Super User

Super User

Aysel Kərim, Accel Group-un baş direktoru, Gənclər mükafatçısı. “Ədəbiyyat və incəsənət” üçün

 

Heç nə unudulmur və heç kəs yaddan çıxmır!

Ötən həftə - yanvar ayının 17-si Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirildi. Tədbiri ön sözlə Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, ABİ-nin sədri Firəngiz Əlizadə açdı. 

 

“Təəssüflər olsun ki, 20 yanvar günü bizim heç də xoş günümüz deyil. Bu il Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, həmin faciəli gecənin ağrıları səngimir. İmperiya siyasətinin və sovet hərbi maşınının qurbanı olmuş yüzlərlə günahsız insanın ölümü yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, bu gün bizim hamımız üçün müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqının şərəf və qəhrəmanlıq səhifəsidir. 

Bizim həyatımızda təbii ki, gözəl hadisələr çoxdu. Elə ən birincisi, şanlı qələbəmizdir. Biz çox böyük şövqlə bu hadisəni öz yaradıcılığımızda - hərbi marşlarda, mahnılarda, böyük həcmli əsərlərdə əks etdirmişik. Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, millətimizin taleyində həm faciələr, həm zəfərlər baş verib. Bu hadisələr içərisində ən təsirləndiyim məhz 20 yanvar hadisəsi olub. Ona görə ki, kitablardan, televiziyadan yox, öz gözümüzlə bunun şahidi olduq, bu ağrını yaşadıq. Bizim yaşadığımız binanın həyətində rus tankları dayanırdı. Biz o hadisələri yaxından izləyirdik. Bildiyiniz kimi, mənim həyat yoldaşım kinorejissordu. Bu hadisələri lentə alarkən böyük şücaət göstərdi. Konsertlərimi lentə almaq üçün xaricdən aldığımız kameraya təəssüflər olsun ki, bu faciə çəkilməli oldu. Milli faciəmizə ehtiramla yanaşmaq hər bir sənətkarın, hər bir yaradıcı şəxsin mənəvi borcudur. Bu illər ərzində bəstəkarlarımız o faciəvi günlərin kədərini, qəhrəmanlığını özündə əks etdirən müxtəlif janrlarda əsərlər yazıblar. Simfoniyadan, oratoriyadan başlamış mahnılara qədər. Bu əsərləri təbliğ etmək, ifa etmək lazımdır, onlar dillər əzbəri olmalıdır, insanlar eşitməlidir. Ona görə ki bu bizim tariximizdir. Həmin əsərlər ənənəvi olaraq Bəstəkarlar İttifaqının 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər proqramına daxil edilir. Bu gün isə həmin ənənənin janr diapazonu genişləndirilərək sənədli filmə müraciət edilib. İstərdim kinorejissor Cahangir Zeynallının sənədli filmini izləyək. O özü çox təvazökar insandır. Amma diqqətinizə çatdırmaq istərdim ki, o, öz həyatını riskə ataraq təhlükələrdən çəkinmədən bu unikal kadrları ərsəyə gətirə bildi. Gəlin, filmi izləmədən öncə bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad edək.”

Bax, belə bir çıxış etdi Firəngiz xanım. Bir dəqiqəlik sükuta daldı hamı, sonra isə film nümayişi oldu. 

“20 Yanvar” adlı sənədli filmdə kinorejissorun həmin dövrdə lentə aldığı videomateriallara və tarixi faktlara, müəllif araşdırmalarına əsaslandığını gördük. Sənədli filmin nümayişindən sonra tamaşaçıların alqışnı göz yaşları əvəz etdi. Bir həftə keçməyinə baxmayaraq, izlədiyim kadrlar hələ də mənim gözlərim önündə canlanır, hələ də qəhər məni boğur, kadrların emosional təsirindən ayrılmaq çətindir. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xalq yazıçısı Elmira Axundova 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda əhəmiyyətini vurğulayaraq, xalqımızın milli faciəsini azadlıq uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi dəyərləndirdilər.

Sonda isə tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı kürsüyə dəvət olunaraq Qanlı Yanvar faciəsi ilə bağlı xatirələrindən, həmin dövrdə müəyyən videomaterialları lentə alarkən qarşılaşdığı təhlükələrdən və şahidi olduğu hadisələrdən geniş halda bəhs etdi. Kameranı xaricə qaçırdarkən hava limanında üzləşdiyi gərgin, çətin anları həyəcanla izah etdi, gözləri doldu. Bu filmin əslində 1 saatdan ibarət olduğunu və bu gün filmin qısaldılmış formasının nümayişi olunduğunu vurğuladı. Tamaşaçılardan xahiş etdi ki, alqış və təbriklər olmasın. “Bu, hər bir azərbaycanlı kimi mənim də borcumdur” deyə vurğuladı. 

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatilləri lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Azərbaycan xalqına zəfər yaraşır. Arzu edirəm bəd günlər yalnız keçmişdə qalsın. Vətənimiz xoş günlərə bürünsün. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

 

 

 

Четверг, 23 Январь 2025 16:42

“Geleneksel edebiyata önem veririm” - Halil Aydın

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyədən budəfəki ədəbi qonağım həvəskar yazar Halil Aydın bəydir. 

Ekspress sual-cavab etdim. 

 

Ən müxtəlif təbəqədən insanlar ədəbi yaradıcılığa baş vururlar. Çox maraqlıdır ki, Halil Aydın bəyin sahəsi…

Yaxşısı budur, özü desin. 

 

-Salam Halil Aydın bəy! 

Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Aleykümselam. İyiyim, teşekkür ederim. Türkiye de Bursa  belediyesinde otobüs şoförü olarak çalışıyorum.

 

-Maraqlıdır. Əsərləriniz haqqında məlumat verə bilərsinizmi? Deyilənə görə, kitabınız da çıxıb. 

 

-Şiirler yazırım. Evet, “Şiir defteri" adında bir kitap yayınladım.

 

-Azərbaycan və Türkiyə sizin üçün nə deməkdir?

 

-Azerbaycan ve Türkiye kardeşiz. Tek millet iki devlet kabul ediyorum.

