“Bir ocaq qalandı külümdən, Allah” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

 HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl  Təranə Dəmirin şeirlərini sizlərə təqdim edəcək. Əminik ki, onları bəyənəcəksiniz. 

 

 

*

Addım-addım  ölçürəm  şəhəri,

Kölgəm də  mənimlə addımlayır.

Ölçürəm adamları, yolları, maşınları,

Ağacları, binaları, səkiləri.

Qarğalar  məni addım  səslərimdən  tanıyır,

Kölgəmə  qaçır   yiyəsiz  küçə  itləri.

Başımın  üstündə  səma, 

Ayağımın  altında  torpaq  yeriyir.

"Kimsə arxamca  danışır" –

Qulağım  cingildəyir.

Addım-addım  keçirəm  şəhərin  tarixini,

Küçələri, reklamları, 

Afişaları,  heykəlləri, şəkilləri...

İçimdə  tutub  saxlayıram nəfəsimi,

Ürəyim  ovcumda  döyünür.

Gözümün qabağında 

rəng  verib rəng  alır adamlar,

saxta  gülüşlərdən  diksinir 

divarlar, daşlar,  ağaclar, quşlar.

Addım-addım  yeriyirəm  qaranlığın  üstünə,

Qürubun  şəkli  düşür  dənizə,

Nə yaxşı dəniz var..

 

*

 

Min notda ağlatdı  duyğular  məni, 

Ovundum  bir misra  baxışın  altda.

Göz yaşım  asıldı  kirpiklərimdən,

İslandım  bir  qərib  yağışın  altda,

Bir  vüsal  doğuldu   gözümdə  yenə.

 

Göynədi, duz  səpdim  yaramın  üstə,

Əl  atıb  yapışdım ağrılarımdan.

Söz-söz, heça-heca  axıb duruldum,

Sıyrılıb  qurtardım qorxularımdan,

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

 

Didib  parçaladım  tərəddüdləri,

Yolumun  üstündən    çəkildi  həsrət.

Güzarım  təzədən  sevgiyə  düşdü,

Təzədən  üzümə güldü  məhəbbət, 

Bir  vüsal  doğuldu  gözümdə  yenə.

 

Bir  ümid  boy  atdı  əzablarımdan,

Bir  ocaq  qalandı külümdən, Allah.

Az qala  özümdən  yıxılacaqdım,  

Son anda  qayıtdım  ölümdən, Allah,

Bir  vüsal  doğuldu gözümdə yenə.

 

*

 

Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,

Bir bulud  atıb özünü qızın  ayaqları  altına

səma evinin ən üst qatından.

Bir küçə yağışa meydan oxuyur,

Bir ləpir küçəyə.

Bir pəncərə udur buludun  göz yaşlarını,

Bir   xəyal   məktub yazır Tanrıya gecənin adından.

Bir pişik  siçan deşiyi axtarır ağzındakı  ovunu rahat-rahat  aşırmaqçun  qaranlıqda.

Bir  ağac asılır  üzüaşağı ayağından.

Bir qoca  nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,

Nəfəsi ilişib qalır havada.

Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa, 

Bir sevgi üşüyür  kirpiklərinin  ucunda.

Bir ana   köynək  toxuyur əsğər oğluna,

Bir hörümçək tor  bağlayır  baxışlarında. 

Bir gecə səhərə  tərəf yeriyir ağır-ağır,

Bir səhər dincini alır gecənin dizi üstə.

Bir  köpək gecəyə ulayır, küçəyə ulayır, yağışa, küləyə ulayır.

Bir daş fır-fır fırlanır  köpəyin səsi üstə.

Bir damcı  işıq damır gecənin yanağına,

Bir oğlan üzük şəkli taxır adsız barmağına.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.