görüşlərlə razılaşmadığımı izah etməyə çalışacağam. Əvvəla, hamı razılaşar ki, insanların əksəriyyəti həyatın mənasız olduğunu irəli sürsələr belə, onu sonlandırmağa can atmırlar. İnsanlar istənilən halda yaşamağa üstünlük verirlər və bu da onu göstərir ki, təbiətimizdən gələn bir arzu, dərin istək bizi həyata bağlayır, o istək ki, fəlsəfi düşüncələrimiz onu sarsa bilmir, düşüncələrimiz ona güc gələ bilmir. O bizə genlərimizlə ötürülən bir mirasdır. Bu halda insanın təbii olaraq yaşamağa can atması özü həyatın mənasının olmaması fikrinə qarşı bir cəbhə yaradır. Həyatın bir mənası olması üçün heç də fövqəltəbii bir qüvvəyə, böyük bir məqsədə və ya kainatın dərinliklərində gizlənmiş universal bir plandan asılı olması gərək deyil. İnsan həyatı, onun öz dəyərlərini və mənalarını yaratmaq bacarığı ilə mənalı ola bilər. Bundan əlavə, insanın daxili azadlığı öz seçimləri ilə həyata fərdi bir məna qazandırması deməkdir. Filosofların irəli sürdüyü pessimist fikirlər müəyyən məqamlarda düşündürücü və hətta təsirli ola bilər, lakin onlar həyatın kompleksliyini sadələşdirirlər. Həyat yalnız əzab və ya absurd döngüsü deyil, o həm də sevinc, yaradıcılıq, sevgi və paylaşma anları ilə doludur. İnsan həyatı özü bir prosesdir və bu prosesdə məna axtarmaq, onu tapmaqdan daha vacib ola bilər. İnsanın həyatda öz seçimlərinə sahib olması, öz inanclarına sahib ola bilməsi, özü-özlüyündə təklif edir ki, həyat mənaya sahibdir və bu məna hər kəs üçün eyni olmaq məcburiyyətində deyil.

Son olaraq onu bildirmək istəyirəm ki, həyat istənilən halda çox dəyərlidir, mənasının nə olması və ya ümumiyyətlə olub-olmamasından asılı olmayaraq. Ona sahib olduğumuz faktı niyə sahib olduğumuz sualından daha önəmlidir və bu, belə olaraq da qalmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl  Təranə Dəmirin şeirlərini sizlərə təqdim edəcək. Əminik ki, onları bəyənəcəksiniz. 

 

 

*

Addım-addım  ölçürəm  şəhəri,

Kölgəm də  mənimlə addımlayır.

Ölçürəm adamları, yolları, maşınları,

Ağacları, binaları, səkiləri.

Qarğalar  məni addım  səslərimdən  tanıyır,

Kölgəmə  qaçır   yiyəsiz  küçə  itləri.

Başımın  üstündə  səma, 

Ayağımın  altında  torpaq  yeriyir.

"Kimsə arxamca  danışır" –

Qulağım  cingildəyir.

Addım-addım  keçirəm  şəhərin  tarixini,

Küçələri, reklamları, 

Afişaları,  heykəlləri, şəkilləri...

İçimdə  tutub  saxlayıram nəfəsimi,

Ürəyim  ovcumda  döyünür.

Gözümün qabağında 

rəng  verib rəng  alır adamlar,

saxta  gülüşlərdən  diksinir 

divarlar, daşlar,  ağaclar, quşlar.

Addım-addım  yeriyirəm  qaranlığın  üstünə,

Qürubun  şəkli  düşür  dənizə,

Nə yaxşı dəniz var..

 

*

 

Min notda ağlatdı  duyğular  məni, 

Ovundum  bir misra  baxışın  altda.

Göz yaşım  asıldı  kirpiklərimdən,

İslandım  bir  qərib  yağışın  altda,

Bir  vüsal  doğuldu   gözümdə  yenə.

