
Super User
Uğur böcəyi və çobanyastığı - PRİTÇA
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Günay Müzəffər üçün
Günlərin bir günü uğur böcəyi çobanyastığına qonaq gəlir. Çobanyastığı başını əyib onu salamlayır və deyir:
-O düzdür ki, kimin barmağına qonsan, uğur gətirirsən?
Uğur böcəyi qanadlarını yığır və ağır-ağır dillənir:
-Sənin sonuncu ləçəyin “sevir” çıxanda sevənlər qovuşurmu?
Çobanyastığı susur, dərindən “ah” çəkir və deyir:
-Axı sonuncu ləçəkdən sonra insanlar məni unudur... Heç vaxt gəlib hekayənin sonunu danışan olmur...
Uğur böcəyi gülümsəyir:
-Hə... Elə mən də qonduğum barmaqdan uzaqlaşan kimi unuduluram... Sonunu bilmədiyimiz hekayələrdir həyat... Bəlkə də sonları bilsək, bir anlamımız qalmazdı...
(2019)
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Fuad Cavadzadənin “Xeyir xəbər”i rəğbətlə qarşılanır
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqsədi ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni pyesi əsasında hazırlanan “Xeyir Xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında təqdim olundu.
Ötən mövsüm çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiyyətinə, teatrsevərlərə, müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə təqdim edildi.
Növbəti dəfə tamaşa Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilən “Bölgə Teatrlarının Bakı Premyeraları” layihəsi çərçivəsində Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə və tamaşaçılara təqdim olundu. Tamaşa, eyni zamanda, Mədəniyyət kanalı vasitəsilə canlı yayımlandı.
Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə, ziyalılara və tamaşaçılara uğurla təqdim edildi.
Bir hissəli qəhrəmanlıq dramı olan “Xeyir Xəbər” tamaşasının bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafik işləri Sahil Nəzərov tərəfindən hazırlanıb.
Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev çıxış edirlər.
Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına və qazilərimizə ithaf olunub.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Rəna Hüseynova və Fateh Rüstəmli BİR DİREKTOR, BİR ŞAGİRD LAYİHƏSİNDƏ
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir.
2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.
2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir.
2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir.
2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.
Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.
Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.
Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.
ŞAGİRD
Rüstəmli Fateh Asim oğlu 10 dekabr 2009-cu ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 2016-cı ildə E. Şirəliyev adına 274 nöməli tam orta məktəbdə birinci sinfinə daxil olmuşdur, 2019-cu idən etibarən təhsilini Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hazırda 9-cu sinif şagirdidir.
2024-cü ildə kimya fənni üzrə Respublika Fənn Olimpiadasında iştirak etmiş, uğur qazanmışdır. 2024-cü ildə “Xəzər İntellektual Gənclər Klubu” və "3sual.az" platformasının təşkilatçılığı ilə keçirilən “Məktəblilərin İntellekt Liqası” layihəsində iştirak etmiş, uğur qazanmışdır.
2024-2025 illərdə davam edən, İsrail və Azərbaycanın birgə layihəsi olan "Beynalxalq Kosmos Olimpiada"da iştirak edir. Eləcə də 2024-2025 illərdə davam edən “Bil, Bacar” yarışının iştirakçısıdır.
Məktəbdaxili kompüter və informatika yarışlarında iştirak etmiş və yer tutmuşdur. Bu kimi bir çox məktəbdaxili və məktəbdənkənar müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirməkdədir. Asudə vaxtlarında musiqi dinləməyi, film izləməyi və xüsusən detektiv əsərlər oxumağı çox sevir.
ESSE
Kosmosda insan həyatı
Kosmos insanın həmişə xəyal etdiyi bir sirr və hüdudsuzluq dünyasıdır. Yer kürəsindən uzaqda həyatın mövcudluğu fikri bir vaxtlar fantastika kimi görünsə də, bu gün elm və texnologiyanın inkişafı sayəsində kosmosda insan həyatı reallığa çevrilib. Lakin bu reallıq çoxsaylı çətinliklər və çağırışlarla müşayiət olunur.
