Super User

Super User

Пятница, 13 Декабрь 2024 13:03

“Mənə sevgini öyrədən adam üçün darıxacağam” - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Xəyallar, xəyallar, xəyallar...

Xəyal kimi qalanlar...

İnsan oğlu nə gözəl varlıqdır. Hərdən o qədər məsum və duyğusal olur ki... 

Məsələn, xəyal qurarkən, hələ də uşaq kimi sevinib gözlərinin içi gülərkən, ya da qurduğu xəyalın heç vaxt gerçək olmayacağını düşünüb məyus olduğunda insan daha da məsumlaşır.

 

Dərk edir həqiqətlərin acılığını, qəlbinə bir ağrı girir, dərindən nəfəs almaq istəyir, amma nəfəsi daralır, sinəsinə ağırlıq çökür. Zira, nə etmək olar? Yenə də vaz keçmək olmur xəyallardan. Boş bir vərəqə qəlbindəki ən məsum, ən saf duyğuları yazır. Sonra ən sevdiyi kitabı götürüb altından xətt çəkdiyi cümlələrdən birinin olduğu səhifəni açır və xəyallarını həmin vərəqlə birgə o səhifəyə sığışdırır. O gündən sonra həmin kitab da, həmin vərəq də rəfin arasında unudulub tozlanır - tozlanmış xəyallar kimi.

 

İllər keçir. Bir təsadüf olur. Birisi o kitabı təsadüfən tapır. Ard-arda gəlirmiş təsadüflər, elə kitabı ilk dəfə açanda göz-gözə gəlir o vərəqlə.

"Oxuyummu? Yox, olmaz, mənim deyil axı..."

Düşüncələr davam edir: "Oxuyum, ya oxumayım?" Barmaqlar ürəyin səsinə məğlub olur. Vərəqi əlinə alır və gözlər də təslim olur. Oxumağa başlayır. Nə yazılmışdı görəsən? Yaşanmışlıqlar? Yaşanmamışlıqlar? Yarım qalanlar? Yoxsa yar olanların açdığı yaralar?

 

Xəyal kimi xəyallar... Real olmayacaq qədər gözəl xəyallar. İlk cümlədə belə yazılmışdı:

"İllər keçsə və bu yazılanları oxusan, bil ki, mən artıq ölmüşəm. Xəyallarım isə gerçəkləşməmiş ölmüşəm. Əgər xəyallarım gerçəkləşsəydi, özümə söz vermişdim, bu kağız parçasını yandıracaqdım. İndi isə əlinizdəki kağız parçasından daha dəyərli olan, qəlbimi atəşə alan xəyallardır. Bütün reallıqlarımı qurban verəcəyim xəyallar..."

 

Not: "Mənə sevgini öyrədən adam üçün darıxacağam."

 

Belə biri deyildim mən. Romantik biri heç deyildim. Sərhədləri, yaşam standartları, seçimləri olan bir mən var idi bir zamanlar. Sən gəldin, dəyişdin məni. Xəyalpərəst bir aşiq oldum. Ağlı havada bir gənc qız... Sinəmdən tökülən sevgi sözləri...

 

Bilirsən, "sevgilim" deyə bilmirəm sənə. "Sevgini öyrədənim" deyirəm əvəzinə. Çünki qəbul edə bilmirəm ki, sən başqasına aşiq olanda mən sənin sevginə aşiq olmuşdum. Sədaqətinə aşiq olmuşdum.

 

Nədənsə, hər şeyi unudub bir gələcək düşündüm. Sən və mən olan bir gələcək. Bütün acı-ağrıları birgə aşdığımız bir gələcək.

 

Bir yaz səhəri otağımıza düşən günəş şüaları gözlərimi qamaşdırdı. Gözlərimi açdım və sənin başın sinəmin üstündə idi. Nəfəsindən sinəm tərləməyə başlamışdı. Yavaşca dodaqlarından öpdüm və yataqdan qalxdım. Uzun-uzun seyr etdim səni yatağın baş ucundan. İçimdən bir şıltaqlıq keçdi. Əllərimi isladıb geri döndüm yatağın baş ucuna. Əllərimlə üzünə toxundum.

Ayıldın yarı yuxulu halda. Əvvəlcə "Nə edirsən?" deyə qışqırdın. Mən də uşaq kimi dodaqlarımı büzdüm. Bu mənim şıltaqlığım idi. Həmişə dodaqlarımı büzəndə sən qıya bilməzdin mənə. Yenə də elə oldu. "Dəli qız," dedin və məni özünə çəkdin.

