
Super User
Öz istedadını və sevgisini rənglərə çevirməyi bacaran müəllim
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyinin müəllimi Təranə Əhmədova Şagirdlərimin təsviri incəsənətə olan marağı, vətənə millətinə olan sevgisi, vətənpərvər ruhda böyüməsi məni hər zaman ruhlandırır və qürurlandırır!
Əhmədova Təranə Cahid qızı 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003 cü ildə 246 saylı məktəb-liseyi bitirmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri incəsənət” müəllimliyi ixtisası üzrə ali təhsilə yiyələnmişdir. Təranə Əhmədova həmçinin, Azərbaycan Rəssamlar İttifaqının rəngkarlıq şöbəsinin üzvüdür.
İlk pedaqoji fəaliyyətə Abşeron rayonunda yerləşən Laçın rayon M.Səfərov adına tam orta məktəbdə və Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi olaraq başlamışdır. Hal-hazırda isə pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyində təsviri incəsənət müəllimi olaraq davam etdirir.
Təranə Əhmədova daim öz üzərində çalışdığını, müəllim olaraq yeniliklərə və inkişafa açıq biri olduğunu, mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq pedaqoji təlimlərdə, layihələrdə iştirak etdiyini qeyd etdi.
Təranə Əhmədova pedaqoji fəaliyyəti zamanı “Qələbəyə gedən yol”, “Zəfərin rəngi”,“Xarıbülbülün sədası” kimi bir çox rəsm sərgilərinin, müsabiqələrinin, layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, Arif Hüseynov, Ağaəli İbrahimov, Səlhab Məmmədov kimi Azərbaycanın görkəmli xalq rəssamları ilə şagirdlərin görüşlərini təşkil etmişdir.
Təranə Əhmədova həm pedaqoji, həmdə yaradıcı fəaliyyətində bir çox diplom, fəxri fərman, təşəkkürnamələrə layiq görülmüşdür. O, bir müəllim olaraq öz şagirdlərini çox sevdiyini və təsviri incəsənət fənni vasitəsilə şagirdlərin estetik dünyagörüşünü, bədii istedadını inkişaf etdirdiyi və belə çətin, eyni zamanda şərəfli peşənin sahibi olduğu üçün özünü çox xoşbəxt saydığınıda vurğulayır.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Yaşasaydı, 84 yaşı tamam olacaqdı...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Tanınmaq, ümumxalq məhəbbəti qazanmaq çox gözəldir. İnsanların gözündə ucalırsan, qəlbində yerin olur. Amma bu məşhurluğun şirinliyi qədər ağrı-acısı da olur. İctimai-siyasi proseslər dəyişir, kimisə nahaq yerə incidirlər, kimisə həbs edirlər və sən bu olaylara münasibət bildirməyəndə, susanda, adamlar səninlə üz-üzə gələndə ehtiram göstərsələr də, qəlblərində yerin daralır...
Heç vaxt siyasətdə görünməsə də, Aftandil İsrafilov bu baxımdan bəxti gətirən məşhurlardan idi. Heç kim heç zaman ondan siyasi proseslərə münasibət bildirməyini ummurdu. Çünki özünü siyasətə həsr etmiş, siyasi oyunlardan gah qalib, gah məğlub kimi çıxmış o qədər məşhurlar var ki…
Bəli, əsl sənətkar sözüylə yox, sənəti ilə seçilməlidir. Onun da qismətinə elə bu düşmüşdü, Azərbaycan musiqi alətləri ailəsində əcnəbi sayılan qarmonu doğmalaşdıra, xalqa sevdirə bildi. Bu gün bir sıra ifaçılar var ki, qarmonun sayəsində ümumxalq hörməti qazanıblar, hamı onlara sevgiylə yanaşır. Amma bu sevginin ürəklərə yol tapması üçün cığırı ilk açanlardan biri də məhz, o, olub. Bütün ömrü el toylarında, tədbirlərdə keçdi. Çox insanlarla ünsiyyətdə oldu, görüb götürə bildi. Harada oldusa məzəli zarafatları, şirin söhbətləri ilə yadda qaldı…
Azərbaycan musiqi tarixində qarmonuyla göstərdiyi xidmətlərə görə hamımız ona borcluyuq, o isə barmaqlarına. O barmaqlar adi barmaqlar deyildi, elə ki, qarmonun şirmayi dillərinə toxunurdu, sədası insanı düşündürür, kədərləndirir və əhvalına təsir edirdi…
Aftandil İsrafilov- bu ad və soyad Azərbaycan musiqi sənəti tarixində əbədi yaşayacaq. Bəli, illər ötəcək, zamanələr bir-birini əvəz edəcək, ictimai-siyasi proseslər, hakimiyyətlər dəyişəcək, amma cismən dünyada olmasa da, Aftandil İsrafilov ruhən əbədi aramızda olacaq. Yüz il bundan sonra da, onun ifasının sədası gələndə insanlar zövq alacaqlar…
Bəli, yaşasaydı 3 gün öncə - yanvarın 24-də böyük sənətkarın 84 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Məqsəd yüksək mədəniyyətli Azərbaycan vətəndaşı formalaşdırmaqdır – “SİMURQ” ASSOSİASİYASI YENİ LAYİHƏ İCRA EDİR
Könül, “Ədəbiyyat və incəsənət”
Ölkəmizin mədəniyyət sferasında uğurla fəaliyyət göstərən “Simurq” assosiasiyasının yeni layihə icra etməsi barədə sizləri bilgiləndirmişdik. Layihə Azərbaycanın sosial-mədəni strategiyasının uğurlu həyata keçirilməsinə vətəndaş köməyinin göstərilməsi məqsədilə həyata keçirir, ona “Simurq”un İdarə Heyətinin məsul katibi Leyla Hacıyeva rəhbərlik edir.
