Super User

Super User

Четверг, 23 Январь 2025 11:13

"Ulduz" jurnalının Ankarada xüsusi buraxılışı çıxıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan “Ulduz” jurnalının xüsusi buraxılışı qardaş Türkiyənin Ankara şəhərində, “Gənc Ürəklər” dərgisində oxuculara təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalı redaksiyasından verilən məlumata görə, “Gənc ürəklər” dərgisinin 14-cü (Qış, dekabr-yanvar-fevral 2025) sayında “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.

“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirir ki, “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahin ötən ilin yayında “Ulduz” jurnalını görüb və jurnalın redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirdən nəşr haqqında soruşub: “Sonradan biz Muhterem bəylə onlayn şəkildə əlaqə saxladıq, tanış olduq. Söhbətimiz zamanı təklif etdim ki, biz “Gənc ürəklər” dərgisinin bir sayını Azərbaycanda çap edək, onlar da “Ulduz”un bir sayını Ankarada çap etsinlər. Razılıq əldə olundu və yazılar toplanmağa başladı. 2024-cü ilin sentyabr ayında biz “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışını Azərbaycanda- “Ulduz” jurnalında çap etdik. “Bir millət, iki dövlət” devizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu.  Sonra isə Azərbaycandan yazıları toplayıb Muhterem Şahinə yolladıq. Bir neçə mərhələdən keçdikdən sonra, nəhayət, “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap olundu. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu, bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. Muhterem bəylə danışıqlarımız davam edir. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”.

 

“Ulduz - Gənc ürəklər qardaşlığı daim olsun” devizi ilə çap olunan xüsusi buraxılışın ilk məqaləsində baş redaktor Muhterem Şahin yazır:

“Dərgimizin bu sayında “Ulduz”dan gələn 39 əsəri Azərbaycan türkcəsində olduğu kimi yayımlayırıq. Buradakı məqsədimiz Azərbaycandakı dostlarımızın Türkiyə türkcəsiylə, Türkiyədəki qardaşlarımızın da Azərbaycan türkcəsiylə bir yazını, şeiri, hekayəni, esseni oxumaqlarına şərait yaratmaqdır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi bir-birinə o qədər yaxındır ki, anlamamaq mümkün deyil. Bəlkə bir neçə kəlməni başa düşməkdə çətinlik çəkə bilərsiniz. Ləhcələr arasında belə kiçik fərqlər ola bilər, mümkündür. Onları da öyrənəcəyik, öyrənməliyik”.

Qeyd edək ki, “Ulduz” jurnalının xüsusi sayınıtəqdimatı keçiriləcəyi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

 

(23.01.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən baş qərargahında 23-24 yanvar 2025-ci il tarixlərində TMİF Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İclas keçiriləcəkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalına TMİF-dən verilən məlumata görə, iclasın məqsədi Fondun Şurasının növbəti iclasının gündəliyini tərtib etmək, Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət planlarını müzakirə etmək və təşkilatın Nizamnamə sənədlərinə dəyişikliklərin edilməsi istiqamətində fikir mübadiləsi aparmaqdan ibarətdir. 

İclasda müvafiq mütəxəssislərin müraciətləri, rəy və təklifləri dinləniləcəkdir. 

Tədbirdə Fondun Üzv Dövlətləri olan Azərbaycanın,  Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri iştirak edəcəklər. 

Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu bundan sonra da fəaliyyətini daha da zənginləşdirmək məqsədilə hər il davamlı olaraq bu kimi  əlaqələndirmə görüşləri təşkil edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Martın 12-dən 16-dək Belarus paytaxtında XXXII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bu tədbirdə Azərbaycanın kitab nəşriyyatçıları da iştirak edəcəklər.

 

AzərTAC sərginin təşkilatçılarına istinadla xəbər verir ki, kitab ekspozisiyasının, həmçinin diskussiya və təqdimat platformalarının əsas mövzusu İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi olacaq. Bununla yanaşı, ziyarətçiləri və iştirakçıları zəngin işgüzar və mədəni proqramlar gözləyir.