Bu xəyallar məni doldurdu. Amma mən bilirəm ki, sən belə xəyallar qurmursan. Sən mənim kimi düşünmürsən. Amma yenə də bir gün BİZ ola bilsək, bu vərəqi cıraram. Özünə yaxşı bax. Mən sənə darıxacam, məni sevməyi öyrədən adam...

 

---

 

Gənc adamın iki damla göz yaşı yanağından süzüldü. Vərəqi yenidən kitabın arasına qoydu. O səhifədə yalnız bir söz yazılmışdı: "Hə."

Kitabın adı isə belə idi: "Bütün xəyallar məhkumdurmu xəyal kimi qalmağa?"

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Четверг, 12 Декабрь 2024 19:03

“Heç nədən hay-küy" yaratmaq nəyə lazımdır axı?

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Akademik Milli Dram Teatrının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə həyata keçirdiyi "Bölgə teatrlarının Bakı premyeraları" layihəsi böyük uğurla  davam edir.  

 

Bu layihə çərçivəsində  9, 10 dekabr tarixlərində  Şəki Dövlət Dram Teatrı "Heç nədən hay-küy"  və  "21:15" tamaşaları ilə Bakıda qastrol səfərində olub.  

“Heç nədən hay-küy"  tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin oranjimançısı  Firudin Allahverdi, baletmeysteri Çingiz Novruzəliyevdir.  

Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Nərmin Abbasova, İlkin Rüstəmov, Qurban Rəsulov, Azad Məmmədov və digərləri ifa edirlər.  

Tamaşada İtaliyada zadəgan ailələr, əyanlar, onların başına gələn romantik hadisələrdən bəhs edilir.  Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir. 

Layihə çərçivəsində dekabrın 10-da türk müəllif Toyğun Orbayın (tərc. Dilsuz Mustafayev)  "21:15 Qatarı" adlı pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirilib. 

Tamaşanın quruluşçu rejissoru  Elvin Nuridir.  Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa edirlər. 

Sonda Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Bölgə teatrlarının Bakı premyeraları" layihəsi çərçivəsində nümayiş etdirilən tamaşalara görə  diplom təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Dekabrın 12-də dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının nümayəndələri Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Sabah Paris şəhərində YUNESKO-nun Baş Qərərgahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Mahmud Kaşqarinin müəllifi olduğu “Divani –lüğət ül türk” kitabının 950 illik yubileyi münasibətilə konfrans düzənlənəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verdiyi məlumata görə, konfransda dünyanın tanınmış türkoloqları, beynəlxalq təşkilatların nümayəndələri Mahmud Kaşqarinin  dünya leksikoqrafiyasına və dünya mədəniyyətinə bəxş etdiyi qiymətli tövhədən danışacaqlar. 

9000 sözü olan və türk xalqlarının ensiklopediyası adlandırılan Mahmud Kaşqarinin “Divani lüğət ül türk” kitabında 50 əyalətin, 63 şəhərin, 22 qəsəbənin, 49 yaşayış məkanının adı coğrafi məkan kimi qeyd edilib.  Eyni zamanda kitabda insanların yaşadıqları və işlətdikləri mədəni və məişət obyektləri, 106 məişət əşyasının adı, 62 növ paltarın, 53 toxuculuq alətinin, 58 döyüş –sursat növünün adı və heyvandarlığa aid 38 iqtibas qeyd olunub.

Bundan əlavə, kitabda 758 şer, 2667 atalar sözü kimi ədəbiyyat nümunələri də yer alıb. Bu da kitabın qədim və zəngin türk tarixini və söz çələngini özündə cəmləşdirdiyini göstərir. 

Mahmud Kaşqari “Divani Lüğət ül türk”ü  25 yanvar 1072-ci ildə qələmə almağa başlayıb.  XX əsrdə bu kitabı təsadüfən atılmış kitabların içərisindən İstanbulda kitabxanaçı Burxan Əfəndi tapıb, aşkara çıxarıb. Digər bir türk alimi Əli Əmərli Əfəndi isə kitabın qiymətini anladığından, onu baha qiymətə alıb. Sonradan Əli Əmiri Əfəndi İstanbulda Milli Kitabxana yaradıb.