 

Göynədi, duz  səpdim  yaramın  üstə,

Əl  atıb  yapışdım ağrılarımdan.

Söz-söz, heça-heca  axıb duruldum,

Sıyrılıb  qurtardım qorxularımdan,

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

 

Didib  parçaladım  tərəddüdləri,

Yolumun  üstündən    çəkildi  həsrət.

Güzarım  təzədən  sevgiyə  düşdü,

Təzədən  üzümə güldü  məhəbbət, 

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

 

Bir  ümid  boy  atdı  əzablarımdan,

Bir  ocaq  qalandı külümdən, Allah.

Az qala  özümdən  yıxılacaqdım,  

Son anda  qayıtdım  ölümdən, Allah,

Bir  vüsal  doğuldu gözümdə yenə.

 

*

 

Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,

Bir bulud  atıb özünü qızın  ayaqları  altına

səma evinin ən üst qatından.

Bir küçə yağışa meydan oxuyur,

Bir ləpir küçəyə.

Bir pəncərə udur buludun  göz yaşlarını,

Bir   xəyal   məktub yazır Tanrıya gecənin adından.

Bir pişik  siçan deşiyi axtarır ağzındakı  ovunu rahat-rahat  aşırmaqçun  qaranlıqda.

Bir  ağac asılır  üzüaşağı ayağından.

Bir qoca  nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,

Nəfəsi ilişib qalır havada.

Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa, 

Bir sevgi üşüyür  kirpiklərinin  ucunda.

Bir ana   köynək  toxuyur əsğər oğluna,

Bir hörümçək tor  bağlayır  baxışlarında. 

Bir gecə səhərə  tərəf yeriyir ağır-ağır,

Bir səhər dincini alır gecənin dizi üstə.

Bir  köpək gecəyə ulayır, küçəyə ulayır, yağışa, küləyə ulayır.

Bir daş fır-fır fırlanır  köpəyin səsi üstə.

Bir damcı  işıq damır gecənin yanağına,

Bir oğlan üzük şəkli taxır adsız barmağına.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Среда, 11 Декабрь 2024 22:14

Səkkizinci günün dan yeri - XATİRƏ YAZISI

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Ədliyyə polkovnik-leytenantı Nazir Şahsuvarovun əziz xatirəsinə_ 

 

... Hacı Bədəl körpüsünün üstündə nəfəsini dərdi. Hardan gəldiyini, niyə qaçdığını bilmirdi. Amma yaman təntimişdi. Ağa çayında bir kölgə gördü. Allahım, bu Ay işığıydı, dan yerinin işartısıydı?! Yoxsa onun ruhunun əksiydi?! Gecə və gündüz rejimləri də məchulluğa qərq olmuşdu. 

Qosqoca, iri dağdağan ağacının qoğuşunda bir dəstə kənd uşağı oynaşırdı. Zahid, balaca Qulu, Tapdıq, Səxavət, Əmrah, Muradxan, Eldar... Gülzar xala çayda kilim yuyurdu. Bilal əmi samovarı qaynatmaq üçün talaşa doğrayırdı. Bu nəydi?! Özü də uşaqların arasındaydı. Axı hazırda körpünün üstündə durmuşdu. 

Çox düşünüb-daşınmağa macal tapmadı. Atasını gördü. Bağı kişi dağdağan ağacının arxasından gülümsəyirdi. Bir az aralıda ərik bağı gözə dəyirdi. 

-Gəl, - Bağı kişi sakit səslə dilləndi, xoş gəlmisən, oğlum, nəhayət ki qovuşduq. Sənin də vaxtın çatdı, gedək. Tutu anan yolunu gözləyir.

... Hövlnak oyandı. Tər- su içindəydi. 

- Nazir, yuxu görürdün, su gətirim, bir yerin ağrıyır, - Qərənfil xanım cavab gözləmədən danışırdı, - ürəyin nəsə istəyir, neçə gündür fərli-başlı yemək yemirsən, bəlkə dolma bişirim? 