 

Sərgidə nəşriyyatlar və kitab ticarəti firmaları, poliqrafiya müəssisələri, kitab nəşri üzrə beynəlxalq və milli assosiasiyaların nümayəndələri iştirak edəcəklər.

Tədbirin tam proqramı yaxın vaxtlarda açıqlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100-cü ildönümü ötən ilin son ayında tamam oldu (Nəbi Ələkbər oğlu Babayev; 10.12.1924, Xırdalan – 15.01.2007, Bakı). Xalqımızın dəyərli söz ustadı, XX yüzil Azərbaycan poeziyasının parlaq simalarından olan Nəbi Xəzrinin əlamətdar yubiley tədbiri, ilin ilk ayının 28-də Heydər Əliyev Sarayında keçiriləcək. 100 illik əlamətdar yubileyin qeyd edilməsi, onun poetik dünyasını yenidən xatırlamaq və anlamaq üçün bir fürsətdir. 

 

Bir şair ömründə neçə və necə ilklər olur, sonlar olur… Bəli, bir şairin ömrü, yalnız yaşadığı illərin sayı ilə deyil, o illərin içində nə qədər ilkə, nə qədər sonsuzluğa toxunduğu ilə ölçülür.

Nəbi Xəzri yalnız öz yaradıcılığı ilə deyil, həm də şəxsiyyətinin zərifliyi ilə və çağının nəbzini tuta bilən sənətkar olaraq yaddaşlarda yaşayır.

 

Nəbi Xəzrini anlamaq üçün onun öz dönəmindəki poeziya gələnəklərinə, zirvə hadisələrə diqqət yetirmək vacibdir. O, Səməd Vurğunun poetik irsinin davamçısı olaraq yalnız ustadlardan öyrənməklə yetinmədi, öz poetik aləmini də yaratdı. Şair, klassik gələnəklərlə çağdaş dövrün təzadları arasında körpü quraraq, Azərbaycan ədəbiyyatına özünəxas yeni nəfəs gətirdi.

 

Nəbi Xəzrinin poeziyası həm lirik duyğularla, həm də ictimai fəlsəfənin dərinliyi ilə doludur. Onun şeirlərində insan ruhunun zərifliyi ilə toplumun sərt həqiqətləri bir nöqtədə qovuşur. 

“Dəniz, göy, məhəbbət” şeirində oxuyuruq:

 

- Dənizi hədiyyə verirəm sənə...

   Mən dedim, sən baxdın, sən gülümsədin.

   Göylərin şəfəqi düşdü üzünə.

 - Mən isə... göyləri verirəm, - dedin...

 

   Ayrıldıq qəribə hədiyyələrlə,

   Göylər eşqim kimi mənə əzizdir.

   Ayrıldıq dənizlə, ağ ləpələrlə,

   Necə aparasan? Dəniz dənizdir…

 

Bu misralarda şairin yalnız təbiətə olan sevgisini deyil, həm də insanın təbiətlə ruhani bir vəhdətdə olduğu və sonsuzluğa can atması sənətkarcasına təsvir olunur. Təxəllüsü də təbiətdən gələn şairin bu şeirindəki fəlsəfi qat, onu yalnız lirik şair kimi deyil, eyni zamanda dərin düşüncəli sənətkar kimi xarakterizə edir. Şairin təbiətə ülvi bağlılığı bir şeirə sığmır, təbii, onun onlarla şeirində eyni məhəbbəti, diqqəti, şövkəti görürük.

Qarlı zirvələrdən çəmənlərə, dənizlərin dərinliklərindən sahillərə qədər hər şey onun poetik aləmində riqqətli bir sevgi ilə canlanır. Onun təbiətə bağlanışı yalnız misralarda yox, bütün yaradıcılığında bir əbədi nəfəs kimi duyulur:

 

Qarlı bir zirvə olsan,

Ağ buludun olaram.