2017-ci ildən etibarən YUNESKO “Divani Lüğət ül Türk” kitabını dünyanın Maddi İrs siyahısına yazıb.  “İnsanlığın tarixi” adlı proqrama kitabın nəşri həvalə edilib. 2024-2025-ci illərdə isə YUNESKO-nun təklifi ilə kitabın 950 illik yubuileyi münasibəti ilə silsilə tədbirlər nəzərdə tutulur. Sabahkı tədbir də bunlardan biridir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, YUNESKO-da keçiriləcək konfrans  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrin alimlərini bir daha yaxından birləşdirəcək.

Konfrans çərçivəsində eyni zamanda “Divani Lüğət ül Türk” kitabının rus və Azərbaycan dilində edilmiş tərcümələri, böyük türkoloqun həyatından və yaradıcılığından bəhs edən sənədli film və sərgi də nümayiş etdiriləcək.  

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist Əkbər Qoşalının Anım Gününə həsr edilmiş “Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış” məqaləsini təqdim edir. 

 

Zaman və məkanın dialoqu

 

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Ümummilli liderin haqqın rəhmətinə qovuşmasından 21 il ötür. Bu anlamlı gündə Heydər Əliyevin mədəniyyət manifestindən söz açmaq istərdim.  

Heydər Əliyev irsi sadəcə siyasətin, iqtisadiyyatın inkişafı ilə məhdudlaşmır; bu irsin mərkəzində Azərbaycan mədəniyyətinin varlığı və onun digər mədəniyyətlərlə qarşılıqlı faydalı dialoqu dayanır. Əgər Azərbaycan mədəniyyətinin landşaftını, relyefini, suxurlarını, iqlimini və bütün elementləri daxil olmaqla institutlarını... əks etdirən atlası, xəritəni təsəvvürümüzdə canlandırsaq, Ümummilli lidero atlasın, xəritənin ən incə detallarını çəkən, zəngin rənglərini qoruyub inkişaf etdirən şəxsiyyətdir.

 

Heydər Əliyev və milli mədəniyyətin dirçəlişi – köklərə dönüş

 

Sovet dövründə milli kimliyin zədələndiyi, ənənəvi dəyərlərin unudulmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda Heydər Əliyev Azərbaycanın mədəni irsini dirçəltməyi bütün mümkün üsul və vasitələrlə prioritet etdi. Onun təşəbbüsü ilə milli ədəbiyyat, musiqi, teatr və incəsənət yenidən özünə qayıtdı, öz əsl rolu, mandat-missiyası və necə deyərlər, yeri-göyü ilə çıxış etdi. O, dahi sənətkarlar Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun irsinə xüsusi diqqət yetirdi. Azərbaycan muğamının dünya səhnəsinə çıxarılması, xalq rəqslərinin və sənətkarlığın yaşadılması məhz onun iradəsi ilə gerçəkliyə çevrilmiş oldu.

Ümummilli liderin xalqın mədəni irsinə, ümumən mədəniyyətə, tarixə, bu gün və gələcəyə baxışı onun ən çox sevdiklərinə dair (bir bölümünü burada xatırlatdığımız) suallara cavablarından da aydın görünür:

şeir - Səməd Vurğunun “Azərbaycan”ı, 

şair - Şəhriyar, 

mahnı - xalq mahnıları və Tofiq Quliyevin mahnıları, 

bəstəkar - Üzeyir bəy Hacıbəyli, 

pyes – Mirzə Cəlilin “Ölülər”i,

dramaturq – Hüseyn Cavid,

sənət əsəri - Səttar Bəhlulzadənin “Muğan gözəlləri”,

sənət növü – miniatür,

sənətkar - Ömər Eldarov,

insani xüsusiyyət - mərdlik,

mövsüm – yaz,

bayram - Novruz bayramı...

 

Mədəniyyətin sərhədləri aşması – universallıq və lokalizm 

 

Heydər Əliyevin fəlsəfəsində Azərbaycan mədəniyyəti yalnız milli sərhədlər daxilinə qapanmış bir fenomen deyildir. O, haqlı olaraq, Azərbaycanı Gündoğarla Günbatarın, Güneylə Quzeyin qovuşduğu, mədəniyyətlərin dialoqunun baş verdiyi bir məkan kimi görürdü. Bu yanaşma, Azərbaycanın təkcə regional deyil, qlobal mədəniyyətlər arasında körpü olmasına imkan yaratdı. Onun dövründə keçirilən beynəlxalq festival, simpozium, mədəniyyət günləri və xaricdə Azərbaycan irsinin təbliği məhz bu strategiyanın parlaq təcəallasıdır.

