
Super User
İnsan əhvalını, yaxud hisslərini rənglə ifadə edə bilərmi? - ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və İncəsənət”
İnsan əhvalını rəngləyə bilərmi? Məsələn, mən əhvalımı, yaxud hisslərimi rənglə ifadə edə bilərəm?
Psixologiya nə deyir?
Psixologiyada rənglərlə bağlı bir çox araşdırmalar və yüzlərlə irəli sürülən situasiyalar var. Həmçinin rənglərin psixologiyası, düşüncələrə, həyata-yaşama, fikirlərə, fikir yaranmalarına, qərar alınmasına, dəyişikliyinə, ruh sağlığına yaxından təsir etdiyini görə bilərik. Ən əsası da insanın şüuraltı motivasiyasının təməlinin nə olduğunu soruşsanız, baş sıralarda “rənglərin təsiri” deyə bilərik. Psixologiyada hər rəngin öz mənası var, yəni, hər rəngin daşıdığı və icra etdiyi vəzifəsi var. Fikrimcə, rənglər insan psixologiyasının sağlamlığını qoruyan dərmanlardan biridir.
Rənglərin insan düşüncələrinə təsiri:
Görmə və müşahidə etmək
5 duyğu orqanımız olduğunu desək də, mənə görə duyğulara birbaşa təsir edən gözlərdir, yəni görmək. Bir insan gözlərlə həm danışa, həm anlaya, həm susa, həm ağlaya, qısacası mənfidən müsbətə qədər bütün hiss-düşüncələrini gözlərdə əks edə, həmçinin də müşahidəni gözləri ilə edə bilər. Mənə görə, insan görmədən müşahidə edə bilməz, müşahidə etməsə anlaya, anlamasa da beyninə hər hansısa duyğunu yaşaması üçün əmr kontrolunu göndərə bilməz.
Duyğuların əhvala təsiri
Bu halda beyin avtomatik olaraq görür, müşahidə edir və nəticə olaraq nə hiss edəcəyinə qərar verir.
Hisslərin qərarlara təsiri
Nəticə olaraq, insan yekun hissi ilə nə qərar verəcəyinə, hansı addımı atacağına qərar verir. Bu proseslər bəzən beyində bir anın içində, bəzən də bunun 10 qatı uzun müddətdə baş verə bilir. Beyin bu prosesləri bircə saniyənin içində də emal edə bilir. Bəli, bəzən insan beyni təhlükəli şəkildə sürətli işləyə bilir. Bu bir nöqtədə insana zərər verə bilir. Bu halda da, yanlış zamanda hisslərə təsir nəticəsində, yanlış qərarlar verə bilir insan.
Nəticə:
Qeyd etdiyimiz kimi, insan görərək müşahidə edib qərar verirsə, bu halda rənglərin insan psixologiyasına, onun ruh və qərar dəyişikliyinə necə yaxından təsir etdiyini görə bilərik.
Əlavə situasiya:
İş həyatında uğurun səbəbi rənglər..
Həmçinin, rənglərin şüuraltı kodlaması olduğu fikrini nəzərə alsaq, bunun iş dünyasında ən çox marketinq hiylələrində istəməsək belə, qarşılaşa bilirik. Rənglərin düzgün ahəngi qurularsa, bu insan beyninin hipnoz olmasına gətirib çıxara bilir. Buna görə də, ən sıx marketinq sahhələrində rənglərin konfransından düzgün istifadə edə bilənlər uğurlu nəticələr əldə edə bilib. Biz bir çox uğurlu işin səbəbini şansa, yaxud çox işləməyə, hətta uğurlu insanların dram hekayələrinin ardından gələn qərarlılıq və s. kimi fikirlərə bağlasaq da, əslində dərinə ensək, bir nöqətə bunun kökündə sadəcə insanların bəsitcə hipnoz oluna bilindiklərini və bu zəif tərəflərinin əsiri olduqlarını görə bilərik. Kimisi sözlərlə, kimisi davranışlarla, kimisi də rənglərlə manipulyasiya ola bilir. Çox insan düzgün marketinq planları və hiylələri haqqında məlumat verirmiş kimi görünsə də, bunlar müəyyən yerə gəlmək üçün “göz boyayır” və bu da bir nöqtədə marketinqin bir parçası olur. Mənə görə, biznesdə ən önəmli yanaşmalarından biri rənglərin təsiri və düzgün yönümlü dizayn edilməsidir. Həmçinin rənglərin insan psixologiyasına ən böyük təsirinin, insan əhval-ruhiyyəsinin kökündə nələr dayandığına nəzər yetirsək, orada ən baş sıralarda rəngləri görə bilərik.
Unutmamalıyıq ki, insanlar görünüş önəmli deyil desələr də, bir nöqtədə gördüklərinə əsasən beyinlərinə sonrakı addım üçün siqnal göndərirlər. Bu dediyimi nəzərə alsaq, rəng ahənginin insan psixologiyasına necə təsir etdiyini görə bilərik.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Nə zəmanə, nə vəzifə onu dəyişə bilib - PORTRET
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət təkcə buraya daxil olan müxtəlif sənət növlərindən ibarət deyil, cəmiyyətdə mədəni oln, başqalarına hörmətlə yaşayan, etik normalara riayət edən şəxslərin yetişdirilməsi də mədəniyyətin vacib və önəmli sahəsidir. Və mədəni insanlar nə qədər çox olarsa, xalq, dövlət bir o qədər fada götürər.
Allahın varlığını hamı təsdiq edir, amma az adam Yaradanı hər yerdə görə, hiss edə bilir. Qəribədir, nəfs, qəzəb, kin, paxıllıq, təkəbbür, xəbislik bəşər övladını elə bir vəziyyətə salıb ki, yalnız çətin vaxtlarında Allahı yadına salır...
Müəllim ailəsində doğulub, müəllim maaşı ilə böyüyüb ərsəyə çatıb. Bir insan kimi formalaşmasında müəllim tərbiyəsinin və tələbkarlığının rolu böyük olub. Mərdliyin mayasını Laçının bumbuz çeşmələrinin suyundan, dağ havasından götürüb. İlk dəfə dürüstlüyün nə olduğunu dünyaya göz açdığı Güləbird kəndinin adamlarından öyrənib. Haraya gedibsə dağ saflığını qoruyub saxlaya bilib. Aldığı təhsil zehninə işıq saçıb, təfəkkürünü kamilləşdirib. Xeyirlə şəri bir-birindən ayırmağı bacarıb. Və sonra, sonra da Allahı dərk edib, Ona baş əyib, ədalətinə güvənib. Haraya gedirsə, nə iş görürsə Allahı orada görə bilir...
Əlbəttə ki, ariflər vəzifəni Allahın insan taleyinə yazdığı gözəl bir fürsət kimi dəyərləndirirlər. Elə bir fürsət ki, onun vasitəsi ilə insanlara daha böyük fayda verə bilirsən.
O da, taleyinə yazılan vəzifənin çətinliklərini, şərəfini yaşayır. Yanına gələnlərin problemlərini həll etməyə çalışır. Bacardığı qədər, səlahiyyətləri daxilində ona pənah gətirənlərə yardımçı olur...
Qürurludur, lakin lovğalıqdan, təkəbbürdən çox uzaqdır. Davranışında o qədər səmimi, mehribandır ki, onunla ünsiyyətdə olanda sıxılmırsan. Kobud söz işlətmir, fikrini ən mükəmməl tərzdə ifadə edir. Heç kimə yuxarıdan aşağı baxmır, hər kəslə öz dilində danışmağı bacarır…
Onunla bir süfrədə əyləşmək, başqa aləmdir. Qonağına o səviyyədə xidmət göstərir ki, sanki bundan bir rahatlıq tapır…
Gözümüzü açandan müxtəlif ictimai-siyasi quruluşlarda yaşamışıq. Hər quruluşda eyni vəzifənin özünəməxsus adları olub. Bir vaxtlar rayon partiya komitəsinin birinci katibi adlanan vəzifə, bu gün rayon icra hakimiyyəti başçısı adlanır…
Hər hansı bir rayona rəhbərlik etmək əlbəttə böyük məsuliyyətdir. Hər gün müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaq, bitib tükənməyən sosial, iqtisadi problemlərin həllinə çalışmaq, sakinlərin tələb və istəklərini dinləyib, düzgün qərar vermək, çətinlikləri aradan qaldırmaq çox ağırdır.
Haqqında söhbət açdığım Sevindik Hətəmov bütün bu sadaladıqlarımın öhdəsindən ləyaqətlə gəlir. Elə ona görə də harada, hansı rayonda çalışırsa insanların rəğbətini qazanır...
Onun Yardımlını tərk edərkən, necə yüksək səviyyədə yola salındığının çox adam şahidi olub. İnsanlar iki saat yol qət edib bu görüşə tələsirdilər...
Bəli, yaxşı insanlara dəyər vermək, onları nümunə göstərməyə tələsmək insanlıq borcumuzdur. Sevindik Hacıağa oğlu Hətəmov on ilə yaxındır ki, Yardımlıdan gedib, amma adı gələndə ehtiramla yad edilir, ünvanına xoş sözlər söylənilir. Yardımlı camaatı onu özünə hələ də doğma, əziz adam bilir...
Mən onu qırx yeddi yaşından tanıyıram. Nə zəmanə, nə vəzifə onu dəyişə bilməyib. Ötən bu müddətdə saflığını, mərdliyini, insanpərvərliyini qoruyub saxlamağı bacarıb…
Aprelin 7-si Sevindik Hətəmovun 64 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Qədim türklərdə tibb sahəsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə həyata keçirdiyi Türklərin tarixi layihəsindəyik. Bu dəfə sizlərə qədim türklərin tibb sahəsi barədə danışaçağıq.
Türk tarixinin çox zəngin və dərin bir mirası olduğu şübhəsizdir, lakin bəzi sahələrdə hələ də çox araşdırılmamış, kəşf edilməmiş mövzular var. Bu yazıda Türk tarixində geniş araşdırılmayan bir mövzuya- Türk xalqlarının qədim dövrlərdəki tibb və səhiyyə bilikləri və onların bu sahədəki inkişaflarına toxunmaq istəyirəm.
Qədim Türk xalqlarında tibb və səhiyyə
Türk xalqlarının qədim dövrlərdəki həyat tərzi və dünyagörüşü, onların təbiətə və ətraf aləmə olan dərin münasibətini ortaya qoyur. Orta Asiyada qədim Türk dövrlərində tibbi biliklərin çox vaxt təbii müalicə üsullarına, bitkilərə, heyvanlara və təbiət hadisələrinə əsaslanması diqqət çəkir. Bu, yalnız şəfa tapmağın bir yolu olmaqla qalmamış, eyni zamanda cəmiyyətin mədəniyyətini və təbiətə olan bağlılığını simvollaşdıran bir anlayış idi.
Şamanizm və tibb
Türk xalqlarının ən qədim inanc sistemi olan Şamanizm, tibbin və müalicənin bir hissəsi olaraq çox mühüm rol oynamışdır. Şamanlar yalnız dini liderlər deyil, eyni zamanda müalicəvi bacarıqlara sahib olan şəxsiyyətlər idi. Onlar, xəstəlikləri yalnız fiziki olaraq deyil, ruhani səviyyədə də müalicə etməyə çalışırdılar. Şamanların, xəstələrə müalicə edərkən bəzən ritüel və dualardan istifadə etdikləri, həmçinin bitkilər və təbiətin digər vasitələrini müalicəvi məqsədlərlə tətbiq etdikləri məlumdur.