Dərin xəyala dalsan,

Mən sükutun olaram.

 

Çəmən olsan əgər sən,

Sərin yağış çilərəm.

Əgər dənizə dönsən

Sahilə çevrilərəm…

 

Şairin söz ustalığının bir örnəyi də onun vətənə olan bağlılığında təcalla edir. “Azərbaycanım” şeirində o, doğma torpağı ilahi bir duyğu ilə, dərin ülviyyətlə təsvir edir:

 

“Əgər ki, yıxılsam, çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göygölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə

Sənsən gümanım.

Canım-gözüm mənim

Azərbaycanım”!

 

Burada yalnız coğrafi gözəllik deyil, həm də bu torpağa mənəvi borc və sonsuz bağlılıq ifadə edilir. Onun poetik baxışları vətəni sevən hər bir azərbaycanlının ürəyində əks-səda tapır.

 

Nəbi Xəzrinin sözlərindəki incə lirika, dərin fəlsəfə və mənəvi aydınlıq Azərbaycan poeziyasının gələnəklərini zənginləşdirərək gələcək nəsillərə ötürüldü…

 

O, şeirə kainat kimi baxır, hər ulduzunda fərqli bir sirr, Günəşdə fərqli bir həqiqət görürdü. - Şairin çağırışlarını onun öz sözləri ilə bitirmək istəyirəm:

 

Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, Günəşləri var.

Şeir mənim üçün sirli həyatdır,

Onun öz sevinci, öz kədəri var…

 

Bu misralar onun üfüqötəsi baxışlarının təntənəsi olub, sənətkar dünyasının nə qədər əzəmətli olduğunu göstərir. Nəbi Xəzri bir şair ömrünü yalnız sözlərlə yox, həm də poeziyanın ruhuna dərin inamla yaşadı.

 

Ruhuna sayğılar!

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Nobel mükafatçısı, Türk alimi, Professor Dr. Aziz Sancara TÜRKSOY Daimi Şurasının Azərbaycanın Şuşa şəhərində keçirilmiş 40-cı iclasında qəbul etdiyi qərara əsasən “Türk Dünyası Mədəniyyət Elçisi” adı təqdim edildi.

TÜRKSOY-un rəsmi saytı xəbər verir ki, 2025-ci il yanvarın 19-da ABŞ-ın Şimali Karolina ştatında yerləşən Aziz&Gwen Sancar Fondundakı Sancar Mədəniyyət Mərkəzində keçirilən mərasimdə TÜRKSOY-un baş katibi Sultan Rayev xüsusi hazırlanmış Türk Dünyası Mədəniyyət Elçisi nişanının TÜRKSOY Daimi Şurasının üzvü olan nazirlərin yekdilliklə qəbul etdiyi qərara əsasən təqdim edildiyini bildirdi.

 

“Türk Dünyasının Qüruru və İlham Mənbəyi”

 

Baş katib Sultan Rayev mərasimdəki çıxışında Prof. Dr. Aziz Sancarın Türk Dünyasının qüruru və ilham mənbəyi olduğunu vurğulayaraq belə dedi:

“Hörmətli Aziz Sancar, siz yalnız bir alim deyilsiniz, həm də Türk Dünyasının ortaq şüurunu və elmi dahisini əks etdirən bir dəyərsiniz. Nobel mükafatı ilə bütün bəşəriyyətə töhfə verən işləriniz, elmi nailiyyətləriniz qədər Türk mədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlığınız və çalışqanlığınızla bəşəriyyət üçün nümunəvi bir simasınız. Kökünüzə bağlılığınız və dünyanın ən prestijli platformalarında qazandığınız uğurlar bizim üçün böyük motivasiya mənbəyidir. Bu ad, sizə bir təşəkkürdən daha artıq olaraq Türk Dünyasının minnətdarlığının ifadəsidir. TÜRKSOY üzvü ölkələr adından sizə bu adı təqdim etməkdən qürur duyuruq.”