Nazir başını qaldırıb kədərlə ömür -gün yoldaşına baxdı...

 

Arayış

 

Şahsuvarov Nazir Bağı oğlu 1957-ci il avqustun 8-də Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya göz açıb. O vaxtkı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Sumqayıtda- Superfosfat zavodunda hüquqşünas kimi başlayıb,

Sumqayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil - kommunal təsərrüfatı idarəsinin hüquq şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sonradan hərbi sahəni seçib. Bakı qarnizonunda, Bakı şəhər Hərbi Prokurorluğunda, Sumqayıt şəhər Hərbi Prokurorluğunda məsul vəzifə daşıyıb. Füzuli rayonunun Hərbi prokuroru olub. İşgüzarlığı, savadı, obyektivliyi ilə diqqət çəkib. Respublika Hərbi Prokurorluğu  İstintaq idarəsinə böyük müstəntiq təyin edilib. Təqaüdə çıxana qədər Respublika Hərbi Prokurorunun böyük köməkçisi vəzifəsində çalışıb. 

Ömür-gün yoldaşı Qərənfil xanım Sumqayıt Dövlət Universitetinin fizika fakültəsinin baş müəllimidir. Qızı Tünzalə Azərbaycan Dövlət Tibb Universitetini əla qiymətlərlə bitirib. Bakı şəhər,  5 nömrəli xəstəxanada terapevtdir. Oğlu Nəriman öncə Turizm Universitetini, daha sonra Belorusiya yanğınsöndürənlər məktəbini bitirib. Fövqaladə Hallar Nazirliyində işləyir.

4 nəvənin fərəhini yaşaya bildi Nazir.

Ailəsi ilə xoş günlərini keçirmək, istirahət etmək niyyətindəydi. Amma tale təqaüd istirahətlərini ona vur tut 6 il qıydı.

 

Qardaşı Qulunun göz yaşlarına bələnmiş xatirələri:

 

"Dəmirçilər" deyə-deyə getdi qardaşım. Təsəllimiz budur ki, torpaqlarımızın azad olduğu günü gördü. Amma Qubadlıya , doğma kəndimiz Dəmirçilərə getməyə, açığı, mane olduq. Qorxduq. Şuriyə dedi: Qulu, bu xəstəliklə Qubadlıya getməsi məsləhət deyil, yolda canını tapşıra bilər. Bilmirəm, bəlkə də ürəyinin bir guşəsində bizdən incikliyi vardı , özü ilə götürdü. 

Bəşirin çayxanasına gedirdi tez-tez. Kənd adamları ilə ünsiyyətə can atırdı. Sinif yoldaşlarını arayıb-axtarırdı.Xəstəliyi başlayandan hər gün Zahidlə telefonla danışırdı. Təsəvvür edin: nahar vaxtı Zahid Suriyadan zəng vururdu, axşam deyirdi, nə əcəb Zahiddən zəng gəlmədi? 

Bir də kiçik bacım Həmayılı bir gün görməsə, ürəyi partlayardı.

Həmayılla saatlarla  dərdləşir, xatirələri birlikdə çözələyirdilər.

Son 7 günü ağır keçirdi. 

Hər gün Zahidlə danışıqdan bir-iki saat sonra "nə əcəb Zahid zəng vurmadı" nigarançılığı ilə gözünü üzümə dikirdi. Bir də hər gün mənə deyirdi: Ay Qulu, sən dünyagörmüş adamsan, bilərsən, görən bu xəstəlik adamı öldürər? Cavabı da gözləmirdi, köks ötürüb kədərlə üzümə baxırdı. 

Dedi: -Qulu, ürəyimə damıb ki, son həftəmi, son günlərimi yaşayıram. Bu Nərimanı bir az ərköyün böyüymüşük. Mən Tbilisidə işləyəndə babasının yanında qaldı, baba, nənə yanında böyüyən uşaq necə olmalıdır ki?! Nərimandan muğayat ol,  Qulu.

