
Super User
Şəhidlər barədə şeirlər – Xudayar Yusifzadə
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Xudayar Yusifzadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
XUDAYAR MÜSLÜM OĞLU YUSİFZADƏ
(15.07.1998.-22.10.2020.)
Bərdə şəhərində anadan olmuş, oxuduğu təsniflə milyonların sevimlisinə çevrilmiş, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
VƏTƏNİ CANDAN ÇOX SEVƏN XUDAYAR
Necə də şövq ilə oxuyurdu o,
Nəğmədən bir çələng toxuyurdu o,
Sanki yurdun ətrin qoxuyurdu o,
Söhbəti mahnıydı, sözü kaman, tar,
Vətəni candan çox sevən Xudayar.
Qəmzəli gülüşü- nurlu üzündə,
Həyat bir nəğməydi onun gözündə,
Müqəddəs Şuşanın Cıdır düzündə
Gəzsəydi, olardı necə bəxtiyar,
Vətəni candan çox sevən Xudayar.
Qəlbində sevgili Vətən var idi,
Qarabağsız həyat ona dar idi,
Dünya susmuş idi, dünyakar idi,
“Qarabağ bizimdir”- hey çəkirdi car,
Vətəni candan çox sevən Xudayar.
Doymazdı Vahidin qəzəllərindən,
Oxuyurdu yurdun gözəllərindən,
Riyakar düşmənin əməllərindən,
Danışıb, deyərdi,- düşmən olar xar,
Vətəni candan çox sevən Xudayar.
Atıldı döyüşə Xudayar şir tək,
Vuruşdu düşmənlə igid tək, ərtək,
Məhv oldu düşmənlər fitnə tək, şər tək,
Adı hər bir zaman dildə dolaşar,
Vətəni candan çox sevən Xudayar.
Zəfərdə, şəhiddə, yurd da bizimdir,
Qalib ölkə kimi, ad da bizimdir,
“Xudayar təsnifi” necə həzindir,
Özü tək təsnifi əbədi yaşar,
Vətəni candan çox sevən Xudayar.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
İsrail mətbuatında Azərbaycana aid məqalə dərc olunub
İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – Gurevich Communications” şirkətinin rəhbəri, tanınmış jurnalist və politoloq Roman Qureviçin İsrailin “Yerusəlim post” və “9TV” xəbər saytlarında “Yəhudilərin, İsrailin dünya xalqları ailəsində həqiqi dostları varmı?” başlıqlı məqaləsi işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə İsrailin beynəlxalq ictimaiyyətdə həqiqi müttəfiqlərinin olub-olmaması müzakirə edilib, həmçinin qlobal antisemitizmin artması, beynəlxalq təşkilatların “mənəvi uğursuzluqları” ilə bağlı narahatlıqlar qələmə alınıb.
Müəllif bu tendensiyaları Azərbaycan İsrail əlaqələri ilə müqayisə edərək, ölkəmizdə yəhudilərə göstərilən tolerant münasibəti ön plana çəkib. İsrailə qarşı getdikcə artan düşmənçilik fonunda, Azərbaycanın etibarlı müttəfiq olduğunu qeyd edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-840411
https://www.9tv.co.il/item/85407
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
BİZƏ YAZIRLAR – “Böyük şəxsiyyətin 80 illik yubileyinə məqalə həsr olundu”
“Ədəbiyyat və incəsənət”in BİZƏ YAZIRLAR rubrikasında Yasamal Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Lətifə Məmmədovanın məktubu yer alıb. Məktubda qeyd edilir:
Ötən gün görkəmli müğənni və bəstəkar, tanınmış ictimai və dövlət xadimi Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd edildi.
Yubileylə əlaqədar yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İB-nin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli “Heydər Əliyev” ordeni ilə təltif olunmuş böyük sənətkara “Bir ömrün rəngarəng dünyası” məqaləsini həsr edib.
Nüşabə Məmmədli qeyd edir ki, bu böyük sənətkar və tanınmış şəxsiyyət haqqında yazmaq məsuliyyətli və çətindir. O qeyd edir ki, əsərin qəhrəmanı Azərbaycan Respublikasının və SSRİ Xalq artisti, bəstəkar, “Heydər Əliyev” ordenini şərəflə daşıyan ictimai və siyasi xadim, müğənni, Azərbaycan estrada musiqisinin təbliğində və inkişafında böyük rolu olan Polad Bülbüloğlu dünyada tanınan şəxsiyyətdir. O, dayanmadan-durmadan, yorulmadan, öz ürəyinin odunu-alovunu, ruhunun hərarətini incəsənət aləminə qatqar verərək, estrada dünyasına Polad Bülbüloğlu dünyası qataraq böyük bir yenilik gətirir.