 

TÜRKSOY-un Türk Dünyasındakı Rolu

 

Rayev TÜRKSOY-un Türk Dünyasının mədəni zənginliklərini qoruma və tanıtma missiyasını xüsusi vurğulayaraq qeyd etdi:

“TÜRKSOY, Türk Dünyasında qurulan ilk hökumətlərarası əməkdaşlıq təşkilatı olaraq 30 ildən çoxdur bu coğrafiyanın mədəni inteqrasiyası üçün önəmli vəzifələr yerinə yetirmişdir. Türk Dünyasının birliyi, qədim millətimizin ən vacib dayağıdır.”

 

Tədbirdə Emosional Anlar Yaşandı

 

TÜRKSOY-un tanıtım filmi ilə açılan tədbirdə moderatorluğu Aziz&Gwen Sancar Fondu İdarə Heyətinin sədri İsmayıl Arslan etdi. Tədbir Türkiyənin Vaşinqton səfirliyinin müşaviri Melih Seyfəttin Güngör, Sancar ailəsinin dostları, müxtəlif yaş qruplarından uşaqlar və universitet tələbələrinin daxil olduğu təxminən 150 dəvətlinin iştirakı ilə keçirildi.

Tədbirdən əvvəl Prof. Dr. Aziz Sancar, baş katib Sultan Rayev və heyəti Mərkəzin müxtəlif bölmələrinə gəzinti etdirərək gələcək layihələrlə bağlı məlumat verdi. Qonaqlar Sancar salona daxil olarkən onu alqışlarla qarşıladılar.

 

Türk Dünyası Mədəniyyət Elçisi Nişanı Təqdim Olundu

 

Türkiyə səfirliyinin müşaviri və TÜRKSOY-un baş katibi çıxış etdikdən sonra Türk Dünyası Mədəniyyət Elçisi nişanı, böyük alqışlarla Prof. Dr. Aziz Sancara təqdim olundu. Sancar bu ada görə böyük xoşbəxtlik duyduğunu ifadə edərək Türk Dünyasının potensialına diqqət çəkdi:

“Birlikdə hərəkət etmək və elmə daha çox əhəmiyyət vermək, Türk Dünyasını dünyanın ən güclü dövlətləri arasına çıxaracaq.”

 

Bu Mənim Xəyallarımdan Biri idi

 

Sancar, ona təqdim olunan “Türk Dünyası Mədəniyyət Elçisi” adını həyatının ən önəmli mükafatı kimi xarakterizə edərək qeyd etdi:

“Bu nişan mənim üçün bütün mükafatlardan daha qiymətlidir. Bu mənim xəyallarımdan biri idi. TÜRKSOY çox dəyərli bir qurumdur və bizi dünyada layiqincə təmsil edəcəyinə inanıram.”

 

Türk Dünyasında Birlik Şüuru

 

Aziz Sancar, Türk Dünyasında gördüyü birlik şüurunun möhkəm olduğunu vurğuladı:

“Türk Dünyası birliyini hər ziyarətimdə hiss etdim və bu mənim üçün böyük fəxrdir.”

 

Türk Dünyası Birliyini Əks etdirən Hədiyyələr

 

Tədbirin sonunda Sancara Türk Dünyasının zəngin mədəniyyətini əks etdirən hədiyyələr təqdim olundu. Hədiyyələr arasında Kazaxıstandan çapan, Qırğızıstandan qalpaq, Azərbaycandan Qarabağ zəfərini simvolizə edən xarı bülbül nişanı və daha bir neçə simvolik əşyalar yer aldı.