... Sentyabrın 26-da axşam ondan ayrıldım. Evə gəldim. 27-də səhər saat 6-da Nərimanın mobil telefonundan zəng gəldi.

-Qulu əmi, atanın halı yaxşı deyil. 

Geyinib çıxmaq istəyəndə...

 

Sonuncu səhər

 

-Nazir, qurban olum, darıxma, Qulu ilə Şuriyə gəlirlər. Təcili yardıma da zəng vurdum. Gələrlər indi, özünü darıxdırma, Nazir, keçib gedər.

-Həmayılı da çağırın.

-Yaxşı, indi zəng vuraram.

-Quluynan Şuriyədən bərk incimişəm.

-Niyə, qurbanın olum, belə qardaşlardan da incimək olar? 

-Məni Qubadlıya aparmadılar. Dəmirçilərdən ötrü burnumun ucu göynəyir. Əvvəl razıydılar, sonra aralarında nə pıçıldaşdılarsa, fikirlərini dəyişdilər. Bircə dəfə Hacı Bədəl körpüsünə çıxsaydım...

Əhd eləmişdim, o körpünün üstündən uşaqlıqda olduğu kimi qaça-qaça keçəcəkdim... Qərənfil, telefonu yaxın qoy, birdən Zahid zəng vurar. 

Suriyada gecə saat 4-idi. Amma yenə də telefonu yaxına gətirdi Qərənfil. Qəhərdən boğulurdu. Hönkürtüsü tıxanıb boğazında qalmışdı. Ağzını açıb nəsə demək istəyirdi, qorxurdu qəfil hönkürə bilər. Bu gün səkkizinci gün idi ki, səhəri dirigözlü açırdı. Həkimlərin əməliyyatdan imtina xəbərindən sonra Nazirin halı dəyişmişdi.

Hər səhər  pəncərəyə baxa-baxa qalırdı Qərənfil xanım. Amma pəncərənin o üzündə zil qaranlıqdan alayı bir şey görə bilmirdi.

Bu gün ilk dəfə dan yerinin işartısını gördü.

-Qərənfil, haqqını halal et, uşaqlardan muğayat ol...

Vəssalam. Qərənfil xanım dönüb baxdı... Nazirin donmuş təbəssümündə dan yerinin işartısını gördü...

... Və bu gün çox darıxanda da, üzüləndə də, Nazirli günlərə təşnə olanda da dan yerinin işartısına baxıb toxtaqlıq tapır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər.

 

Veteranlar  Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar.

 Veteranlar qarşısında çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin əvəzedilməz olduğunu vurğulayıb.

Daha sonra veteranlar görkəmli akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, böyük elm xadiminin məzarı önünə gül dəstələri qoyublar.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair  Rafiq Yusifoğludur. Şeir bədxahlıq barədədir. 

Ötən ay yazılıb.

 

QU DESƏN QULAQLAR 

BATIRAN SÜKUT

 

Uğurun artdıqca, oxlov udacaq

Neçə dost sandığın batacaq qəmə.

Pambıqla baş kəsən görmüşdük, ancaq

Sükutla baş kəsən var imiş demə...

 

Güvəndiyim dağlar dalıb sükuta,

Ürək istəməsə söz demək olmur.

Hamının ümidi qalıb sükuta.

Ancaq həqiqəti gizləmək olmur...

 

Bu sükut dənizdə adaya dönüb,

Bu sükut qoynunda dağ uda bilər.

Şimşəklər bir qızıl sədaya dönüb,

Həsəd  buludunu dağıda bilər...

 

Bir yağış yağar ki, zəfər yağışı,

Qara kötükləri yuyub aparar...

Pozar bu sükutu ümid alqışı,

Bir acı həqiqət haray qoparar...

 

Yelkənə çevrilər bəyaz bir bulud,

Günəş saf qızılın əyarı imiş.