Kosmosda həyat, ilk növbədə, insanın yaşaması üçün əsas şərtlərin təmin olunmasını tələb edir. Oksigen, su, qida kimi zəruri ehtiyacların qarşılanması Yer kürəsindən fərqli üsullarla həll edilir. Beynəlxalq Kosmik Stansiya (ISS) bu istiqamətdə ən böyük uğurlardan biridir. Burada kosmonavtlar üçün oksigen istehsal edən, suyu təmizləyən və qida təmin edən sistemlər mövcuddur. Ancaq bu kifayət deyil. Çəkisizlik şəraiti insan bədəninə ciddi təsirlər edir. Uzun müddət çəkisizlikdə olmaq əzələ zəifliyinə və sümük kütləsinin azalmasına səbəb olur. Bu problemlərin qarşısını almaq üçün kosmonavtlar hər gün xüsusi fiziki məşqlər etməlidirlər.
Kosmosda yaşamanın digər bir böyük problemi radiasiyadır. Yer kürəsinin atmosferi bizi Günəşdən gələn zərərli radiasiyadan qoruyur. Kosmosda isə belə bir təbii qoruma yoxdur. Buna görə də kosmik geyimlər və xüsusi qoruyucu texnologiyalar istifadə olunur. Bununla yanaşı, psixoloji çətinliklər də əhəmiyyətli rol oynayır. Kosmosda uzun müddət dar məkanlarda olmaq, yaxınlarından uzaq qalmaq insan psixologiyasına təsir edir. Kosmonavtların ruh sağlamlığını qorumaq üçün müntəzəm ünsiyyət, əyləncəli fəaliyyətlər və psixoloji dəstək təşkil edilir.
Gələcəkdə kosmosda həyatın daha geniş imkanlar yaradacağı gözlənilir. Marsda koloniyaların yaradılması, Ayda baza qurulması kimi layihələr artıq planlaşdırılır. Bu layihələr insanlığın Yer kürəsindən kənarda yeni dünyalar kəşf etməsinə şərait yaradacaq. Ancaq bu, yalnız elmi-texniki nailiyyətlərlə deyil, həm də insan iradəsi və əzmi ilə mümkündür.
Nəticə olaraq, kosmosda insan həyatı hələlik çətin və məhdud olsa da, bu istiqamətdə atılan addımlar insanlığın nə qədər böyük potensiala malik olduğunu göstərir.
Kosmos, insanın özünü və kainatı daha dərindən dərk etməsi üçün yeni üfüqlər açır. Bu üfüqlər, bəlkə də, bir gün insanlığın yeni yurduna çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
“Səni tanımasam da, sənə aşiq olmasam da, ruhum ruhunu yaxşı tanıyır…”
Anonim müəlliflər cütlüyü, “Ədəbiyyat və incəsənət” üçün
QIZ:
Mən səni yaxşı tanımasam da, ruhum ruhunu yaxşı tanıyır. Mən səndən uzaqda olsam belə, kədərinə ortağam. Mən sənin kədərinlə tanışam, çünki mənim kədərim sənin kədərini tanıyır. Səni bilməsəm də, səninlə öpüşməsəm, səni qucaqlamasam da, yatmasam da dizlərində, ruhum sənin ruhunu çoxdan öpüb, qucaqlayıb, hətta ruhum sənə əsir düşüb. Səni cismən bir dəfə görmüşəm, amma ruhən illərdir sevmişəm.
OĞLAN:
Sən bir dəfə demişdin ki, “ruh qocalmır.” Amma ağrını ən çox ruhən hiss edir insan. Bilirsən də, ruh yorulur, ruh sevir, ruh kədərlənir... Amma bir şey də var: ruhun kədəri də, sevgisi də əbədidir. Bax, mən də sənə bu əbədiyyətin içində həmsöhbət olmaq istəyirəm. Səninlə kədərlənib, yorulub, sevinə bilərik — sonsuzadək. Mən səni tanımasam da, sənə aşiq olmasam da, ruhum ruhunu yaxşı tanıyır.
QIZ:
Sənin gözlərinin dərinliyinə baxmasam da, qəlbinin dərinliyindəki yaraları görə bilirəm. Sənin saqqalını oxşamasam da, siqaret tüstüsündən rənginin dəyişdiyini anlayıram. Sənin dostlarının çox, doğmalarının isə az olduğunu, hisslərindən qaçdığını bilirəm. Bilirəm ki, özünlə üzləşsən, zəifliklərini qəbul edəcəyindən qorxursan, buna görə də beynini susdurmağa çalışırsan. Əslində insanlara dəyər verirsən, amma bunu onlara hiss etdirmirsən.