 

Türk Dünyası Kültür Elçisi Nişanı: Birliyin Simvolu

 

TÜRKSOY-un təqdim etdiyi nişan Türk Dünyasının birliyini və gələcəyini simvolizə edir. Nişan, mədəniyyət və tariximizin birləşdiyi möhtəşəm bir rəmz olaraq qəbul edilir.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb. 

Tədbirdə Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova, Aygün Bünyadzadə, Gülzar İbrahimova, Gülarə Munis, Zahirə Dadaşova, Nurlana İşıq, Mina Rəşid, Əfsanə Laçın və  başqaları iştirak edib.

Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb. 

Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq kitabxanasının direktoru Şəhla Qənbərovaya səmimi münasibətə görə təşəkkürünü bildirib. Alim qeyd edib ki, Azərbaycandakı bu uşaq kitabxanası bir akademiyadır. Türk dövlətləri arasında Azərbaycan uşaq ədəbiyyatının çəkisi daha ağır və sanballıdır. 

Yaşar Sözen onu da bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 4 ildə apardığı araşdırma ilə bağlı kitabın təqdimatı bu il ölkəmizdə Türk səfirliyində təşkil ediləcək. Həmçinin, uşaq ədəbiyyatımızla bağlı Türkiyədə simpozium keçiriləcək. Bundan başqa, hər il Türkiyədə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı antologiya çap ediləcək. Həm türk, həm də Azərbaycan dilində olan nəşrlər ayrı-ayrılıqda şeir, hekayə, nağıl, pyes və başqa janrları əhatə edəcək.   

Türk alim sonda uşaq yazarlarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən baş qərargahında 23-24 yanvar 2025-ci il tarixlərində TMİF Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İclas keçiriləcəkdir. 

“Ədəbiyyat və incəsənət” portalına TMİF-dən verilən məlumata görə, iclasın məqsədi Fondun Şurasının növbəti iclasının gündəliyini tərtib etmək, Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət planlarını müzakirə etmək və təşkilatın Nizamnamə sənədlərinə dəyişikliklərin edilməsi istiqamətində fikir mübadiləsi aparmaqdan ibarətdir. 

İclasda müvafiq mütəxəssislərin müraciətləri, rəy və təklifləri dinləniləcəkdir. 

Tədbirdə Fondun Üzv Dövlətləri olan Azərbaycanın,  Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri iştirak edəcəklər. 

Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu bundan sonra da fəaliyyətini daha da zənginləşdirmək məqsədilə hər il davamlı olaraq bu kimi  əlaqələndirmə görüşləri təşkil edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Среда, 22 Январь 2025 13:16

Şəkidə Şəfiqə Axundova yad edilib

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki- Zaqatala təmsilçisi

 

 

Ötən gün - yanvarın 21-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbi tərəfindən unudulmaz bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 101 illik yubileyinə həsr olunmuş "Şərqin nəğməkar qadını" adlı konsert keçirilib.

 

Konsertdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri, şəhər içtimaiyyəti iştirak edib. 

Yubiley konsertində bəstəkarın ömür yoluna nəzər salınıb və dahi bəstəkarın yaradıcığından bəhs edən vidoçarx nümayiş olunub.

Çıxışlarda qeyd olunub ki, 1924-cü ildə Şəkidə ziyalı ailəsində anadan olan Şəfiqə Axundova elə uşaqlıqdan musiqiyə maraq göstərib. Anasının böyük dəstəyi ilə musiqi təhsili alan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Operaları, musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib. 

Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundova 2013-cü ildə Bakıda vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.

 

1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən “Təzadlar” qəzetinin baş redaktorudur…

 

“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar” kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…

 

Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir… Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi.

Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…

 

Qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…

 

Haqqında məlumat toplamaqdan ötrü internetin imkanlarından istifadə etməli oldum. Xeyli faktlar qarşıma çıxdı. Məlum oldu ki, yazıların bəzilərində onu reket jurnalist kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə belə adlandırırlar. Amma otuz illik jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalisti reket adlandırmaq, heç də insafdan deyil. Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də Azərbaycan jurnalistika tarixində ən çox müqavimət görən jurnalistlərdən biri də o, olub…

 

“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azl olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”- söyləyir.