Nüşabə Məmmədli haqlı olaraq qeyd edir ki, Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni çoxları bir ömr çalışsa da verə bilməyib. Ona görə də onun ömrünün hər səhifəsini, hər gününü inamla bir ömr adlandırmaq olar.
Yazıçı Polad Bülbüloğlu müğənni, bəstəkar, nazir, səfir obrazlarını yaradıb. Onun mədəniyyət naziri olduğu zaman mədəniyyətdə olan böyük inkişafı, kitabxanaların müasirləşdirilməsini qeyd edir müəllif.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Gənclər Kitabxanasında Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə bağlı elektron məlumat bazası hazırlanıb
Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri, TÜRKSOY-un sabiq sədri, Azərbaycanın, Türkmənistanın, Özbəkistanının və Başqırdıstanın xalq artisti, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, millət vəkili Polad Bülbüloğlunun 80 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Polad Bülbüloğlunun zəngin mədəni, ictimai, siyasi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanıb.
Elektron məlumat bazası ilə tanış olmaq üçün kitabxananın rəsmi saytından https://ryl.az/melumat-bazalari/Polad_Bulbuloglu_el_melumat_bazasi/index.html
istifadə etmək olar.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, bazada görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, müəllifi olduğu musiqi əsərləri və mahnıların siyahısı təqdim olunur. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dünya şöhrətli müğənni”, “Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi” kimi bölmələrlə yanaşı, Xalq artistinin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə layiq görüldüyü təltif və mükafatlar, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər də yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada bəstəkarın “Eşq və ölüm” baleti haqqında məlumat verilir, Polad Bülbüloğlunun müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin, keçirdiyi səfər və görüşlərin, çıxışların, müsahibə, müraciət və şərhlərin, təqdimatların, Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan tamaşaların siyahıları təqdim edilir.
Bundan əlavə məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “İzomateriallar”, “Filmoqrafiya”, “Video və fotoqaleraya” kimi bölmələr də yer alır.
Kitabxana tərəfindən Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə əlaqədar hazırlanan, görkəmli bəstəkarın həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar, Polad Bülbüloğlunun səs yazıları, ifaları ilə zəngin olan geniş videomaterial https://ryl.az/multimedia/polad-bulbuloglu-80 da elektron bazanın ilk səhifəsində yerləşdirilib. Videomaterialda Prezident İlham Əliyevin Polad Bülbüloğlunu təltif etdiyi ən ali mükafat - “Heydər Əliyev” ordeninin təqdimetmə mərasimindən görüntülər, Xalq artistinin Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri sərgilənir, Azərbaycan mədəniyyəti, incəsənəti, müsiqisinə verdiyi əvəzsiz töhfələr haqqında məlumatlar təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Almaniyada yaşayan soydaşımız ABŞ Senatına müraciət edib
Almaniyanın Herford şəhərində yaşayan, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb.
Həmçinin müraciətdə Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda ABŞ-ın öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi qeyd olunub.
Beynəlxalq hüquq üzrə ekspert Asəf Askar müraciətində xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib. ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.
Bob Menendez ABŞ Nümayəndələr Palatasının üzvü, ABŞ Senatının üzvü, Senatda Xarici Əlaqələr Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında korrupsiya və rüşvətxorluq ittihamları əsasında 11 il həbs cəzasına məhkum edilib. O, siyasi fəaliyyəti boyu Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyib və Azərbaycana qarşı düşmən mövqedə olub.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Rüstəm İbrahimbəyov, Skautlar Günü, bir də La Skala
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - 5 fevrala təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:
Beynəlxalq Skautlar Günü
Skaut yaşı 6 yaşdan ta ki 21 yaşa qədər hesab edilir. Bu gün 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc skaut hərəkatının sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər. Skaut sözünün tərcüməsi kəşfiyyatçı deməkdir, skaut hərəkatının banisi isə general Robert Baden-Pauell olub. Bu general istefada olarkən “Oğlanlar üçün kəşfiyyat” kitabını yazıb. Bu kitabda da o, yeniyetmə və gənclərin bir vahid ideya ətrafında birləşməsinin əsasını qoyub.