OĞLAN:
Sənin kitabları fasiləsiz oxuduğunu, atan kimi olmamaq üçün mübarizə apardığını, darıxanda ulduzlara baxdığını, əsəbləşəndə otağına çəkildiyini bilirəm. Gecələr uzun yürüyüşlər edərək özünlə barışmağa çalışırsan. Güləndə qıyılan gözlərin, dodağının kənarındakı qəmzən, gözünün üstündəki sağ küncdə yerləşən ən uzun kirpik... Mən səni tanıyıram.
QIZ:
Sən mənim ruhumun sevgisi, qəlbimin qırıntısısan. Sən mənim ümidlərimin sonu, ehtirasımın sonsuzluğusan. Sən bir qədər mənsən, amma bir xeyli də məndən artıqsn...
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Məğlubiyyətə bərabər qələbə - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən qələbə insanın həyatında unudulmaz bir hadisəyə çevrilir, bəzən isə qələbənin özü ağır bir yük olur.
Məğlubiyyətə bərabər qələbə-insanın zəfər anında belə, içindəki boşluqla üzləşdiyi, itkilərinin ağırlığını qələbənin sevincindən daha çox hiss etdiyi anlara deyilir.
Bu, döyüş meydanında qazandığın zəfərdən sonra sevdiklərini itirdiyini öyrənmək kimidir. Döyüş başa çatır, səssizlik çökür, lakin sükutla birlikdə ətrafa dağılan talan, göz yaşları və yoxluq görünür. Həmin anda, qılıncın itiliyi, qalaların fəthi, bayraqların yüksəlişi mənasız görünür. İnsan öz-özünə soruşur: “Bütün bunlar nə üçün idi?”
Bir ananın öz övladını qorumaq üçün hər şeyi itirib qalib gəlməsi, amma o qələbədə övladını itirdiyini anlaması da belə bir məğlubiyyətdir. Bir alim düşün, illərlə bir məqsədə çatmaq üçün çalışır, lakin uğur qazandığı gün sağlamlığını, sevdiklərini və özünü itirdiyini görür. Bu cür qələbələr bəzən gerçək məğlubiyyətdən daha ağır olur.
Məğlubiyyətə bərabər qələbələr insanın həyatı boyu unutmayacağı dərslərdir. Onlar bizə öyrədir ki, hər mübarizə qələbə üçün deyil, bəzən dəyər üçün edilməlidir. Çünki ən böyük zəfərlər ruhun, vicdanın təmiz qaldığı zəfərlərdir. Əgər insan qazandıqlarına görə ən vacib olanları itirirsə, bu artıq qələbə deyil, həyatın bizə verdiği ən çətin sınaqlardan biridir.
Həyat belə qələbələrlə doludur. İnsan bəzən qazanır, amma qəlbində məğlub olur. Həqiqi qələbə isə, yalnız qazanmaqla deyil, həm də özünü itirməməklə mümkün olur. Çünki itkilərin yükü ilə gələn qələbə heç vaxt gerçək zəfər deyil.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
MİLLİ KİNOMUZ - Film tariximizin dönüm nöqtəsi - “Nəsimi”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
İnsan həyatında dönüm nöqtəsi, başlanğıc adlandırdığımız hadisələr baş verir. Ətrafa və tariximizə nəzər saldıqda görürük ki, sadəcə həyatımızda, tariximizdə deyil, kinomuzda da dönüm nöqtələri az deyil.
Bunlardan biri də “Nəsimi” filmidir.
Film 1972-ci ildə İsa Hüseynovun “Məhşər” romanı üzərində Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilib. Baş rolda isə məhşur aktyor, xalq artisti Rasim Balayev yer alıb.
1960-70-ci illər aralığında çəkilən Azərbaycan filmlərində dekorasiyadan geniş istifadə olunduğu halda “Nəsimi” filmi film tariximizdə dekorasiyadan istifadə olunmayan və hər şeyin təbii olduğu film kimi yer alıb.
Nəsimi, hürufiliyin banisi, həm də öz müəllimi olan Fəzlullah Nəimidən dərs almışdır. Nəimi öldükdən sonra belə o yolundan dönməmiş, hürufiliyin daha geniş şəkildə yayılması üçün çaba göstərmişdir. Buna görə də o, dəfələrlə zindanlara atılmışdır. Son olaraq Misir sultanının fətvası ilə “kafir”, “dinsiz” damğası vurularaq edam edilmişdir. Özəlliklə, Nəsimi və şeyxin qızı olan Şəms arasında yaşananlar izləyicilərin yaddaşında xüsusi yer tutub.