Türk şamanizmi, tibb və səhiyyə sahəsində xüsusi biliklərə sahibdi. Məsələn, "Kama" adlı şaman mütəxəssisləri xəstəliyi müalicə etmək üçün bitkilər, heyvanın bəzi hissələri və müxtəlif təbiət güclərini istifadə edirdilər. Bəzi tarixi mənbələrə görə, qədim Türk şamanları, çoxsaylı bitkiləri və təbiət maddələrini dərman olaraq istifadə etməyi bilirdilər.
Türk xalqlarının bitki təbabəti
Qədim Türk xalqlarının təbii müalicə üsullarına olan maraqları, onları bitki təbabətində də mütəxəssis etmişdir. Orta Asiya və Altay dağları ətrafında, Türk boylarının uzun müddət bitkilərlə əlaqəli müalicə üsullarını inkişaf etdirdiyi ehtimal edilir. Məsələn, qədim Türk otaçıları şüyüt, lavanda, ginseng kimi bitkiləri dərman olaraq istifadə edirdilər. Türk xalqları təbiətə böyük hörmətlə yanaşmış və dərman bitkilərinin yığılmasında çox diqqətli olmuşlar. Bu bitkilərin dərman və sağalma xüsusiyyətləri ilə bağlı müstəqil araşdırmaların olmadığı bir dövrdə belə, çoxsaylı bitkilərin şifa verici xüsusiyyətlərinə inanılırdı.
Bu biliklər yalnız şamanların yox, həm də yerli mütəxəssislərin, tibb işçilərinin və xalq həkimlərinin əlində qorunmuşdu. Məsələn, Uyğurların tibbi bilikləri və bu biliklərin həmin dövrdə İslam dünyasına və Çinə necə təsir etdiyi barədə çox az məlumat var. Ancaq məlumdur ki, Uyğur tibbi məktəbi də çox təbii üsullara və təbiətə dayalı müalicəyə əsaslanmışdır.
Türk dövləti və səhiyyə qurumları
Türk dövlətlərinin müxtəlif dövrlərində, səhiyyə sahəsindəki biliklərin təşkili və inkişafı mühüm yer tuturdu. Orta əsrlərdə, xüsusilə Səlcuqlu və Osmanlı dövlətlərində, tibb və səhiyyə sahəsində mühüm addımlar atılmışdır. Osmanlı İmperiyasında darüşşifa və bimarxanə adlanan xəstəxanalar yaradılmış, burada həm müalicə, həm də təhsil sahəsində geniş fəaliyyətlər həyata keçirilmişdir. Bu səhiyyə qurumları, yalnız xəstələrə müalicə etməklə qalmır, eyni zamanda tibbi biliklərin təbliği və inkişafı üçün mühüm mərkəzlər olmuşdur.
Ancaq Türk dünyasının ən qədim səhiyyə qurumları, Səlcuqlu dövrünə aiddir. Məsələn, Konyadakı Karatay Mədrəsəsi tibb təhsili verən ilk təhsil müəssisələrindən biri olaraq, həm dövrün tibb işçilərinə, həm də tibb təhsili almağa gələn tələbələrə təməl biliklər vermişdir. Bu cür məktəblərin açılması, Türk xalqlarının tibb sahəsindəki biliklərinin nə qədər yüksək səviyyəyə çatdığını göstərir.
Türk İslam xəstəxanaları və tibb mərkəzləri
Türk İslam dünyasında xəstəxanalar və tibb mərkəzləri inkişaf etmiş və bu mərkəzlər, həm müalicə üsullarını təkmilləşdirmək, həm də tibbi bilikləri paylaşmaq məqsədilə fəaliyyət göstərmişdir. İbn Sina (Avicenna), Ali bin al-‘Abbas al-Majusi və digər məşhur təbiblər bu dövrlərdə Türk və İslam dünyasında geniş şəkildə tanınmış və əsərləri çoxsaylı tibb məktəblərində tədris olunmuşdur. Osmanlı İmperiyasının sonunda Türk dünyasında hələ də müasir tibb və dərman üsulları ilə əlaqəli bir çox ənənəvi müalicə üsulları vardı.
Türk xalqlarının qədim dövrlərdəki tibb və səhiyyə bilikləri çox maraqlı və geniş bir mövzudur, amma hələ də bu sahədə çox az araşdırmalar mövcuddur. Qədim Türk şamanizmi, bitki təbabəti, şifalı maddələrin istifadəsi və tibb sahəsindəki ənənələr, bu xalqların təbiətə olan dərin hörmətinin və onun gücünü anlamalarının göstəricisidir. Bu biliklərin günümüzə necə çatdığı və onlardan nə qədər istifadə edildiyi, Türk tarixinin hələ kəşf olunmamış zəngin bir sahəsi olaraq qalır.
Bu sahədəki araşdırmalar qədim Türk mədəniyyətinin nə qədər inkişaf etmiş və zəngin olduğunu bir daha göstərir.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Robotik ürək cərrahı Cem Alhanın portalımıza müsahibəsi: “20 min ürəyin döyüntüsünü hiss edirəm”
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Acıbadem klinikasının təsisçisi, Maslak və Altunizade xəstəxanalarının ürək-damar və robotik cərrahı, Türkiyəli Cem Alhanla müsahibəni diqqətinizə çatdırırıq.
-Son illərdə ürək-damar xəstəliklərinin artdığı deyilir. Bu, həqiqətən də belədir? COVID-19-un bu artıma təsiri varmı?
-COVID-dən əvvəl də insanlar xəstə olurdu, amma COVİD zamanı duyarlılığımız daha da artdı. İnsanlar hər şeyi COVID-ə bağlayırlar. Yəni COVID ürək xəstəliyi yaradar cümləsini işlədəcək heç bir elmi məlumat yoxdur. Ürək-damar xəstəlikləri həmişə olub və hər zaman da olacaq. Bu, artan templə davam edir. Biz hər birimiz yaşa doluruq və yaşlılığın bəzi qaçılmaz problemləri var. Məsələn saç ağarır, dəri qırışır, bel ağrıyır, boy qısalır. Əgər insanlar 40 yaşında vəfat etsəydi, biz saç ağarması və yaxud bir çox xəstəlikləri bilməyəcəkdik. Amma insanlar 80-90 yaşlarına gəldiyi zaman saçlarının ağardığının, dişlərinin töküldüyünün və bir çox xəstəliklərin şahidi olurlar. Burdakı ən böyük məsələ insanların daha uzun yaşamasıdır. Azərbaycanda deyə bilmərəm, amma statistikaya görə Türkiyədə ölümlərin ortalama yaşı qadınlarda 80, kişilərdə 78 -79 olur. İnsanı maşın kimi düşünün. Uzun yaşadıqca daha çox baxıma ehtiyacı olur. Çünki motor da yaşlanır, ürək də. Bu qaçılmazdır. Deməli, yaşlandıqca risk daha da artır.
-Yəni bunlar sırf COVID- lə əlaqəli deyil?
-Xeyir, COVİD 2019-da yayılmağa başladı. 2019-cu ildən öncə sizin ətrafınızda heç kim infarkt keçirmədimi? Bizdə hər şeyi bir yerə yönləndirmə xəstəliyi var. COVİD bizim beynimizə yerləşib. Yəni Covid-in ürək xəstəliyini, infarktı artırdığına dair heç bir elmi məlumat yoxdur.
-Bəs siz əməliyyat etdiyiniz xəstələrin yaş qrupunda dəyişiklik hiss edirsinizmi?
-1986 ildən bəri ürək cərrahıyam. 40 ildir ürək cərrahı işləyirəm və etdiyim hər bir əməliyyatın qeydiyyatını aparıb nəyi düz, nəyi səhv etdiyimə baxıram. Və anlaşılan odur ki, əməliyyat etdiyim xəstələrin yaş ortalaması gedərək artır. 20 il əvvəl əməliyyat etdiyim xəstələrin yaş ortalaması 55-60 idi, indi isə 60-70 yaş arasında dəyişir. Bu da insanların daha uzun yaşaması ilə əlaqəlidir.
-Ürək-damar xəstəliklərinin yayılması ölkədən ölkəyə dəyişirmi?
-Bu xəstəlik ölkələrə görə belə dəyişir. Məsələn Afrika ölkələrində bunu görmək mümkün deyil. Çünki orada insanların ömrü ürək xəstəsi olacaq qədər uzun olmur. Başqa xəstəliklərdən daha gənc yaşlarda dünyalarını dəyişməli olurlar. Epidemiyalar və başqa səbəblərə görə. İnsanların təbii səbəblərdən vəfat etdiyi icmalara baxsanız, orada ürək xəstəlikləri daha çox olur. Yəni insanlar əvvəllər qazandığı pulun 10 faizini sağlığına xərcləyirdisə, indi 30 faizini xərcləyir. Çünki daha çox xəstələnirlər. Səbəbsə daha çox yaşamalarıdır.
-Stresin ürək-damar xəstəliklərinə təsiri varmı?
-Stres bu amillərin sadacə biridir. Amma vacib amildir. Stresin bir çox xəstəliklərə səbəb olduğunu bilirik, lakin onun fərqində deyilik. İnsan həm də qidalanmasına, fiziki aktivliyinə, genetik faktorlara və digər amillərə diqqət etməlidir. Bütün səbəbləri təkcə stresə bağlamaq doğru olmaz. Diqqət etməli olduğumuz vacib məsələlərdən biri də genetikadır. Məsələn, ailənizdə 40 yaşında infarkt keçirmiş biri varsa, deməli burada risk faktoru çox yüksəkdir. Və bu, genetik olduğu üçün dəyişmək mümkün deyil.
-Ürək-damar xəstəliklərində genetik faktorların rolu nə qədər əhəmiyyətlidir?
-Xəstəlik bizə gendən keçir. Mütləq ana və atadan keçəcək deyə bir şey yoxdur. Bəzən ulu babablarımızdan da keçir. Bunlar bizə əvvəlcədən transfer edilən şeylərdi, amma genetik baxımdan ürək xəstəliyi, xüsusilə infarkt üzərində daha çox təsirlidir. Təəssüf ki, bunu dəyişdirə bilməsək də, əlavə yan təsirlərini azalda bilirik. Məsələn, siqaret çəkməmək, arıq qalmaq, pəhriz, yürüyüş, yaxşı qidalanma bizi daha sağlam saxlaya bilər. Əgər lazım olarsa sağlam yaşamaq üçün dərman belə qəbul etmək lazımdır.
-Ürək köçürmə əməliyyatları haqqında nə düşünürsünüz?
-Ürək köçürülməsi çox uğurlu bir müalicə metodudur, lakin məhdud sayda tətbiq olunur. Türkiyədə ildə 50-60, Azərbaycanda isə çox az sayda ürək köçürmə əməliyyatı aparılır. Çünki donor tapmaq çox çətindir. Beyin ölümü keçirmiş bir insanın ürəyini transplantasiya etmək üçün ailəsinin icazəsi lazımdır və bu, çətin bir qərardır. Düşünün, il ərzində 100 min insana ürək köçürülməlidir, lakin donor olmadığından bunu çox aza adama tədbiq etmək olur.
- Eydiyiniz ürək əməliyyatlarınızın statistikasını bilirsinizmi?
-Bəli, indiyə qədər 20 mindən çox ürək əməliyyatı etmişəm və onların 99%-i uğurlu olub.
-Sağlam yaşamaq üçün nə tövsiyyə edirsiniz?