Biz Leyla xanıma müraciət edərək layihə barədə daha ətraflı məlumat aldıq və məlumatı oxucularımızla bölüşürük.
Artıq Bakı şəhərində “Simurq”un sözügedən layihəsi çərçivəsində Azərbaycan vətəndaşlarının yüksək mədəniyyətli olmasına dair ilk kulturologiya elmi üzrə dinləmələrə başlanılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə, altı hədəf qrupuna - dövlət məmurları, pedaqoqlar, müəllimlər və tərbiyəçilər, jurnalistlər, muzey və kitabxana işçiləri, gənclər və qadınlar üzrə qeyri-hökumət təşkilatları, tibb müəssisələri işçiləri üçün kulturologiya üzrə ustad dərsləri, mühazirələr və təlimlər təşkil etməyi nəzərdə tutur.
Layihə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-mədəni strategiyanın uğurlu həyata keçirilməsinə vətəndaş köməyi göstərilməsi məqsədini güdür və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.
Bu strategiya, Azərbaycan xalqının ruhani - intellektual və mənəvi mədəniyyətinin yeni mərhələsinə çatmasını hədəfləyir, dövlət başçısının “yeni era” adlandırdığı dövrün başlanğıcından sonra ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsindən sonrakı inkişaf dövrünü nəzərdə tutulur.
Layihənin əsas məqsədi ölkə vətəndaşlarının yüksək mədəniyyətli fərdlər olaraq yetişməsinə və ölkənin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafının əsas təkan qüvvəsi kimi nəzərdə tutulan yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasına kömək etməkdir.
Layihə iştirakçıları - ölkənin insan kapitalının əsas hissəsini təşkil edən mütəxəssislər və vətəndaşlar layihənin köməyi ilə mədəniyyət, sivilizasiya və mədəniyyətşünaslıq haqqında yeni elmi biliklər vasitəsilə intellektual potensiallarını artırmaq imkanı əldə edəcəklər. Onlar mədəniyyətin intelektual, etik, hüquqi, idarəetmə, siyasi, ekoloji, dini yönləri, iş mədəniyyəti, peşə etikası və məsuliyyət mədəniyyəti ilə bağlı daha geniş məlumatlar əldə edəcəklər. Layihə iştirakçıları, kulturologiyanın insan inkişafı, davamlı cəmiyyətin inkişafı və güclü dövlətin qurulması, təhsil sisteminin təkmilləşdirilməsi, zamanın dəyişən çağırışlarına uyğun olaraq davamlı kulturologiya transformasiyalarının həyata keçirilməsi sahəsində əvəzsiz yaradıcılıq rolunu anlamaq imkanı qazanacaqlar, bu da ki, əlbəttə çox vacibdir.
Layihə, Azərbaycan vətəndaşlarının özlərini təkmilləşdirmələrinə, həyatlarını yaxşılaşdırmalarına, düşüncələrini və hisslərini idarə etmələrinə, emosional intellektlərini inkişaf etdirmələrinə, çətinlikləri aşmalarına, sağlamlıqlarını qorumağa və vaxtı səmərəli idarə etməyə kömək etməyi hədəfləyir.
Dövlət məmurları, ictimai xidmətçilər və sahibkarlar qərarların qəbul edilməsində, dövlətçiliyin mədəniyyətində, iqtisadi inkişafda, liderlik və özünüidarə mədəniyyətində faydalı olan dünya ölkələrinin təcrübəsindən və ümumi idarəetmə texnologiyalarından faydalana bilərlər.
Təlimlərdə iştirakçıların kulturologiya biliklərinin səviyyəsini qiymətləndirmək və məşğələlərin yüksək keyfiyyətini təmin etmək məqsədilə mədəniyyətşünaslıq üzrə anket sorğusu da keçiriləcək.
Kulturologiya elmi oxumalarını uğurla bitirən iştirakçılara «Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı» sertifikatları və “Simurq” assosiasiyası tərəfindən hazırlanmış yeni kulturologiya monoqrafiyası – “Yüksək mədəniyyətli insan” kitabı təqdim ediləcək.
Azərbaycanda daha çox vətəndaşı əhatə etmək məqsədilə layihənin 2025-ci il boyu davam etdirilməsi nəzərdə tutulur və yalnız Bakı şəhərində deyil, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında da həyata keçiriləcəyi planlaşdırılır. Ümumi kulturologiya biliklərinin yayılması prosesi bütün təhsil və tərbiyə müəssisələrinin, elmi təşkilatların, mədəniyyət və incəsənət müəssisələrinin, dövlət idarələrinin, Bakı şəhərinin və onun rayonlarının icra hakimiyyətinin, KİV-lərin, logistika təşkilatlarının, dini qurumların, biznes strukturlarının, istehsal və kənd təsərrüfatı müəssisələrinin, turizm təşkilatlarının, gənclər və uşaqlar üzrə qeyri-hökumət təşkilatlarının, habelə Azərbaycanın ağsaqqallar və veteranlar şuralarının əhatə edilməsini özündə ehtiva edir.
Kulturologiya elmi dinləmələri regional təhsil müəssisələrində və mədəniyyət mərkəzlərində, eləcə də xüsusi istedadlı uşaqlar və gənclər üçün, habelə ana və uşaq institutunun inkişafına dəstək olmaq məqsədilə xüsusi liseylərdə təhsil alan qızlar üçün keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru və əlbəttə ki, “Simurq” assosiasiyasının da prezidenti Fuad Məmmədov tərəfindən keçirilən kulturologiya ustad dərsi 35 illik fəaliyyət dövründə “Simurq”un elmi tədqiqatlarının nəticəsi olan 100-dən çox slayddan ibarət təqdimatla müşayiət olunur.