-Məni vəsf et, şair,
-Vəsf zamanı deyil, afət
-Ölümə gedirəm, yalvarıram.
-Səni bu hüsnü-camal ilə, bu kamal ilə görüb. Qorxdular həqq deməyə, döndülər insan dedilər.
Nəsimin başına gələnlərdən belə aydın olur ki, insan nəyi çox istəyirsə, nəyə daha çox meyl göstərirsə, onu ondan məhrum etmək üçün hər kəs bildiyini edir. İrəli getməməsi üçün hər yola əl atılır. Boşuna deyilməyib ki, “çox istəyən yox, bədəlini ödəyən alar”.
Bu həyatda nəsə əldə etmək istəyirsə, insan bəzi şeylərdən, hətta canından belə keçməli olduğunu bilməlidir.
“Ədəbiyyat və İncəsət”
(24.01.2025)
“2024-cü il teatrmızın tarixində parlaq bir səhifə olaraq yadda qalıb” - CAVİD ZEYNALLI
Könül, “Ədəbiyyat və incəsənət”
23 gün öncə yola saldığımız 2024-cü il Azərbaycanın Ana teatrı sayılan Akademik Milli Dram Teatrı üçün necə keçib? Bu sualla teatrın mətbuat xidmətinin rəhbəri, yazıçı, dramaturq Cavid Zeynallıya müraciət etdik. Cavid bəyin cavabı belə oldu:
-Yola saldığımız 2024-cü il teatrımızın tarixində parlaq bir səhifə olaraq yadda qaldı. Həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən tədbir və layihələr teatrın nüfuzunu daha da artırdı.
-Bölgələrə səfərləriniz də yadda qaldı.
-Bəli, teatrın regionlara təşkil etdiyi qastrol səfərləri böyük maraqla qarşılandı. Bu səfərlər zamanı klassik və müasir tamaşalar müxtəlif bölgələrin sakinlərinə təqdim olunub. “Manqurt” tamaşası Lənkəran, Gəncə və Mingəçevirdə nümayiş etdirilərək tamaşaçıların böyük alqışlarını qazanıb. “Xanuma” tamaşası qədim Şəkidə, “Bir, iki, bizimki” tamaşası isə Lənkəranda teatrsevərləri sevindirib. “Şükriyyə” Gəncədə, “Cəhənnəm sakinləri” Şəkidə, “Küknarlara məktub” isə yenidən Lənkəranda səhnəyə qoyulub. Bu zəngin mədəniyyət axını “Bölgə Teatrlarının Bakı Premyerası” adlı yeni layihə ilə daha da rənglənib, bölgələrdəki teatrların yaradıcılığı paytaxt tamaşaçılarının diqqətinə təqdim olunub.
-Beynəlxalq səhnədə də Azərbaycan teatrı az görünmədi.
-Elədir ki var. Teatrımız yalnız ölkə daxilində deyil, dünya səhnəsində də öz sözünü deyib. Sankt-Peterburqda yerləşən Aleksandrinski Teatrı ilə əməkdaşlıq memorandumu imzalanaraq yeni yaradıcılıq körpüsü qurulub. Bu tarixi sənədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov imza atıblar. Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan Teatr Forumunda teatrımız “Sənsiz” tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir. Rusiya Federasiyasının Suzdal şəhərində baş tutan II Milli Teatrlar Konqresi və Birinci Yay Festivalında Azərbaycan fəxri qonaq qismində iştirak edib. Tədbir çərçivəsində müxtəlif teatr rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və ustad dərslərinin təşkili ilə bağlı müzakirələr aparılıb. Ötən il teatr tarixində unudulmaz premyeralara da imza atılıb. “İblis və…” tamaşası Sankt-Peterburq Aleksandrinski Teatrında səhnəyə qoyularaq Azərbaycan teatr tarixində yeni bir mərhələ açıb.
-Mükafatlar və fəxri təltiflər barədə də bəhs edərdiniz.