 

-Hansı ədəbiyyata üstünlük verirsiniz?

 

-Geleneksel edebiyata önem veririm.

 

-Gələcək planlarınızdan bəhs edə bilərsinizmi?

 

-Elimden geldiği kadar yazmaya ve geliştirmeye çalışıyorum.

 

-Geniş danışmasaq belə, yenə də sizə təşəkkürlər. Bu çox yaxşıdır ki, sənətinizlə poeziya uyğun gəlməsə belə, sizdə şeirə bu qədər sevgi var.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Четверг, 23 Январь 2025 14:47

Fazil Mustafa Cahit Bağçı ilə vida görüşü keçirib

 

 

Yanvarın 23-də Milli Məclisdə Türkiyənin Azərbaycandakı fəaliyyəti başa çatan səfiri Cahit Bağçı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa arasında vida görüşü olub.

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, görüşdə Fazil Mustafa Bolu vilayətinin Qartalqaya bölgəsində baş vermiş yanğınla bağlı başsağlığı verib və qardaş ölkənin dərdinə şərik olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, səfir Cahit Bağçı öz fəaliyyəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına töhfələr verib. O, səfirin gələcək fəaliyyətində də bu qardaşlıq və strateji əməkdaşlıq bağlarını möhkəmləndirəcəyinə inamını ifadə edib.

Öz növbəsində, Fövqəladə və səlahiyyətli səfir Cahit Bağçı Azərbaycandakı fəaliyyəti müddətində qazandığı xatirələrin onun yaddaşında silinməz izlər buraxdığını vurğulayıb, Azərbaycan xalqına sevgi və bağlılığını ifadə edərək, “harada xatirələrin varsa, oranın bir hissəsi olaraq qalacaqsan” fikrini xatırladıb. - “Qardaş Azərbaycanın tarixi Zəfərinin qazanıldığı, ərazi bütövlüyü və suverenliyin tam bərpa olunduğu illərdə səfir olmanın qüruru bir başqadır və mən bununla fəxr edirəm”.

Görüş zamanı iki ölkə arasındakı qardaşlıq bağlarının getdikcə daha da möhkəmlənməsindən məmnunluq ifadə olunub və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

2021-ci ilin yanvar ayından Zəfər Muzeyi üçün eksponatların toplanılması İstiqlal Muzeyinə həvalə olunub. Hazırda Zəfər Muzeyi üçün 9255 eksponat toplanılıb.

 

Bunu AzərTAC-a İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli deyib.

Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrindən, qazilərdən əşyaların toplanılması işi Zəfər Muzeyi fəaliyyətə başlayana qədər aparılacaq.

O bildirib ki, Zəfər Muzeyi üçün həmçinin 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş mülki şəxslərin də əşyaları toplanır.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Четверг, 23 Январь 2025 16:11

Qafar Sarıvəlli - fırça ilə gözəllik yaradıcısı

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, hamımızın əzizimiz Qafar Sarıvəllinin 69 yaşı tamam oldu. Fırça ilə gözəllik yaradan rəssam həm mənzərə, həm natürmort, həm portret çəkir. Rəng palitrası çox zəngindir. 

 

Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət 5 kitabı çap olunub (1996, 2001, 2005, 2008 və 2021-ci illər).

O, həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvüdür. Bu səbəbdən doğum gününə elə ən birinci təbriki də cəmiyyətin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovdan, İctimai Birliyin üzvlərindın alıb. 

Qafar Sarıvəlli yaratdıqca yaratmaq istəyir, əllərinə sağlıq.

Biz Sizinlə fəxr edirik, hörmətli Qafar müəllim.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Четверг, 23 Январь 2025 15:40

İgidi bir ceyrangözlü yar ram edərmiş…- ƏFSANƏ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Diyarların titrədiyi bir zaman var idi. Qılıncların səması altında alovlanan igidlər ad-san uğrunda vuruşurdular. Çiyinlərində ağır zireh, amma qəlblərində bir eşq… 

 

Hər diyarın igidi var idi, lakin hər igidin qəlbində bir ceyrangözlü sevdası yox idi. İgidlər öz adlarını tarixə yazdırır, diyarlar onların hünərindən danışırdı. Amma heç bir zəfər, heç bir qələbə bir ceyran gözün işığına qalib gələ bilmirdi. 

Həmin ceyrangözlü yar düşmənin oxundan da iti idi. Onun baxışı qılıncın kəsərini sındırır, igidin ən güclüqalasını içəridən fəth edirdi. İgid diyara meydan oxuyurdu, amma öz içindəki sevdanın qarşısında təslim olurdu. Sevgi ən güclü qalaları belə susduran yeganə qüvvə idi. Ən böyük qələbə ceyran gözlünün bir təbəssümündə gizlənirdi.

 

Bir igid düşün… Düşmən ordularını pərən-pərən salan, adını illərlə unudulmaz edən bir qəhrəman. Amma hə axşam, günəş qüruba endikdə qılıncını kənara qoyub bir yaylığı ovuclayaraq düşünürdü. Həmin yaylıq onun qələbələrindən daha qiymətli idi. Çünki həmin yaylıq ona ceyrangözlü yarın bir yadigarı idi. O yaylıqdan gələn ətir, onun hər zəfərindən üstün idi.

Ceyrangözlü yarın baxışı onu ram etmişdi. Onun baxışında nə qılınc, nə də qan vardı. Sadəcə təmiz bir sevgi, heç bir igidin silahı ilə məğlub edə bilməyəcəyi bir eşq. İgidin zəfərləri ilə deyil, qəlbindəki sevgi ilə tanınması da məhz buna görə idi. Ad-sanı unudulurdu, amma sevdanın izləri zamanın özü qədər qalırdı.

Bəlkə də, həqiqi güc elə budur – ad-san qazanıb diyara meydan oxumaq deyil, bir ceyrangözlü yarda özünü tapmaq. 

İgidlər gəlir, gedir… Amma ceyrangözlü yarın hekayəsi hər zaman qalır. Çünki sevgi ən böyük zəfərlərin də başında dayanır.