-Kök olmamalısan, yaxşı bəslənməlisən Balanslaşdırılmış pəhriziniz olacaq. Çox yağlı və duzlu yemək olmaz. Mən heç kimə çörək yemə, ət yemə demirəm. Bu mənim yöntəmim deyil. Mən deyirəm ki, hər şey miqdarında olmalıdır. Çünki hər biri bizə lazımdır. Çörək yeməsən b, ət yeməsən d vitamini əksikliyi olacaq. Bu da bədəndə dəmir çatışmazlığı, qansızlıq və başqa şeylərə səbəb olur. Sağlıqlı qidalan, idman et, pozitiv ol, davamlı gülümsə. Əgər şəkər, təzyiq və ya xolesterol probleminiz varsa, onları nəzarətdə saxlamalı və həkim məsləhəti ilə dərmanlardan istifadə etməlisiniz. Müasir tibbin inkişafı sayəsində bu problemləri idarə etmək mümkündür.
-Sizcə, indiki nəsil daha şanslıdırmı?
-Bəli, biz 100 il öncə yaşayanlara görə şanslıyıq. Onlar xəstəliklərinin adını bilmirdilər. Nə olduqlarından xəbərləri belə yox idi. Bir yoluxmada 1 milyondan çox adam ölürdü. Ama indi belə deyil. Biz çox xoşbəxt bir nəsil olmasaq da, yer üzündəki ən konforlu dövrü yaşayırıq. Bizdən 1-2 öncəki nəsil 2 dünya müharibəsi gördü. Amma biz görmədik. Vaxtında insanlar qıtlıqdan avropanın ortasında acından ölürdülər. Osmanlı o ölkələrə vaxtilə çox ərzaq tədarük edib, acından ölməsinlər deyə. Demək olar ki, indi belə bir şey yoxdu. Yəni bu baxımdan biz şanslı bir nəsilik, lakin xoşbəxt deyilik.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
BİRİ İKİSİNDƏ – Mətanət Teymurlunun “İçimdəki yaddaş” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Mətanət Teymurlunun “İçimdəki yaddaş” hekayəsini təqdim edirik.
Dənizin səma ilə qovuşduğu üfüqdə uzanan və sonu görünməyən dalğaları izləyərək həyatına mənalar axtarırdı. İşdən yorulanda ara-sıra sahilə gəlirdi. Kim bilir, bu dəniz, bu sahil nə qədər insanın xəyalı olmuşdu. İztirablı ayrılıqlara, saysız qovuşmalara şahidlik etmişdi. Havası çirklənmiş boz şəhəri seyr etməyə sövq edən yalnız işıqlar idi. Onun səthi, günəşin şüalarına qarışaraq gümüşü bir işıqla oyanır, dalğalar isə həmişəlik özünü təkrarlayır. Dənizin səsi, hələ əsəbləri oyandıran bir ahənglə qulaqlarımızda çalır, bir zamanlar itirdiklərimizi xatırladır. Amma dəniz o qədər güclüdür ki, ən sakit anında belə, tünd-mavi suları ilə öz hökmünü göstərir. Dalğalar qəflətən yüksələrək sahilə çırpılır, sanki ruhunun təzələnməsini istəyir. Ləpələrin sükutla daşların üzərində döyündüyü anlarda bu sözlər içimdən bir incə səs kimi keçirdi. Beyninin arxa fonunda isə həmişə bir melodiya var idi. Onu ilhamlandıran səs-küy dənizin özü idi. Bəlkə də, saatlarla səssiz oturmaqdan və düşünməkdən əl çəkib evə getmək qərarını aldı.
Yaşıl ağacları gözləyən binalar kimi, hər şeyin üst-üstə düşməyi bir yana, xoşbəxt davranmaq ayrı bir uğur idi. Avtobusun pəncərəsindən görünən mənzərələr bunlar idi. Hər gün eyni səmtlərdən keçirdi, lakin gizlənmiş balaca evlər, gülən uşaqlar, pişiklər və o “kiçik insanlar” bəzən gözündən qaçırdı. Evə qayıdanda artıq onu qarşılayan, qapı açılan kimi qaçıb gələn pişikləri – Mussy və Kisya yox idi. Səssizcə getmişdilər. Əslində, bu dünyadakı balaca ömürləri sona çatmışdı.
Əbədi olmayan bu dünyada insanları axtarırıq. Halbuki, sadəcə, sənət və elm əbədi qalacaq.
O, böyük bir tablo üzərində işləyirdi, lakin hər fırça toxunuşunda daxili səsinin ziddiyyətli çağırışları arasında qarışıqlıq hiss edirdi. Bir tərəf onu öz arzularını izləməyə, sənətini təkmilləşdirməyə sövq edir, digər tərəf isə real həyatın tələblərinə uyğunlaşmağı və cəmiyyətə cavab verməyi tələb edirdi. Bu daxili mübarizə sanki rəsmin üzərindəki rənglərdə əks olunurdu. Bəlkə də, rəsmi yarımçıq buraxmalıydı. Axı çoxları üçün incəsənət, sadəcə, bir hobbidir. Bunu düşünür, amma yenə də əlindəki fırçanı yerə qoymurdu.
– Ağ rəngim bitib... Bilmirəm, bu rəng niyə bu qədər tez bitir? Yarımçıq qalmasını istəmirəm. Bəlkə, burada bir yerdə olar... – deyə, ətrafındakı kətanların altına baxır, boyalarını nəzərdən keçirirdi.
Elə bu zaman gözü illərdir yarımçıq qalan bir tablosuna sataşdı.
– Gör necə çəkmişəm özümü... Bu nə işıqdır? Çox çirkindir... – deyə, tablonu əlinə götürdü və davam etməyə qərar verdi.
Bu, onun xislətində idi. Bir işi nadir hallarda vaxtında tamamlayır, əksər hallarda yarımçıq qoyub yadına düşəndə bitirirdi.
– Aha, tapdım!
İllər öncə başladığı rəsmi götürüb, bayaq çəkdiyi əsəri yarımçıq qoyaraq bu tablo üzərində işləməyə başladı. Gecə saat üçə kimi işləyib sonra yatmağa getdi. Səhər oyananda isə qəribə bir ağırlıq hiss etdi. Rəsmi davam etdirmək isə heç ağlına belə gəlmirdi. Qıvrım saçlarına düşən günəş şüaları üzündən süzülərək əlinə doğru axır, barmaqlarının arasından süzülüb masanın səthində qızılı izlər buraxırdı. Bir anlıq bu işıq oyununu izləyərək düşüncələrə daldı. Gecə başladığı tablonu tamamlamamaq onu narahat etsə də, bu gün üçün içindəki yaradıcılıq alovu sönmüşdü.
"Axşam... Bəlkə, axşam davam edərəm", – deyə, düşünərək sənədləri nəzərdən keçirməyə başladı. Amma günəşin saçlarına düşən o qızılı işığı hələ də içində tamamlanmamış bir şeyin varlığını xatırladırdı. Onun əsas işi sənətşünaslıq idi. Əslində, işini sevir, incəsənətin dərinliklərini araşdırmaq, əsərləri təhlil etmək ona zövq verirdi. Lakin onu yoran işin özü deyil, oradakı insanlar və onların bitib-tükənməyən gözləntiləri idi. Daim nəsə tələb olunur, təcili layihələr, dəyişikliklər istənilirdi. Sənətin incəliklərini dərk etmədən hər şeyə tələsik yanaşan həmkarlarının münasibəti onu yorurdu. Bəzən düşünürdü: “Bəlkə də, bu mühit mənim üçün deyil. Əsl yaradıcılıq sakitlikdə, təzyiqsiz doğulur.” Amma sənətə bağlılığı o qədər güclü idi ki, bu işdən imtina etmək fikri də qeyri-mümkün görünürdü. Beləcə, daxili narahatlığı ilə sənət eşqi arasında sıxışıb qalmışdı. Günortaya doğru işlərin artmasıyla yorğunluğu hiss olunmağa başladı. Daxilən sənətə can atsa da, kağızlarla məşğul olmaq məcburiyyətində idi. Bir anlıq pəncərədən baxıb xəyalında yarımçıq qalan rəsmini canlandırdı.
"Eşitdin? Bu gün yeni işçi gələcək," – dedi İva. Kəskin şəkildə başımı yellədim.
– Yox, niyə maraqlandırmalıdır məni? – dedim soyuqqanlılıqla.
Heç kimlə danışmaq istəmirdim. Kompüterin qarşısında diqqətimi tamamilə yazıma cəmləmişdim. Sanki klavişlərin səsi məni reallıqdan uzaqlaşdırır, işin içində itib-batmaq üçün bəhanəyə çevrilirdi.
Birdən otağı gülüş səsləri doldurdu. Həmin anda olduqca tanış bir səs içəri daxil oldu. Əlim yazıdan ayrıldı, barmaqlarım klavişlər üzərində donub qaldı. Başımı yavaşca qaldırdım.
Otağa girən qız... Üzü o qədər tanış idi ki, sanki bir yerdə, bir zamanlar qarşılaşmışdıq. Bəlkə, bir rəsmdə, bəlkə də, xatırlamaq istəmədiyim bir xatirədə. Qısa kəsilmiş saçları, iri qəhvəyi gözləri və qəribə, eyni anda həm utancaq, həm də cəsarətli görünən gülüşü vardı. Bir anlığa susdu. Otaqdakı hər kəs ona baxırdı. Sanki diqqət mərkəzində olmaqdan narahat idi. Nəfəsi titrəyirmiş kimi görünürdü, baxışlarını hara yönəldəcəyini bilmirdi.
Mən isə... Sadəcə "Salam" dedim.
Nə qədər az ünsiyyət qursam, o qədər yaxşıdır. Çünki insanlarla yaxınlaşmaq, adətən, peşmanlıqla nəticələnirdi. Hər kəsin həyatında "kaş ki bu insanla bu qədər danışmayaydım" dediyi anlar olur. Amma bu qız... fərqli idi.
Hər kəsin maraqla baxdığı bu yeni işçi bir az da sıxılmış kimi görünürdü. Otağın işıqları onun üz cizgilərini daha çox vurğulayırdı. Maraqlı olan isə mənə qəribə şəkildə bənzəməsi idi. Hətta dünən gecə çəkdiyim avtoportretimə. Tablodakı geyiminə belə oxşayırdı.
Təsadüf? – deyə düşündüm.
Həmin gün onun sadəcə, adını öyrənmişdim: Mirabella. Amma bu, yetərli deyildi. Sanki səssizliyində gizlənən daha dərin bir şey vardı. Arada başımı kompüterdən qaldırıb ona baxırdım. O isə birdən mənə doğru çevrilib gülümsəyərək dedi:
– "Bəs sənin adın nədir?"
Dodaqlarımı araladım, amma səsim çıxmadı. Özümü eşitməzliyə vurdum. Bu, məni qorumaq üçün inkişaf etdirdiyim köhnə vərdiş idi. Yanımdakılar da "o heç kimlə danışmaz" və s. deyirdi. Elə danışıram ha! Sadəcə, sizə həsr edilmişdi bu tərəfim. Hardasa 2 həftədir ki, işə başlamışdı. Bu vaxt ərzində isə yüksək səviyyədə təhsil aldığını, bir neçə dil bildiyini və ən maraqlısı – onun da rəsm çəkməyi sevdiyini öyrənmişdim. Bütün bunları eşidəndə içimdə qəribə bir rahatlıq hiss etdim. Bəlkə də, bu boğucu mühitdə, nəhayət, danışa biləcəyim, həqiqətən, məni anlayacaq yeganə insan o idi. Daha yaxından tanış olmaq qorxusuyla hər dəfə divarlarımı hörürdüm. Amma bu dəfə... Divar çatlamış kimi idi.