 

Heydər Əliyev və mədəniyyətin gələcəyi: Duyğuların dili

 

Heydər Əliyevin mədəniyyətə yanaşması yalnız intellektual deyil, həm də dərin duyğu ilə dolu idi. Onun hər çıxışında, hər jestində Azərbaycan xalqına, onun sənətinə və irsinə duyduğu sevgini hiss etmək mümkün idi. O, inanırdı ki, mədəniyyət yalnız bir xalqın keçmişini deyil, həm də onun gələcəyini danışır. Bugünkü Qarabağ zəfəri ilə işğaldan azad edilmiş torpaqlarda bərpa olunan mədəniyyət abidələri onun bu ideyasını bir daha təsdiqləyir.

 

Zəfər və estetik məkan: Qarabağın yenidən canlanması

 

Heydər Əliyevin milli mədəniyyət fəlsəfəsi Qarabağın, Gündoğar Zəngəzurun işğaldan qurtuluşu ilə yeni bir dönəmə qədəm qoydu. Qarabağ, Zəngəzur Azərbaycan musiqisinin, poeziyasının (ədəbiyyatının) və incəsənətinin (sənətinin)beşiyi sayılan ünvanlardan olub. Özünəməxsus energetikası olan torpaqlarımızın yenidən dirçəlişi, necə deyərlər, yalnız binaların və infrastrukturun deyil, həm də mədəni yaddaşın bərpası deməkdir. Bu prosesin hər bir addımında Heydər Əliyevin qoyduğu irsin estetik baxışı və emosional dərinliyi hiss olunur.

 

Mədəniyyət və gələcək: Heydər Əliyevi anlamağın yeni yolu

 

Heydər Əliyevi anlamaq – onun mədəniyyətə verdiyi mənanı dərindən duymaqdır. O, mədəniyyəti, belə demək olarsa, yalnız bir bəzək, naxış, süs kimi deyil, milli kimliyin əsas sütunu kimi görürdü. Qalib Azərbaycan dövləti və xalqıbu fəlsəfəni yaşadır: musiqimizdən tutmuş ədəbiyyat və rəssamlığa qədər hər sahədə mədəniyyətimiz dünya səviyyəsində tanınmağa davam edir və daha böyük uğurlara qanadlanır. Heydər Əliyev Fondu adını daşıdığı böyük şəxsiyyətin ruhunu şad edən çoxsaylı beynəlxalq layihərlərlə çıxış edir, gənc istedadları üzə çıxardır, onlara diqqət-qayğı göstərir, ölkəmizin mədəniyyət təsərrüfatının canlılığı, inkişafı, o cümlədən beynəlxalq təcrübə alış-verişi üçün önəmli işlər görür. 

 

Duyğuların təntənəsi

 

Ümummilli liderin mədəniyyətə yanaşması onun xalqına olan sevgisinin poetik ifadəsidir. Bu sevgi yalnız keçmişə sayğı deyil, həm də gələcəyə bir çağırış dəyərindədir. Heydər Əliyevi anlamaq üçün onun qoyduğu mədəni irsi yaşatmaq və yeni əsərlərdə, melodiyalarda bu duyğunu hiss etmək xoşdur.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Bütün zamanlarda tarix şəxsiyyətlər, qüdrətli simalar yetirib. Tək-tək şəxsiyyətlər olub ki, onlar tərcümeyi- halı ilə tarixin özünü yaradıblar. Tərəddüd etmədən deyə bilərik: onlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət 10 milyondan çox azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin memarı, yer üzünə səpələnmiş 50 milyondan artıq Azərbaycan türkünün - dünya azərbaycanlılarının həmrəyliyini təminatçısıdır.

 

Heydər Əliyev həm də indi Müstəqil Dövlətlər Birliyini, Baltikyanı dövlətləri çevrələyən və bir vaxtlar SSRİ adlı bir dövlətdə yaşayan irili- xırdalı xalqlar və millətlər üçün əvəzsizdir, əzizdir. 15 müstəqil dövləti əhatə edən bu nəhəng ərazidə elə bir guşə tapılmaz ki, Heydər Əliyevin İttifaq rəhbərliyi dövründə orada hansısa quruculuq işləri aparılmasın. Heydər Əliyev eyni zamanda, dünya miqyasında tanınmış böyük siyasi və ictimai xadimdir.