 

Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…

 

1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda onun nə böyda ürəyə sahib olduğu aydın görünür...

 

Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Yanvarın 9-u Asif bəyin 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram...

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəriman Həsənzadənin   şeirləri  təqdim edilir. 

 

Dəmir Yumruq 

Sərkərdəmiz

 

Hörmətli Hafiz Paşayevə

 

Bir səadət mehi əsir 

əsrin yeni havasından.

Dəmir Yumruq Sərkərdəmiz 

doğulubdu artıq, şükür!

O dərs alıb Atasından, Babasından,

bir də Ulu Babasından.

Qucaqda yox, arzularda, 

istəklərdə o böyüyür, 

zaman adlı müəllimi, 

açıq-aydın, düşüncəli, 

əsən yelə, daşan selə 

o, siyasi bir ad verir. 

Onun uzaqgörən gözü, 

duyan qəlbi, yazan əli 

ölkələrin tarixinə 

tarixi məlumat verir.

Cilvələnir, rəngə girir 

dünya bəzən röya kimi.

Dəmir Yumruq Sərkərdəmiz 

Dan yerinə - bir şeh gəlib.

Qarşısında Yer üzünün 

xəritəsi - dünya kimi. 

Bəşərin də taleyinə 

yeni bir cavabdeh gəlib.

 

Türkiyədən həkim gəlib

 

Uzman həkim Musa Kılıça

 

(Nəğmə mətni)

 

Türkiyədən həkim gəlib, 

gör kim gəlib -

Musa Kılıç. 

 

Bir eşq gəlib, həvəs gəlib.

Ərdoğanın nəfəsindən 

isti, doğma nəfəs gəlib.

 

Musa Kılıç İlham dedi

ilk dəfə bu dostluğa 

mən də bir carçıyam dedi.

Bəndlərə tale yazmağa 

haqdan araçıyam dedi.

Yer işıqlı, hava gözəl,

Həkim məlhəmi tər-təmiz.

Qoşulun, qoşulun bizə,

Musa Kılıç nəğməmizə.

Nəğmə bizə,

Məlhəm sizə!

 

Arif Mehmandosta

 

Nəğmə oxuyurdu Arif yolboyu, 

məni ovsunlayan o səsdə nəydi?!

Oğlu Atillanın mübarək toyu

Araz sahilində 

bir təntənəydi.

Onda Günay xanım bir ana kimi 

oynadı, yorulub doyana kimi.

Fatimə xanım da - 

qalxdı nənəsi 

qoşulub oynadı ona nəvəsi.

Hamı sevinirdi - dost, qohum olan, 

öpürdü Arifin ağ saçlarından.

Mənim saçlarıma bənzər o saçlar 

mənim də 

ruhumu oxşayırdılar.

 

Muğanlı əfsanəsi

 

Qasım Abdullayevə minnətdarlıq

 

Qasım müəllimə hörmət, ehtiram, 

o, qardaşəvəzi, dostəvəziymiş.

Bir mühəndis kimi mən tanıyıram, 

sən demə, 

Muğanlı əfsanəsiymiş.

 

Şəxsi büdcəsindən kəsib bir qədər 

qəbristan yoluna yetirib nəzər.

Bir hasar çəkdirib yollar uzunu, 

yerdən təmizlədi yerin tozunu.

Yağışdan, palçıqdan aman yoxuydu, 

kənd də atasına rəhmət oxutdu.

 

Bəs sonra?

Muğanlı xəstəxanası! - 

deməyib xərcini hələ bir kəsə.

- Heç kəs naxoşlayıb, xəstə olmasın, - 

deyirlər, 

deyibmi kənddə kiməsə?

 

Sadə bir insandı Qasım müəllim, 

dərsdə - tələbələr ürək açırlar.