Bu, heç vaxt unudulmayacaq bir həqiqət idi:

“İgid nam salar, diyarı titrədərmiş, igidi bir ceyran gözlü yar ram edərmiş.”

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlığımızda ən çox sevdiyimiz şairlər kim olub? Əlbəttə Sabir və Şaiq. Şaiqlə bağlı hər şeyi biımək istəyirdik. Amma heç bilmədik ki, onun Yusif adlı qardaşı da olub.

 

21 yanvar 2025-ci il tarixində Abdulla Şaiqin Mənzil-Muzeyi və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə “Yusif Ziya Talıbzadə – 148, Türkçülüyün Unudulmayan Şəxsiyyəti” adlı tədbir keçirildi. 

 

Tədbir Azərbaycanın görkəmli ictimai və siyasi xadimi, pedaqoq, hərbçi, dramaturq, Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadəyə həsr olunmuşdu.

Tədbirdə Azərbaycan Türk Ocağının rəhbəri Akif Aşırlı və qurumun üzvlər, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Tallbzadə, muzey xadimləri, ədəbiyyatçı və  tarixçi alimlər - tarix elmləri doktoru, professor Solmaz Tohidi, tarix elmləri doktoru, professor Minaxanım Əsədova, tarix elmləri doktoru,  DİA-nın Tarix kafedrasının müdiri, tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, BDU-nun professoru, tarix elmər doktoru Sevda Süleymanova, filologiya elmləri doktoru, professor Təranə Turan Rəhimli, Milli Azərbaycan Tarixi Muzeyinin  elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru  Fərhad Cabbarov, Yusif Ziya Talıbzadənin nəvəsi Zemfira Talıbzadə, gənc yazar, filoloq, AJB-nin üzvü, " Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı  - bəndəniz Ülviyyə Əbülfəzqızı və şair, filoloq Cəvahir Tanrıverdi iştirak edirdilər. 

Tədbirə həmçinin KİV nümayəndələri də  qatılmışdı.

Aparıcı Günel Əsədova qonaqları salamlayaraq, tədbirin əsas məqsədinin azərbaycançılığın və türkçülüyün unudulmaz şəxsiyyəti Yusif Ziya Talıbzadənin 148-ci ildönümününü qeyd etmək olduğunu vurğuladı. Tədbir 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk söz Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadəyə verildi.

Ülkər Talıbzadə çıxışında tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Yusif Ziyanın adı o dövrdə qadağan olunmuş adlar siyahısında idi. Bu səbəbdən də Abdulla Şaiq və Kamal Talıbzadə keçən əsrin əvvəllərində dəfələrlə Dövlət Təhlükəsizliyi Komitəsinə çağırılmış və sorğu-sual edilmişdilər. O, Kamal Talıbzadənin əmisi ilə bağlı apardığı araşdırmalardan və bu sahədəki əzmkarlığından söz açdı. 

Kamal Talıbzadə Ulu Öndər Heydər Əliyevlə telefon danışığında Yusif Ziyanın adının ictimaiyyətə tanıdılmasına köməklik göstərilməsini xahiş etmişdi. Nəticədə, Kamal Talıbzadənin səyləri ilə Yusif Ziyanın adı bərpa olundu və əmisinin xidmətləri ictimaiyyətə tanıdıldı.

Tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında Türk Ocaqlarının fəaliyyəti barədə danışdı və vurğuladı ki, Yusif Ziya Talıbzadə bu ocaqların əsas qurucularından biri olub. Onun avtobioqrafik dram əsərində türkçülük və birlik ideyalarına həsr etdiyi fəaliyyəti əks olunub.

Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli “Yusif Ziya Talıbzadə xatirələrdə” mövzusunda məruzə ilə çıxış edərək professor Zeki Vəlidi Toğanın xatirələrində Yusif Ziyanın geniş təsvirinə yer verildiyini bildirdi. O, Yusif Ziyanın Ənvər Paşanın tapşırıqlarını həyata keçirən fövqəladə komissar kimi fəaliyyət göstərdiyini vurğuladı.

Tarix elmləri doktoru, rofessor Minaxanım Əsədova çıxışında Yusif Ziyanın mətbuatdakı fəaliyyətindən söz açaraq qeyd etdi ki, o, “Həyat”, “İrşad”, “İqbal” və “Yeni Füyuzat” kimi nəşrlərdə o dövrün ictimai və siyasi həyatının aktual mövzularına dair məqalələr dərc etdirirdi.

Tarix elmləri doktoru, professor Solmaz Tohidi,  DİA-nın Tarix kafedrasının müdiri, tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin  elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru  Fərhad Cabbarov Yusif Ziyanın çoxşaxəli ictimai və siyasi fəaliyyətinin təbliği, zəngin irsinin xalqımıza tanıdılması, qorunması kimi mühüm məsələlər ətrafında fikirlərini bölüşdülər. 

Tədbirin bədii hissəsində Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin türk ordusunun Azərbaycana gəlişinə həsr etdiyi “Neçin böylə gecikdin” adlı şeirini səsləndirdi.

Sonda Yusif Ziyanın 2027-ci ildə keçiriləcək 150 illik yubileyinə hazırlıq məqsədilə onun elmi-publisistik və ədəbi irsinin nəşri və şəxsiyyətinin təbliği məqsədilə konfrans, simpozium və digər tədbirlərin keçirilməsinin zəruri olduğu qeyd edildi. Bu məsələ ətrafında müzakirələr aparıldı.

Tədbir Yusif Ziya Talıbzadənin həyat və fəaliyyətinin gənc nəslə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.

 

Həyat bir quyuymuş- çoxmuş qatları...

Bu həyat yolunda diz də qatlanır.

Sən kimdən almışdın o qanadları-

Özünü yüksəkdən atan qızcığaz?

 

deyə şair sual edir.

Xoş mütaliələr!

 

Özünü yüksəkdən atan qızcığaz

 

Ölüm sərgisinə bir  can çıxartdın...

Öldün, ölümü də haldan çıxartdın.

Hansı mələk səni yoldan çıxartdı-

Özünü yüksəkdən atan qızcığaz?