Heydər Əliyev əzəmətli, bənzərsiz və təkrarsız insan, dahi şəxsiyyət idi. O tarix yaradırdı. Çünki, o, özü tarixin canlı bir salnaməsi, daha doğrusu tarixin özü idi. Azərbaycan tarixinin uzun və şərəfli bir dövrü onun adı ilə bağlıdır. Tarixə qızıl hərflərlə həkk olunan bu ad bütün dillərdə eyni səslənir: Heydər Əliyev. Bu adın sahibi ilə hər bir azərbaycanlı iftixar hissi keçirir. Millətinin şərəf, ləyaqət, Məmləkətinin cəsarət nümunəsi olan bu qüdrətli şəxsiyyətlə əlində Quran, ruhunda TURAN olan hər bir müsəlman, türk də qürur duyur. O, müdrik, mütəfəkkir dövlət xadimi idi. Kamili cahildən ayırır, haqqa bələdçilik edirdi. Ulu Öndər Avropa qiyafəli Şərq mütəfəkkiri idi. Bəşəriyyəti Birliyə, Qardaşlığa çağırırdı. Dünyanı Odlar Yurdunun oduna, işığına tapındırdığı kimi, Tanrının ona bəxş etdiyi ömür payını da, millətinin, məmləkətinin tərəqqisinə, maddi- mədəni irsinin bəşəri dəyərlər sisteminə daxil olmasına, inteqrasiyasına çalışır, ölkəsini demokratik, humanist prinsiplərlə idarə edirdi.

Hücumlara, səlib yürüşlərinə, repressiya və müharibələrə baxmayaraq bu gün ayaqda olan, Bayrağı bayraqlara qarışan Azərbaycan xalqı deyəndə Heydər Əliyev, Heydər Əliyev adı çəkiləndə Azərbaycan yada düşür.

Xalq, millət, dövlət də insan kimidir, Yaddaşı ilə yaşayır. Milli istiqlal,  özgürlük sevdası, azərbaycançılıq, türkçülük, turançılıq məfkurəsi ilə müasir Azərbaycanın memarı olan, Varisi ilə ən Yeni Azərbaycanın Dastanını yaradan, harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq Azərbaycanlılığını, türklüyünü unutmayan, cəsarəti, ləyaqəti, bir türk, Azərbaycan kişisinə xas qeyrəti ilə tarix yaradan, o tarixə müdrikliyi, məğrurluğu ilə yazılan, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”, “Mən İlham Əliyevə özüm kimi inanıram”, “Azərbaycan xalqının taleyi indi etibarlı əllərdədir” nidası ilə bizə güman, ona əyan dünyanın dərgahına çəkilən, millətinin Yaddaş Yerinə çevrilən, bütün həyatını xalqına həsr edən, amalı, əməli, millət, məmləkət sevgisi ilə xarüqələr yaradan Ulu öndər Heydər Əliyev son anda daşa, yaddaşa, sözə, səsə, nəfəsə köçdü.

Qibləgahı bildiyi, canından artıq sevdiyi xalqı Azərbaycanın hər guşəsində adına abidələr yapdı. Adını müqəddəslərin, millətə, məmləkətə, Tanrının köç əylədiyi ulu Şərqə, Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar quran,  sarayını sənətin, mədəniyyətin gülzarına çevirən dünya fatehlərinin,  dünyanın siyasi, mənəvi mənzərəsini qolunun davamı Qılıncı,  ruhunun davamı Sazı, Qələmi və Kəlamı ilə dəyişən azman türklərin sırasına yazan Ulu Öndərə ən böyük abidəni insanlar qəlbində, ürəyində ucaltdı.

50 ildən artıqdır ki Heydər Əliyev müdrikliyi, Heydər Əliyev əzəməti ilə zinətlənən dünyamız nə qədər Azərbaycan xalqı, Azərbaycan  dövləti olacaq, o qədər də Var Olacaq! Əbədi İşığa, Ulu Yaradana, Tanrı dərgahında dolanan mələklərin sırasına can atanlar, ilahi eşqdən, millət, məmləkət sevgisindən doğulanlar Heydər Əliyev dühasına tapınacaq.  Heydər Əliyev nuruna bürünəcək,  Odlar Yurdu Azərbaycan olacaq! Unudulmamaq, yaddaşlarda qalmaq üçün şərəflə, ləyaqətlə ömür sürəcək. “Vətəni sevmək imandandır!”, “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!” – deyib haqqa doğru yol gedəcək. Qibləsini, Kəbəsini, Mədinəsini, Məkkəsini  Azərbaycan biləcək! Azərbaycandan keçib Haqqa doğru yol gedəcək!