Kafedra müdritək - müdrik, mülayim, 

professor, - deyib, suallaşırlar.

Qasım müəllimə hörmət, ehtiram, 

o, qardaşəvəzi, dostəvəziymiş.

Bir mühəndis kimi mən tanıyıram, 

sən demə, 

Muğanlı əfsanəsiymiş.

 

Xatirə qızıma

 

Qızım mənə zəng vurur: 

- Ata, necəsən? - deyir.

Dünyanın ən müqəddəs 

səsini bəxş eləyir. 

Mən də öz aləmimdə 

qoruyuram o səsi.

Ata ziyarətidi, - 

yaşa, övlad Töhfəsi!

  

Bakı şəhəri,

12.12.2024

 

Günəşi gətirən qız

 

Günəşi aparan qız!

Günəşi gətirən qız!

Dibçəklərdə gül əkib, 

günəşi bitirən qız!

Yorulmasın o əllər, 

günəş ilə bərabər, 

şüşələri silən qız!

Günəşin rəfiqəsi, 

günəşə çevrilən qız!

 

Şairlər oyaq qalır

 

- Bir işin varmı, şair, 

necə keçir günlərin?!

Elə ki, iş yerimi 

öyrəndilər, bildilər, -

-Yenə başın qarışar, 

iş yaxşıdı, - deyirlər. 

Təbrik də eləyirlər.

Xəbərsizdi, təəssüf, - 

bir para oxucular, - 

oxuduğu misranın 

neçə variantı var. 

Şairlər oyaq qalır, - 

nə bir vərəq ağ qalır, - 

bir sözün arxasınca 

düşürsən tapanacan.

Tapa bildinmi, haçan?!

Pozursan yaza-yaza, 

yazırsan poza-poza.

Soruşma nədən, niyə?

Qayıt görüm geriyə, 

hardaydı, o qafiyə...

 

Bir dekan varıydı

 

Baş laborant Güldanə xanımın 

xatirəsinə

 

Bir Dekan varıydı, belə, birtəhər, 

gözü seçməyəni ayaqlayardı.

Müəllim, tələbə görəndə şişər, 

rektoru görəndə arıqlayardı. 

 

Hərdən stoluna yumruq vurardı, 

deyərdi, Dekanam, o da təzəydi.

Oxlov udan kimi dimdik durardı, 

daimi bir nida işarəsiydi. 

 

Bir prorektorun keçər yanından, 

biz birik, desə də, ayrı gəzərdi.

Göstəriş verərdi onun adından, 

gedib əl tutanda, dizi əsərdi. 

 

Bizə gah toxunar, gah ilişərdi, 

bir az əsəbiydi, bir az da qıvraq.

Fənnini bilmirəm, necə bilirdi, 

şərikli dərslik də yazmışdı bir vaxt. 

 

Hamıdan ağıllı, hamıdan təmiz, 

hamıdan fərqlənən inadkarıydı. 

O da tələbədən almağa həris, 

köhnə iş yerindən adətkarıydı. 

 

Tez-tez yoxlayırdı Baş laborantı, 

yerində yoxdursa, təcili iclas. 

Yuxarı-aşağı xəbər çatardı, 

telefon əlində müsbət bir obraz!

 

Rektorun əmrilə getdi o dekan, 

gördük hər üzünü zalım həyatın.

Bizə salam verdi, salam almayan, 

Dekan insan oldu, gözünüz aydın!

 

Yanvar, 2002-ci il

 

Şəlalə gülüşlər

 

Mən yeniyetmə bir cavan, 

sən bir az uşaq olaydın. 

Mən ayıq, təmkinli, filan, 

sən yenə şıltaq olaydın. 

O şəlalə gülüşünə 

qataydın bu "Can!" səsini.

Açaydın sən o gözləri, 

o Tanrı pəncərəsini!

Hərdən mənə baxaydın, 

yandıraydın-yaxaydın.