Dinləmələrdə habelə Azərbaycan Kulturoloji Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Mini xanım Əsədli Azərbaycancan alimlərinin dünya kulturologiyasına verdiyi töhfələr haqqında maraqlı məruzə ilə çıxış edir. Siyasi mədəniyyətin, demokratiyanın və dövlət idarəçiliyinin xüsusiyyətlərini təhlil edən mühazirə isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilir.
Yüksək mədəniyyətli vətəndaşların formalaşması və inkişaf etdirilməsi prosesini motivasiya etmək məqsədilə layihənin növbəti mərhələlərində Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyi altında, Mədəniyyət Assosiasiyası və “Simurq” Azərbaycan Mədəniyyətşünaslar Cəmiyyəti tərəfindən «Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı» xüsusi müsabiqələrinin keçirilməsi də nəzərdə tutulur.
Bir sözlə, “Simurq” çox nəcib bir işə başlayıb. Nəticəsi bütün cəmiyyətimizə fayda verməkdən ibarət olacaq. Belə ki, ən sivil cəmiyyətlərin birinci şərti onun vətəndaşlarının yüksək mədəniyyətli olmasıdır.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Zalsburq şəhərində “Azərbaycandan hekayələr” kitabının oxu saatı keçirilib
Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evində həftə sonu dərsləri davam edir.
Avstriya Azərbaycanlıları Cəmiyyətindən AzərTAC-a bildirilib ki, uşaqların qış tətilindən sonra yenidən həftə sonu dərsləri bərpa olunub.
Bildirilib ki, burda uşaqlara Azərbaycan dili, riyaziyyat, alman dili və rəsm dərsləri keçirilir. Bu həftə uşaqlara Azərbaycan dili və alman dili dərslərindən sonra oxu saatı elan olunub. Uşaqların bu dəfə seçdikləri kitab görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin alman dilində tərcümə olunan “Azərbaycandan hekayələr” olub.
Əvvəlcə balacalara Mir Cəlal barədə geniş məlumat verilib, onun həyatı barədə geniş ekranda videorolik göstərilib. Bildirilib ki, müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyan tanınmış ədiblər nəslinə mənsub Mir Cəlalın əsərləri öz rəngarəngliyi- janr müxtəlifliyi, mövzu zənginliyi, ana dilimizin lüğət tərkibindən məharətlə istifadə bacarığı, bir sözlə, geniş üslub və bədii forma imkanları ilə seçilir.
Görkəmli nasirin qızı, ədəbiyyatşünas alim Ədibə Paşayeva, avstriyalı azərbaycanşünas xanım Liliane Qrimmin səyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycandan hekayələr” kitabında Mir Cəlalın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən incə yumor və kəskin satira, eləcə də dərin lirik hisslərlə yazılmış hekayələri toplanıb. Satirik hekayələrində ustad sənətkar yumor pərdəsi altında həssas oxucuya tipik obrazların timsalında ötən əsrdə Azərbaycanda hökm sürən sovet bürokratiyasını təqdim edir. Lirik notlarla qələmə alınmış hekayələrdə isə XX əsr zəhmətkeş Azərbaycan insanı, cəmiyyəti və dövrün aktual mövzuları bədii cizgilərlə təsvir olunur. Yazıçının bugünkü Avropa oxucusunun bədii zövqünə uyğun gələn, XX əsrdə Azərbaycan həyatının canlı mənzərəsini yaradan və yüksək bədii keyfiyyətə malik çoxsaylı hekayələrindən seçmə əsərlər kitaba daxil edilmişdir.
Oxu saatında “Azərbaycandan hekayələr”i oxuyan uşaqlar kitabdakı əsərləri çox bəyəndiklərini bildiriblər.
Sonda balacalara Mir Cəlalın alman dilinə tərcümə olunan “Azərbaycandan hekayələr” kitabı hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub
Parisin “L’Arlequin” kino zalında 2024-cü ildə Nantda keçirilmiş “3 Qitə Festivalı”nın (Festival des 3 Continents) mükafatlarına layiq görülmüş azərbaycanlı gənc rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi nümayiş olunub.
AzərTAC xəbər verir ki, festivalın münsiflər heyəti tərəfindən “Kinomexanikin qayıdışı” filmi “Nant-Atlantik hava limanı” xüsusi mükafatı və “Gənc münsif” mükafatına layiq görülüb. Film ARTE ZDF və CNC tərəfindən dəstəklənib.
Nant və Luar–Atlantik şəhərlərindən sonra paytaxt Paris yanvarın 26-dək festivalın qalib filmlərini yerli kinosevərlərə təqdim edəcək.
Lənkəranda anadan olmuş Orxan Ağazadə 2006-2011-ci illərdə Bakı Slavyan Universitetində jurnalistika üzrə bakalavr təhsili aldıqdan sonra, 2015-2018-ci illərdə Böyük Britaniyada “London Film School”da magistratura üzrə təhsilini davam etdirib. O, hələ tələbəlik illərində çəkmiş olduğu qısametrajlı sənədli və bədii filmləri ilə nüfuzlu festivallarda iştirak edib. İlk filmi olan “Leninə məktub”un premyerası Almaniyanın “Leipzig İnternational Film” Festivalında baş tutub.
Qeyd edək ki, 1979-cu ildə yaradıldığı gündən “Üç Qitə Festivalı” beynəlxalq şöhrət qazanıb və fransız kino sevənləri arasında yerini təsdiqləyib.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Bu gün Xalq artisti Zaur Rzayevin doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Bir xatırlayın, sovet dönəmində məşhur bir xalq mahnısı var idi, “Dilbərim”. Onu oxumaqla gündəmə gəlmiş müğənni Zaur Rzayev necə sevilirdi. Elə bir dövlət konserti olmazdı ki, orda tamaşaçıların gur alqışı altında Zaur Rzayev bu mahnını oxumasın.
Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci ilin 28 yanvarında Qazıməmməd (indiki Hacıqabul) rayonunda, dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. O, ilk dəfə 8 yaşında Dəmiryolçular klubunun istirahət konsertində səhnəyə çıxıb. Bir müddət sonra Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülüb.
15 illik musiqi təhsili olan sənətçi Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəridir.
Zaur Rzayev 1998-ci ildə Əməkdar, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Tanınmış müğənnimizi təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Xolokost, ilk televizor və Motsart
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
27 yanvar
Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq.
Beynəlxalq Xolokost Qurbanlarının xatirəsi günü
İnternational Holokaust Remembrance Day. 1933-1945-ci illərdə baş vermiş və Xolokost adı almış, bütün yəhudilərin üçdə birinin məhvinə səbəb olmuş antiinsan aksiyasına rəvac vermiş faşizm daha mövcud deyil, amma millətçilik, irqçilik meyilləri yenə də var. Və nə qədər ki, insanlar milli mənsubiyyətlərinə görə məhv edilirlər, Xolokost daim gündəmdə olmalıdır, insanlığa qənim kəsilənlərin ən böyük ittihamı kimi ona daim müraciət edilməlidir.
Tarixdə soyqırımları çox olub, amma yəhudi xalqına qarşı olan soyqırımı masştabında başqa birisi olmayıb.
Bu günü Xolokost Qurbanlarının xatirəsi günü kimi qeyd etmək barədə qərarı BMT-nin Baş Assambleyası 2005-ci ildə verib. Niyə bəs 27 yanvar? 1945-ci ildə Sovet qoşunları Osvensim həbs düşərgəsinə daxil olub oradakı yəhudi hərbi əsirləri azad ediblər, tarix buradan götürülüb.
Belə bir günü təqvimə salmaqla məqsəd təbliğat və təşviqat mexanizmini bütün gücü ilə işə salmaq, millətçi meyilləri dayandırmaq, faşizmin kökünü kəsməkdir. Hazırkı və gələcək nəsillər heç vaxt Xolokost dəhşətlərini unutmamalı, ondan lazımi nəticələr çıxarmalıdırlar.
Bu gün hər bir azərbaycanlı yəhudi xalqına başsağlığı verir, ölənlərin ruhları üçün dualar edir.
Rusların Hərbi Rəşadət günü
Hazırda Ukraynaya müdaxilə məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu və ya digər məsələlərə görə Rusiyanın hərb siyasəti aktualdır, bu mövzuda istənilən gəlişmə maraq dairəsindədir.
Bu gün Rusiyanın Hərbi Rəşadət günüdür. Bu günün tarixi 1944-cü ilin 27 yanvarına gedib çıxır. Leninqradın blokada mühasirəsindən çıxdığı günə.
Almanlar nasional-sosializmi pisləyəcəklər
Bu günü Böyük Britaniya ayrıca xolokost qurbanlarını yad edəcək bir gün kimi təqvimə salıb. İtaliyada faşizm və nasizm qurbanlarının xatirə günü qeyd ediləcək. Təbii ki, Almaniya özü də əsas baiskar kimi beynəlxalq təqvimə gün saldığından neytral qala bilməz, bu gün Almaniyada Nasional-sosializm qurbanlarının xatirə günü qeyd ediləcək.
Gürcülərdə bu gün Gürcüləri maarifləndirənmüqəddəs apostol Nina günüdür, türkmənlərdə Vətənin müdafiəçisi günüdür, Serbiyada və Bosniyada müqəddəs Savva günüdür (bu günün bir adı da Məktəb günüdür). Monakoda ölkənin nimayədarı Devoutun günüdür. Amerikada isə Milli şokolad keksi günüdür.
Televizorun dünyaya gəlişi və Leninin mumiyası
2000-ci ilin bu günündə Misirdə qadına boşanmaq hüququ verilib. 1997-ci ildə Aslan Masxadov Çeçenistanın prezidenti seçilib. 1973-cü ildə Parisdə Vyetnam müharibəsinin sonunu gətirən sülh müqaviləsi imzalanmışdır. 1967-ci ildə ABŞ-ın Aya səfər edəcək “Apollon” kosmik gəmisi məşq zamanı yanıb, bütün ekipaj həlak olub.
1926-cı ildə Londonda şotlandiyalı ixtiraçı Con Beyrd televiziya görüntülərini qəbul edib nümayiş etdirən qurğunu – televizoru ilk dəfə nümayiş etdirərək tarixdə yeni bir eranın başlanğıcını qoyub. 1924-cü ildə Moskvada, xüsusi Mavzoleydə Vladimir Leninin cəsədini balzamlaşdırıb nümayişə qoyublar.
1918-ci ildə ABŞ kinoteatrlarının ekranlarına baş rolda Elmo Linkoln çəkilən “Tarzan – meymun qəbiləsindən” filmi çıxıb. 1880-ci ildə Tomas Edisson elektrik lampasını patentləşdirib. 1860-cı ildə Taras Şevçenkonun “Kobzar” külliyyatı çap olunub.