Günün sonunda hamı evinə gedirdi. Mirabellanın mənə tərəf gəldiyini gördüm, yerişimi yavaşıtdım ki, mənə çatsın. Elə də oldu.
– Məncə, siz “qılaflı adam” deyilsiniz, dedi.
– Əlbəttə, deyiləm, sadəcə, o qədər çox iş olur ki… yalan deyirdim. Öz işlərimdən fərqli olaraq, bu işləri vaxtından tez görürdüm. Əlavə iş çıxsa da, öz planımı pozar, onları əlavə edərdim.
Yolu sakit şəkildə gəlirdik. Heç birimiz bir kəlmə belə söz danışmırdıq. Bu vəziyyəti sevirdim – sükutun özündə bir rahatlıq vardı. Amma sükutu mən pozdum.
"Harda qalırsınız?" – soruşdum.
"Uzaqda deyil," – dedi, baxışları bir anlığa uzaqlara getdi.
Bu qədər soyuqluq mənim üçün artıq bəs idi. İşlərimin çox olduğunu, fərqli bir yolla gedəcəyimi deyib ayrıldım.
Bütün yol boyu bu gün baş verənləri düşündüm, içimdə qeydlər apardım. Onun yerində mən də ola bilərdim, ya da onun kimi. Fürsətlər...
Çox yorğun olduğum üçün yatmaq istədim. Amma alınmırdı. Düşüncələrini səhifələyərkən insan yata bilməz. Bir an gülür, bir anda gözü dolur. Hissləri bir-birinə qarışır, bəzən başını arxaya çəkib beyninin içini sanki bir kəllə dartırlar.
Gecənin zülmətindəki uğultular onu daha çox oyaq saxlayırdı. Sanki gündüz və gecə şərik olub onu yatmağa qoymurdu. Həyatında olmayacaq insanları, yaxşı və ya pis anları düşünərək beynini yükləyirdi. Və ən dəhşətlisi, bunu bilirdi.
Bir də onu gecənin sükutunda narahat edən sözlər vardı. Fırlanır, fırlanır, neyronlarını dağıdırdı. Səhərin günəşini gözləmək kimi bir şeydi bu. Gözlər də bağlanmaq istəyirdi, amma mümkün olmurdu. İki il ərzində dinləmədiyi mahnının sözlərini mızıldayırdı, amma əri yanında olduğuna görə dinləməyə cəhd etmirdi.
Bu vəziyyət səhər saat 4-ə qədər davam etdi. Həyatında irəlilədiyini düşünürdü, amma bu hiss sanki bir xəbərdarlıq idi — keçmişlə tam barışmamışdı. Düşüncələri dolaşdıqca ürəyinin dərinliyində bir sual səslənirdi: "Niyə indi? Niyə məhz bu gecə?"
Axırda yerindən qalxdı. Yata bilməyəcəkdi. Əlini üzünə çəkib dərin bir nəfəs aldı. Sakitliyin içində boğulduğunu hiss edirdi. Pəncərənin qarşısına keçib küçəyə baxdı. Şəhər yuxuda idi. Fənərlərin solğun işığı asfaltın üzərində titrəyirdi. Düşüncələri yenə o köhnə mahnının sözlərinə qayıtdı. Nəhayət, telefonunu götürüb axtarışa başladı. Mahnını tapıb səsləndirdi. İlk notlar çalınanda içini qəribə bir istilik bürüdü….”All this time away .Is killing me inside”…
Anidən xatirələr canlandı: o mahnını ilk dəfə eşitdiyi yay axşamı, açıq pəncərədən gələn sərin meh, o günlərin sakit xoşbəxtliyi... İndi isə hər şey fərqli idi. Gecə saatlarının səssizliyi, içindəki o narahatlıq hissi. Həmin mahnıda qurulan ümid dolu gələcək xəyalları.
Səhərin ilk işıqları pəncərədən süzülməyə başlamışdı. Yuxusuz olmasına baxmayaraq, qəribə bir gümrahlıq hiss edirdi. Saatına baxdı – işə getməyə hələ bir neçə saat vardı. Nəsə etmək istəyirdi, amma nə? Qəribə olsa da, uzun zamandır təxirə saldığı kitabı oxumaq qərarına gəldi. Kitab rəfindən saralmış səhifələri olan bir romanı götürdü. Qəhvə və kitab. Səhifələr çevrildikcə hekayənin içində itib getdi. Vaxtın necə keçdiyini hiss etmirdi. Kitabı bağlayıb "Axşam davam edərəm" deyə, düşündü. Bir neçə saatlıq rahatlıq hissi onu yuxusuz gecənin yorğunluğundan uzaqlaşdırmışdı. Günə pozitiv başlamaq qərarına gəldi. Qapını bağlayıb evdən çıxdı…
İş yerinə çatanda hər şey adi görünürdü — eyni masa, eyni kompüter, eyni insan axını. Amma bu gün nəsə fərqli idi. Ətrafındakı insanlara daha diqqətlə baxmağa başladı. Hər gün rastlaşdığı, salamlaşıb yanından keçdiyi həmkarları indi daha fərqli görünürdü. Onların gözlərində gizli qalan yorğunluqları, təbəssümlərinin arxasındakı narahatlıqları hiss edirdi. Bəlkə də, ilk dəfə onları, həqiqətən, görürdü. İş masasının qarşısında oturub düşüncələrinə hakim olmağa çalışdı. Lakin beynindəki səs sakitləşmirdi: "Bəs sən? Sən də onların gözündə belə görünürsənmi? Onlar sənin daxili boşluğunu hiss edirlərmi?"
Bunları düşünmək lazım deyil, – dedi həmin o tanış səs. Başımı yuxarı qaldırıb uşaq kimi gülən və parıldayan gözlərinə baxdım, yalandan gülümsədim. Aman Tanrım mənimlə eyni geyinib. İndi fikir verdim.
İva məni izləyirdi. Bu qız həmişə belə baxırdı. Özünə aid olmayan işlərə burnunu soxurdu. Hər kəsin onu sevməyini istəyirdi. Baxışlarını çəkmirdi. Sanki düşüncələrimi oxumağa çalışırdı. Mən isə heç nə olmamış kimi başımı aşağı salıb sənədləri çevirməyə davam etdim. Amma o tanış səs beynimdə hələ də səslənirdi: “Bunları düşünmək lazım deyil.”
İva birdən masama yaxınlaşdı. Səsini yumşaldaraq soruşdu:
– Hər şey qaydasındadır? Yenə o saxta narahatlıq, yenə o hər kəsə şirin görünməyə çalışan maska. Başımı tərpədib qısa bir "Hə, qaydasındadır" dedim. Amma içimdə nəsə düyünlənirdi.
Axı niyə bununla eyni otaqdayam? Bəzən düşünürdüm ki, onunla münasibətimin problemi mənəm, amma yox. Elə deyildi.
Anidən İva mehriban səsi ilə Miradan ən çox sevdiyi rəssamı soruşdu. Bu qız həmişə belə, anidən maraqlıymış kimi həyəcanla suallar verirdi. Mira isə incəliklə cavab verdi: "Deyəsən, Modilyani". İva məndən də soruşdu. İllərdir məni tanımır axı! Cavabımda çox sayda rəssamın olduğunu, seçməyin çətin olduğunu dedim. İva sanki bizə önəmli imiş kimi, hərarətlə Van Qoq və Rafael Santi dedi. Mən isə Rafaeli heç cür sevə bilmirdim. Van Qoq dao qədər məşhur idi ki, kimdən soruşsam, onun adını çəkərdi. Fikrimi bildirmək istədim, amma Miranın baxışlarını gördüm. Susdum.
Düşüncələrimə hakim olmağa çalışsam da, beynimin dərinliyində başqa bir sual səslənirdi: Bəs o tanış səs? O nə demək istəyirdi? Elə bil hər şey bulanıqlaşmışdı... İşdən çıxanda yenə onunla eyni yolda idik. Amma bu dəfə fərqli idi. Səssizlik yox olmuşdu. Həmişəki kimi bir neçə saniyə susqun irəlilədik, amma birdən o, sakit səslə soruşdu:
– Gözlərin yorğun görünür.
Gülümsəyib başımı yellədim:
– Hə, sadəcə, uzun gün oldu. Sən necə?
O da gülümsədi, amma bu dəfə o təbəssümdə daha çox səmimiyyət hiss etdim. Həqiqətən, fərqli idi. O birilərindən, adi günlərin təkrarı olanlardan, heç vaxt qəlbdən gəlməyən təbəssümləri ilə maska taxanlardan çox fərqli bir insandı. Sözlərində və hərəkətlərində bir səmimiyyət vardı, içdən gəlirdi. Hər şey açıq, təbii idi.
Onunla danışmaq asan idi, çünki heç bir pərdə yox idi. Hər şey olduğu kimi qalırdı, nə də olsa, gözlərindəki dürüstlük bunu izah edirdi. Əgər bir şey deyirdisə, bunun arxasında həqiqətən də, bir düşüncə vardı. Üstəlik, səsləndirdiyi sözlər individual, özünəməxsus idi, köhnəlmiş deyimlərdən ibarət olmurdu.
Onunla keçirdiyim hər an gözəl idi... Ətrafımdakı insanların, xüsusən də İvanın gördüyüm təbəssüm və baxışlarının necə olduğunu artıq düşünmədim. Çünki onun yanında olmaq, sadəcə, səmimiyyətin və həqiqətin içində yaşamaq idi. Bir anlıq düşündüm ki, bəlkə də, nəhayət, həyatımda bir insan var ki, gerçəkdir. Saxta maskalar yox, yalnız və yalnız bir insanın özünə aid bütün qüsurları, gözəllikləri ilə...
Günün ən gözəl anı Mirabellanı görmək idi. Bütün şirinliyi, gözəlliyi və fərqli aurası ilə qarşımda dayanmışdı. Sanki zaman bir anlığa donmuşdu, hər şey bulanıq, amma o, tərtəmiz görünürdü. Parıldayan gözləri ilə baxır, sanki heç bir sözə ehtiyac olmadan içimi oxuyurdu. Baxışlarında bir rahatlıq vardı, elə bil bütün narahatlıqlarımı ovutmağa gəlmişdi. Amma eyni zamanda içimdə qəribə bir sıxıntı hissi vardı. Bu qədər mükəmməl görünən bir şeyin bu qədər uzaq olması mümkündürmü? Dodaqlarında təbəssüm, baxışlarında bir səmimiyyət... Mən isə hər şeyi kənardan izləyirmiş kimi hiss edirdim. Onun bu təbii gözəlliyi, o incə sükut – hər şey bir yuxu kimi idi. Amma bir gerçək var idi. Özümü nə vaxtdandır bu qədər yaxşı hiss etmirdim. Onunla danışmaq bir şəkildə özümü tamamlayırdı. Bir anlıq gözlərini qıydı və başını yana əydi. Elə o an anladım: Bütün fərqliliyi ilə o, sadəcə, görünüşü ilə yox, varlığı ilə təsir edirdi mənə.
Evə getdim, hər şey çox yaxşı idi. Olanları düşünüb, bir fincan qəhvə götürüb rəsm otağıma getdim. İki aydan çox idi ki, bu otağa girmirdim. Tablo yerdə idi və üstündə portretin yerində yalnız qara rəng vardı.