44 günlük Vətən Müharibəsində, haqq savaşında “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi Zəfərə imza atan, mənsub olduğu milləti, məmləkəti Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa döndərən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin iradəsinə, sonsuz Vətən sevgisinə, mütəfəkkir dövlət xadimi kimi yürütdüyü daxili və xarici siyasətə söykənib Azərbaycan tarixinin altun səhifələrini yaradacaq!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

Taleh Mansur, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ulduz" jurnalı ilə " Xalq qəzeti"nin ortaq layihəsi çərçivəsində "Ulduz"lu görüşlər" keçirildi.

Bu, "Ulduz"lu görüşlər"in ilk tədbiri idi. 

 

Tədbirdə "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, Xalq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə  Hüseynova, Xalq artisti Eldost Bayram, Filologiya fakultəsinin dekanı, dosent Könül Həsənova  və "Ulduz" jurnalının əməkdaşları, yazıçı Təranə Vahid, şair Taleh Mansur, eləcə də universitetin tələbə, müəllim heyəti  iştirak edirdi.

Təbdiri giriş nitqiylə açan Qulu Ağsəs, təhsil ocaqlarında silsilə görüşləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək,  görüşün təşkili üçün universitet rəhbərliyinə, həmçinin Mahirə xanıma minnətdarlığını bildirdi. 

Ardınca söz Mahirə Hüseynovaya verildi. Mahirə Hüseynova qonaqları salamlayaraq,  bu kimi görüşlərin xüsusi əhəmiyyətini  vurğuladı, "Ulduz" ədəbiyyat dərgisi ilə təmsil etdiyi təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırdı. Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə  tövsiyə və məsləhətlərini ifadə etdi,  onlara uğurlar arzuladı. 

Eldost Bayramın ifasında Mahirə Hüseynovanın  "Gedək uzaqlara" şeiri alqışlarla qarşılandı. 

Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə etdi,   mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini qeyd elədi.  Filologiya fakultəsinin dekanı Könül Həsənova tədbirin təhsil ocağının müəllim, tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi təbdrilərin davamlı olmasının vacibliyini bildirdi. 

Yazıçı Təranə Vahid və şair Taleh Mansur öz çıxışlarında ədəbi gəncliyin tribunasına çevrilmiş “Ulduz" jurnalının tarixi və bu günü ilə bağlı  məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət etdilər. 

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırıldı.  Tələbələrin ifasında Qulu Ağsəsin şeirlərindən ibarət nümunələr səsləndirildi.

Sonda "Ulduz"  jurnalının və "Xalq" qəzetinin seçilmiş sayları  hədiyyə olaraq tələbələrə təqdim edildi, xatirə fotosu çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilovun Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məqaləsini təqdim edir. 

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyininnəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi. 

Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və so-sial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir. 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır. 

Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur.

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumat-lar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvə-zinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısınaçevrilmişdi.

1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qo-yurdu: “Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi artıq dirçəlib, formalaşıb, öz gücünü toplayıb və həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət təhlükəsizliyini təmin etməyə, qorumağa qadirdir. Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük və-zifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və pre-zident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir.

Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər görməlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapda-lanmasın, heç kəsin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”.

Onun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsitədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanın-da Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yö-nəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi.

Bundan başqa, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanun-suz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və s. istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı.

Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə edildi. Onun təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qa-baqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması, ümumiyyətlə, müasir dövrdə Azərbay-canın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zaman-da, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

MTN-in əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində 1994-1997-ci illərdə Azərbaycan Respublikası əleyhinə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin qarşısı əsasən alınmış, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 213 ölkə vətəndaşı aşkarlanmış, onlardan 27 nəfəri casusluq fəaliyyətinə görə məhkum olunmuş, 186 nəfər isə profilaktik iş aparılmaqla cinayət yolundan çəkindirilmiş, 13 əcnəbi casus ifşa edilmişdir. Respublikada 3 dəfə vətəndaş müharibəsi təhlükəsinin, 7 dövlət çevrilişi cəhdinin qarşısı alınmış, 5 cəhd hazırlıq mərhələsində lokal-laşdırılmış, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir.

Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sar-sılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti)  Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilmə-sində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti) ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. MTN Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışmışdır.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əliyevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azər-baycanda daxili təhlükəsizliyintəminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterrorkoalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasınanail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır.

Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisi-yasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır”. 

Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil dövlətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun müharibədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məşğul olmağa başladı.

Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terror-çuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azər-baycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niyyətlərini gizlətməyən təcavüzkar Ermənistanın, o cümlədən bəzi dövlətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliyyətləri Azərbaycanın təhlükəsizlik orqanlarını düşünülmüş və qabaqlayıcı addımlar atmağa sövq edir. Heydər Əliyevin rəhbərliyi altın-da MTN əməkdaşlarının gərgin əməyi, öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönəldilmiş bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında alınmış və müvafiq tədbirlər görülmüşdür. Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəm-ləndirilməsiistiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir.

Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokra-tik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya etdirir, qloballaşma-ya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. DTX-nın dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər forma-larına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur.

Ölkədə sabitlik təmin olunduqdan sonra Milli Təhlükəsizlik Nazirliyində işlər öz məcrasına düşdükcə onun təşəkkülü ilə bağlı lazımi hüquqi sənədlər də imzalanırdı. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə fərman (1 fevral 1999-cu il), «Narkotik vasitələrin, psixotropmaddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (4 avqust 1999-cu il, 24 avqust 2002-ci il), «Terrorizmə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (30 avqust 1999-cu il), «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (11 noyabr 1999-cu il və 24 avqust 2002-ci il) və sair hüquqi sənəd-lərin qəbul edilməsi MTN-in fəaliyyətinin istiqamətlənməsində, hüquqi bazanın yaradılmasında əvəzsiz rol oynadı.

Bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əli-yevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət  sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənəd-lərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Hazırda qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsiişinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ağ gəmi”, Dəniz kənarıyla qaçan Alabaş”, “Gün var əsrə bərabər”, “Əlvida, Gülsarı” və əlbəttə ki, “Ölüm kötüyü”!

Bu romanları Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov yazıb, o Aytmatov ki, müasir dünyanın ən qüdrətli söz ustalarındandır. 

Bu yaxınlarda Bakıda 2-ci kitabının təqdimatında iştirak etdiyimiz çağdaş qırğız yazıçısı Sultan Raev gözəl bir fikir işlətdi, dedi, qırğız yazıçısı olmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, hamımız dahi Aytmatovun açdığı cığırlarla irəliləyirik. Çətindir ona görə ki, onun işığında bizlərin parlaması az qala mümkünsüzdür. 

Bəli, bu gün Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümüdür.

Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda Zoobaytarlıq Texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib. 

Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstanın Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb.

Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi.

Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar.

“Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.

Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri insan və təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.

Çingiz Aytmatov müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir. O, öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub. Qırğız türklərinin mədəniyyətini yenidən ortaya çıxaran bu dahi insan 2008-ci il iyunun 10-da müalicə olunduğu Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.

Ruhu şad olsun!

Biz Çingiz Aytmatovun içi Gülsarı qarışıq heç bir qəhrəmanına “əlvida” deyə bilmirik, dahi yazıçının əsərlərini hər dəfə yenidən, yenidən oxuyuruq! 

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Respublika Gənclər Kitabxanasında Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlılıq qazanmış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

 “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materiallarda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin, Milli Məclisinin sədri Sahibə Qafarovanın “Tarixin liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı məqaləsinin tam mətni, dünya liderlərinin, görkəmli şəxslərin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər və Ulu Öndərin öz müdrik kəlamları təqdim edilir.

 Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Ulu Öndərin dahi şəxsiyyətinə, mənalı ömür yoluna, zəngin, çoxşaxəli fəaliyyətinə həsr edilən və 2019-2024-cü illərdə nəşr olunan “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Məhəmmməd Füzuli”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev və Nizami Gəncəvi”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və onların qısa annotasiyaları, dövri mətbuat nümunələri sərgilənir.

 “Xalqa həsr edilmiş ömür” adlı virtual kitab sərgisində Azərbaycan liderinin siyasət və hakimiyyət arenasına gəlişindən, ictimai-siyasi fəaliyyətindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz xidmətlərindən bəhs edilir. Virtual sərgidə yazılı məlumatlarla yanaşı, Ulu Öndərin, Prezident İlham Əliyevin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.

 Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Artıq iki ildir ki, burada müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər.

 Sözügedən materiallar Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.