Kimlər gəldi, kimlər getdi
1944-cü ildə ingilis musiqiçisi, məşhur Pink Floyd qrupunun üzvü Nik Meyson, 1924-cü ildə Şimali Kiprin ilk prezidenti Rauf Denktaş, 1839-cu ildə Ukrayna himninin sözlərini yazmış folklorçu Pavel Çubinskiy, 1832-ci ildə “Alisa möcüzələr ölkəsində” romanını yazmış ingilis riyaziyyatçısı Lyuis Keroll, 1826-cı ildə rus yazışısı Mixail Sattıkov-Şedrin adanad olublar. Bunu isə xüsusi qeyd etməyə dəyər: 1756-cı ildə dünyaşöhrətli Avstriya bəstəkarı “Don Juan”, “Fiqaronun toyu” kimi 20 ölməz operalarla, 50 simfoniya ilə dünya incəsənətinin qızıl fondunu yaratmış Volfqanq Amadey Motsart dünyaya gəlib.
2008-ci ildə İndoneziyanın ən böyük dövlət xadimi Suxarto, 1983-cü ildə fransız kinoaktyoru Lui de Fyunes, 1732-ci ildə fortepianonu kəşf etmiş italyan ustası Bartolomeo di Françesko dünyadan gediblər.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
“Heç vaxt heç kəsin qarşısında sınmamışam…” - Vaqif Şadlinskinin 85 illik yubileyi qeyd edildi
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Vaqif Şadlinski deyirdi: “Mənim uşaqlıqdan bir əqidəm var. Mən heç vaxt heç kəsin qarşısında sınmamışam. Özümdən qat-qat güclü adamlarla vuruşmuşam, amma sınmamışam. Dünyanın çox çaxnaşmalı dövründə anadan olmuşam. Yaşa dolduqca bu, belə də davam edib. 1940-cı ilin yanvar ayında Qərbi Azərbaycan adlanan məkanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşam. Ziyalı ailəsində doğulmuşam. Dərinlərə baxsaq, xan nəslindənik. Bir gün yadıma gəlir ki, atam gəldi. O, Vedi rayonunun mərkəzi məktəbinin direktoru idi. Atam anama dedi ki, yığışın... Bizi köçürdürlər...
Və 10 gün sonra evə bir Vartan gətirdilər ki, burada qalacaq. Biz də bir otağımızı ona verdik. Bir qərar qəbul edildi ki, 1948–51-ci illərdə haradasa 100 min əhali köçürülsün. Bu köçün ilk mərhələsinə biz düşdük. Ailədə 7 uşaq idik. Baxmayaraq ki, anam savadsız qadın idi, amma savadsız qadın 7 uşağı savadlı etdi."
Vaqif müəllim 1963-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub.
O, bir çox vəzifələrdə çalışıb. 69 ildir ki, əmək fəaliyyətindədir.
V. B. Şadlinski 1964-cü ildə ADTİ-nin 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
V. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir. İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən V. B. Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərmişdir. V. B. Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin sədridir.
V. B. Şadlinski ölkəmizdə dərc olunan bir sıra nüfuzlu və beynəlxalq aləmdə tanınmış elmi jurnalların – o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" jurnalı, Azərbaycan Tibb Universitetinin "Sağlamlıq" jurnalının Redaksiya Şurasının üzvüdür. V. B. Şadlinski 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"-ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"-nın müəllifidir.
Hal-hazırda isə tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiridir.
24 yanvar 2025-ci ildə Azərbaycan Tibb Universitetində Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi. Tədbirdə professor V. Şadlinskinin ömür yoluna və əmək fəaliyyətinə həsr olunmuş "Son məqsəd həqiqətdir" adlı sənədli film nümayiş etdirildi. Filmdə yubilyarın 85 il əvvəl dünyaya göz açdığı həyat yoluna işıq salınıb.
Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyində göstərilən ehtiram və nümayiş etdirilən sənədli film də onun ömür yolunun, elmi nailiyyətlərinin və vətənpərvərliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli bir hadisədir. Onun kimi insanların elmi irsi gələcək nəsillər üçün əvəzsiz bir xəzinədir.
Əlavə etmək lazımdır ki, vətənpərvərlik, el-obaya, doğma irsə bağlılıq akademik V. Şadlinskinin bütün fəaliyyətinin hər dövrdə qayəsini, strateji xəttini təşkil edir. Hər bir mühazirəni və təcrübə məşğələsini tutarlı dəlillərlə, konkret faktlarla klinika ilə nəzəriyyənin inteqrativ nümunəsinə çevirmək, hər mövzu üzrə bir deyil, bir neçə bilavasitə mövzunu işıqlandıran hadisələr, elmi arqumentlər nümayiş etdirmək – Vaqif müəllimin fitri istedadının nəticəsidir.
Vaqif müəllimə uzun ömür arzu edirəm. 100 yaşı onun üçün cavanlıq yaşıdır. 150 yaş və dahasını arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Yusif Nəğməkarla ünsiyyət dastanının boyları
Rəfail İncəyurd, “Ədəbiyyat və incəsənət” üçün
Birinci boy
Yusif Nəğməkar...
Çox şairlərin şəninə yaraşan, yaradıcılığına yanaşan “nəğməkar” epiteti Yusifin adına vəsiqələndi.
Səsələnən, eneryili, uğurlu, cazibədar ad, ədəbi təxəllüs... Bu, Allahın bir lütfü!
İkinci boy
Hər ikimiz İTV-nin “Ozan məclisi”nə dəvətliydik. İlk dəfə bir araya gəlirdik. Ona qədər mətbuatda, mediyada, virtual aləmdə tanış idik, yaradıcılığına bələdiydim aralıdan aralıya. “Ozan”da el şairi Qurban Musayev haqqında danışmalıydıq. Studiyada yanaşı oturanda əyani tanışlıq məqamına elə başladı ki, görən deyərdi ki, min ilin dostlarıdı bunlar. Onda Qurban müəllimin ədəbi müstəvisinin və şəxsiyyətinin portretini mühitin, məkanın fonunda elə fərqli bir dəst-xəttlə cızdı ki, gördüm standartlardan deyil, maraqlı adamdı, mətləbə öz yanaşmaları var. Şairin adına bağladığı kitabın qurluşu da maraqlıydı. Səhifələr boyu yan haşiyələrdə ömürlükdən fraqmentləri səpələmişdi ustalıqla. Bu, Yusifin barəsində üzbəüz, yanbayan ilk, müfəssəl təəssüratım oldu.