-Teatrın yaradıcı heyəti bu il müxtəlif mükafatlarla təltif edilərək yüksək qiymətləndirilib. Mehriban Ələkbərzadə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Dövlət Mükafatı ilə təltif olunub. Bununla yanaşı, o, Çingiz Aytmatov adına mükafata da layiq görülüb. Prezident Sərəncamına əsasən, Xalq artisti Laləzar Mustafayeva fərdi təqaüdə, teatrın 19 üzvü isə Prezident mükafatına layiq görülüblər. Akademik Milli Dram Teatrı tərəfindən təsis edilən “Qızıl pərdə” mükafatı sənətkarlara təqdim edilib. Həmçinin ötən il Azərbaycan Tarixi Muzeyində keçirilən tədbirdə mədəniyyət xadimlərinə Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalları təqdim olunub. 10 Mart - Milli Teatr Günü münasibətilə keçirilən tədbir böyük təntənə ilə yadda qalıb. Bu bayramda Akademik Milli Dram Teatrı tərəfindən təsis olunan Milli Teatr Mükafatı öz sahiblərinə təqdim edilib.
Bir sözlə ötən il Akademik Milli Dram Teatrı üçün yalnız zəngin yaradıcılıq ili deyil, həm də yeni zirvələrə aparan uğur dolu bir dövr olub.
-Bu ildən gözləntilər nədir?
-Sənət məbədinin yaradıcı kollektivi bu il də teatrsevərlərə unudulmaz tamaşalar bəxş edir. Hazırda iki tamaşa hazırlanır. Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşanın məşq prosesləri gedir. Quruluşçu rejissor Bəhram Osmanovun yaratdığı bu əsər fevralda tamaşaçılara təqdim olunacaq.
Həmçinin Xalq yazıçısı Elçinin “Baş” romanının motivləri əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərinin məşqləri yaxın müddətdə başlayacaq.
-Uğurlar.
P.S. Yeri gəlmişkən, 2024-cü il Cavid Zeynallının özü üçün də tam düşərli il oldu. Belə ki, onun “Şükriyyə” tamaşasının premyerası böyük rəğbətlə qarşılandı.
Tamaşa 1937-ci ildə Stalin repressiyasına məruz qalmış Azərbaycan qadını - istiqlalçı şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə haqqındadır. Repressiya illərində zülmə məruz qalmış qadınlardan söhbət düşəndə, neçə-neçə qadın, amma ilk öncə Şükriyyə yada düşür. Bu yəqin ki, onun Əhməd Cavada olan sevgisi, 8 illik dəhşətli sürgünlük həyatı, bir ana olaraq övladlarından ayrı düşməyi və özünü qorumaq üçün etdiyi məlum hərəkətlərlə bağlıdır.
Əsərdə müəllif məlum faktlardan istifadə edərək Şükriyyə obrazının hərtərəfli təsvirinə çalışıb.
Qeyd olunduğu kimi, əsər Şükriyyə haqqındadır və o, Stalin rejiminin repressiya qurbanlarından biridir. Belə qadınların isə sayı yüzlərlədir. Həyat yoldaşı Əhməd Cavadın qeyrətini qorumaq üçün, namusuna təcavüz olmasın deyə, Şükriyyə paltarlarını çıxarıb tualetin döşəməsini silir, saçını, üz-gözünü murdarlayır ki, ona dəyməsinlər. Zülm və zorakılığa məruz qalan insan özünü qorumaq üçün müqavimət göstərməyə və özünü qorumağa çalışır. Əsərin baş qəhrəmanı olan Şükriyyənin bu hərəkəti bir növ qeyri-normal quruluşa və insanları məhv edən sərt rejimə qarşı onun etirazdır. Müəllifin qələmə aldığı həyat hekayəsi haqqında gəldiyi qənaət, təlqin etdiyi fikir budur.
Bir qadının dəhşətli həyat və sürgün hekayətindən bəhs edən “Şükriyyə” tamaşasını tamaşaçıların sonsuz maraqla qarşılamaları əlbəttə ki, gənc dramaturq Cavid Zeynallının böyük uğurudur.
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)
Gəlin qədər barəsində danışaq!
Amil, “Ədəbiyyat və incəsənət”
Bu gün sizlərlə qədər barəsində danışmaq istəyirəm. Qədər İslamda 2 hissəyə bölünür: 1.ixtiyari; 2.izdirari
Hansı yerdə anadan olacağmız, ana-atamızın kim olacağı, hansı cəmiyyətdə doğulacağmız kimi şeylər izdirari, yəni seçə bilmədiyimiz şeylərdir.
İxtiyari qədərə isə hansı dinə inanacağmız, hansı məzhəbdən olacağmız və ya Allaha inanıb inanmayacağmız kimi şeylər daxildi.