 

Biz  necə ovudaq bu boyda yası?

Su da soyutmazmış, ay su sonası.

Nə azmış yer ilə göyün arası-

Özünü yüksəkdən atan qızcığaz?

 

Tanrının tikdiyi köynəyi seçdin,

Nəyi seçməliydin, gör nəyi seçdin...

Seçdin, ölməyə də göyləri seçdin-

Özünü yüksəkdən atan qızcığaz.

 

Bu gün gəlincikdin, sabah gəlindin,

Ölüm, canın yansın, gəlhagəlindi...

...Bəlkə yaxamdakı sənin əlindi-

Özünü yüksəkdən atan qızcığaz?!

 

Həyat bir quyuymuş- çoxmuş qatları...

Bu həyat yolunda diz də qatlanır.

Sən kimdən almışdın o qanadları-

Özünü yüksəkdən atan qızcığaz?

 

Çapdı öz atını, şeytan düşmədi,

Sənə bu girdiyin meydan düşmədi.

Dünyada nə varsa, göydəndüşmədi-

Özünü yüksəkdən atan qızcığaz.

 

Duz yükü var imiş düz ilqarın da,

Rəngi qaralarmış yerdə qarın da.

Bir kaman ağlayır yuxularımda

Özünü yüksəkdən atan qızcığaz.

 

Sənə kim toxundu-niyə yıxıldın?

Çiçək üstündəki şehə yıxıldın...

Göydən yıxılmadın, göyə yıxıldın-

Özünü yüksəkdən atan qızcığaz.

 

Səbəb soruşsalar- "lalam" deyərsən,

Ayın yanağında xalam, deyərsən.

Məndən də tanrıya salam deyərsən

Özünü yüksəkdən atan qızcığaz.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Zakir Muradov, “Ədəbiyyat və incəsənət” portalının Gəncə təmsilçisi

 

Azərbaycan romantizminin doğan günəşi Mikayıl Müşfiq 1938-ci ildə, ölkəni bürümüş qaba inkvizisiya tərəfindən məhv edildi. Nəşinin yeri belə ilim-ilim itirilləcək incə qəlbli oğlunun güllələnməsi xalqın qəlbini göynətsə də nadanların ritorikası ilə hipnoza düşmüş cəmiyyətdə neçə-neçə işıqlı zəkaların qeyb olması kimi, bu itki də müti bir sakitliklə qarşılandı.

Belə bir mühitdə Gəncədə, ədəbiyyat və poeziya ilə bağlı olan bir nəfər Muşfiqin başına gətirilənlərə dözməyərək, qəlbinin üsyanını şeirə köçürdü. Üstəlik, aşkar etirazının öz başına bəla gətirəcəyini billə-bilə şeiri «Ədəbiyyat qəzeti»nə göndərdi.

 

Müşfiq – nə qədər də mənalı, dərin,

Adi şeriyyət tək incə, nazənin.

Əbəd yolçusudur, yol verin ona,

İlhamdan düşmüşdür od buluduna.

Həyat atəşi var nəşidəsində,

Müşfiq yaşayacaq xalqın səsində!

 

Aydındır ki, «Ədəbiyyat qəzeti» bu misraların sahibi kimi «şir ürəyi yemək» fikrində deyildi və hər bir sətri Müşfiq kimi əbədiyyət yolçularını “dənləyənlərə”  etiraz olan şeiri də əlbəttə ki, çap etmədi.

«Ədəbiyyat qəzeti» əvəzinə müəllifə NKVD cavab verdi. Onsuz da xeyli müddətdir «Hüseyn Cavid, Əhməd Cavad kimi pantürkistləri yamsılayan arzuolunmaz element» kimi «tənqid» olunduğundan onu - Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsi sədrinin müavini Səlman Əhmədlini ailəsi ilə birlikdə dörd illiyinə Türkmənistana, Krasnovodska sürdülər. Vətənə dönəndən sonra da məhrumiyyətlər davam etdi. Çünki Səlman Əhmədli «palaza bürünüb, ellikcə sürünənlərdən» deyildi.

 Səlman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu «Difai» milli təşkilatının üzvü idi və 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak olmuşdu. Anası Münəvvər Saleh bəy qızı Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.

Cümhuriyyət qurularkən Səlman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların məsləkdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, eləcə də Gəncədə Şeyxzamanlıların evində məskunlaşan Nuri Paşanın, ondan qabaq isə Hüsaməddin Tuğacın (gəncəlilər tərəfindən Sibir sürgünündən qaçırılmış bu türk ordusu zabitinin yaralarını Səlman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyətləri gənc Səlmanın formalaşmasında dərin izlər buraxmışdı.

O, 1920-ci il bolşevik istilasının əzabını hər mənada öz üzərində hiss edənlərdən olub. Atasını, dayısı Məmmədbağır bəyi və digər yaxınlarının itirilməsi  bir yana, özü də Gəncə üsyançılarına yemək apararkən, düşmən topunun mərmisinə tuş gəldi. Bədəninin sol tərəfi mərmi qəlpələri ilə dolu, ağır yaralı, huşunu itirmiş Səlmanı qaçhaqaç düşmüş küçələrdən çıxararaq məscidə qoymaq mümkün oldu. Amma əsgərlər məscidə də soxuldular. Səlmanı xilas edən onun başının altına qoyulmuş «Quran» oldu. Bir tatar əsgər bu kitaba görə onu güllələnməyə qoymadı. Bir neçə gün məsciddə, daha 10-12 gün isə evdə huşsuz qaldıqdan sonra Səlmanda birdən-birə həyat əlamətləri hiss olundu. Ona damcı-damcı bəhməz verməyə başladılar. Məşhur gəncəli həkim Polyakov (köhnə gəncəlilər ona Balyaqov deyirdilər) Səlmanın bədənindəki qəlpələrin bəzisini çıxardı. Amma bu mərmi parçalarının bir qismi Gəncə üsyanından yadigar kimi ömrünün sonunadək onun bədənində qaldı.

Beləcə, Səlman Əhmədli həm hərfi, həm də məcazi mənada, ürək tərəfi «ovulmuş» halda Sovet dövrünə qədəm qoydu.