Üçüncü boy
Sumqayıta gedirdik Yusifin arabasında. İbrahim İlyaslının 50 illik yubiley törəninə yönlənib yol almışdıq. Yol bu nəğməkar şairin mənəvi dünyasının hər kəsə bəlli(açıq) olmayan 40-cı otağının qapısı qismən üzümə açıldı. Ədəbi cameyə gəlişində və sonrakı dostluq əlaqələri zamanı Bəxtiyar Vahabzadənin haqqında təsnifatının incə məqanlarını agah elədi. Ustada deyəndə ki:
Qızılgülün budağında tikan bitib,
Qaratikan kolunda yaşıl sığallı yarpaq.
Gözəlliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən zərifliyə bax!..
Bəxtiyar müəllim əllərini göyə açıb: “Allah, sənə şükür, Allah! Ədəbiyyatımızın sabahı var”. Bax, bu bir kəlmə, bütün xeyir dualardan, uzun-uzadı ön sözlərindən ötə deyilmi?!
Yolboyu ən önəmli yenilik Yusifin səsində, zümzüməsində muğam parçalarını eşitməyim, eşidib heyrətlənməyim oldu. Süleyman Abdullayevin nəfəsini, ləmsini xatırladan unikal oxusu hələ də huşumda səslənir. Görünür, Allah istedad verdiyi adamlara istedadını nümayiş etdirmək üçün fərqli qabiliyyətlər də verir.
Dördüncü boy
Ötən yay sevgimizin ortaq ünvanı olan Şuşaya rəsmi səfər-ziyarət zamanı yenə qoşalaşdıq. Seçkin qələm dostlarımızın yerləşdiyi avtobusda yan-yana oturduq. Orda da həmişə olduğu kimi yenə hamıdan fərqləndi, mikrafon götürüb aparıcılıq elədi. Öz-özünə, təbii şəkildə koordinatorumuz oldu. Şeir şeir söylətdi, şeir söylədi:
Arxa-arxayadı silsilə dağlar,
Üstünə gürşadlar tökülsün, nə qəm!
Zirvələr buludu başına bağlar,
Bir daşı tərpənməz titrəsə aləm.
Sellərin ağzında yallar yalansa,
Təmkinli gədiklər baxar, sarsılmaz.
Şimşəyin qılıncı qızıl ilansa,
Qayalar kirpiyə dönər, basılmaz.
Ağaclar hörülər biri-birinə,
Helləşən kəllərin buynuzu kimi.
Mat qalıb dağların bu hünərinə,
Mələr təbiət də bir quzu kimi.
Dağları əbədi yaşadan belə
O dağın bu dağa kömək əlidi.
Əl-ələ verməyi, birliyi hələ
İnsanlar dağlardan öyrənməlidir!
Yusif Nəğməkarın onda səsləndirdiyi yerinə, məqamına düşən bu şerini dinləyib əl çalanlara mən də böyük məmuniyyətlə qoşulmuşdum.
Yolboyu yenə yaxşı bir coğrafiya dərsi keçdi yolçulara. Yusif Aran Qarabağdan(Beyləqan) olduğu və oraları ağac-ağac, daş-daş tanıdığı üçün Arandan Aran Qarabağa, Aran Qarabağdan Dağlıq Qarabağa keçid yerlərini və keçid yerlərində təbiət dəyişkənliklərini əyani şəkildə göstərir və yenə hər kəsin bilgisinə, marağına vəsilə olurdu. Şuşada qaldığımız üç gün müddətində davranışı ilə xarakterini də hir daha sərgilədi. Deyirlər ki, yol, səyahət adamı göstərib tanıtmağın ən yaxşı güzgüsüdü. Düz deyirlər.
Beşinci boy
Sonralar bizim Qazax Xeyriyyə İctimai Birliyinin bir sıra tədbirlərinə dəvət aldı, elə qaynadı-qarışdı ki, sədrimiz prof. İlham Pirməmmədov Birliyimizin fəxri üzvlüyünə qəbul etmək üçün ona zəmanət verdi. Görüşlərimiz intensivləşdi. 70 yaşımın tamamında digər yaxın dostlarin, həmkarların sırasında həm Atatürk mərkəzində rəsmi törəndə, həm də “Xarı Bülbül”də süfrəli, sazlı-sözlü ikinci hissədə də bir yedəydik. İncəli ola, İncəli məclisi ola, aşıx tünlüyü olmaya. Heç ağıl kəsən şey deyil. Aşıq Şaiq, aşıq Avdı meydan sulayırdılar. Onları əvəzləyənlər də olurdu. Sifarişlər davanbasaraq gəlirdi. Söz şair Yusif Nəğməkara veriləndə, dübarə aşiq Yusif Nəğməkar da peyda oldu. “Yanıq Kərəmi”si ustad aşıqların havacatları yanında heç sıxılıb-zad eləmədi. Şeirinə tuş gələn alqışlar, sazına da tuş gəldi.
Yusifin solo-saz ifaçılığı yarışmasının qalibi olmasını, çalğısında impirvizəli gedişlərini, özünün təbirincə desək sinə kamanının da (sikripka) mahir ifaçısı olmasını hamı bilir. Bir daha xridarların meydanına sazla girməsi (girib yarıtması) isə ayrı mətləbin nişanıydı.