"Axı mən... çəkmişdim bunu... Necə olur? Yəni əsəri bu hala mən gətirmişəm və bundan xəbərim yoxdur?" Təəccüb içində otaqdan çıxdım. Həm də necə olmuşdu ki, bu dəyişiklikdən xəbərim olmamışdı? Yoxsa bu, sadəcə, mənim xəyalımın məhsulu idi? Ya mən dəli olmuşdum, ya da portret tablodan çıxmışdı. İçimdən yüz faiz bunu İva edib, deyə düşündüm. Mənə belə zarafat edib. Birincisi, necə gəlsin evimə? Həm də o, rəsm çəkməyi də bacarmır, qaldı ki, qaralasın. Əminəm, o rəngləri də tanımır. Yox, buna inana bilmirdim.
Səhər bu hadisəni Miraya danışmaq niyyətindəydim, amma içimdəki suallar hələ də cavabsız qalırdı. Yenə də nə baş verdiyini anlamadan sabahı gözləyirdim. Tablonun qarşısına keçib əlimlə yoxladım. Boyalar, rənglər hələ də təzə görünürdü və gördüyüm də gerçək idi. Qəlbimdə qəribə bir soyuqluq və narahatlıq hissi vardı. Nə baş verdiyini anlamağa çalışırdım, amma heç bir iz tapa bilmirdim.
İşdə səhər günün ilk saatlarında bu qəribə hadisəni Miraya danışdım. O, əvvəlcə məni diqqətlə dinlədi, sonra heç bir narahatlıq hissi olmadan sərbəst şəkildə dedi:
– O tablonun içindəki sən idin.
– Bunu hardan bilirsən?
Bir anlıq sükut oldu. Hər şeyin nə qədər absurd olduğunu düşündüm. O isə heç bir şübhə etmədən, sadəcə, soyuqqanlılıqla davam etdi:
– Gör nə qədər bənzəyirəm sənə, o şəkli yadına sal. Heç fikir vermədin? Ya, səslərimiz necə də eynidir…
Bir anlıq heyrətlə baxdım. O, haqlıdır, amma necə? Üzümdəki hər detalı o qədər təkrarlayırdı ki, qorxulu və ya maraqlı bir şey vardı. Bu, sadəcə təsadüf ola bilməzdi. Miranın dediklərinə inandım, amma içimdə bir boşluq vardı. O dediklərində bir həqiqət vardı, amma suallarımı tamamilə cavablandırmırdı. Eyni adamdan ikisi necə olacaqdı? Bu, sadəcə ağılsız bir fikir kimi gəlirdi. Hər şeyin bir sərhədi var, yoxsa bu, artıq bir qaranlıq sirrə çevriləcəkdi.
– Tablonun içindən necə çıxdın? Ya da bu qədər şeyi necə bilirsən?
– Həmin an sanki zaman və məkanın sərhədləri itmişdi. Bir anlıq mən o tablonun içindəydim, sonra isə burada, reallıqda... necə baş verdiyini heç cür anlaya bilmirdim. Qaldı ki, sən. Unutdun? Dedim axı mən sənəm, bunu anlamaq çox çətindir?
İlk başda hər şeyin bir yuxu olduğunu düşündüm.
– Bəlkə də, sadəcə, sənin təxəyyülünün bir məhsuluyam... Bunu sən həmişə istəmişdin. Məni sən arzulamısan. Yadına sal.
– Yaxşı, bəs biz belə yaşayacayıq? Sən ki mənsən. Mən heç istəmərəm, kimsə mənim etdiklərimi etsin və ya başqa…
– Bilirəm. Yəni sən istəmərsən qalmağımı?
– Əlbəttə, yox! Bir mən bəs edir hamıya.
– Yəni bu qədər danışıqlar sənə heç təsir etmədi? Mən… mən fərqli düşünmüşdüm. Düşündüm ki, özünü görməyin, özünlə danışmağın yaxşı olar…
Susdum. İçimdə qəribə bir narahatlıq vardı. Bu, sadəcə, bir psixoloji oyunmu idi, yoxsa gerçəkdən başqa bir dünya ilə əlaqəmi kəsmişdim? Ancaq hər halda, daha da dərinə getməkdən qorxurdum.
Bu dəfə yolu mənlə getmədi. İçimdə qəribə bir boşluq vardı, amma bunu qəbul etməliydim. O anı düşündüm və düşündüklərimin onun üzərində necə təsir yaratdığını hiss etdim. Yəqin, dediklərim ona çox təsir etdi. Bəlkə də, mənim dediklərim ona bir qədər çətinlik yaratmışdı, amma eyni zamanda bunu etməyim bəlkə də, doğruydu. Bütün bunları gecə boyunca düşündüm. Yaxşı, heç kim anlamır ki, o mənəm? Ya hamı bunu bilir, amma həmişəki kimi susur? Belə necə yaşamaq olar ki? Səhər yuxusuz halda işə getdim, o da mənim halımda idi. Eyni vəziyyətdə və eyni geyimdə, sadəcə, rəngləri fərqli idi. Nə etməliydim, bilmirəm. Baxışlarını üzərimdən çəkmirdi. Birdən İva çox gərəkli imiş kimi dilləndi. Siz niyə əkiz kimi geyinirsiniz? Necə də qəribədir, özünüz də nə qədər oxşayırsınız.
– Danışmışdıq, elə geyindik. Çox da səmimi olmayacaq şəkildə çıxmışdı ağzımdan. Bunun fərqində idi. Onu heç sevmirdim. Səsini eşitmək belə işgəncə idi, qaldı boş-boş danışmağı. Bəzən qulaqcığı taxırdım, bunun fərqində deyildi, arada üzünə baxırsan, bu qədər. Elə sanır ki, onu dinləyirsən və susmaq bilmir. Özü də çox yaxşı bilirdim, bir çox adam bilirdi. Onun burda işləməyinin başqa səbəbi var idi. Yoxsa kim onu işə götürər? Amma nə etmək olar? Həyat bu tip “simasız”larla doludur. Özlərini o qədər bənzərsiz olduqlarına inandırıblar ki… ona yazığım gəlirdi. Belə düşündüyüm üçün də özümə, açığı nifrət edirdim. Nəticədə məcbur qaldığım üçün ikiüzlülük edirdim, yalan danışırdım.
– "So anche io cosa senti, cosa pensi" – dedi Mira gülərəkdən. Yanımızdakının başa düşməməyi üçün. Dəhşətlisi elə bu idi. Hər şeyimi onunla paylaşmışdım. “Nə hiss etdiyini, nə düşündüyünü mən də bilirəm” – bu, sadəcə, bir cümlə deyildi; bu, bir anlayışın, bir ruh halının birləşdiyi, kəsişdiyi bir yerdə tapılmaq idi. İlk dəfə bu sözü birindən eşidirdim. O anın içində qarışıq duyğular vardı. O həm məndən ayrı idi, həm də mənlə idi. Bu, elə bir hiss idi ki, həm yaxınlıq, həm də uzaqlıq bir arada mövcud idi. Hər şey bir-birinə qarışmışdı və sanki zamanın özü də dayanmışdı. Gözlərim o anın içində itirdi, hər şey bir halqaya bənzəyirdi – bir başlanğıc, amma hara gedəcəyi bəlli olmayan bir səyahət. Amma mən yalnız bir şeyi düşünürdüm: Sonu necə bitəcək? Elə bu düşüncə, hər bir hissin təkrarlanan izləri kimi məni bir növ cənginə almışdı. Mən, sadəcə, sonu gözləyirdim. Onun necə olacağı, necə nəticələnəcəyi bu anı bir yerdə yaşamağa çalışmaq isə artıq geridə qalırdı.
Mira birdən hazırlanmağa başladı tələsik və heç demədən, heç nə götürmədən çıxdı otaqdan. Arxasınca baxdım, sadəcə, baxdım. Hiss etdim, səssizcə gedirdi. Bir də olmayacaqdı, bir də bu qədər heç kimlə yaxın ola bilməyəcəkdim. Bir də həmin hisslər yaşanmayacaqdı. Hamı çıxıb gedirdi. Çox şükür ki, İva da. Beləcə rahat şəkildə Miranın bu bir həftədə nələr etdiyinə baxacaqdım. Bir məktub var idi. Açmaqda tərəddüd etdim. Amma nəyə lazımdır? O ki mənəm. Birdən kimsə görər deyə, hələ açmadım saxladım. Evə getdim qaça-qaça tabloya baxmaq üçün. Tabloda idi, qayıtmışdı yerinə. Yenə o səssiz gecələrdən idi. Sıradan gecələr. Amma nə yaxşı ki, belədir.
Səhər işdə heç kim heç nə demədi. Miranın getməyini, adını belə anmamışdılar. Sanki heç olmamışdı bu hadisələr. O gündən sonra hər şey normal bir axarına qayıtmış kimi göründü, amma içimdə bir qəribə hiss qalmışdı. İnsanlar zamanla hər şeyə alışır, hətta ən qəribə və çətin hadisələrə belə. Başqa birisi üçün, bəlkə də, dəyişiklik və ya dəhşət kimi görünə bilər, amma insan beyni qəribə şəkildə özünü uyğunlaşdırır və bir müddət sonra hər şey adi bir hal alır. Mən də bu hekayəyə alışmağa başladım, Miranın yoxluğu və o qəribə hadisə artıq gündəlik həyatımın bir hissəsinə çevrilmişdi. Hər şey sanki unudulmuşdu, amma içimdəki boşluq və narahatlıq heç zaman tamamilə yox olmamışdı. Olmayacaqdı da. Hər gün insanların üzlərindəki sıradan ifadələrə baxdıqca mən özümü daha çox uzaqlaşdırırdım.. Onun yazdığı məktubu oxumaq üçün yenə sahilə getdim. Açmağa cəsarətim yox idi. Sadəcə, illərdir özümə yazdığım məktublar kimi gəlmişdi bu məktub da. Həmin məktublardan fərqi – bunu nə vaxt açmalı olduğumu bilmirdim.
Tablonun içindən çıxmaq... sanki bir növ sərhədin aşılması idi. Həmin an bütün varlığım və düşüncələrim birləşdi və real dünyaya keçdim. Amma içimdə bir şey dəyişmişdi. Mən sənintək canlı idim. Mən elə sən idim. Gəlməyimin səbəbi var idi. Nə də olsa, hər şeyin bir səbəbi vardı, amma bu səbəb mənim başa düşməyim üçün çox daha dərin idi. Gəlməyimin səbəbi yoxdur. Bilirəm, necə idinsə, indi də eləsən. Bəlkə, gəlişimlə sənin yalnızlığını bir az da olsa azaldım və möcüzələrə yenidən inamağını, həyatın nə olursa-olsun, davam etdiyini bildirmək istədim…
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
PORTAL AKADEMİYASINDA - Robin Şarma «Titulsuz lider»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
1. Robin Şarma «Titulsuz lider»
Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.
Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.
Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Bolnisidə həftəsonu məktəbi açılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda fəaliyyət göstərən “Təhsil və Gənclər Birliyi”nin nəzdində həftəsonu məktəbi açılıb.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, Gürcüstanın Kvemo Bolnisi (Kəpənəkçi) kəndində açılan məktəb bölgədə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Həftəsonu məktəbinin məqsədi azərbaycanlı uşaqlarda tariximizə, mədəniyyətimizə və incəsənətimizə maraq oyatmaq, onların əsl şəxsiyyət kimi boya-başa çatmasına xidmət etmək, Azərbaycan dilini qoruyub yaşatmaqdır.
Məktəbin Azərbaycan dili müəllimi Çingizxan Yaqubov Kəpənəkçi kəndinin bu günə qədər Azərbaycan elminə və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirib. O, bu ənənənin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, son illərdə Gürcüstanın müxtəlif bölgələrində həftəsonu məktəbləri fəaliyyətə başlayıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Astaranın mirvarisi - Sım kəndi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gözəl mənzərəli, dörd bir tərəfdən yaşıl örtüklü Talış dağları, onun qoynunda özünə yer etmiş Sım kəndi.