Amma o, sınanlardan deyildi. Əksinə, qurbanlara baxmayaraq, yeni, daha tərəqqipərvər cəmiyyət qurulacağı ümidi ona güc verirdi.

Səlman Əhmədli 1923-cü ildə Bakı Dövlət Universitetinin ədəbiyyat fakultəsinə daxil olur. Burada İsmayıl Hikmət, Bəkir Çobanzadə, Hüseyin Cavid və digər işıqlı zəkalardan dərs alır. 1926-cı ildə Türkiyədən Bakıya, Birinci Türkoloji Qurultaya gələn və bir müddət universitetdə mühazirə oxuyan Əli bəy Hüseynzadə ilə tanışlıq yaradır (Səlman Əhmədli  bir neçə tələbə dostu ilə birgə texniki yardımçılar heyətində qurultayda iştirak etmək şərəfinə də layiq görülür). Əli bəy gənc Səlmanın Azərbaycan Cümhuriyətinin sabiq təhlükəsizlik naziri, mühacirətdən tanıdığı Nağı bəy Şeyxzamanlının bacısı oğlu olduğunu bildikdən sonra ona xüsusi rəğbət göstərir. Hətta Səlman böyük türkşünasın yaşadığı, Hüseyn Cavidin BDU-nin həyətində olan evində Əlibəy Hüseynzadə, İsmayıl Hikmət, eləcə də gənc şairlərdən Almas Yıldırm, Əmin Abid və başqalarının iştirak etdiyi görüşlərə də qatılır.

Universitetdə “türk yelləri”ni  duyan Sovet hökuməti Ə.Hüseynzadə və  İ.Hikməti geriyə, Türkiyəyə göndərir, Universitet isə bir neçə yerə parçalanır. Ədəbiyyat fakultəsi də yeni yaradılmış Ali Pedaqoji İnstitutun tərkibinə qatılır.

Buranı 1927-ci ildə bitirən Səlman Əhmədli Gəncə Pedaqoji Texnikumunda dərs deyir. Texnikumda Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun kimi şəxsiyyətlər bir müddət onunla həmkar olublar. Müşfiq və Cavadla dostluğu Səlman Əhmədlinin yaradıcılıq yönünə də təsirini buraxmışdı. Onun 20-30-cu illərdə  Azərbaycan mətbuatında çap olunmuş şer və poemalarında bu ruh yaxınlığını hiss etmək olur.

 

 

 Şəkildə: S.Əhmədli (oturub) Gəncə Pedaqoji Texnikumunun müəllim həmkarları ilə. Sağdan birinci Səməd Vurğundur. 1928-ci il.

 

1932-ci ildə  Mikayıl Müşfiqin Dilbər xanımla nişan mərasimində öz həyat yoldaşı Xuraman və bir yaşlı oğlu Müqbillə iştirak edən S.Əhmədli, mətbuatda yenicə çap olunmuş «Leyla» poyemasını məclisdəkilər (Əhməd Cavad, S.Vurğun, R.Rza, N.Rəfibəyli, Cahanbaxş və b.) üçün oxuyur. Buradaca Səlmana yarızarafat, yarıgerçək «Leyli ilə Məcnunun əhvalatını ilk dəfə Nizami Gəncədə qələmə alıb, bəlkə sən də bu işə girişəsən, bir «Leyli və Məcnun» yazmaqla bu əsəri Gəncədə də bitirəsən» deyə, məsləhət verirlər.

Əslində, Səlman Əhmədli bu ideyanı yaradıcılıqla məşğul olmağı qət edən andan daşıyırdı. Və o, 1934-cü ildən başlayaraq, 33 il ərzində (!) öz yaradıcılığının ən mükəmməl işini, «Leyli və Məcnun» əhvalatının fəlsəfi-sufi motivlərlə dolu olan öz versiyasını, eyni adlı böyük nəzm əsərini yaratdı.

Bu əsər həm də onun təmənnasız, «sufi», «məcnun» ömrünün manifesti idi. Maraqlıdır ki, xüsusən Müşfiq və digər könül həmdəmləri dünyadan qoparılandan sonra Səlman Əhmədli «Leyli və Məcnun»u çap etdirmək fikrində də olmamışdı. O, onillər ərzində yazdıqlarını yalnız sadiq dostlara, bir də «Leyli və Məcnun»nun beytlərinin sayı ilə birgə böyüyən oğulları – Müqbil və Bəşirə oxuyardı. Müqbil - Azərbaycanda hamının tanıdığı, Respublikanın xalq artisti mərhum Mobil Əhmədovdur.

İkinci oğul, hazırki Aqrar Universitetdə uzun müddət işləmiş mərhum Bəşir Əhmədov atasının mənəvi dünyası haqda bunları danışardı:

«Biz gözümüzü açandan sovet dövrünü görmüşük. Ancaq atamın sovet standartlarına girməyən şəxsiyyətinin özü elə bil adama anladırdı ki, biz həqiqətə qulluq edən cəmiyyətdə yaşamırıq. O, dayıları və onların ideyaları haqda hərdən danışsa da, çoxdan rüşvət və ikiüzlülük relslərinə düşmüş sovet cəmiyyətini heç vaxt söyməzdi. Amma söysə, bəlkə bundan yaxşı idi. Çünki onun öz dünyagörüşü, ətrafdakı hadisələrə baxışı, hər hansı təmənna naminə heç kimsəyə hətta süni gülümsəməyi belə şəxsiyyətinə sığışdırmaması yaltaqlıq və yalanın başa çıxdığı cəmiyyətə «sakit üsyan» idi. Atam ərəb və fars dillərini mükəmməl bilən, universtet təhsilli, istənilən vəzifəyə  yetişə bilmək bacarığına malik bir adam idi. Amma yuxarıda dediyim dəyərlərə görə, buna heç cəhd  də göstərmirdi. Sürgündən qayıtdıqdan sonra ömrünün axırınadək o, orta məktəbdə müəllim və kitabxanaçı, muzey əməkdaşı kimi işlərdə çalışdı. O, tanınmış zərgər Ağamirzənin yeganə kürəkəni idi. İstəsəydi əli qızılla oynayardı. Amma dünya malına gözucu da baxmırdı. O, doğrudan da əsl sufi, ədalət və düzgünlükdən başqa heç nəyi qəbul etməyən bir Məcnun idi.  Yadımdadır, biz uşaq olarkən, o, gecələr yatağımızın başına gələr, gözləri nəmli, üzündə təsviredilməz bir işıq, titrək, lakin avazlı bir səslə bizə nəyisə anladırmış kimi, öz «Leyli-Məcnun»undan oxuyardı:

 

Əhd bağlayaraq can ilə könül,

Həmdastan oldular bülbül ilə gül.