Altıncı boy
AMEA-nın bağında Beynəlxal Kitab sərgisi düzənlənmmişdi. Möhtəşəm panellər həm paralel səsləşir, həm də bir-birini əvəz edirdi. Əraziyə girəndə kitablarını stollara düzənlər yalan oldu, Yusif gerçək. Tanyanların əhatəsində yenə də haylı-haraylı, eşqli-enerjili dialoqlar, söz-söhbətklər... Mənə də söz verdilər və mən təbrikimi və şair dostumun gözüm alan bu şeirini dedim:
ÖMÜR YOLU KİMİ...
Gör dünyanın harasında
Yar-yarğanlar arasında
Gözlərimin qarasında
Axan bulud xəyalımdır.
Heyrətim-ahım, amanım,
Fikrim-çəhlimli dumanım,
Qıjov çay-sazım, kamanım,
Sel-çağlayan royalımdır.
Yermi, göymü, heç bilmirəm,
Barı sən bax, seç, bilmirəm,
Yal aş, keçid keç, bilmirəm,
Yamac yaşıl boyalımdır.
Əlvan, sərgin tüllərə bax,
Kövrək, zərif tellərə bax,
Döşdə gəlin güllərə bax,
Qız qönçələr həyalımdır.
Bulaq təbim süvarlanan --
Dərya dərə avarlanan...
Axşamüstü yuvarlanan;
O gündöyən Ay alımdır.
Sərt kahalar daş küməli;
Yaradanın rahim əli...
Dağ sükutu vahiməli --
Nağılım, röya halımdır...
Yolu sağa, sola əyin,
O sıldırım sınmaz deyin.
Güzarımın bəxti yeyin,
Qədəmlərim sayalımdır.
Dağlar ucadır, uludur,
Ərzin bükülməz qoludur...
Keçdiyim ömür yoludur --
O da daşlım, qayalımdır...
Yeddinci boy
Tarix saatını durdurdu birdən,
Ümid baharımız qandan qışladı...
Zaman buzlaq kimi donduğu yerdən
İsinib, sındığı andan başladı.
Üşüyən torpağa isti qan töküb,
Çoxdan ər səsləyən meydana girdik.
Ürəyi qeyrətə, hünərə büküb,
Qarabağ səbrinin üstünə sərdik.
Qırx dörd gün içində hesab qanunu
Pozuldu hesabsız illərə rəğmən;
Otuzun cəmindən kəm gördük onu -
Məğzi kəmiyyətin dəyişdi həmən...
Atəşlər önündə leş qalaq-qalaq...
Bəlkə od yağdıran Tanrı əliydi.
Vətən sevgisinin yağmuruna bax -
Axışan əsgərmi, ya ruh seliydi?!
Məkrin qərinəcə çatılan qaşı
Ya şər, xəyanətin qəfil qəsdi ya...
Otuz il - torpağın əsarət yaşı,
Qırx dörd gün -
"məhbus"a şok "amnistiya"...
Sinə sipərimiz - çətən arzular...
Səda Rəbbimizdən, can özümüzdən.
Doğdu günəşimiz - Vətən arzular
Şəhidlik, qazilik danüzümüzdən.
...Otuz il sıxıldıq yaytək, sonunda
Dəli nərə kimi açıldı ünüm;
Haqqa süvar oldu heyrət donunda
Dünyanı mat qoyan o qırx dörd günüm!..
Boylarımız boy verə-verə irəliləməkdə… Yusif Nəğməkar ömrünün müdrik çağının müdrik şeirlərini yazmaqda… Hər yerdə, hər zaman görünrülü və sevilən bir ömür hekayəsi yazmaqda… Gələcəyə, görəcəyə Salam olsun!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
TÜRK QƏHRƏMANLAR - “Türk tarixinin böyük hökmdarı Çingiz xan”
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk və dünya tarixində dərin iz buraxmış hökmdarlardan biri, böyük dövlət qurucusu və sərkərdə Çingiz Xandır. Onun adı yalnız türk xalqları arasında deyil, bütün dünya tarixində bir dönüş nöqtəsi kimi qəbul edilir. Çingiz Xan sarsılmaz iradəsi, mükəmməl strateji düşüncəsi və böyük idarəetmə bacarığı ilə tarixə damğasını vurmuşdur.
Çingiz xanın uşaqlığı və yüksəlişi
Çingiz Xan doğulanda “Timuçin” (“Təmuçin”) adı ilə tanınırdı. 1162-ci ildə Onon çayı yaxınlığında bir türk-monqol ailəsində dünyaya gəlmişdir. Həyatının erkən çağlarından çətinliklərlə üzləşmiş, atasının öldürülməsindən sonra ailəsi ilə birlikdə tənhalığa məhkum olmuşdur. Bu çətinliklər onu daha güclü və inadkar etmiş, liderlik qabiliyyətlərini inkişaf etdirməsinə səbəb olmuşdur.
Dövlət quruculuğu
Timuçin müxtəlif tayfaları bir araya gətirərək 1206-cı ildə böyük bir dövlət qurdu və “Çingiz Xan” titulunu aldı. Bu, “Dünyanın hökmdarı” mənasını verirdi. Onun rəhbərliyi altında Monqol-Türk İmperiyası qısa müddətdə Asiyanın böyük bir hissəsini, daha sonra Avropanın bəzi bölgələrini əhatə edən geniş bir əraziyə çevrildi. Çingiz Xan sadəcə torpaq fəth etməkdə deyil, o torpaqlarda güclü bir idarəetmə qurmaqda da misilsiz idi. O, sərt qanunlar hazırladı və “Yasaq” adlı hüquq sistemi ilə ərazilərində sabitliyi təmin etdi.