O cümlədən ölkəmizdə də fəaliyyət göstərən Skaut təşkilatı – müstəqil, qeyri-siyasi qurumdur, bu, uşaq, yeniyetmə və gənclərlə bir iş proqramıdır ki, özlüyündə bütün çətinliklərə baxmayaraq daim ayaqda qalmağı ehtiva edir. Skautların vətəni İngiltərə hesab edilir, 1907-ci ildə bu ölkədə ilk boyskaut düşərgəsi açılıb.
Skaut qalstukunu sonradan sovetlər götürüb pioner qalstuku kimi istifadə ediblər, eləcə də “Həmişə hazır ol” şüarını.
Skautun yaşadığı qaydalar şərçivəsi isə bunlardır: faydalı olmaq, bütün skautların dostu və qardaşı olmaq, xeyirxah, alicənab olmaq, yalan danışmamaq, təbiəti qorumaq, gülümsər olmaq, çətinlikdən qorxmamaq.
Azərbaycan skautlarının andı bilirsiniz necədir? And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.
Skaut gününüz mübarək, əziz uşaq, yeniyetmə və gənclər.
Ümumdünya Nutella günü
Bu bir uşaq bayramıdır, məşhur yerfındıqlı şokolad pastasının şərəfinədir. Bu qidanı bütün dünyada uşaqlar çox sevirlər, amma bir çox rejionda, xüsusən müharibələr və aclıqlar çəkən Afrika və Mərkəzi Asiya regionunda uşaqlar ona tamarzıdırlar. Nutella günündə xüsusən avropalı və amerikalı uşaqlar aclıq çəkən uşaqlara sovqatlar, mütləq də Nutelle göndərirlər.
Səhər naharına dondurma günü
Bu dadlı qidanı adətən insanlar səhərlər yeməzlər, amma bu gün insanlardan məhz səhər naharına dondurma yemək təvəqqe olunur. Bekarçılıqdan ortaya çıxan bir gündür əlbəttə. Qayğısız əcnəbi insanlar bilmirlər ki, başlarını nə ilə qatsınlar.
Monarx günü
Monarx günüdür həm də bu gün. Amma bu monarx o monarxdan deyil, yəni, kilsə ilə əlaqəli bir gün deyil. Söhbət nimfalid ailəsindən olan kəpənəkdən gedir, Şimalı Amerikada məskunlaşmış bu kəpənək olduqca valehedici olduğuna görə şəninə gün təsis ediblər.
Finlandiyada bayraq, Burundidə birlik, Danimarkada Şahzadə Merinin tacı, Pakistanda Kəşmirlə həmrəylik, Argentinada Linkoln və Buanes-Ayres karnavalları günüdür. İsraildə Tu bi-Şvat bayramıdır. Yəhudi təqvimi ilə şvat ayının 15-ci günündə qeyd edilən bu bayramın qeyri-rəsmi adı “Ağaclar üçün Yeni il” adlanır, insanlar bir-birini görcək gülümsəyərək “Roş xa-Şana La İlanot” söyləyirlər.
O ki qaldı Amerikaya, onlarda bu gün Milli şokoladlı fondyu günüdür. Fondyu – çörək, kartof və əridilmiş pendirin şokoladla süfrəyə verilməsidir.
La Skalada “Otello”nun premyerası
2009-cu ilin 5 fevralında Somalı piratları rəsmən 3200000 dollar pul alaraq Ukraynanın “Faina” gəmisini 17 nəfər ekipajla birgə azad edərək tarixdə ilk presidentin əsasını qoyublar. 1991-ci ildə Qırğızıstanın paytaxtı 65 il bolşevik terrorçusu Frunzenin adını daşıdıqdan sonra Bişkek olub. 1958-ci ilin 5 fevralı qəribə bir olayla yadda qalıb. Jorjiya sahillərindəki təlim zamanı aviaqəzada hidrohen bombası itib. Hələ də həmin bomba tapılmayıb. 1952-ci ildə Nyu-York üçişıqlı işıqfor işlədilən ilk şəhər kimi tarixə düşüb. 1924-cü ildə BBC radiosu Qrinviç abservatoriyasından dəqiq vaxt siqnalları verməyə başlayıb. 1920-ci ildə Ukraynada ataman Maxno vərəqələr yayaraq yerli xalqı rus bolşevikləri ilə mübarizəyə səsləyib. 1916-cı ildə Sürixdə “Kabare Volter” – dadaizmin yarandığı məkan fəaliyyətə başlayıb. Dadaizmin əsas prinsipləri irrasionalizm, mövcud kanon və stereotiplərin dağıdılması olub. 1887-ci ildə Milanın La Skala teatrında Verdinin “Otello” operasının premyerası olub. 1783-cü ildə İtaliyanın Kalabriya əyalətində tarixin ən uzunmuddətli zəlzələsi qeydə alınıb – iki ay davam edən yeraltı təkanlar və sunami 180 yaşayış məskənini dağıdıb, 60 min insan həyatını itirib.