Bu gün açılacaq əzəlin razı,

Gözdə qalmayacaq ƏBƏD murazı.

Bu gün açılacaq möhürlənmiş mey,

Bu gün faş olacaq dünyada hər şey.

Bu gün kainatın doğar gündüzü,

Baxar Böyük Nura, Günəşin özü,

Qəribə bir qurğu qurular bu gün,

Eşq özü, özünə vurular bu gün.

 

Mənə elə gəlirdi ki, «Leyli-Məcnu»nun melodiyası evimizdə nəsə xüsusi bir aura yaradırdı».

S.Əhmədli ömrünün mənasına çevrilən əsərini də təvəzökar bir etirafla başlayır:

 

... Tarix qədəhimə tökübmüş əfyun

Ki, mənə dedirtsin: yaz «Leyli-Məcnun»!

Bu arzu adamı hansı məvayə

Çıxarıb, salarmış ahə, nəvaya.

Üz tutub deyirəm əziz xalqıma,

Bu könül işidir, məni qınama.

Əhv eylə bu haqda olub-keçəni,

Şahin fəzasına qalxan sərçəni.

 

Gəncədə yazılmış bu son «Leyli və Məcnun»da qəhrəmanların qarşılıqlı məhəbbəti HƏQİQƏT adlı vahid, ilahi eşqə qovuşmağa xidmət edir. Odur ki, təsəvvüf əhvalatları, hikmət və simvolları əsərin acarı rolunu oynayır.

Əsərin ilk fəsillərinin birində belə bir səhnə təsvir olunur: Aramsız coşub tufan qoparan Dəclə çayına bir nəfər qoca səyyah, dəsmalını açaraq içərisindən götürdüyü küldən bir çimdik atınca, çay sakitləşir və suyun üzündə «HƏQİQƏT» kəlməsi yazılır. Mədrəsədən evə yollanan Leyli və Qeys bu halın şahidi olurlar. Sən demə, bu gün «Sevgi günü» imiş və Dəclə də «Mənsur külü» istəyirmiş. Məşhur  Mənsur Həllacın  külünün əhvalatını isə səyyah belə açır:

 

Keçmiş zamanlarda, Mənsur adında

Yaşarmış çox fazil bir əhli-sevda.

Həqq-Həqiqətin çılğın aşiqi,

Açarmış əqlilə hər dolaşığı.

Hücum eylərmiş hər saxta sözə,

Mövhum hökmləri çırparmış üzə.

Deyərmiş: qulaq yum «bayquş» səsinə,

Xalqı çağırarmış Həqq qüvvəsinə.

Bu rindilər rindi, bu irmiş insan

Şərqin üfüqündə parlayan zaman

«Bayquşlar» çığrışır--«vaşəriata»!

«Kafiri məhv etmək!» deyərək, fitva

Verir, leş üstünə qonan quzğunlar.

Ona ölüm hökmü yazdırır onlar.

Bu zaman baxaraq Mənsur vüqarla,

Dünyaya sığmayan bir iftixarla,

Söyləyir: «Qəbuldur nə eyləsəniz,

Yalnız bircə bunu unutmayın, siz

Məni «haqdan ayrı düşmüsən» deyə,

Ölümlə alırsız qorxu, hədəyə,

Oda atırsınız kül etmək üçün.

Bircə xahişim var sizlərdən bu gün:

Mən yanandan sonra toplayın külü,

Saxlayın dəsmalda onu bükülü.

Nə zaman gurlasa, Dəclə biaram,

Salaraq haraylar, qəlbində məram,

O zaman bu küldən bir çimdik atın

Dərhal dayanacaq həyəcan, daşqın».

İndi haman küldür, görünüz hazır

Dalğalar qoynuna HƏQİQƏT yazır.

Demək, bildirirmiş o böyük insan:

- Mən uzaq deyiləm Haqdan bircə an.

Min kərə yakılsam Həqq naminə gər,

Külüm də HƏQQ söylər, HƏQİQƏT deyər.

 

Şübhəsiz, hər bir əsərdə onun müəllifinin ruhu var. Bu mənada, oxuduğumuz misralarda, HƏQİQƏTi göstərmək üçün insanlara öz külünü təklif edən Mənsur da Səlman Əhmədlinin dünyasını əks etdirib.

Səlman Əhmədli öz dünyasına hər adamı buraxmazdı. Çox az adamla təmasda olurdu. Bu adamlardan biri də böyük rəssam Səttar Bəhlulzadə idi. Öz rəsmlərində Füzuli, Məcnun mövzusunun dərinliklərinə girə bilən Səttar Gəncədəki «Leyli-Məcnun» təəssübkeşi üçün arzuolunan bir həmsöhbət idi.

 

Gəncəli rəssam Nazim Babayev xatırlayır:

«60-cı illərin ortalarında Səttar Bəhlulzadə Gəncəyə, xüsusən Göy Gölü çəkmək üçün, tez-tez gəlirdi. Onun burada ünsiyyətdə olduğu adamlar sırasında Səlman Əhmədli də vardı. Onların həm bir-birinin fikirlərini təsdiq edən söhbətlərinin, həm də məsələn, Füzulinin hansısa beytini mənası üstündə qızğın mübahisələrinin şahidi olmuşam. Ustad Səttar hətta Səlman müəllimin öz yazdıqlarını ona oxumasının təsiri ilə bir neçə «Məcnun» da çəkmişdi».