Hərbi dahi və strateq
Çingiz Xanın hərbi bacarığı onun ən güclü tərəflərindən biri idi. O, sürətli və çevik ordular quraraq düşmənlərini çaşqın vəziyyətdə qoyurdu. Onun ordusundakı dissiplin və strategiya dövrünün digər hökmdarlarının heç birində görülməmişdi. Ən çətin şəraitlərdə belə, Çingiz Xan ətrafındakı döyüşçülərə ruh yüksəkliyi verir, onlara qalib gəlmək üçün yol göstərirdi.
Mədəniyyət və idarəetmə
Fəth etdiyi ərazilərdə Çingiz Xan yalnız dağıntı yaratmaqla kifayətlənməmiş, mədəniyyətlər arasında əlaqələr qurmuşdur. Ticarət yollarını, xüsusilə İpək Yolunu qorumuş və yenidən canlandırmışdır. Onun dövründə mədəniyyətlər arasında bilik mübadiləsi daha da artmışdır. İdarəetmə sistemində dini dözümlülük prinsipinə böyük əhəmiyyət verilirdi. Fərqli dinlərin nümayəndələri onun dövründə azad şəkildə öz inanclarını ifadə edə bilirdilər.
Mirası və əsiri
Çingiz Xan yalnız fəth etdiyi torpaqların ölçüsü ilə deyil, yaratdığı dövlət sistemi ilə də tarixdə iz buraxmışdır. Onun qurduğu imperiya təkcə ərazi deyil, həm də idarəetmə prinsipləri baxımından uzun müddət dayanıqlı qalmışdır. Çingiz Xanın ölümündən sonra imperiya dörd əsas xanlığa bölünsə də, onun mirası uzun illər boyunca qorunmuşdur.
Türk tarixində Çingiz Xan böyük bir dövlət xadimi və sərkərdə kimi xatırlanır. Onun qurduğu imperiya türk-monqol mədəniyyətlərinin birləşməsinə, ticarət yollarının inkişafına və mədəni əlaqələrin artmasına böyük təsir göstərmişdir. Həyatı boyu yaşadığı çətinliklərdən, qazandığı zəfərlərdən və yaratdığı mirasdan öyrəniləsi çox şey var.
Çingiz Xan türk dünyasının böyüklüyünü və gücünü dünya miqyasında nümayiş etdirən hökmdar olaraq hər zaman xatırlanacaqdır. Onun adı əbədiyyətə qədər yaşayacaq, irsi isə tarix səhifələrində əbədi qalacaq.
“Çingiz Xan və inamın gücü”
Bir gün Çingiz Xan öz ordusunu geniş çöllərdən keçirirdi. Qazandığı qələbələrin sayı-hesabı yox idi, amma o, heç vaxt qələbəyə arxayın olub ehtiyatı əldən verməzdi. Bir axşam ordu qısa bir fasilə üçün dayanmışdı. Çadırlar qurulmuş, döyüşçülər atəş ətrafında yığılmışdılar. Çingiz Xan təkbaşına öz çadırında oturub düşüncələrə dalmışdı. Qəribə bir hiss onu narahat edirdi – sanki bir şey əskik idi.
Səhər çağı Çingiz Xan öz yaxın məsləhətçilərini yanına çağırdı. O dedi:
— Bizim qələbələrimiz çoxdur, amma mən qorxuram ki, bu zəfərlər bizi arxayınlaşdırıb zəiflətsin. İnanclarımızı və gücümüzü yoxlamaq üçün bir imtahan keçirəcəyəm.
O, sadiq döyüşçülərindən birini çağırdı və ona belə bir tapşırıq verdi:
— Gecə olunca bu çölün o biri tərəfindəki dağa tırman və ordakı müqəddəs mağaradan bir ovuc torpaq gətir. Amma bunu təkbaşına etməlisən.
Döyüşçü baş əyib yola çıxdı. Gecənin zülməti, çölün sərt küləyi və dağın çətin yolları onu gözləyirdi. Mağaraya çatmaq asan deyildi. Döyüşçü irəlilədikcə yol daha da çətinləşirdi. Amma o, Çingiz Xanın əmrinə olan inamını itirmədi. Hər dəfə dayanmaq istəyəndə öz-özünə deyirdi:
— Mənim hökmdarım məni bu yola göndərdisə, onun bir səbəbi var.
Nəhayət, döyüşçü mağaraya çatdı. Oradan bir ovuc torpaq götürdü və gecə boyunca geri döndü. Səhər çağı o, Çingiz Xanın qarşısında dayanıb torpağı təqdim etdi. Çingiz Xan döyüşçünün üzündəki yorğunluğu və çətinliyə baxmayaraq işini yerinə yetirməsinin qürurunu hiss etdi.
O dedi:
— Bu bir ovuc torpaq bizim zəfərlərimizdən daha qiymətlidir. Çünki o, inamın gücünü göstərir. Sənin yol boyunca qarşılaşdığın hər çətinlik bizim dövlətimizin qarşısına çıxacaq maneələrdir. Amma bu maneələr yalnız inam və sədaqətlə aşılır. Bizim gücümüz qılınclarımızın itilində deyil, qəlblərimizdəki inamda və birliyimizdədir.
Bu rəvayət Çingiz Xanın yalnız bir sərkərdə deyil, həm də böyük bir lider olduğunu göstərir. O, təkcə torpaqları fəth etmirdi, həm də öz ətrafındakı insanlara inamı, sədaqəti və birlik ruhunu aşılamağı bacarırdı. Bu, onun imperiyasını uzun müddət möhkəm saxlayan sirrlərdən biri idi.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)