Mərkəzdən 40 km uzaqlıqda yerləşir. Yolları bərbad vəziyyətdə olduğu üçün uzun müddət gözdən uzaq bir bölgə olub. Lakin yollar sahmana salındıqdan sonra isə bu gözəl yerləri görmək üçün gələn turistlərin sayı get-gedə artıb.
Azərbaycanın ən qədim yerlərindən biridir. Sımdəki qayalar, qayaüstü təsvirlər Qobustanı xatırladır. Turizm üçün qiymətli məkan olan bu kənddə 25 və 30 metr hündürlükdə olan iki şəlalə, bundan əlavə 100-ə qədər də bulaq mövcuddur. Lakin abidələr diqqətinizə çatdırdıqlarımla yekunlaşmır. Burada köhnə qəbirstanlıq, ağacdan inşa edilən məscid, yerli əhəmiyyətli Damğalı daşlar, nizə tutmuş atlının təsviri olan qəbir daşı kimi abidələr də vardır.
Bu gün əkinçilik, maldarlıq və meyvəçilik kimi təsərrüfat sahələri sımlıların məşğuliyyətidir. Sım kəndi Pəlikəş kənd inzibati ərazi dairəsininin və Pəlikəş bələdiyyəsinin tərkibindədir.
Bu kənd sanki açıq təbiət muzeyidir. Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalənin olması isə ona xüsusi çalar verir.
Kənd sakinlərinin tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Kəndin yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Və qədim Ağ Körpü də maraqlı məkanlardan biridir.
Yurdumuzun səfalı kəndində yerləşən abidələrdən biri də zümrüd donlu yaşıllıqlar arasındakı talada var olan böyük hamar daşdır. Bu daş stola bənzəyir. Bir rəvayətə görə İsmayıl şah bu daşın ətrafında vəzir-vəkilləri ilə məşvərət edərmiş.
Bu kəndin interneti, yolu, ictimai iaşə obyektləri turizm standartlarına uyğun deyil. Turizmin inkişaf etdirilməsi üçün ilk öncə ora yolun çəkilməsi, daha sonra sürətli internetlə təmin edilməsi, turistlik məkanların tikilməsi vacibdir. Burada qalmağa yer yoxdur, insanlar səhər gedir, axşam geri qayıtmaq məcburiyyətində qalır.
Sımda ümumiyyətlə 2000-ə yaxın təbii bulaq var. Bu, dünyanın heç bir yerində.yoxdur
Tarixin izləri dediklərimlə qurtarmır. Burada Şah qalası, bir də həbsxana mövcuddur. Sımın mərkəzində yerləşirlər. Qalanın izləri durur.
Bir sözlə, Astaranın Sım kəndinin timsalında dağlıq kəndləri füsunkar gözəlliklərə və ecazkar mənzərələrə şahidlik edirlər.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
KİTAB BƏLƏDÇİSİ - Uğurun sirrlərini bilmirik, niyə də öyrənməyək?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sıfırdan işə başlayaraq bir zamanlar dünyanın ən zəngin neft maqnatı olmuş H.L.Hantdan uğurun sirrlərini soruşduqda o cavab vermişdir:
-Uğur üçün yalnız üç şey tələb olunur!
Onun sadaladıqları isə bunlar olmuşdur:
- Birincisi, həyatdan nə istədiyinizi müəyyən etmək.
- İkincisi, bu istəyə nail olmaq üçün ödəniləcək haqqı müəyyən etmək.
- Üçüncüsü və ən vacibi, bu haqqı ödəmək qətiyyəti
Nə istədiyinizi müəyyən etdikdən sonra uğur qazanmaq üçün lazım olan ən əsas amillərdən biri nə qədər qətiyyətli olmanızdır. Uğurlu adamlar, məqsədlərinə nail olana kimi lazım olan haqqı sonuna qədər ödəməyə hazır olurlar.
Hər kəs uğurlu olmaq istəyir. Hər kəs sağlam, gözəl və zəngin olmaq istəyir. Lakin lazım olan haqqı ödəməyə hər kəsin gücü çatmır. Ola bilsin ki, haqqın bir hissəsini ödəyirlər lakin hamısını ödəməyə qətiyyətləri çatmır. Həmişə yarı yolda usanırlar. Məqsədlərinə nail olmaq üçün lazımi daxili intizam nümayiş etdirmədikləri üçün daim hansısa bəhanələri və səbəbləri olur.
Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
"The Godfather" filmi, mafiya qanunları, omerta və pentito
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Sizin haqqında eşitmək istədiyiniz, maraq duyduğunuz növbəti mövzu barədə danışmaq istəyirik. Koza nostra, Siçiliya mafiyası, Don Karleonili “Xaç atası”… - Bəli, anlaşıldı. Növbəti mövzumuz İtaliya mafiyasıdır.
İnsan cəmiyyətləri tarix boyu güc strukturlarına ehtiyac duyublar. Dövlətlər hüquq və qanunlarla cəmiyyəti nizama salmağa çalışarkən, hüququn işləmədiyi yerlərdə alternativ güc sistemləri yaranıb. Mafiya məhz bu boşluğun içində, cəmiyyətin ehtiyac duyduğu “ədalət”i fərqli üsullarla təmin edən bir təşkilatlanmış quruluş kimi meydana çıxıb.
O, rəsmi dövlətin icra edə bilmədiyi güc mexanizmini öz üzərinə götürərək qeyri-rəsmi qanunlar yaratmış və onların icrasını təmin etmişdir.
Mafiya yalnız cinayətkar bir təşkilat deyil. O, ənənələr, sədaqət və qeyri-rəsmi qanunların idarə etdiyi sistemdir. Dövlətdən fərqli olaraq, mafiyada qanunlar yazılmır, danışılır. Onun əsas prinsipləri bunlardır:
1. Omerta (Susqunluq Qanunu) – Mafiya üzvləri təşkilatın iç məsələlərini kənara çıxarmamalıdır. Xəyanət ən ağır cinayətdir və ölüm hökmü ilə cəzalandırılır.
2. Sədaqət və Ailə Bağları – Mafiya ailədən gələn bir güc sistemidir. Bioloji ailə ilə yanaşı, mafiya ailəsi də mövcuddur və bu ailəyə xəyanət bağışlanmazdır.
3. Güc və Nəzarət – Dövlətin əlindən alına bilməyən ən böyük güc qorxu və hörmət üzərində qurulmuş hakimiyyətdir. İnsanlar qanuni sistemə etibar etmədikdə, mafiyanın yaratdığı qorxulu ədalətə itaət edirlər.
4. İqtisadiyyat üzərində Nəzarət – Mafiya təkcə güc deyil, həm də pul idarəçisidir. O, qanunsuz yollarla iqtisadiyyata təsir edərək alternativ bazarlar yaradır.
Mafiya özünü cəmiyyətin unudulmuş insanlarını qoruyan bir sistem kimi təqdim edir. Rəsmi qanunlar zəifləri qoruya bilmədikdə, mafiya bunu öz üsulları ilə edir. Onun fəlsəfəsi isə, məncə, belə formalaşır:
-Rəsmi hüquq sistemi səmərəsizdirsə, alternativ hüquq lazımdır.
-Dövlət zəifləri qoruya bilmirsə, güclü şəxslərin ədaləti qurması qaçılmazdır.
-İnsanlar güc və qorxuya daha tez tabe olurlar, nəinki abstrakt qanunlara.
Lakin bu, bir paradoks doğurur. Mafiya öz alternativ ədalətini təmin etmək üçün qan tökməli, zor tətbiq etməli və sonda cəmiyyətin təməlini sarsıtmalıdır. O, öz sistemini gücləndirmək üçün cəmiyyətin qorxularını və zəifliklərini manipulyasiya edir. İnsanlar əvvəlcə qorunmaq üçün mafiyaya müraciət edirlər, sonra isə onun hakimiyyətindən qurtulmaq üçün mübarizə aparmalı olurlar.
Mafiya təkcə cinayətkar bir şəbəkə deyil, həm də siyasi və sosial bir qüvvədir.
Tarix boyu mafiya təşkilatları dövlətlərə təsir edib, seçkilərdə rol oynayıb, inqilabları və dövlət çevrilişlərini manipulyasiya edib. Bəzi ölkələrdə mafiyanın gücü o qədər böyük olub ki, dövlət özü mafiaya çevrilib.
Mafiya, hüquq sisteminin çökdüyü və gücün əsas idarəetmə vasitəsinə çevrildiyi yerlərdə daha da inkişaf edir. Dövlət idarəetməsinin zəif olduğu, korrupsiyanın geniş yayıldığı ölkələrdə mafiyanın nüfuzu artır və o, cəmiyyətin qaranlıq, lakin təsirli bir parçasına çevrilir.
Ədəbiyyat və kino mafiyanı romantik bir qüvvə kimi təsvir edib. "The Godfather", "Goodfellas", "Scarface" kimi filmlər mafiya liderlərini ağıllı, şərəfli və qəlbi təmiz adamlar kimi göstərib. Bu obrazlar bir tərəfdən hakimiyyətin cazibəsini, digər tərəfdən isə gücün insana necə təsir etdiyini nümayiş etdirir.
Lakin reallıqda mafiya yalnız sədaqət və ailə dəyərləri üzərində qurulmuş bir sistem deyil. O, zorakılıq, xəyanət və qanla dolu bir dünyadır. Mafiyada güc qazanmaq üçün yalnız sadiq olmaq kifayət deyil. Ağıllı və amansız olmaq vacibdir. Mafiaya daxil olan hər kəs gec-tez iki seçimlə qarşılaşır, ya zirvəyə yüksəlmək, ya da məhv olmaq.
Mafiya, insan təbiətinin dəyişməz bir hissəsidir. O, dövlətin zəif qaldığı yerdə meydana çıxır və alternativ güc strukturu yaradır. Lakin güc daima öz içində yeni düşmənlər yaradır. Tarix boyu mafiya təşkilatları ya dövlət tərəfindən, ya da öz içindəki xəyanətlər səbəbilə dağılmışdır.
Mafiyanın fəlsəfəsi sadədir, güc, qorxu və hörmət üzərində qurulmuş alternativ bir idarəetmə sistemidir. Lakin bu sistem, əvvəl-axır ya özbaşınalıqla məhv olur, ya da dövləti onunla mübarizə aparmağa məcbur edir. Mafiya əbədidir, lakin hər bir mafiya liderinin və imperiyasının bir sonu var. Çünki qanla qurulan bir nizam, qaçılmaz olaraq, qanla da dağılır.
İtalyan mafiyası, təkcə cinayətkar bir təşkilat deyil, həm də dərin ənənələrə və unikal bir fəlsəfəyə sahib bir güc sistemidir. O, qanunlardan kənar öz qaydalarını yaradaraq cəmiyyətdə uzun illər ərzində həm qorxu, həm də hörmət qazanmışdır. Siciliya mafiyası – Koza Noztra, Kalabriya mafiyası – Ndrangeta və Neapol mafiyası – Kamorra bu sistemin əsas qollarıdır. Bu təşkilatlar fərqli struktur və fəaliyyət sahələrinə malik olsalar da, eyni fundamental prinsiplərlə idarə olunurlar: sədaqət, qorxu, güc və xəyanətin qaçılmaz cəzası.