Səttarın adi albom kağızlarında yaratdığı bu «Məcnun»lar Gəncə sənətsevərlərinin şəxsi kolleksiyalarındadır.

 

Şəkildə: S.Bəhlulzadə, “Məcnun”. Qrafika, 1964-cü il.

 

«Atam 1972-ci ildə vəfat etdi. Həmid Araslının, Mirəli Qaşqayın, Ədil İsgəndərovun, Məmmədrza Şeyxzamanovun, Ələkbər Ziyatayın onun matəm mərasiminə gəlməsi bizdə bir şərəf hissi yaratdı. Deməli, o qədər də görüşməsələr də bu adamlar atamı daim ürəklərinə yaxın biliblərmiş»-deyə, Bəşir Əhmədli sanki, atasının portretinin son cizgilərini tamalayır.

Salman Əhmədli sovet dövründə hökm sürən yarımhəqiqət mühütinə yovuşmadan dünyadan köçdü. Çünki, cavanlığında daddığı HƏQİQƏT üçün darıxırdı. Onun «Sakit davası»nın da məzği bu idi.

Əslində Səlman Əhmədli həyatda adi, vicdanlı bir insan kimi yaşayırdı. Sadəcə, cəmiyyətdə bu, «qəribəlik» kimi qarşılanırdı. Çünki, cəmiyyətin həqiqət meyarları aşınmışdı.

Maraqlıdır, indi HƏQİQƏTƏ nəzərən hansı məsafədəyik? Bəlkə bunu «Mənsur külü» bilə.

Böyük dühalarımız Nizami və Füzulinin mənəvi məktəbini keçmiş bir gəncəli ədibin  klassik ənənələri gözləyərək, məsnəvi üslubunda ustalıqla qələmə aldığı, həm də yeri gəldikcə, qoşma, bayatı, nəğmə, qəzəl, hətta rəcəz, müxəmməs, müsəddəs və d. bu kimi poetik nümunələrlə də bəzədiyi, orijinallığı və dərin fəlsəfi məzmunu ilə seçilən, bütün dövrlər üçün ümumbəşəri ideallara xidmət edə biləcək sonuncu  “Leyli-Məcnun”unu diqqətə çatdırarkən, əsər haqda yuxarıda deyilənlərin məs’uliyyətini tam dərk edir, həmçinin ədəbiyyatşünas və qələm sahiblərimizin rəylərini də gözləyirik.

Onu da deyək ki, Səlman Əhmədlinin “Leyli və Məcnun” mənzum romanını 2012-ci ildə oğlu Bəşir müəllimlə birgə necə deyərlər, bir “möhlət” diləyi altında çap etdirdik. O “möhlət” Bəşir müəllimə yazılmış ömrün son məqamları ilə bağlı idi. Sonuncu Məcnun tələssə də onun vəfatının ancaq 3-cü gününə yetişdi. 

 Qapaq şəklində Səlman Əhmədli 1967-ci ildə

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nazim Əhmədlinin   şeirləri  təqdim edilir. 

 

 

Bütün günahları  yıxın üstümə

 

Göydə bir buludun beli bükülüb,

ətəyi sallanıb dağın üstünə;

ildırım qıcayıb alov dilini,

bağçada çəmkirir tağın üstünə;

 

göy üzü uzaqdı,obalar yaxın,

hər yana uzadır fələk barmağın;

yazıq dəyirmançı itirib aglın,

bir qanlı sel gəlir, çarxın üstünə;

 

niyə çox dəyişib bu sonuncu yaz,

qarışıq düşübdü siyahla bəyaz;

deyirlər, qütblər də yellənib bir az,

Yer üzü əyilib oxun üstünə;

 

hər yanı bürüyür müharibə, şər

ədalət yox olsa, insanlıq düşər;

dünyanı kor qoyub bu dəli bəşər,

yenə qorxu gəlir, qorxum üstünə;

 

laxlayır dünyanın dayaq yerləri,

gözümün, könlümün oyaq yerləri;

qar tutub saçımın siyah yerləri,

həsrət darışıbdı, ağın üstünə;

 

çöldən üz-gözümə qaranlıq baxır,

içimi-çölümü ağrılar yaxır;

çağırın, ruhumu dindirin, axır

bütün günahları yıxın üstümə.

 

 

Dünya bir uzun yuxudu

 

Bir də görürəm ki, gecə,

gəlib keçibdi yarıdan;

ulduzlar hələ yatmayıb,

ölürəm, yuxu sarıdan;

 

yuxularım harda azıb,

alnımda bir qərib yazı;

sevə bilmədim payızı,

gözüm səyriyir sarıdan;

 

göyün üzü açıq qalıb,

pəncərəmdə işıq qalıb;

çoxlu ağrı-acı qalıb,

ötən ömrün hasarından;

 

ayı-ili sapa düzdüm,

yandım, ərşə qalxdı tüstüm;

bir az bezdim, bir az küsdüm,

bu dünyanın rüzgarından;

 

əlini qoy kür üzümə,

buludları hör, üzümə;

hardan gəldik Yer üzünə,

ömür istədik Tanrıdan.

 

 

Üzüm qarışıq düşür

 

Hərdən solan yarpaqlar,

sonda qırışıb düşür;

bəzən bəxt də insana,

dərdə bulaşıb düşür;

 

hardadı, ötən ağlım,

kim dəli, kim ağıllı;

xoşbəxtlik kimə çoxlu,

kimə bir qaşıq düşür;

 

çiçək açır ağrılar,

sular hardan axırlar;

ot tutubdu cığırlar,

yollar dolaşıq düşür;

 

yanım, baxma tüstümə,

alışarsan istimə;

yarpaqların üstünə

sap-sarı işıq düşür;

 

ağca bulud nə sində,

yoğrulur kündə-kündə;

kölgələrin içində,

üzüm qarışıq düşür.