Qu desən qulaqlar batıran sükut,

Mənim kimliyimin meyarı imiş...

 

Necə simsar olsun ürəyi buzla

İnsan düşüncəsi, insan amalı?

Susun, əziz dostlar, sükutunuzla

Mənim uğurumdan intiqam alın...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə A.Kərimli Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub.

Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.

Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb.

Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

Yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı İranda çap olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Kitaba müəllifin seçilmiş hekayələri daxil edilib.

Bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Среда, 11 Декабрь 2024 18:39

BİR SUAL, BİR CAVAB Rəbiqə Nazimqızı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qollarımı açıb skamyaya sərmişdim. İri, mavi damarları sayırdım. Dodaqlarım açılıb-yumulurdu: "Bu gün, məhz bu gün, sabah olmaz”. Heç nə fikirləşmirdim. Heç nə fikirləşmək istəmirdim. Qorxurdum.

-Sabah olmaz.

-Nə? – qeyri-iradi sual verdim.

-Sabah gecdir. Sabaha saxlasan, eləməyəcəksən...

 

Dəyərli Rəbiqə xanım, bu maraqlı yazınızda həyat və mübarizə ön plana çəkilir, intihar, təbii ki, çıxış yolu deyil. Həyatın ən çıxılmaz yollarından üzüağ çıxmaq üçün nəyi bacarmaq əsas şərtdir?  

 

CAVAB:

Özünlə qürur duymağı. Özü ilə qürur duymaq hissi dünyada ən gözəl hissdir. Söhbət təkəbbürdən getmir. Söhbət ondan gedir ki, ötənlərə və eləcə də indiki vəziyyətə baxanda düşünə biləsən ki, insan kimi yaşamısan, əksər situasiyalarda məhz normal insanın davrandığı kimi davranmısan, bağışlaya bilmisən, nəyinsə üstündən keçmisən və ya əksinə, bağışlanmaz bir şeyi bağışlamamısan, söz deməli olduğun yerdə susmamısan. Və sair və ilaxır. Özünlə qürur duymaq - mən bacardım, mən bacarıram, mən bacaracağam deməkdir. Ən yaxşı stimuldur. İnsan hər situasiyada güclü ola bilmir, bəzən kontrolu itirir. Amma bu kontrol itəndə də gərək heç kəsə zərər vurmaya. Uşaqlıqdan gələn tərbiyədən asılıdı, sonra da vərdişi avtomatikləşdirirsən. İntihar etmək istəyi, yəqin, hər insanın həyatında, azı, bir dəfə olur. Heç onu həyata keçirməsə də. Özünü və başqalarını sevən, özündə başqalarını, başqalarında özünü sevən adam üçün asandı, rahatlıqla həmin çətin anı ötürmək üçün uyğun nəyisə, bəlkə, kimisə tapacaq. Pozitiv düşünən insana kainat özü kömək eləyir. Necə deyərlər, neqativdən Allah da bezardı.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Среда, 11 Декабрь 2024 17:43

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Get” şeiri ilə

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. 

 

Uzun gecə, qısa səhər,

Günəş gələ, qıza səhər...

...Əgər açılmırsa səhər-

Söndür bu şamları, get...

 

-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

Get...

 

Bu Yerin  son yeri- kədər,

O yan sevinc, bəri kədər.

Biri eşqdi, biri kədər-

Götür iç camları get.

 

Getməyibsə, gələn deyil,

Ləl paylayan Lələn  deyil.

Onsuz da düzələn deyil-

Burax adamları get.

 

Yaralayıbsa yar səni,

Bu ömür də  atar səni...

...Yordu  bu axşamlar səni,

Yorma axşamları get.

 

Uzun gecə, qısa səhər,

Günəş gələ, qıza səhər...

...Əgər açılmırsa səhər-

Söndür bu şamları, get...

 

“Ədəbiyyat və incəsənət”

(11.12. 2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.