Yuxum gəlir, deyəydin, 

məni sehrləyərdin. 

Laylayını çalaydım, 

uçaydın, ucalaydın. 

Budaqları əyəydim, 

gündən kölgələyəydim. 

Gözdən, nəzərdən uzaq, 

sən yuxulu, mən oyaq. 

Deyəydim, ay durnalar, 

oxumayın, oyanar...

 

Nəvəm Nəriman Həsənzadəyə

 

Oğlum, cəmiyyətdə bir az ayıq ol, 

bilirəm, həyatda onsuz da paksan.

Məni tərifləmə, 

mənə layiq ol, 

sən onda mənsiz də tanınacaqsan. 

 

Onda deyəcəklər, filankəsdi bu, 

şair Nərimanın oğul nəvəsi.

Nə deyim, 

başqa bir yolun da yoxdu, 

axı, babanın da sənsən əvəzi. 

 

Məni danan olsa yanında sənin, 

sus, səbr deyiblər aparar, oğlum.

Üzü qara olsun bu zəmanənin, - 

mən kiməm,

Tanrını danan var, oğlum. 

 

Kiminsə gözündən qaçıb yuxusu, 

kimsə, narazıdı öz taleyindən. 

Qoy sənin sabahın uğurlu olsun, 

gələcək günlərə, 

salam indidən!

Ay gülərüz

 

Saat 5-ə işləyir, 

bir az qalır səhərə, 

günəşin şəfəqləri 

yayılacaq şəhərə.

Dünya öz yuxusundan 

oyanacaq bir azdan, 

sonra sən gələcəksən, 

qapını açacaqsan. 

Üzündə bir təbəssüm, 

girəcəksən içəri, 

süfrəni açacaqsan, 

sonra da dərmənləri...

Bax, beləcə başlayır

hər günümüz, ay SEVİNC!

Mən sənə minnətdaram, 

ay gülərüz, ay SEVİNC!

 

16 iyul, 2024

Gecə saat 05:40

 

Dərdiş

 

(Nəğmə mətni)

 

Səndən nigaran qalmışam, 

insafın hardadı, dərdiş?!

Sən hardasan, mən ordayam, 

canım da ordadı, dərdiş.

 

Sən əzizim, mehribanım, 

necə susum, necə danım?!

Sənsiz günüm-güzəranım 

gözə bir pərdədi, dərdiş.

 

Sözümü saxla yadında, 

ovsun var sənin adında.

Kölgəm ayağın altında, 

yanında - yerdədi, dərdiş.

 

Sənin

 

Yanında deyiləm, gələm görüşəm, 

könlünü könlümcə oxşayam sənin. 

Əlindən yapışam, qolundan tutam, 

nazını çəkməyə başlayam sənin.

 

Təbiət dəyişə nola, birtəhər, 

tökülən qayıda, dola birtəhər. 

Payızı vermişəm yola birtəhər, 

bu qışı qoynunda qışlayam sənin. 

 

Kəkliklər oxuyur daşda, qayada, 

səni də kəkliyin səsi oyada.

Bir qəm görməyəsən qəmli dünyada, 

mən də sağlığına yaşayam sənin.

 

Üç qardaş nağılı

 

Uşaqlar üçün

 

Onlar üç qardaşıydı, 

böyük qardaş - başıydı. 

Ortancıl - ortadaydı, 

kiçiyinə - ataydı,

sağ və salamatıydı. 

Kiçiyi - sadə, həssas, 

yoldaşı - darda qoymaz...

 

Hansı alicənabdı?

Hansı sadədi, safdı?

Varmı bir xeyirxahı?

Bu dünyadan agahı?

Seçin, deyin özünüz, 

nə desəniz, yüzə-yüz!

Şərikəm mən də sizə, 

Gələn söhbətimizə 

gələn dəfə başlayaq, 

Qalibi alqışlayaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.