Üç dahi azərbaycanlının doğulduğu gün
1985-ci ilin 5 fevralında dünya futbolunun ən parlaq ulduzu – Kriştianu Ronaldu, 1968-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 1878-ci ildə fransız mühəndisi, “Sitroen” kompaniyasının yaradıcısı Andre-Qustav Sitroen, 1840-cı ildə Amerika silah konstruktoru, pulemyotu kəşf etmiş Qayri Maksim, 1812-ci ildə fransız baronu, Puşkini dueldə öldürmüş Jorj Dantes dünyaya gəliblər.
Təqvimdə çox az sayda günlər var ki, həmin gün bir xalqa məxsus bir neçə dahi insan doğulur. 5 fevral da belə günlərdən biridir. 1939-cu ilin bu günündə dünyaşöhrətli azərbaycanlı yazıçı, ssenarist Rüstəm İbrahimbəyov, 1923-cü ildə tanınmış azərbaycanlı tarzən Baba Salahov, 1918-ci ilin bu günündə isə dahi azərbaycanlı bəstəkar, dünya musiqi irsində əvəzsiz yerə malik Qara Qarayev doğulublar.
Niyə də 5 fevralı dahilər günü elan etməyək ki?
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir” - VARİS
Seymur Əliyev, “Ədəbiyyat və incəsənət” üçün
Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı,şəxsiyyətləri də hədəfə alınmaqdadır.
Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi?
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının(WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri, xüsusən, Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar.
Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar.
Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni?
Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Yadında qalan qədərəm...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə o, duasını dinləndirir.
Günah sənsən, günahkar mən
-deyir şair. Bəzən bir kəlmə qalın kitablardan daha çox məna ehtiva edə bilir.
Xoş mütaliələr!
Günah sənsən, günahkar mən,
Cəza almış can qədərəm.
Bütün qanımı içmisən-
Yerdə qalan qan qədərəm...
Nə ağırmış şərtin, allah
Bu bəşər nə şərdi, allah.
Dünən bir şəhərdim, allah
Bu gün xaraban qədərəm.
İtkim- azaldığım deyil,
Verdiyim... aldığım deyil.
...Yanında qaldığım deyil-
Yadında qalan qədərəm...
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
“Sonuncu barista” - Əli Novruzovun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əli Novruzovun hekayəsi təqdim edilir.
Elşənlə axşam saat 5-də Nərimanovdakı "Ned's" kofebarında görüşməli idik. Metrodan kofebara kimi piyada 15 dəqiqəlik yolu ayaqlarım uzun olduğuna görə 10 dəqiqəyə qət edə bilirdim. Bəxtimdən işıqforlar da bu dəfə məni gecikdirmədi. "Herzog" otelinə çatıb Həsənoğlu küçəsinə dönəndə kofebarın qabağında Elşəni gördüm. Çəkib qurtardığı siqaretin kötüyü ilə təzə siqareti yandırmağa çalışırdı.
Elşən görüşə məndən tez gələndə iki dəqiqədən bir vatsapda "hardasan, gelirsen?" yazıb baş-beynimi xarab edirdi. Amma indi məni görəndə özündən çıxmadı. Nə "adam bu qədər gecikər?", nə "saatını 10 dəqiqə dala çək", nə "gələn dəfə səni bir saat gözlədəcəm", heç nə demədi. Təzə siqareti də söndürüb zibil qutusuna tulladı. Əlini atıb kofebarın qapısını açdı:
- Tez gəl, səninlə işim var.
Saatıma baxıb dedim:
- Düz vaxtında gəlmişəm ki! Məndən çıxmayan iş.
- Hə, səndən çıxmayan iş.