Koza Noztra Siciliya mafiyasının ən məşhur qoludur. Onun əsası 19-cu əsrdə qoyulub və o vaxtdan bəri özünəməxsus qaydaları ilə mövcudluğunu qoruyub saxlayır. Təşkilatın içərisində ciddi iyerarxiya mövcuddur: hər bir mafiya ailəsi bir "Don" tərəfindən idarə olunur və onun ətrafında "Consigliere" (müşavir), "Caporegime" (orta səviyyəli liderlər) və "Soldato" (əsgərlər) yerləşir. Koza Noztra, xüsusilə ABŞ-a mühacirət etmiş italyanlar arasında böyük təsirə malik olub və Al Kapon kimi mafiozlar bu sistemin ən güclü nümayəndələrindən biri hesab olunub.
İtalyan mafiyasının ən əsas qanunlarından biri "Omerta"dır – yəni tam susqunluq. Mafiya üzvü tutulsa belə, təşkilat haqqında heç bir məlumat verməməlidir. Omerta pozularsa, həmin şəxs ölüm cəzasına məhkum edilir. Bu qanun, mafiya sistemini dövlətin hüquq-mühafizə orqanlarından qorumağa kömək etmişdir.
Lakin tarixdə bəzi mafiya üzvləri bu qaydanı pozaraq "pentito" (peşman olan) statusu alıblar. Məsələn, Tommaso Buzketta adlı mafiya lideri, İtaliya hökumətinə ifadə verərək Koza Noztranın gizli strukturlarını ifşa etdi. Onun məlumatları mafiyanın zəifləməsinə səbəb oldu və bir çox mafiya liderinin həbsinə gətirib çıxardı.
Siciliyanın mafiyası nə qədər məşhur olsa da, Kalabriyada yerləşən Ndrangeta təşkilatı dünyanın ən güclü cinayətkar şəbəkələrindən biridir. Bu mafiya qrupu, əsasən, narkotik ticarəti ilə məşhurdur və onun illik dövriyyəsi milyardlarla dollar təşkil edir.
Ndrangetanın əsas gücü, onun qapalı ailə strukturlarında gizlənir. Bu təşkilatda yalnız bioloji ailəyə mənsub insanlar yüksək vəzifələrə çata bilərlər. Bu da onu digər mafiya qruplarından daha da təhlükəli və davamlı edir.
Neapol mafiyası Kamorra, digər mafiya təşkilatlarından fərqli olaraq, daha parçalanmış və anarxik bir struktura malikdir. Burada vahid bir lider yoxdur, əksinə, müxtəlif klanlar arasında güc uğrunda daim mübarizə gedir. Kamorra əsasən silah qaçaqmalçılığı, insan alveri və narkotik ticarəti ilə məşğuldur.
Kamorra, mafiyanın ən qəddar qollarından biri hesab olunur. Onun fəaliyyəti o qədər qanlı və xaotik olmuşdur ki, bəzi mafioz ailələr belə bu təşkilatla əməkdaşlıq etməkdən çəkiniblər.
İtalyan mafiyasının əsas dayaqlarından biri isə ailə institutudur. Bioloji ailə və mafiya ailəsi eyni dərəcədə müqəddəs hesab olunur. Lakin ailə daxilində xəyanət baş verdikdə, cəza amansız olur. Mafiyada güc, yalnız sədaqət və qorxu ilə qoruna bilər, bu səbəbdən xəyanət ən bağışlanmaz cinayət sayılır. İtalyan mafiyasının əsas prinsiplərindən biri sədaqətdir, xüsusilə də ailəyə və həyat yoldaşına qarşı. Mafioz üçün ailə sadəcə qan bağından ibarət deyil. Bu, onun həyatının mənası, gücünün və irsinin dayandığı təməl sütundur. Həyat yoldaşı isə bu ailənin mərkəzində duran müqəddəs bir varlıqdır. Əgər bir mafioz öz qadınına, onun sevgisinə və inamına xəyanət edirsə, bu, təkcə şəxsi bir zəiflik deyil, bütövlükdə onun xarakterinin, ruhunun və prinsiplərinin çöküşüdür. Mafiyanın qanunları qətidir. Əgər sən həyatını paylaşdığın, gecələr eyni yataqda uzandığın, sənə ruhunu və bədənini etibar edən qadına xəyanət edirsənsə, deməli, sən heç kimə sadiq ola bilməzsən. Çünki həyat yoldaşı yalnız bir qadın deyil. O, sənin iradənin, kişiliyinin və ləyaqətinin sınağıdır. Əgər sən ona xəyanət edirsənsə, deməli, güvən və sədaqət kimi dəyərləri ayaqlar altına atırsan. Bu isə mafiyanın təməl prinsiplərinə qarşı çıxmaq deməkdir. Belə bir insan nə öz dostlarının, nə qardaşlarının, nə də ailəsinin güvəninə layiqdir. Çünki xəyanət edən şəxs, istər qadınına, istər dostlarına, istərsə də öz ruhuna xəyanət edir. O, artıq heç nəyə sahib deyil. Nə hörmətə, nə şərəfə, nə də güvənə. Və mafiya dünyasında güvəni itirən insanın yaşamaq haqqı da əlindən alınır.
"O, çox yaxşı bilirdi ki, qadınları sevməyə davam etməsə, nə qədər xain və ya vəfasız olsalar da, ruhunun bir parçası öləcək.'' Puzo.
Bir çox mafiya lideri məhz ailə üzvləri tərəfindən satılmışdır. Məsələn, 2006-cı ildə Bernardo Provenzano, illərlə gizləndiyi yerdən öz köməkçilərinin xəyanəti nəticəsində həbs edildi. Bu hadisə, mafiyada heç kəsin tam güvən içində ola bilməyəcəyini sübut etdi.
İtalyan mafiyası, rəsmi hüquq sisteminin çatışmazlıqlarını dolduraraq cəmiyyətin bəzi təbəqələrinə “ədalət” təqdim edir. Bir çox insanlar hüquq sisteminə inamlarını itirdikdə, mafiya onların problemlərini həll edən yeganə qüvvəyə çevrilir. Lakin bu ədalət öz qanunlarına tabedir və qəddar reallıqlarla doludur.
Kino və ədəbiyyat mafiya obrazını tez-tez romantik və şərəfli bir qurum kimi təsvir edir. "The Godfather"(Xaç atası) filmi, mafiya liderlərini ağıllı, dərin düşüncəli və qəlbi təmiz insanlar kimi göstərir. Lakin reallıq çox daha qəddar və amansızdır.
İtalyan mafiyası, əslində, bir insanın həyatını tamamilə ələ keçirən və çıxışı olmayan bir labirintdir. Burada qanun yoxdur, yalnız güc var. İnsanlar mafiya ailəsinə daxil olduqdan sonra artıq geri dönüş yoxdur. Bir dəfə bu sistemə girən insan, ya yüksəlir, ya da məhv olur.
İtalyan mafiyası tarixin müxtəlif dövrlərində yüksəlmiş, güclənmiş və süquta uğramışdır. Onun ən böyük düşməni daxili parçalanma və xəyanətdir. Sonda hər mafiya imperiyası, bir gün onun gücündən qorxan insanlar tərəfindən ya devrilir, ya da öz içində xəyanətin kölgəsində çökür. Çünki qanla qurulan bir güc, yalnız qanla sona çata bilər.
İtalyan mafiyasının əsasında duran qanunsuz güc strukturları, zaman-zaman müxtəlif ədəbiyyat və kino əsərlərində tərənnüm edilmişdir. Bu qəbildən ən məşhur və ən çox təsir bağışlayan əsər, Mario Puzonun 1969-cu ildə yazdığı və Fransis Ford Koppolanın 1972-ci ildə ekranlaşdırdığı "The Godfather" (Xaç Atası) əsəridir. Həm kitab, həm də film, İtalyan mafiyasının yalnız cinayətkar təbiətini deyil, həm də onun arxasında yatan güc dinamikalarını, ailə bağlarını və xəyanətə qarşı möhkəm dayanmaq məcburiyyətini dərindən araşdırır.
İtalyan mafiyasının özəl qanunları və strukturu, məhz "The Godfather"da detallı şəkildə təmsil edilir. Filmdəki Don Vito Karleone obrazı, İtalyan mafiyasının idealizə edilmiş simvolu kimi çıxış edir. Karleone, yalnız mafiya lideri deyil, eyni zamanda bir ailə başçısı və ənənələrə sadiq bir liderdir. Onun fəaliyyətləri, mafiyanın əsas prinsipini, yəni güc və ailə əlaqələrini nümayiş etdirir.
Mafiya, heç vaxt yalnız fiziki güc və cinayətkar əməliyyatlarla əlaqələndirilməməlidir. Mafiya sistemi, onun daxili strukturu, ənənələri, sadiq üzvləri, və ailə bağlarının əhəmiyyəti ilə təzahür edir. Don Vito Karleonenin liderliyi, yalnız silah gücü ilə deyil, həm də cəmiyyətin düzgün şəkildə idarə olunması, ailə münasibətləri və daxili etibarlılıqla təyin olunur. Bu, mafiya quruluşunun yalnız cinayətkar olmağını deyil, eyni zamanda daha geniş sosial və iqtisadi şəbəkə daxilində yer tutmasını təmin edir.
Kitabda və filmdə ən çox vurğulanan məsələlərdən biri ailə bağlarının və xəyanətin əhəmiyyətidir. Don Vito Karleone, özünün mafiyadakı mövqeyinə baxmayaraq, ailə üzvlərinin rifahını və təhlükəsizliyini hər şeydən üstün tutur. O, heç bir zaman ailə üzvlərinə zərər vermək istəməz, hətta mafiyaya yeni daxil olmuş şəxslər belə, əgər ailə prinsiplərinə zidd davranırlarsa, dərhal cəzalandırılacaqdır. Bu prinsiplər, Corleone'nin şəxsi həyatını və təşkilatını idarə etməkdə əsas rol oynayır.
"Bu dünyada yeganə sərvət ailənizdir. Bu, pul və gücdən daha vacibdir"
Əsərdə Karleonenin oğlu Maykl Karleonenin inkişafı, mafiya həyatının gözlənilməz dönüşlərini göstərir. Maykl, əvvəlcə ailəsindən uzaq durur və heç vaxt mafiyanın işlərinə qarışmamağa qərar verir. Lakin, ailənin başçısı olan atasının xəyanətini və öldürülmək təhlükəsini gördükcə, o da birbaşa bu dünyaya daxil olur. Maykl, özünün mübarizəsi və ənənələri qorumağa çalışsa da, nəticədə özünü xəyanətə qərq olmuş bir müharibədə tapır.
Xəyanət, xüsusilə Mayklın həyatında mərkəzi bir yer tutur. Həm özünün, həm də ailəsinin həyatını qorumağa çalışan Mayklın, əslində o ailəni qorumaq məqsədilə çoxsaylı xəyanətlərə və qəddar addımlara əl atır. Bu xəyanət, yalnız xarici düşmənlərdən deyil, həm də daxili ailə üzvlərindən gəlir. Mayklın ən yaxın dostlarından biri olan Tom Hagenin qərarları və davranışları, onu öz mənfəətini güdmək üçün çoxsaylı risklərə girməyə sövq edir.
"The Godfather", yalnız bir cinayətkar şəbəkənin təsviri deyil, həm də gücün əsl mahiyyətini araşdıran bir fəlsəfi əsərdir. Burada güc, yalnız fiziki cəhətdən deyil, həm də mənəvi, sosial və siyasi sahələrdə yerləşir. Don Vito Karleonenin gücü, yalnız onun liderlik bacarığı və insanları manipulyasiya etmə qabiliyyəti ilə deyil, həm də onun ailə üzvlərinə və müttəfiqlərinə qarşı böyük sədaqəti ilə yaranır.