İslamda ilah, yəni Allah zamandan və məkandan münəzzəhdir. Yəni Tanrı üçün keçmiş, indiki, gələcək kimi bir anlayış yoxdur. O elə bir varlıqdır ki, hər 3 zamanı eyni anda görür və bilir. Beləliklə, Sənin seçimlərini də bilir. Yəni Səni yaradıb və Sənin bütün həyatında edəcəyin fəaliyyəti bilir.
Və inanca görə bunu alın yazısı olaraq qeyd eləyir. Dua eləməklə isə Sən şüurlu olaraq Tanrının həyatına müdaxilə etməsini istəyirsən və Tanrı Sənin həyatındakı müəyyən hadisələrə müdaxilə edir. Müəyyən vaxtlarda o, duanı qəbul edib müdaxilə edir və Sənin həyatında müəyyən şeyləri düzəldir, müəyyən zamanlarda isə bunu etmir. Ümumilikdə, Tanrı Sənin həyatına bütün dönəmlərdə müdaxilələr edir. Bu Onun iradə sahibi bir varlıq olmasını göstərir. Sən bir hərəkət edərkən orda həm Tanrının müdaxiləsiylə, həm də öz iradənlə iş görürsən. Bir hadisənin baş verməsində neçə faiz Allahın iradəsi, neçə faiz insanın iradəsi olması sualına isə İslam alimləri "bilmirik" cavabını veriblər.
Qədər mövzusunda 3 cərəyan var :
1. Qədəri rədd eləyənlər.
Yəni Allah heç nə yazmıyıb, insan nə istəyir, özü edir deyənlər. Bu absurddur.
2. Qədərcilər.
Yəni insanın heç bir iradəsi yoxdur, "suya düşən bir yarpağ misalı, su hara aparsa ora doğru irəliləyir". Bu da absürddür. Çünki həm Allah insanı yaradlb, həm də ona iradə verməsə, bu zaman cənnət-cəhənnəmin də bir anlamı olmaz ki.
3.İslamiyyət inancı.
Və burda Allah insanın qədərini bilir, cüzi iradə verib, lakin müəyyən yerlərdə ona müdaxilə edir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)
Cəlil Xəlilov: “Avrasiya Əməkdaşlıq Fondunun fəaliyyətinin dayandırılmasının vaxtı çatıb”
“Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi xalqımızın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir və məkrli məqsədlərə hesablanıb”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portqlımlza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Cəlil Xəlilov qeyd edib ki, “no war”çu axtarışına çıxan Avrasiya Əməkdaşlıq Fondu, bu kimi layihələrlə Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salmağa çalışır: “Fondun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi vasitəsilə yürütdüyü siyasət gənclərimiz və gələcəyimizlə bağlı ciddi təhdidlər ehtiva edir. “No war”çu gənclər axtarışına çıxan, müti, mübarizə əzmindən, milli şüurdan məhrum gənclər yetişdirməyə çalışan Avrasiya Əməkdaşlıq Fondu gənclərimizlə xalqımızın mənəvi dəyərləri arasında sədd çəkməyə çalışır. Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, ölkəmizdə qeyri-ənənəvi dəyərlərin təbliğini həyata keçirməyə çalışan bu Fond Ermənistanda tamam fərqli ideyaları təbliğ edir. Erməni revanşizmini dəstəkləyən Fond Ermənistanda həyata keçirdiyi layihələrdə “no war”çu axtarmır, hər hansı təslimiyyət və imtinadan söhbət açmır. Açıq-aşkar görünür ki, Fondun məqsədi Azərbaycanı Ermənistan qarşısında mənəvi-psixoloji baxımdan zəif salmaqdır. Çünki hər kəsə, eləcə də Ermənistan və onun havadarlarına da məlumdur ki, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında əldə etdiyi tarixi qələbənin avanqardı gənclər, onların yüksək mənəvi dəyərlərlə silahlanması olub. Bu gün Avrasiya Əməkdaşlıq Fondu müxtəlif layihələr və adlar altında təxribatla məşğuldur. Onun tabe olduğu Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibinə baxdıqda hər şey məlum olur. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor Hrach Topalyan-dır. Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət edənləri, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq istəyənləri bu xəyanətkar yoldan çəkinməyə dəvət edirik. Hesab edirəm ki, Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda fəaliyyətinin dayandırılmasının vaxtı çatıb. Xəyanət yuvasına çevrilən bu təşkilata sıralarımızda yer olmamalıdır, orada əli bu işlərə bulaşanların fəaliyyəti ciddi təştif olunmalıdır”
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)
DİQQƏT! Yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub
Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar olunub. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib. Abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.
Buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.
Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)