İçəri keçəndə Elşən yenə sifətini turşutdu:
- İlahi, necə zəhləm gedir bu yerdən. Hər şey saxtadır. Hamı klip çəkir. Niyə axı bura gəlirsən?!
- Vallah, mənim xoşuma gəlir, - deyib qapını arxamca örtdüm.
- Xoşun gələcək də...
- Yaxşı, yaxşı, başlama. Gəl o pəncərə tərəfə. Asılqanın yanındakı stol.
Kofebarda çox adam yox idi. Təkadamlıq yerlərdə Bakıdakı lüteran icmasının pastoru gözümə sataşdı. Üzümü ona tutub bir az ucadan salam verdim:
- Guten Abend, Doktor Tetmajer!
Doktor başını tərpətdi, əlini ürəyinin üstünə aparıb "dobrıy veçer" dedi. Elşən kinayəsindən qalmadı:
- Bu da səni görən kimi rus dilini praktika eləyir. Guten Abendin yenə sənə qaldı.
- Bəsdir, başlama!
Gözüm ofisiantı axtarırdı. Bu gün növbədə Ağa olmalı idi. Məni özü gördü. Əli ilə iki göstərib soruşdu:
- Long black?
- Yes! - deyib baş barmağımı qaldırdım.
Gödəkçələrimizi asıb oturduq. Qəhvə maşını işə düşdü. Elşən telefonu çıxarıb gözünü ekrana zillədi, sonra nəsə yazmağa başladı. Qəhvə maşını susanda dözmədim:
- Qoy da o telefonu yerə. Mənimlə nə təcili işin var idi?
Elşən telefonu üzü üstə çevirib masaya qoydu. Başını aşağı salıb sakitcə dedi:
- Özümü satıram.
- Doğrudan?
- Hə. Bu gün səhər getmişdim ASAN Xidmətə. Prosedurları keçdim. Portaldan tibbi arayış da aldım. Bir dənə ödümdə qatılaşma var imiş. Belə amma tam sağlamam. Gələn həftənin birinci günü patenti alıb göndərəcəm birjaya.
- Hansı birjaya? İstanbula?
- Yox, mən araşdırdım, İstanbulda qiymətlər çox aşağı düşüb. Ruslarla ukraynalılar basıb oranı. Şanxaya da baxdım, dəhşət növbə var. Bütün Orta Asiya ora gedir, xaricilərə kvota qoyublar. Növbə sənə çatana kimi altı ay keçir. Qalır ancaq Bakı.
- Bakıda kimə, neçəyə satacaqsan özünü? Bakıda guya nə birja var ki?
Elşən heç nə demədi. Ağa bizim qəhvələri gətirmişdi. Yəqin, başqa adamın yanında danışmağa hələlik utanırdı. Doktor Tetmajer ayağa qalxıb tualet tərəfə üz tutdu. Ağa gedəndən sonra Elşən qəhvədən bir qurtum içib dedi:
- Mənim tək variantım Bakıdır.
- Bəs nə bacarırsan? Nə təklif edəcəksən?
- Nə bilim. Maşın sürə bilərəm...
Məni gülmək tutdu:
- İndi sürücü var? Kimə lazımdır sənin maşın sürməyin? Bəlkə, ancaq Naxçıvanda. Orada maşını adam sürməlidir. Elə eşitmişəm. Amma onlar da kənardan adam almırlar. Gərək prosedurlardan əvvəl qeydiyyatın Naxçıvana olsun.
Əlimi uzadıb masadan qəhvəmi götürdüm. Yenə əla alınmışdı. Burada qəhvənin tamı hər dəfə başqa cür olurdu. Demək, məsələ təkcə qəhvənin növündə, qovrulmasında, maşında deyil. Baristalıq idi. Hər dəfə qəhvə hazırlayanda barista improvizasiya edirdi.
Elşən qəhvəsini masaya qoyub dedi:
- Baxma da, alqı-satqı vaxtı məlum olacaq. Alan adam nə istəyir, mən nə verə bilərəm. Uzaqbaşı, cavan oğlanam, özümə görə yaraşığım var. Bəlkə, hansısa qadına lazım ola bilərəm. - Elşən susdu, bir az fikirləşib ardını gətirdi: - Əslində, çox eybəcər olmasa, kişi də istəyə bilər.
İsti qəhvə ağzımdan püskürüb masanın üstünə yayıldı, Elşənin sifətinə, paltarına, telefonuna, qəhvəsinin içinə sıçradı.