Gücün mənəvi və fiziki tərəfləri arasındakı ziddiyyətlər, əsərin mərkəzi mövzularındandır. Don Karleone, gücün yalnız idarə etmə ilə deyil, insanların qorunması ilə də əlaqəli olduğunu düşünür. Lakin bu güc, onun və ailəsinin həyatını qurtarmağa xidmət etdiyi zaman belə, həmişə xəyanət və təqib ilə nəticələnir.
"The Godfather" həm kitab, həm də film olaraq, gücün və ailə bağlarının daxilindəki ziddiyyətləri və çətinlikləri işıqlandırır. O, İtalyan mafiyasının strukturu və dinamikasını təhlil etməklə yanaşı, cəmiyyətdəki hərəkətlərimizin və qərarlarımızın necə bəzən qaçılmaz şəkildə özümüzü və ətrafımızdakıları dəyişdirməsinə səbəb olacağını göstərir.
Mafiya, burada sadəcə bir təşkilat deyil, insanların təbiətini, vəfa hissini, xəyanəti və bunun qarşısında qoyulan güc mübarizəsini əks etdirən bir simvola çevrilir. "The Godfather" həm də, sonda gücün ən zərərli tərəfinin insanları bir-birinə qarşı qoyan xəyanət olduğunu dərin fəlsəfi bir şəkildə ortaya qoyur. Bu əsər, mafiyanı romantikləşdirməklə yanaşı, onun arxasında yatan qaranlıq və mürəkkəb münasibətləri göstərir və bu səbəbdən də dövrün ən əhəmiyyətli bədii nümunələrindən biri olmağı bacarır.
Mafiya, bir tərəfdən cəmiyyətin qanunlarından kənar bir güc strukturu kimi çıxış edir, digər tərəfdən isə insanın ən dərin və qarışıq daxili aləmini təmsil edir. Bu təşkilatlar yalnız silahların və qanunun, şiddətin və gücün dilini danışan qurumlar deyil, eyni zamanda həyatın, məğlubiyyətlərin, xəyanətin və vəfanın əks olunduğu bir güc mübarizəsidir. Mafiyanı anlamağa çalışdıqda, bir tərəfdən cinayətin bir təzahürü kimi görünsə də, digər tərəfdən, onun içindəki münasibətlər və prinsiplər, insan təbiətinin özünəməxsus və mücərrəd hallarıdır.
İtalyan mafiyasının üzərində dayandığımızda, "The Godfather" əsəri bu mürəkkəb dünyanı göz önünə sərir. Don Vito Karleone, yalnız bir mafiya lideri deyil, həm də ailə bağlarının, sədaqətin, gücün və xəyanətin əbədiləşmiş simvoludur. Onun həyatı, bizə gücün sadəcə fiziki silahlarla deyil, münasibətlərin və insanlıqla əlaqəli sosial strukturların mühüm bir məhsulu olduğunu göstərir. Karleonenin həm ailəsinə, həm də öz mafiyasına verdiyi qiymət, öz yerini tapmaq istəyən bir insanın daxili qarışıqlığını əks etdirir. Ailənin gözündə qalan əsl lider olmağın gətirdiyi məsuliyyət, həm də gücün özü ilə gətirdiyi tələlər.
Lakin, mafiyanın ən çətin tərəfi, bu gücün dayandığı əxlaqi və fəlsəfi əsasların daim ziddiyyətli olmasıdır. Güc sahibi olmaq, bir çox hallarda insanın öz mənəviyyatını qorumağa çalışması ilə qarşıdurmaya girir. Mafiya liderləri, ən çox, insanları qorumaq üçün özlərini qorumağa çalışan şəxsiyyətlər kimi çıxış edirlər, lakin bu prosesdə əslində insanın nə qədər qurban verdiyi və itkilərin necə birikdiyi gözlər önünə sərilir. Onların mübarizəsi yalnız maddi zənginlik və ərazi üstündə deyil, eyni zamanda ruhani zənginlik və mənəvi müqavimət üzərindədir. Bu da mafiyanın dərin fəlsəfi tərəfidir. Onlar, özlərinin doğruluğu və əxlaqı üçün cəmiyyətin başqa tərəflərindən xaricə çıxmış və "öz qaydalarını" tətbiq etmiş insanlardır.
Gücü qorumağa çalışan Don Vitonun həyatı, bəzi prizmalardan qəhrəmanlıq və şəfaətə bənzəyir. Ancaq film və kitabda göründüyü kimi, heç bir güc mübarizəsi, heç bir ailə bağları, yalnız sadiqlik və güvən üzərində qurulmuş bir dünya, xəyanətin və fədakarlığın gətirdiyi qaranlıq tərəfi gizlədə bilməz. Karleonin ailəsi, onun övladları, qohumları və yaxın dostları, onun ətrafındakı bu böyük sədalı dünyanın arxasında gizlənən dərdləri, içki, müharibə və təhdidlər qarşısında əslində heç də qorunmamışdır. Mafiya, məhz bu qanunsuz güc oyununda əslində özünü qoruyur, amma bu qorunma zamanla onu əzab və iztirab içində daha da qapalı və qaranlıq bir həyatın içində sürükləyir.
Əsərin əsas fəlsəfi mövzularından biri, güc və ailə münasibətlərinin bəzən bir-birinə qarışmasıdır. Ailə, bu mühitdə, yalnız bioloji bağlarla deyil, həm də sosial və ruhi əlaqələrlə güclənmiş bir qurum olaraq əks olunur. Karleonenin mübarizəsi, təkcə öz təşkilatını deyil, həm də ailəsinin sağlamlığını, həyatını və gələcəyini qorumağa yönəldilir. Bu, insanların həyatda güc əldə etmək arzusunun və bu gücün idarə olunmasında qarşılaşdıqları çətinliklərin simvoludur. Lakin, ailə bağları da zaman-zaman cəmiyyətdən ayrılan bir fərdi güc şəbəkəsinə çevrilir, və burada əxlaqın ənənəvi formaları, şəxsi məqsədlərə və həyat üçün mübarizəyə qurban gedir.
Xəyanət, "The Godfather"da ən dərin və mürəkkəb şəkildə işıqlandırılmış bir mövzudur. Xəyanət yalnız şəxsi etimadın pozulması deyil, həm də insanın öz mənəvi sərhədlərini aşması, öz daxili qanunlarına qarşı çıxmasıdır. Mafiya həyatı, xarici dünyadan ayrı bir aləmdə hökmranlıq etməyə çalışarkən, əslində daxili aləmdəki zəiflikləri və qaranlıq tərəfləri ortaya qoyur. Maykl Karleonenin öz atasını müdafiə etmək, ailəsinin adını qorumaq məqsədilə etdiyi qərarlar, onun daxili dünyasında qarşı-qarşıya qaldığı dəyərlərin itirilməsi ilə nəticələnir. O, nəticədə, ailəsini qorumaq istəyərkən, eyni zamanda insanlıq dəyərlərini itirir, ən yaxınlarını itirir və özünün xarakterindəki ən yaxşı hissləri itirir.
Gücdən istifadə etmək, onu qorumağa çalışan insanın özünü mükəmməl bir şəkildə, həm cəmiyyətin qanunlarından, həm də insanlığın əsas prinsiplərindən kənar bir dünyada yerləşdirməsini tələb edir. Mafiya, bu baxımdan, yalnız cinayətkar bir şəbəkə deyil, əslində insanın içindəki mübarizənin, vicdanın, vəfasızlığın və ən azından, əxlaqın pozulması qarşısında yerləşən bir gerçəkliyin simvoludur. Bəzən güc əldə etmək, insanın öz üzərində sərt bir hakimiyyət qurması, öz mənəviyyatını çökdürməsi və nəhayət, özünü bir canavara çevirməsi ilə nəticələnir.
Bu səbəbdən də mafiyanın dünya baxışı, cəmiyyətin fərqli qatlarına baxarkən, həm qorxunc, həm də cazibədar bir nəsnəyə çevrilir. Hər bir fərd, bu aləmdə öz yerini tapmağa çalışır, amma nəticədə, bu məğlubiyyət və iztirabın, mənəvi mübarizənin və ehtirasın dövründən başqa bir şey olmadığını anlayır. "The Godfather"ın dediyi kimi: "Bir adamın ürəyində, iki şey var; bir tərəfi özünü qoruyur, digər tərəfi isə qəzəbdən yanır." Bu, mafiyanın özündəki ziddiyyətləri və insanın daxili konfliktlərini ən yaxşı şəkildə əks etdirən bir müdriklikdir..
Amma bir anlıq düşünək, əziz Oxucum. Gerçək dünya bundan nə ilə fərqlənir? Biz mafiya deyəndə, qaranlıq küçələrdə pıçıldanan vəhşi sövdələşmələri, qanla möhürlənmiş andları, xəyanətə bilet kəsən silahların səsini təsəvvür edirik. Amma bəlkə də bu, sadəcə romantik bir illüziyadır? Bəlkə də əsl mafiyalar, əlləri silah deyil, qanunlarla silahlanmış, küçələrdə yox, parlament salonlarında, korporativ iclas otaqlarında gizlənənlərdir?
Koza Noztrada sədaqət bir seçim deyil, borcdur. Amma bu günkü dünyada xəyanət bir incəsənətdir, diplomatiya adlanır, manevr bacarığı sayılır. Mafiyada söz vermək müqavilədən daha güclüdür. Necə ki, pozsan, başını itirərsən. Amma müasir dünyada bir imza ilə minlərlə insanın taleyi dəyişdirilir, bir qərarla xalqlar köçkün salınır, müharibələr alovlandırılır, milyonlarla insan yoxsulluğa məhkum edilir. Ən absurdu isə heç kim cəza almır. Əsl mafiya budurmu? Yoxsa biz sadəcə oyunçuların paltar dəyişdirdiyi bir teatrda, ssenariyə inanmış tamaşaçılardan başqa bir şey deyilik?
Mafiyanın qaydaları var, sənin etdiyin xəyanət cəzalandırılır. Amma şirkətlər, siyasi institutlar – onlar sənin həyatını, gələcəyini, bütöv bir cəmiyyətin taleyini satanda, heç kim məsuliyyət daşımır. Mafiyada alçaldılan, xəyanətə uğrayan biri qanını tələb edir. Amma bu gün insanlar həyatlarının oğurlanmasını, sistemin onları çeynəyib tüpürməsini sakitcə izləyir, çünki onlara öyrədilib ki, həqiqi güc həmişə görünməzdir.
Odur ki, əgər sən mafiyanı cəmiyyətin ən təhlükəli qurumu hesab edirsənsə, bəlkə də sadəcə yanlış yerə baxırsan Dostum. Əsl güc haradadır? Küçələrin qaranlığında, yoxsa parlamentlərin işıqlı salonlarında? Güllənin səsində, yoxsa səssiz imzalanan qanunların içində? Əgər qanunsuz sistemlər şərəf və sədaqət tələb edirsə, amma “qanuni” sistemlər yalnız yalan və riyakarlıqla işləyirsə, bəs kim daha təhlükəlidir?
Biz İtaliya mafiyası barədə, kinematoqrafiya incisi sayılan "The Godfather" filmi barədə ətraflı danışdıq. Yeri gəlmişkən, İtaliyada hələ də “mafiya” kəlməsinə ehtiram bəslənir, hələ də mafiya qayda-qanunları, dərin dövlət anlayışları gündəmdən düşmür. Mövzu maraqlıdır, maraqlı olduğu qədər də düşündürücüdür.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)