 

 

Harda itirdim baharı

 

Ocaq tamam qaralmayıb,

sönməyib közün yarısı;

hələ, dilimin altında,

qalıbdı sözün yarısı;

 

buludlar sökülüb gedir,

ömür-gün bükülüb gedir;

suları çəkilib gedir,

boşdu, dənizin yarısı;

 

yarpaqlar ucundan solur,

sümbüllər saçından solur;

ağrıdan-acıdan solur,

bətin-bənizin yarısı;

 

haram çörək çörək deyil,

zalım ürək ürək deyil;

var-dövlət də gərək deyil,

bəs elər, azın yarısı;

 

harda itirdim baharı,

getmir könlümün qubarı;

saçımda payızın qarı,

içimdə yazın yarısı.

 

 

Hər gün ömür sovrulur

 

Günəş alışıb yanır,

uzaq Yerdən o yana;

bir ipək axşam gəlir,

hər səhərdən o yana;

 

axşam gəlir, şər düşür,

könlümə səhər düşür;

saçlarıma vər düşür, 

nə var, vərdən o yana;

 

hər gün ömür sovrulur,

gözümdə od qovrulur;

dərd əlindən qıvrılır,

Araz Kürdən o yana;

 

həsrət bir ürküm idi, 

yuxum bir büküm idi;

hər yan qürbət kimidi,

bu şəhərdən o yana;

 

buludlar xonça-xonça, 

dönüb yağış olunca;

yavaş danış, bir azca,

ruhum qəfil oyanar.

 

 

Buludlar enib aşağı

 

Buludlar enib aşağı,

göy üzü az-maz görünür;

meşənin tən ortasında,

bircə tala yaz görünür;

 

gizlicə gəldi sonbahar,

nə bir ləpir, nə də iz var;

aşağıda bir dəniz var,

suları dayaz görünür;

 

ocaq yanır, köz çəkilir,

ürəyimdən söz çəkilir;

qaranlıqlar tez çəkilir,

saçlarım bəyaz görünür;

 

payız həsrətin beşiyi,

hərdən ürəyim tövşüyür;

tənha ulduzlar üşüyür,

göy üzü ayaz görünür;

 

xəyallarım harda gəzir,

əllərim divarda gəzir;

ruhum uzaqlarda gəzir, 

buralarda az görünür.

 

 

Şair doğulandan vergili olur

 

Əlimi qoymuşam bir daş altına,

hər daşın ağırı, yüngülu olur;

gecələr gözlərim çimir eləmir,

səhər açılanda mürgülü olur;

 

bilmirəm, bəxtimə daha nə düşə,

onsuz da əyilmir zaman gərdişə;

təkcə yazda açmır nərgiz, bənövşə,

payızın, qışın da tər gülü olur;

 

ürəyi çırpınır, közdən od tutur,

həsrəti, duyğusu sözdən od tutur;

könüldən alışır, gözdən od tutur,

şair doğulandan vergili olur;

 

qanımız qaynayır yaz aylarında,

sözün coşub daşan öz aylarında;

alnımıza düşən yazıların da,

nöqtəsi, sualı, vergülü olur;

 

dünyanın əvvəlki baharı yoxdu,

ağrının-acının nübarı çoxdu;

indi ürəyimin qubarı çoxdu,

həsrətin yolları bürkülü olur.

 

 

Ruhum harda yaşayır

 

Hərdən bir fikir gəlir,

ağlımın boş yerinə;

göydən ulduz yağacaq,

deyəsən, daş yerinə;

 

həsrət necə uzanır,

ömür heçə uzanır;

yuxum gecə uzanır,

payızın qış yerinə;

 

hər yana yol açıxdı,

qarşıma qala çıxdı;

cığırlar yola çıxdı,

sular axış yerinə;

 

ağca bulud bürüşür,

yay payıza sürüşür;

hərdən güzarım düşür,

yolun yoxuş yerinə;

 

ruhum harda yaşayır,

çiynim ağrı daşıyır;

saçım qara oxşayır,

alnım naxış yerinə.

 

 

Hardadı, gerçəy üzüm

 

Nədən baxıram sənə,

gecə-günüz, göy üzü;

min ildi axtarıram,

hardadı, gerçəy üzüm;

 

ötən bir anı nədən, 

qaytarmaq olmur, axı;

çırpınır quş qəlbi tək,

ürəyimin qapağı;

 

hər şey mənə yaxındı,

hər şey mənə çox uzaq;

göy üzündə ulduzlar

görünür, sızaq-sızaq;

 

axı, mən bu deyiləm,

üzüm də bu üz deyil;

biz hələ biz deyilik,

deyilənlər düz deyil;

 

hərdən dilim dolaşır,

sözüm tərs gəlir mənə;

adımı unutmuşam,

üzüm tərs gəlir mənə; 

 

 

Payızın bir ağrısı

 

Hər gün bir naxış gəlir,

ömrün varağ üzünə;

nə yazılıb görəsən,

alnımın ağ üzünə;

 

göy üzündə Ay üzür,

bahar üzür, yay üzür;

acı sular hey süzür,

dərdin bulağ üzünə;

 

ağca bulud səyriyir,

duman dağı bürüyür;

qaranlıqlar əriyir,

gecə çırağ üzünə;

 

payız həsrət ayıdı,

ömür Tanrı payıdı;

sonda hər şey qayıdır,

Yerin torpağ üzünə;

 

çiçəklərin sarısı,

yarı bulud, yarı su;

payızın bir ağrısın,

yazdım, yarpağ üzünə.

 

 

Axşam dua oxudum

 

Axşam dua oxudum,

Ayın bəri üzünə;

ağca duman çökmüşdü

səhər, yerin üzünə;

 

harasa yellənirdi, 

göydə bulud sürüsü;

bir az işıqlanırdı,

Ayın qaranlıq üzü;

 

qısır qalan ağaclar,

ötən qışdan quruyub;

ağrıları ötməyib,

ağrılar da qarıyıb;

 

içim qaynar ocaqdı,

əllərim buz parçası;

saçıma sığal çəkib

 ötən qışın fırçası;

 

hərdən göz önündəki

 yarpaqlar ölür, qəfil;

canımdakı ağrılar

gözümdə gülür qəfil;

 

hava soyuq da deyil,

məni üşüdür, nəsə;

Ayın bəri üzündən

kimsə baxır, deyəsən.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.