- Sən canın, bağışla, səhv başa düşmə. Mən mentallardan deyiləm, amma səndən gözləmirdim.
Ağa əlində kağız salfetlərlə bizim masamıza tərəf gəlirdi. Əl atıb Elşənin qəhvəsini özümə tərəf çəkdim:
- Vallah, bilərəkdən olmadı, üzrlü say. İndi sənə təzə kofe alacam.
Ağa masanı təmizləyib qurtarana kimi ikimiz də susduq. Elşən salfet ilə telefonunu silirdi. Mən də paltarlarıma baxırdım. Sviterim batmamışdı, amma cins şalvarıma bir-iki xırda ləkə düşmüşdü. Ağa təzə qəhvə sifarişini də götürüb masadan aralanandan sonra Elşən həmişəki sakit səsi ilə dedi:
- Səndən dəhşət zəhləm gedir. Nifrət edirəm sənə. Özünü elə aparırsan, guya baş verənlərin sənə dəxli yoxdur. Bakıda sonuncu barista bu kofebarda imiş. Hələ də ofisiantları var imiş. Yarım saat metro ilə, on beş dəqiqə piyada yol gəlirsən ki, illüziyaya qapılasan. Elə bil camaat hələ də işləyib maaş alır. Böyrəyini satmısan. Onun pulu qurtaranda neyləyəcəksən?
Ayağa qalxdım:
- Tualetə dəyim, qayıdıram. Çıxıb siqaret çəkək. Ciyərim yanır.
Tualet boş idi. İçəri keçib qapını bağladım. İşəməyim gəlmirdi. Krantı açıb suyun axmağına baxa-baxa fikirləşirdim. Elşən düz deyirdi. Böyrəyin pulu qurtarandan sonra neyləyəcəm? Onda patent də bir işə yaramayacaq. Birjada baha getmək üçün cavan olmaq lazım idi. Həm də böyrəyinin biri olmayan adamın birjada nə işi var? Amma Elşən həm də düz demirdi. Gələcəyi bilmək olmaz. Bir il əvvəl kim deyərdi ki, ruslar Seçenovu təzədən açmaq fikrinə düşəcək. Yenə həkim yetişdirmək məsələsi müzakirə olunur. Bəlkə, bizdə də onlara baxıb yavaş-yavaş açmağa başlayacaqlar? Gənclikdəki "McDonald's" kassanın birinə adam qoyub. Düzdür, hələlik korporativ sosial məsuliyyət tədbiri kimi, amma birdən gəlir gətirməyə başlasa? Bir də Mirbağır müəllim var. Öləndə onun yerinə çox da namizəd olmayacaq. Mən, Aida xanım, Teymur, sonra Gulya. Mənim şansım daha çoxdur.
Krantın üstündə qırmızı indikator yanıb sönməyə başladı. Mənə ayrılan su bitirdi. Krantı bağlayıb tualetdən çıxdım. Elşən içəridə gözümə dəymədi. Parlaq sarı gödəkçəsi də asılqanda yox idi. Yəqin, siqareti yadına salmışdım, məni gözləməyib siqaret çəkməyə getmişdi. Bayıra çıxanda ancaq Ağanı gördüm. Telefona baxa-baxa elektron siqaretini sümürürdü.
- Ağa, bu Elşən necə oldu? Görmədin?
- Sizin yanınızda olan bəyi deyirsiz?
- Aha.
- Bəy hesabı verib getdi.
- Hesabı verib getdi?!
- Aha.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Təbrizdən “Qırmızı peykan gəlir”
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Güney Azərbaycanda, onun baş şəhəri Təbrizdə ədəbi həyat öz axarı ilə davam etməkdədir. Kitablar, toplular çıxır, təqdimatlar, kitab müzakirələri keçirilir.
Güneyli Riza Hüseyninin “Qırmızı peykan gəlir” adlı hekayələr kitabı Təbrizin Kirpi nəşriyyatı tərəfindən çap olunbdur.
Kitabda “Anbar”, “Yasəmin”, “Quyu”, “Qırmızı peykan gəlir”, “Od”, “Büzüşmüş məktublar”, “Tımkeçəl candan keçər”, “Nabat və koka” adlı hekayələr yerləşibdir.
Kitabı oxucuların maraqla qarşılayacağı duyulandır.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)